SƏbuhi ƏHMƏdov



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə7/34
tarix21.04.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   34

Səfiəddin Urməvi 
(1216-1294) 
Səfiəddin  Əbdülmömin  ibn  Yusif  Urməvi  1216-cı  ildə  Azərbaycanın 
qədim mədəniyyət mərkəzi Urmiya şəhərində anadan olmuşdur. O dövrdə bu şəhər 
Azərbaycan  Atabəyləri  dövlətinin  tərkibində  idi.  Elm  və  mədəniyyətin  inkişafına 
daim diqqət yetirən dövlət başçılarının səyləri nəticəsində şəhərdə çoxlu məktəb və 
mədrəsə fəaliyyət göstərirdi. 
İlkin  təhsilini  Urmiyada  alan  Səfiəddin  burada  da  mədrəsəyə  gedir  və 
mədrəsədə  oxuduğu  dövrdə  musiqinin  əsasları  ilə  tanış  olur.  Burada  o,  bir  neçə 
musiqi alətində çalmağı öyrənir. Lakin onun ən çox sevdiyi alət ud idi. Urmiyada 
mədrəsədə təhsilini bitirdikdən sonra Urməvi Bağdada köçərək bu şəhərdə təhsilini 
davam  etdirmək  qərarına  gəlir.  O  dövrdə  bütün  Yaxın  və  Orta  Şərqin  elm  və 
mədəniyyət  mərkəzi  sayılan  Bağdad  şəhərində  müsəlman  dünyasının  ən  görkəmli 
şəxsiyyətləri fəaliyyət göstərir və buranın mədrəsələri ən yüksəksəviyyəli mədrəsə-
universitet hesab olunurdu. 
Bağdada  gələn  Səfiəddin  dövrün  ən  məşhur  universiteti  sayılan 
Müstənsəriyyə universitetində təhsilini davam etdirir. Burada oxumaqla bərabər, o, 
xəttatlıqla da məşğul olur. Qısa müddət ərzində mahir xəttat kimi tanınan Səfiəddin 
müsəlman  dünyasının  mənəvi  lideri,  Bağdad  xilafətinin  dövlət  başçısı  xəlifə  əl-
Müstəsimin  saray  katibliyinə  dəvət  alır  və  burada  çalışmağa  başlayır.  Əmək 

64 
 
fəaliyyətinə  katib  kimi  başlayan  Səfiəddin  özünü  təkcə  mahir  xəttat  kimi  deyil, 
həm  də  olduqca  təmiz  və  ürəyiaçıq  insan  kimi  göstərir.  Katiblikdə  pillə-pillə 
yüksələn Səfiəddin əvvəlcə dövlətin baş xəttatı, sonra isə saray kitabxanasının rəisi 
vəzifəsinə təyin edilir. Bu, olduqca məsuliyyətli bir vəzifə idi, çünki kitabxana rəisi 
katiblərin,  xəttatların  fəaliyyətinə  nəzarət  etməli,  üstəlik,  aydınlıq  tələb  edilən 
məsələlərə  dair  dövlət  rəhbərinə  qısa  və  eyni  zamanda  ətraflı  rəy  vermək  üçün 
kifayət qədər bilikli olmalı idi. Saray işləri ilə bərabər, o, musiqi ilə məşğuliyyətini 
davam etdirirdi. İmkan düşdükcə udda məşq edən Səfiəddin təkcə yaxın dostlarına 
sirrini  açmışdı.  Dostlarından  biri,  Bağdadın  məşhur  xanəndəsi  Lizax  xan  məşqlər 
zamanı    öz  mahnılarını    Səfiəddin  Urməvinin  müşayiəti  ilə  oxuyurdu.  Onun 
sarayda  çıxış  etmək  təklifini  Səfiəddin  qəbul  etmir  və  özünün  peşəkar  musiqiçi 
olmadığını  bildirirdi.  Bununla  bərabər,  Səfiəddin  bir  neçə  məşhur  şeirə  mahnı 
bəstələmişdi  ki,  onları  da  Lizax  xan  məmnuniyyətlə  ifa  edirdi.  Xəlifə  qarşısında 
çıxışlarının  birində  o,  gözlənilmədən  Səfiəddinin  mahnılarından  birini  oxuyur. 
Xəlifə təəccüblə bu gözəl musiqini heç vaxt eşitmədiyini bildirir və onun müəllifi 
ilə  maraqlandıqda  xanəndə  Səfiəddini  göstərir.  Bundan  sonra  xəlifə  Səfiəddinin 
daim saray konsertlərində çıxış etməsini xahiş edir. 
Əksər  tədbirlərdə  ud  ifaçısı  kimi  çıxış  edən  Səfiəddin  Urməvinin  ud 
çalmaq  qabiliyyətindən  Bağdadda  rəvayətlər  danışılırdı.  Rəvayətlərin  birinə  görə, 
40  gün  susuz  qalmış  dəvə  su  hovuzundan  su  içməyə  başlayanda  Səfiəddinin  ud 
çaldığını eşitmiş və su içməyini dayandırmışdır. Hər dəfə musiqi dayananda dəvə 
su içir, musiqi səslənəndə isə diqqətlə qulaq asırdı. Musiqi bitəndən sonra dəvənin 
gözləri yaşarmışdır. Digər bir rəvayətə görə, bir dəfə bağda Səfiəddin şagirdlərinə 
ud çalmağı öyrədəndə budaqların birinə bülbül qonur və başlayır ud ifasına qulaq 
asmağa. İfa  o dərəcədə onun  xoşuna  gəlir  ki, bülbül qonur Səfiəddinin  yanına  və 
onun müşayiəti ilə öz quş dilində mahnısını ifa edir. 
Çoxsaylı  tələbələri  olan  Səfiəddin  qısa  müddət  ərzində  kamil  müəllim 
kimi  məşhurlaşır.  Dövrün  bir  çox  musiqişünasları  onun  tələbələri  olmuşlar.  XIII 
əsrin  sonu  -  XIV  əsrin  əvvəllərində  fəaliyyət  göstərmiş  görkəmli  Azərbaycan 
musiqişünası Əbdulqədir Marağayi özünün "Maqasidul-Alxan" əsərində yazırdı ki, 
ondan  başqa  Səfiəddin  Urməvinin  tələbələri  arasında  məşhur  musiqiçilər 
Şəmsəddin  Suxravərdi,  Əli  Sitan,  Həsən  Zəfər,  Xisaməddin  Qutluq  Buğa  və 
başqaları vardır. 
Səfiəddin  Urməvi  iki  yeni  musiqi  aləti  icad  etmişdi  ki,  onlar  da  udun 
təkmilləşdirilmiş  variantları  idi.  "Muzxa"  musiqi  aləti  tetraqonal  formada  söyüd 
ağacından düzəldilmiş gövdə və üzərinə taxılmış 81 simdən ibarət idi. Sırf muğam 
ifaları  üçün  nəzərdə  tutulmuş  "Muğani"  musiqi  aləti  müasir  rübaba  bənzəyirdi, 
lakin onun gövdəsi böyük idi, özü də şaftalı ağacından düzəldilməli idi. Alətin 33 
simi var idi. 

65 
 
Səfiəddin  Urməvinin  ən  böyük  elmi  işi  1252-ci  ildə  tamamladığı  "Kitab 
əl-ədvar"  adlanan  musiqi  traktatıdır.  Ərəb  dilində  yazılmış  kitab  15  fəsildən 
ibarətdir.  Musiqi  nəzəriyyəsi  problemlərinin  işıqlandırılmasına  həsr  olunmuş  əsər 
Şərqdə  musiqi  aləmində  əsl  inqilaba  səbəb  oldu.  Tədqiqatçı  alim  Henri  Corc 
Farmerin fikrincə, Şərq musiqisinin sistemini məhz Səfiəddin Urməvi və məhz bu 
əsərində  yaradıb.  XIX  əsrin  ortalarınadək  bütün  ərəb,  fars,  türk  dünyasının 
musiqişünas müəllifləri onun davamçıları olaraq Urməvinin yaratdığı sistemi tətbiq 
edirdilər.  Kitab  dəfələrlə  köçürüldüyündən  onun  nüsxələrinə  dünyanın  bütün 
yerlərində rast gəlmək olar. Ən zəngin tərtib edilmiş əlyazmaları London, İstanbul, 
Sankt-Peterburq və Nyu-Yorkun muzey və kitabxanalarında saxlanılır. 
Kitabın birinci  fəsillərində  müəllif Şərq musiqisinin qanunlarından xəbər 
verir, qısa tarixçəsini açıqlayır. Kitabın 9-cu fəslində Səfiəddin Urməvi muğamlar 
barəsində müfəssəl məlumat verir. O, 12 muğamın adını çəkir və onları təsvir edir. 
Bunların  sırasında  "Üşşaq",  "Nəva",  "Əbu  Saliq"  (Busaliq),  "Rast",  "İraqi", 
"İsfahani",  "Zirefkənd",  "Bozorg",  "Zəngulə",  "Rəhvi",  "Hüseyni",  "Hicaz" 
muğamları xüsusi qeyd olunur. Əsərin 11 və 12-ci fəsilləri uda həsr olunub. 
Əsərin 15-ci  fəsli  musiqinin  notlar vasitəsilə  yazılmasına  həsr olunub və 
kitabın  ən  vacib  və  orijinal  fəslidir.  Səfiəddin  Urməvi  Şərq  musiqisinin,  ilk 
növbədə  muğamların  xüsusiyyətlərini  nəzərə  alaraq  hərf-rəqəm  notlar  sistemini 
təklif  etmişdir.  Əbcəd  ərəb  hərfləri  sisteminin  tətbiq  edilməsi  musiqinin  səsinin 
yüksəkliyini və  uzunluğunu göstərir. Bu məqsədlə həmçinin müəyyən işarələrdən 
də istifadə edilir. 
Müasir Qərb musiqi yazılış sistemi 1,5 tondan aşağı olan səsləri yazmağa 
imkan  vermir  və  muğamın  açıq  duyulmayan,  "gizli"  səslərini  ifa  etməyə  imkan 
vermir.  Urməvinin  sistemi  isə  buna  imkan  verirdi  və  məhz  buna  görə  XIX  əsrin 
sonunadək  tətbiq  edilirdi.    Sonralar  Şərq  musiqişünaslarının  Qərb  üslublu  musiqi 
məktəblərində  təhsil  alması  Urməvinin  sisteminin  unudulmasına  gətirib  çıxardı. 
Tədqiqatçıların  fikrincə,  Qərb  not  sistemi  ilə  yazılmış  muğam  Urməvinin  sistemi 
ilə  yazılmış  muğamdan  ayrı  cür  səslənir.  1258-ci  ildə  monqol  sərkərdəsi  Hülakü 
xanın türk-monqol ordusu Bağdadı ağır döyüşdən sonra tutur, əsir düşən xəlifə və 
onun  ailə  üzvləri  edam  olunur.  Şəhər  məhəllə-məhəllə  talan  edilir.  Səfiəddin 
Urməvinin  yaşadığı  məhəllə  monqol  qoşunları  tərəfindən  mühasirəyə  alınanda  o, 
məhəllənin ağsaqqalı kimi monqol dəstəsinin qarşısına çıxır, onların dəstə başçısını 
evinə dəvət edərək sadə əhalinin günahsız olduğunu sübut etməyə çalışır. Monqol 
dəstə  başçısı  müvafiq  əmr  aldığından  dəstəsini  çəkə  bilməyəcəyini  bildirir  və 
Səfiəddin  Urməvini  saraya  aparır.  Hülakü  xana  məsələni  danışan  musiqişünas 
məhəllənin  əhalisinin  qırğından  qurtarmasına  nail  olur.  Xana  onun  mahir 
musiqişünas olması barədə məlumat verirlər və Urməvi yenidən saraya aparılaraq 

66 
 
Hülakü  xan  üçün  udda  çalır.  Ziya  adlı  xanəndəni  müşayiət  edir.  Musiqişünas 
Hülakünün sarayına qəbul edilir. 
Hülakü  xanın  vəziri,  məşhur  tarixçi  Əlaəddin  Cuveyninin  qardaşı 
Şəmsəddin  Cuveyni  Səfiəddin  Urməviyə  himayədarlıq  etmişdir.  Musiqişünas 
Şəmsəddinin  iki  oğluna  musiqi  təhsili  vermişdir.  Hər  iki  şagirdi  məşhur 
musiqişünas  olmuşdur:  böyük  qardaş  Şərəfəddinin  "Risalitsa  Şərəfi"  musiqi 
nəzəriyyəsi əsəri sonralar bütün Şərqdə yayılmışdır. 
Lakin  Cüveynilər  Bağdadı  tərk  edəndə  himayəsiz  qalan  musiqişünas 
fəzilət  içində  yaşayır  və  1294-cü  ildə  borclular  üçün  həbsxanaya  atılaraq  orada 
vəfat edir. 
 
 
 
 
 

67 
 
Şərq  təbabəti  mərkəzlərindən  biri  olan 
Azərbaycan həmişə həkimləri, loğmanları ilə tanınırdı. 
Orta    əsr    Azərbaycan  həkimləri  arasında  ən  məşhuru  
Mahmud  ibn  İlyas  Şirvanidir.    Təbabət    elminin 
naliyyətlərini  “Təbabət  haqqında    elmi  kitab”  adlı 
əsərində sistemləşdirən müəllif dünyada ilk dəfə olaraq 
tibb 
komplekslərinin 
inkişafını  təklif  etmişdir. 
Hülakülər  (Elxanilər)  dövlətinin  tibb  xidməti  rəisi 
vəzifəsini  icra    etməsi  və  dövlətin  vəziri  Rəşiddədinin 
dəstəyi  ona    bu  təklifini  həyata    keçirməyə  imkan 
vermişdir.  Qərbi və Şərqi Avropada, Afrikada, Cənubi 
və  Cənub  Şərqi  Asiyada    mütəmadi  olaraq    başlayan 
epidemiyalar  yüz    minlərlə  insanın  həyatına  son 
qoyduğu  bir  dövrdə  Hülakülər  (Elxanilər)    dövlətinin 
ərazsinə daxil olan  Yaxın və Orta  Şərqində bir  dəfə 
də  olsun  epidemiya    qeydə  almamışdır.  Bunun  səbəbi 
dövlətdə  tibb  xidmətinin  qurulması  ilə  bağlıdır.  
Rəşidəddin  Mahmud  Şirvanini  “dövrün  Əflatunu 
(Platonu) 
və 
əsrimizin 
Ərəstunu 
(Asitoteli)” 
adlandırırdı. 
Azərbaycan    tarixinə  Mahmud  ibn  İlyas 
məşhur  həkim,  tibb  sisteminin  yaradıcısı  olan  
təşkilatçı, nəzəriyyəçi alim kimi daxil olmuşdur.  
 
 
 
       Mahmun Şirvani 
(XIII əsrin II yarısı - XIV əsrin əvvəlləri) 
Nisbətən  sabit  ərazi  olan  Şirvanda  iri  təhsil  ocaqlarının  mövcud  olması, 
monqol  yürüşlərindən qaçan yüzlərcə  alimin bu  mərkəzlərdə  fəaliyyət göstərməsi 
burada təhsil alanların dərin biliklərə sahib olmasına imkan yaratmışdır. 
1260-cı ildə Mahmud ibn İlyas "Təbabət haqqında elmi kitab" şərti adı ilə 
tanınan  böyük  elmi  əsər  yazmışdır.  Bilmədiyini  öyrənməyi  eyib  saymayan 
Mahmud Şirvani hər səyahətdən çoxlu sayda  kitab və  qeydlərlə  qayıdarmış. Belə 
səyahətlərinin biri haqqında o yazırdı: "Mən çox şeyi gördüm, çox şeyi duydum". 
Çox vaxt vətəni Azərbaycandan və onun tərkib hissəsi olan Şirvandan ayrı düşən 
Mahmud  Şirvani  qeydlərin  birində  təsadüfən  yolda  Kafiəddin  Şirvani  adlı 
həmyerlisi  ilə  görüşünü  xatırlayır,  onunla  "doğma  torpağın  xatirələrini 
vərəqləməyin necə sevindirici olmasını" yazır. Digər bir qeydində isə o yazır: "Bu 
dövrdə Şirazda olsam da, vətənim Şirvanı düşünürəm". 

68 
 
Mahmud  ibn  İlyas  Şirvaninin  əsəri  4  hissədən  ibarətdir:  nəzəri  təbabət, 
təcrübi təbabət, ümumi təbabət, kompleks təbabət. Əsərin girişində o qeyd edir ki, 
digər  tibbi  əsərlərdən  fərqli  olaraq  onun  əsərində  xəstəliklər  təsvir  edilmir,  onun 
məqsədi  tibbi  bilikləri  sistemləşdirmək,  nəzəri  və  təcrübi  xüsusiyyətləri 
öyrənməkdən ibarətdir. "Təbabətin köməyi ilə  biz  insan orqanizminin vəziyyətini 
öyrənir,  diaqnozu  müəyyən  edirik,  həmçinin  bu  elmin  köməyi  ilə  orqanizmin 
xəstəlik nəticəsində itirdiyi maddələri bərpa edir və bu yolla sağlamlığı qaytarırıq". 
Müəllifin  fikrincə,  "nəzəri  təbabət  təbii  və  qeyri-təbii  olanları  hərəkətdə 
öyrənir, onların səbəb və  dövranlarını  müəyyən edir". O, xəstəliklərin səbəblərini 
çox  soyuq  və  ya  çox  isti  iqlimdə,  çirkli  və  tüstülü  mühitdə,  nə  ilə  isə 
zəhərlənməkdə,  həddindən  artıq  işləməkdə,  tənbəllikdə  və  boş-boşuna  vaxt 
keçirməkdə, yemək və içməkdə hüdud bilməməkdə və s.-də görürdü. 
Mahmud  ibn  İlyas  bildirirdi  ki,  "təcrübi  təbabət  faydalı  olanların  necə 
tətbiq  edilməsini,  zərərli  olanların  necə  çıxarılmasını,  sağlamlığın  necə 
qorunmasını,  müxtəlif xəstəliklərdən necə  qurtulmağı" öyrənir. Onun təklif etdiyi 
və  uğurla  həyata  keçirdiyi  xəstəliklərin  diaqnozunun  düzgün  müəyyənləşdirilməsi 
texnikası  əslində  ona  qədər  tətbiq  olunan  bir  neçə  metodikanı  özündə 
birləşdirmişdir.  Xəstə  xaricdən  yoxlanılmalı,  onun  nəbzi  və  hərarəti  müəyyən 
edilməli,  gözlərinin,  dilinin  vəziyyəti,  hərəkət  etmək  qabiliyyəti  və  s. 
yoxlanılmalıdır.  Müəllif  müxtəlif  növ  nəbzlərin  təsvirini  vermiş,  onların  hansı 
xəstəliklərin  əlaməti  olmasını  vurğulamış,  nəbz  formalarını  sistemləşdirmişdir. 
Kitabın  3-cü  fəsli  tibbi-izahlı  lüğətdən  ibarətdir,  4-cü  hissədə  tibb  sisteminin 
qurulması prinsipləri öz əksini tapıb. 
Mahmud  Şirvani  İbn  Sinanın  təklif  etdiyi  tibbi  ocaqlar  ideyasını 
dəstəkləmişdir.  Belə  ki,  İbn  Sina  tibb  ocağında  həkimləri  və  tibbi  kitabxanaları 
cəmləşdirməyi  təklif  etmişdir.  Mahmud  ibn  İlyas  bu  ideyanı  davam  etdirmiş  və 
tibb ocağında hospitallar, tibbi kitabxanalarla bərabər, tibbi ləvazimat istehsal edən 
emalatxanalar,  tibb  universiteti,  dərmanlar  hazırlayan  əczaxanaları  cəmləşdirməyi 
təklif etmişdir. 
Hülakülərin  saray  həkimi  təyin  edilən  təbib  qısa  müddət  ərzində  dövlət 
başçısı  Qazan  xanın  və  onun  vəziri,  əvvəllər  həkim  olan  Fəzlullah  Rəşidəddinin 
etimadını qazanmış və dövlətin tibb xidməti rəisi təyin edilmişdir. 
Mahmud  ibn  İlyas  Şirvaninin  təklifı  ilə  ölkədə  "Dar  üş-şəfa"  ("Şəfa 
evləri")  adlanan  tibbi  ocaqlar  yaradılmağa  başlanmışdır.  Birinci  və  eyni  zamanda 
ən  böyük  belə  tibb  ocağı  Təbrizdə  açılmış  və  qısa  müddət  ərzində  elmi-təcrübi 
mərkəzə  çevrilmişdir.  Bütün  Şərqdən  bura  ən  məşhur  alim  və  həkimlər  dəvət 
edilmiş  və  Təbrizin  tərkib  hissəsi  olan  "Rəbi  Rəşidiyyə"  qəsəbəsində 
yerləşdirilmişlər. 500-dən artıq alim və həkim burada dövlət hesabına yaşayış yeri, 
ərzaq, paltarla təmin edilirdi. Müalicə ilə bağlı xərclər, hər xəstənin sağaldılmasına 

69 
 
görə  həkimə  verilən  pul  mükafatı,  yeni  elmi  əsərlərə  görə  qonorarlar  dövlət 
hesabına  verilirdi.  Rəbi  Rəşidiyyədə  məscidlər,  xəstəxana  və  hospitallar, 
rəsədxana, kağız və tibbi ləvazimat istehsalı üzrə emalatxanalar, karvansaralar inşa 
edilmişdi.  Kitabxanada  600  mindən  atıq  nadir  kitab  toplanmışdı.  Tibbi  kadrların 
hazırlanması məqsədi ilə burada 6000 tələbənin təhsil aldığı universitet açılmışdı. 
Tələbələr  "hücrə"lər  adlanan  yataqxana  kompleksində  yaşayır,  onların  da  xərcləri 
dövlətin  hesabına  ödənilirdi.  Hospital  və  xəstəxanalarda  qəbul  otaqları,  müalicə 
otaqları,  əməliyyat  otaqları,  meyitxana  təşkil  edilmişdi.  Dünyada  ilk  dəfə  olaraq 
hospitallarda  ventilyasiya  sistemi  qurulmuş,  təmizliyə  riayət  olunması  üçün 
kompleks  tədbirlər  həyata  keçirilmişdi.  Hospital  binası  yaxınlığında  həkimlərin 
istirahət  otaqları,  mühazirə  otaqları  və  əczaxana  açılmışdı.  Əczaxana  nəzdində 
böyük bağ var idi ki, burada tibbi bitkilər becərilirdi. Bütün tibbi kompleksin idarə 
edilməsi bilavasitə Mahmud ibn İlyas Şirvaniyə tapşırılmışdı. 
Mahmud  Şirvani  öz  əsərində  hər  bir  tibbi  peşə  sahibinin  göstərdiyi 
köməkliyə  görə  hansı  məbləğlə  qiymətləndirildiyini  qeyd  etmişdir.  Həmçinin 
xəstəxana  xərclərinin  adları  və  miqdarı  da  göstərilmişdir.  Belə  ki,  xəstəxanaya 
dövlət tərəfindən pul aşağıdakı maddələrlə ayrılırdı: işçilərin məvacibi, tələbələrin 
müavinətləri, tibbi avadanlığın alınması, qeyri-tibbi avadanlığın alınması, xəstələr 
üçün  həblər,  dərmanlar  hazırlanması  üçün,  gündəlik  düyü,  ciyər  yeməkləri 
hazırlanması üçün, dini ayinlərin icra edilməsi, kəfənlərin alınması üçün vəsait. 
Təbriz  "Dar  üş-Şəfa"sı  əsasında  dövlətin  müxtəlif  yerlərində  67  eynitipli 
tibb ocağı açılmışdı. Maraqlıdır ki, tibb ocaqlarının birinin nəzdində təkcə müalicə 
vasitələri  ilə  deyil,  təbiət  təsiri  ilə  müalicə  də  nəzərdə  tutulurdu.  Ətraf  mühitdən 
divarlarla  ayrılan,  böyük  bağlarla  əhatələnən  bu  tibb  ocağına  "Baği  Rəşidabad" 
("Rəşidabadın bağları") deyilsə də, xalq arasında ona "Kuçe  mualicun" ("Müalicə 
həbsxanası")  deyilirdi.  Ən  böyük  əczaxana  "Fəthabad"  əczaxanası  idi  ki,  burada 
olan bağlarda dünyanın on nadir bitkiləri becərilir, onlardan hazırlanan dərmanlar 
ölkə əczaxanalarına göndərilirdi. 
Qərbi  və  Şərqi  Avropada,  Afrikada,  Cənub  və  Cənub-Şərqi  Asiyada 
mütəmadi olaraq başlayan epidemiyalar yüz minlərlə insanın həyatına son qoyduğu 
bir dövrdə Hülakülər (Elxanilər) dövlətinin ərazisində bir dəfə də olsun epidemiya 
qeydə  alınmamışdı  və  bunun  səbəbi  dövlətdə  tibb  xidmətinin  yaxşı  səviyyədə 
qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, Fəzlullah Rəşidəddin Mahmud Şirvanini 
"dövrün Əflatunu (Platonu) və əsrimizin Ərəstunu (Aristoteli)" adlandırırdı. 
 
 
 
 
 

70 
 
Yaradıcılığa    lirik  şeirlərlə  başlayan  
İmadəddin  Nəsimi  sonralar    daha    çox  fəlsəfi  şeirlər 
yazmış, hətta fəlsəfi və siyasi fikirlərini belə insanlara 
bədii  söz  vasitələri  ilə  çatdırmışdır.  Onun  ilk 
şeirlərində  məhəbbət,  insan  gözəlliyinin  tərrənümü 
əsas  yer  tutmuşdur.  Tədricən  püxtələşən  şair  
əsərlərində  siyasi,  ictimai,  əxlaqi    mövzulara  daha 
geniş  yer  verməyə  başlayır.  Nəsiminin  bədii 
yaradıcılığı Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin 
təkmilləşməsində  mühüm  rol  oynamışdır.  Nəsiminin 
qəzəlləri, rübailəri, tüyuğları orijinal və orijinal olduğu 
qədər  də qiymətlidir. 
 Nəsiminin  şeirləri  hələ  sağlığında    bütün 
Yaxın  Şərqdə,  İraqda,  Kiçik  Asiyada,  Suriyada,  Orta 
Asiyada, hətta Uzaq Şərqdə yaşayan uyğurlar arasında  
çox  populyar  olmuşdur. 
Azərbaycan  tarixinə  İmadəddin  Nəsimi  ana  dilində 
yazılmış  ilk  fəlsəfi  qəzəlin  müəllifi  kimi  daxil 
olmuşdur.    İlk  müstəzad,  mürəbbe  və  tərcibəndlər 
yazan şair də məhz odur. 
İmadəddin Nəsimi  
(1369-1417) 
İmadəddin 
Nəsimi  (əsl  adı  Seyid  Əli)  1369-cu  ildə  Şamaxı  şəhərində  anadan  olmuşdur.  O 
zaman  Şamaxı  şəhəri  Şirvanşahlar  dövlətinin  paytaxtı  idi.  Cəlairilər  monqol 
dövlətinin vassalı olan Şirvanşahlar dövləti Yaxın və Orta Şərq ərazilərini özündə 
cəmləşdirən bu dövlətə böyük məbləğdə vergi ödəyirdi. Tam müstəqilliyə can atan 
Şirvanşahlar  müharibələrdən  çəkinir  və  hər  vasitə  ilə  ölkənin  iqtisadi  və  mədəni 
qüdrətini  artırırdılar.  Nəticədə  XIII  -  XIV  əsrlərin  təlatümlü  hadisələrinə 
baxmayaraq Şirvan ərazisi öz sabitliyi ilə seçilir, buranın təhsil və elm ocaqlarında 
Şərqin ən məşhur elm xadimləri fəaliyyət göstərirdilər. 
İlk təhsilini Şamaxıda alan Seyid Əli elmi biliklərə can atmış, islam tarixi, 
şəriət, məntiq, astronomiyanı öyrənmişdir. Biliyi ilə həmyaşıdları arasında seçilən 
Seyid Əli məktəb və mədrəsə proqramlarının tələb etdiyindən daha çox oxuyur və 
şeirlər  yazırdı.  İslami  biliklərə  dərindən  yiyələndiyinə  görə  ona  İmadəddin,  yəni 
"Dinin dayağı" ləqəbini vermişdilər. 
Gənclik  illərində  İmadəddin  islamın  sufi  cərəyanına  güclü  meyl  etmiş 
məşhur  sufi  şeyxi  Hüseyn  ibn  Mənsur  Həllacın  fəlsəfi  fikirləri  ilə  yaxından 
maraqlanmışdır.  X  əsr  mütəfəkkiri  Mənsur  Həllac  islamın  sufi  cərəyanının  təbliğ 
etdiyi  ümumi  bərabərlik  haqqında  fikirlərinə  görə  Bağdadda  edam  olunmuşdur. 

71 
 
İmadəddin  onu  özünə  bir  ideal  kimi  seçmiş  və  hətta  onun  elə  pərəstişkarlarından 
olmuşdur ki, şeirlərini belə "Hüseyni" təxəllüsü ilə yazırdı. 
Lakin  yetkinləşdikcə  İmadəddini  Mənsur  Həllacın  fəlsəfəsi  artıq  qane 
etmir, bir çox suallara onun təlimində cavab tapa bilmirdi. Həyat isə ortaya  yeni-
yeni  suallar  qoyurdu.  XIV  əsrin  sonlarında  Azərbaycana  türk  dünyasının  məşhur 
sərkərdəsi Əmir Teymur qoşun çəkmişdir. Əksər Azərbaycan əraziləri müqavimət 
göstərmiş və qəhrəmanlıqla müdafiə olunmalarına baxmayaraq viran qoyulmuşdur. 
Naxçıvanda  yerləşən  Əlincə  qalası  igidlik  və  rəşadət  nümunələri  göstərərək 
Teymurun  qoşunlarına  qarşı  14  il  vuruşmuşdur.  Azərbaycanın  əksər  ərazilərinin 
dağıdıldığını  görən  şirvanşah  I  İbrahim  ölkəsini  belə  dağıntılardan  xilas  etməyə 
çalışmış və  Əmir Teymurdan vassal  asılılığını qəbul etmişdir. Onun şəxsi nüfuzu 
sayəsində  Əmir  Teymur  vergilərin  miqdarını  tamam  azaltmış,  I  İbrahim  onun 
müttəfiqinə  çevrilmişdir.  Bu  zaman  bütün  Azərbaycandan  elm  və  mədəniyyət 
adamları  Şirvana  axışmağa  başlayırlar.  Azərbaycanda  hürufilik  cərəyanı  da  məhz 
bu zaman yayılır. Belə ki, hürufiliyin banisi Fəzlullah Nəiminin özü Şirvana gəlir 
və fikirlərini burada təbliğ etməyə başlayır. 
Hürufilik  təliminin  əsas  ideyaları  Nəiminin  beş  kitabında  - 
"Cavidannamə", 
"Məhəbbətnamə", 
"Növmnamə", 
"İsgəndərnamə" 
və 
"Vəsiyyətnamə"də öz əksini tapmışdır. 
Hürufilər maddi və ilahi aləmi - Allahı, insanı və bütün varlıqları vəhdətdə 
götürür  və  kamil  insanı  yüksək  dəyərləndirirdilər.  Onlar  hər  şeydə  Allahın 
əlamətini  görür  və  hesab  edirdilər  ki,  bütün  varlıqların  yeganə  səbəbkarı  Allahın 
kəlamı  olan  "Quran"dır.  "Quran"  isə  hərflərdən  ibarət  olduğu  üçün  bu  fikirləri 
qəbul  edənlər  özlərini  hürufi  (hüruf  -  "hərf”  sözünün  cəmi)  adlandırırdılar. 
Hürufilərə  görə,  insanda  Allahın  əlamətləri  -  "Quran"ın  nişanələri  vardır. 
Hürufilərin  bu  məsələdə  əsas  məqsədi  insanın,  xüsusilə  də  kamil  insanın 
böyüklüyünü nəzərə çatdırmaq 
idi.  Bu  səbəbdən  onlar  din  xadimləri  tərəfindən  təqib  olunurdular. 
Hürufilər Əmir Teymuru onun əməllərinə görə "cahil insan", yəni "geridəqalmış", 
"mənfur" hesab edir, xalqı Teymura qarşı mübarizəyə səsləyirdilər. Nəticədə onlar 
teymurilər tərəfindən də təqib olunurdular. Teymurun müttəfiqi sayılan, lakin onun 
vassalı  kimi  özünü  hiss  edən  şirvanşah  I  İbrahim  tam  müstəqilliyə  can  atır,  bu 
səbəbdən hürufiləri öz ərazisində gizlədirdi. 
Nəsimi  ilə  yaxından  tanış  olan  İmadəddin  o  zaman  artıq  lirik  şair  kimi 
bütün  Azərbaycanda  tanınırdı.  O,  əsərlərini  ana  dili  olan  Azərbaycan  dilində, 
həmçinin  farsca  yazırdı.  Onun  lirik  şeirlər  toplusu  Azərbaycandan  kənarlarda  da 
maraqla  oxunurdu.  Lakin  Nəimi  ilə  tanışlıq  onun  həyatını  dəyişir.  O,  hürufiliyi 
qəbul  edir  və  bütün  qalan  həyatını  insanların  kamilləşdirilməsinə  sərf  edəcəyini 
bildirir.  Bəşəriyyətin  xilasını  kamil  insanların  mövcudluğunda  görən    İmadəddin 

72 
 
həvəslə  hürufiliyin  əsas  müddəalarını  yaymağa  başlayır.  Şairlik  istedadı  bu  işdə 
ona  kömək  edirdi.  Faktik  olaraq  İmadəddinin  şeirləri  hürufi  fikirlərin  sürətlə 
yayılmasına  səbəb  olur,  o  özü  isə  Nəiminin  sağ  əli  kimi  qəbul  edilirdi.  O  hətta 
ustadına hörmət əlaməti olaraq Nəimi adı ilə həmahəng olan "Nəsimi" adını özünə 
təxəllüs seçir ("nəsim" - "xəfif səhər küləyi" deməkdir). 
Fəzlullah  Nəimi  1394-cü  ildə  həbs  edilmiş  və  Naxçıvan  ərazisində 
teymurilər  tərəfindən  işgəncə  ilə  edam  olunmuşdur.  Ölümündən  əvvəl  yazdığı 
"Vəsiyyətnamə"yə əsasən o, Nəsimini öz davamçısı elan etmişdir. 
Müəlliminin  vəsiyyətini  yerinə  yetirən  Nəsimi  özü  üçün  təhlükəsiz  olan 
Şirvandan çıxmış və Təbrizə, ordan isə Anadoluya yollanmışdır. 
Nəsimi  yaradıcılığa,  dediyimiz  kimi,  lirik,  aşiqanə  şeirlərlə  başlamışdır. 
Onun  şeirlərində  məhəbbət,  insan  gözəlliyinin  tərənnümü  əsas  yer  tutur.  O 
həmçinin  acgözlük,  paxıllıq,  xudpəsəndlik,  riyakarlıq,  vəfasızlıq  kimi  yaramaz 
sifətləri  pisləmişdir.  Tədricən  püxtələşən  şair  öz  əsərlərində  siyasi,  ictimai,  əxlaqi 
mövzulara  daha  geniş  yer  ayırmağa  başlayır.  Hakim  təbəqənin  zülm  və 
ədalətsizliyini,  özbaşınalıqlarını  cəsarətlə  göstərən  şair  haqsızlıqlara  qarşı  üsyan 
edirdi. O, insanı yaradıcı varlıq kimi görmək istəyir, onu ilahiləşdirirdi. 
Nəsiminin  bədii  yaradıcılığı  Azərbaycan  şerinin  şəkli  xüsusiyyətlərinin 
təkmilləşməsində  mühüm  rol  oynamışdır.  Əruz  vəzninin  Azərbaycan  dilinin 
xüsusiyyətlərinə  uyğunlaşdırılması,  daxili  və  rədif  qafiyələrdən,  mürəkkəb  və 
dolğun  cinaslardan  uğurla  istifadə  edilməsi  Nəsimi  poetikasının  üstünlükləridir. 
Nəsimi  Azərbaycan  ədəbiyyatında  ana  dilində  ilk  dəfə  müstəzad,  mürəbbe  və 
tərcibəndlər  yazmışdır.  Onun  qəzəlləri,  rübailəri,  tüyuğları  bədii  quruluş  və 
məzmunca orijinal və qiymətlidir. 
Nəsiminin şeirləri hələ sağlığında bütün Yaxın Şərqdə - İraqda, Suriyada, 
Kiçik  Asiyada,  Orta  Asiyada,  hətta  Uzaq  Şərqdə  yaşayan  uyğurlar  arasında  çox 
populyar  olmuşdur.  Onun  əsərlərinin  üzü  köçürülür  və  insanlar  arasında  geniş 
yayılırdı.  Nəsiminin  qəzəllərindən  çox  vaxt  aşıqlar  da  istifadə  etmiş,  bu  da 
qəzəllərin  şifahi  xalq  ədəbiyyatı  yolu  ilə  yayılmasına  səbəb  olmuşdur.  Onun  ana 
dilində yazdığı şeirlər XV əsr Azərbaycan şairi Cahanşah Həqiqi, XVI əsr şairləri 
Xətai,  Füzuli,  XVIII  əsr  şairi  Vaqifin  poetikasına  böyük  təsir  göstərmişdir. 
Osmanlı şairi Rəfii, türkmən şairləri Məhdumqulu və Əndəlib, özbək şairləri Əsiri 
və  Nəvai  Nəsimini  öz  ustadları  kimi  qəbul  etmiş,  onun  irsini  sənətkarlıq 
baxımından  öyrənmişlər.  Onun  "əlif-lam"  və  "tərs  əlifba"  adlanan  şeirləri  maraq 
doğurur.  Hər  beyti,  bəzən  də  hər  misrasının  ilk  kəlməsi  ərəb  əlifbasının  sırasına 
uyğun hərflərlə başlayan belə əsərlər daha çox aşıqlar tərəfindən sevilirdi. 
Nəsiminin  bədii  yaradıcılığı  Azərbaycan  poeziyasını  zənginləşdirməklə 
bərabər,  xalqımızın  ədəbi  dilini  də  inkişaf  etdirmişdir.  O,  Azərbaycan 
ədəbiyyatında ana dilində yazılan ilk fəlsəfi qəzəlin müəllifidir. Canlı xalq danışıq 

73 
 
dilinin imkanlarından bacarıqla  istifadə  edən Nəsimi klassik poeziya  dilinin bədii 
ifadə vasitələrini də məharətlə işlətmişdir. 
Hürufiliyi  yaydığına  görə  dəfələrlə  həbs  edilən  Nəsimi  məsləkindən 
dönmürdü. Anadoludan  Aralıq dənizinin  şərq sahillərinə  keçən Nəsimi burada  da 
hürufi fikirlərini yayırdı. Lakin Suriyanın Hələb şəhərinə çatdıqda o həbs edilir və 
Misir  sultanının  əmri  ilə  1417-ci  ildə  elə  Hələb  şəhərində  edam  olunur.  Onun 
ölümü  ilə  bağlı  rəvayətlərdə  fədakar  şairin  ölüm  ayağında  özünü  mərdliklə 
aparması və məsləkindən dönməməsi göstərilir. Rəvayətə görə, Nəsimi "Ağrımaz" 
rədifli məşhur qəzəlini elə edam zamanı söyləmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

74 
 
Azərbaycan    Qaraqoyunlu  dövlətinin 
hökmdarı  Cəmaləddin  Qara  Yusif  Barani  xalq 
arasında    daha    çox  “Qara  Yusif”  kimi  tanınır. 
XV 
əsr  tarixi-fəlsəfi 
mahiyyətinə 
görə 
tariximizin  dönüş  mərhələsi  ola    bilər. 
Azərbaycan    türklərinin  milli  inkişaf  tarixində 
bu dövrün xüsusi yeri var. Monqol dövlətlərinin 
uzunmüddətli  hökmranlığından  sonra  məhz  XV 
əsrin  əvvəllərində  Azərbaycanda  yadellilərin 
ağalığına  son  qoyulmuş,  oğuz-türk  dövlətçilik 
ənənəsi 
bərpa 
edilmişdir. 
Azərbaycanda  
Qaraqoyunlu  və  onu  əvəz  edən  Ağqoyunlu 
dövlətlərinin  yaranması  ilə  ölkəmizdə  oğuzlar 
(türkmanlar)  artıq    yalnız  etnik  cəhətdən  deyil, 
həm  də  siyasi  baxımdan  hakim  mövqe 
qazandılar. Azərbaycanda Teymuri ağalığına son 
qoyulması 
və 
dövlətçiliyimizin 
bərpa 
edilməsində  Qaraqoyunlu  Qara  Yusifin  tarixi 
xidmətləri əvəzsizdir.  
Azərbaycan  tarixinə  Cəmaləddin  Qara 
Yusif Barani Azərbaycanda monqol və Teymuri 
ağalığına son qoymuş, Azərbaycan dövlətçiliyini 
bərpa  etmiş,  Qaraqoyunlu  dövlətinin  əsasını 
qoymuş  görkəmli  dövlət  xadimi  və    sərkərdə 
kimi daxil olmuşdur. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə