Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru
RZA MÜƏLLİM
Deyirəm dünyada işıqlı, yaşlı adamlar olmasaydı, yaşamaq da çətin olardı. Belə yaxşı adamlardan biri də Rza müəllimdir. Mən Rza müəllimi on dörd, on beş ildir ki, tanıyıram, daha doğrusu, bir institutda işləyirik. Həmişə mən Rza müəllimi gülərüz görmüşəm. Kiməsə acıqlandığı, pərt etdiyi yadıma gəlmir.
Heç yadımdan çıxmır, müdafiə şurasının katibi işləyəndə işinə çox can yandırırdı. O, müdafiə edən adamdan çox əziyyət çəkər, onun təsdiqi müəyyən olana qədər narahat olardı. Rza müəllim səbir və təmkinlə işini davam etdirərdi. İndi də elədir, boş dayanmır. Baxırsan ki, qoltuğunda qovluq var, ya oturub nəsə yazır. Bir sözlə, kitab tərtibi, tərcümə və başqa işlərlə zövqlə məşğul olur. Rza müəllim olduqca xeyirxah, nəcib adamdı, həmişə adamlara kömək etmək, nədəsə yardımçı olmaq sanki onun borcudur. Rza müəllimin adı gələn kimi institutumuzda hamının gözləri gülür, üzlərdə təbəssüm görünür, çünki hamı onu sevir, ona hörmət bəsləyir.
Mən eşidəndə ki, bizim hörmətli Rza müəllimin 70 yaşı tamam olub, düzü, inanmadım. Maşallah, Rza müəllim elə mən on dörd-on beş il bundan əvvəl gördüyüm adamdı. İşgüzarlığı, halallığı ilə hamının ürəyini fəth eləyib.
Mən də Rza müəllimi 70 illiyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. Gün o gün olsun, Rza müəllimin 80, 90 və 100 illiklərini təbrik edək. Allah Sizi həmişə var eləsin. Rza müəllim, Siz bizim sevimlimiz və fəxrimizsiniz.
Dostları ilə paylaş: |