Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə20/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   16   17   18   19   20   21   22   23   ...   147
Iyun, 1973. 

 

 

 

 


 

111


BU DÜNYADA QATARLAR GEDƏR 

 

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», 

«Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə 

qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...  

Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi. 

Dünyada qapqara adamlar var idi, sapsarı adamlar var idi və bu adamlar da 

hərdən qatarlarda Əbiligilin kəndinin aşağısından ötüb keçərdi. 

Qatarlar neft daşıyan vaqonlar olardı, taxta-şalban daşıyan, traktorlar, yük 

maşınları, avtomobillər daşıyan vaqonlar olardı və Əbili gözlərini yumub bu təptəzə, 

yağlı avtomobilləri ömründə bircə dəfə də görmədiyi Bakının küçələrində ora-bura 

gedən görərdi.  

Bütün bunlar uzaq-uzaq ölkələrdən, böyük-böyük şəhərlərdən gəlib gedirdi və 

həmin uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada 

Əbiligilin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər 

gün qatarların ardınca baxır. 

Qatarlarda daşınan bütün bu yükləri bir-birini tanımayan cürbəcür adamlar 

hazırlayırdı, düzəldirdi, yükləyirdi, bir-birinə göndərirdi.  Əbili bunu fikirləşirdi və 

hərdən ona elə  gəlirdi ki, gözlərinin qabağından ötüb keçən bu yük qatarları adi 

qatarlar deyil, bu yük qatarları taxta-şalbanla, traktorla, kombaynla bərabər 

adamların sirrini bir-birinə aparır, adamların ürəyindəkiləri bir-birinə yetirir. 

Adamların o sirrini ki, gecə yerində uzanırsan və uzaq-uzaq ölkələrdə, böyük-böyük 

şəhərlərdə yaşayanlar barədə fikirləşirsən.  

Qatarlarda təkcə adamlar getmirdi, təkcə yük daşımırdı qatarlar. Bəzən qatarlar 

nağıl aləmindən gəlirdi, fillə, zürafəylə gəlirdi. 

Bir dəfə yayın cırhacırı idi və  Əbili həmin gün doğruçu fillər gördü, doğruçu 

zürafələr, açıq vaqonlardakı qəfəslərdə gedən doğruçu şirlər, pələnglər gördü. Əbili 

başa düşdü ki, «Kiyev – Bakı» qatarında Kiyevdən Bakıya sirk gedir və özü də 

bilmədi necə gözlərini yumdu, ötüb keçməkdə olan qatar təkərlərinin taqqatuqu 

altında bu zürafələri, bu filləri,  şirləri, pələngləri Bakı sirkində gördü, yekə 

başmaqlı, yekə saatlı, yekə burunlu təlxəklər gördü, həmişə qatarlarda gedib-gələn 

rəngbərəng paltarlı uşaqların səs-küyünü eşitdi. 

Əbili az görmüşdü, çox oxumuşdu.  Əbili bilirdi ki, fillər Hindistanda olur, 

Afrikada olur, sirkdə  təlxəklər olur, təlxəklərin paltarları  əyinlərinə böyük olur və 

onlara baxanda adamı gülmək tutur – bütün bunları bilirdi, əlinə keçən qəzetlərdə, 

jurnallarda, kitablarda oxumuşdu, dərsliklərdən öyrənmişdi, amma özü heç nə 

görməmişdi. 

Burası doğru idi ki, Əbili gözlərini yumub istədiyini görürdü, amma burası da 

var idi ki və Əbili də bunu çox gözəl başa düşürdü ki, bütün bunlar doğruçu görmək 

deyil. 

Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu 

kənd il on iki ay dumanlı-çiskinli olardı  və bu dumanın-çiskinin içindən gecə-

gündüz qatarlar keçərdi. Gecələr bu qatarların səsi kəndin bütün evlərinə dolardı və 

bu qatarlardakı adamlar, bu qatarların daşıdığı avtomobillər, gedib-gəldiyi böyük-

böyük  şəhərlər kəllayı otaqda palazın üstündə salınmış yorğan-döşəyin içində 

Əbilinin gözlərinin qabağına gəlirdi. 



 

112


Səhərlər, günortalar və axşamlar isə  Əbili inəklərini naxıra qatıb, qoyun-

quzularını  kəndin çobanı Ildırımın sürüsünə ötürüb, kəhər atı evlərinin dalındakı 

otlaqda çidarlayıb, tövləni kürüyüb-təmizləyib, məktəbə gedib və qayıdıb dərslərini 

hazırlayandan sonra, kənddən aşağı düşürdü, dəmir yolu boyunca gedirdi, o qədər 

gedirdi ki, kəndləri dağın ətəyində gözdən itirdi və bu yerlərdə hər addımbaşı bitən 

bir alça ağacının altındakı yoncalıqda oturub gəlib keçən qatarlara baxırdı.  

Əbilinin gözləri elə öyrənmişdi ki, bircə  dəqiqənin içində  gəlib keçən qatarın 

üstündəki yazını oxuyurdu, vaqondakı adamları görürdü, bu adamların görünüşü, 

geyimi yadından çıxmırdı. 

Uşaqlıq vaxtları, o vaxtlar ki, ayağı yalın, başı açıq atılıb düşürdü və dünyanın 

işləri vecinə deyildi, birinci növbədə yaşıdları, yaşıdlarının  əcaib-qəraib  şalvarları, 

köynəkləri yadında qalırdı.  Əbili bu uşaqları  qırmızı  rəngin, yaşıl rəngin, çəhrayı 

rəngin içində görürdü və bu uşaqlar başqa bir aləmin, nağıllı-sehrli bir aləmin 

uşaqları kimi ondan çox-çox uzaqlarda idi.  

Günlərin bir günündə  Əbili başa düşdü ki, həmin nağıllı-sehrli uzaq aləmin 

uşaqları da kəndlərinin uşaqları kimidi – cığalı var, düzü var, kolxoz sədri Cəbrayıl 

kişinin oğlu Rəhim kimi ərköyünü var, Salatın arvadın nəvəsi yetim Səftər kimi 

işbacaranı var. 

O gün qatarlardan biri – «Bakı – Rostov» qatarı birdən-birə  Əbiligilin 

kəndlərinin qabağında dayandı. Düz dörd saat dayandı. Dedilər irəlidə yol xarab 

olub. Həmin dörd saatda Əbiligilin kəndində yumurta-toyuq qalmadı, yağ-pendir 

qalmadı, ağaclarda alça, ərik qalmadı, kimin əlinə nə keçirdisə, gətirib qatardakılara 

satmaq istəyirdi.  

Kəndin adamları alverlə  məşğul idi, təkcə  Əbilidən başqa.  Əbili bir küncdə 

dayanıb gendən-genə dağın aşağısında düzənlikdə oynayan uşaqlara baxırdı. 

Qatardan düşən uşaqlar hərdən lap onun burnunun qabağından ötüb qaçırdı və Əbili 

bu tərləmiş, sir-sifəti qızarmış uşaqlardan gələn qoxunu hiss edirdi. Bu qoxu bir az 

kəndlərindəki dəllək Qafarın dəlləkxanasından gələn iyə oxşayırdı, bir az atası ildə-

ayda bir dəfə Bakıya gedib qayıdanda gətirdiyi peçenye, pryanik, kağıza bükülü 

konfet iyinə oxşayırdı, amma Əbili belə fikirləşirdi ki, bu qoxu tamam-kamal 

dəlləkxana iyi, yaxud peçenye, pryanik iyi deyil, bu qoxu böyük-böyük şəhərlərdəki 

uşaqların qoxusudu. Əbili burasını da lap yəqin etdi ki, bu saat burnunun qabağından 

ötsələr də bu uşaqlar ondan çox-çox uzaqdadı, elə uzaqdadı ki, həmin uzaqlığa gecə-

gündüz, yay-qış, dumanda-çiskində, qarda-boranda, yayın cırhacırında qatarlarla 

gedəsən gərək. 

Birdən-birə çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı, 

çəhrayı papaqlı bir qız  Əbilinin qabağında dayandı, təəccüblə  Əbilinin ayağındakı 

qaloşa baxdı, pencəyinin cibinə yığdığı göy almalara baxdı, başına qoyduğu atasının 

köhnə papağına baxdı və soruşdu: 

– Sənin adın nədi? 

Ömründə heç vaxt Əbilinin beləcə ürəyi düşməmişdi. Ömründə heç vaxt Əbili 

beləcə özünü itirməmişdi. Əbili heç özü də bilmədi ki, necə dedi: 

– Əbili. 

Çəhrayı qız lap heyrətlə soruşdu: 

– Nə? 

Əbili dedi: 



– Əbili. 


 

113


Çəhrayı qız bir az da dayanıb heyrətlə ona baxdı, sonra tələsik qaçdı; elə qaçdı, 

elə bil bu saat Əbili hop eləyib onu udacaqdı. 

Əbili incimədi. Elə bilirdi ki, elə belə də olmalıdı. Çəhrayı qız çəhrayıydı, Əbili 

palçıqlı-peyinli. Çəhrayı qız nə biləydi ki, Əbilinin əsl adı Əbülfətdi və atası, anası 

ona görə ona Əbili deyir ki, onu çox istəyir.  Əbili bundan incimədi,  Əbili başqa 

şeydən incidi. 

Çəhrayı qız xeyli aralıdan Əbilini Yaşıl, Sarı, Qırmızı qızlara göstərib güldü və 

Yaşıl, Sarı, Qırmızı  qızlar da Əbiliyə baxıb güldülər. Aydın məsələydi ki, qızlar 

Əbilinin təhər-töhürünə gülürdülər, amma Əbili bundan da incimədi, çünki 

böyüdükcə ona belə məlum olurdu ki, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlər və 

bu  şəhərlərdə yaşayan Yaşıl, Sarı, Qırmızı, Çəhrayı  uşaqlar adicə uzaqlarda deyil, 

yəni bu uzaqlıq başqa uzaqlıqdı, bu uzaqlıq, bu məsafə Əbilinin gözünü açıb, bax, 

bu dağı görməsindədi, səhərlər inəyi naxıra qatmasındadı, axşamlar qoyun-quzunu 

Ildırımın sürüsündən ayırıb evə  gətirməsindədi, səhər-axşam qatarların dalınca 

baxmasındadı  və bu qatarlardakı fillərin, pələnglərin, bu qatarlardakı  uşaqların 

gecələr onun yuxusuna girməsindədi. Bundan incimədi Əbili, başqa şeylərdən incidi. 

Çəhrayı  qız tabaşir parçası ilə hamar qayanın üstündə  xətlər çəkdi, ora-bura 

baxıb elə bil nəsə axtardı, tapmadı, çəhrayı paltosunun cibindən yastı bir şey 

çıxardıb, ayağının altına atdı və bir ayağını qaldırıb o biri ayağı ilə həmin yastı şeyi 

itəliyə-itəliyə xətlərin üstündən cırcırama kimi hoppanmağa başladı. 

Bir az keçəndən sonra qatardakı atalar, analar uşaqları çağırdı. Çəhrayı  qız da 

əyilib ayağı ilə oynatdığı yastı  şeyi yerdən qaldırdı, bir az orasına-burasına baxdı, 

sonra təzədən yerə tullayıb qatara qaçdı. Bir az da keçəndən sonra qatar tərpəndi. 

Lap sonra isə bu yerlərin həmişəki sakitliyi ətrafa çökdü, kəndin camaatı sata 

bildiyini satıb, sata bilmədiyini təzədən geri apardı və Əbili də həmişəki bu sakitlik 

içində əllərini pamazı şalvarının ciblərinə soxub var-gəl edə-edə bayaq Çəhrayı qızın 

xətt çəkib oynadığı yerə  gəldi. Çəhrayı  qızın hoppana-hoppana ayağı ilə 

sürüşdürdüyü yastı şey elə-eləcə xətlərin üstündə atılıb qalmışdı. Əbili əlləri cibində 

bir müddət bu yastı şeyə baxdı, sonra birdən-birə ürəyinə bir qüssə, bir kədər gəldi, 

sonra da əyilib həmin yastı  şeyi yerdən götürdü, bu yastı  şeyin büküldüyü toza-

torpağa batmış kağızı yavaş-yavaş çırpdı. 

Yay günləri rayon mərkəzindən  Əbiligilin kəndinin yuxarısına lafet-mağaza 

gələrdi, üç-dörd gün arxın qırağındakı böyük söyüd ağacının altında dayanardı, 

sürücü-satıcı Imaş  kəndin camaatına çit, pamazı, dəsmal, adyal, stəkan, boşqab, 

pivə, gizlincə araq, bublik, mampası,  şokolad satardı.  Şokoladlar qızılı kağıza 

bükülərdi, üstündən də başqa bir kağıza bükülərdi və bu kağızda tülkü şəkli, ya 

qarğa şəkli, ya xoruz şəkli olardı. Əbiligil ata-anasını yola gətirib şokolad alandan 

sonra, ustufca kağızları açardı, bir xeyli kağızların ora-burasına baxardı, axşam 

hamarlayıb evdəki kitabların arasında saxlamaq üçün qoynunda, ya başındakı 

papağın içində gizlədib keflə  şokoladdan yavaş-yavaş dişdəm vurardı. Bu balaca 

bayram olardı, şokolad bayramı. 

Indi həmin  şokoladın bir irisi, elə irisi ki, Imaşın lafetində yox, uzaq-uzaq 

ellərdəki böyük-böyük şəhərlərdə satırdılar onu, Əbilinin  əlində idi və bu həmin 

yastı  şey idi ki, bayaq Çəhrayı  qız ayağı ilə sürütləyə-sürütləyə  xətlərin üstündən 

hoppanırdı. 

Bax, bu yerdə  Əbili incidi, Çəhrayı  qızdan incidi, özü də yaman incidi, çünki 

Əbili belə Əbili idi. 



 

114


Necə olurdu ki, yay vaxtı Imaşın lafeti gələndə Əbiligil ondan aldıqları balaca 

şokoladı yavaş-yavaş yeyirdilər ki, gec qurtarsın, amma Çəhrayı  qız bu irilikdə 

şokoladı ayağı altına atıb daş parçası kimi oynamağa qıyırdı? 

Əbili çox fikirləşirdi ki, bu iri şokoladı neyləsin. Istədi aparıb yetim Səftərə 

versin, amma ürəyinə pis gəldi, pis gəldi ki, niyə Çəhrayı qızın ayaq altına atdığını 

Səftər yeməlidir? 

Və bu zaman Əbili kəşf elədi ki, onların kəndindəki yetim Səftər heç də uzaq-

uzaq ellərdəki böyük-böyük şəhərlərdə yaşayan rəngbərəng uşaqlardan əskik oğlan 

deyil. 

Sonra şokoladı elə oradaca bir daşın üstünə qoydu ki, quşlara yem olsun və sidq-

ürəkdən arzuladı ki, yay tez gələydi, Imaş lafetini arxın qırağındakı söyüdün altına 

çəkəydi, o da Imaşdan şokolad alıb yeyəydi. 

Çəhrayı  qızın bu şokolad məsələsindən iki-üç il sonra, o zamanlar ki, Əbili 

imtahanlarının hamısını beşə verib səkkizinci sinfə keçmişdi, qəribə bir əhvalat baş 

verdi.  

Payızın son günləri idi və  həmin günlər  Əbiligilin kəndində çiskinli sazağın 

fironluq elədiyi günlər idi. O payız səhəri  Əbili yuxudan oyanıb kəllayı otaqdakı 

pəncərədən qarşı dağın boz ətəyinə baxdı, saralıb solmuş – böyürtkən kollarına, 

çılpaq  ərik ağaclarına, alçalara baxdı  və birdən-birə bu çiskin, sazaq, bu bozluq, 

solğunluq ürəyinə bir qəriblik gətirdi, elə bil ki, illər boyu qürbət ellərdə yaşayırdı. 

Ürəyindəki bu qəribliklə  həyətə düşdü, tövləyə girib həvəssiz-həvəssiz atı 

qaşovladı, sonra kəhərin çılpaq belinə atılıb kəndin yuxarısındakı arxda sulamağa 

apardı. Arxın qırağında atın belindən həmişəki bu dağlara baxdı, daha sobaları 

tüstülənən balaca kəndlərinə baxdı, boynunu uzadıb su dümləyən altındakı atın qara 

yalına baxdı, sonra başını qaldırıb gözlərini çiskindən qırpa-qırpa bomboz göyə 

baxdı  və birdən-birə ürəyinə bir yaz həsrəti çökdü. Birinci dəfəydi ki, Əbilinin 

ürəyinə yaz həsrəti çökürdü. Elə bir yaz ki, bu dağların adamsızlığı ürəyini sıxmasın, 

bu kəndin balacalığı ürəyini qısmasın.  

Sonra Əbili qulaqlarını şəklədi və başa düşdü ki, uzaqdan qatar gəlir, ayaqları ilə 

atı  dəhmərləyib üzüaşağı çapdı.  Əbili dəmir yoluna gəlib çatanda qatarın axırıncı 

vaqonları sürətlə ötüb-getdi və bir azdan tamam görünməz oldu. Əbili atın çılpaq 

belində oturub bir müddət keçib getmiş qatarın ardınca baxdı  və birdən-birə ona 

məlum oldu ki, bu çiskinli-sazaqlı payız səhəri həmin qatar Əbilinin ürəyini də özü 

ilə apardı, böyük şəhərə apardı. Əbili bunu başa düşdü və atın belindən yerə atılıb 

suçlu adamlar kimi, dağın döşündə sobaları tüstülənən kəndlərinə baxdı. 

Dağın döşündəki balaca kənd  Əbilinin qatarla çıxıb gedən ürəyindən xəbərsiz 

idi və bu boz payız səhəri heç nə olmayıbmış kimi, sobalarını tüstülədirdi. 

Əbili əlini kəhər atın yançağına sürtüb: 

– Belə-belə işlər... – dedi. 

Bu  əhvalatdan bir-iki il də  gəlib-keçdi və bir yay günü Əbili dəmir yolunun 

kənarındakı otluqda uzanıb dünyanın işləri barədə fikirləşirdi. Fikirləşirdi ki, bu 

dünyada gedən təkcə qatarlar deyil. Illər də qatarlar kimidir, gəlir gedir, gəlir gedir, 

görünməz olur.  

Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü və 

Əbilinin yanından ötüb keçəndə vaqonlardan birindəki bir qız pəncərədən xeyli zir-

zibil atdı: boş butulka, yumurta qabığı, pomidor artığı  və bunlara bükülmüş kitab 

vərəqləri. 



 

115


Kitab vərəqləri havada yellənə-yellənə  Əbilidən beş-altı metr aralıya düşdü və 

qatar gözdən itib gedəndən sonra, Əbili ayağa qalxıb vərəqləri yerdən qaldırdı. 

Üstündə stəkan yerləri olan, aralarına pomidor suyu tökülmüş bu vərəqlərdən birinin 

üstündə yazılmışdı: «S. Yesenin».  

Əbili  əzik-üzük vərəqləri düzəldib  əvvəlindən açdı. Ağ  səhifəsində göy 

mürəkkəblə yazılmışdı: 

 

Ya ne Puşkin, ne Krılov, 



Ne moqu pisat stixov, 

No pişu tebe tri slova, 

Jivi, uçis, i bud zdorova! 

  

   



 

 

         Veçno tvoy Rufat. 



 

Əbili məktəbdə rus dili dərsi keçirdi və o biri dərslər kimi rus dilindən də beş 

alırdı. Əbili başa düşdü ki, bu kitabı Rüfət adında bir oğlan bir qıza bağışlayıb və 

həmin Rüfət həmin qıza aşiq olub. Əbili başını qaldırıb bayaqkı qatarın ardınca 

baxdı  və fikirləşdi ki, Rüfət heç ağlına gətirməzdi ki, üstünü şerlə yazıb qıza 

bağışladığı bu kitabın vərəqləri bir vaxt Əbili adında bir oğlanda olacaq. Əbili bunu 

fikirləşdi və əti ürpəşdi. Əti ürpəşdi ki, niyə bir adamın üstünə şer yazıb başqa bir 

adama bağışladığı bir kitabın vərəqləri cırılıb günlərin bir günündə yumurta qabığı 

və pomidor artığı ilə bir yerdə vaqonun pəncərəsindən atılmalıdır? Əbili bir neçə il 

bundan  əvvəlki Çəhrayı  qızı yadına saldı  və burasını da başa düşdü ki, bu kitabın 

vərəqlərini Çəhrayı qız cırıb vaqonun pəncərəsindən beləcə atdı. Vacib deyildi ki, bu 

qız elə həmin Çəhrayı qızın elə özü olsun. Bu qız həmin Çəhrayı qızın özü deyildi, 

başqa Çəhrayı  qız idi. Əbili böyümüşdü və daha bilirdi ki, bu dünyada Çəhrayı 

qızlar çoxdu. Çəhrayı oğlanlar da vardı bu dünyada. 

Ikinci səhifədə sarışın bir kəndli balasının  şəkli var idi. Bu kəndli balası 

Əbiligilin düzənlikləri kimi bir düzənlikdə dayanıb ağzında da sünbül çöpü 

çeynəyirdi. Şəklin altında yazılmışdı: «S.Yesenin». 

Əbili keçdiyi dərslərdən bilirdi ki, Yesenin böyük şairdir, yaxşı  şerlər yazıb, 

amma  Əbili bilmirdi ki, Yesenin həm də bir kəndli balası olub. Bir kəndli balası, 

Əbili kimi. 

Illər keçdi. Əbili məktəbi qurtardı  və yenə  də bir yay günü kolxozun «QAZ-

51»nə minib Bakıya gəldi, universitetə qəbul imtahanları verdi, hamısından beş aldı 

və məlum oldu ki, onu iki nəfər başqa əlaçı ilə bərabər təhsil almaq üçün Moskva 

universitetinə göndərirlər. 

Əbili bütün ömründə birinci dəfə qatara mindi, «Bakı – Moskva» qatarına. Qatar 

çox getdi, az getdi, dərə, təpə düz getdi, axırda gəlib Əbiligilin kəndinin yanından 

ötüb keçdi. Əbili vaqonun pəncərəsi önündə dayanıb hər addımına bələd olduğu, hər 

kolunu-kosunu tanıdığı bu yerlərə, qarşı dağın  ətəyindəki ağaclıqlar arasından 

kirəmidli taxtapuşları qızaran kəndlərinə baxa-baxa heç özü də bilmədi birdən-birə 

necə  kəşf elədi ki, bir neçə il bundan əvvəlki qatar onun ürəyini heç hara 

aparmayıbmış; kəşf elədi ki, əslində o, indi ürəyini bu balaca kənddə qoyub gedir, 

bu dağların arasında, bu dəmir yolunun kənarında, bu yerlərin çiskinində, çənində və 

bütün ömrü boyu bu yerlər onun yuxusuna girəcək, onunla olacaq. 



 

116


Əbili bu dəfə lap doğrusunu başa düşdü ki, bundan sonra bütün ömrü boyu nə 

edəcəksə bu yerlərin, bu balaca kəndin sayəsində edəcək; başa düşdü ki, bütün ömrü 

boyu bu yerlərə, bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa 

bilməyəcək, ən xoş vaxtlarında da, ən ləzzətli çağlarında da hərdən bu borcluluq onu 

sıxacaq, sıxacaq çünki dünyada çox şey qatarlar kimidir, gedir, gedir... 

  


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin