Hüseyn xan Naxçıvanski
(1863-1919)
Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun 28-də zadəgan ailəsində
anadan olub. Atası Kəlbalı xan oğlunu hərbçi görmək istədiyindən Hüseyn xanı
1876-cı ildə imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər zadəgan
nəsillərinin oğullarının təhsil aldığı Peterburqdakı Paj korpusuna oxumağa
göndərir. İmperator II Aleksandr Hüseynin atasının rus ordusunun generalı,
"Müqəddəs Georgi" ordeninin kavaleri olmasını nəzərə alaraq oğlanın bu məktəbdə
oxumağına etiraz etmir.
Hüseyn xan Paj korpusunu 1883-cü ildə əla qiymətlərlə bitirir və
Peterburqda yerləşən 1-ci qvardiya süvari diviziyasının leyb-qvardiya süvari
alayına təyinat alır. 1898-ci ilə qədər alayda xidmət edən rotmistr Hüseyn xan
eskadron komandiri vəzifəsində Qafqaz hərbi dairəsinə göndərilir. Şimali
Qafqazda süvari hissələrdə xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik
rütbəsi verilir.
1904-cü ildə rus - yapon müharibəsinə Naxçıvanski 2-ci Dağıstan süvari
alayının komandiri vəzifəsində yollanmışdı. Alayda bir çox azərbaycanlı xidmət
edirdi: podyasavul şahzadə Feyzulla Mirzə Qacar, ştabs-kapitan Gəray bəy
Vəkilov, xorunji Əbdürrəhman Qurbanov, xorunji Cəmaləddin Musayev və b. çox
keçmir ki, alayın sürətli süvari reydləri haqqında bütün cəbhələrdə danışmağa
başlayırlar, Hüseyn xan isə bacarıqlı süvari komandiri kimi tanınır. Landun-Qou
döyüşü onu daha da məşhurlaşdırır. Həmin döyüş səhnəsi rəssam V.Mazurovskinin
174
rəsmində öz əksini tapmışdır (hazırda Moskvadakı Rusiya Dövlət Müzeyində
saxlanılır).
Rusiya ordusunda Hüseyn xan daha çox "Xan Naxıçevanski" kimi
tanınmışdır. Rus-yapon müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan
leyb-qvardiya süvari hissələrinə təyinat alır, 1906-cı ilin əvvəlində isə Tiflisdə
yerləşən 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. İmperator öz
oğlunu da bu alayın döyüşçüsü sıralarına göndərmişdi. Alayın döyüş hazırlığının
yüksək səviyyədə olmasına görə Hüseyn xana fligel-adyutant vəzifəsi verilir. Bu
vəzifə imperatorun şəxsi yavərlərinə verilirdi. Daha sonra fligel-adyutant
polkovnik Hüseyn xan Naxçıvanski leyb-qvardiya süvari alayının komandiri təyin
edilir.
1907-ci ildə Hüseyn xanın rütbəsi artırılır: o, general-mayor olur. I Dünya
müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin
edilmiş, ona general-leytenant rütbəsi verilmişdi.
Müharibə başlananda o, üç qvardiya süvari diviziyadan ibarət süvari
birləşmənin komandanı təyin olunur. Qafqaz müsəlmanlarından təşkil edilmiş və
"Vəhşi diviziya" kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari
diviziya da ona tabe edilir. Hüseyn xanın rəhbərliyi altında alay komandiri Karl
Qustav Mannerheym (gələcəkdə məşhur fin marşalı), polyak diviziyasının
komandiri Anders (gələcəkdə məşhur Polşa sərkərdəsi) və başqaları vuruşurdu. O,
1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə iştirak etmişdir. Məşhur
Qumbinen döyüşləri, Kraupişken şəhərinin ətrafında gedən döyüşlərdə, Samsonov
və
Rennekampfın korpuslarının mühasirədən çıxarılmasında Hüseyn xanın
süvarilərinin çox böyük rolu olmuşdur. Şöhrəti bütün Rusiyanı dolaşan A.Brusilov,
Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun müharibədəki
döyüş xidmətlərini yüksək qiymətləndirmişlər.
Hüseyn xan Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir
edirlər. K.Adaridi yazırdı: "Xan Naxçıvanskinin ali hərbi təhsili olmasa da,
rəhbərliyin əmrlərini həmişə dəqiqliklə yerinə yetirən igid şəxsiyyət olmuşdur.
Bilavasitə özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə həmin
komandirlər öz hərbi hissələri üçün yaxşı döyüş şəraiti yaradırdılar. Onun
tabeliyində olan ən yaxşı döyüşkən qvardiya alayları özlərinə xüsusi qayğı və
münasibət tələb etdiklərindən general Xan Naxçıvanskiyə bu qvardiyalara
komandanlıq etmək o qədər də asan deyildi. General Xan Naxçıvanski qabiliyyəi
hesabına şəxsi mənafe güdmədən süvari birləşmələrinə məharətlə komandanlıq
edirdi". Hüseyn xanın sərkərdəlik qabiliyyətini Karl Mannerheym "Memuarlarım"
kitabında əks etdirmişdir.
I Dünya müharibəsi cəbhələrində göstərdiyi sərkərdəlik məharətinə görə
Hüseyn xan Naxçıvanskiyə 1916-cı ildə tam süvari qoşun generalı rütbəsi və
175
general-adyutant adı verilir. "Kaspi" qəzeti o zaman iftixarla yazırdı: "Qafqaz
Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi general-
adyutant, general-leytenant həmyerlimiz Hüseyn xan Naxçıvanskiyə tam süvari
generalı rütbəsi verilib".
Hüseyn xan Rusiyanın ən yüksək orden və medalları ilə təltif edilib:
"Müqəddəs Aleksandr", "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri,
"Ağ qartal", "Müqəddəs Vladimir", "Müqəddəs Anna", "Müqəddəs Stanislav"
ordenlərinin bütün dərəcələri, üzərində "İgidliyə görə" yazılmış qızıl silah,
Bolqarıstanın "Döyüş xidmətlərinə görə", zabitlərə məxsus "Rumın Ulduzu" ilə,
İranın "Şire-Xurşid" ordeninin 2-ci və 4-cü dərəcələri ilə.
Dövrün şahidləri yazırlar ki, inqilab baş verəndə sədaqət andına sadiq
qalan generalımız son günlərədək çar ailəsi ilə olmuşdur. Müasir rus tədqiqatçısı
F.Nesterov "İllərin əlaqəsi" (1984) tarixi-publisistik əsərində əlahəzrətin sadiq
generalları sırasında artilleriya generalı N.İ.İvanovun, general qraf Kellerin və
general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, "çar hakimiyyətdən
imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək
bildirdilər ki, biz andımıza sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə
generallara inanmaqda zərrəcə səhv etməmişdi".
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda
bolşeviklər tərəfindən güllələnib və Aleksandr Nevski monastırının
qəbiristanlığında dəfn olunub. Hüseyn xanın həyat yoldaşı knyaginya Sofiya
Nikolayevna Taube Danimarka kralı və eyni zamanda III Aleksandrın arvadının
qohumu idi. Atalarının ölümündən sonra iki oğlu Avropaya mühacirətə getmişdir.
Nəvəsi Corc Naxçıvan
s
ki ABŞ-da, digər nəvəsi Mariya Naxçıvanskaya Misirdə
yaşayır.
Tədqiqatçı Ş.Nəzirlinin qənaətinə görə, ümumiyyətlə, Kəngərli nəslindən
olan Naxçıvanskilər ailəsi Azərbaycana beş general vermişlər: general-mayor
Ehsan xan, general-mayor Kəlbalı xan, tam süvari generalı İsmayıl xan, tam süvari
generalı Hüseyn xan, general-mayor Cəmşid xan Naxçıvanskilər. Bu nəsildən olan
yüzlərcə zabit çar Rusiyası ordusunda xidmət etmişdir, onlardan bir çoxu
Azərbaycan Milli Ordusunun formalaşmasında yaxından iştirak etmişdilər.
176
1904 - 1905-ci illər rus – yapon müharibəsində
topçu zabit Səməd bəy Mehmandarovun adı bütün Rusiya
imperiyasında məşhurlaşmışdır.
I Dünya müharibəsi zamanı məşhurlaşmış
Mehmandarov Rusiya zabitlərinə verilən ən dəyərli orden
və medallarla təltif edilmişdir. Onun son vəzifəsi korpus
komandiri, son rütbəsi isə tam artilleriya generalı (indiki
dövrdə ordu generalı rütbəsinə bərabərdir) olmuşdur.
Hərbi akademiya bitirməyən zabit üçün bu, olduqca
yüksək vəzifə və rütbə sayılırdı və bunlara Mehmandarov
şəxsi keyfiyyətləri sayəsində layiq görülmüşdür.
1918 – 1920-ci illərdə Azərbaycan Ordusunun hərbi naziri
olan Mehmandarov qısa müddət ərzində güclü ordu
yaratmaqçün əlindən gələni edir. Sovet dövründə layiqincə
qiymətləndirilməyən
Mehmandarovun
hətta
qəbri
dağıdılmış, ailə üzvləri isə repressiyalara məruz
qalmışdılar. Tam artilleriya generalı rütbəsi almış ilk
azərbaycanlı zabit, müstəqil Azərbaycanın hərbi naziri və
görkəmli sərkərdə Səməd bəy Mehmandarov Azərbaycan
tarixində layiqli yerini tutmaqdadır.
Səməd bəy Mehmandarov
(1856-1931)
Səməd bəy Mehmandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda əslən
şuşalı zadəgan Mehmandarovların ailəsində anadan olub. Atası Sadıq bəy
hüquqşünas idi və təyinatla Lənkəranda işləyirdi, o, 1871-ci ildə tərəddüd etmədən
oğlunu Peterburq yunkerlər məktəbinə göndərir. Məktəbi bitirdikdən sonra Səməd
bəy Varşava hərbi dairəsində topçu hissələrində xidmət edir. Hədsiz ədalət hissi və
təmiz qəlbi ilə fərqlənən S.Mehmandarov burada şəhər hərbi məhkəməsinin üzvü
seçilir.
1900-cü ildə o, Uzaq Şərqə təyinat alaraq Zabaykal topçu divizionunda
batareya komandiri vəzifəsində çalışmağa başlayır. Rus qoşunlarının Çin
yürüşündə iştirak edən Mehmandarov Sisikar yaxınlığında silahsız çinlilərə atəş
açmaqdan imtina edir; o, qoşun komandanı general Rennenkampfla münaqişəyə
girməkdən belə çəkinmir. Mancuriyanın ucqar bölgəsinə təyinat alan
Mehmandarov özünü yaxşı cəhətdən göstərə bilir: 1902-ci ildə general Çempeynin
dəstəsini məhv edir.
1903-cü ildə Peterburqda topçu zabitləri məktəbində kurs bitirib
Zabaykalyeyə qayıdan Mehmandarov 1904-cü ildə 7-ci Şərqi Sibir topçu
divizionunun komandiri vəzifəsində Port-Artura göndərilir. 1904 - 1905-ci illər rus
- yapon müharibəsi ona şöhrət gətirir. Mehmandarovun istedadını və işgüzarlığını
177
görən Port-Arturun komendantı R.Kəndratenko onu Port-Arturun sağ cinahının
artilleriya rəisi, sonra isə Şərq cəbhəsinin artilleriya rəisi vəzifələrinə təyin edir.
Mehmandarov öz işini səlis bilən, əsgərlərlə xoş rəftar edən, işinə can yandıran və
son dərəcə təmiz adam kimi tanınırdı. Onun qorxmazlığı və soyuqqanlığı dillər
əzbəri idi. Jurnalist E.Nojin cəbhə bölgəsi ilə bağlı təəssüratlarını belə yazırdı:
"Mərmilərin ikisi blindajın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa
durdular. İgid polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun iri,
ağıllı gözlərində zərrəcə qorxu “yox idi".
1904-cü ilin oktyabr ayında general-mayor rütbəsi alan Mehmandarov
Port-Arturun artilleriya rəisi vəzifəsini icra edirdi. Port-Arturun təslim olması
məsələsi müzakirə olunanda Mehmandarov qəti bunun əleyhinə çıxış etmişdir.
Lakin 1905-ci ildə Kəndratenkonun ölümündən sonra generallar Stessel və Fok
qalanı təslim etmiş, Mehmandarov da yüzlərcə başqa zabitlərlə bərabər əsir kimi
Yaponiyaya aparılmışdır. Maraqlıdır ki, həbs zamanı yapon ordusunun artilleriya
rəisi onunla şəxsən tanış olmaq istəmiş və yaponların Mehmandarovun toplarından
böyük itkilər verməsini təsdiqləmişdir.
Rusiyaya qayıtdıqdan sonra Mehmandarov Şərqi Sibir artilleriya
briqadasının komandiri təyin edilir. 1908-ci ildə ona general-leytenant rütbəsi
verilir və o, 3-cü Sibir ordusunda korpus artilleriyasının rəisi vəzifəsinə təyin
edilir. Hərbi akademiya bitirməmiş bir zabit yalnız böyük bacarığı, fitri istedadı,
hərbi xidmətə sevgisi, qoçaqlığı və hərbi məharətinə görə bu qədər yüksək vəzifəyə
təyin oluna bilərdi.
1910-cu ildə Mehmandarov I Qafqaz ordusunda korpus artilleriyasının
rəisi təyin edilir. O burada tabeliyində olan artilleriya hissələrinin hazırlığını daim
artırırdı.
I Dünya müharibəsi başlayanda Mehmandarov 21-ci piyada diviziyasının
komandiri vəzifəsində cəbhəyə yollanır. 1914-cü ilin sentyabr ayında Lodz
əməliyyatı və İvanqorod ətrafında gedən döyüşlərdə mühasirə təhlükəsi yaranan
anda fərqlənən Mehmandarovun "Düşmən hücum edib. Vəziyyət ağırdır. Hücuma
keçirəm" paradoksal və lakonik raportu barəsində bütün cəbhələrdə danışırdılar.
1915-ci ildə ona tam artilleriya generalı rütbəsi verildi və o, 2-ci Qafqaz
korpusunun komandanı təyin olundu. "General Mehmandarovun qrupu"
adlandırılan bu hərbi birləşmə Vilno döyüşlərində fərqlənmişdir.
Rusiya ordusunda xidmət zamanı o, Rusiya ordenləri sırasında ən yüksək
hərbi təltif nişanı sayılan "Müqəddəs Georgi" ordeninin 4 və 3-cü dərəcələri, "Ağ
qartal", "Aleksandr Nevski" ordenləri, "Müqəddəs Stanislav" və "Müqəddəs Anna"
ordenlərinin bütün dərəcələri, "Müqəddəs Vladimir" ordeninin 4, 3 və 2-ci
dərəcələri, həmçinin brilyantlarla bəzədilmiş və üzərində "İgidliyə görə" sözləri
yazılmış fəxri qızıl qılınc, İngiltərə və digər Antanta dövlətlərinin yüksək ordenləri
178
ilə təltif edilmişdir. 1918-ci il-də ingilislər Bakıya daxil olanda Mehmandarov
ingilis ordenlərini onlara qaytararaq demişdir: "İkiüzlü bir ölkənin ordeni mənə
lazım deyil. Xalqıma silah qaldıran bir ordunun ordenini gəzdirmək mənim üçün
ən böyük təhqirdir".
1917-ci ildə Peterburqda baş vermiş çevriliş çar ordusunun buraxılması ilə
nəticələnir. Bu ara yaralıların Aleksandrovsk komitəsinə sədr seçilən
Mehmandarov vətəni Azərbaycana qayıdır.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təhlükələrə sinə
gərmək üçün ordu yaratmalı idi. 1918-ci ilin dekabrında Səməd bəy Mehmandarov
Azərbaycanın hərbi naziri təyin edildi və mövcud çətinliklərə baxmayaraq qısa
müddət ərzində güclü ordu yaradıldı. Tədqiqatçı K.Oder yazırdı: "Hər cür silahla
yaraqlanmış bir ordu qurulmuşdur və Xəzər dənizində kiçik bir donanma
yaradılmışdır. Bakıda, Lənkəran və Qarabağda milli hökuməti tanımaq
istəməyənlər acınacaqlı vəziyyətə salınmışdır. Rus və digər düşmən qüvvələr itaət
və nizam altına alınmışdır".
1920-ci ildə müstəqil dövlətimiz süquta uğrayanda Mehmandarov
"Vətəndən ayrılmağa heç bir əsasım yoxdur" deyərək vətəndə qalmaq qərarına
gəlir. Sovetlər tərəfindən həbs edilən general 2 aydan sonra N.Nərimanovun səyi
ilə azad olunur və Moskvaya göndərilir. "Mehmandarov nadir artilleriyaçıdır"
deyən Sovet Rusiya Ordusunun komandanı İ.Yakir onun təcrübə və biliyindən
bəhrələnməyi tövsiyə edir. Beləliklə, daimi Artilleriya Komissiyasının üzvü seçilən
Mehmandarov Ali Artilleriya Məktəbində sovet artilleriya zabitlərinə dərs demiş,
"Artilleriya nizamnaməsi" hazırlayan komissiyanın işində iştirak etmişdir. O, eyni
zamanda Hərbi Akademiyada zabitlərə taktikanın sirlərini də öyrətmişdir.
1921-ci ildə N.Nərimanov və Ə.Qarayevin xahişi ilə Bakıya qaytarılan
Mehmandarov Bakı qarnizonu Hərbi-Elmi Cəmiyyətinin üzvü olmuş, Sovet
Azərbaycanı
Ordusunun qərargahında işləmiş, Azərbaycan Komandirlər
Məktəbində dərs demişdir. Mehmandarov ədalətli və namuslu şəxsiyyət kimi
tanındığından maliyyə və pul işlərinə baxan müxtəlif komissiyaların üzvü
seçilmişdir. Lakin müstəqilliyin son atributlarını itirən Azərbaycanda məşhur
generala yer tapılmır, o, bütün vəzifələrdən uzaqlaşdırılır.
Sovet repressiv aparatının nəzarəti altında olan Səməd bəy Mehmandarov
1931-ci ilin fevralında Bakıda vəfat edib və Çəmbərəkənd qəbiristanlığında (hal-
hazırda Şəhidlər xiyabanı) dəfn olunub. 1939-cu ildə Sovet imperiyasının
Azərbaycana göndərdiyi canişini S.Kirovun burada heykəli qoyulanda qəbiristanlıq
və o cümlədən Mehmandarovun qəbri dağıdılıb.
Mehmandarovu xalqın yaddaşından silməyə çalışan sovet hakimiyyəti
1937-ci ildə generalı yenidən yada salır. Onun həyat yoldaşı və
oğlu Pir
həbs
edilərək Saratova sür-gün edilir; özü də sənədlərdə oğlunun adı İqor yazılır. 1941-
179
ci ildə Mehmandarovun ailəsi Sibirə göndərilərkən yolda alman aviasiyasının
bombardmanına düşür və onun həyat yoldaşı həlak olur. Oğlu isə sürgün dövrü
qurtarandan sonra bir müddət Kalininqradda yaşayır və nəhayət, 1977-ci ildə anası
və özünün heç bir günah işlətməməsi, sadəcə, çar və Müsavat generalının ailə
üzvləri olduqları üçün həbs edilmələri haqqında sənəd alaraq Azərbaycana qayıdır.
180
Port-Artur
döyüşlərinin qəhrəmanı Əli ağa
Şıxlinski təcrübəli topçu kimi ad çıxarmaqla bərabər, dərin
biliklərə malik nəzəriyyəçi kimi də tanınırdı.
I Dünya müharibəsində müxtəlif məsul vəzifələrdə
çalışan Şıxlinski ağır artilleriyanın tətbiqinin yeni əsaslarını
qoymuşdu. “Rusiya artilleriyasının allahı” adlandırılan
Şıxlinskini çox adam polyak saysa da, o hər yerdə
azərbaycanlı, müsəlman olduğunu vurğulayırdı.
1918-ci ildə Azərbaycanda Müsəlman Korpusunun,
sonra isə Qafqaz İslam Ordusunun yaradıcılarından olan
Şıxlinski
Bakının
erməni-bolşevik
qüvvələrindən
təmizlənməsində yaxından iştirak etmişdir. 1918-1920-ci
illərdə Azərbaycan Ordusunun hərbi nazirinin müavini
vəzifəsində çalışan Şıxlinski qısa müddət ərzində ölkəmizdə
güclü ordunun yaradılmasında əlindən gələni əsirgəməmişdir.
Ə. Şıxlinski Azərbaycan tarixinə görkəmli sərkərdə, hərb
nəzəriyyəçisi, ilk hərbi lüğətin müəllifi, ilk hərbi memuarların
müəllifi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradıcısı
kimi daxil olmuşdur. İlk hərbi jurnalımız “Hərbi bilik”
dərgisini də o yaratmışdır.
Əli ağa Şıxlinski
(1865-1943)
Əli ağa Şıxlinski 1865-ci il aprelin M 23-də Qazaxda zadəgan ailəsin də
anadan olub. 1883-cü ildə Tiflisdə Mixaylov artilleriya məktəbinə qəbul edilən
Şıxlinski oranı fərqlənmə diplomu ilə bitirib. Təhsilini başa vurduqdan sonra Əli
ağa Qafqaz hərbi dairəsinin topçu hissələrində xidmət edib.
Şıxlinski müharibə ab-havası gələn Uzaq Şərqə təyinat alır. O, 1900-cü
ildə Zabaykal topçu divizionunda çalışmağa başlayır. Rus qoşunlarının Çin
yürüşündə iştirak edən Şıxlinski döyüşlərdə fərqlənir, 1904-cü ildə topçu
batareyasının komandiri vəzifəsində Port-Artura göndərilir. 1904 - 1905-ci illər rus
-yapon müharibəsi ona şöhrət gətirir. Son döyüşlərin birində ayağından yaralanan
pod-polkovnik Şıxlinskini yaponlar əlil hesab edib əsir götürmürlər. Lakin
Peterburqda müalicə alan Şıxlinski çox keçmir ki, yenidən ordu sıralarına qayıdır.
Artilleriya hissələrində xidmətini davam etdirən Şıxlinski 1907-ci ildə Ali Zabit
Artilleriya Məktəbinə daxil olur. Məktəb Rusiya ordusu artilleriya hissələri üçün
dərin biliklərə malik zabit kadrları yetişdirir və faktik olaraq artilleriya üzrə
akademiya hesab edilirdi.
1910-cu ildə məktəbi bitirən Şıxlinski yenidən Qafqaz hərbi dairəsində
divizion komandiri vəzifəsində xidmətini davam etdirir. 1912-ci ildə onun təklif
etdiyi yeni atəş üsulu "Şıxlinski üçbucağı" adı altında hərb elminə daxil olmuşdur.
181
"Səhra toplarının cəbhədə işlədilməsi" kitabı isə artilleriya zabitlərinin stolüstü
kitabına çevrilmişdir.
1912-ci ildə Ali Zabit Artilleriya Məktəbinə rəis müavini, 1913-cü ildə isə
məktəbin rəisi təyin edilən Şıxlinskiyə həmin ildə general-mayor rütbəsi verilir.
1914-cü ilin sonlarında Şıxlinski yenidən artilleriya hissələrinə qayıdır. Rusiya
ordusunda məşhur topçu kimi tanınan Şıxlinski Rusiya paytaxtı Petroqradın
müdafiə sisteminin artilleriya rəisi təyin edilir. Bu vəzifədə olarkən o, şəhər
ətrafında artilleriya mövqelərinin seçilib qurulmasında, Baltik dənizi və Fin körfəzi
sahillərində artilleriya batareyalarının yaradılmasında, həmçinin yeni yaranan zenit
artilleriya hissələrinin formalaşdırılmasında yaxından iştirak edir.
1915-ci ildə müharibə mövqe xarakterini alır. Belə vəziyyətdə
Şıxlinskinin elmi kitabları yada düşür, onların əsasında yeni növ artilleriya - ağır
artilleriya hissələri təşkil olunmağa başlanılır. Bu zaman Şıxlinski əvvəlcə Qərb
cəbhəsinin ağır artilleriya rəisi, sonra isə ali baş komandan - imperator yanında
artilleriya üzrə general təyin edilir. Şıxlinski qısa müddət ərzində ağır artilleriya
hissələrinin təşkil edilib döyüşlərdə iştirakını təmin edir. Onun artilleriya hissələri
məşhur Brusilov həmləsində özlərini tamamilə doğruldurlar. 1916-cı ildə bütün
Qərb cəbhəsinin artilleriya inspektoru təyin edilən Şıxlinskiyə xidmətlərinə görə
19I7-ci ilin əvvəllində general-leytenant rütbəsi verilir. Əli ağa Şıxlinski 10-cu
ordunun komandanı təyin edilir. Lakin bu zaman Rusiya imperiyası artıq
dağılmaqda idi. Belə vəziyyətdə Şıxlinski vətəninə - Azərbaycana qayıdır.
Rusiya ordusunda xidmət zamanı Rusiya ordenləri sırasında ən yüksək
hərbi təltif nişanı sayılan "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi, "Ağ qartal”,
"Aleksandr Nevski" ordenləri, "Müqəddəs Stanislav" və "Müqəddəs Anna"
ordenlərinin bütün dərəcələri, "Müqəddəs Vladimir" ordeninin 4, 3 və 2-ci
dərəcələri, həmçinin üzərində "İgidliyə görə" sözləri yazılan fəxri qızıl qılınc,
Fransanın "Fəxri legion" və digər Antanta dövlətlərinin ordenləri ilə təltif
edilmişdir.
Bakıda möhkəmlənən erməni-bolşevik qüvvələri əhaliyə divan tutur,
xalqımıza qarşı genosid törədirdilər. Belə bir vaxtda Müsəlman Korpusu
yaradılmağa başlandı və Şıxlinski onun komandanı təyin edildi. Kifayət qədər silah
və sursatı, zabit kadrları olmayan ilk hərbi hissələrimiz qəhrəmanlıqla döyüşə
atılsalar da, düşmənin üstün qüvvələri qarşısında geriyə çəkilirdilər. Belə şəraitdə
müstəqilliyini elan etmiş Azərbaycan qardaş Türkiyə dövlətinə müraciət etməli
oldu. Göyçay döyüşlərində darmadağın edilən erməni-bolşevik qüvvələri tutduqları
ərazilərdən qovuldu və nəhayət, sentyabrın 15-də Bakı şəhəri düşməndən azad
edildi. 1918-ci ilin noyabr ayında türk qoşunları Azərbaycandan çıxarıldı.
Azərbaycan isə öz hissələrini tərtib etməkdə davam edirdi. Azərbaycan Ordusunda
Şıxlinski hərbi nazir Mehmandarovun müavini təyin edildi. Müstəqil Azərbaycanın
182
ordusunun yaradılmasında onun böyük əməyi olmuşdur. 1919-cu ildə ona tam
artilleriya generalı rütbəsi verilmişdir.
1920-ci ildə müstəqil dövlətimiz süquta uğrayanda Şıxlinski vətəndə
qalmaq qərarına gəldi. Sovetlər tərəfindən həbs edilən general 2 aydan sonra
N.Nərimanovun səyləri ilə azad edildi və Mehmandarovla bərabər Moskvaya
göndərildi.
Daimi Artilleriya Komissiyasının üzvü seçilən Şıxlinski həmçinin Ali
Artilleriya Məktəbində sovet artilleriya zabitlərinə dərs demiş, artilleriya
nizamnaməsi hazırlayan komissiyanın işində iştirak etmişdir.
1921-ci ildə N.Nərimanov və Ə.Qarayevin xahişi ilə Bakıya qaytarılan
Şıxlinski Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətinin sədr müavini olmuş, Sovet
Azərbaycanı Ordusunun Qərargahında işləmiş, Azərbaycan Komandirlər
Məktəbində dərs demişdir. 1928 -1929-cu illərdə o, Azərbaycanda ilk hərbi jurnal
olan "Hərbi bilik" jurnalını nəşr etdirmişdir. Tərcümə fəaliyyəti ilə məşğul olan
Şıxlinski ilk hərbi lüğətimizi tərtib etmişdir ki, burada rus, türk və fars dillərində
olan hərbi terminlər Azərbaycan dilində verilmişdir.
Lakin müstəqilliyin son atributlarını itirən Azərbaycanda məşhur generala
yer tapılmır. O bütün vəzifələrdən çıxarılır. Buna baxmayaraq o, respublikanın
ictimai həyatında yaxından iştirak edir və Azərbaycanda Qızıl Aypara
Cəmiyyətinin açılmasına nail olur.
İki dünya müharibəsi arasında hərbi yeniliklərlə maraqlanan Şıxlinski
hərbi aviasiyanın gələcəkdə oynayacağı roldan böyük həvəslə danışır, mühazirələri
elmi jurnallarda çap edilirdi. Onun ehtimalları II Dünya müharibəsi cəbhələrində
təsdiqini tapırdı. Ömrünün son illərində öz xatirələrini qələmə alan Şıxlinski
Azərbaycanda ilk hərbi memuar kitabı sayılan "Mənim xatirələrim" kitabını
yazmışdır. Bu kitab müəllifin vəfatından sonra - 1944-cü ildə işıq üzü görmüşdür.
Əli ağa Şıxlinski 1943-cü ildə Bakı şəhərində vəfat edib və II Fəxri
xiyabanda dəfn olunub. Həyat yoldaşı, məşhur Qayıbovlar nəslinin nümayəndəsi,
Azərbaycanın ilk şəfqət bacısı Nigar xanım Şıxlinskayanın məzarı da onun
məzarının yanındadır.
183
Cəlil Məmmədquluzadənin ədəbi irsi
Mirzə Fətəli Axundzadənin realist ənənələrinin
davamı idi. O hər zaman qeyd edirdi ki, sənətdə
mücərrədliyə, formalizm təzahürlərinə, ideyasız
meyllərə son qoyulmalı, ədəbiyyat və mətbuat geniş
xalq kütlələrinin mənafeyi uğrunda mübarizə
aparmalıdır. Böyük yazıçı və dramaturq əsərləri ilə o
zamankı Azərbaycan həyatında hökm sürən feodal-
patriarxal münasibətlərini, çar məmurları və riyakar
din xadimlərinin özbaşınalıqlarını, şüurlarda və
məişətdəki geriliyi durmadan tənqid etmişdir. Onun
“Ölülər” traqikomediyası Azərbaycan əsəbiyyatında
realizm
və
satiranın yeni bir mərhələsinin
başlanğıcını
qoymuşdur. Onun bütün bədii
yaradıcılığının nüvəsi satiradan ibarətdir.
Cəlil Məmmədquluzadənin adı Azərbaycan tarixinə
yazıçı, dramaturq, jurnalist, ictimai xadim,
Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında
satirik jurnalistikanın əsasını qoymuş bir şəxs kimi
yazılmışdır.
Dostları ilə paylaş: |