Seçilmiş əsərləri


QIŞ NAĞILI    Novruz Cuvarlinskinin xatirəsinə



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə19/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   15   16   17   18   19   20   21   22   ...   147
QIŞ NAĞILI 

 

Novruz Cuvarlinskinin xatirəsinə 

 

Bakıda qarlı-çovğunlu bir qış  səhəri təzəcə açılırdı  və  həmin qış  səhəri sübh 



tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan 

şüşələri tutulmuş  pəncərədə bir balaca görümlü yer tapdı  və gözünü ora zilləyib 

küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar 

dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, 

külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı 

səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə. 

Kərim kişi çovğunun qarasına: – «Bu kəsən  şey deyil!» – fikirləşib bir-iki 

dəqiqə də küçə pəncərəsindən bu qış səhərinin alatoranlığına qəribə bir kədər ağlığı 

gətirmiş qara baxdı, çovğunun vıyıltısına qulaq asdı və heç kəs yuxudan oyanmasın 

deyə  gəldiyi kimi də ustufca otaqdan çıxıb mətbəxə keçdi, bu dəfə  də  mətbəxin 

pəncərəsindən həyətə tamaşa elədi: həyət də başdan-başa qarın içində idi və 

Marqarita Abramovnanın güclə seçilən pəncərə işığından başqa qarın əlindən heç nə 

görünmürdü. 

Axır vaxtlar Kərim kişinin ürəyinə bir nigarançılıq hopmuşdu və hər gün səhər 

tezdən eşitdiyi bu mahnı onu nigarançılıqdan qurtarırdı – Marqarita Abramovna 

yaman qocalmışdı. 

Kərim kişigilin həyəti Bakının o həyətlərindəndi ki, bir-birinə bitişik, qədim 

birmərtəbəli, ikimərtəbəli binaların dövrəsində balaca, girdə adaya oxşayırdı və bu 

adaların hamısına asfalt basılmışdı, hərəsində  də bir, ya iki tut ağacı  əkilmişdi – 

qışda üstü sərçə ilə dolu olardı, yayda kölgə salardı.  

Indi isə bu tut ağacları da başdan-başa qar içində idi. Burada Marqarita 

Abramovnanın fırlatdığı mahnı da daha yaxşı eşidilirdi və indi elə bil bu mahnı da 

hər tərəfi basmış qarın içində üşüyürdü. Kərim kişi dodaqaltı: 

 – Mahnı da üşüyərmiş! – dedi və əli ilə pəncərə şüşəsinin içəri üzünü sildi, guya 

ki, qardan başqa təzə bir şey görəcəkmiş. 

Onun iri, kobud əlləri elə bil taxta idi və kişi pəncərəni sildikcə elə səs çıxırdı, 

elə bil şüşəni əllə yox, quru taxta parçası ilə sürtürsən. 

Kərim kişi yenə zənlə bayıra baxdı və yenə də dodaqaltı dedi: 

 – Kəsən şey deyil bu! 

Cavanşir üşüyə-üşüyə mətbəxə boylandı və tez-tələsik: 

 –  Sabahın xeyir! – deyib daha tamam-kamal ağarmış başını qaşıya-qaşıya 

arakəsmədəki əlüzyuyana tərəf getdi. 

 Kərim kişi oğlunun ardınca tərs bir nəzər saldı, heç nə cavab vermədi və 

bundan sonra özünə də məlum oldu ki, səhər-səhər yataqdan yaman hirsli qalxıb. 

 Məsələ burasında idi ki, Cavanşir dünən and-aman eləyib Kərim kişini 

yolundan saxladı ki, sabah qar kəsər, hava düzələr, istədiyin yerə  də gedərsən. 

Əlbəttə, Cavanşir hardan biləydi ki, sabah, yəni bu gün, qar aləmi basacaq, çovğun 

qiyamət qopacaq, trolleybuslar, avtobuslar dayanacaq, iş o yerə çatacaq ki, 

məktəblərdə dərsləri də saxlayacaqlar. 

Uşaqların səhər tezdən durmaq müsibətindən xilas olmaları  Kərim kişinin 

yadına düşdü və hirsli də olsa, ağappaq eşmə bığının altından dodağı qaçdı. 



 

103


Uşaqlar, yəni Kərim kişinin nəvələri. Beş  nəvəsi vardı: böyük qızı 

köçürmüşdülər – özü də,  əri də neftçi idi, ondan kiçiyi Odessada gəmiçilik 

institutunda oxuyurdu, qalan üç nəfər isə hələ məktəbə gedib-gəlirdi. Bunlar hamısı 

Cavanşirin balaları idi. Heybət isə müharibədən qayıtmamışdı, tək gəlmişdi, tək 

getmişdi, həmişə də otaqda divardan asılmış şəklindəki kimi cavan qalmışdı. 

Mahnının səsi kəsildi və indi yalnız çovğunun vıyıltısı eşidilirdi, bir də haradasa 

lap uzaqlarda elə bil ki, bir it hürürdü. Bu it hürüşü Kərim kişinin əhvalını lap pozdu 

və o, ürəyində öz-özünə yağlı bir söz dedi. 

