Həbib bəy Sılimov
(1881-1920)
Həbib bəy Hacı
Yusif
oğlu
Səlimov
1881-ci ildə Naxçıvanda
anadan olub. I Dünya
müharibəsində o, igidliyi ilə fərqlənir və komandanlığın diqqətini cəlb edir. Az bir
vaxtda Həbib bəy podpolkovnik rütbəsinədək yüksəlir. Lakin o, hərbi təhsilini
davam etdirmək qərarına gəlir, Rusiya ordusunun ən yüksəksəviyyəli hərbi təhsil
ocağı olan Baş Qərargahın Nikolayev Hərbi Akademiyasına daxil olur. Olduqca
çətin imtahanlardan uğurla keçən Səlimov təhsil illəri zamanı özünü hərb elminə
yaxından bələd peşəkar zabit kimi göstərir. Hərbi Akademiyanı müvəffəqiyyətlə
bitirən polkovnik Həbib bəy Rusiya imperiyası və onun ordusu parçalandıqdan
sonra Azərbaycana gəlir.
Ölkədəki ağır vəziyyətlə tanış olan Səlimov hökumətin adına ürək ağrısı
ilə belə bir raport yazır: "1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün. 2.
Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır".
Müsəlman Korpusu tərkibində ilk döyüşlərdəcə fərqlənən Həbib bəy
Azərbaycana gəlmiş Nuru paşanın diqqətini cəlb edir və o, sərkərdəmizi Qafqaz
İslam Ordusunun Azərbaycan hissələrinin qərargah rəisi təyin edir. Bakı
istiqamətində Azərbaycan - türk qoşunlarının azadlıq yürüşündə Səlimov Cənub
qrupunun komandanı təyin olunur və ən ağır Gəncə - Bakı istiqamətində dəmir
yolu boyunca irəliləmək əmri alır. Nəvai, Ağbulaq, Ələt stansiyalarını azad
etdikdən sonra Bakıya doğru irəliləyir, Bakının düşmənlərdən təmizlənməsində
248
şəxsi fəallıq göstərir. Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli,
döyüş texnikasını yaxşı bilən, igid sərkərdə" kimi xatırlanır.
Milli Ordunun Baş Qərargah və Dəftərxana rəisi Həbib bəyə təşkilatçılıq
qabiliyyəti və Milli Ordunun yaradılmasında xüsusi səylərinə görə 1919-cu ilin
fevralında general-mayor rütbəsi verilib. O, 1918 - 1920-ci illərdə milli ordumuzda
xidmət edən, milliyyətcə Litva tatarı general-leytenant Məmməd bəy Sulkeviçdən
sonra ikinci general idi ki, ali hərbi təhsili vardı.
1919-cu ilin iyulunda Muğanda və Lənkəranda Azərbaycan milli
hakimiyyətini tanımaq istəməyən rus silahlı qüvvələri bolşeviklərin təhriki ilə
silahlı qiyam qaldıraraq cənub bölgəsini Rusiyaya birləşdirmək barəsində bəyanat
verirlər. Qiyamçıları yerlərinə oturtmaq üçün təcili surətdə təşkil edilən briqadaya
komandan təyin olunan Səlimov onları darmadağın edir, qənimət kimi götürdüyü 1
təyyarəni, 24 topu və 60 pulemyotu Azərbaycan ordusunda istifadəyə verir. Bu
uğurlu əməliyyatdan sonra o, Muğan və Lənkərana qısa müddətə vali təyin edilir.
1920-ci il martın 22-də - Novruz bayramı axşamı Ermənistan silahlı
qüvvələri və qiyamçı ermənilər Şuşa, Laçın, Xankəndi, Xocalı, Əsgəran və başqa
yaşayış məskənlərinə generallar Dro Kanayan, Doli Qazar və Droqonun başçılığı
ilə hücum edirdilər.
Dərhal Qarabağa göndərilən Səlimov teleqramda yazırdı: "Təkrar edirəm,
məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda müharibə
gedir". Hərbi nazirin əmri ilə tərkibində 20 minə yaxın əsgər və zabit olan Qarabağ
Ərazi Qoşunları təşkil olunur və onlara H.Səlimov komandan təyin edilir.
Təpədən-dırnağadək silahlanmış düşmən hücumunun qarşısı alınır, ona ağıq
zərbələr vurulur. Bundan sonra Azərbaycan hərbi hissələri aprelin 3-də əks-
hücuma keçir. 12 günlük ölüm-dirim savaşında erməni qüvvələri darmadağın
edilir, generallar Dəli Qazar və Droqon öldürülür, Dro qaçmaqla canını qurtarır.
Qarabağın bütün məntəqələri üzərində yenidən üçrəngli bayrağımız dalğalanır.
Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən
üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək demişdi: "Qəhrəman
əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət
sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. Siz mənim ümidlərimi
qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə
etdiniz".
1918 - 1920-ci illərdə Azərbaycan Milli Ordusunun yaranmasında əvəzsiz
xidmətləri olan general Səlimovun şöhrəti Qarabağ döyüşlərindən sonra bütün
Azərbaycana yayılır. Cümhuriyyət dövrünün on görkəmli sərkərdələrindən biri,
general-mayor Həbib bəy Səlimov nə kabinet, nə də məiyyət generalı olmuşdur.
Milli ordumuzun ilyarımlıq fəaliyyətində daim ön cəbhədə vuruşmuş, fitri hərbi
istedadı ilə Azərbaycanın müstəqilliyinə təcavüz etmək istəyən silahlı düşməni
249
məhv etmişdir. Ömrü boyu vətənə sədaqətlə xidmət edən general ailə qurmağa belə
vaxt tapa bilməmişdir.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası qoşunları tərəfindən işğal edilir.
Minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya mühacirətə gedir. Səlimov
vətənini tərk etməkdən imtina edir və Azərbaycanda qalır. Həbib bəyin bilik və
bacarığından faydalanmağa çalışan sovetlər onu Naxçıvana hərbi komissar təyin
edirlər. Lakin Səlimov Rusiyanın yeritdiyi siyasətə, Azərbaycanda rəhbər
vəzifələrə qeyri-millətlərin nümayəndələrinin, ilk növbədə ermənilərin təyin
edilməsinə, tədricən Azərbaycan Ordusunun rus-erməni hissələri ilə əvəz
olunmasına qarşı kəskin etiraz edir.
1920-ci il sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimova qarşı
yalançı ifadələr toplanmağa başlayır. Tədqiqatçı Ş.Nəzirlinin Milli Təhlükəsizlik
Nazirliyinin arxivlərində aşkar etdiyi cinayət işi Səlimovun ömrünün son aylarını
öyrənməyə imkan verir. Ona qarşı irəli sürülən bütün böhtançı ittihamları general
rədd edirmiş. Belə olanda cəlladlar yeni ittihamlar irəli sürürlər. O, 1918-ci ildə
türk generalı Nuru paşa ilə bərabər bolşeviklərə qarşı döyüşlər aparmaqda,
Muğanda bolşevik qiyamını yatırmaqda, Cümhuriyyət Ordusunun təşkil
olunmasında, Sovet hökumətinə qarşı nifrət bəsləməkdə, Sovet vaxtı Azərbaycan
xan və bəyləri ilə oturub-durmaqda ittiham edilir və "əksinqilabçı" adlandırılır.
Səlimov bütün sadalananları qürurla təsdiqləyir və onları cinayət əməlləri deyil,
vətən qarşısında borcun yerinə yetirilməsi kimi qəbul etdiyini bildirir. Üç ay yarım
həbsxanada verilən işgəncələr generalın mübariz ruhunu qıra bilmir və o əvvəlki
kimi Sovet hökumətini əslində qanunsuz, işğalçı hökumət hesab etdiyini bildirir.
XI Qızıl Ordunun hərbi tribunalı general-mayor Həbib bəy Yusif oğlu
Səlimovu güllələnməyə məhkum edir, əmlakının isə müsadirə olunması barədə
qərar çıxarır. 1920-ci il dekabrın 30-da saat 10:30-da Səlimovu güllələyirlər.
Əmlakının müsadirəsi zamanı məlum olur ki, məşhur generalın heç evi də yox
imiş, o, qardaşının ailəsi ilə birgə yaşayırmış və iki qardaşın iki desyatin torpağı və
üç desyatin dədə-baba bağ sahəsi var imiş (1 desyatin - 11 kv. m).
250
Ömrünün sonunadək kommunizm ideyasına
sadiq qalan Nəriman Nərimanov hesab edirdi ki, bu
ideya ümumi bərabərliyə və son nəticədə bütün
problemlərin
aradan
qaldırılmasına,
ədalətli
cəmiyyətin qurulmasına gətirib çıxaracaq. Lakin real
həyatda o, bolşeviklərin yerlərdə kommunizmin
təntənəsi
uğrunda
əslində
terror
siyasəti
yürütdüklərini, bu siyasətin necə ağır nəticələr
verdiyini görmüşdür. Lenin və onun əlaltılarının
komminizm ideyalarını tədricən həyata keçirməyə nə
vaxtı, nə də həvəsi vardı. Lenin yalnız güc, zor
hesabına fəaliyyət göstərirdi. Bunları dərk edən
Nərimanov “millətçilikdə” günahlandırılmış, onun
ideyaları
isə
həqarətlə
“nərimanovçuluq”
adlandırılmışdır. O, ən yaxşı ümidlərində yanılmış və
sonda özü də onların qurbanı olmuşdur.
Azərbaycan tarixinə Nəriman Nərimanov
görkəmli
ictimai-siyasi
və
dövlət
xadimi,
maarifpərvər şəxs, yazıçı, publisist, həkim kimi daxil
olmuşdur.
Nəriman Nərimanov
(1870-1924)
Nəriman
Nəcəf
oğlu
Nərimanov
ilk
təhsilini Tiflis müsəlman
ruhani
məktəbində
almışdır. O zaman Rusiya
imperiyası ərazisində ən qabaqcıl pedaqoji məktəb Qori müəllimlər seminariyası
hesab olunurdu. Bu seminariyada imperiyanın ən yaxşı müəllim-metodistləri dərs
deyir, burada hazırlanan bütün dərs vəsaitləri imperiyanın ərazisində yayılırdı.
Gənc Nəriman burada o dövr üçün qabaqcıl biliklərə yiyələnmiş, ədəbiyyatla tanış
olmuşdur.
1890-cı ildə Qori seminariyasını bitirən Nərimanov Tiflis quberniyası
Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunur. Lakin qaynar təbiətə
malik ziyalımıza, təbii ki, bir kənd mühiti darlıq edir. Odur ki o, 1891-ci ildə
Bakıya köçür, burada dərs deyir və xalqın maariflənməsi uğrunda mübarizəyə
başlayır. Azərbaycanlılara həqarətlə baxan məmurlarla mübarizədə o, xalqının
təhsil almaq, savad artırmaq hüququnun həyata keçirilməsini tələb edir. Müvafiq
icazə aldıqdan və bir neçə tərəqqipərvər varlı azərbaycanlını işə qatdıqdan sonra o,
1894-cü ildə Bakıda türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanası təşkil edir.
Onun fondlarında həm Şərq, həm rus və Avropa ədəbiyyatı var idi.
Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən Nərimanov
Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır. 1894-cü ildə
Nərimanovun "Nadanlıq" pyesi Azərbaycan dilində çap olunmuş, 1895-ci ildə
tamaşaya qoyulmuşdur. Tamaşadan gələn gəliri Nərimanov qiraətxanaya sərf
251
etmişdir. Onun "Dilin bəlası" ("Şamdan bəy"), "Bahadır və Sona" əsərləri bütün
Azərbaycanda geniş yayılmışdır. Əsərlərində dövrün sosial-psixoloji problemlərini
irəli çəkən Nərimanov hətta tarixi əsərlərində də onları qabarıq şəkildə verirdi.
1899-cu ildə çap etdirdiyi "Nadir şah" pyesində mütləqiyyətin bütün mənfi
cəhətləri elə aydın və dürüst qələmə alınmışdır ki, uzun illər boyu çar məmurları
ehtiyat edib onun tamaşaya qoyulmasına icazə verməmişlər. Nərimanovun elmi-
publisistik fəaliyyəti cəmiyyətin ətalətdən qurtulmasına, türk-müsəlman əhalisinin
milli oyanışına xidmət edirdi. Elə buna görə də sonralar Üzeyir Hacıbəyli
Nərimanovu "ustad dramaturq" adlandırmışdır.
Daim yeni biliklərə can atan Nərimanov 1896-cı ildən etibarən Bakı realnı
məktəbində dərs deyə-deyə humanitar elmləri öyrənir və 1902-ci ildə ekstern yolu
ilə imtahan verərək Bakı kişi gimnaziyasının attestatını alır. Elə həmin ildə o,
Odessa şəhərində yerləşən Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur.
Tələbəlik dövründə Nərimanov teatr truppası yaradır və tamaşalar qoyur.
Bu zaman o həm də siyasi fəaliyyətlə məşğul olmağa başlamışdır. İnqilabi
hərəkətlərə görə universitet müvəqqəti bağlanmış və Nərimanov Bakıya
qayıtmışdır. "Hümmət" sosial-demokrat təşkilatına qoşulan Nərimanov həmçinin
İranda "İctimai-amiyyun" partiyasının yaradıcılarından olmuşdur. Sonralar bu
partiya İran inqilabı dövründə aparıcı rol oynamışdır. 1906-cı ildən etibarən "İrşad"
və "Həyat" qəzetlərində onun siyasi məqalələri çap edilmişdir. Nərimanov Qafqaz
müsəlman müəllimlərinin birinci qurultayının fəal təşkilatçılarından biri olmuşdur.
1906-cı ildə Odessaya qayıdıb orada təhsilini başa vuran Nərimanovun
"Nadir şah" əsəri Volqaboyu, Türküstan, Cənubi Qafqazın iri şəhər teatrlarında,
həmçinin Tehranda tamaşaya qoyulmuşdur. 1908-ci ildə Bakıya qayıdan
Nərimanov şəhər xəstəxanasında işləmiş, həkimlik fəaliyyəti ilə bərabər, siyasi
fəaliyyətlə məşğul olmuşdur. Rusiya sosial-demokratları ilə yaxınlaşan Nərimanov
Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) nizamnaməsini Azərbaycan
dilinə tərcümə etmişdir. 1909-cu ildə təyinatı Tiflisə verilən Nərimanov burada
həkim-terapevt işləmiş, lakin İran inqilabçıları ilə əlaqədə günahlandırılaraq həbs
edilmişdir. 6 ay həbsxanada saxlanıldıqdan sonra o, Həştərxana sürgün edilmişdir.
Burada həkimlik fəaliyyətini davam etdirməklə yanaşı, o, mədəni-kütləvi
tədbirlərdə iştirak etmiş, inqilabi fəaliyyətini də dayandırmamışdır. Həştərxan Xalq
Universitetinin sədri seçilən Nərimanov şəhər dumasının üzvü olmuşdur. Onun
fəaliyyətinin səs-sorağı hər yana yayılmışdır. Hətta Fransada çap olunan "Paris"
qəzetində qeyd olunurdu ki, "Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi
arasında N.Nərimanovun təbliğatı böyük uğur qazanmışdır".
1913-cü ildə Nərimanov Bakıya qayıdır, həkimliklə bərabər, "Nicat"
cəmiyyətində fəaliyyət göstərir, ədəbi dərnəklər yaradır.
252
1917-ci ildə Nəriman Nərimanov "Hümmət" təşkilatı Komitəsinin sədri və
RSDFP Bakı Komitəsinin üzvü seçilmişdir. O həm də Bakı Müsəlman İctimai
Təşkilatları Bürosunun tərkibinə daxil edilmişdir. "Hümmət" qəzeti onun redaktəsi
ilə nəşr olunurdu.
Bakı şəhər Dumasının üzvü seçilən Nərimanov I Dünya müharibəsində
əsir götürülüb Bakıda saxlanılan türk əsgərlərinə qayğı ilə yanaşır, eyni zamanda
S.Şaumyanın başçılığı ilə bolşevik-erməni quldurlarının hərəkətlərinin qarşısını
almağa çalışırdı. Məhz onun səyləri nəticəsində 1918-ci ilin əvvəllərində tərəflər
arasında danışıqlar aparılmış, I qarşıdurmanın aradan qaldırılması üçün tədbirlər
həyata keçirilmişdir. Lakin bolşevik-erməni qüvvələri verdikləri əhdi pozmuş və
Bakıda mart qırğınları törətmişlər. Odur ki Nərimanov Bakıda fəaliyyət göstərən
ermənilərdən ibarət hərbi hissələrin ləğv olunması haqqında göstəriş imzalamışdır,
lakin Rusiya bolşeviklərinin lideri V.Leninin dəstəyindən istifadə edən Şaumyan
bu göstərişə əməl etməmişdir.
Bolşevik-erməni liderlərinin siyasətinə etiraz edən Nərimanov əvvəlcə
şəhər təsərrüfatı komissarı təyin edilmişdir. Ağır xəstələndikdən sonra isə
ümumiyyətlə Həştərxana göndərilmişdir. Onun Bakıdan uzaqlaşdırılmasında
məqsəd isə Şaumyan və əlaltılarının cinayətlərinə rəvac vermək idi. Həştərxanda
müxtəlif vəzifələrdə fəaliyyət göstərən Nərimanov "Biz Qafqaza hansı şüarla
gedirik?" proqram xarakterli məqaləsi ilə kommunizm ideyasına sadiqliyini
gostərmişdir. O hesab edirdi ki, bu ideya ümumi bərabərliyə və son nəticədə bütün
problemlərin aradan qaldırılmasına, ədalətli cəmiyyətin qurulmasına gətirib
çıxaracaq.
1919-cu ilin avqustunda Moskvaya çağırılan Nərimanov Rusiya Xarici
İşlər Komissarının (nazir vəzifəsinin analoqu) Şərq məsələləri üzrə müavini
vəzifəsində işləmiş, həmçinin Leninin bu məsələlər üzrə müşaviri olmuşdur. O,
bolşeviklərin yerlərdə kommunizm adı ilə əslində terror siyasətini yürütməsini, bu
siyasətin ağır nəticələr verməsini vurğulamışdır. Nərimanovun fikrincə, güc tətbiq
etmədən Azərbaycanda ideal kommunist sovet respublikası qurulmalı, insanların
güzəranı yaxşılaşdırılmalıdır. Belə olduqda digər Şərq ölkələri də Azərbaycanın
nümunəsi ilə sovet rejimləri yaradacaqlar. Lakin Lenin və onun əlaltılarının
Nərimanovun dediklərini həyata keçirməyə nə vaxtı, nə də həvəsi var idi.
Nərimanovun biliklərini yüksək qiymətləndirən Lenin təkcə güc, zor hesabına
fəaliyyət göstərməyə öyrəşmişdi.
1920-ci ilin aprelində Azərbaycan hərbi yolla işğal edilmiş, burada
repressiyalar
başlanmışdır.
Nərimanov
Azərbaycanda
yaradılan
sovet
respublikasının idarəetmə orqanlarına qiyabi olaraq seçilsə də, ona Bakıya
qayıtmağa icazə verilmirdi. Yalnız repressiyaların birinci dalğası başa çatdıqdan
sonra o, mayın 16-da Bakıya gələ bilmişdir. Azərbaycanda gördüklərindən dəhşətə
253
gələn Nərimanov Leninə göndərdiyi teleqramlarda yazırdı: "Azərbaycanı başdan-
başa qarət edirlər, sağa və sola güllələyirlər". Azərbaycan Xalq Cümhuriyyəti
xadimlərinin bir çoxunun xaricə getməsinə məhz Nərimanov imkan yaratmış və
bununla da onları sovet repressiya maşınının ağzından xilas etmişdir. Lakin Lenin
bütün səlahiyyətləri S.Kirov və S.Orconikidze kimi qatillərə vermişdi. Nərimanov
"millətçilikdə" günahlandırılmış, ideyaları isə həqarətlə "nərimanovçuluq"
adlandırılmışdır.
Azərbaycan dilinə dövlət statusunun verilməsini, dinə toxunmamağı,
mədəni-maarif işlərinin keçirilməsini, milli ziyalıların qorunmasını tələb edən
Nərimanov getdikcə daha artıq dərəcədə Moskvanın və onun Azərbaycandakı
nümayəndələrinin təzyiqi ilə üzləşirdi. Artıq Zəngəzuru itirmiş Azərbaycan indi də
Dağlıq Qarabağ, Naxçıvan, Zaqatala və Bakının itirilməsi təhlükəsi qarşısında idi.
Bunların qarşısı yalnız Nərimanovun gərgin fəaliyyəti nəticəsində alınmışdır.
Azərbaycan neftinin 15%-nin respublikanın maarif və səhiyyəsinə sərf olunmasını
o tələb etmişdir. Ölkəmizdə rəhbər vəzifələrə ermənilərin, rusların və d. millətlərin
nümayəndələrinin təyin edilməsinə qarşı da o çıxmış, Azərbaycana ağır zərbələr
vuranları "kommunist cildinə girmiş daşnaklar" adlandırmışdır. Moskvada
Azərbaycanla bağlı qərarlar qəbul edilərkən Azərbaycan nümayəndəsinin dəvət
olunmamasını təhqir hesab edən Nərimanov Moskvanı hətta üsyanların başlayacağı
ilə hədələyirdi.
Azərbaycan neftinə azərbaycanlıların yiyə durmasını tələb edən
Nərimanov Bakı -Tiflis - Batum neft kəməri və Bakı - Culfa dəmir yolunun
tikintisini başa çatdırmışdır. O, Şərq xalqlarının Bakıda keçirilən 1-ci qurultayında
fəal iştirak etmiş və sovetlərin Şərq siyasətində dərin səhvlər buraxdığını
göstərmişdir. Rusiya ilə Türkiyə arasında dost əlaqələrin qurulmasında onun
müstəsna xidmətləri olmuşdur. Belə ki, Moskvadan İstanbula yollanan hər bir
dövlət heyəti, səlahiyyətli şəxs Bakıda Nərimanov tərəfindən təlimatlandırılırdı.
Bakıda saxlanılan ingilis əsirlərinin Maltada saxlanılan türk əsirlərinə
dəyişdirilməsi də onun səyləri nəticəsində baş tutmuşdur (ingilislər və türklər
vətənlərinə qayıtmışdılar). İngilis əsirliyində saxlanılan Cənub-Qərbi Qafqaz
Cümhuriyyəti (Qars respublikası) liderlərinin azad edilməsində də onun böyük
xidmətləri olmuşdur. Türkiyəyə və Atatürkə rəğbət bəsləyən Nərimanovun
fəaliyyəti türk mətbuatında geniş işıqlandırılır. Türkiyə Böyük Millət Məclisinin
qərarı ilə ona fəxri qılınc təqdim olunmuşdur. 1921-ci ildə Nərimanovun səyi ilə
imzalanan Qars müqaviləsinə əsasən, Naxçıvana olan təzyiqlər aradan qaldırılmış
və bunun qarantı kimi Türkiyə çıxış etmişdir.
Azərbaycam Sovet Rusiyasının müttəfiqi görmək istəyən Nərimanov
ölkəmizin müstəqilliyinin ləğv edilməsi və Rusiya tərkibinə qatılmasına qətı etiraz
edirdi. O belə tədbir həyata keçirilərsə, tutduğu vəzifələrdən istefa verəcəyini
254
bildirirdi. Nərimanovun fəaliyyəti Moskva və onun Azərbaycanda olan
nümayəndələrini hiddətləndirsə də, xalq arasındakı böyük nüfuzu, təkcə
Azərbaycanda deyil, Şərq və Qərb ölkələrində tanınması onu dərhal aradan
qaldırmağa imkan vermirdi. Odur ki onu Azərbaycandan tədricən aralamaq qərarı
qəbul edildi.
1922-ci ildə o, sovet nümayəndə heyəti tərkibində Genuya konfransında
iştirak etmiş, yenicə yaradılmış SSRİ dövlətini idarə edəcək qurumun - Mərkəzi
İcraiyyə Komitəsinin dörd sədrindən biri seçilmişdir. SSRİ hökumətində
Nərimanov bütün ölkədən gələn şikayətlərə baxılmasına və müvafiq tədbir
görülməsinə nəzarət edirdi. Faktik olaraq milyonlarla insanların son ümid yeri o
idi. Moskvada onun rəhbərliyi ilə "Yeni Şərq" jurnalı və Şərqşünaslıq Elmi
Cəmiyyəti fəaliyyət göstərirdi. 1925-ci ildə məhz onun təklifi ilə Böyük Sovet
Ensiklopediyasının yazılmasına başlanılmışdır. "Ucqarlarda inqilabımızın tarixinə
dair" iri məktub-məqaləsində Nərimanov sovet hakimiyyətinin törətdikləri
vəhşilikləri cəsarətlə göstərmiş və yazmışdır: "Bu sənədin işıq üzü görməyə imkanı
yoxdur, lakin vaxt gələcək ki, tarix müqəssirləri axtaracaqdır". O həmçinin yazırdı:
''Hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edəcək partiya yoxdur....
Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir... Orconikidze və
Stalinin simasında biz türklərə etibar edilmir və Azərbaycanın taleyi erməni
daşnaklarına tapşırılır".
1925-ci ilin əvvəlində Nəriman Nərimanovun ictimai-siyasi və elmi-ədəbi
fəaliyyətinin 30 illiyi Moskvada təntənə ilə qeyd edildi və həmin ilin martında, o
qəflətən vəfat etdi. Müəmmalı şəkildə qəflətən vəfat edən Nərimanovun
zəhərləndirilərək öldürülməsi, özünü pis hiss etdikdə ona həkim yardımı
göstərilməməsi fikri xalq arasında geniş yayılmışdır. O, martın 23-də Moskvada,
Qızıl meydanda Kremlin divarı yanında dəfn olunmuşdur. Onun dəfn günü bütün
SSRİ-də matəm günü elan edilmişdir.
Stalin hakimiyyəti tam ələ aldıqdan sonra "nərimanovçuluğ"u
dəstəkləyənlər bir-bir aradan götürülmüşdür. Hətta uzun illər Nərimanovun adının
çəkilməsi qadağan edilmişdir. Onun fəaliyyəti yalnız 1955-ci ildən sonra tədqiq
edilməyə başlanmışdır.
255
Cənubi Azərbaycanda yaşayan azərbaycanlılarda
milli özünüdərkin inkişafında Şeyx Məhəmməd Xiyabaninin
başçılıq etdiyi azadlıq hərəkatının əvəzsiz rolu olmuşdur. Hələ
1905 – 1911-ci illərdə Səttarxanla çiyin-çiyinə vuruşmuş
Xiyabani həyatının mənasını Azərbaycanın şah rejimindən azad
edilməsində,
demokratik
yolla
inkişafında
görürdü.
Azərbaycanda demokratik fikirlərin gec yayılmasına gileylənən
inqilaçılara o deyirdi: “Azərbaycan baş qazana bənzəyir: o, gec
qızır, lakin gec də soyuyur”.
1920-ci ilin aprel – sentyabr aylarında onun başçılıq
etdiyi milli-azadlıq hərəkatı son nəticədə məğlub olsa da,
Azərbaycan xalqının imperialist ağalığına, şah rejiminə qarşı
milli istiqlaliyyət uğrunda mübarizə tarixində vacib yer tutur.
Xiyabaninin təklifi ilə yaradılan silahlı dəstələr Şərəfxan,
Səlmas, Urmiya istiqamətlərində erməni və aysorların
azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasətinin qarşısını
almışdılar.
“Azadistan”, yəni Azadlıq ölkəsi adlandırılmış Cənubi
Azərbaycanda siyasi, iqtisadi, səhiyyə, maarif, ədliyyə və digər
xarakterli islahatlar keçirildi.
Dostları ilə paylaş: |