* * *
Göyün üzü başdan-başa ulduz idi, böyük, kiçik, lap cıqqılı, hamısı da alışıb-
yanırdı və o qədər ulduz idi ki, bunu sayıb qurtarmaq mümkün deyildi, bu ulduzları
heç böyük alimlər də sayıb qurtara bilməzdi, heç Moskvanın, Moskvanın yox, lap
Amerikanın da böyük cihazları bu ulduzları sayıb qurtara bilməzdi, amma lap
saysaydı da, nə olsun? mənası nə idi? çünki əsas məsələ bunda deyildi, yəni, əsas
məsələ ulduzun sayında deyildi, əsas məsələ onda idi ki, bu ulduzları yüz il bundan
qabaq yaşayan insanlar da, o cümlədən, Əliqulunun ulu babası Əlinəcəf də, yox,
Əlinəcəf yox, Nəcəfəli də, bax, beləcə göy üzündə görmüşdü, min il bundan qabaqkı
insanlar da və o cümlədən, Əliqulunun əcdadları da bunları beləcə görmüşdü...
Yaxşı də... Görmüşdü, görmüşdü, Allah onların hamısına rəhmət eləsin, amma
niyə, bu əsas məsələdi? Bunun əsas məsələ olmasının mənası nədi ki?– Əliqulu bu
sualların cavabını bilmirdi, amma orası tamam dəqiq idi ki, bu fikir, yəni,
əcdadlarının o qədimliyi (indi sümükləri də çoxdan çürüyüb qatışıb torpağa), babası
Nəcəfəlinin (Nəcəfəlinin, yoxsa Əlinəcəfin? nə isə...) adını beləcə səhv salması işım-
işım işıldayan bu aylı-ulduzlu gecənin bürküsünə, bu gecənin hər tərəfi bürümüş ölü
sakitliyi içində hərdən vızıltısı gələn ağcaqanadın pis əməlinə qarışıb Əliqulunun
ürəyinə kədər dolu bir nigarançılıq gətirirdi.
Bəlkə də bu, nigarançılıqdan daha artıq bir nisgil idi, amma inanmıram ki,
Əliqulu «nisgil»in dəqiq mənasını bilirdi və yəqin ona görə də isti yay gecəsinin o
aylı-ulduzlu çağında bu sözü fikrinə gətirmirdi, hər halda – nigarançılıqdı, ya nisgil
idi, ya da bunun adı başqa bir şey idi,– o hissiyyat Əliqulunun içinə, elə bil ki, bir
çəkisizlik gətirmişdi və onun ürəyi də o çəkisizlikdə, elə bil ki, lap yavaş-yavaş
vurmağa başlamışdı və o yavaşlıq, o lənglik o nigarançılığı (nisgili?) bir az da
artırırdı, o kədəri, elə bil, kömür kimi, daha da qaraldırdı, quyunun dibinə aparırdı.
313
* * *
Elə həmin gecə idi, göyün üzü eləcə başdan-başa ulduz idi və o gecə, yuxusu
tamam qaçmış diş həkimi Müseyib yatağından qalxıb otağın dənizə açılan
pəncərəsinin qabağına gəldi və kondisionerin işləməsinə baxmayaraq, pəncərəni
açdı, içərinin sərinindən sonra eşiyin bürküsü bircə anın içində onun bütün sifətini
bürüdü və elə bil, o bürkü bayaqdan bəri kişinin içində yaranmış qüssəni bir az da
artırdı, amma elə ki, Müseyib göyün üzündəki o ulduzları gördü, elə bil, onların
işıltısı o bürkünü yarıb içindəki o qüssəyə nəsə bir balaca yüngüllük gətirmək
istədi...
Və elə o anda da əlli il, bəlkə daha da artıq bir müddətdə heç vaxt yadına
düşməyən bir görüntü birdən-birə, tamam qəflətən Müseyibin yadına düşdü: onda
hələ məhəllədə yaşayırdılar, on dörd-on beş yaşı olardı, bax, beləcə bir aylı-ulduzlu
isti yay gecəsi idi, anasının birmərtəbəli evlərinin damında saldığı döşəyin üstündə
arxası üstə uzanıb yatmaq istəyəndə göydə, o ulduzların arasından işım-işım
işıldayan bir ulduz uçub getdi...
yox oldu...
hara uçdu o ulduz?..
o biri ulduzlar isə bu uçuşun fərqində deyildi, göyün üzündə eləcə
işıldayırdılar...
Dostları ilə paylaş: |