Kağız vərəqi üstündə,stolun üstündə səmtləşmənin inkişaf etdirilməsi. Orta qrupda riyaziyyat məşğələlərində kağız vərəqi üstündə, stolun üstündə uşaqların səmtləşməsinə daha böyük diqqət verirlər. İlk məşğələlərdən say kartlarının üst və alt zolağına hər hansı əşyaların qoyulması , müəyyən miqdarda əşyanı yuxarı və ya aşağı zolağa soldan sağa doğru düzmək və s.
Uşaqlara cədvəldə həndəsi fiqurların fəzadakı yerini təyin və işarə etməyi öyrətmək məqsədilə xüsusi çalışmalar aparılır.Uşaqlar əvvəlcə mərkəzdə qoyulmuş fiqurun,sonra isə ondan yuxarıda və aşağıda, yaxud solda və sağda qoyulmuş fiqurun adını deyirlər və uyğun qaydada mənzərəni fikirlərində canlandırırlar. Üzərində üçdən beşə qədər həndəsi fiqur təsvir olunmuş kartlardan istifadə edilir. Belə tapşırıqlar həm frontal,həm də fərdi aparıla bilər.
Müstəvi üzərində səmtləşmək bacarığını möhkəmləndirmək məqsədilə “Cüt şəkillər” tipində oyunlardan istifadə etmək olar. Bundan əlavə rəsm, kəsib yapışdırma məşğələlərində uşaqların aldıqları bilik və bacarıqlar möhkəmləndirilir.
Fəzada səmtləşmə bacarığını inkişaf etdirmək üçün həyati situasiyalardan istifadə edilməsi.Uşaqların fəzada səmtləşmə bacarığı təkcə məşğələlərdə deyil, onların gündəlik fəaliyyətlərində də möhkəmləndirilir və inkişaf etdirilir. Gün ərzində tərbiyəçi uşaqlara belə tapşırıqlar verir: karandaşı sağ əlinə götür, yemək vaxtı-qaşığı sağ əlinlə tut, çörəyi isə sol əllə, geyinmə vaxtı- ayaqqabılarını düz geyin (sağı sağ ayağına, solu sol ayağına geyin) və s.
Bundan əlavə fiziki mədəniyyət və musiqi məşğələləri, səhər gimnastikası və hərəkətli oyunlar fəzada səmtləşmə bacarığının inkişafı üçün böyük imkanlar yaradır.
5. Orta qrupda zamana bələdlik anlayışının formalaşması. Körpə yaşlılar qrupunda olduğu kimi, uşaqların zamana görə səmtləşməsi əsasən gündəlik həyati şəraitdə inkişaf edir. Mühüm cəhət odur ki, bu səmtləşmə möhkəm konkret bünövrəyə əsaslansın.
Tərbiyəçi sutkanın hissələri haqqında uşaqların təsəvvürünü, onların adlarını, uşaqların və onlara yaxın olan böyüklərin səhər, gündüz, axşam, gecə fəaliyyətləri ilə əlaqələndirərək dəqiqləşdirir.
Uşaqlarla onların sutkanın hissələri haqqında təsəvvürlərini dəqiqləşdirmək məqsədilə söhbət aparılır. Söhbət təxminən belə qurula bilər: Əvvəlcə tərbiyəçi uşaqlardan başçaya gələnə qədər nə etdiklərini, bağçaya necə gəldiklərini, səhər bağçada hə etdiklərini, gündüz başçada nə edirlər vəs. haqqında danışmağı xahiş edir.O, sutkanın hər bir hissəsində uşaqların gördükləri işləri dəqiqləşdirir və ümumiləşdirir. Nəticədə isə deyir ki, səhər, gündüz, axşam, gecə sutkanın hissələridir. Bu vaxt yaxşı olar ki, tərbiyəçi uşaqların fəaliyyətini əks etdirən şəkillərdən istifadə etsin.
“Dünən”, “bu gün”, “sabah” zaman anlayışları nisbi xarakter daşıyır. Uşaqlara onu mənimsəmək çətindir. Buna görə də bu gün, sabah, dünən sözlərini tez-tez işlətməyi uşaqlara sövq etmək lazımdır. Tərbiyəçi daima uşaqlara belə suallarla müraciət edir: “Biz nəvaxt şəkil çəkmişik?, Biz bu gün (dünən) nə gördük?, Sabah hara gedəcəyik?”
Cəld-yavaş sözlərinin mənası konkret misallar üzərində açılır. Tərbiyəçi uşaqların diqqətini oyunlardakı hərəkətlərinin cəldlik dərəcəsinə cəlb edir. (“Qatar yavaş, getdikcə isə tez gedir”). Tərbiyəçi paltarlarını tez geyinən uşaqları tərifləyir, gecikənləri məzəmmət edir, gəzintiyə çıxan zaman piyadaların, avtomobillərin və velosipedçinin surətlərini müqayisə edir.