Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə15/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   11   12   13   14   15   16   17   18   ...   147
Iyun, 1972.  

  

 



 

 

 




 

92

GÜNLƏRIN BIR GÜNÜNDƏ 

 

 

 1. Qarlı gəzinti həsrəti  



 

Tülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə 

lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. 

Anasının əmcəyini kəsən Tülkü idi. 

Meşə  səfalı meşə idi – dağın döşündə; palıdı, vələsi var idi, armudu, qozu, 

fındığı var idi. Cüyürü, əliyi var idi, hacıleyləklər burada yuva salardı, bala 

çıxarardı. Talaları var idi, gülü, çiçəyi var idi... Amma Tülküsü də var idi bu 

meşənin. 

Hacıleyləklər içərisində bir gözəl Hacıleylək qoca palıdın budaqlarında özünə 

yuva salmışdı, üç qəşəng balası yumurtadan təzəcə  çıxmışdı. Səhərlər Hacıleylək 

uçub gedirdi, balalarına yem tapırdı, yuvasına qayıdırdı, uzun dimdiklərini 

şaqqıldada-şaqqıldada balalarını yedirdirdi, daha bilmirdi ki, zalım Tülkünün bu 

qəşəng balalarda gözü var. 

Günlərin bir günündə Hacıleylək balaları üçün yem gətirməyə getmişdi. 

Tülkü yekə bir mişar tapıb güclə sürüyə-sürüyə palıdın yanına gəldi, ağzı 

sulana-sulana altdan yuxarı yuvada civildəşən leylək balalarına baxdı, sonra mişarı 

bir kənara qoyub ədəb-ərkanla palıdın dibində  əyləşdi, ağacın gövdəsinə söykənib 

ana Hacıleyləyi gözləməyə başladı. 

Az keçdi, çox keçdi, ana Hacıleylək yem tapıb geri uçdu, yuvasına qonub yenə 

də uzun dimdiklərini  şaqqıldada-şaqqıldada istədi ki, balalarını yedizdirsin, amma 

bir də baxıb gördü ki, ağacın dibində bir Tülkü mişarı qaldırıb palıdın gövdəsini 

kəsmək istəyir. Hacıleyləyin ürəyi qırılıb düşdü ayaqlarının altına, başını  aşağı 

uzadıb soruşdu:  

– Ay Tülkü lələ, nə edirsən belə? 

Həyasız Tülkü dedi: 

– Ağacı kəsirəm. 

Yazıq Hacıleylək uçum-uçum uçunmağa başladı: 

– Niyə, ay Tülkü lələ? 

Qəddar Tülkü dedi: 

– Sənə  nə var niyə? Meşə  mənə babamdan qalıb. Bu ağacı  kəsirəm ki, aparıb 

bazarda satım, özümə toyuq alım. 

Yazıq Hacıleylək nə biləydi ki, bu qoca palıdı kəsməyə Tülkünün gücü çatmaz, 

gözlərindən yaş axıdıb yalvarmağa başladı: 

– Bizə rəhmin gəlsin, ay Tülkü lələ. Bəs, sən ağacı kəssən biz neylərik? Yuvam 

dağılar, ay Tülkü lələ... 

Tülkü gözlərini qıyıb yenə də aşağıdan yuxarı Hacıleyləyə baxdı və dedi: 

– Onda balanın birini mənə ver, ağacı kəsməyim. Yoxsa, kəsəcəyəm. 

– Bay, sənin canın yansın, ay Tülkü! – bu sözləri Səmayə dedi, lap doğrudan-

doğruya ürəyi yana-yana dedi. 

Məsələ burasında idi ki, zalım Tülkü ilə biçarə Hacıleylək haqqındakı bu pyesi 

Bakı Uşaq Teatrı tamaşaya qoyacaqdı və Səmayə də həmin tamaşada Tülkü rolunu 

oynayacaqdı. Indi də gecənin bir aləmi divanın üstündə ayaqlarını altına yığıb 

soyuqdan büzüşə-büzüşə öz rolunu əzbərləyirdi. 



 

93

Bu il qış yaman gəlmişdi, hələ söyüdlər yarpaqlarını tamam tökməyə macal 



tapmamış hər yanı qar basmışdı, gör indi bir azdan nə qiyamət qopacaqdı. Otaqlar 

da ki, soyuq – qızdırıcılar pis yanırdı. Səmayə ocaqçı  Məmmədəlinin qarasına 

deyinib yenə pyesi oxumağa başladı. 

Hacıleylək nə qədər yaş axıtdı, nə qədər yalvarıb aman istədi, qəddar Tülkü bəd 

əməlindən dönmədi ki, dönmədi. 

Dərddən ürəyi üzülən Hacıleylək axırıncı  dəfə Tülkünü dinə-imana gətirmək 

istədi: 

– «Sən mənimçün can ver, mən səninçün ölüm» oldu bu, ay Tülkü lələ. 

Tülkü mişarı qoca palıdın yoğun gövdəsinə ilişdirib: 

– Özün bil! – dedi. 

Çarəsiz dərdə loğman da acizdir. – Hacıleyləyin əlacı qalmadı, gözünü yumub 

lap ürəyi gedə-gedə dimdiyi ilə balalarından birini götürdü və Tülküyə atdı, heç özü 

də bilmədi neylədi. Tülkü quşcuğazı dişinə alıb şələ quyruğunu bulaya-bulaya çıxıb 

getdi və hələ də bir müddət yazıq quşcuğazın civiltili ah-naləsi kəsilmədi. 

– Can-can!.. – Bunu da Səmayə dedi və istər-istəməz divanda dikəlib o biri 

otaqda mışıl-mışıl yatan Fatmaya tərəf boylandı, elə bil arxayın olmaq istəyirdi ki, 

Fatma üçün belə Tülkü qorxusu yoxdur və buna arxayın olandan sonra yenə də pyesi 

oxumaq istədi, amma daha həvəsi qaçmışdı, özü də lap yorulmuşdu, həm də yazıq 

quşcuğazın civiltisi qulağından getmirdi. 

Səmayə divandan qalxıb barmaqlarının ucunda qızdırıcıya yaxınlaşdı, əlini hələ 

əməlli-başlı qızmamış dəmirin üstünə qoyub yenə də ocaqçı Məmmədəlinin qarasına 

ürəyində bir-iki yağlı söz dedi, sonra pəncərənin yanına gəlib bayıra baxdı. 

Bayırda bir qar yağırdı ki, gəl görəsən; qardan və adda-budda pəncərə 

işıqlarından başqa heç nə görünmürdü. Səmayə bu quşbaşı qara baxdı, baxdı və çox 

keçmişlərdə qalmış bir dəli həvəsin giziltisi yenə də ürəyindən keçib getdi; amma bir 

həsrət həzinliyi qaldı yenə. 

Bir dəli həvəsi var idi Səmayənin, çox-çox bundan əvvəl, o vaxtlar ki, Səmayə 

tək idi, yəni o vaxtlar ki, hələ Fatma yox idi dünyada və Səmayə özü də Fatma kimi 

qəşəng gözəl bir qız idi. Bir dəli həvəsi var idi Səmayənin – bu cür qarlı gecədə üst-

başlarına qar yağa-yağa dünyada ən yaxın adamı ilə, ən əziz adamı ilə, yəni sevgilisi 

ilə Bakının küçələrini, bağlarını, dəniz kənarını  gəzmək; elə  gəzmək ki, dünyada 

onlardan – Səmayədən və  həmin naməlum sevgilidən, bir də ki, quşbaşı qardan 

başqa heç kim və heç nə olmasın; Bakı yatsın, təkcə beş-altı pəncərə oyaq qalsın və 

onlar da bu qarlı  pəncərə  işıqlarını güclə tapıb bir-birilərinə göstərsinlər, həmin 

pəncərə işıqlarının ilıqlığı ürəklərindən axıb keçsin; onda adamın ürəyi lap balaca – 

bir dınqılı gəmiyə dönər... 

Əvvəlcə trolleybusun səsi gəldi, sonra işığı göründü və gecənin yarısına qalmış 

bu axırıncı trolleybus pəncərəsinin altından keçib, gedəndə Səmayəyə elə gəldi ki, 

elə bil vağzaldadır və kimi isə – çox əziz bir adamını uzaq səfərə ötürür, ürəyi 

sıxıldı.  

Bu, həmin dəli həvəsin həsrət sıxıntısı idi. 

Bir vaxt var idi – o vaxt ki, hələ Fatma dünyada yox idi və  Səmayə özü də 

Fatmadan bir-iki yaş böyük olardı, elə beləcə gözəl-göyçək bir qız idi – bax, beləcə 

dayanardı köhnə evlərinin pəncərəsi qarşısında, bayırda yağan qara baxardı  və o 

zaman da ürəyində  həmin dəli həvəsin həsrəti var idi, amma o həsrət bol-bol işıq 

içində idi, sevincli həsrət idi, əslində  həsrət yox, ürək tappıltısı ilə gözlənilən 

gələcək idi; onda sıxıntı yox idi, gözləmə var idi, nəyinsə ərəfəsi idi. 



 

94

O zaman gələcəkdə onu həmin qar gəzintisi gözləyirdi, səhnədə onu 



Dezdemona, Luiza, Gültəkin gözləyirdi, lap o vaxtdan Ofeliyanın mahnısını 

əzbərləmişdi və bu mahnı da səhnədə onu gözləyirdi. Əlbəttə, o zaman heç ağlına 

gətirməzdi ki, bir vaxt gələcək və beləcə gecə vaxtı  qəddar Tülkünün sözlərini 

əzbərləyəcək, min cürə fəndgirlik edib Hacıleyləyin gözlərini yaşlı qoyacaq, çünki o 

zaman ağlı  hələ  kəsmirdi ki, hamı Dezdemona ola bilməz, Tülkünü də oynamaq 

lazımdır və Tülkünü oynamaq da yuxusuz gecələr istəyir, istedad istəyir. O zaman 

hələ orasını da bilmirdi ki, Stanislavski deyib: rolun böyüyü, kiçiyi yoxdur, artistin 

böyüyü, kiçiyi var. 

Bu başqa məsələ ki, dünyada nə Tülkü olaydı, nə onun mişarı, təkcə elə 

Hacıleyləklər olaydı, ceyranlar, cüyürlər olaydı, güllər, çiçəklər olaydı. Səmayə 

bunu fikirləşdi və  pəncərədən quşbaşı qara baxa-baxa gülümsədi, çünki meşə 

çaqqalsız olmaz deyiblər, həm də lap uşaq fikirləridir bu. 

Belə çaqqallardan birisi də, heç şübhəsiz – Fatmanın qulağından iraq – onun 

keçmiş başabəla sevgisi idi, yəni ki, Fatmanın üzdən iraq atası. Əvvəlcə bir-iki ay 

sevgilisi, sonra üç-dörd ay yarımsevgilisi oldu, sonra da lap çaqqala döndü, çünki 

Nuh-Nəbidən çaqqal imiş və elə ki, onun çaqqallığı tamam-kamal məlum olmuşdu, 

Səmayə Fatmanı da götürüb çıxıb getmişdi. 

Onda Fatmanın iki yaşı var idi, indi Fatmanın on beş yaşı tamam olub və lap 

qabaqlar Səmayənin heç ağlına gəlməzdi ki, Dezdemonadan, Luizadan, Gültəkindən 

əvvəl onu gələcəkdə gözəl-göyçək bir Fatma gözləyir, elə bir Fatma ki, onu 

dünyanın ən xoşbəxt adamı edəcək və bu xoşbəxtlik yanında qarlı gəzinti həsrəti də, 

Dezdemona, Luiza, Gültəkin həsrəti də bir heç olacaq. 

Səmayə yenə də gəlib əlini qızdırıcıya uzatdı və bu dəfə ocaqçı Məmmədəlinin 

qarasına deyinmədi, çünki borular yavaş-yavaş  qızırdı  və borular qızdıqca da otaq 

yavaş-yavaş istiləşirdi; belə  qış gecələri otaq qızandan sonra daha adam 

qəribsəmirdi, pis-pis fikirlər girmirdi başına. 

Səmayə o biri otağa keçib Fatmanın üstündəki yorğanı ustufca rahatladı  və 

soyunub öz yerinə girdi, tələm-tələsik yorğana büründü və elə bildi ki, Hacıleylək 

gəlib öz yuvasına, balası da yanında. Sonra Tülkü yadına düşdü, sonra Çaqqal 

yadına düşdü, sonra da Fatmanın atası yadına düşdü və Fatmanın on yaşı tamam 

olandan sonra atası ilə ilk dəfə  gəzməyə  çıxmağa icazə verdiyi günü xatırladı. 

Əslində bu gəzintini Səmayə özü təşkil elədi, hər nə idi, hər kim idi, uşağın atası idi. 

Həmin gün Fatma ömründə ilk dəfə o vaxta qədər təsadüfdən-təsadüfə gördüyü atası 

ilə gəzməyə çıxdı və evə qayıdandan sonra Səmayəyə birinci sualı bu oldu: 

– Mama, atam doğrudan injinerdi? 

«Amma yaman da injinerdi! Avaranın biridir ki, gündüz çıraqla da axtarsan 

beləsini tapmazsan!» – bunu Səmayə ürəyində dedi, dilinə isə, aydın məsələdir ki, 

başqa söz gətirdi: 

– Əlbəttə. Nədir ki? 

Fatma çox ciddi surətdə dedi: 

– Dedilər durakdır. 

Səmayənin gözləri kəlləsinə çıxdı:  

– Nə?!  

Fatma cidd-cəhdlə anasını başa saldı: 

– Durakdır dedilər... Mənimlə söhbət edirdi, amma başqa xalaya baxırdı. Sonra 

guya ki, başını qaşıdı, amma xalanın dalınca baxdı, sonra bilmirəm nə oldu, sonra da 

xala geri dönüb dedi ki, durak! 



 

95

«Kül olsun belə kişinin başına! Uşağın yanında da özünü saxlaya bilməyib. 



Biabır elədi bizi, köpəkoğlu!» – bunu da, təbii ki, Səmayə ürəyində dedi, amma lap 

əməlli-başlı utandı Fatmadan və elə buna görə də qızına bozardı: 

– Bir də belə şeylər danışma! Adam atasına elə söz deməz! 

O vaxtdan xeyli keçmişdi, çox qar yağmışdı, çox gün çıxmışdı. Fatma indi atası 

ilə ildə-ayda bir dəfə görüşürdü, özü də  həvəssiz. Bu bir tərəfdən yaxşı idi, bir 

tərəfdən də, məlum məsələdir ki, pis. Yaxşı idi ona görə ki, o cür ipi çürük adamla 

nə qədər az görüşsən bir elə çox qazanarsan. Pis idi ona görə ki, niyə axı, belə olmalı 

idi, niyə bu cür gözəl-göyçək Fatmanın atası çaqqal olmalı idi? Niyə qarlı  gəzinti 

həsrəti bax, beləcə, bu qış gecəsi Səmayənin ürəyini gizildətməli idi? Niyə? 

Əşşi, iş ki, düşdü «niyə?»lərə, onda heç nə. Onda gərək Ofeliyanın mahnısının 

da oxunmadığını fikirləşəsən. Onda gərək yenə  də ürəyini verəsən Gültəkinin 

iztirablarına. Onda gərək Dezdemonanın taleyi ilə bərabər öz taleyini də düşünəsən. 

Və onda gərək yenə  də  səhərə kimi yatmayasan, elə fikirləşəsən, fikirləşəsən, 

fikirləşəsən. Səhərə kimi fikirləşəsən. 

Səhər isə teatrda məşq var, «Tülkü və Hacıleylək balaları»nın məşqi. 

Səmayə otağın qaranlığında yanındaca mışıl-mışıl yatan Fatmaya baxdı, sonra, 

elə bil, bayırdakı qarın soyuqluğunu yatağında hiss elədi və yerində büzüşüb bərk-

bərk yorğana büründü, lap sidq-ürəkdən  əsnəyib fikirləşdi ki, amma Fatma da 

yaman bicəngənədir, elə birinci gün hiss eləmişdi çaqqalın çaqqallığını. Bunu 

fikirləşdi və gülümsədi. 

Özü öz dərdinə gülümsəməyi öyrənmişdi Səmayə.  

  

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin