3. Ilk tamaşa
O zamanlar Fatma lap balaca idi və o zamanlar hər ilk tamaşa Fatma üçün
bayram olurdu, hələ neçə gün əvvəldən hazırlaşırdı, gecə-gündüz fikri-zikri həmin
tamaşada olurdu. Bu o zamanlar idi ki, Fatma məktəbdə, həyətdə uşaqların yanında
bir şellənirdi, gəl görəsən: bax, o keçini oynayan mənim anamdı, Şəngülümü,
Şüngülümü, Məngülümü yedizdirən mənim anamdı, canavarın qarnını buynuzları ilə
yırtan mənim anamdı. Bu o zamanlar idi ki, bir dəfə Səmayə Dovşanı oynayırdı və
Tülkü gəlib onu yemək istəyəndə (dad bu tülkülərin əlindən!) Fatma elə ağlamışdı
ki, zalda oturan bütün tamaşaçılar Dovşanın ah-naləsini unudub Fatmanın
hönkürtülərinə gülmüşdü və Səmayə də Tülkünün pəncələri arasında fikirləşmişdi
ki, bəyəm hönkürtüyə də gülərlər?
98
Bu o zamanlar idi ki, Fatma hələ «gəlirəm» əvəzinə «gəliləm», «gedirəm»
əvəzinə «gediləm» deyirdi və bu o vaxtlar, o çağlar idi ki, Fatmanın sızanaq
dərdindən əsər-əlamət yox idi və heç adamın ağlına da gəlməzdi ki, bir vaxt gələcək
və bu totuq qızcığaz belə bir sızanaq qəmginliyinə mübtəla olacaq.
Səmayə bunu fikirləşdi və gülümsədi. Yaxşı ki, rejissor bu gülümsəməyi
sezmədi, yerindən qalxıb həmişəki kimi, əl-qolunun hərəkətləri ilə dilinin köməyinə
çatdı:
– Səmayə xanım, bir az daha artıq ehtirasla istəyin, daha artıq emosional təsirə
ehtiyac var!
Səmayə:
– Yaxşı, – dedi və fikirləşdi ki, axı, yazıq Hacıleyləyin ikinci balasını da bundan
artıq necə ehtirasla istəsin, adamın ürəyi gəlir bəyəm? Axı, tülkü tülküdü, adam
adamdı.
Yenə hardan gəldi bu uşaq fikirləri?
Bu gün «Tülkü və Hacıleylək balaları»nın axırıncı məşqi gedirdi, sabah, yəni
dekabrın yeddisində ictimai baxış idi, iki gündən sonra da ilk tamaşa.
Tülkü yenə də mişarı qoltuğuna vurub palıdın dibini kəsdirmişdi və bu dəfə
Hacıleyləyin ikinci balasını istəyirdi. Hacıleylək yazıq, gözlərindən yaş axıda-axıda
yalvarırdı ki, Tülkü palıdı kəsməsin. Zalım Tülkü isə insafa gəlmirdi:
– Mənə nə var! Meşə mənə babamdan qalıb! Hansı ağacı istəsəm onu da
kəsərəm. Ya balanı mənə ver, ya da ağacı kəsəcəyəm, aparıb bazarda satacağam,
özümə toyuq alıb qəşəngcə yeyəcəyəm.
– Səmayə xanım! Axı, siz təcrübəli aktyorsunuz! Sizə neçə dəfə demək olar ki,
daha artıq ehtirasla tələb edin! Axı, siz Tülküsünüz! Qəddarsınız! Yırtıcısınız!
Görürsünüz Hacıleylək necə ürəkdən ağlayır?
Səmayə fikirləşdi ki, Hacıleylək çarəsizdi, daha neyləyəcək, gərək ağlasın da.
Bunu fikirləşdi və bu dəfə Hacıleyləyin ikinci balasını lap doğruçu Tülkü qəddarlığı
ilə istədi.
– Bu pis olmadı. – Rejissor dərindən nəfəs aldı.
Artıq neçə müddət idi ki, qar yağmırdı və küçələrdəki qar əriyib, çirklənib
palçığa dönmüşdü, eyvanlardakı qarı təmizləmişdilər, damlardakı, ağaclardakı qarı
his, tüstü qaraltmışdı və həmin günün axşamı Səmayə öz evlərinin pəncərəsi
qarşısında dayanıb bayıra baxırdı. Bir xeyli beləcə dayanıb damlarda rəngini itirmiş
qara, küçədən trolleybus, avtobus, maşınlar keçdikcə təkərlərinin altından sıçrayan
qarlı palçığa tamaşa etdi və yenə də gözlərini şüşədən çəkməyib Fatmadan soruşdu:
– Sən heç təzə qar yağanda, hər tərəf ağappaq olanda, gecə vaxtı; şəhərdə tək-
tük işıq yananda çölə çıxıb gəzmək arzulamısan? – Səmayə bu sözləri dedi və özü öz
sözlərindən bir balaca hürkdü, hürkdü ki, birdən Fatmanın könlündə elə nöqtəyə
toxunar ki, bu nöqtədə onların arasında pərdə olmalıdır; gözlərini pəncərədən çəkib
qızına baxdı.
Fatma mizin arxasında oturub sabahkı dərslərini hazırlayırdı və o da gözlərini
dərslikdən çəkib anasına baxdı:
– Elə yaman da sapojkim var ki, qarda gəzmək arzulayım!..
Səmayə əvvəlcə elə bil heç nə başa düşmədi və sonra handan-hana məlum oldu
ki, söhbət Fatmanın uzunboğaz çəkmələrindən gedir. Səmayə üçün orası da məlum
oldu ki, təbiətdə qar sevinci ilə palçıq dilxorçuluğu arasında cəmi-cümlətanı bircə
qarış məsafə var.
– Nə olub ki, sənin uzunboğazlarına? Su buraxır?
99
– Su buraxmır, amma uşaq sapojkisidir onlar. Hamı modnısını geyir, elə bir
mənəm uşaq çəkməsində, uşaq paltosunda.
Səmayə əvvəlcə qızı ilə höcətləşmək istədi, amma sonra yenə küçələrdə əriyib
palçığa dönmüş qara baxdı və beş-on gün bundan əvvəlki təzə qarı təzədən xatırladı
– ətrini duydu, rəngini gördü və hiss elədi ki, Fatma daha böyüyür əməlli-başlı;
Fatma böyüyür, özü qocalır; niyə qar palçığa dönür sonra? – özü özünə dedi ki, əcəb
axmaq sualdır bu!
– Sənə elə bir uzunboğaz çəkmə alacam ki, hamının ağzı açıla qalsın.
– Hə? – Fatmanın eyni açıldı və mizin altından ayaqlarına baxdı – elə bil daha
geymişdi həmin əntiqə uzunboğaz çəkmələri.
Sonra Səmayə dedi:
– Sabah biletləri gətirəcəyəm, verərsən Gülüşgilə, mənim adımdan onları da
dəvət edərsən.
«Tülkü və Hacıleylək balaları» Fatmanın yadına düşdü və qız açıq-aşkar
bikeflədi:
– Doğrudan, iki gün qalıb də doqquzuna...
Səmayə başa düşdü ki, Fatma bütün bu müddət ərzində günləri sayırmış.
Fatma soruşdu:
– Ay mama, yenə Tülkü paltarında olacaqsan?
Səmayə elə bil kiminsə acığına canı-dildən təsvir eləməyə başladı:
– Hə, əlbəttə! Bir əntiqə Tülkü geyimi tikiblər ki, başdan ayağa tamaşadır! Bir
şələ quyruğu var ki, gəl görəsən! Bax, bu boyda! – Səmayə qollarını açıb tülkünün
şələ quyruğunun yekəliyini göstərdi, sonra qızına baxdı və susdu.
Araya sükut çökdü və bu onların arasına çökmüş ilk sükut idi.
Nəhayət, Fatma sükutu pozdu:
– Neynirsən e, ay mama, neynirsən onları dəvət edib?.. – Anasına baxdı və əlavə
etdi: – Heç ömründə teatra getmirlər. Xoşlamırlar teatrı. Heç bir dəfə görməmişəm
ki, teatrdan söhbət eləsinlər.
Səmayə əlini üzünə apardı, elə bil dişi ağrıyırdı, sonra gülümsədi:
– Neynək, xoşlamırlar, qoy xoşlamasınlar.
Fatmanın çiynindən yük götürüldü:
– Hə də!..
Və Səmayə də sevindi ki, qızı daha narahatlıqdan qurtardı, amma sonra belə
məlum olmuşdu ki, bu sevinc bir balaca vaxtından əvvəl imiş. Bu sonra məlum oldu,
dekabrın doqquzunda, həmin gün ki, səhər tezdən yenə qar yağmağa başlamışdı və
bütün şəhər yenə ağappaq təzə qara bürünmüşdü.
Səmayə yadından çıxarmışdı ki, bu onun neçənci ilk tamaşasıdır, amma heç vaxt
onun ilk tamaşa günündə belə qar yağmamışdı. Heç vaxt onun ilk tamaşa günündəki
intizarı belə qar sevincli olmamışdı.
O, ürəyindəki bu qar sevincli intizarla teatra getdi, rejissorun axırıncı
göstərişlərinə qulaq asdı, müəllifin axırıncı xahişlərini eşitdi, inzibatçıdan neçə gün
bundan əvvəl Fatma ilə Gülüş üçün sifariş verdiyi biletləri alıb evə qayıtdı və gördü
ki, Fatma geyinib-kecinib onu gözləyir, daha doğrusu Fatma pəncərənin ağzında
dayanıb bayırdakı qara baxır, ağappaq, gümüşü qara.
Səmayə dedi:
– Görürsən də, nə qardı!
Fatma dedi:
– Hə, yaman əntiqədi, ay mama!
100
Səmayə sevindi ki, Fatma qardan beləcə sevinir, sonra biletləri qızına uzatdı:
– Al, səninlə Gülüşün biletidi.
Fatma biletləri alıb elə bil bütün ömründə birinci dəfəydi bilet görürmüş kimi o
tərəf-bu tərəfinə baxdı və dedi:
– Bilirsən, mama, Gülüş... Gülüş bu gün kinoya getmək istəyir e...
Səmayə başa düşdü ki, bu saat, yəni bu qarlı qış axşamı qızı ilə, gözəl-göyçək
Fatması ilə üzbəüz dayandığı bu dəqiqə ən birinci məsələ özünü ələ almaqdır. Bir
dəfə hansı tamaşadasa ayı balasını oynayırdı və bu ayı balası iş çətinə düşən kimi
öz-özünə deyirdi: « – Özünü ələ al, ayı balası! Özünü ələ al, ayı balası!».
– Nə olar, qoy getsin kinoya... Sən də istəyirsən onunla birlikdə get...
– Doğrudan? – Fatma bilmədi sevindiyindən nə eləsin. – Doğrudan? – Sonra
atılıb – uşaq ki, uşaq – anasının o üzündən, bu üzündən öpdü, tez-tələsik
arakəsmədən paltosunu götürüb bədənnüma güzgünün qabağında geyinə-geyinə
dedi: – Sabah mən özüm təkcə gəlib baxacağam. Bilirəm də, əntiqə oynayacaqsan
yenə. Qəzetdə yazıb səni tərifləyəcəklər...
Fatma bu sözləri dedi və birdən-birə yenə nə isə xatırlayıb nigarançılıqla
Səmayəyə tərəf döndü:
– Qəzetdə şəkil verəcəklər, mama?
Səmayə gülümsədi:
– Nə bilim?
Fatma deyindi:
– Bilmirəm qəzetlərdə niyə sənin öz şəklini vermirlər, elə bu cür, öz paltarında.
Elə bu cür şəklini versinlər də...
– Yaxşı, qoymaram Tülkü paltarında şəklimi çəksinlər. – Səmayə qızını axırıncı
nigarançılıqdan da qurtardı – heç kim bilməyəcəkdi ki, Fatmanın anası Tülkünü
oynayır; bundan sonra Dovşan da beləcə olacaqdı, Keçi də, Ceyran da.
– Doğrudan qoymayacaqsan? – Fatma yenə də atılıb anasının o üz, bu üzündən
öpdü – lap sevincək olmuşdu, sonra da şəstlə dedi: – Kimin belə maması var e?!. –
Özü də özünə cavab verdi: – Heç kimin!
Həmin qarlı qış gününün gecəsi tamaşa lap yaxşı keçdi.
Meşəyə qoca və xeyirxah bir Qarğa uçub gəlmişdi və artıq o, yaramaz Tülkünün
kələkbazlığını Hacıleyləyə başa salmışdı, başa salmışdı ki, Tülkü bu boyda palıdın
gövdəsini kəsə bilməz. Tülkü Hacıleyləyin üçüncü balasını istəməyə gələndə Qarğa
ilə Hacıleylək onu elə qovdular ki və Tülkü şələ quyruğunu yellədə-yellədə meşədən
elə qaçdı ki, tamaşaçılar – uşaqlar və uşaqlarla gələn əmilər, xalalar – əl çalmağa
başladılar, zalda hay-küy qopdu, hamı gülüşdü, rejissorla müəllif də xeyli feyziyab
oldu.
Sonra pərdə təzədən açıldı və Tülkü də, Hacıleylək də, balaları da, qoca Qarğa
da səhnənin qarşısına çıxdı.
Səmayə Tülkünün şələ quyruğunu yellədə-yellədə tamaşaçılara baş əyirdi.
Səmayə bilirdi ki, bu saat bayırda yenə də quşbaşı qar yağır, bu qarın iyini
duydu, rəngini gördü və birdən-birə ona elə gəldi ki, Fatma da Gülüşlə birlikdə,
Gülüşün anası, atası ilə birlikdə bu zalda əyləşib və o da, Tülkünü yox, Hertrudanı
oynayıb.
Səmayə zala baxdı və bu dəfə Fatmagilə baş əydi.
Tamaşaçıların kefi kök idi – Tülkünün kələyi açılmışdı.
Amma Səmayənin ürəyinə haradansa bir Tülkü ağrısı qonmuşdu, elə bil indicə
Tülkünü yox, Hacıleyləyi oynamışdı.
|