3. Tamın hissələrə bölünməsi . Böyük qrup uşaqlarına tam ilə hissə arasındakı münasibətləri müəyyənləşdirmək öyrədilir. Onlar müxtəlif əşyaları hissələrə bölüb. 2-4 bərabər hissə alırlar, hissələri birləşdirdikdə isə tam əşyanı alırlar.
Bu işi uşaqlar 3-4 məşğələdə öyrənirlər. Əşyanın bərabər hissələrə bölünməsinin öyrədilməsinə kəsməklə yox, onu qatlamaqla başlamaq lazımdır, çünki uşaqlar əşyanı kəsdikdə onun hər bir hissəsini tamdan asılı olmadan ayrılıqda bir obyekt kimi qavrayırlar. Məs. Hansı böyükdür: tam . yoxsa onun hissəsi? Uşaqların bəziləri belə cavab verirlər ki, “hissələr böyükdür, çünki onlar ikidir, tam isə ancaq birdir” Uşaqlar sualın mahiyyətini dərk etmədən uyğun cavab verə bilməzlər.
Tərbiyəçi birinci məşğələdə düzbucaqlı formada kağız vərəqini qatlamaqla bərabər hissələrə- əvvəlcə 2 sonra isə 4 hissəyə bölmək üsulunu göstərir. Uşaqlara izah etmək lazımdır ki, əşyaları 2 bərabər olmayan hissələrə də bölmək olar, lakin bunlar yarımhissələr olmurlar. Ancaq bərabər hissələr yarımhissə adlanır. Lap başlanğıcdan uşaqlara izah etmək lazımdır ki, yarımhissə almaq üçün tam əşyanı dəqiq qatlamaq lazımdır. Hissələrin bərabərliyi üstəqoyma və ya yanınaqoyma ilə yoxlanılır.
Əşyanı yarıya, sonra hər bir hissəni yenə də yarıya qatlamaqla uşaqlar onu 4 bərabər hissəyə bölürlər.
Tərbiyəçi daima uşaqları bölmənin üsul və nəticəsini sözlə ifadə etməyə təhrik edir.
Əşyaları hissələrə böldükdə uşaqlara onları gah birləşdirməyi, gah da əşyanı hissələrə ayırmağı təklif etmək olar. Onlar bu vaxt əyani olaraq tam və hissəni müqayisə edirlər.
Həndəsi formaları böldükdə bir formadan iki başqa formalar alındığını görürlər. Məs. Kvadratı iki bərabər hissəyə böldükdə iki düzbucaqlı alınır. Yaxud tərbiyəçi uşaqlara belə sual verə bilər. “kvadratı necə qatlamaq lazımdır ki, iki üçbucaq alınsın?”
Uşaqların biliklərini ümumiləşdirmək üçün tərbiyəçi sual-məsələlərdən istifadə edir: “Axşam mən mağazaya çörək almağa gedəcəyəm. Mən bütöv çörəyin yarısını almalıyam. Satıcı çörəyi necə kəsəcək? Bəs, çörəyin dörddə biri lazım olsa, onda satıcı nə edər və nə üçün?”
Beləliklə, uşaqlara tamın hissələrə bölünməsini öyrətmək məqsədilə onlara ətraf aləmdə rast gəldikləri müxtəlif həyati situasiyalardan suallar vermək olar.