Cavanşirin arvadı Fazilə mətbəxə girib suçlu adamlar kimi: 

– Sabahınız xeyir, – dedi. – Sonra qazı yandırdı, çayniki odun üstünə qoydu və 

Kərim kişinin gözünə görünməsin deyə tələsik də mətbəxdən çıxdı. 

Kərim kişi gəlinin salamını almadı, amma özü də özünü məzəmmət elədi ki, 

nahaq iş gördü, çünki məlum məsələydi ki, qarın, çovğunun bu cür həyasızlıq 

eləməsində gəlinin heç bir təqsiri yox idi. 

Bir azdan otaqda oturub səhər çayı içəndə Cavanşir arvadına dedi ki, heç 

bilmirəm işə necə gedib çıxacağam, nə maşın işləyir, nə avtobus. Bu sözləri açıq-

aşkar surətdə  Kərim kişiyə  eşitdirirdi, yəni ki, bu havada evdən bayıra çıxmaq 

mümkün olan iş deyil. Sonra bununla da kifayətlənməyib dedi ki, elektrik qatarları 

da Sabunçu vağzalında yatıb qalıb, çünki dəmir yolunu qar basıb. 

Kərim kişi bu sözləri eşidəndə armudu stəkandakı çayını yarımçıq qoydu mizin 

üstünə, ayağa qalxdı  və  mətbəxə keçib yenə  də  pəncərədən həyətə baxdı: çovğun 

qiyamət qoparmışdı. 

Məsələ burasında idi ki, Kərim kişi pensiyaya çıxdığı vaxtdan ta indiyə kimi, 

yəni on beş ildən bəri yaydan başqa, qalan aylarda da hər gün, uzaq başı iki gündən 

bir Bilgəhdəki bağına gedirdi, meynələrə,  əncirlərə, narlara qulluq edirdi, bostan 

salırdı, gül-çiçək  əkirdi, uzun sözün qısası, Bilgəhdəki dədə-baba bağları ilə sidq-

ürəkdən dostluq edirdi; bağ kişini başa düşürdü, kişi də bağın işinə yarayırdı. 

Srağagün də bağda idi və srağagün adamın heç ağlına gəlməzdi ki, hava belə 

dəyişəcək, beləcə qar-çovğun başlayacaq.  Şəhərə qayıdanda Nabranın boynuna 

zəncir salıb damda bağladı ki, açıq qalıb yalaqlanmasın, qabağına da evdə hazırlayıb 

gətirdiyi yaldan nə qalmışdısa onu qoydu. Sabah tezdən, yəni ki, dünən yenə 

gələcəkdi, amma srağagün gecədən qar başladı, dünən də dayanmaq bilməyib yağdı 

və Cavanşirlə Fazilə  də onu yoldan elədilər ki, sabah, yəni bu gün hava düzələr, 

gedərsən. 

Bu gün çovğun dünənkindən bərk başlamışdı  və Nabran da zəncirə bağlı 

qalmışdı bağda. 

Bir dəfə – dörd-beş il bundan əvvəl, yay vaxtı  uşaqlarla birlikdə Nabrana 

getmişdilər və Kərim kişi oradan bir ovçarka küçüyü alıb gətirmişdi, uşaqlar da bu 

küçüyün adını qoymuşdular Nabran. Kərim kişi onu bağda saxlayırdı, Nabran da 

böyüyüb bir it olmuşdu ki, gəl görəsən və indi həmin bu it qarın, çovğunun bu 

vurhavurunda ac-susuz qalmışdı Bilgəh bağındakı damın içində. 



 

104


Kərim kişigilin evi birinci mərtəbədə idi, ata-babadan burada yaşayırdılar və 

indi külək qarı evin bayır qapısının ağzına elə  yığmışdı ki, Cavanşir qapını aça 

bilmirdi. Axır ki, qapını bir balaca aralayıb zorla bayıra çıxdı  və birdən-birə 

arakəsməyə elə güclü külək əsdi, bir göz qırpımında içəri o qədər qar doldu ki, elə 

bil Bakıda yox, Şimal Buzlu okeandasan. Kərim kişi mətbəxdəki köhnə sandığın 

arxasından neçə ildən bəri işsiz-gücsüz qalmış beli götürdü və bayır qapısına 

yaxınlaşıb bütün bədəni ilə sərt soyuq hiss eləyə-eləyə onu qapının arasından oğluna 

uzatdı: 


– Təmizlə! 

Cavanşir qapını örtüb çöldə bir xeyli əlləşdi, vuruşdu və yalnız bundan sonra 

qapını tamam aça bilib təzədən içəri girdi, göyərmiş  əlləri ilə  qıpqırmızı sifətini 

ovuşdurdu, kürkünün yaxasını  çırpdı  və elə bil bu şücaətindən bir az ürəklənib 

dinməz-söyləməz qarşısında dayanmış Kərim kişiyə: 

– Əşşi, çıxıb-eləməyəsən ha, yaman pis havadı, – dedi. 

Fazilə də böyürdən: 

– Zəhrimara qalsın belə havanı! – dedi, özü də elə dedi ki, yəni ay Kərim əmi, 

bizə niyə acığın tutur, biz neyləyək, sən yaşda adam bu havada, bu vurhavurda 

Bilgəhə necə gedib çıxacaq, necə qayıdacaq? 

Əlbəttə, Fazilə də, Cavanşir də bilmirdi ki, əslində – lap doğrusu bu idi ki, var – 

Kərim kişinin acığı özünə tutub, öz səksən yaşına. 

– Mən özüm gedərdim, amma indi işin elə vaxtıdı ki, qoyub getmək olmur... 

Bu sözləri Cavanşir dedi və  Kərim kişi də onun başqa söz deməsinə imkan 

verməyib: 

– Yaxşı, yaxşı, yeri get işinə, – dedi. 

Kişi dilləndi deyə Fazilənin eyni açıldı. Cavanşir də gülümsəyib: 

– Yaxşı, mən getdim, – dedi və hələ də nigarançılıqdan qurtarmayıb əlavə elədi: 

– Amma çıxmayasan ha!.. 

– Çıxmaz, çıxmaz. – Bu sözləri də Fazilə dedi, yəni ki, arxayın ol, qoymaram 

getsin. 

Kərim kişi bu dəfə  də özünü saxlaya bilməyib gəlininə  tərs bir nəzər saldı  və 

otağa keçdi. 

Cavanşir gəmi təmiri zavodunda işləyirdi, mühəndis idi və məlum məsələydi ki, 

işi başlı-başına buraxıb Nabranın dalınca Bilgəhə gedə bilməzdi. Cavanşir neftçi 

deyildi (Heybət neftçi idi), amma necə olsa da, işi dənizlə bağlı idi, neft iyi ilə, 

mazutla bağlı idi və elə buna görə də oğlunun işinə Kərim kişinin hörməti vardı. 

Məsələ burasındaydı ki, Kərim kişinin oğlundan, gəlinindən, nəvələrindən, dost-

tanışlarından, qohum-əqrəbadan, uzun sözün qısası, bütün yaxın adamlarından başqa 

dünyada üç istəklisi var idi: birinci – neft, yəni ki, neft iyi, neft rəngi, neft həsrəti, 

neft sevinci; ikinci – dəniz, yəni ki, dənizin uğultusu, mülayimliyi, xəzrisi, göylüyü, 

böyüklüyü, dalğası, ləpəsi; üçüncüsü də – yaşıllıq, yəni ki, kol-kos, çəmənlik-

çiçəklik, bir sözlə, alaqdan tutmuş çinara kimi nə vardısa da hamısı. 

– Sabahın xeyir, ay baba. Mamaya deyəcəksən məni həyətə buraxsın? – Bunu 

indicə yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura arakəsmədəki tualetə gedən 

Ayaz dedi. 

– Get əl-üzünü yu, dinməz-söyləməz gəl otur, çörəyini ye. – Bunu da Kərim kişi 

dedi və Ayaza məlum oldu ki, babasının qanı qaradı  və bu gün onunla zarafat 

eləmək olmaz. 



 

105


Çovğun lap bərkimişdi və hərdən külək elə vıyıldayırdı, elə bil Kərim kişigilin 

ev-eşiyini də yerindən qamarlayıb aparacaqdı. Qəribəydi ki, hər dəfə külək qıy 

çəkəndə Kərim kişi bu fikirdən səksənirdi və özü də özünü məzəmmət edirdi, amma 

orasını da lap dəqiq bilirdi ki, həştaddandı bu. Lap qəribəsi isə bu idi ki, qarın, 

çovğunun bu qiyamətində birdən-birə  Kərim kişinin yadına yaz düşdü. Yazın o 

vaxtları ki, Abşeron bağlarında gilənarlar çiçəklərini tökürdü, nar ağacları isə  hələ 

təkcə yarpaq açırdı, xına rənginə boyanırdı. O vaxtlar ki, əncirlər qabla bağlayırdı və 

peyvənd alçalar da çeçələ barmağın dırnağı boyda olurdu, meyvələrin yarpağı 

təzətər idi, bülbüllərin də ki, səsi aləmi götürürdü. Yazın o vaxtları ki, külək  şam 

ağaclarının limonu tozunu eyvanın taxta döşəməsinə səpirdi və səhər eyvana çıxıb 

evə qayıdanda otağın taxta döşəməsinə ləpir düşürdü. 

Kərim kişi elə bil bu ləpirləri gördü, bu ləpirlərin arasında Ayazın da balaca 

yalın ayaqlarının izini, dınqılı barmaqlarının yerini gördü və gülümsədi. Sonra yazın 

rəngi gözlərinin qabağına gəldi, yazın iyini duydu və birdən-birə necə oldusa bu yaz 

ətrinə neft qoxusu qatışdı... 

Elə bil yenə  də uzaqda it hürdü və it hürüşü bayırdakı çovğunun vıyıltısında 

güclə eşidilirdi – elə bil gecənin zülmətində bir çöllü-biyabandasan və uzaqlarda, lap 

uzaqlarda tənha bir çırağın işığı yanır, sonra sönür. 

Kərim kişi bir balaca tutuldu və bu dəfə lap açıq-aşkar hirsi özünə tutdu ki, daha 

qulağına səs gəlməyə başlayıb, burnuna iy gəlir, ürəyi xiffət çəkir; hirsi tutdu ki, kişi 

belə yumşalmaz.  Əlini üzünə aparıb tüklü sifətini qaşıdı  və elə bil ki, Marqarita 

Abramovna da bunu gözləyirmiş kimi, bayır qapısını döyəclədi, sonra da cır səsilə 

qışqırdı: 

– Kerim Bilaloviç! Kerim Bilaloviç! 

Marqarita Abramovna bütün yer üzündə yeganə adam idi ki, Kərim kişiyə 

Kerim Bilaloviç deyirdi və bu qadını iyirmi beş ildən artıq tanımasına baxmayaraq, 

hər dəfə də belə bir müraciət Kərim kişiyə qeyri-adi gəlirdi; o, başqa məsələ ki, usta 

Kərim! Yaxud, elə təkcə «Usta». Ya da ki, indiki kimi, qocafəndi: Kərim kişi. 

Kərim kişi  əvvəlcə elə bildi ki, yenə qulaqlarına səs gəlir, çovğunun vıyıltısı 

təzədən arakəsməyə hücum çəkəndən və bu dəfə Marqarita Abramovnanın cır səsini 

arakəsmədə  eşidəndən sonra başa düşdü ki, bu qoca arvad havanın belə 

vurhavurunda yenə gəlib onun üzünü qırxmağa. 

Marqarita Abramovna arakəsmədə soyuqdan Faziləyə  şikayət eləyib, sonra 

otağa girdi: 

Kerim Bilaloviç, bu qar necə olacaq? Dünyanın axırı çatıb bəlkə? – Sonra 

dünyanın axırının çatıb-çatmaması barədə cavab gözləməyib hələ də üşüyən əllərini 

bir-birinə sürtdü və ora-burasına qar dolmuş çantasını açıb ülgücü, fırçanı, sabun 

tozunu-filanı mizin üstünə yığmağa başladı. 

Hər dəfə Marqarita Abramovnanın qurumuş  əlləri Kərim kişinin sifətinə 

dəydikcə o, qabağındakı güzgüdə bu qarının gözlərinə baxırdı, zəndlə baxırdı, elə 

baxırdı ki, Marqarita Abramovna bunu görməsin; zəndlə baxırdı  və  hər dəfə bu 

kiçilmiş, rəngini itirmiş gözlərdə bir az işıq axtarıb tapmaq istəyirdi; istəyirdi özünü 

arxayın eləsin ki, qocalıb əldən düşmüş, amma əlləri titrəməyən və gözləri iti görən 

bu arvad hələ çox yaşayacaq, patefonu hələ çox çalacaq. 

Bu dəfə Marqarita Abramovnanın quru əlləri həm də soyuq idi və bu soyuq 

barmaqlar Kərim kişinin sifətinə toxunanda necə oldusa, kişi ürək eləyib bu qarının 

gözlərinə baxa bilmədi; özü öz cürətsizliyini gördü və yenə  də özünə  bərk acığı 

tutdu. 



 

106


Marqarita Abramovna həmişəki cidd-cəhdlə  Kərim kişinin üzünü sabunlayıb 

qırxmağa başladı. Pensiyaya çıxandan bəri – iyirmi ilə yaxın idi – hər həftə  gəlib 

evdə Kərim kişinin üzünü qırxırdı. Bütün həftəni hazırlaşırdı, ülgücünü itiləyirdi, ağ 

dəsmallarını kraxmallayıb ütüləyirdi, ətrini, sabununu, pudrasını yoxlayırdı. 

Marqarita Abramovna Bakıya müharibənin axırıncı ili gəlib çıxmışdı. Tək-tənha 

gəlmişdi. Kərim kişigilin həyətində yaşayan Bakıdakı bircə qohumu Izabella 

Salamonovnanın yanına gəlmişdi və müharibə vaxtı günlərin bir günündə, gecənin 

yarısı balaca otaqlarında oturub dərdləşəndə dünyanın işlərindən söhbət düşmüşdü, 

həyatın mənasından, adamların yaxşı-yamanlığından söz düşmüşdü və o vaxt mizin 

üstündə fağır-fağır, yana-yana bu iki yaşlı arvadı güc-bəla ilə  işıqlandıran neft 

lampasının həmin zəif işığında Izabella Salamonovna Kərim kişinin insanlığı barədə 

bir-iki yaxşı söz demişdi. Elə o vaxtdan bəri də bu sözlər Marqarita Abramovnanın 

beynində qalmışdı. 

Aydın məsələydi ki, Kərim kişinin həmin gecə söhbətindən xəbəri yox idi, 

amma iş elə  gətirdi ki, Marqarita Abramovnanı qulluğa düzəldən, yəni Bayıl 

tərəfdəki dəlləkxanalardan birində ona yer tapan elə  Kərim kişi oldu. Marqarita 

Abramovna ömründə  dəlləklik etməmişdi, amma işə  çıxdığı birinci gündən hamı 

onu  əməlli-başlı  dəllək bilmişdi; bir də ki, o vaxt camaat yaxşı  dəllək hayında 

deyildi. Bir az keçəndən sonra Izabella Salamonovna öldü. Marqarita Abramovna 

tək qaldı. 

Marqarita Abramovna sabunu ikinci dəfə  Kərim kişinin cod sifətində 

köpükləndirib dedi: 

– Kerim Bilaloviç, siz başqa tipdə adamsınız, mənim  Şnayderim başqa tipdə 

adam idi. Amma Şnayder də çox simpatiçni adam idi. 

Şnayder familli kişi Marqarita Abramovnanın əri idi və müharibə vaxtı almanlar 

onu təkcə oğulları Davidlə birlikdə Kiyevdə güllələmişdilər. Kərim kişi bunu bilirdi

bir də bunu bilirdi ki, Şnayder Kiyevdə məşhur dərzi imiş. 

Bir müddət də  hərə öz işi ilə  məşğul oldu, yəni Marqarita Abramovna cidd-

cəhdlə  Kərim kişinin üzünü qırxırdı, Kərim kişi isə qartmış tüklərinin ülgücün 

altından gələn xışıltısına səbrlə qulaq asa-asa heç vaxt üzünü görmədiyi David 

barədə fikirləşirdi, sonra Heybət barədə fikirləşdi, sonra da fikirləşdi ki, nə Heybət 

Davidi tanıyırdı, nə də David Heybəti, amma budu, bir belə illər gəlib keçib və indi 

qoca bir kişi qoca bir arvadın sabun köpükləndirən qırışlı, gömgöy damarları 

görünən əllərinə baxa-baxa həm Heybəti fikirləşir, həm də Davidi.  

Yenə külək Kərim kişigilin evinə hücum çəkdi və bu dəfə Kərim kişi dörd-beş il 

bundan  əvvəl Nabrana getdikləri yay gününü yadına saldı, həm də elə bildi ki, o 

balaca ovçarka küçüyü yenə ardınca gəlir. 

Əlbəttə, Marqarita Abramovnanın bu saat Bilgəhdəki bağda ac-susuz qalmış 

itdən xəbəri yox idi və buna görə də birdən-birə gülümsədi, siqaret çəkən adamların 

barmağı kimi sapsarı saralmış sifətinin qırışları daha da artdı, yenə  də yaxşıca 

öyrəndiyi Azərbaycan dilində dedi: 

– Izabella Salamonovna məni  ərə vermək istəyirdi. Axı, mən də çox 

yaraşıqlıydım. Amma ona dedim: hardan tapacaqsan mənimçün  Şnayderi? Mənim 

Şnayderimi kim verəcək mənə? 




 

107


Başqa vaxt olsaydı, Kərim kişi bir-iki şux söz atardı, çünki Marqarita 

Abramovna Izabella Salamonovnanın yanına gələndə yaşı  əllini çoxdan keçmişdi, 

amma bu dəfə kişi zarafat eləmədi və başından belə bir fikir gəlib keçdi ki, 

Zibeydənin də yerini heç kim verə bilməz. Bunu fikirləşdi və bu fikirdən sonra bu 

dərəcədə yumşalmasına elə hirsi tutdu ki, yerində qurcalandı. 

Marqarita Abramovna bu dəm bütün fikri-zikri ilə Şneyderinin yanında olsa da, 

qızışmaq bilməyən soyuq barmaqları ilə Kərim kişinin çənəsinin altını sürtüb: 

– Tük qalıb, – dedi. – Durmayın hələ. 

Bir azdan Marqarita Abramovna işini görüb qurtardı və təzədən özünü həyətdəki 

qar-borana vurub evinə qalxdı, amma bir xeyli müddət dediyi bu söz: « – Durmayın 

hələ» – Kərim kişinin qulaqlarından getmədi və kişi fikirləşdi ki, Marqarita 

Abramovna yəqin dünyada təkcə  dəlləkdir ki, təkcə  də müştərisi var. Burasını da 

fikrindən keçirtdi ki, vay o dəlləyin halına ki, təkcə müştərisi də gedə... 

Bir azdan yenə  də elə bil ki, lap uzaqlardan qədim mahnının zəif səsi hərdən 

eşidildi, hərdən eşidilməz oldu. 

Qarın, boranın qiyamət qopardığı həmin qış günü Kərim kişi heç kimlə kəlmə 

kəsmədi, dinib-danışmadı, yalnız bircə  dəfə küçə  pəncərəsindən bayıra baxıb öz-

özünə bərkdən dedi: 

– Günaha batdım. 

Uşaqlar da, Fazilə  də, işdən çıxıb qarın  əlindən güclə evə  gələn Cavanşir də 

bütün gün ərzində  Kərim kişiyə bir söz deməyə cürət etmədi və gecə yerlərinə 

girəndə hamının ürəyində bir nigarançılıq vardı; hamı bilirdi ki, axıracan belə 

getməyəcək və hamı da sidq-ürəkdən arzulayırdı ki, sabah hava düzəlsin. Bunu hamı 

arzulayırdı, amma təkcə  Kərim kişi bilirdi ki, əvvəla, bu hava düzələn hava deyil, 

ikincisi də istəyir düzəlsin, istəyir düzəlməsin, sabahdan da keçsəydi, iş  də  işdən 

keçəcəkdi. 

Həmin qış gecəsi nə qar kəsdi, nə  şaxta-boran azaldı  və çox qəribə oldu ki, 

yerində uzanıb bayırda qıy vuran küləyin səsinə qulaq asa-asa yenə  də yaz, bağ, 

dəniz Kərim kişinin yadına düşdü və ən çox qəribəsi də bu oldu ki, qırx-qırx beş il 

bundan  əvvəl vurduğu bir ördək birdən-birə gözlərinin qabağına gəldi, o vaxtdan 

bəri ömründə xatırlamadığı bu vecsiz əhvalat lap qəflətən gəlib yadına düşdü. 

Bu tək ördək Bilgəhdə, dənizin lap qırağında qumluğa qonurdu, sahil boyu o 

baş-bu baş gəzişən usta Kərim hər dəfə ona tərəf yaxınlaşanda havaya qalxıb iyirmi-

otuz addımlıqda təzədən qumluğa enirdi. Bir dəfə, iki dəfə, üç dəfə... Və elə bil özü 

öz dili ilə deyirdi ki, usta Kərim, get evdən beşatılanı gətir, məni vur. Usta Kərim 

evdən beşatılanı götürüb lap naümid sahilə qayıtdı ki, yəqin ördək uçub gedib. 

Ördək uçub getməmişdi, əməlli-başlı bir inadla ustanın beşatılanını gözləyirdi. Usta 

da bircə gülləyə sərdi onu yerə. 

Kərim kişi həmin uzaq günü lap aydın yadına saldı: aprelin axırları idi, bazar 

günü idi və orasını da yadına saldı ki, Zibeydə həmin ördəkdən şorba bişirdi. 

Kərim kişi ömrü boyu ördəklər vurmuşdu, çox quşa atmışdı, amma indi heç cür 

başa düşə bilmədi ki, niyə elə  məhz ördək birdən-birə beləcə açıq-aydın yadına 

düşdü və orasını da heç cürə başa düşə bilmədi ki, niyə o zaman həmin ördək tək-

tənha idi, niyə uçub getmirdi və niyə ondan hürkmürdü? O vaxt beşatılanla atdığı 

güllənin səsi qulaqlarına gəldi və qalın yorğanının altında mürgü döyə-döyə öz-

özünə huyuxdu. 




 

108


Sübh tezdən Kərim kişi bayır qapısını güclə bir balaca itələyib zorla həyətə 

çıxanda külək elə qıy vurub arakəsməyə doldu ki, az qaldı evdəki camaatı yuxudan 

oyada və qapını bağlayandan sonra Kərim kişi bir müddət yerində dayandı, amma 

içəridən səs-səmir eşitmədi.  Əslində bu saat çovğunun uğultusundan başqa heç nə 

eşitmək mümkün deyildi və  Kərim kişi boynunu köhnə kürkünün içinə  qısıb sol 

dirsəyini irəli verdi, yanpörtü addımlayıb küçəyə çıxdı. 

Bu şaxtanın, boranın içində birdən-birə Kərim kişinin burnuna tanış qoxu dəydi 

və kişi başa düşdü ki, bu neft iyi kürkdən gəlir. Çoxdan, lap çoxdandı ki, Kərim kişi 

içi qoyun dərili bu kürkünü geymirdi. Indi birdən-birə ona elə  gəldi ki, yenə  də o 

ötən günlər kimi səhər tezdən evdən çıxıb işə gedir, bir azdan avtobusa minib 

mədənin yanında düşəcək. 

Bu  şaxtalı-boranlı  qış  səhərində kürkün yununa hopmuş  həmin neft qoxusu 

Kərim kişinin ürəyinə bir həzinlik gətirdi, kövrəklik gətirdi. Bu neft qoxusunda uzun 

illərin sükunəti vardı, elə bil bəylik paltarını naftalinləyib sandığa qoymuşdun. 

Bu saat mədənlər də qarın altında idi, amma orada hər tərəfi bürümüş qarın 

altından əsl neft qoxusu gəlirdi. Kərim kişi bunu duydu, hiss elədi və orasını da hiss 

elədi ki, bir də heç zaman mədəndə olmayacaq, bir də heç zaman əlini fontan 

vurmuş quyunun neftinə batırıb burnuna tutmayacaq. 

Həmin qış səhərinin qaranlığında qardan, çovğunun vıyıltısından başqa küçədə 

heç nə yox idi, heç kim yox idi və elə ilk dəqiqədən şaxta Kərim kişinin arıq, uzun 

bədəninə hücum elədi. Kərim kişinin başından belə bir fikir gəlib keçdi ki, canavar 

yaralını, zəif xəstəni o saat tanıyır, duyur, izləməyə başlayır, heç nədən qorxub-

çəkinmir, başının üstünü alır. Bunu fikirləşdi və dünən Marqarita Abramovnanın 

cidd-cəhdlə qulluq elədiyi eşmə bağının altından dodağı qaçdı. 

Marqarita Abramovna hələ yerindən qalxıb patefonunu işə salmamışdı. 

Kərim kişi sol qolunu dirsəkdən büküb gözünün üstündə sipər elədi, gözlərini 

yumdu, qara bata-bata yanpörtü addımlamağa başladı  və yavaş-yavaş sağ  əlində 

tutduğu bağlamanın ağırlığını hiss etdi. 

Kərim kişi Beşmərtəbənin yanındakı bağa gəlib çatanacan sol qolunu başının 

üstündən çəkmədi, ancaq tramvay dayanacağında qolunu aşağı saldı: nə tramvay var 

idi, nə də tramvaydan əsər-əlamət. O, boynunu kürkünün içinə qısıb bağa tərəf baxdı 

və küçə boyu ağacların hamısının qarın ağırlığından,  şaxtanın sərtliyindən, 

çovğunun şiddətindən yarıbayarıdan qırıldığını gördü. Elə bil ki, ağac qəbiristanlığı 

idi və bu qəbiristanlıqda bu saat qar-boran fironluq eləyirdi. 

Kərim kişi sol əlini qalın kürkünün üstündən arıq baldırlarına vurub: 

– Bay səni! – dedi və qar-boranın fironluq elədiyi bu məqamda doluxsundu, 

amma bunu nə qocalığının ayağına yaxdı, nə də yumşalmasının – ağaclar da adamlar 

kimi idi, ağaclarda da dözüm var idi və bu dözüm də hərdən beləcə qurtarırdı. 

O yenə sol qolunu gözünün üstündə sipər eləyib Sabunçu vağzalına tərəf 

addımlamağa başladı. Bayaqkı ağaclar gözlərinin qabağından getmədi və Kərim kişi 

başa düşdü ki, ömrünün, yəni ki, qalan günlərinin axırınacan da getməyəcək. Sonra 

Bilgəhdəki ağacları fikirləşdi, o ağacları ki, öz əli ilə əkmişdi və o ağaclar ki, oğul-

uşaq üçün, dost-tanış üçün yadigar qalacaqdı. 

Kərim kişinin Bilgəhdəki bağı  dərədə idi və oranı bu cür külək tutmurdu – 

burası yaxşı idi, amma burası da pis idi ki, narı,  ənciri don vuracaqdı.  Şaftalının, 

əriyin xeyrinə olacaqdı bu qar, amma belə xeyirdənsə şər yaxşıdı, yəni o şaftalının 

ki, xeyri narın qurumağına bağlıdı, yerli-dibli lazım deyil. 



 

109


Sabunçu vağzalında adam az idi və bu adam azlığından vağzalın içi boş kilsəyə 

dönmüşdü. Elektrik qatarının səsi elə bil özü ilə bu boş vağzala bir istilik gətirdi. 

Qatar yerindən tərpənəndə isə Kərim kişi hiss elədi ki, sağ əli açılmır; sağ əlini aça 

bilmir ki, bağlamanı yanına qoya; sol əli ilə sağ  əlini tutdu və bağlamanı dizinin 

üstünə qoydu. 

Qatar getdikcə Kərim kişi pəncərənin buz bağlamış şüşəsinə baxa-baxa yadına 

saldı ki, dünən Cavanşir deyirdi elektrik qatarları  işləmir. Bunu yadına saldı  və 

gülümsədi, amma orasını da yaxşı bilirdi ki, bu saat evdəkiləri nigaran qoyub. Yenə 

özünə yaman hirsi tutdu – ona görə yox ki, evdə heç kimə heç nə deməyib Bilgəhə 

gedir, ona görə ki, belə qocalıb, belə  zəifləyib və  ən başlıcası ona görə ki, özü də 

bunu görür, bu barədə fikirləşir və ürəyində bir «Heyhat! Heyhat! Heyhat!» elə yuva 

salıb, elə bil xərçəng yarasıdı. 

Sonra Kərim kişi hiss elədi ki, mürgüləyir, hiss elədi ki, yatmaq istəyir, bu dəm 

qarı, boranı yarıb gedən bu elektrik qatarının içində onun bütün bədəni yuxuya can 

atır. Kərim kişi onu da hiss elədi ki, bu saat burada yatsa, bir də heç vaxt 

ayılmayacaq. Sol əli ilə sağ  əlini ovuşdurmağa başladı, sonra yarıdan qırılmış 

ağaclar gəldi gözlərinin qabağına, sonra yenə haçansa vurduğu həmin ördəyi 

xatırladı, sonra da Marqarita Abramovnanın buz barmaqlarını üzündə hiss elədi və 

birdən-birə başa düşdü ki, bu qış axırıncı qışıdı. 

O, qatardan düşəndə külək elə qıy vurdu ki, az qaldı ayaqları perronun üstünə 

yox, perronla qatarın arasına getsin. Sonra külək bir də qıy vurdu, bir də, bir də. Elə 

bil bu saat bütün aləm dağılırdı. 

Aydın məsələydi ki, bu şaxta-mərəkədə stansiyadan xeyli aralıdakı bağa tərəf nə 

bir maşın işləyirdi, nə avtobus və  Kərim kişi yenə  də sol qolunu büküb başının 

üstünə qaldırdı, üzü xəzriyə addımlamağa başladı; ayaqları güclə sözünə baxırdı. 

Bu yol torpaq yol idi, sol tərəfdə bağlar idi, sağ  tərəfdə zeytun ağacları  və bu 

zeytun ağaclarının arasında şamdan salınmış meşə zolağı. Amma indi nə torpaq yol 

var idi, nə zeytun, şam ağacları, nə  də ki bağlar; ancaq qar idi, qiyamət qoparan 

külək idi və bu külək Kərim kişinin gözünü açmağa qoymurdu. Birdən o, hiss elədi 

ki, qardan başqa ayaqlarına nəsə dolaşır və başa düşdü ki, bu damının qapısını qar 

basıb çöldə qalmış itdir və bu it evdə  nə varsa hamısını – dünənki xörəyin 

boyatından tutmuş kolbasaya, sosiskayacan yığıb bağladığı bağlamasını  əlindən 

qapa bilər. Kərim kişi gözünü açıb baxa bilmirdi, bir səs də  çıxara bilmirdi, təkcə 

bunu bilirdi ki, dayanıb, bağlamanı açıb, bu itə də bir şey verməyə gücü çatmayacaq; 

olan-qalan gücünü yığıb bir az bərk yeriməyə çalışdı. Bu it onsuz da əl çəkən 

deyildi, bağlamanın iyinə, adam nəfəsinin istisinə lap dünyanın axırınacan 

gedəcəkdi. 

Kərim kişinin bir ərik ağacı vardı ki, altında yüz adama yer salmaq olardı  və 

həmişə bağa gələndə ilk növbədə uzaqdan bu ağac görünərdi. Kərim kişi bayaqkı it 

ayağına dolaşa-dolaşa üzü xəzriyə tərəf addımlaya-addımlaya hiss elədi ki, bax, bu 

yerdən ərik ağacı görünür və daha bağa çatmağa az qalıb. Sonra bunu da hiss elədi 

ki, indi ayağına bir it yox, iki it dolaşır. 

Itlər də görünür, Kərim kişinin əlindəki bağlamaya hücum eləməkdən çəkinirdi 

və  yəqin hiss edirdilər ki, həmin bağlamadakından onların da payına düşəcək, 

bilirdilər ki, bu uzun ayaqların sahibi ilə harasa elə bir yerə çatacaqlar ki, orada isti 

olacaq, oranı külək tutmayacaq və orada yemək olacaq. 




 

110


Bu qədim dəmir darvaza bütün ətrafda məşhur idi, köhnə  məscid kimi, köhnə 

dəyirman kimi bu yerlərin abidələrindəndi. Indi həmin darvazanın balaca qapısının 

ağzına adam boyu qar yığılmışdı və Kərim kişi axırıncı dəfə bütün gücünü toplayıb 

sol  əli ilə qarı  təmizləməyə başladı. Daha qar-boranı hiss eləməsə  də bunu başa 

düşdü ki, itlər də ona kömək edir, qabaq ayaqları ilə qapının ağzındakı qarı o yan-bu 

yana dağıdırlar. Kərim kişi yadına saldı ki, bu axırıncı  əzab-əziyyətdi, Nabranın 

damının ağzı xəzriyə tərəf deyil və yəqin qar ora bu cür yığılmayıb. 

O, qapını itələyib darvazadan içəri girəndə heç özü də bilmədi necə oldu ki, 

qışqırmağa gücü çatdı: 

– Nabran! 

O dəqiqə  də qulağına it zingiltisi gəldi və  Kərim kişi bütün bədənini,  əllərini, 

ayaqlarını hiss eləməsə də, heç nə görməsə də, başa düşdü ki, onu qara basmır, bu, 

Nabranın zingiltisidi və burasını da başa düşdü ki, bütün bu müddət ərzində Nabran 

onun yolunu gözləyib. 

Daha bundan sonrakıları Kərim kişi elə bildi ki, yuxuda görür, yəni elə bildi ki, 

yuxudadı, onun ayağına dolaşan bayaqkı itlərin də boranın əlindən Nabranın damına 

soxulmaları yuxudadı  və axır ki, güc-bəla ilə aça bildiyi bağlamadakıları onların 

qabağına qoyub yedizdirməsi də yuxudadı. 

Sonra elə bil nə isə eşidib bircə an yuxudan ayıldı və bu dəfə Cavanşirin səsini 

lap açıq-aşkar eşitdi: 

– Ata! Ata! – və başa düşdü ki, indi də onu qara basmır: bunu da başa düşəndən 

sonra daha heç nə bilmədi.  

... Həkim çarpayının yanından qalxıb bir Ayaza, Ayazın yanındakı bacı-

qardaşına baxdı, bir Cavanşirə, Faziləyə baxdı, bir qapının ağzında dayanmış 

Marqarita Abramovnaya baxdı və bir də təzədən Kərim kişinin qalın balıncın içinə 

batmış sifətinə baxıb: 

– Sətəlcəmdi, – dedi və sonra bunu da dedi ki, keçib gedər. 

Cavanşir atasının gözləri yumulu zəif sifətinə baxdı və ürəyini bir qorxu bürüdü: 

birdən keçib getmədi?.. 

Əlbəttə, indi Kərim kişi güzgüdə Marqarita Abramovnanın gözlərinə baxa 

bilsəydi, o saat başa düşərdi ki, bu qoca arvad da bu dəm bir ürək ağrısı ilə öz təkcə 

və axırıncı müştərisini itirməkdən qorxur. 

... O ki, qaldı havaya, cəmi ikicə gün keçmədi, Bakıda qar kəsdi, külək dayandı, 

bir gün çıxdı ki, gəl görəsən və indi adamın heç ağlına gəlməzdi ki, vur-tut ikicə gün 

bundan əvvəl Nabran boyda it damda qalıb çovğunun əlindən zingildəsin. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin