Şah İsmayıl Xətai
(1487-1524)
Ərdəbilin
hakimləri,
Səfəvi şeyxləri XV əsrin sonlarında dünyəvi hakimiyyət uğrunda mübarizəyə
qatılırlar. Azərbaycanda və ondan kənarlarda böyük nüfuz sahibi olan Səfəvi
şeyxləri dərin bilikləri, müdrik məsləhətləri və sadə həyat tərzləri ilə seçilirdilər.
XI-II əsrdən başlayaraq şiəliyi qəbul etmiş Səfəvilər o dövrdə Azərbaycanda
hakimiyyətdə olan sülalələrin haqsızlıqlarından danışır, onların aradan qaldırılması
yollarını təklif edirdilər. Səfəvi şeyxlərinin elə böyük nüfuzu olmuşdur ki, XIV
əsrin sonlarında Azərbaycana yürüş etmiş Əmir Teymur onların mülklərinə
toxunmamış, hətta şeyxlə görüşə piyada yollanmışdır. XV əsrdə Ağqoyunlu
dövlətinin banisi Uzun Həsənlə qohumluq əlaqəsi yaradan, onun bütün tədbirlərini
dəstəkləyən Səfəvi şeyxləri Uzun Həsənin ölümündən sonra öz dövlətlərinin
qurulması barəsində fikirləşməyə başlamışlar. Onlar Şirvanı zəbt edib, burada öz
dövlətlərini yaratmaq arzusunu gizlətməmişlər. Lakin təriqətin başçısı Şeyx
Cüneydin, sonra isə onun oğlu Şeyx Heydərin Şirvan yürüşləri məğlubiyyətlə
nəticələnmişdi. Şirvanşahları öz vassalı hesab edən və Şirvanda Səfəvi dövlətinin
qurulmasını istəməyən Ağqoyunlu padşahları şirvanşahlara hərbi yardım
göstərmiş, nəticədə Cüneyd və Heydər öldürülmüşlər. Şeyx Heydər 1488-ci ildə
həlak olanda təriqətin başında onun böyük oğlu Sultanəli dayanır.
87
1487-ci ildə Şeyx Heydərin ailəsində anadan olan oğlana İsmayıl adı
qoyurlar. Onun anası Uzun Həsənin qızı, Şeyx Heydərin arvadı Aləmşah Bəyim
idi.
Şeyx Heydərin ölümündən sonra onun hərəkətlərindən qəzəblənən
Ağqoyunlu Sultan Yaqub 1488-ci ildə kiçikyaşlı İsmayılı anası və qardaşları
Sultanəli və İbrahimlə birlikdə həbs etmək əmrini verir. Sultan Yaqubun
ölümündən sonra hakimiyyətə gələn Rüstəm Mirzənin əmri ilə Şeyx Heydərin
ailəsi 1492-ci ildə həbsdən azad olunur. Rüstəm Mirzə hakimiyyətdə
möhkəmləndikdən sonra Səfəvi şahzadələrini aradan götürməyə çalışır, çünki onun
tərəfdaşı olan Sultanəli böyük nüfuza sahib olmaqdan başqa, istedadlı sərkərdə
kimi də özünü göstərmişdi. Böyük qardaşı Şeyx Sultanəli İsmayılı özünün varisi
təyin edərək Ərdəbilə göndərir, özü isə cüzi qüvvə ilə Rüstəm Mirzənin göndərdiyi
qoşunlarla döyüşə atılaraq həlak olur. Bir müddət Ərdəbildə və Rəştdə gizlədilən
İsmayıl sonralar Lahicanda Gilan hakimi Mirzə Əlinin sarayına aparılır. Vaxtilə
onun atası və böyük qardaşına xidmət etmiş Səfəvi sərkərdələri və üləmaları ona
dərs deməyə başlayırlar. Qısa müddət ərzində hərb işinin xüsusiyyətlərini öyrənən,
silah işlətməkdə məharət göstərən İsmayıl həm də dövrün elmləri ilə məşğul olur,
üstəlik, ona siyasət və beynəlxalq əlaqələrin prinsiplərindən də məlumatlar
verilirdi.
Bu dövrdə Ağqoyunlu dövlətində daxili müharibələr ara vermirdi. Vaxtilə
möhtəşəm Azərbaycan dövləti kimi tanınan Ağqoyunlu dövləti bir sülalənin
nümayəndələrinin bir-birləri ilə apardığı çəkişmələrdən tənəzzül keçirir və 1499-cu
ildə iki hissəyə parçalanır. Onların birinin başında Əlvənd (paytaxtı - Təbriz),
digərinin başında Murad (paytaxtı - İsfahan) dayanırdı. Bu şəraitdə hamının diqqəti
Səfəvilər təriqətinə yönəlmişdi. Hələ Şeyx Heydərin dövründən onlar qırmızı
zolaqlı papaqlar geydiyindən onlara "qızılbaşlar" deyilirdi.
1499-cu ilin avqust ayında Şeyx İsmayıl özünün yaxın tərbiyəçi və
məsləhətçisi olan bir neçə qızılbaş əmiri, həmçinin onların tərəfini saxlayan tayfa
başçıları ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır. Lakin Ərdəbil hakimi
onları qəbul etmir. Qışı Ərcivanda (indiki Azərbaycan Respublikasının Astara
rayonu) keçirən İsmayıl 1500-cü ilin yazında şamlı və rumlu tayfalarından, habelə
Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ,
Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana gəlir. Burada qızılbaş
tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdaş toplayan
İsmayıl 1500-cü ilin axırlarında Şirvana hücum edir və Şirvan qoşunlarını Cabani
döyüşündə məğlub edir. Döyüşdə şirvanşah Fərrux Yasar öldürülür. Qızılbaşlar
1501-ci ilin yazında uzunsürən mühasirədən sonra Bakını tuturlar. Daha sonra
Şamaxı yaxınlığında yerləşən Gülüstan qalasında möhkəmlənmiş Şirvan
qoşunlarının qalıqlarını mühasirəyə alırlar. Lakin Ağqoyunlu Əlvənd Mirzənin
88
hücuma keçdiyini eşidən qızılbaşlar mühasirədən əl çəkərək Naxçıvan
istiqamətində hərəkət edirlər. Şərur düzündə baş vermiş döyüşdə 7 minlik qızılbaş
qoşunu 30 minlik Ağqoyunlu ordusunu məğlubiyyətə uğradır. Bu qələbəni
qazanmağa əsasən döyüşçülərin İsmayıla olan böyük inamı, Səfəvi sərkərdələrinin
bilik və bacarıqları imkan verir.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edir.
Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur.
İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü
ildə Həmədan yaxınlığındakı döyüş qızılbaşların qələbəsi ilə nəticələnir. I Şah
İsmayıl Ağqoyunlu dövlətini ləğv edib, sonrakı illərdə bütün İranı, Xorasanı, İraqı
öz dövlətinə qatır.
Beləliklə, I Şah İsmayılın dövründə Səfəvilər dövləti Yaxın Şərqin ən
qüdrətli dövlətlərindən birinə çevrilir. İsmayıl kənd təsərrüfatını dirçəltmək,
şəhərlərdə sənətkarlıq və ticarəti inkişaf etdirmək, xarici ölkələrlə iqtisadi əlaqələri
genişləndirmək siyasəti yürüdürdü. O, mərkəzi hakimiyyəti möhkəmləndirmək
məqsədi ilə soyurqal torpaq sahibliyini tiyulla əvəz etməyə çalışırdı. Çünki
soyurqal almış feodal onun tam sahibinə çevrilir və separatizmə meyilli olurdu.
Şiəliyi rəsmi dövlət dini mövqeyinə qaldıran İsmayıl geniş ərazidə yaşayan
müxtəlif xalqları vahid ideologiya ətrafında birləşdirməkdə Səfəvi dövlətini
daxildən möhkəmləndirmək məqsədi güdürdü. O, şiəliyi həm də sünni olan
Ağqoyunlulara, Şirvanşahlara, Şeybanilərə və osmanlılara qarşı mübarizə
bayrağına çevirmişdi.
Avropaya gedən ticarət yollarının osmanlılar tərəfindən bağlanması
əvvəllər xarici ticarətdən böyük gəlirlər əldə edən Səfəviləri narahat edirdi.
Tərəflər arasında danışıqlar uğursuz olduğu üçün müharibə ilə nəticələnir. 1514-cü
ildə sultan I Səlimin başçılıq etdiyi osmanlı ordusu ilə Çaldıran düzündə baş
vermiş döyüşdə (Çaldıran vuruşması) qızılbaşlar məğlubiyyətə uğrayır. Osmanlı
imperiyasına qarşı mübarizə aparmaq məqsədi ilə hərbi ittifaq yaratmağa çalışan
İsmayıl Venesiya, Macarıstan, Almaniya, Roma papalığı və s. Avropa ölkələri ilə
diplomatik danışıqlar aparır. Lakin onun səyləri nəticəsiz qalır. Sonrakı illərdə
İsmayıl Şəki hakimliyini, Şirvanşahları, Gürcüstan çarlıqlarını asılı vəziyyətə salır.
I Şah İsmayıl "Xətai" təxəllüsü ilə Azərbaycan, fars, ərəb dillərində şeirlər
yazan görkəmli şair olmuşdur. Əsərlərinin çox hissəsini ana dilində yazmış
İsmayılın yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələ təşkil edir.
O, Azərbaycan və İran ədəbiyyatı klassiklərinin əsərlərindən bəhrələnsə də,
yaradıcılığının təşəkkülü və inkişafında Nəsiminin şeirləri daha əsas rol
oynamışdır. Nəsiminin bir çox şeirlərinə o, nəzirələr yazmışdır.
Xətainin əruz və heca vəznlərində həm klassik, həm də xalq şeirləri
formalarında epik və gözəl lirik əsərləri vardır. 1506-cı ildə yazdığı "Dəhnamə"
89
poeması, daha sonra yazdığı əxlaqi-didaktik və fəlsəfi "Nəsihətnamə" məsnəvisi
anadilli Azərbaycan epik şerinin ilk nümunələrindəndir. "Dəhnamə"də sufilik
görüşlərinin müəyyən təsirinə baxmayaraq şair əsasən insani məhəbbəti vəsf edir.
Onun əsərlərində təbiət gözəllikləri olduqca real təsvir olunub. Təbiəti təsvir edən
şairlər arasında Xətainin əsərləri ən mükəmməlləri hesab olunur. Poemadakı
qəzəllər əsərin lirizmini daha da artırır. Xətainin lirikasında şairin siyasi baxışları,
qəhrəmanlığa, mübarizəyə çağırış, həyat eşqi, gözəllik, mənəvi saflıq, eləcə də
vüsal sevinci, ayrılıq iztirabları tərənnüm olunur. "Nəsihətnamə"də şairin öyüd-
nəsihətləri dərin insanpərvərliyi ilə seçilir.
Xətainin əsərləri poetik dilinin sadəliyi, təbiliyi, orijinal üslubu ilə diqqəti
cəlb edir; bu səbəbdən sadə xalq arasında da geniş yayılmışdır. Azərbaycan ədəbi
dilinin inkişafında Şah İsmayılın mühüm xidmətləri olmuşdur. O, anadilli
poeziyanın inkişafına müstəsna əhəmiyyət vermiş, Azərbaycan dilində yazan
şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdır. Onun hakimiyyəti
dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət
dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik yazışmalarda belə istifadə
olunmuşdur. İsmayılın əsərləri Yaxın Şərqin bir sıra ölkələrində yayılmışdır. Hal-
hazırda İsmayılın əsərlərinin əlyazmaları dünyanın məşhur əlyazma fondları və
kitabxanalarında saxlanılır.
I Şah İsmayıl Xətai 1524-cü ildə Şəkidən qayıdarkən vəfat edib, cənazəsi
gətirilib Ərdəbildə dəfn olunub.
90
I Şah İsmayılın vəfatından sonra Səfəvilər dövləti
parçalanmaq təhlükəsi ilə üzləşdi: I İsmayılın taxta
oturdulmuş qulu – I Təhmasibin cəmi 10 uşağı var idi və
bundan istifadə edən iri feodallar özbaşınalıqlar edir, daxili
münaqişələr yaradır, aralarında apardıqları ədavətlə vətəndaş
müharibəsi üçün zəmin yaradırdılar. Tarixdə hökmdarın
azyaşlı olması ucbatından dağılan dövlətlər çox olmuşdur,
lakin xoşbəxtlikdən Səfəvilər bu aqibət gözləmirdi. Atasının
istedad və bacarığını özündə cəmləşdirən I Təhmasib həddi-
büluğa çatdıqda ölkəni parçalayan qüvvələri məhv etmiş,
mərkəzləşmiş dövlət yaratmış, iqtisadiyyatı bərpa etmiş,
Səfəvilər dövlətini dünya dövlətləri sırasına çxarmışlar.
I Şah Təhmasib Azərbaycan tarixinə mərkəzləşmiş
dövlət yaratmış hökmdar, hərbi islahatlar keçirmiş görkəmli
sərkərdə, iqtisadiyyatı bərpa edən, elm və mədəniyyətin
inkişafına daim diqqət yetirən dövlət başçısı kimi
düşümüşdür.
I Şah Təhmasib
(1513-1576)
Səfəvi hökmdarı I Şah İsmayılın 1513-cü
ildə anadan olan oğlu - I Təhmasib Azərbaycan
tarixinə qızıl səhifələr yazmaqla atasının və
nəslinin şöhrətini daha da artırmışdır. Onun hakimiyyət illəri - 1524 - 1576-cı illər
Səfəvilər dövləti üçün sınaq illəri olmuşdur. Uşaqlığında mükəmməl təhsil almış I
Təhmasib atası kimi böyük sərkərdə və müdrik dövlət başçısı olmaq arzusunda idi.
On yaşında şah elan edilən I Təhmasib hakimiyyət uğrunda mübarizə
aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrilmişdi. Şah tədricən feodal
pərakəndəliyinin ölkə üçün nə qədər təhlükəli olmasını anlayır və mərkəzləşmiş
dövlət qurmaq fikrinə gəlirdi. O, sadiq tərəfdaşlarına arxalanaraq ayrı-ayrı tayfa
başçılarını itaətə gətirir, müqavimət göstərənləri məhv edirdi. İllər keçdikcə daimi
qoşunların gücünə əmirlərin müqavimətini qıran I Təhmasib mərkəzi hakimiyyəti
xeyli möhkəmlədə bildi.
Hakimiyyətə gəldiyi zaman I Təhmasibin qarşısındakı problemlər
sırasında osmanlıların qərbdən, onların müttəfiqi Krım tatarlarının şimaldan,
özbəklərin şərqdən hücumlarının qarşısını almaq, dağılmış iqtisadiyyatı bərpa
etmək, mədəniyyətin inkişafı üçün zəmin yaratmaq dururdu.
Osmanlı dövləti ilə aparılan müharibə göstərmişdi ki, mərkəzləşmiş dövlət
qurmadan və hərbi islahatlar keçirmədən qələbə qazanmaq mümkün deyil. Odur ki
I Təhmasib müstəqil siyasət yürütməyə can atan Şirvanşahlar dövləti və Şəki
hakimliyini ləğv etmək qərarına gəldi. Daxili ixtilaflar Şirvanşahlar dövlətini xeyli
zəiflətmişdi. Bundan istifadə edən I Təhmasib 1538-ci ildə qardaşı Əlqas Mirzənin
91
başçılığı ilə Şirvan üzərinə qoşun göndərdi. Sonuncu şirvanşah Şeyxşah ibn Şahrux
müqavimət göstərsə də, məğlub edildi. Şamaxı şəhəri, sonra isə Şirvanın vacib
strateji məntəqələri, o cümlədən dağ qalaları tutuldu, Şirvanşahlar dövləti ləğv
edildi, onun kitabxanası, xəzinəsi, silah anbarları Təbrizə daşındı. Şirvanşah
Şeyxşah öldürüldükdən sonra Azərbaycanın bu bölgəsi Səfəvi dövlətinin tərkib
hissəsinə çevrildi, Şirvan bəylərbəyiliyi adlandırıldı.
Səfəvilərin Şirvan yürüşü zamanı Şəki hakimi Dərviş Məhəmməd xan
şirvanlılara kömək göstərmişdi. Buna baxmayaraq I Təhmasib bu vilayəti dinc
yolla birləşdirməyə can atırdı. Dərviş Məhəmməd xan I Təhmasibin bacısı Pərixan
xanım ilə evləndikdə münaqişənin dinc yolla həll olunacağına ümid yarandı. Lakin
Pərixan xanımın vəfatından sonra Dərviş Məhəmməd xan I Təhmasiblə bütün
əlaqələri kəsdi. 1551-ci ildə I Təhmasib şəxsən özü böyük qoşunla Şəki üzərinə
yürüşə başladı. Şəki xanı qoşunlarını Kiş qalası, "Gələrsən-görərsən" qalası və
sığınacaqlarda (dağlardakı mağaralarda) yerləşdirərək uzun müddət müdafiə
olunacağına inanırdı. Lakin o, I Təhmasibin qoşunlarında ağır topların olmasından
xəbərdar deyildi. Bu ağır toplar döyüş əməliyyatlarında öz sözünü dedi: bir neçə
atəşlə qala divarlarında böyük dəliklər əmələ gəldi, bu dəliklərdən qızılbaşlar
qalaya hücum etdilər. Şəkililərin bütün müqavimət məntəqələri zəbt edildi, Dərviş
Məhəmməd xan döyüşdə öldürüldü. Bununla da Səfəvi dövləti ərazisində sonuncu
müstəqil feodal qurumu ləğv edildi.
Şirvan və Şəkinin Azərbaycan Səfəvilər dövlətinə tam birləşdirilməsi
Azərbaycan xalqının tarixində müsbət rol oynadı. Azərbaycanın cənub və şimal
hissələri arasında əlaqələr daha da gücləndi.
I Təhmasibin hakimiyyəti illərinə Səfəvi - Osmanlı müharibəsinin ən
qızğın döyüşləri təsadüf edir. Osmanlı sultanı I Süleyman hələ 1534-cü ildə Səfəvi
dövlətindəki hərc-mərclikdən istifadə edərək Azərbaycana hücum etdi. Ağır
döyüşlərlə geri çəkilən Səfəvi qoşunları osmanlıların qarşısını ala bilmədi və onlar
Təbriz də daxil olmaqla bir çox əraziləri talan etdilər. I Təhmasib "yandırılmış
torpaq" taktikasına əl atmalı oldu. Belə ki, geri çəkilən Səfəvi qoşunları əhalini
köçürür, ərzaq və ləvazimatları özü ilə götürür, əkin sahələrini, otlaqları yararsız
hala salır, şəhər və kəndləri dağıdır, su hövzələrini zəhərloyirdi. İrəliləyən osmanlı
qoşunu sanki səhralığa yiyələnir və tutduğu ərazidə möhkəmlənə bilməyib ərazini
tərk etməyə məcbur olurdu. Beləliklə, I Təhmasibin taktikası düşmənə Azərbaycan
torpaqlarında möhkəmlənməyə imkan vermirdi. Belə olduqda Səfəvi dövlətini
daxildən parçalamağa cəhd edən Osmanlı sultanı qiyamçı feodallara kömək edir,
lakin bütün qiyamlar şah tərəfindən qətiyyətlə yatırılırdı. Şahın qoşunları
osmanlıların müttəfiqi olan Krım xanının yürüşlərinin də qarşısını ala bildi.
Döyüşlərin gedişi zamanı hərbi islahat keçirən I Təhmasib təkcə süvari
hissələrini gücləndirmir, həm də 30 min nəfərlik daimi piyada qoşunu tərtib edib,
92
onları top və tüfənglərlə silahlandırırdı. Osmanlıları sülh danışıqlarına başlamağa
vadar etmək üçün I Təhmasib 1552-ci ildə geniş hücum əməliyyatı həyata keçirdi.
Osmanlıların Xilat, Van, Bitlis, Vostan, Muş əraziləri darmadağın edildi. 1554-cü
ildə I Süleyman Naxçıvan istiqamətində hücuma keçəndə olduqca böyük
müqavimətlə üzləşdi və geri çəkilməyə məcbur oldu. Bundan sonra o, danışıqlar
aparmaq təklifini qəbul etdi. 1555-ci il mayın 29-da Səfəvi - Osmanlı
müharibəsinin növbəti mərhələsi Amasya sülh müqaviləsi ilə başa çatdı. Sülhə
görə, Qərbi Gürcüstan və Ermənistan (Van gölü ətrafında coğrafi ərazi)
osmanlıların ixtiyarına keçdi. Bunun müqabilində dövlətin əsas ərazilərini özündə
saxlayan I Təhmasib islahatları davam etdirmək imkanı qazandı.
I Təhmasib Şərqdə baş verən hadisələrə fəal müdaxilə edir, daim ölkəsinin
maraqlarına cavab verən siyasət həyata keçirir. Cənub-şərq qonşusu Böyük Moğol
imperiyasında qanuni hakimiyyət devriləndə və yeni hökmdar Səfəvilərə qarşı
tədbirlər həyata keçirməyə başlayanda I Təhmasib 12 min qızılbaş süvarisini
Hindistana göndərmiş və nəticədə qiyam yatırılmış, qanuni hökmdar Hümayun
yenidən hakimiyyətə qayıtmışdı. Bunun müqabilində Hümayun böyük xəzinə ilə
birlikdə Qəndəhar əyalətini də Səfəvilərə bağışlamışdı. I Təhmasib dövlətin şimal-
şərq sərhədlərində Xorasana daim hücumlar edən özbək qoşunlarını məğlub
etmişdi.
Müharibələr nəticəsində Təbrizin dağıntılara məruz qalması səbəbindən I
Təhmasib 1555-ci ildə paytaxtı Təbrizdən Qəzvinə köçürür.
Amasya müqaviləsindən sonra şah ölkənin iqtisadi həyatını, ticarət və
sənətkarlığı dirçəltmək məqsədi ilə bir sıra islahatlar həyata keçirir. Ən ağır
vergilər ləğv edilir, digərlərinin həcmi azalır, vergi yığımında olan hərc-mərcliyin
qarşısı alınır. 1565-ci ildə tamğa vergisini ləğv etməklə şah sənətkarlıq və ticarətin
inkişafına yaxşı şərait yaradır. O zaman Təbriz, Şamaxı, Dərbənd, Bakı, Ərdəbil,
Ordubad, Ərəş, Culfa mühüm sənətkarlıq-ticarət məntəqələri idi. Azərbaycan ipəyi,
soyuq silahları, zinət əşyaları, parçaları Şərq və Qərb bazarlarında böyük qiymətə
satılırdı. I Təhmasibin hakimiyyəti illərində Azərbaycanda mədəniyyətin inkişafı
üçün şərait yaradılmışdı. Savadlı şəxs olan I Təhmasib özü bədii yaradıcılıq və
xəttatlıqla da məşğul olurdu. Hakimiyyəti illərində qazandığı təcrübəni o, "Şah
Təhmasibin təzkirəsi” adlı əsərində toplamışdı. Bu əsər gələcək nəsillərə öyüd-
nəsihət şəklində yazılıb, hər müddəası konkret tarixi faktlarla təsdiqlənib. Şah daim
elm və mədəniyyət xadimlərini himayə etmiş, zəmanənin on məşhur rəssam, xəttat,
nəqqaş və digər mütəxəssislərini Təbrizdə fəaliyyət göstərən "Şah kitabxanası”na
yığmışdı. Sadıq bəy Əfşar kimi rəssamlar, Aşıq Qurbani kimi aşıqlar, Həsən bəy
Rumlu kimi alimlər və başqaları məhz şah I Təhmasibin qayğısı sayəsində
Azərbaycanda elm və mədəniyyəti inkişaf etdirmişlər.
93
94
Azərbaycan xalqının tarixi yaddaşında
birmənalı qarşılanmayan şəxsiyyətlədən biri I Şah
Abbasdır. O, ölkədə sabitlik yaratmış, islahatlar
həyata keçirmiş, uğurlu hərbi əməliyyatlar
vasitəsilə zəbt edilmiş torpaqları geri qaytarmış,
geniş quruculuq işləri aparmışdır. Bununla belə,
“Böyük sürgün” nəticəsində İranın daxili
rayonlarının iqtisadiyyatını inkişaf etdirməsi
Azərbaycan iqtisadiyyatının zəiflədilməsi hesabına
həyata keçirilmişdir. Qızılbaş əmirlərinə qarşı
aparılmış mübarizə azərbaycanlıların dövlətdə
tutduqları mövqeyə zərbə vurmuşdur. Azərbaycan
Səfəvilər dövlətinin tədricən formalaşmasının
təməlini məhz I Şah Abbas qoymuşdur.
Azərbaycan tarixinə I Şah Abbas görkəmli dövlət
xadimi, islahatçı, istedadlı sərkərdə, Azərbaycan
Səfəvilər dövlətinin qüdrətini pərba edən və
bununla belə, onun formalaşması üçün zəmin
yaradan şəxsiyyət kimi daxil olmuşdur.
I Şah Abbas
(1513-1576)
Azərbaycan Səfəvilər dövləti XVI əsrin sonunda dərin böhran keçirirdi.
Zəif və iradəsiz şah Məhəmməd Xudabəndənin dövründə feodal pərakəndəliyi
güclənmiş, bundan istifadə edən xarici dövlətlər Səfəvi torpaqlarına hücumlar
təşkil etməyə başlamışdılar. Hörmüz limanında möhkəmlənən portuqallar Səfəvi
dövlətinin Qırmızı dəniz, Fars körfəzi və Hind okeanına birbaşa çıxışını
bağlamışdılar. Özbəklər daim Xorasana hücum edir, Səfəvi torpaqlarının şərq
ərazilərini zəbt etməyə çalışırdılar. Ən böyük təhlükəni isə osmanlı orduları
yaratmışlar. Osmanlı qoşunları və onların müttəfiqi olan Krım xanlığının qoşunları
faktik olaraq Təbriz də daxil olmaqla Azərbaycanın əksər ərazilərini zəbt
etmişdilər. Zəbt edilmiş ərazilərdə, ilk növbədə Şimali Azərbaycanda osmanlılar öz
inzibati-ərazi və iqtisadi sistemlərini yaradır, buranı bütövlüklə səfəvilərdən
qoparmaq məqsədi güdürdülər.
İqtisadi gerilik nə müharibə aparmağa, nə də islahatlar keçirməyə imkan
vermirdi. Ayrı-ayrı qızılbaş feodal qruplaşmalarının bir-biriləri ilə toqquşmaları
onsuz da zəif olan ordunu daha da zəiflədirdi. Belə şəraitdə 1587-ci ildə şah
Məhəmməd Xudabəndənin ölüm xəbəri yayıldı. Onun oğlu, igid və bacarıqlı
sərkərdə Həmzə Mirzə hələ atasının sağlığında öldüyündən hakimiyyətə Səfəvi
nəslinin digər qollarından olan nümayəndə gəlməli idi. Belə namizədlər çox idi,
95
lakin sonda ustaclı və şamlı tayfa əmirlərinin dəstəyinə arxalanan və 1587-ci ilədək
Xorasanda yaşayan 16 yaşlı şahzadə Abbas şah elan edildi.
Qızılbaş əyanları ilə keçirilmiş ilk müşavirə göstərdi ki, ölkəni məhv
olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa
edilməlidir. Bunlara nail olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın
tərəqqisinə xüsusi diqqət verilməli idi. Bunun üçün isə feodal pərakəndəliyinə son
qoyulmalı idi. Daxili problemləri həll etmək üçün vaxt qazanılmalı idi və bu vaxtı
qazanmaqçün şah osmanlılarla danışıqlara başladı. 1590-cı ildə tərəflər arasında
imzalanan İstanbul sülhü çox ağır oldu: Cənubi Azərbaycanın Ərdəbil şəhəri
ətrafında olan bir neçə vilayəti istisna olmaqla digər Azərbaycan torpaqları,
həmçinin əvvəllər bütünlüklə Səfəvilərə məxsus Gürcüstan və Ermənistan (Van
gölü ətrafında olan torpaqlar nəzərdə tutulur) osmanlılara verilirdi.
Dövlətin baş vəziri Hatəm bəy Ordubadi ilə birlikdə islahatlar planı
hazırlayan şah onları həyata keçirməyə başladı. Səvəfı əmirlərindən ibarət qoşunlar
düşmənlə müharibədə igidliklər göstərsələr də, ayrı-ayrı feodallara qarşı
mübarizədə zəif iştirak edirdilər, çünki onların bir-birlərinə qohumluqları çatırdı.
Mərkəzi hakimiyyəti gücləndirmək üçün isə itaət göstərməyən feodalların
müqaviməti mütləq qırılmalı idi. Odur ki şahın əmri ilə 15 min nəfərlik qulamlar
korpusu təşkil edildi. Atabəylər dövlətində məmlüklər korpusunun formalaşma
prinsipini əsas götürən şah qızılbaş tayfalarına heç bir aidiyyəti olmayan oğlan
uşaqlarını toplamaq və şaha sədaqət ruhunda tərbiyələndirmək əmri verdi.
Qulamlar şahın qvardiya qoşunu rolunu oynayırdı.
Müasir müharibədə odlu silahların əhəmiyyətini yaxşı dərk edən şah top
hissələri yaratmağa başlayır. Ölkə daxilindəki ustalarını səfərbər edən, Avropa
dövlətləri və Rusiyadan əlavə mütəxəssislər dəvət edən və avadanlıq alan şah qısa
müddət ərzində 500 topu olan güclü topçu hissələri yaratmağa müvəffəq olur.
Bundan başqa, ölkənin əhalisi siyahıya alınır, xüsusi siyahılara əsasən
vilayətlərdən müəyyən sayda döyüşçülər toplanmağa başlanır. Onlar şahın
hesabına təmin və təchiz edilir, tüfənglərlə silahlandırılır. 12 minlik tüfəngçi
korpusuna şahın əmri ilə qızılbaş tayfalarının döyüşçüləri götürülmürdü ki,
tüfəngçiləri də pərakəndəlik yaradan feodallara qarşı mübarizədə istifadə etmək
mümkün olsun.
Bu tədbirlərdən sonra qızılbaş əmirlərinə qarşı amansız mübarizəyə
başlayan şah mərkəzi hakimiyyətə tabe olmayanları məhv edirdi. Beləliklə,
tədricən ikitirəlik, pərakəndəlik yaradan əmirlər aradan götürüldü, onların təmsil
etdiyi tayfalar zəiflədildi. Bundan sonra qızılbaş süvari hissələrində islahatlar
keçirildi. 116 minlik güclü süvari qoşunu yaradıldı, onlardan 44 mini daimi qoşun
siyahılarına salındı. Daimi qoşunların yaradılması o dövr üçün mütərəqqi addım
idi.
96
Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə
imkan verdi. Keçirilmiş maliyyə tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi,
məhsuldar qüvvələr canlandı. I Şah Abbasın rəhbərliyi ilə Səfəvi dövləti tədricən
dirçəldi.
Fəal xarici siyasət yürüdən şah Avropa və Rusiya ilə ticarət əlaqələrindən
başqa, hərbi-siyasi danışıqlar da aparırdı. Almaniya və İspaniya osmanlılara qarşı
başlanacaq müharibədə səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.
1597-ci ildə şah dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən
İsfahana köçürür. Bu isə İranın mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaradır.
İslahatları keçirəndən sonra 1599-cu ildə I Şah Abbas Şərqə yürüş edir.
Özbək Şeybani dövləti ilk döyüşlərdəcə məğlub edilir, Xorasan və ətraf ərazilər
yenidən Səfəvi torpaqlarına qatılır, Orta Asiya və Əfqanıstanın bir çox əraziləri
şahın təsiri altına keçir.
1601-1602-ci illərdə şah portuqallara qarşı əməliyyatlara başlayır.
İngilislərlə danışıqlar apararaq onlardan hərbi gəmilər almış şah həm dənizdən,
həm də qurudan portuqalların əlində olan və Fars körfəzinə çıxışları bağlayan
limanlara hücum edir. Portuqalların burada möhtəşəm istehkam yaratmalarına
baxmayaraq, onların qalaları tutulur, özləri isə bu ərazilərdən qovulurlar. Şah bir
sıra Bəhreyn adalarını da tutmağa müvəffəq olur.
1603-cü ildə I Şah Abbas çoxdan bəri hazırlaşdığı müharibəyə - osmanlı
qoşunlarına qarşı müharibəyə başlayır. 1603 - 1607-ci illər əməliyyatlarında
Azərbaycan bütünlüklə osmanlı qoşunlarından azad edilir. Doğrudur, ölkəyə bu
çox baha başa gəlir. Bir çox şəhərlər viran olur, əkin sahələri, bağlar, suvarma
kanalları məhv edilir. Üstəlik, "yandırılmış torpaq" taktikasından geniş istifadə
edən şah düşmən hərəkət edən ərazilərdə bütün maddi varlıqları məhv edir, su
hövzələrini zəhərləndirir, əhalini isə ölkənin dərinliklərinə, İsfahan ətrafına
köçürür. Köçürmə elə böyük miqyasda aparılır ki, hətta əhali arasında "Böyük
sürgün" adını alır. Osmanlılar bir neçə dəfə itirilmiş torpaqları qaytarmağa cəhd
etsələr də, yenə də məğlub edilir, Səfəvi qoşunları Kərbəla, Nəcəf, Mosul, Kərkük,
Bağdaddan tutmuş Qara dəniz sahillərinə qədər olan əraziləri tuturlar. 1621-ci ildə
Qəndəhara yürüş edən 1 Şah Abbas Əfqanıstanı tutmaqla öz dövlətinin sərhədlərini
Hindistan hüdudlarına çatdırır.
Xalqın yaddaşında keçirdiyi islahatları, uğurlu hərbi əməliyyatları,
köçürmə siyasəti ilə bərabər, I Şah Abbas apardığı geniş quruculuq işləri ilə də
qalmışdır. Onun dövründə müharibədən əziyyət çəkmiş bölgələrin iqtisadiyyatı
qısa müddət ərzində bərpa edilmiş, minlərlə yeni-yeni bina inşa olunmuşdur.
Qeyd etmək lazımdır ki, I Şah Abbasın fəaliyyətinin müsbət tərəfləri ilə
bərabər, mənfi tərəfləri də var idi. Belə ki, "Böyük sürgün" nəticəsində
Azərbaycandan İsfahana köçürülmüş minlərlə usta və sənətkar ailəsinə müharibə
97
qurtarandan sonra vətənlərinə qayıtmaq icazəsi verilməmişdi. İranın daxili
rayonlarının iqtisadiyyatının inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının
zəiflədilməsi hesabına həyata keçirilmişdi. Üstəlik, qızılbaş əmirlərinə qarşı
aparılmış mübarizə dövlətçilik baxımından labüd addım olsa da, azərbaycanlıların
dövlətdə tutduqları mövqeyə zərbə vurulmuşdu. Məlum olduğu kimi, qızılbaş
əmirlərinin əksəriyyətini məhz azərbaycanlılar təşkil edirdi. Yeni qoşun növlərində
azərbaycanlıların sayının az olması, vəzifələrə məhz qızılbaşlara heç bir aidiyyəti
olmayan şəxslərin təyin edilməsi son nəticədə dövlətin farslaşmasına gətirib
çıxarmışdı. I Şah Abbas 1629-cu ildə vəfat etmişdir.
98
Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatının ən
nəhəng simalarından biridir. Füzuli şeiri dünya
poeziyasının nadir incilərindəndir. Məhəmməd
Füzuli sənəti əlçatmaq zirvədir. Onun yaradıcılığı
yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumən
Azərbaycan incəsənitinin inkişafına güclü təsir
göstərmişdir. Füzuli Azərbaycan bədii-ədəbi dilinin
yaradıcılarındandır. O, Nəsimidən sonra ana dilində
yaranmış şeirin ən gözəl nümunələri olan əsərləri ilə
Azərbaycan bədii dilini yeni yüksək səviyyəyə
qaldırmış, türdilli xalqlar poeziyasına qüvvətli təsir
göstərmiş, ədəbi məktəb yaratmışlar.
Məhəmməd Füzuli Azərbaycan tarixinə görkəmli şair,
mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi-bədii dilinin
yaradıcılarından biri kimi ədəbi həkk olunmuşdur.
Dostları ilə paylaş: |