Səfiəddin Urməvi
(1216-1294)
Səfiəddin Əbdülmömin ibn Yusif Urməvi 1216-cı ildə Azərbaycanın
qədim mədəniyyət mərkəzi Urmiya şəhərində anadan olmuşdur. O dövrdə bu şəhər
Azərbaycan Atabəyləri dövlətinin tərkibində idi. Elm və mədəniyyətin inkişafına
daim diqqət yetirən dövlət başçılarının səyləri nəticəsində şəhərdə çoxlu məktəb və
mədrəsə fəaliyyət göstərirdi.
İlkin təhsilini Urmiyada alan Səfiəddin burada da mədrəsəyə gedir və
mədrəsədə oxuduğu dövrdə musiqinin əsasları ilə tanış olur. Burada o, bir neçə
musiqi alətində çalmağı öyrənir. Lakin onun ən çox sevdiyi alət ud idi. Urmiyada
mədrəsədə təhsilini bitirdikdən sonra Urməvi Bağdada köçərək bu şəhərdə təhsilini
davam etdirmək qərarına gəlir. O dövrdə bütün Yaxın və Orta Şərqin elm və
mədəniyyət mərkəzi sayılan Bağdad şəhərində müsəlman dünyasının ən görkəmli
şəxsiyyətləri fəaliyyət göstərir və buranın mədrəsələri ən yüksəksəviyyəli mədrəsə-
universitet hesab olunurdu.
Bağdada gələn Səfiəddin dövrün ən məşhur universiteti sayılan
Müstənsəriyyə universitetində təhsilini davam etdirir. Burada oxumaqla bərabər, o,
xəttatlıqla da məşğul olur. Qısa müddət ərzində mahir xəttat kimi tanınan Səfiəddin
müsəlman dünyasının mənəvi lideri, Bağdad xilafətinin dövlət başçısı xəlifə əl-
Müstəsimin saray katibliyinə dəvət alır və burada çalışmağa başlayır. Əmək
64
fəaliyyətinə katib kimi başlayan Səfiəddin özünü təkcə mahir xəttat kimi deyil,
həm də olduqca təmiz və ürəyiaçıq insan kimi göstərir. Katiblikdə pillə-pillə
yüksələn Səfiəddin əvvəlcə dövlətin baş xəttatı, sonra isə saray kitabxanasının rəisi
vəzifəsinə təyin edilir. Bu, olduqca məsuliyyətli bir vəzifə idi, çünki kitabxana rəisi
katiblərin, xəttatların fəaliyyətinə nəzarət etməli, üstəlik, aydınlıq tələb edilən
məsələlərə dair dövlət rəhbərinə qısa və eyni zamanda ətraflı rəy vermək üçün
kifayət qədər bilikli olmalı idi. Saray işləri ilə bərabər, o, musiqi ilə məşğuliyyətini
davam etdirirdi. İmkan düşdükcə udda məşq edən Səfiəddin təkcə yaxın dostlarına
sirrini açmışdı. Dostlarından biri, Bağdadın məşhur xanəndəsi Lizax xan məşqlər
zamanı öz mahnılarını Səfiəddin Urməvinin müşayiəti ilə oxuyurdu. Onun
sarayda çıxış etmək təklifini Səfiəddin qəbul etmir və özünün peşəkar musiqiçi
olmadığını bildirirdi. Bununla bərabər, Səfiəddin bir neçə məşhur şeirə mahnı
bəstələmişdi ki, onları da Lizax xan məmnuniyyətlə ifa edirdi. Xəlifə qarşısında
çıxışlarının birində o, gözlənilmədən Səfiəddinin mahnılarından birini oxuyur.
Xəlifə təəccüblə bu gözəl musiqini heç vaxt eşitmədiyini bildirir və onun müəllifi
ilə maraqlandıqda xanəndə Səfiəddini göstərir. Bundan sonra xəlifə Səfiəddinin
daim saray konsertlərində çıxış etməsini xahiş edir.
Əksər tədbirlərdə ud ifaçısı kimi çıxış edən Səfiəddin Urməvinin ud
çalmaq qabiliyyətindən Bağdadda rəvayətlər danışılırdı. Rəvayətlərin birinə görə,
40 gün susuz qalmış dəvə su hovuzundan su içməyə başlayanda Səfiəddinin ud
çaldığını eşitmiş və su içməyini dayandırmışdır. Hər dəfə musiqi dayananda dəvə
su içir, musiqi səslənəndə isə diqqətlə qulaq asırdı. Musiqi bitəndən sonra dəvənin
gözləri yaşarmışdır. Digər bir rəvayətə görə, bir dəfə bağda Səfiəddin şagirdlərinə
ud çalmağı öyrədəndə budaqların birinə bülbül qonur və başlayır ud ifasına qulaq
asmağa. İfa o dərəcədə onun xoşuna gəlir ki, bülbül qonur Səfiəddinin yanına və
onun müşayiəti ilə öz quş dilində mahnısını ifa edir.
Çoxsaylı tələbələri olan Səfiəddin qısa müddət ərzində kamil müəllim
kimi məşhurlaşır. Dövrün bir çox musiqişünasları onun tələbələri olmuşlar. XIII
əsrin sonu - XIV əsrin əvvəllərində fəaliyyət göstərmiş görkəmli Azərbaycan
musiqişünası Əbdulqədir Marağayi özünün "Maqasidul-Alxan" əsərində yazırdı ki,
ondan başqa Səfiəddin Urməvinin tələbələri arasında məşhur musiqiçilər
Şəmsəddin Suxravərdi, Əli Sitan, Həsən Zəfər, Xisaməddin Qutluq Buğa və
başqaları vardır.
Səfiəddin Urməvi iki yeni musiqi aləti icad etmişdi ki, onlar da udun
təkmilləşdirilmiş variantları idi. "Muzxa" musiqi aləti tetraqonal formada söyüd
ağacından düzəldilmiş gövdə və üzərinə taxılmış 81 simdən ibarət idi. Sırf muğam
ifaları üçün nəzərdə tutulmuş "Muğani" musiqi aləti müasir rübaba bənzəyirdi,
lakin onun gövdəsi böyük idi, özü də şaftalı ağacından düzəldilməli idi. Alətin 33
simi var idi.
65
Səfiəddin Urməvinin ən böyük elmi işi 1252-ci ildə tamamladığı "Kitab
əl-ədvar" adlanan musiqi traktatıdır. Ərəb dilində yazılmış kitab 15 fəsildən
ibarətdir. Musiqi nəzəriyyəsi problemlərinin işıqlandırılmasına həsr olunmuş əsər
Şərqdə musiqi aləmində əsl inqilaba səbəb oldu. Tədqiqatçı alim Henri Corc
Farmerin fikrincə, Şərq musiqisinin sistemini məhz Səfiəddin Urməvi və məhz bu
əsərində yaradıb. XIX əsrin ortalarınadək bütün ərəb, fars, türk dünyasının
musiqişünas müəllifləri onun davamçıları olaraq Urməvinin yaratdığı sistemi tətbiq
edirdilər. Kitab dəfələrlə köçürüldüyündən onun nüsxələrinə dünyanın bütün
yerlərində rast gəlmək olar. Ən zəngin tərtib edilmiş əlyazmaları London, İstanbul,
Sankt-Peterburq və Nyu-Yorkun muzey və kitabxanalarında saxlanılır.
Kitabın birinci fəsillərində müəllif Şərq musiqisinin qanunlarından xəbər
verir, qısa tarixçəsini açıqlayır. Kitabın 9-cu fəslində Səfiəddin Urməvi muğamlar
barəsində müfəssəl məlumat verir. O, 12 muğamın adını çəkir və onları təsvir edir.
Bunların sırasında "Üşşaq", "Nəva", "Əbu Saliq" (Busaliq), "Rast", "İraqi",
"İsfahani", "Zirefkənd", "Bozorg", "Zəngulə", "Rəhvi", "Hüseyni", "Hicaz"
muğamları xüsusi qeyd olunur. Əsərin 11 və 12-ci fəsilləri uda həsr olunub.
Əsərin 15-ci fəsli musiqinin notlar vasitəsilə yazılmasına həsr olunub və
kitabın ən vacib və orijinal fəslidir. Səfiəddin Urməvi Şərq musiqisinin, ilk
növbədə muğamların xüsusiyyətlərini nəzərə alaraq hərf-rəqəm notlar sistemini
təklif etmişdir. Əbcəd ərəb hərfləri sisteminin tətbiq edilməsi musiqinin səsinin
yüksəkliyini və uzunluğunu göstərir. Bu məqsədlə həmçinin müəyyən işarələrdən
də istifadə edilir.
Müasir Qərb musiqi yazılış sistemi 1,5 tondan aşağı olan səsləri yazmağa
imkan vermir və muğamın açıq duyulmayan, "gizli" səslərini ifa etməyə imkan
vermir. Urməvinin sistemi isə buna imkan verirdi və məhz buna görə XIX əsrin
sonunadək tətbiq edilirdi. Sonralar Şərq musiqişünaslarının Qərb üslublu musiqi
məktəblərində təhsil alması Urməvinin sisteminin unudulmasına gətirib çıxardı.
Tədqiqatçıların fikrincə, Qərb not sistemi ilə yazılmış muğam Urməvinin sistemi
ilə yazılmış muğamdan ayrı cür səslənir. 1258-ci ildə monqol sərkərdəsi Hülakü
xanın türk-monqol ordusu Bağdadı ağır döyüşdən sonra tutur, əsir düşən xəlifə və
onun ailə üzvləri edam olunur. Şəhər məhəllə-məhəllə talan edilir. Səfiəddin
Urməvinin yaşadığı məhəllə monqol qoşunları tərəfindən mühasirəyə alınanda o,
məhəllənin ağsaqqalı kimi monqol dəstəsinin qarşısına çıxır, onların dəstə başçısını
evinə dəvət edərək sadə əhalinin günahsız olduğunu sübut etməyə çalışır. Monqol
dəstə başçısı müvafiq əmr aldığından dəstəsini çəkə bilməyəcəyini bildirir və
Səfiəddin Urməvini saraya aparır. Hülakü xana məsələni danışan musiqişünas
məhəllənin əhalisinin qırğından qurtarmasına nail olur. Xana onun mahir
musiqişünas olması barədə məlumat verirlər və Urməvi yenidən saraya aparılaraq
66
Hülakü xan üçün udda çalır. Ziya adlı xanəndəni müşayiət edir. Musiqişünas
Hülakünün sarayına qəbul edilir.
Hülakü xanın vəziri, məşhur tarixçi Əlaəddin Cuveyninin qardaşı
Şəmsəddin Cuveyni Səfiəddin Urməviyə himayədarlıq etmişdir. Musiqişünas
Şəmsəddinin iki oğluna musiqi təhsili vermişdir. Hər iki şagirdi məşhur
musiqişünas olmuşdur: böyük qardaş Şərəfəddinin "Risalitsa Şərəfi" musiqi
nəzəriyyəsi əsəri sonralar bütün Şərqdə yayılmışdır.
Lakin Cüveynilər Bağdadı tərk edəndə himayəsiz qalan musiqişünas
fəzilət içində yaşayır və 1294-cü ildə borclular üçün həbsxanaya atılaraq orada
vəfat edir.
67
Şərq təbabəti mərkəzlərindən biri olan
Azərbaycan həmişə həkimləri, loğmanları ilə tanınırdı.
Orta əsr Azərbaycan həkimləri arasında ən məşhuru
Mahmud ibn İlyas Şirvanidir. Təbabət elminin
naliyyətlərini “Təbabət haqqında elmi kitab” adlı
əsərində sistemləşdirən müəllif dünyada ilk dəfə olaraq
tibb
komplekslərinin
inkişafını təklif etmişdir.
Hülakülər (Elxanilər) dövlətinin tibb xidməti rəisi
vəzifəsini icra etməsi və dövlətin vəziri Rəşiddədinin
dəstəyi ona bu təklifini həyata keçirməyə imkan
vermişdir. Qərbi və Şərqi Avropada, Afrikada, Cənubi
və Cənub Şərqi Asiyada mütəmadi olaraq başlayan
epidemiyalar yüz minlərlə insanın həyatına son
qoyduğu bir dövrdə Hülakülər (Elxanilər) dövlətinin
ərazsinə daxil olan Yaxın və Orta Şərqində bir dəfə
də olsun epidemiya qeydə almamışdır. Bunun səbəbi
dövlətdə tibb xidmətinin qurulması ilə bağlıdır.
Rəşidəddin Mahmud Şirvanini “dövrün Əflatunu
(Platonu)
və
əsrimizin
Ərəstunu
(Asitoteli)”
adlandırırdı.
Azərbaycan tarixinə Mahmud ibn İlyas
məşhur həkim, tibb sisteminin yaradıcısı olan
təşkilatçı, nəzəriyyəçi alim kimi daxil olmuşdur.
Mahmun Şirvani
(XIII əsrin II yarısı - XIV əsrin əvvəlləri)
Nisbətən sabit ərazi olan Şirvanda iri təhsil ocaqlarının mövcud olması,
monqol yürüşlərindən qaçan yüzlərcə alimin bu mərkəzlərdə fəaliyyət göstərməsi
burada təhsil alanların dərin biliklərə sahib olmasına imkan yaratmışdır.
1260-cı ildə Mahmud ibn İlyas "Təbabət haqqında elmi kitab" şərti adı ilə
tanınan böyük elmi əsər yazmışdır. Bilmədiyini öyrənməyi eyib saymayan
Mahmud Şirvani hər səyahətdən çoxlu sayda kitab və qeydlərlə qayıdarmış. Belə
səyahətlərinin biri haqqında o yazırdı: "Mən çox şeyi gördüm, çox şeyi duydum".
Çox vaxt vətəni Azərbaycandan və onun tərkib hissəsi olan Şirvandan ayrı düşən
Mahmud Şirvani qeydlərin birində təsadüfən yolda Kafiəddin Şirvani adlı
həmyerlisi ilə görüşünü xatırlayır, onunla "doğma torpağın xatirələrini
vərəqləməyin necə sevindirici olmasını" yazır. Digər bir qeydində isə o yazır: "Bu
dövrdə Şirazda olsam da, vətənim Şirvanı düşünürəm".
68
Mahmud ibn İlyas Şirvaninin əsəri 4 hissədən ibarətdir: nəzəri təbabət,
təcrübi təbabət, ümumi təbabət, kompleks təbabət. Əsərin girişində o qeyd edir ki,
digər tibbi əsərlərdən fərqli olaraq onun əsərində xəstəliklər təsvir edilmir, onun
məqsədi tibbi bilikləri sistemləşdirmək, nəzəri və təcrübi xüsusiyyətləri
öyrənməkdən ibarətdir. "Təbabətin köməyi ilə biz insan orqanizminin vəziyyətini
öyrənir, diaqnozu müəyyən edirik, həmçinin bu elmin köməyi ilə orqanizmin
xəstəlik nəticəsində itirdiyi maddələri bərpa edir və bu yolla sağlamlığı qaytarırıq".
Müəllifin fikrincə, "nəzəri təbabət təbii və qeyri-təbii olanları hərəkətdə
öyrənir, onların səbəb və dövranlarını müəyyən edir". O, xəstəliklərin səbəblərini
çox soyuq və ya çox isti iqlimdə, çirkli və tüstülü mühitdə, nə ilə isə
zəhərlənməkdə, həddindən artıq işləməkdə, tənbəllikdə və boş-boşuna vaxt
keçirməkdə, yemək və içməkdə hüdud bilməməkdə və s.-də görürdü.
Mahmud ibn İlyas bildirirdi ki, "təcrübi təbabət faydalı olanların necə
tətbiq edilməsini, zərərli olanların necə çıxarılmasını, sağlamlığın necə
qorunmasını, müxtəlif xəstəliklərdən necə qurtulmağı" öyrənir. Onun təklif etdiyi
və uğurla həyata keçirdiyi xəstəliklərin diaqnozunun düzgün müəyyənləşdirilməsi
texnikası əslində ona qədər tətbiq olunan bir neçə metodikanı özündə
birləşdirmişdir. Xəstə xaricdən yoxlanılmalı, onun nəbzi və hərarəti müəyyən
edilməli, gözlərinin, dilinin vəziyyəti, hərəkət etmək qabiliyyəti və s.
yoxlanılmalıdır. Müəllif müxtəlif növ nəbzlərin təsvirini vermiş, onların hansı
xəstəliklərin əlaməti olmasını vurğulamış, nəbz formalarını sistemləşdirmişdir.
Kitabın 3-cü fəsli tibbi-izahlı lüğətdən ibarətdir, 4-cü hissədə tibb sisteminin
qurulması prinsipləri öz əksini tapıb.
Mahmud Şirvani İbn Sinanın təklif etdiyi tibbi ocaqlar ideyasını
dəstəkləmişdir. Belə ki, İbn Sina tibb ocağında həkimləri və tibbi kitabxanaları
cəmləşdirməyi təklif etmişdir. Mahmud ibn İlyas bu ideyanı davam etdirmiş və
tibb ocağında hospitallar, tibbi kitabxanalarla bərabər, tibbi ləvazimat istehsal edən
emalatxanalar, tibb universiteti, dərmanlar hazırlayan əczaxanaları cəmləşdirməyi
təklif etmişdir.
Hülakülərin saray həkimi təyin edilən təbib qısa müddət ərzində dövlət
başçısı Qazan xanın və onun vəziri, əvvəllər həkim olan Fəzlullah Rəşidəddinin
etimadını qazanmış və dövlətin tibb xidməti rəisi təyin edilmişdir.
Mahmud ibn İlyas Şirvaninin təklifı ilə ölkədə "Dar üş-şəfa" ("Şəfa
evləri") adlanan tibbi ocaqlar yaradılmağa başlanmışdır. Birinci və eyni zamanda
ən böyük belə tibb ocağı Təbrizdə açılmış və qısa müddət ərzində elmi-təcrübi
mərkəzə çevrilmişdir. Bütün Şərqdən bura ən məşhur alim və həkimlər dəvət
edilmiş və Təbrizin tərkib hissəsi olan "Rəbi Rəşidiyyə" qəsəbəsində
yerləşdirilmişlər. 500-dən artıq alim və həkim burada dövlət hesabına yaşayış yeri,
ərzaq, paltarla təmin edilirdi. Müalicə ilə bağlı xərclər, hər xəstənin sağaldılmasına
69
görə həkimə verilən pul mükafatı, yeni elmi əsərlərə görə qonorarlar dövlət
hesabına verilirdi. Rəbi Rəşidiyyədə məscidlər, xəstəxana və hospitallar,
rəsədxana, kağız və tibbi ləvazimat istehsalı üzrə emalatxanalar, karvansaralar inşa
edilmişdi. Kitabxanada 600 mindən atıq nadir kitab toplanmışdı. Tibbi kadrların
hazırlanması məqsədi ilə burada 6000 tələbənin təhsil aldığı universitet açılmışdı.
Tələbələr "hücrə"lər adlanan yataqxana kompleksində yaşayır, onların da xərcləri
dövlətin hesabına ödənilirdi. Hospital və xəstəxanalarda qəbul otaqları, müalicə
otaqları, əməliyyat otaqları, meyitxana təşkil edilmişdi. Dünyada ilk dəfə olaraq
hospitallarda ventilyasiya sistemi qurulmuş, təmizliyə riayət olunması üçün
kompleks tədbirlər həyata keçirilmişdi. Hospital binası yaxınlığında həkimlərin
istirahət otaqları, mühazirə otaqları və əczaxana açılmışdı. Əczaxana nəzdində
böyük bağ var idi ki, burada tibbi bitkilər becərilirdi. Bütün tibbi kompleksin idarə
edilməsi bilavasitə Mahmud ibn İlyas Şirvaniyə tapşırılmışdı.
Mahmud Şirvani öz əsərində hər bir tibbi peşə sahibinin göstərdiyi
köməkliyə görə hansı məbləğlə qiymətləndirildiyini qeyd etmişdir. Həmçinin
xəstəxana xərclərinin adları və miqdarı da göstərilmişdir. Belə ki, xəstəxanaya
dövlət tərəfindən pul aşağıdakı maddələrlə ayrılırdı: işçilərin məvacibi, tələbələrin
müavinətləri, tibbi avadanlığın alınması, qeyri-tibbi avadanlığın alınması, xəstələr
üçün həblər, dərmanlar hazırlanması üçün, gündəlik düyü, ciyər yeməkləri
hazırlanması üçün, dini ayinlərin icra edilməsi, kəfənlərin alınması üçün vəsait.
Təbriz "Dar üş-Şəfa"sı əsasında dövlətin müxtəlif yerlərində 67 eynitipli
tibb ocağı açılmışdı. Maraqlıdır ki, tibb ocaqlarının birinin nəzdində təkcə müalicə
vasitələri ilə deyil, təbiət təsiri ilə müalicə də nəzərdə tutulurdu. Ətraf mühitdən
divarlarla ayrılan, böyük bağlarla əhatələnən bu tibb ocağına "Baği Rəşidabad"
("Rəşidabadın bağları") deyilsə də, xalq arasında ona "Kuçe mualicun" ("Müalicə
həbsxanası") deyilirdi. Ən böyük əczaxana "Fəthabad" əczaxanası idi ki, burada
olan bağlarda dünyanın on nadir bitkiləri becərilir, onlardan hazırlanan dərmanlar
ölkə əczaxanalarına göndərilirdi.
Qərbi və Şərqi Avropada, Afrikada, Cənub və Cənub-Şərqi Asiyada
mütəmadi olaraq başlayan epidemiyalar yüz minlərlə insanın həyatına son qoyduğu
bir dövrdə Hülakülər (Elxanilər) dövlətinin ərazisində bir dəfə də olsun epidemiya
qeydə alınmamışdı və bunun səbəbi dövlətdə tibb xidmətinin yaxşı səviyyədə
qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, Fəzlullah Rəşidəddin Mahmud Şirvanini
"dövrün Əflatunu (Platonu) və əsrimizin Ərəstunu (Aristoteli)" adlandırırdı.
70
Yaradıcılığa lirik şeirlərlə başlayan
İmadəddin Nəsimi sonralar daha çox fəlsəfi şeirlər
yazmış, hətta fəlsəfi və siyasi fikirlərini belə insanlara
bədii söz vasitələri ilə çatdırmışdır. Onun ilk
şeirlərində məhəbbət, insan gözəlliyinin tərrənümü
əsas yer tutmuşdur. Tədricən püxtələşən şair
əsərlərində siyasi, ictimai, əxlaqi mövzulara daha
geniş yer verməyə başlayır. Nəsiminin bədii
yaradıcılığı Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin
təkmilləşməsində mühüm rol oynamışdır. Nəsiminin
qəzəlləri, rübailəri, tüyuğları orijinal və orijinal olduğu
qədər də qiymətlidir.
Nəsiminin şeirləri hələ sağlığında bütün
Yaxın Şərqdə, İraqda, Kiçik Asiyada, Suriyada, Orta
Asiyada, hətta Uzaq Şərqdə yaşayan uyğurlar arasında
çox populyar olmuşdur.
Azərbaycan tarixinə İmadəddin Nəsimi ana dilində
yazılmış ilk fəlsəfi qəzəlin müəllifi kimi daxil
olmuşdur. İlk müstəzad, mürəbbe və tərcibəndlər
yazan şair də məhz odur.
İmadəddin Nəsimi
(1369-1417)
İmadəddin
Nəsimi (əsl adı Seyid Əli) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. O
zaman Şamaxı şəhəri Şirvanşahlar dövlətinin paytaxtı idi. Cəlairilər monqol
dövlətinin vassalı olan Şirvanşahlar dövləti Yaxın və Orta Şərq ərazilərini özündə
cəmləşdirən bu dövlətə böyük məbləğdə vergi ödəyirdi. Tam müstəqilliyə can atan
Şirvanşahlar müharibələrdən çəkinir və hər vasitə ilə ölkənin iqtisadi və mədəni
qüdrətini artırırdılar. Nəticədə XIII - XIV əsrlərin təlatümlü hadisələrinə
baxmayaraq Şirvan ərazisi öz sabitliyi ilə seçilir, buranın təhsil və elm ocaqlarında
Şərqin ən məşhur elm xadimləri fəaliyyət göstərirdilər.
İlk təhsilini Şamaxıda alan Seyid Əli elmi biliklərə can atmış, islam tarixi,
şəriət, məntiq, astronomiyanı öyrənmişdir. Biliyi ilə həmyaşıdları arasında seçilən
Seyid Əli məktəb və mədrəsə proqramlarının tələb etdiyindən daha çox oxuyur və
şeirlər yazırdı. İslami biliklərə dərindən yiyələndiyinə görə ona İmadəddin, yəni
"Dinin dayağı" ləqəbini vermişdilər.
Gənclik illərində İmadəddin islamın sufi cərəyanına güclü meyl etmiş
məşhur sufi şeyxi Hüseyn ibn Mənsur Həllacın fəlsəfi fikirləri ilə yaxından
maraqlanmışdır. X əsr mütəfəkkiri Mənsur Həllac islamın sufi cərəyanının təbliğ
etdiyi ümumi bərabərlik haqqında fikirlərinə görə Bağdadda edam olunmuşdur.
71
İmadəddin onu özünə bir ideal kimi seçmiş və hətta onun elə pərəstişkarlarından
olmuşdur ki, şeirlərini belə "Hüseyni" təxəllüsü ilə yazırdı.
Lakin yetkinləşdikcə İmadəddini Mənsur Həllacın fəlsəfəsi artıq qane
etmir, bir çox suallara onun təlimində cavab tapa bilmirdi. Həyat isə ortaya yeni-
yeni suallar qoyurdu. XIV əsrin sonlarında Azərbaycana türk dünyasının məşhur
sərkərdəsi Əmir Teymur qoşun çəkmişdir. Əksər Azərbaycan əraziləri müqavimət
göstərmiş və qəhrəmanlıqla müdafiə olunmalarına baxmayaraq viran qoyulmuşdur.
Naxçıvanda yerləşən Əlincə qalası igidlik və rəşadət nümunələri göstərərək
Teymurun qoşunlarına qarşı 14 il vuruşmuşdur. Azərbaycanın əksər ərazilərinin
dağıdıldığını görən şirvanşah I İbrahim ölkəsini belə dağıntılardan xilas etməyə
çalışmış və Əmir Teymurdan vassal asılılığını qəbul etmişdir. Onun şəxsi nüfuzu
sayəsində Əmir Teymur vergilərin miqdarını tamam azaltmış, I İbrahim onun
müttəfiqinə çevrilmişdir. Bu zaman bütün Azərbaycandan elm və mədəniyyət
adamları Şirvana axışmağa başlayırlar. Azərbaycanda hürufilik cərəyanı da məhz
bu zaman yayılır. Belə ki, hürufiliyin banisi Fəzlullah Nəiminin özü Şirvana gəlir
və fikirlərini burada təbliğ etməyə başlayır.
Hürufilik təliminin əsas ideyaları Nəiminin beş kitabında -
"Cavidannamə",
"Məhəbbətnamə",
"Növmnamə",
"İsgəndərnamə"
və
"Vəsiyyətnamə"də öz əksini tapmışdır.
Hürufilər maddi və ilahi aləmi - Allahı, insanı və bütün varlıqları vəhdətdə
götürür və kamil insanı yüksək dəyərləndirirdilər. Onlar hər şeydə Allahın
əlamətini görür və hesab edirdilər ki, bütün varlıqların yeganə səbəbkarı Allahın
kəlamı olan "Quran"dır. "Quran" isə hərflərdən ibarət olduğu üçün bu fikirləri
qəbul edənlər özlərini hürufi (hüruf - "hərf” sözünün cəmi) adlandırırdılar.
Hürufilərə görə, insanda Allahın əlamətləri - "Quran"ın nişanələri vardır.
Hürufilərin bu məsələdə əsas məqsədi insanın, xüsusilə də kamil insanın
böyüklüyünü nəzərə çatdırmaq
idi. Bu səbəbdən onlar din xadimləri tərəfindən təqib olunurdular.
Hürufilər Əmir Teymuru onun əməllərinə görə "cahil insan", yəni "geridəqalmış",
"mənfur" hesab edir, xalqı Teymura qarşı mübarizəyə səsləyirdilər. Nəticədə onlar
teymurilər tərəfindən də təqib olunurdular. Teymurun müttəfiqi sayılan, lakin onun
vassalı kimi özünü hiss edən şirvanşah I İbrahim tam müstəqilliyə can atır, bu
səbəbdən hürufiləri öz ərazisində gizlədirdi.
Nəsimi ilə yaxından tanış olan İmadəddin o zaman artıq lirik şair kimi
bütün Azərbaycanda tanınırdı. O, əsərlərini ana dili olan Azərbaycan dilində,
həmçinin farsca yazırdı. Onun lirik şeirlər toplusu Azərbaycandan kənarlarda da
maraqla oxunurdu. Lakin Nəimi ilə tanışlıq onun həyatını dəyişir. O, hürufiliyi
qəbul edir və bütün qalan həyatını insanların kamilləşdirilməsinə sərf edəcəyini
bildirir. Bəşəriyyətin xilasını kamil insanların mövcudluğunda görən İmadəddin
72
həvəslə hürufiliyin əsas müddəalarını yaymağa başlayır. Şairlik istedadı bu işdə
ona kömək edirdi. Faktik olaraq İmadəddinin şeirləri hürufi fikirlərin sürətlə
yayılmasına səbəb olur, o özü isə Nəiminin sağ əli kimi qəbul edilirdi. O hətta
ustadına hörmət əlaməti olaraq Nəimi adı ilə həmahəng olan "Nəsimi" adını özünə
təxəllüs seçir ("nəsim" - "xəfif səhər küləyi" deməkdir).
Fəzlullah Nəimi 1394-cü ildə həbs edilmiş və Naxçıvan ərazisində
teymurilər tərəfindən işgəncə ilə edam olunmuşdur. Ölümündən əvvəl yazdığı
"Vəsiyyətnamə"yə əsasən o, Nəsimini öz davamçısı elan etmişdir.
Müəlliminin vəsiyyətini yerinə yetirən Nəsimi özü üçün təhlükəsiz olan
Şirvandan çıxmış və Təbrizə, ordan isə Anadoluya yollanmışdır.
Nəsimi yaradıcılığa, dediyimiz kimi, lirik, aşiqanə şeirlərlə başlamışdır.
Onun şeirlərində məhəbbət, insan gözəlliyinin tərənnümü əsas yer tutur. O
həmçinin acgözlük, paxıllıq, xudpəsəndlik, riyakarlıq, vəfasızlıq kimi yaramaz
sifətləri pisləmişdir. Tədricən püxtələşən şair öz əsərlərində siyasi, ictimai, əxlaqi
mövzulara daha geniş yer ayırmağa başlayır. Hakim təbəqənin zülm və
ədalətsizliyini, özbaşınalıqlarını cəsarətlə göstərən şair haqsızlıqlara qarşı üsyan
edirdi. O, insanı yaradıcı varlıq kimi görmək istəyir, onu ilahiləşdirirdi.
Nəsiminin bədii yaradıcılığı Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin
təkmilləşməsində mühüm rol oynamışdır. Əruz vəzninin Azərbaycan dilinin
xüsusiyyətlərinə uyğunlaşdırılması, daxili və rədif qafiyələrdən, mürəkkəb və
dolğun cinaslardan uğurla istifadə edilməsi Nəsimi poetikasının üstünlükləridir.
Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və
tərcibəndlər yazmışdır. Onun qəzəlləri, rübailəri, tüyuğları bədii quruluş və
məzmunca orijinal və qiymətlidir.
Nəsiminin şeirləri hələ sağlığında bütün Yaxın Şərqdə - İraqda, Suriyada,
Kiçik Asiyada, Orta Asiyada, hətta Uzaq Şərqdə yaşayan uyğurlar arasında çox
populyar olmuşdur. Onun əsərlərinin üzü köçürülür və insanlar arasında geniş
yayılırdı. Nəsiminin qəzəllərindən çox vaxt aşıqlar da istifadə etmiş, bu da
qəzəllərin şifahi xalq ədəbiyyatı yolu ilə yayılmasına səbəb olmuşdur. Onun ana
dilində yazdığı şeirlər XV əsr Azərbaycan şairi Cahanşah Həqiqi, XVI əsr şairləri
Xətai, Füzuli, XVIII əsr şairi Vaqifin poetikasına böyük təsir göstərmişdir.
Osmanlı şairi Rəfii, türkmən şairləri Məhdumqulu və Əndəlib, özbək şairləri Əsiri
və Nəvai Nəsimini öz ustadları kimi qəbul etmiş, onun irsini sənətkarlıq
baxımından öyrənmişlər. Onun "əlif-lam" və "tərs əlifba" adlanan şeirləri maraq
doğurur. Hər beyti, bəzən də hər misrasının ilk kəlməsi ərəb əlifbasının sırasına
uyğun hərflərlə başlayan belə əsərlər daha çox aşıqlar tərəfindən sevilirdi.
Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasını zənginləşdirməklə
bərabər, xalqımızın ədəbi dilini də inkişaf etdirmişdir. O, Azərbaycan
ədəbiyyatında ana dilində yazılan ilk fəlsəfi qəzəlin müəllifidir. Canlı xalq danışıq
73
dilinin imkanlarından bacarıqla istifadə edən Nəsimi klassik poeziya dilinin bədii
ifadə vasitələrini də məharətlə işlətmişdir.
Hürufiliyi yaydığına görə dəfələrlə həbs edilən Nəsimi məsləkindən
dönmürdü. Anadoludan Aralıq dənizinin şərq sahillərinə keçən Nəsimi burada da
hürufi fikirlərini yayırdı. Lakin Suriyanın Hələb şəhərinə çatdıqda o həbs edilir və
Misir sultanının əmri ilə 1417-ci ildə elə Hələb şəhərində edam olunur. Onun
ölümü ilə bağlı rəvayətlərdə fədakar şairin ölüm ayağında özünü mərdliklə
aparması və məsləkindən dönməməsi göstərilir. Rəvayətə görə, Nəsimi "Ağrımaz"
rədifli məşhur qəzəlini elə edam zamanı söyləmişdir.
74
Azərbaycan Qaraqoyunlu dövlətinin
hökmdarı Cəmaləddin Qara Yusif Barani xalq
arasında daha çox “Qara Yusif” kimi tanınır.
XV
əsr tarixi-fəlsəfi
mahiyyətinə
görə
tariximizin dönüş mərhələsi ola bilər.
Azərbaycan türklərinin milli inkişaf tarixində
bu dövrün xüsusi yeri var. Monqol dövlətlərinin
uzunmüddətli hökmranlığından sonra məhz XV
əsrin əvvəllərində Azərbaycanda yadellilərin
ağalığına son qoyulmuş, oğuz-türk dövlətçilik
ənənəsi
bərpa
edilmişdir.
Azərbaycanda
Qaraqoyunlu və onu əvəz edən Ağqoyunlu
dövlətlərinin yaranması ilə ölkəmizdə oğuzlar
(türkmanlar) artıq yalnız etnik cəhətdən deyil,
həm də siyasi baxımdan hakim mövqe
qazandılar. Azərbaycanda Teymuri ağalığına son
qoyulması
və
dövlətçiliyimizin
bərpa
edilməsində Qaraqoyunlu Qara Yusifin tarixi
xidmətləri əvəzsizdir.
Azərbaycan tarixinə Cəmaləddin Qara
Yusif Barani Azərbaycanda monqol və Teymuri
ağalığına son qoymuş, Azərbaycan dövlətçiliyini
bərpa etmiş, Qaraqoyunlu dövlətinin əsasını
qoymuş görkəmli dövlət xadimi və sərkərdə
kimi daxil olmuşdur.
Dostları ilə paylaş: |