Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə4/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   2   3   4   5   6   7   8   9   ...   147
Vətəndaşlar, pullarınızı əmanət kassasına qoyun. 

Sərfəli və etibarlıdır.  

 



 

11

O, pillələri yuxarı qalxıb divardan asılmış cədvələ yaxınlaşdı. Təzədən lotereya 



biletlərini bir-bir yoxlamağa başladı. 13910 dərəcəli 191 nömrəli bileti bir manata 

düşdü;  əgər nömrəsi iki rəqəm də artıq olsaydı, «LUÇ» qızıl qol saatı udacaqdı. 

«LUÇ» qızıl qol saatı yüz altmış manata idi. Əlbəttə, yüz altmış manat bir manatdan 

daha artıq yerinə düşərdi – olacağa çarə yoxdur – gedib kassadan bir manatını aldı. 

Bu manatın bir tərəfi balaca cırılmışdı, papiros kağızı ilə yapışdırmışdılar. Manatı 

portmanatının içinə qoyub əmanət kassasından çıxdı. 

Indi də o başa iyirmi üç addım, bu başa otuz bir addım. 

Siqaretdən bir-iki qullab vurub gözucu pianinoya baxdı və qalxıb pillələri aşağı 

düşdü. Qapıdan ötəndə gözətçi adəti üzrə xudahafizləşib bir siqaret istəmək əvəzinə, 

yana-yana, az qala, ağlamsına-ağlamsına dedi ki, buna bir bax, bunun da gücü mənə 

çatır. 

Bir yağış yağırdı ki, gəl görəsən. 

Cavan bəstəkar S.Qayıblı pencəyinin boynunu qaldırıb divarların dibi ilə becid-

becid evinə tərəf üz tutdu; necə hava olursa-olsun, ömründə trolleybusa minməzdi, 

necə ki, tramvaydan da, avtobusdan da zəhləsi gedirdi; guya ki, bu, eyniliklərə qarşı 

bir üsyan idi – eyni marşrutlar, eyni dayanacaqlar, hərçənd bu üsyan da indi öz 

növbəsində bir eynilik olmuşdu. 

Qəfil yağış küçələrə  tənhalıq, sükunət gətirmişdi, küçələri bozartmışdı, boş 

küçələrin addım həsrətini də öldürmüşdü. Bu tənhalıqda bir az da xof qatışığı var 

idi, adamın canına üşütmə salırdı, adamın əti ürpəşirdi, elə bil qurbağa atıblar içinə. 

S.Qayıblının otağı səkkizinci mərtəbədə idi, özü də küncdə. Belə yağışlı, küləkli 

axşamlarda, xüsusən, gecələrdə otağın içi küçədən daha artıq uğuldayırdı. 

S.Qayıblının üstündə, yəni doqquzuncu mərtəbədə cavan bir şair olurdu, daha 

doğrusu, gənc  şair Fərhad Xoşbəxt. Onun da otağı S.Qayıblınınkının eyni idi, 

hərçənd külfət sahibi idi. 

Hə, bu Fərhad Xoşbəxt öz otağına kayut deyirdi, S.Qayıblı da indi yorta-yorta 

öz kayutuna gedirdi. 

Otaq həmişəki kimi idi, eyni miz, eyni şifoner, eyni kitab dolabı, eyni divan, 

«Riqonda» markalı eyni radioqəbuledici, Ü.Hacıbəyovun divardan asılmış eyni 

fotosu, eyni pəncərə, eyvana açılan eyni qapı, bu otağın eyni spesifik tənhalığı. 

Bu cür yağışlı, küləkli axşamda belə bir eynilik cavan bəstəkar S.Qayıblı üçün 

ən ağır bir ərəfə idi: təpədən dırnağacan boşluq ərəfəsi. 

Radio uşaqlar üçün nağıl deyirdi, axırda da uşaqlara  şirin yuxu dilədi. Sonra 

konsert başladı, kim isə – təzə bir müğənni «Şur»un «Zəminxarə»  şöbəsini 

oxuyurdu. S.Qayıblı radionu söndürdü. 

Külək, yağışı şarappıltı ilə pəncərəyə vururdu, su çərçivənin arasından süzülüb 

damcı-damcı parketin üstünə tökülürdü. Fərhad Xoşbəxt öz pəncərə  çərçivələrinin 

arasını pambıqla tıxamışdı və S.Qayıblıya da belə bir məsləhət vermişdi. 

Külək bayırda elə qıy vurdu ki, az qaldı içi qoğalla dolu boşqab mizin üstündən 

yerə düşsün. Qoğalları Novruz bayramı üçün anası  kənddən göndərmişdi, indi 

quruyub qaxaca dönmüşdülər. Elə yerə düşsəydilər pis olmazdı, çilik-çilik olardı bu 

boşqab, içindəkiləri də tullayardı, nə vaxta qədər elə-beləcə mizin üstündə qalacaq? 

Başının üstündə  Fərhad Xoşbəxtin ayaq səsləri eşidildi, zalım ayağını yerə 

basanda divarlar titrəyir. Bu addımlar da bu gecənin yeknəsəq ritmi idi.  

Həmişəki kimi bir qəhvə də dəmləyib qəndsiz içmək lazımdı ki, bu gecənin bu 

yeknəsəqliyi lap bütöv olsun, tam kvadratda; eyni fikirlər də öz-özünə  gələcək, 

istəsə də, istəməsə də. 



 

12

Mətbəxə keçib qazı yandırdı, səhər su gələndə doldurduğu çaydanı qazın üstünə 



qoydu. 

Bu mətbəxdən haçan mətbəx iyi gələcək, bu soyuq iysizlik, divarlara, tavana, 

döşəməyə hopmuş bu buz kimsəsizlik nə vaxt çəkiləcək? Qulağının dalını görəndə? 

Doğrudan da, heç vaxt isinməyəcək bu mətbəx, bu otaq, bu mənzil? Niyə 

isinmir? Yaz keçər, yay keçər, payız keçər, qış  gələr, ocaqçı  Məmmədağa həftə 

səkkiz, mən doqquz, adambaşı bir manat yığa-yığa buxarlığı qızdırar, bu mənzil də 

isinər onda. S.Qayıblı fikirləşdi ki, bu hazırcavablığın heç yeri deyil və  qəhvəyi 

rəngli linoleum çəkdiyi döşəməyə baxdı. Ayaqqabılarından bir az kənarda, zibil 

yeşiyinin yanında cırılmış bir lotereya bileti var idi.  

Cavan bəstəkar S.Qayıblı  əyilib cırıq lotereya biletini döşəmənin üstündən 

götürdü, sonra ayağı ilə zibil yeşiyinin qapağını qaldırdı; qalan lotereya biletlərinin 

hamısı ortadan bölünmüşdü və hamısı da vedrənin içində idi. Sonra gedib 

arakəsmədəki asılqandan asılmış pencəyinin döş cibindən portmanatını  çıxartdı: 

kənarı papiros kağızı ilə yapışdırılmış birmanatlıq portmanatın içində idi. 

Onun qəndsiz qəhvə içmək həvəsi də öldü və o, ilk dəfə həmin qəribə gecənin 

həmişəki yeknəsəqliyini pozdu – çaydanın altını keçirtdi. 

Yenə  də  Fərhad Xoşbəxtin addımları divarları titrətdi, o da otaqdan mətbəxə 

keçmişdi, sonra da nə isə döyəcləməyə başladı, Allah bilir, nə qayırırdı. Fərhad 

Xoşbəxtin əla planları var idi: gah blokun pilləkənlər qurtaran hissəsini kəsib evinə 

qatmaq istəyirdi, gah eyvanını uşaq otağı eləmək istəyirdi, gah tavandan qapı açıb 

otağından binanın taxtapuşuna nərdivan düzəltmək istəyirdi ki, taxtapuşda özünə bir 

otaq qayırsın. Amma bütün bunlar hamısı da, plan olaraq qalırdı və cavan bəstəkar 

S.Qayıblı çox gözəl bilirdi ki, plan olaraq da qalacaq, yoxsa ki, bu gecə bu cür 

yeknəsəq olmazdı. 

S.Qayıblı belə düşünürdü. 

O, eyvana çıxdı. Bütün binada onun eyvanı yeganə azad eyvan idi: nə boş 

şüşələr var idi (hamısı qapı-qapı gəzən butulkaalanda), nə açılıb-yığılan çarpayı, nə 

ayağından iplə dəmir barmaqlığa bağlanmış xoruz və yaxud toyuq, nə paltar sərmək 

üçün zivə, nə də başqa bir şey. Amma bu azadlıqda bir tənhalıq var idi və bu azadlıq 

eyni idi; əslində  həmin tənhalığı da yaradan bu eynilik idi; eyni əşyasızıq, eyni 

genişlik. 

S.Qayıblı siqaret yandırıb eyvanın sürahisinə dirsəkləndi. Yağış yaman yağırdı, 

başının üstündə  Fərhad Xoşbəxtin eyvanı olmasaydı, onu su aparardı. Amma bu 

yağış da həmişəki yağış idi, bu mənzərə  də  həmişəki mənzərə idi: qarşıdakı axar-

baxarın üçdə iki hissəsini tutmuş böyük qara bina, yuxarıda təzə tikilmiş  və bir-

birinin eyni olan binaların boz siluetləri, axar-baxarın qalan bir hissəsini təşkil edən 

xırda evlər və içi çəkmə təmiri emalatxanası olan köhnə məscid; həmişəki qaranlıq 

və tək-tək adamların həmişəki kimi yağışdan qaçışması. 

Qarşıdakı böyük qara binanın üçüncü mərtəbəsində yaşayan qız yenə  də 

həmişəki kimi pəncərələrinin pərdəsini aralayıb S.Qayıblının eyvanına baxdı. Bu da 

Fərhad Xoşbəxtin addım səsləri kimi bu gecəki yeknəsəqliyin özünü ifadə 

tərzlərindən biri idi. Sonra qız pərdəni örtdü, həmişəki kimi, guya ki, utandı. 

Düz iki ildir beləcə utanır, amma bir şey çıxmır. On dəqiqədən sonra yenə 

pərdəni aralayıb S.Qayıblının eyvanına baxacaq. 




 

13

S.Qayıblı siqareti tullayıb otağa keçdi, divanda uzanıb səhər aldığı «Bakinski 



raboçi» qəzetinin dördüncü səhifəsinə baxdı: lotereya cədvəlindən aşağıda hava 

haqqında məlumat var idi, yazılmışdı ki, axşam mülayim şimal küləyi  əsəcək, 

havanın hərarəti müsbət on beş-on altı dərəcə olacaq. Artıq bu təzad da adama təsir 

etmirdi, çünki bu təzadlar da eyniyyət şəklini almışdı. 

Qəzeti kənara atıb gözlərini tavana zillədi, sonra ayağa qalxdı:  şəhərə  çıxıb 

yağışın altında islanmaq lazım idi əməlli-başlı, bu otaqdan qaçmaq lazım idi 

müvəqqəti. 

Həmin gecəni cavan bəstəkar S.Qayıblının bütün ömründə  ən  əlamətdar gecə 

edən o qeyri-adi, qəribə hadisə də bu zaman baş verdi. 

S.Qayıblının neçə il bundan qabaq sarı  məxmərdən tikdirdiyi məşhur bir 

pencəyi var idi. Məşhur idi ona görə ki, yay-qış həmişə əynində olardı və qəribədir 

ki, S. Qayıblının özünün də bu pencəkdən zəhləsi gedirdi, fəqət bu qızılı çalarlı sarı 

pencək əynindən əskik olmazdı; ona görə yox ki, başqa pencəyi yox idi – yox, var 

idi, elə bu yaxınlarda yaxşı bir krep-baston kostyum tikdirmişdi və bu gün günorta 

da həmin kostyumu geymişdi, çünki nəşriyyata gedəcəkdi: kitabçasının redaktoru 

çox zəhmli bir qadın idi və srağagün onun bu sarı məxmər pencəyinə elə bir sarsıdıcı 

nəzər salmışdı ki, S.Qayıblı öz-özünə söz vermişdi – bir daha sarı pencəkdə bu 

qadının gözünə görünməsin; ona görə bu sarı pencək əynindən əskik olmazdı ki, bu 

pencək onun yaşayışının ayrılmaz tərkib hissəsi olmuşdu, bu pencək  ən bütöv 

yeknəsəqlik rəmzi idi. 

S.Qayıblı  şifoneri açıb sarı pencəyi götürdü və  cəld  əyninə geydi ki, otaqdan 

qaçsın. O, otağın işığını keçirib arakəsməyə  çıxdı  və heyrətlə arakəsmədəki 

güzgünün qarşısında dayandı: qızılı çalarlı  məşhur sarı  məxmər pencək  əynində 

deyildi, əynindəki... başqa pencək idi. S.Qayıblı gözlərini güzgüdən ayırıb əynindəki 

pencəyə baxdı,  əlləri ilə pencəyin yaxasını yuxarı qaldırıb lap diqqətlə baxdı: 

ömründə onun bu rəngdə belə bir parçadan pencəyi olmamışdı, əynindəki pencəyin 

rəngi yaşıl idi. O, otağa girib işığı yandırdı  və  şifoneri açdı: bayaq sarı pencəyini 

götürdüyü asqı boş idi və hələ də tərpənirdi. S.Qayıblı əynindəki bu qəribə pencəyi 

çıxartdı və... o, yenə də qızılı çalarlı məşhur sarı məxmər pencəyi əlində tutmuşdu. 

Cavan bəstəkar S.Qayıblını soyuq tər basdı, bir neçə an sarı pencəyə baxdı və 

arakəsmədəki güzgünün qarşısına keçib ehtiyatla, yavaş-yavaş sarı pencəyi  əyninə 

geydi.  Əyninə geydikcə  də sarı pencək gözgörəsi rəngini dəyişdi: indi tünd göy 

rəngli idi, nazik ağ milləri var idi. 

S.Qayıblı yenə  də gözlərini aynadan çəkib  əynindəki pencəyə baxdı, guya ki, 

arakəsmədəki güzgü onu aldadırdı, sonra keçib otağın işığında baxdı, sonra mətbəxə 

keçib mətbəxin işığında baxdı, sonra vanna otağına girib vanna otağının işığında 

baxdı: tünd göy rəngli miləmil pencək idi. Cavan bəstəkar S.Qayıblının ömründə 

belə pencəyi olmamışdı. Yenə arakəsmədəki güzgünün qarşısına gəldi, gözlərini 

güzgüdən çəkməyərək  əynindəki pencəyi çıxartdı  və pencək onun gözlərinin 

qabağında rəngini dəyişdi, sarı məxmər pencəyə çevrildi. 

S.Qayıblı otağa keçdi, əlindəki sarı  məxmər pencəyi  şifonerə qoydu, bir neçə 

dəqiqə dinməz-söyləməz sakitcə divanda oturdu. Başı gicəllənirdi, gözləri də 

qaralırdı elə bil. 

Sonra mətbəxə getdi, səhər su gələndə doldurduğu  şüşəni götürüb əlüzyuyana 

əyildi və suyu başına, boynuna tökdü, üzünü yudu. Əl-üzünü, başını qurulamayıb 

məhrəbanı boynuna saldı, otağa keçib bir siqaret yandırdı və divanda oturub siqareti 

axıra qədər çəkdi.  



 

14

Hər şeyi başından çıxartmaq istəyirdi, hər şeyi; dünyada heç nə yox idi, bir o idi, 



bir də əlindəki siqaret, vəssalam. 

Sonra qalxıb əl-üzünü, başını quruladı, məhrəbanı bir tərəfə atıb, şifoneri açdı və 

sarı məxmər pencəyi götürüb bir göz qırpımında əyninə geydi və bir göz qırpımında 

da sarı pencək dəyişdi: qəribə bir parçadan çox yaraşıqlı bir pencək idi, elə bil 

əyninə biçilib-tikilmişdi, boz rəngdə, özündən də küknarvarı milləri var idi, həm də 

çıraq kimi yanırdı pencək. 

S.Qayıblı arakəsmədəki güzgünün qabağına gəldi.  Əynindəki pencək o qədər 

yaraşıqlı idi ki, cavan bəstəkar S.Qayıblı bu yaraşıqdan vahiməyə gəldi.  

O, qapının zənginə diksindi, elə bil yuxudan ayıldı, fəqət yuxu deyildi bu, 

həqiqət idi. Əynindəki pencəyi çıxardıb qapını açmaq istədi, amma əynindəki 

yaraşıqlı pencəyi çıxara bilmirdi, pencək elə bil yapışqan idi, bədənindən ayrılmırdı, 

düymələri də.  Əslinin donunun çalğaşıqlı düymələri kimi, bir düymə qalıncaya 

qədər açılır, sonra öz-özünə düymələnirdi. Zəng bir də çalındı və S.Qayıblı qapını 

açdı. 


Fərhad Xoşbəxt idi, salamlaşıb soruşdu ki, bir-iki mismar lazımdır, yoxundur? 

Sonra da S.Qayıblının əynindəki pencəyə baxıb dedi ki, mübarəkdir təzə pencəyin, 

əcəb pencəkdir, amma bilmirəm bunları neyləyirsən, onsuz da sarı pencəyi əynindən 

çıxartmırsan, sonra da soruşdu ki, sənə  nə olub belə, gözümə birtəhər dəyirsən? 

S.Qayıblı dodaqaltı nə isə dedi, heç özü də bilmədi nə dedi, sonra mətbəxdən bir-iki 

paslı mismar tapıb Fərhad Xoşbəxtə verdi və Fərhad Xoşbəxt yuxarı – öz kayutuna 

qalxdı. 

S.Qayıblı Fərhad Xoşbəxtin ardınca qapını bağladı və yenə də pencəyi əynindən 

çıxartmağa çalışdı, amma pencək əynindən çıxmırdı. S.Qayıblı nə qədər çalışdısa da 

özündən küknarvarı milləri olan bu yaraşıqlı boz pencəyi əynindən çıxara bilmədi; 

bu pencək içi vakuum bir model kimi onun bədənindən ayrılmırdı. S.Qayıblı heç 

işıqları da keçirtməyə macal tapmadı, səkkizinci mərtəbədəki kayutundan baş 

götürüb qaçdı. Qapının ingilis kilidi «çık» eləyib bağlananda o, artıq küçədə idi – elə 

sürətlə düşmüşdü pillələri. 

Yağış dayanmışdısa da küçədə bir çovğun var idi. Külək boş küçələr boyu 

uğuldayırdı. Bakı küçələri heç vaxt həmin gecə kimi boş və kimsəsiz olmamışdı. 

Cavan bəstəkar S.Qayıblı gedirdi və hara getdiyini özü də bilmirdi. Elə bil 

səkkizinci mərtəbədəki kayutundan deyil, özü özündən qaçırdı, içindən qovurdular 

onu. Küçələrdəki bu uğultu onun içinə  də dolmuşdu, beynini də qupquru 

qurutmuşdu; fikirsizliyin, boşluğun içində idi beyni. 

Sövq-təbii əlini pencəyinin cibinə salıb bir siqaret çıxartdı, qarşıdakı binalardan 

birinin girişində küləkdən daldalanıb siqareti yandırdı. Dumanlı şəkildə yadına saldı 

ki, bu pencəkdən xəbəri yoxdur, birinci dəfədir geyir bu pencəyi və heç vaxt bu 

pencəyin cibinə  nə kibrit, nə  də siqaret qoyub. Ona elə  gəldi ki, əvəz-əvəz olsun 

deyə, bu siqareti də, bu kibriti də onun cibinə bayaqkı gözətçi qoyub. 

Kim isə onun üstünə  qışqırdı ki, ay yoldaş, yavaş ol, niyə ayağının altına 

baxmırsan yeriyəndə, üstümüzə çıxmayacaqsan ki. O diksindi və yalnız indi özünü 

hansı bağda isə xudmani bir guşədə qalanmış balaca ocağın qarşısında gördü; az 

qalmışdı ocağın üstünə yerisin. Bura hansı bağ idi, indi də yadında deyil. Ola bilsin 

ki, dənizkənarı park idi, çünki havadakı uğultuya elə bil dəniz səsi də qatışmışdı. 




 

15

Cavan bəstəkar S.Qayıblının üstünə  qışqıran və  yəqin ki, bu ocağı da qalayan 



kişinin  əynində köhnə  sırıqlı var idi, üz-gözünü də tük basmışdı. Bəlkə o da 

dənizkənarı parkın gözətçisi idi, bəlkə  də bir əyyaş idi. Ocağın kənarında çöməlib 

əlində çubuq tutmuşdu, çubuğun ucuna bir sosiska keçirtmişdi, sosiskanı ocaqda 

qızardırdı. 

Bu balaca ocağın qaranlıq içindəki qəfil parıltısı  və  qəfil istisi elə bil 

S.Qayıblının bütün daxilini silkələdi, elə bil beynindəki fikirsizliyi də qovub 

çıxartdı, içindəki uğultunu da. 

Ocağın kənarında çöməlib sosiska qızardan kişi S.Qayıblıya dedi ki, bu boranda 

nə olub belə, nə qovhaqovdur? Elə bil səni qamçılayırdılar, az qaldı ocağımı da 

dağıdasan. Sonra dedi ki, kim bilir, bəlkə də elə qamçılayırmışlar, amma adamı ki, 

həmişə başqası qamçılamır, bəzən adam özü də özünü qamçılayır, ya bilə-bilə, ya da 

qeyri-cür. Sonra da dərindən nəfəs alıb qızaran sosiskanın iyini içinə çəkdi və dedi 

ki, ya qamçılayırlar, ya da qamçılamırlar, dəxli yoxdur, sən də çöməl, qızış, həm də 

qonağım ol, balaca bir şüşəm də var. 

Cavan bəstəkar S.Qayıblı ocağın kənarında çöməldi,  əllərini oda tutdu, bütün 

canına bir ilıqlıq işlədi. O, qəribə bir sərbəstlik, qəribə bir azadlıq hiss edirdi – niyə? 

– səbəbini özü də bilmirdi. Bu qəribəlik onun canına yayılmış ilıqlıqda idi. 

Cibindən bir siqaret çıxardıb yandırmaq istədi, sosiska qızardan kişiyə də təklif 

etdi. Kişi dedi ki, mənim xüsusi siqaretim var, sonra döş cibindən bir «Pamir» 

çıxartdı. Yan cibindən də Nuh-Nəbidən qalmış  kələ-kötür bir müştük çıxartdı, 

siqareti müştüyə keçirib odda yandırdı. 

S.Qayıblı, nədənsə, birdən-birə əlində tutduğu siqareti odun üstünə tulladı və bu 

siqaretin alovlanmasına tamaşa etdi. Yanıb kül oldu bu siqaret. Bu siqaret «P.M. 

klubu»nun gözətçisinin payı idi. 

Sırıqlı geymiş kişi qızaran sosiskanın iyini yenə  də ciyərinə  çəkib: «Bəh-bəh-

bəh...» – dedi, sonra da başını yuxarı qaldırıb zülmət göyə baxdı, elə bil, qulaqlarını 

da  şəkləyib küləyin, dalğanın səsinə bir müddət fikir verdi, «Pamir»dən dərin bir 

qullab vurub müştüyü ağzında saxladı,  əlini də ocağın üstünə tutdu: «Bunun ayrı 

ləzzəti var». Yaman ürəkdən dedi. S.Qayıblı soruşdu ki, nəyin? Sosiska qızardan 

kişi balaca gözlərini qıyıb ona baxdı, özü də elə baxdı ki, yəni ey zahidi bizövq... 

Sonra da dedi ki, bax bu gecənin, bu ocağın, bu kababın. 

...O, öz kayutuna qayıdanda gecə yarıdan keçmişdi. Asta addımlarla pillələri 

qalxdı. Qapını açıb arakəsməyə girdi. Işığı yandırdı. Bir müddət yerindəcə dayandı, 

sonra pencəyi çıxartdı; pencək adi pencək kimi əynindən çıxdı və elə həmin pencək 

olaraq da qaldı: özündən küknarvarı milləri olan yaraşıqlı boz pencək. Bir az baxdı 

əlindəki bu pencəyə, sonra cəld addımlarla otağa girib şifoneri açdı: qızılı çalarlı o 

məşhur sarı məxmər pencək asqıdan asılmışdı. 

Cavan bəstəkar S.Qayıblı başa düşdü ki, bu, təklifdir: özün seç – ya sarı pencək, 

ya da təzə pencək. 

O, sarı pencəyi asqıdan çıxartdı, yaraşıqlı boz pencəyi onun yerindən asdı  və 

şifoneri bağladı. Bu kiçicik əməliyyatı elə bir sakitliklə və qanunauyğunluqla gördü 

ki, bir anlıq özü də sakitliyinə təəccüb etdi. 

Sonra sarı pencəyi mətbəxə apardı, zibil yeşiyinin qapağını qaldırıb bu qızılı 

çalarlı  məşhur sarı  məxmər pencəyi lotereya qırıntılarının üstündən vedrənin içinə 

basdı  və vedrəni götürüb cəld addımlarla pillələri aşağı endi, həyətdə yan-yana 

düzülmüş zibil qablarının birinin içinə boşaltdı. 




 

16

O, geri qayıdanda pusquda dayanmış pişiklər zibil qabına cumdular, guya ki, 



yeməli bir şey olacaqdı.  

Cavan bəstəkar S.Qayıblı vedrəni aparıb yerinə qoydu, sonra elə bil bir daha 

xatircəm olsun deyə şifoneri açdı: yaraşıqlı boz pencək öz yerində idi. 

Fərhad Xoşbəxt də, deyəsən, daha çarpayısına uzandı – addımlarının səsi 

birdən-birə kəsildi.  

Külək də daha dayanmışdı deyəsən. 

Yağış çoxdan kəsmişdi. 

Qarşıdakı qara binanın üçüncü mərtəbəsində yaşayan qızın işığı sönməmişdi 

hələ. Qəribə qızdır bu qız. Maraqlı qızdır. 

S.Qayıblı divanda uzandı və həmişəkindən fərqli olaraq dərhal yuxuya getdi. 

Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı – bilirdi ki, 

heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə «starıveşə» satdığını 

deyirdi, deyirdi ki, nə  qədər elədim zalım oğlu «starıveş» otuz qəpikdən artıq 

vermədi. 

Dost-tanışları bunu eşidəndə xeyli gülürdü. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin