Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə101/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   97   98   99   100   101   102   103   104   ...   147
 

 


 

357


«QARABAĞ ŞIKƏSTƏSI» 

 

 



 

(Fransız ətri və Ağadadaş ilə  

Balacaxanımgilin Qırmızı  

xoruzunun bəy axtarışı haqqında) 

... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi... 

Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana,  Şüvəlana, oradan 

da Hidro-Elektrik Stansiyası  qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı  və 

hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi 

eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş 

vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda 

isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.  

O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta 

məktəbi bitirib, anasının yığıb qabladığı balaca çamadanı da götürüb həyatında ilk 

dəfə  səfərə  çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi 

içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günəşi altında 

od tutub yanan Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar 

çarxlarının heç vaxt yadından çıxarmayacağı tuqqa-tuku ilə Bakıya – universitetə 

imtahan verməyə getdi.  

Onda Cümüyə elə  gəlirdi ki, o dəmir çarxların səsini sədası  Şuşa dağlarından 

gələn bir «Qarabağ  şikəstəsi» müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk 

Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa 

dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa 

dünya – işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və  əlbəttə, o zaman Cümü 

hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq...  

II 

Izabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin 

qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-

səmirsiz, yumşaq bir şimşək çaxdı  və o səssiz  şimşəyin Izabelin bütün bədəninə 

yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı. 

Ziba – Izabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və 

həmin 1989-cu ildə Izabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə 

Izabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya 

Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü 

şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox 

olmurdu.  

Illər keçirdi, amma o Ziba nostalgiyası eləcə Izabelin ürəyinin içində idi, hətta 

bəzən bu cavan və sərbəst qızın həyatının hansısa gözəl məqamlarında bir müddət o 

nostalgiya lap dibə çökürdü və  həmin məqamlarda Izabel birdən gözlənilməz bir 

təlaş hissi ilə diksinib o Ziba nostalgiyasını tələsik üzə çıxarırdı, çünki artıq on dörd 

il idi ki, ürəyində gəzdirdiyi o hissiyyat da bu qızın gündəlik həyatının tərkib hissəsi 

idi. 



 

358


Izabel özündən böyük qardaş  və bacılarından fərqli olaraq, Azərbaycanı 

görməmişdi, Izraildə, Qüds ilə Iordaniya sərhəddi arasında Eriha deyilən kiçik bir 

şəhərdə anadan olmuşdu, amma «Azərbaycan» sözü də o Ziba nostalgiyasının içində 

Izabelin ürəyində idi, çünki Ziba həyatının iyirmi ildən artığını – 1968-ci ildən – 

Izraildə yaşasa da, onun fikri-zikri, hissləri heç cürə bu ölkəyə  sığışmırdı, 

əcdadlarının diyarı kimi Izrailə hörmət etsə də, hətta, bu ölkəni sevsə də, düşüncəsi, 

hissiyyatı, xatirələri ilə  bərabər uçub bu yerlərdən min kilometrlərlə uzaqlarda 

yerləşən Azərbaycana, Azərbaycanın Quba şəhərinə, doğulub böyüdüyü, məktəb 

bitirdiyi, ərə getdiyi Qırmızı Qəsəbəyə qonurdu.  

Əlbəttə, haçansa gözəl Qubada, Qubanın gözəl Qırmızı Qəsəbəsinin Azərbaycan 

dilli orta məktəbində coğrafiya dərsi keçən və yəqin ki, Iordaniyanın adını ilk dəfə 

elə o dərsdə eşidən, xəritədə görən al qalstuklu pioner Ziba Xanukovanın ağlına da 

gəlməzdi ki, illər keçəcək və Allahın ona verdiyi ömrü Iordaniya sərhədlərində 

davam edib, orada da başa vuracaq.  

Ziba qohumlarının dəvəti və ərinin təkidilə bütün ailəsilə birlikdə Izrailə köçdü, 

Qırmızı  Qəsəbədə  nələri varıydısa, satdılar, qohum-əqrəbaya, tanış-bilişə 

bağışladılar və Zibanın  əri elə  fərz elədi ki, daha Qırmızı  Qəsəbədə heç nələri 

qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı  Qəsəbədə Zibanın (elə 

onun özünün də!) ürəyi qalıb. Ömür isə, Qudyalçayın suları kimi axıb gedirdi və o 

sular heç vəchlə geriyə axa bilməzdi. 

Izabel bilirdi ki, Qırmızı  Qəsəbə Azərbaycanda yaşayan dağ  yəhudilərinin – 

yəhudi tatların yaşadığı bir yerdir, gözəl bir çayın sahilindədir, meşəli dağların 

arasında güney bir çöllükdədir və Izabel tez-tez bunun da şahidi olurdu ki, Izraildə 

yaşayan yəhudilər, hətta, SSRI-nin başqa respublikalarından, Rusiyanın özündən, 

Ukraynadan, Belorusiyadan Izrailə köçüb gəlmiş  yəhudilər Qubanı tanımayanda, 

Avropadan köçüb gəlmiş  yəhudilər isə  bəzən Azərbaycanın da adını birinci dəfə 

eşidəndə, Ziba necə  pərt olurdu. Ziba Xanukova, yeri düşdü-düşmədi, deyəndə ki, 

mən Qubadan gəlmişəm, bəzən adamlar elə başa düşürdülər ki, söhbət Kubadan 

gedir və təəccüb edirdilər: «Kubada da yəhudilər var?», guya, Fidel Kastro var idisə, 

orada yəhudi ola bilməzdi, amma Zibaya təsir edən bu deyildi, o idi ki, bu insanlar 

Quba kimi bir yerin heç adını da eşitməyiblər və belə vaxtlarda Ziba, elə bil, 

Qudyalçayın, Qəşrəş meşələrinin, igidlərin at oynatdığı Quba dağlarının qarşısında 

xəcalət çəkirdi və ağlamsına-ağlamsına Izabelə deyirdi:  

– Sənin oğlun olanda adını Aydın qoyacam!.. 

Məsələ burasında idi ki, Ziba hələ onuncu sinifdə oxuyanda – 1959-cu ildə 

(keçən  əsrin ortalarında!) – Qırmızı  Qəsəbənin dram dərnəyində ilk dəfə 

azərbaycanlıların məşhur bir dramaturqunun əsərində Gültəkin rolunu oynamışdı və 

Aydın da Gültəkinin sevgilisi idi.  

Anasının bütün bu söhbətlərinin hamısı Izabelin uşaqlıq xatirələrinə hopub 

qalmışdı və bir dəfə bu ad – Aydın – yenə onun yadına düşəndə Internetə baxdı və 

təkcə belə bir məlumat aldı ki, Türkiyədə Aydın Hətiboğlu adlı bir şair var, amma 

Zibanın,  əlbəttə, Aydın Hətiboğlundan xəbəri yox idi və Izabel bəzən, az qala, 

cismani surətdə hiss edirdi ki, oğlu olsa və  oğluna Aydın adı qoysa, Zibanın ruhu 

şad olacaq. 

Amma Izabelin hələ ki, ərə getmək fikri yox idi.  



 

359


Düzdü, dünyada qaçqınlar çox idi, Izabelin də  işi qaçqınlarla bağlı idi və 

qaçqınların həyatı, onlarla hər bir görüş yalnız mənfi emosiyalar verirdi, düzdü, bu 

cavan qızın ürəyində daimi bir ana nostalgiyası var idi, amma, həyat ki, təkcə 

qaçqınlardan və təkcə o nostalgiyadan ibarət deyildi...  



III 

Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və 

yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu 

qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir 

yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq 

uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və  həyatının  ən gərgin,  ən 

qayğılı,  ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o 

müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa 

elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu 

qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində  dəniz üçün səhər 

açılsın.  

Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, 

yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə 

bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında 

səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də 

gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla 

bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış 

yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun 

vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü. 

Ağadadaş  səksəkə içində yuxudan oyanıb yerində oturdu və  rəngi solmuş göy 

maykasının altından arıq və tükü ağarmış sinəsini qaşıya-qaşıya filtrsiz siqaret 

çəkməkdən xırıldayan səsi ilə: 

– Alə, bu nə axmaq oğlu axmaq xoruzdu belə, alə?– dedi. 

Balacaxanım adyalın altından pırtlamış kök bədənini qurcalayıb yuxulu-yuxulu: 

– Fikir vermə, – dedi.. – yatginə... 

Ağadadaş sövq-təbii  əlini uzadıb yastığının yanında döşəməyə qoyduğu 

siqaretdən birini götürdü və: 

– Necə fikir verməginə, ağəz, mənnəndi begəm?– dedi. – Bu əclafın bu boyda 

bannamağınnan sonra yatmaq olar? 

Və elə bil ki, Qırmızı xoruz sahibinin bu sözlərini bir daha təsdiq etmək üçün 

var gücü ilə təzədən banladı. 

Balacaxanım gözlərini açmayaraq Qırmızı xoruzun qarasına: 

– Şoqəribə qalasan səni!.. – dedi. 

Ağadadaş  qırx-qırx beş il idi Bakı – Binə aeroportu – Buzovna – Zuğulba – 

Bilgəh – Maştağa – Zabrat – Bakı marşrutu ilə avtobus sürürdü (buna görə  də 

kənddə hamı onu Avtobus Ağadadaş kimi tanıyırdı), iki gün səhərin gözü 

açılmamışdan gecəyə  qədər işdə olurdu, evə gecənin yarısı  gəlib çıxırdı, üçüncü 

günü isə istirahət edirdi və həmin sentyabr günü də həm Ağadadaşın istirahət günü 

idi, həm də, ümumiyyətlə, bazar günü idi və Balacaxanım da sidq-ürəkdən istəyirdi 

ki, kişi doyunca yatıb dincəlsin, ona görə də, indicə dediyi qarğışla kifayətlənməyib, 

yenə adyalın altında qurcalana-qurcalana Qırmızı xoruzun qarasına: 

– Öləsən elə!.. – deyə dübarə bir qarğış da əlavə etdi. 




 

360


Ağadadaş siqareti yandırıb ayağa qalxdı  və  xırıltıyla öskürə-öskürə gedib 

həyətin yuxarı başındakı hinin qapısını açdı: 

– Çıx bayıra, əclaf oğlu əclaf!.. – dedi, sonra gedib həyətin də küçə qapısını açdı 

və səhərin gözü açılmamış Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca, tələsə-

tələsə və qaqqıldaya-qaqqıldaya həyətdən çıxdılar. 

IV 

O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da 

«2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan 

qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də 

belə olacaqdı. 

O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və 

Buzovnadakı  fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının 

səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki 

kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– 

Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir 

gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o 

vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub 

gedirdi və indiki zindan ağırlığında deyildi.  

O universitet səfərindən sonra Cümünün həyatında gözəl hadisələr baş vermişdi, 

evlənmişdi, uşağı olmuşdu,  Şuşanın sayılıb-seçilən taksi sürücülərindən biri idi, 

özünə yaxşı həyət-baca düzəltmişdi və o həyətdə bir armud varıydı ki, ağacdan dərib 

bir dəfə dişləyəndə şirəsi adamın bütün yaxasını isladırdı və indi ermənilər də yəqin 

o həyətdə Cümünün dədə-babasının goruna söyə-söyə o armudu ləzzətlə yeyirlər. 

Heç o həyət də olmasaydı, o ev-eşik də olmasaydı, heç arvad-uşaq da olmasaydı, 

Şuşanın özü ki, var idi və bu az idi bəyəm? Bunu fikirləşəndə, Cümü Şuşanın təkcə 

məhəllələrini, evlərini, bağlarını, düzlərini, sıldırım qayalarını yox, Topxana 

meşəsini, Cıdır düzünü, Ərimgəldini, Isa bulağını, Turş suyu, Səkili bulağı, hətta 

özünün doğulduğu və ömrü boyu yaşadığı Ağadədəli məhəlləsini yox, Şuşanın, az 

qala, bütün ağaclarını, daşlarını da bir-bir gözünün qabağına gətirirdi, hətta, Şuşanın 

kənarlarındakı böyürtkən kolları da köhnə (və doğma!) tanışlar kimi yadına düşürdü 

və bəzən Cümü özü də heyrətə gəlirdi ki, bu daşlar, bu ağaclar, kollar onun beyninə 

bu dəqiqliklə nə vaxt və necə həkk olub?  

Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni 

gəlib Şuşanı alandan sonra ki, qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu 

fəhlə yataqxanasında məskunlaşdılar, aradan keçən bu on ildəki həyat Cümünün 

ömrü deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür – 

Şuşada, o Ağadədəli məhəlləsində qaldı və Cümü bütün sısqa vücudu ilə hiss edirdi 

ki, bir daha Şuşaya gedib o ömrü davam etdirməyəcək, ona görə yox ki, erməni 

haçansa  Şuşadan qovulmayacaq, ona görə ki, Cümü elə burada öləcək və onun 

mafəsini Buzovnadakı  fəhlə yataqxanasının həyətindən qaldırıb aparıb kənd 

qəbirstanlığının böyründə bir yer tapıb basdıracaqlar və bu ətrafın sümsük itləri də 

gəlib orda pislik edəcək. 




 

361


Elə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə 

ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə 

(heyhatla!) deyirdi: 

– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...  



VI 

Şuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini 

Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan 

soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi  əlindəki 

nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-

düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, 

həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam 

otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə 

gətirirdi, özü də  məcməyisiz – bir əlində (sağ  əlində), hərəsi iki nəlbəki-stəkan 

beşmərtəbə çay sarayı  gətirirdi və  hələ  Şuşada heç kim görməmişdi ki, Gözlə-

Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, 

Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o 

çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, 

nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir 

keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq 

yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər 

qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay 

içə bilirdi.  

Fəhlə yataqxanasının həyətində  qədim bir zeytun ağacı var idi və o qədim 

zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və 

Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz 

kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o 

otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə 

o skamyada içirdi.  

Və bir dəfə – iki il bundan əvvəl – axşamüstü Cümü tır-tırı  həyətdə saxlayıb 

axırıncı – beşinci mərtəbədəki otaqlarına qalxmaq istəyəndə, zeytun ağacının altında 

otura-otura özü də həmin ağac və həmin skamya, onlardan o tərəfdəki böyük həyət 

kranı  və üç iydə  ağacı, bir az aralıdakı hay-hayı gedib vay-vayı qalmış iki dəmir 

zibil yeşiyi, bir az da aralıdakı suyu qurumuş quyunun paslanmış mancanağı kimi bu 

həyətin daimi bir hissəsinə çevrilmiş Məmməd kişi Cümünü saxladı: 

Bura bax, – dedi, – adam dəli olanda özü bilmir ki, dəli olub? Hı?– Sonra 

nəhayət ki, Cümünün adını yadına salıb: – Elədi, Cümü?– soruşdu. 

Cümü  əvvəlcə elə bildi ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm 

Məmməd) ona söz atır, amma qocanın uzaqlara zillənmiş  və  rəngi tamam solub 

itmiş gözlərinə baxanda başa düşdü ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-

Gəlirəm Məmməd) özündən nigarandı... 



VII 


 

362


O gündən on bir ildən artıq keçirdi və Cümü hərdən o günü yadına salanda 

fikirləşirdi ki, bəyəm o günə də gün demək olar? Axı, gün yalnız o demək deyil ki, 

günəş  çıxır, səhər açılır, günorta olur, sonra axşam düşür, günəş batır və gecə 

başlayır, gün odur ki, yaşayırsan, nəsə edirsən, amma o gün – 1992-ci ilin 8 may 

günü, erməninin  Şuşanı  işğal etdiyi, camaatı  qırıb qaçırtdığı gün – heç cürə gün 

sözünün içinə  sığışmırdı. O gün – camaatın quru canını götürüb qaçdığı o gün 

Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma 

şuşalıların Allahın qarşısındakı günahı  nə idi ki, Şeytan onlara belə bir hədiyyə 

edirdi? – Cümü, xüsusən də üç yüz qram araqdan sonra, nə illah edirdi, bu sualın 

cavabını tapa bilmirdi.  

Şuşadan qaçqın düşüb salamat qalanlar gəlib Ağdama yığışdı, sonra hərə 

gümanı gəldiyi bir yerə, bir qisim də Bakıya üz tutdu və Cümügil on ildən çox idi ki, 

burada – Buzovnadakı bu fəhlə yataqxanasında qalırdılar. Fəhlə yataqxanası 

bütünlüklə qaçqınlara verilmişdi və Cümügil altı  nəfər – Cümü idi, anası Güllü 

arvad idi, Sona idi, Cəmilə idi, Qalib idi, bir də Sonanın böyük bacısı Solmaz idi – 

yataqxananın beşinci mərtəbəsində on altı kvadratmetrlik otaqda qalırdılar. Bu 

otağın da qapısı beşinci mərtəbədəki o biri otaqların qapısı kimi uzun aralığa açılırdı 

və o uzun aralıqda, xüsusən yay vaxtı xlor iyindən dayanmaq olmurdu, çünki 

aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-gündüz ora xlor 

tökürdülər ki, üfunət-çirkab aləmi başına götürməsin. Hər halda, xlor iyi üfunətdən 

yaxşı idi və orası da yaxşı idi ki, bu yerlərdə xlordan ucuz şey yox idi. 

VIII 

Izabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının 

Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və  kədərli təəssüratlarla dolu çətin 

işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr 

günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və  xərclərini alıb Ali 

Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu 

marketlərdən birinə apardı  və Cenevrədə qiymətlərin çox baha olmasına 

baxmayaraq, Izabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına 

bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə 

fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.  

Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir 

vaxtlar Azərbaycanda yaşamış  və Azərbaycan sevgisini özü ilə birlikdə 

Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova 

adlı bir qadının hədiyyəsidir, amma bunun nə  dəxli var idi? Əsas məsələ o idi ki, 

Zibanın ruhu şad olacaqdı.  

IX 



 

363


Həmin sentyabr günündən bir müddət  əvvəl məlum oldu ki, növbəti dəfə 

xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə 

yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında 

dayanmışdı  və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı 

mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir 

vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) 

qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-

birindən təzə  xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını,  əzab-

əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini 

boşaltmağa fürsət tapırdılar. 

Krantın arxa tərəfində üç dənə böyük iydə  ağacı var idi və  kəndin camaatı 

deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla 

oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci 

illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər 

tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar 

qalıb.  


Həmin sentyabr günündən bir müddət  əvvəl o arvadlar it ləhlədən istinin və 

evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb 

söhbət edirdilər. 

Kolxoz kişinin dul arvadı Xədicə dedi: 

– Az, deyirlər xaricdən yenə qəmisyə gələcək... 

– Onnarın qəmisyəsi başlarına dəysin!.. Gəlib nağayrajaqlar, az? Indiyədək 

gəlib-gedib nağayrıblar ki, bunnan sonra da eləsinlər?.. – Bunları da Gözlə-Gəlirəm 

Məmməd kişinin arvadı Sürəyya xala dedi. 

Sonra o biri arvadların da giley-güzarı bir-birinə qarışdı. 

– O qəmisyədəkilər gəlib bir gün burda bizim günümüzdə yaşasınlar, onnan 

sonrasına baxarıq!.. 

– Az, bunnar hamısı erməninin şipyonudu!.. 

Bu vaxt Cümü ilə Sona yataqxananın yeganə blokundan çıxdılar, Cümü 

motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə 

oturdu. 

– Cümü bunu hara aparır, az? 

– Teatra!.. Hara aparacaq? Bilmirsən? 

– Vallah, bunun, heç olmasa, tır-tır lafeti var, öz arvadıdı, hara istəyir, ora da 

aparır! Bizim kişilər neyləsin? Səkkiz nəfər bir otaqdayıq! Sən də  qəmisiyədən 

danışırsan! On bir ildi nağayrıb bizə o qəmisyə, hı? 

– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o sınıq-salxax 

skamyada, bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisyən! – Bu son sözləri də 

Sürəyya xala dedi. 

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən 

Ağadadaşın kefinə soğan doğramışdı  və bu azmış kimi, üstəlik, səhər çay-

çörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi Ibadullayla nərd 

oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı 

evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir 

kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub: 



 

364


– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib... 

Ağadadaş bütün Buzovnada ən gözəl çörək bişirən Hacı Əliağanın təndirindən 

təzəcə çıxmış isti çörəyi kasanın içinə – bozbaşın suyuna doğraya-doğraya: 

– Bəs toyuqlar?– soruşdu. 

Balacaxanım: 

– Ikisi yoxdu... Qalanları hindədi, qeyidiblər... – dedi. 

Ağadadaş, elə bil, bu bazar günündən o vaxtsız səhər banının, dalbadal 

uduzduğu o üç tasın hayıfını almaq üçün, ləzzətlə bozbaşdan bir qaşıq ağzına qoyub: 

– Hara gedəcəklər?– dedi. – Avtobusa minməyəcəklər ki, qeyidib gələcəklər 

də... 


XI 

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə 

çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.  

O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet 

xəyallarını birdəfəlik ürəyindən çıxartdı,  əvvəlcə avtobus profilaktoriyasında 

matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik 

kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü 

və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə  qızıl koronka 

saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.  

Cümü Sonaya vurulanda Sona on birinci sinifdə oxuyurdu və Sonanın gözəlliyi 

get-gedə – qız gözgörəti  ətə-qana dolduqca – elə bil, Ağadədəli məhəlləsində 

cavanların başının üstündə qövsi-müqəddəs kimi qövsi-gözəl bir şeyə çevrilirdi.  

Sonra Cümü taksiyə keçdi və Cümünün o taksini sürmədiyi yer qalmadı, çünki, 

xüsusən yay aylarında, Şuşada istirahətdən, müalicədən sonra geri qayıdan imkanlı, 

yəni, taksi tuta bilən müştərilərin biri Azərbaycanın bu başında, o biri də o biri 

başında yaşayırdı, elə həftə də olurdu ki, iki dəfə, üç dəfə Bakıya gedib qayıdırdı, 

hətta, neçə dəfə Tiflisə getmişdi, bir dəfə isə, Rostovacan gedib çıxmışdı və o vaxt 

Sona da Cümünü – Qızıldiş Cümşüdü seçdi; Cümünün qara «Volqa»nı (taksini) silib 

par-par işıldadaraq Ağadədəli məhəlləsində Sonagilin ikinci mərtəbədəki eyvanının 

qabağından keçməyi qızı hipnoz elədi, ya qızıl dişinin işıltısı  qızın gözünü 

qamaşdırdı, hər halda, onların toyu Ağadədəli məhəlləsində yaddaqalan toylardan 

biri oldu və o toyda Malıbəyli Köhnə Qaval Isgəndər Nuh Nəbidən qalma qavalını 

qulağının dibinə sıxıb bir «Qarabağ şikəstəsi» oxudu ki, o şikəstə «– Isgəndər daha 

qocalıb...»– deyənlərin birdəfəlik cavabını verdi və sübut elədi ki, qızıl qaldıqca, 

qiyməti artır.  

– Isgəndər kişi, o tərəflərdə  nə var, nə yox?– bunu axşam Bolelşik Bufetçi 

Ibadullanın bufetində araq dümləyib və indi tək gəlib dəniz kənarındakı qayalıqda 

oturaraq dənizə baxan Cümü qışqırırdı, guya, Malbəyli Köhnə Qaval Isgəndər ona 

cavab verəcəkdi ki, o tərəflərdə, yəni, o biri dünyada nə var, nə yox, orda işləri yaxşı 

gedir, ya pis? 

Şuşadan qaçaqaç düşəndə erməniyə kömək eləyən rus əsgərinin «Kolaşnikov»u 

Malbəyli Köhnə Qaval Isgəndəri ortasından biçmişdi və o qaçaqaçda onun yanında 

olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışırdı ki, Malıbəyli 

Köhnə Qaval Isgəndərin bədəni ortadan ikiyə bölünmüşdü, qurşaqdan yuxarısı bir 

tərəfdə idi, aşağısı o biri tərəfdə  və  həmişəki göy çixollu qaval da eləcə  əlində 

qalmışdı.  




 

365


Cümünün axşamlar Bolelşik Bufetçi Ibadullanın bufetindəki araqdan sonra 

hərdən tək gedib o qayalıqda oturmağı var idi və Cümüdən başqa bundan heç kimin 

xəbəri yox idi – Cümüdən başqa, bir də ki, o tır-tırdan başqa, çünki hərdən Cümüyə 

elə  gəlirdi ki, o tır-tır da bu quru, adda-budda kollu-koslu Abşeron çöllərinin 

sahibsiz itləri, pişikləri kimi bir şeydi. 

–  Ə, sən öl, bir dəfə  səni götürüb dənizə atacam! – bunu da Cümü Bolelşik 

Bufetçi Ibadullanın bufetindən sonra o qayalıqda oturduğu vaxtlar hərdən 

motorollerə (tır-tıra) deyirdi, guya ki, o tır-tırın Cümünün qabağında nəsə bir günahı 

var idi.  

Əksinə, Cümü gərək o motorollerin qara tüstü buraxan o paslı borusundan 

öpəydi, çünki Buzovnadakı  fəhlə yataqxanasının beşinci mərtəbəsindəki o altı 

nəfəri, özü, yəni Cümü heç, o beş nəfəri – Güllü arvadı, Sonanı, Cəmiləni, Qalibi, 

Solmazı – dolandıran o kuzovlu motoroller idi. Elə ki, Bakıya gəlib çıxdılar, bu 

fəhlə yataqxanasında məskunlaşdılar, elə ki, Cümü Bakı taksilərində özünə bir iş 

tapa bilmədi, elə ki, bir müddət profilaktoriyada, bir müddət də benzindoldurma 

məntəqəsində günəmuzd işləməyindən bir şey çıxmadı, onda Bolelşik Bufetçi 

Ibadulladan borc götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorolleri 

aldı, təmir etdi və  fəhlə yataqxanasında yaşayan camaatın bir qismi, yəni uşaqlar, 

qocalar ki, hələ yuxudan durmamışdılar, motorollerin səsinə yuxudan oyanmağa 

başladı, çünki yarım saat guruldayıb-tırıldayıb sönürdü-yanırdı, sonra işə düşürdü.  

Cümü, adətən, Maştağaya sürürdü, həyətdə heyvan saxlayan ətraf kəndlərin 

camaatı üçün saman, quru çörək, cürbəcür yemlər, toyuq-cücə saxlayanlar üçün 

buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı və aparıb ev-ev satırdı. Misal 

üçün, quru çörəyin birini iki yüz manata alırdı, iki yüz əlli manata satırdı, eləcə də 

yem, arpa və başqa bu kimi şeylər, amma elə ki, yay gəlirdi və imkanlı adamlar öz 

bağlarına köçürdü, kimsə, haranısa təmir etməyə, harasa bərbəzək vurmağa 

başlayanda, Cümü tır-tırın kuzovuna sement torbası, rəng, mismar, əhəng yığırdı və 

kəsə yolla Maştağadan Nardarana sürürdü, ordan dəniz qırağı yolla Bilgəhə gəlirdi, 

Bilgəhdən Zuğulbaya, oradan da Buzovnaya keçirdi, əgər kuzovda satılmamış mal 

qalırdısa,  Şağana, Mərdəkana,  Şüvəlana sürürdü, axşam təzədən Buzovnaya 

qayıdırdı  və  əvvəllər Buzovna bazarında ayın-oyun alıb fəhlə yataqxanasındakı 

evinə (otağa) gedirdi. Bir il belə keçdi, iki il belə keçdi, o illər ki, «Allah qoysa, 

sabah qayıdacağıq Şuşaya, birsigün qayıdacağıq Şuşaya!..», o illər ki, Qalib anadan 

oldu və Cümü onun adını gələcək Şuşa və ümumiyyətlə, Qarabağ qələbəsi şərəfinə 

Qalib qoydu, amma sonra yavaş-yavaş əvvəlcə Bolelşik Bufetçi Ibadullanın bufetinə 

dəyməyə başladı, sonra fəhlə yataqxanasındakı evə (otağa) getdi və Qızıldiş Cümşüd 

hamı üçün Cümü oldu. 

XII 



 

366


Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə 

avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, 

nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, 

ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu 

avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə 

getdi və  əlüzyuyanın üst tərəfindən asılmış paslı  dəmir çərçivəli köhnə güzgüdə 

özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə 

Qaval Isgəndərin onların toyunda oxuduğu o «Qarabağ  şikəstəsi» idi, amma 

Isgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ 

şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, 

naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də 

yeyib adda-budda dəlik-deşik etmişdi. 

Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış 

o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən 

Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə  də öz əksini gördü və güzgüdəki o 

əksi Cümünün üzünə bir lopa tüpürüb: 

– Niyə onda evlənib o qızı da bədbəxt elədin, ay zaraza?– dedi. 

 XIII 

Həmin sentyabr günü Bolelşik Bufetçi Ibadullanın kefi kök idi, çünki dünən 

axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu 

gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən 

bəri bazar günü olduğu üçün, işə getməmiş  məhəllə kişilərini, hətta, məhəllədə  ən 

yaxşı  nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb 

pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus 

Ağadadaşı da bir-bir udurdu.  

Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və 

Vişnyovkanın yolayrıcında yay-qış  həmişə açıq olan bufetin daimi və qeyri-daimi 

müştəriləri də Bolelşik Bufetçi Ibadullaya sadəcə «Bufet» deyirdilər və  çəkisi 160 

kilodan çox olan Bolelşik Bufetçi Ibadulla ayaq üstə durub nəhəng qarnını qabağa 

verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol 

azarkeşi olan Bolelşik Bufetçi Ibadulla hər dəfə «Neftçi», yaxud respublikanın 

yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, 

mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet 

əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 

kiloqram yox, top kimi yüngül bir şey idi.  

Həmin sentyabr günü Sovet Ittifaqı dağıldıqdan sonra özəlləşdirdiyi bufetində 

qışqabağı təmir işləri getdiyinə, bu təmir işlərinə də bir vaqon Zirə qarpızını Moskva 

bazarlarında satıb təzə qayıtmış oğlu Ağasəlim cani-dildən rəhbərlik etdiyinə görə, 

Bolelşik Bufetçi Ibadulla həmin sentyabr günü bufetə getməmişdi, küçələrinin həyət 

qapısı ağzında, builki meyvəsi də dərilib qurtarmış qoca xartut ağacının kölgəsində 

nərd oynamaqla məşğul idi və elə ki, Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun 

itməyi xəbəri gəlib ona da çatdı, gombul barmaqları arasında tutduğu balaca sədəf 

zərləri xüsusi bir həvəslə atıb: 

– Alə, – dedi. – Ağadadaş xoruzu neyniyir?.. – Və zərlərin gətirdiyi növbəti «şeş 

qoşa»nı görüb gülə-gülə: – Bir evdə neçə xoruz olar?.. Iki xoruzun başı bir qazanda 

qeyniyər begəm?– deyə zarafat etdi.  



 

367


XIV 

Bir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq, 

Məmməd kişi yenə  həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada 

oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, 

başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb 

yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu: 

– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə 

onlara qəhmər çıxacaqdılar? 



XV 

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun 

müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron 

havası ilə  nəfəs ala bilmirdi və  dənizin o uğultusu da onu yatmağa qoymurdu – 

bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, 

bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi 

yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün 

nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.  

Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – 

Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu 

görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda 

tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-

tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova 

onu izləyir və  səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış  həyətə düşdü, 

zeytun ağacının yanında Məmməd kişinin (Gözlə  Gəlirəm Məmmədin) boş 

skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı  işə saldı  və  tır-tır yarım 

saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən 

çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.  

Dəniz sakit, qayalıq bürkü idi. Cümü tır-tırı həmişəki kimi bir kənarda saxlayıb 

qayalığa çıxdı və əlində tutduğu dəmir pivə bankası kimi araq bankasının ağzını açıb 

isti araqdan beş-altı qurtum içdi. Bu araqları  təzə buraxmağa başlamışdılar və 

qiyməti də su qiyməti kimi bir şey idi, Bolelşik Bufetçi Ibadullanın bufetindəki 200 

qram arağın puluna bunun üçünü almaq olardı, hərəsi də 175 qram, amma deyirdilər 

ki, bu araq zəhərdi.  

Bu dəfə Cümü bankadakı arağın hamısını içdi və öz-özünə:  

– Zəhərdi?– dedi. – Bəs, niyə səni öldürmür, ay it oğlu? 



XVI 

Şuşa Internat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada 

gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü 

də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü 

turşudub deyirdi: 

– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və 

bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..  

Salman ona təskinlik vermək istəyirdi: 

– Helə demə,  ə, niyə özünü söyürsən? Dərdimiz böyükdü də, bə  nədi,  əlbəttə, 

dərddən içirik!.. 




 

368


Cümü qəhərdən boğula-boğula: 

– Ə, sən kəs səsini! – deyirdi. – Spirt oğrusu! 

Sonra Salman xəstəxanadan oğurladığı spirti satmağa başladı  və daha içməyə 

vermədi. 



XVII 

Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü 

başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam 

kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna 

mindirib qayalığa apardı  və yenə  də o qayalıqda Sonanın solub rəngi məlum 

olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, 

hər  şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa 

gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, 

bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra 

toxtayıb: 

– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. Insansuz 

axı!.. 


Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı 

və kuzova minib hönkürə-hönkürə çığırdı: 

– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!.. 

Birdən-birə bütün sifəti təndir közü kimi alışıb-yanan Cümü heç bilmədi nə 

üçün,  əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürdü, sonra arxasını onlara 

çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki, 

əlindəki daşı öz başına çırpıb özü öz beynini dağıtsın, sonra birdən-birə boşalan, 

taqətdən düşən əlindəki qaya parçasını güclə bir tərəfə tulladı və tır-tıra tərəf getdi.  

Uzaqlaşıb qaranlıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus 

sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi... 



XVIII 

Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya 

hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən 

vertalyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını 

götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı, 

kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi 

girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o 

dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt 

Solmaz da itdi və Cümügil minbir məşəqqətlə  gəlib Ağdamda yığışanda Solmazı 

«gördüm» deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.  

Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-

gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü 

arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaxlıq vermək istədi: 

– Az, özünü üzmə... Dünyada elə möcüzələr olur ki!.. Allah kərimdi!.. 

Sona burnunun suyunu çəkə-çəkə: 

– Allahın üzü dönüb də, bizdən, ay nənə!.. – dedi. – Görmürsən? 

Güllü arvad içini çəkdi: 

– Boy-y-y, ay qız, əstəğfürullah de! 




 

369


Sona: 

– Demirəm! – dedi. 

Güllü arvad, elə bil, elə bu dəqiqəcə, indikindən də pis günə qalacaqlarından 

qorxub gəlinin yerinə özü həyəcanlı bir canfəşanlıqla: 

– Əstəğfürullah!.. – dedi.  

Amma Güllü arvadın o «əstəğfürullah»ının nəticəsiydi, ya nə idisə, onun özünün 

də inanmadığı o möcüzə, həqiqətən, baş verdi – Şuşadan qaçdıqları vaxtdan düz on 

üç gün sonra Solmaz Əsgərandan aşağıda, Qasımlı  kəndinin yaxınlığında tapıldı – 

huşu özündə deyildi, çöldə, bir gilənar ağacının altında yerə sərilib qalmışdı, əyni-

başı  cırılıb dağılmışdı, arıqlayıb təkcə sümükdən və  dəridən ibarət baldırları adda-

budda göm-göy göyərmişdi, yalın ayaqları qan içində idi, amma özü sağ idi.  

Camaatın sağlam ərindən, oğlundan, qızından xəbər yox idi, amma kor Solmaz 

gecə-gündüz pay-piyada Şuşa dağlarından enib, ermənilərin gözündən yayınıb 

Ağdamacan gəlib çıxmışdı  və bir neçə gündən sonra danışa bilən Solmaz belə bir 

söz dedi: 

– Allah əlimdən tutub aparırdı məni... 

Kor bacısının bu sözü Sonanın bütün beyninə sahib oldu, Sona fikirləşdi ki, yox, 

Allahın üzü hələ onlardan dönməyib, pis günün ömrü az olar, yenə  Şuşaya 

qayıdacaqlar, Ağadədəli məhəlləsindəki evlərində yaşayacaqlar, Cümünün (Qızıldiş 

Cümşüdün) qara «Volqa» taksisi yenə  gəlib məhəllədə, həyət darvazalarının 

qabağında dayanacaq, amma günlər keçdi, aylar keçdi, gəlib Buzovnadakı  fəhlə 

yataqxanasında məskunlaşdılar, illər keçdi və Sonanın beyninə sahib olan o hisslər 

də bütün bu müddət ərzində qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam 

yox olmadı, çünki o ümid axıracan ovulub tökülsəydi, tamam yox olsaydı, o zaman, 

ümumiyyətlə, həyat, yaşamaq sona yetəcəkdi. 

XIX 

Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın 

işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının 

doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün 

düşmüşdülər. Bu ölkənin  əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, 

Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu 

olmayan bir hadisə idi.  

Izabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində 

dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox 

görüşsə  də, növbəti hər görüşün ağır təəssüratı  qətiyyən azalmırdı. Azərbaycanda 

ezamiyyətdə olduğu bu üç gündə də Izabel ölkənin bir neçə bölgəsində qaçqınların 

çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış  məntəqələrində oldu və  hər dəfə 

qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün 

sahilindəki o sakit, arxayın yaşayış Izabel üçün Corc Lukasın filmləri kimi bir şey 

idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi. 

Həmin sentyabr günü bazar günü olsa da, Izabel əvvəldən planlaşdırdığı kimi, 

Bakının 35 kilometrliyindəki Buzovna kəndində qaçqınlarla bu səfərinin son 

görüşünü keçirməyə getdi və onu müşayiət edən rəsmi dövlət məmuru və yerli 

tərcüməçi qızla birlikdə maşına minməzdən əvvəl məmurdan soruşdu: 

– Bu gün bazardı... Onları narahat etməyəcəyik? 




 

370


Məmur Izabelə baxdı  və heç nə demədi, daha doğrusu, Izabel hiss etdi ki, 

məmur – gödəkboylu, arıq və  yəqin ki, qaçqınlarla belə görüşləri çox keçirdiyinə 

görə günün altında yanıb qaralmış bu kişi, sadəcə olaraq, deməyə söz tapmadı və qız 

burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu özünün də yanaqlarını qızardır... 

Izabel ertəsi gün səhər tezdən Cenevrəyə qayıdacaqdı, ona görə  də bu son 

görüşü tez keçirib, axşam da olsa, mütləq Qubaya, Qırmızı  Qəsəbəyə getmək 

istəyirdi, çünki Izabel, az qala, cismani surətdə hiss edirdi ki, o yerlərə getməsə, heç 

olmasa, bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhu ondan 

inciyəcək, hətta, küsəcək və buna görə də Buzovnada fəhlə yataqxanasındakı görüş 

çox çəkmədi. 

Əslində, daha belə görüşlərə qaçqınların da həvəsi və deməyə bir sözü 

qalmamışdı, çünki nə  qədər söz var idisə, bu on-on bir ildə hamısını demişdilər, 

amma nə olsun? – xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözləri ilə görürdülər, 

başlarını bulayırdılar, hətta, eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözləri 

dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, blaknotlarında nəsə 

yazırdılar, sonra da çıxıb gedirdilər – nə dəyişirdi? 

Məmməd kişinin arvadı Sürəyya xala ikinci mərtəbədəki aralıqda həmin uzun, 

kürən qızın – Izabel Xanukoffun qabağını kəsib və qaçqınların işləri ilə məşğul olan 

bəzi məmurların: «– Xaricdən gələnlərlə  nəzakətli olun»– xahişini də bir tərəfə 

tullayıb: 

– Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım 

deyil! Onu da aparın ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə 

Şuşanı qaytarın! – Sonra üzünü tərcüməçi qıza tutdu: – Az, tərcümə elə! Nətər 

deyirəm, elə  də  tərcümə elə! – Və  tərcüməçi qız onun sözlərini tərcümə etməyə 

başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti 

qonağa tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapışıb irəli 

çəkdi. – Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu 

yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar?– Sonra 

da aralığın açıq pəncərəsindən  əlini uzadıb zeytun ağacının altındakı skamyada 

oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil, Şuşanı erməni 

yox, bu uzun, kürən qız onların əlindən almışdı. – Odur, bax, – dedi, – mənim kişim 

on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı! – 

Və daha da bərkdən qışqırdı: – Şuşanı qaytar bizə! Şuşanı!.. Şuşanı!.. 

Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu: 

– Nolub Şuşaya? 

Sürəyya xala: 

– Heç nə olmayıb Şuşaya! – dedi və özünü saxlaya bilməyib hönkürə-hönkürə 

qonaqlardan ayrılıb yaşadıqları otağa girdi. 




 

371


 Izabel  Cenevrədə aldığı  şəxsi hədiyyəsini – fransız  ətrini – son görüşə 

saxlamışdı  və onu elə bu qadına vermək istəyirdi, amma, doğrusu, onun ardınca 

otağa girməyə, bu sözlərdən sonra o kiçik hədiyyəni ona verməyə ürək eləmədi və 

onlar beşinci mərtəbəyə  gəlib çıxanda qəribə bir hadisə oldu. Əslində bu, nəsə bir 

hadisə yox, ani bir hissiyyat idi, bəlkə  də haqq dünyasındakı Ziba ilə Izabel 

Xanukoff arasındakı hansısa bir biobağda, bioteldə yaranan informasiya kimi bir şey 

idi – Izabel, bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap 

dərinlərinəcən kədər içində olan cavan bir qadını görəndə, elə  həmin an qıza elə 

gəldi ki, Ziba bu qadını tanıyır, daha doğrusu, tanıyıb-tanımamağından asılı 

olmayaraq, bu qadın Ziba üçün doğmadı. Cavan qadının sifətinin gözəlliyi, elə bil, 

iri və ala gözlərindəki o kədərlə heç cürə barışa bilmirdi, o kədəri heç cürə  qəbul 

etmək istəmirdi və bu da o qadının baxışlarındakı, varlığındakı iniltini daha da 

görümlü edirdi. 

Izabel Xanukoff Cenevrədən alıb gətirdiyi hədiyyəni Sonaya – həmin cavan 

qadına bağışladı.  

XX 

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun 

görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və  Cəmilə  də, 

Qalib də maraq və  həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az 

qalırdı gülmək tutsun. 

Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü 

arvad: 

– Az, aç görək onun içində nə var elə?– dedi. 

Sona  əlində tutduğu o balaca bağlamaya taxılmış lentə baxanda uşaq vaxtı 

hərdənbir axşamlar Cıdır düzünə, ya Ərimgəldiyə, ya Istirahət Evinə  gəzməyə 

gedəndə anasının onun iki uzun hörüyünün ikisinin də ucuna bağladığı  qırmızı 

lentlər birdən-birə gəlib gözlərinin qabağında dayandı və Sona bağlamanı Solmaza 

tərəf uzatdı və elə bil, ancaq indi gördü ki, Solmaz kordu, tez əlini geri çəkib bu dəfə 

də bağlamanı Cəmiləyə tərəf uzatdı: 

– Al, aç... 

Cəmilənin on beş yaşı vardı, Cümü onu qucağına alıb Şuşadan qaçanda heç beş 

yaşı tamam olmamışdı  və  Cəmilə indiyə  qədər  əlində belə gözəl balaca bağlama 

tutmamışdı.  

Güllü arvad nəvəsinə: 

– Az, aç də... – dedi və bu on illik qaçqınlıq həyatında xaricdən onların 

güzəranını görməyə  gələn adamlardan daha heç nə ummadığı, heç nə gözləmədiyi 

üçün əlavə etdi: – Içindən indi səfeh bir şey çıxacaq... 

Cəmilə: 

– Bantı mənimdi! – dedi və Qalibə baxdı. 

Qalib bu dəfə bacısının sözünə etiraz etmədi, çünki o gözəl balaca bantın 

oğlanlara yüz faiz dəxli yox idi. 

Güllü arvad: 

– Yaxşı, ay qız... – dedi. – Aç!.. 

Cəmilə yavaş-yavaş və ehtiyatla bağlamanı açmağa başladı və nəhayət ki, açdı, 

əlində tutdutu qutunun o tərəf-bu tərəfinə baxdı. 

Güllü arvad: 



 

372


– Az, onu da aç... – dedi. 

Sona: 


– Day onun nəyini açsın? Ətirdi də...    – dedi və gülümsədi, sonra da çayniki 

götürüb otaqdan çıxdı ki, həyətə düşüb krantdan su doldursun. 

Sona elə gülümsədi ki, elə bil o ətirə yox, fəhlə yataqxanasında 

məskunlaşdıqları bu on ilə baxıb gülümsəyirdi... 

Cəmilə bu hədiyyənin belə bir gözlənilməzliyindən elə çaşdı ki, qutu ilə bərabər, 

bantı da Güllü arvada verdi və Güllü arvad bir müddət o qaba, o banta baxdı. 

Cümü açıq pəncərənin qabağında dayanıb gözlərini həyətdə krantdan çaydana su 

dolduran Sonaya zilləmişdi və Sonanın bayaqkı o təbəssümü Cümünün içini elə 

doldurmuşdu ki, Güllü arvadın ətir qabını ona tərəf uzadıb nə dediyini əvvəlcə heç 

başa düşmədi. 

– Ə, səninnəyəm... – Güllü arvad təkrar etdi. – Al bunu, apar yarmarkada sat, o 

qıza, – əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, – bir babat don al gətir... 

Cümü ətiri anasından alıb otaqdan çıxdı. 

Güllü arvad onun ardınca: 

– Sən dədəyin goru, – dedi. – Pulu arağa vermə! 

Cümü: 


– Dədəmin goru çoxdan çatdayıb!.. – dedi və tez-tez pilləkənləri düşməyə 

başladı, elə bil, təkcə bu yerlərdən yox, dünyadan qaçıb canını qurtarmaq istəyirdi.  



XXI 

Binə aeroportunun qarşı  tərəfində, Bakıdan gələn  əsas  şose yolun arxasında 

böyük bir yarmarka Sovet Ittifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş 

yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər 

nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron 

kəndlərinə nisbətən xeyli ucuz idi.  

Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir 

don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən 

gəlib Cümünün gözlərinin qabağında dayandı  və Binə Yarmarkasına sarı sürdüyü 

motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu 

mikroavtobusa çırpsın.  

Sonuncu anda qəzadan qurtaran mikroavtobusun sürücüsü barmağı ilə Cümünü 

hədələdi və hiddətlə  nəsə dedi, Allah bilir, nə söyüş söydü, amma Cümü bunun 

fərqində deyildi, içindən qopub gələn bir «niyə?» onun bütün sısqa vücudunu, elə 

bil, bir çəkisizlik içinə soxmuşdu: gözünün qabağındakı Sona niyə o paslı güzgüdən 

ona baxmalı idi, fransız  ətri nə zibil bir şeydi ki, Sona onu öz boynuna, sinəsinə 

vurmasın və niyə, niyə, niyə axı, hansı bir oynaşsa bunu alıb öz qəhbəsinə verə bilər, 

amma Cümü həmin pula Sonaya don almalıdı ki, əynindəki süzülüb didilmiş dondan 

canı qurtarsın? 

Niyə? 


Niyə? 

Niyə axı? 

Və elə bil, o tır-tır öz- özünə dövrə vurub geri qayıtdı  və  həmin sentyabr 

gününün o axşam çağında Cümünü yenə də Buzovna ilə Zuğulba arasındakı o sahilə 

– qayalığa gətirib çıxardı.  



 

373


Yüngül bir xəzri  əsdiyi üçün dənizin ləpələri qayalığa çırpılır, köpüklənə-

köpüklənə geri çəkilirdi və elə bil, ləpələrin o ardıcıllığı  həmin axşam bu yerlərə 

çökmüş havasızlığı təsdiq edirdi. Cümü birinci dəfə idi ki, bu qayalığa tamam ayıq 

gəlmişdi və elə bil, dəniz də, bu qayalar da əvvəlkindən də qat-qat artıq dərəcədə 

yad bir yer idi və qayalıqda oturmuş Cümü bir də onu gördü ki, zır-zır ağlayır, elə 

ağlaya-ağlaya da əlindəki fransız  ətrinin bantını dartıb açmaq, kağızını  cırıb 

tullamaq,  şüşəni qutusundan çıxarıb  ətirlə  bərabər qayalığa çırpmaq istədi və öz-

özünə: 


– Nə zırıldayırsan, ə, əclaf oğlu əclaf?! – dedi. 

Görünür, bir az əvvəl bu yerlərdən mal-qara keçmişdi, çünki dənizin iyinə bir 

təzək iyi də qarışmışdı. Cümü burnunun suyunu çəkə-çəkə  əlində tutduğu  ətir 

qutusuna baxırdı və həmin sentyabr gününün axşamı qəribə bir hadisə oldu: birdən-

birə, elə bil, o dəniz və  təzək iyinə fransız  ətrinin də iyi qarışdı (elə bil, Cümü, 

doğrudan da, o ətri qayaya çırpmışdı) və güman ki, dünya yaranandan bəri indiyədək 

Abşeronda heç kimin heç vaxt hiss etmədiyi qarışıq və iyrənc bir qoxu Cümünün 

burnuna gəldi...  

Bu vaxt yüngül xəzrinin qayalığa çırpdığı o yeknəsəq ləpə ardıcıllığı içində qart 

və hirsli bir qaqqıltı eşidildi – hoppanıb qayalığa çıxmış bir xoruz (Qırmızı xoruz!), 

ardıyca da iki anac toyuq, elə bil, bu kimsəsiz sahildə çoxdan bəri adam görmədiyi 

üçün, düz Cümünün üstünə  gəlirdi. Cümü ayağa qalxıb fransız  ətrini pencəyinin 

cibinə qoydu, əli ilə burnunun pərələrini tutub bərkdən fınxırdı, burnunun suyunu 

qayalığa çırpdı və aşağı enib tır-tıra tərəf getdi.  

O iyrənc iy hələ də Cümünün burnundan getməmişdi və Cümüyə elə gəldi ki

elə bil, pencəyinin cibindəki o fransız ətri də iylənmiş qurbağa ölüsü kimi bir şeydi. 

Qırmızı xoruz da, toyuqlar da qaqqıldaya-qaqqıldaya qayalıqdan düşüb onun 

ardınca getdi.  

Mator isti olduğu üçün tır-tır bir-iki dəfə nərə çəkib tez işə düşdü və o nərələr də 

Qırmızı xoruzu, toyuqları kənara qaçırmadı, əksinə, daha da bərkdən və daha artıq 

bir narazılıqla qaqqıldamağa başladılar, elə bil, haray-həşir salırdılar ki, ey insan, 

bizi burda qoyub hara gedirsən, istəyirsən ki, qurda-quşa yem olaq?  

Bu quşlar hardan azıb gəlib bura çıxmışdılar?  

Bu boyda Buzovnada onların yiyəsini tapmaq, əlbəttə, müşkül məsələ idi. Son 

vaxtlar Abşeronda siçovullar çoxaldığı üçün, kol-koslu quru çöllərdə, dəniz 

kənarındakı qamışlıqlarda tülkü çoxalmışdı, bəzən gecələr buralardan çaqqalların 

vaqqıldaşması eşidilirdi və bu heyvanlar bir neçə dəfə gecə bu yerlərdən keçib evə 

gedən tır-tırın da yolunun üstünə çıxmışdı. 

Şübhəsiz ki, səhər açılanda bu özündənrazı xoruzdan da, onun o toyuqlarından 

da bu əbləh dünyada, ancaq tükləri qalacaqdı. Cümü sağ  əlinin barmaqları 

arasındakı siqaretin tüstüsünü ciyərinə  çəkə-çəkə, sol əlini uzadıb quşları qovmaq 

istədi, amma Qırmızı xoruz, elə bil, elə buna bənd imiş kimi, hoppanıb qanadlarını 

yelləyə-yelləyə tır-tırın adda-budda quru ot tökülmüş kuzovuna qondu, toyuqlar da 

eləcə  Qırmızı xoruzun ardınca kuzova atıldılar və qaqqıldaya-qaqqıldaya, elə bil, 

taksi müştəriləri idi, tır-tırın tərpənməyini gözləməyə başladılar.  

Cümü yenə  fınxıraraq burnunun hələ  də qurumamış suyunu bu dəfə asfaltın 

üstünə çırpıb: 

– Yaxşı, – dedi, – sizi çaqqal yeyənəcən, elə bizimkilər yeyər. – Sonra, elə bil, 

özünə bəraət qazandırmaq üçün: – Çaqqallar yeməyə şey tapacaq! – dedi və tır-tırı 

sürüb dünyanın çox cansıxan yerlərindən biri olan bu qayalıqdan uzaqlaşdı.   




 

374


XXII 

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında 

olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı 

eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə  gəlirdi, Qırmızı xoruz 

qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar 

hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə  xəbər yox idi, 

Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, 

parkın arxasındakı köhnə stadionu nə  qədər axtardı, nə  qədər soraqlaşdı, Qırmızı 

xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.  

Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına: 

– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elə belə olacaq! 

  Balacaxanım Qırmızı xoruzu tapacağına ümidini tamam itirib: 

– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirə qismət edəydi onları!.. 

Ağadadaş: 

– O xoruzu ki, mən tanıyıram, o köpəyoğlunun yetim-yesirlə arası yoxdu! – dedi 

və həmin payız günü birinci dəfə güldü. – Bizi bəyənmədi, bəy axtarır... 



XXIII 

Izabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla 

bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, 

qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın 

Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa 

Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.  

Nümayəndəlikdə  işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – 

azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, 

zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da 

Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, Izabel 

xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun 

ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu 

tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, 

bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər 

tərəfdən  əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan  ətəklərinə 

baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.  

Sonra o cavan və yaraşıqlı (hündürboylu!) oğlan Izabeli Qubanın Qəşrəş 

meşəsindəki məşhur kababxanada əsl Qafqaz kababı yeməyə  dəvət etdi. 32 yaşına 

çatdığına baxmayaraq, Izabelin indiyə qədər hələ heç bir azərbaycanlı, ümumiyyətlə, 

heç bir qafqazlı ilə heç bir məhəbbət macərası olmamışdı  və Quba, doğrudan da, 

gözəl bir yer idi, sabah səhər Cenevrəyə yola düşməsinə  də  hələ bütöv, azad və 

sərbəst bir gecə qalırdı, ona görə  də Izabel Xanukoff o cavan oğlanın dəvətini 

məmnuniyyətlə qəbul etdi.  

XXIV 

... çox-çox illər bundan əvvəl Yevlaxdan Bakıya gedən qatar on yeddi yaşlı bir 

oğlanı işıqlı, hərarətli, sirli-sevincli bir Gələcəyə aparırdı... 

... və o qatarın dəmir çarxlarının çakka-çukunu, sədası uzaqlardan gələn bir 

«Qarabağ şikəstəsi» müşayiət edirdi... 



 

375


 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin