2. Gümüşü gün sevinci
Qardan sonra Səmayənin gümüşü günləri olardı və həmin gün də Səmayənin
gümüşü günlərindən idi. Həmin gün ki, Səmayə teatrdan çıxıb evə gəlirdi və
ürəyindəki gümüşü gün sevinci ilə Fatması barədə düşünürdü.
Fatmanın təzə rəfiqəsi var idi, adı Gülüş idi, özü də yaman cici-bacı olmuşdular,
hər gün bir yerdəydilər.
Keçən yay Səmayəyə təzə ev vermişdilər və onlar indi yaşadıqları bu təzə
binaya köçəndən sonra Fatma məktəbini də dəyişmişdi, lap bu yaxındakı məktəbin
səkkizinci sinfində oxuyurdu. Gülüş də həmin sinifdə oxuyurdu və Gülüşlə
Fatmanın beləcə cici-bacı olmaları Səmayənin də lap ürəyindən idi. Əvvəla, ona
görə ki, Gülüş çox tərbiyəli, ağıllı qız idi. Ikincisi, ona görə ki, Gülüşün anası elmlər
doktoru idi, atası da yaxşı vəzifədə idi, ağayana adama oxşayırdı, yəni ki, atalı-analı
qız idi Gülüş, yaxşı ailədən idi. Üçüncüsü və ən başlıcası isə ona görə ki, günlərin
bir adi günü Səmayəyə aydın olmuşdu ki, Fatma daha uşaq deyil və indi onun elə
vaxtı idi ki, oturub-durduğu adamlardan çox şey asılıdır. Iş elə gətirib ki, Fatmanın
atası ola-ola (mürdəşir onun üzünü yusun!) atasız böyüyüb, amma indən belə elə
olmalıydı ki, Fatmanın ürəyindəki yara közərib alışmasın, yəni görsün ki, yaxşı
ailələrlə, hər bir işi tam-düz ailələrlə onların bu balaca ailəsinin heç bir fərqi yoxdur.
Ürəyini xiffət yeməsin, görsün ki, onun Səmayə maması elə ataya da, anaya da
bərabərdir və Fatmanın da heç bir əgər-əskiyi yoxdur.
96
Səmayə əlindən gələni əsirgəmirdi – bayramlarda zəng çalıb Gülüşün anasını
təbrik edirdi, hər dəfə Gülüşlə evlərinə salam göndərirdi, Gülüş onlara gələndə
Fatmaya da, ona da eyni gözlə baxırdı. Əlbəttə, Gülüşün anası ilə daha artıq yaxınlıq
eləmək olardı, amma bunun üçün nə vaxt var idi, nə də şərait imkan verirdi.
Səmayə «Tülkü və Hacıleylək balaları»nın məşqindən çıxıb evə gəlirdi və bütün
bunlar barədə fikirləşirdi; ayağının altındakı qarı xırçıldada-xırçıldada addımladıqca
ona elə gəlirdi ki, Fatma kimi on beş yaşlı gözəl-göyçək bir qız da onunla yanaşı
addımlayır və bu qız elə onun özüdür, on beş yaşlı Səmayədir.
Bir vaxt olacaqdı Fatmanın da yanında beləcə on beş yaşlı Fatma
addımlayacaqdı və o zaman Fatma heç bilməyəcəkdi ki, hələ çox-çox əvvəllər anası
onu beləcə görüb; qarlı qış günündə on beş yaşı ilə birlikdə addımlaya-addımlaya.
Bir gümüşü gün idi həmin gün.
Təzəcə qar kəsmişdi, gün çıxmışdı və günün şüaları küçələrdəki, damlardakı,
eyvanlardakı, ağaclardakı qarı elə parıldadırdı ki, elə bil Bakıya qarın üstündən
gümüş yağmışdı. Bakının belə gümüşü günləri heç vaxt Səmayənin yadından
çıxmazdı, o, bütün ömrü boyu gördüyü belə gümüşü günləri bircə-bircə xatırlayırdı
və həmin günlərin hərəsinin öz ətri, öz ovqatı, öz təkcəliyi var idi.
Nə qədər küləkli-yağışlı günlər olmuşdu, nə qədər adamın nəfəsini kəsən isti
günlər, nə qədər adi günlər olmuşdu, amma onların heç biri Səmayənin yadında
qalmamışdı; pis hadisələr, pis əhvalatlar, yaxud da ki, yaxşı hadisələr, yaxşı
əhvalatlar yadda qalmışdı, günlər isə yadda qalmamışdı. Bax, bu cür gümüşü günləri
isə bir-bir sayardı Səmayə və bu gün də heç vaxt onun yadından çıxmayacaqdı.
Yadından çıxmayacaqdı ki, bir vaxt – bax, bu gümüşü gün, məşqdən çıxıb evə gələ-
gələ fikirləşirdi: düzdür, Dezdemona daha əlçatmaz oldu, vaxtı keçər oldu, amma
Hertruda hələ irəlidədir, ledi Maqbet hələ irəlilədir, Kuraj ana hələ irəlidədir.
Səmayə qarı ayaqlarının altında xırçıldada-xırçıldada bir də onu fikirləşdi ki,
axı, necə olur, təbiətin bu cür gümüşü günləri olur, bir tərəfdən də dünyada ledi
maqbetlər olur?
Sonra birdən-birə Səmayə çox istədi ki, Fatma da bu gümüşü günləri beləcə
yadında saxlasın və heç vaxt unutmasın bu günləri, bu günlərin ətrini, rəngini,
təkcəliyini. Fatma da beləcə hiss eləsin bu gümüşü günləri. Həm də Fatmanın
gümüşü günləri lap bol olsun və Fatmanın gümüşü günlərinin nə həsrət çaları olsun,
nə də həzinliyi, təkcə elə sevinci olsun, lap zırpı bir sevinci.
Əlbəttə, Fatma anasının bu fikirlərindən xəbərsiz idi və Səmayə evə girəndə
gördü ki, Fatma dayanıb bədənnüma güzgünün qabağında və pəncərədən o tərəfdəki
gümüşü gün heç vecinə də deyil, çünki üz-gözünü basmış sızanaqların hayındadı;
sızanaqları dırnaqlarının arasına alıb sıxır, sifətini qanadır.
Fatma ağlamsına-ağlamsına, həm də hirsli-hirsli dedi:
– Bu nədir e, ay mama, görürsən bu prişikləri!.. Utandığımdan camaatın içinə
çıxa bilmirəm...
Səmayə bayırın gümüşü havasından sonra Fatmanın sızanaq dərdini birdən-birə
ürəyinə sala bilmədi və gülümsəyə-gülümsəyə:
– Heç nə olmaz, keçib gedəcək, – dedi. – Əlini vurma.
– Yaman da keçib gedir. Day da artır günü-gündən.
– Bəs, mənə niyə hirsin tutur, mən eləməmişəm ki... – Səmayə yenə də
ürəyindəki gümüşü gün sevinci ilə gülümsə-gülümsəyə Fatmaya yaxınlaşdı və qızını
qucaqlayıb hələ qızınmamış şaxtalı üzünü onun üzünə sürtdü.
97
– Adımı ki, sən qoymusan: Fatma. Hamı mənə Fatma nənə deyir! Bir yaxşı ad
qoya bilmirdin mənə?
Səmayə lap sidq-ürəkdən təəssüf elədi ki, Fatma pəncərənin o tayındakı
gümüşü günün fərqinə varmır.
– Kimin nə haqqı var sənə elə desin! – Sonra zarafat eləmək istədi. – Amma
Fatma nənə olmağına Fatma nənəsən də. Anamın adını qoymuşam da, sənə, nənənin
adını.
– Çox elə mənim lazımım idi. – Fatma adından çox, sifətindəki sızanaqların
əlindən acıqlı-acıqlı yataq otağına keçdi.
Yaxşı ki, Səmayənin adı bir o qədər qocafəndi deyildi və hərgah işdi-şayət,
Fatma öz qızına Səmayə adı qoysa, bir o qədər də xəcil olmaz. Səmayə gülümsədi
və paltosunu çıxarıb arakəsmədəki asılqandan asa-asa dedi:
– Tamaşanın premyerası dekabrın doqquzundadır.
Fatma yataq otağından soruşdu:
– Hansı tamaşanın?
– «Tülkü və Hacıleylək balaları»nın. Dekabrın doqquzu da şənbə günüdür. Bilet
göndərəcəyəm Gülüşün papası ilə maması da gəlsin. Çox təsirli əsərdir.
Fatma elə bil nədənsə hürküb tələm-tələsik arakəsməyə gəldi:
– «Tülkü və Hacıleylək balaları»nın?
– Hə, yaxşı ki, şənbəyə düşdü. Gülüşün mamasıgil də boş olacaq.
Fatma anasının qabağında dayandı, amma bir söz demədi və başqa bir iş
tapmayıb paltarının yaxasını didişdirməyə başladı.
Səmayə dedi:
– Paltarını niyə didişdirirsən?
– Heç... Onda bilirsən, mama ... – Fatma çətinlik çəkdi. – Onda bilirsən, qoy
əvvəlcə mən bir kəşfiyyat aparım, sonra...
Səmayə qızının qara, qəşəng gözlərinin dərinliyində bir ürkü, bir narahatlıq,
təşviş hiss etdi və bu, onun gümüşü gün sevinci ilə dolmuş ürəyinə lap kiçicik də
olsa, xal saldı.
Səmayə dedi:
– Neynək, kəşfiyyat apar. Mənim kəşfiyyatçı qızımsan da sən!.. – Və
gülümsəyə-gülümsəyə Fatmanın qara saçlarını qatışdırdı.
Dostları ilə paylaş: |