310
Tez-tez xatirələr məni on il bundan əvvələ, iyirmi il,
otuz il bundan əvvələ
aparırdı və mən də hər dəfə bu sicilləmə xatirələri səninçün maraqlı oldu-olmadı
(hər halda, ümid edirəm ki, maraqlısı da var idi), danış ki, danışırdım, amma indi
xəyal məni otuz il yox – bu əbləh dünyadan doymaq olmur – düz qırx səkkiz il
(ağlıma gəldisə, qoy belə olsun!) bundan sonraya aparır...
Bakı 2049-cu ilin mart ayının 3-ü (bizim 48-ci ildönümümüz, amma o gələcək
dünyada bu ildönümündən heç kimin xəbəri yoxdu, bunu heç kim bilmir və bunu
daha sən də bilmirsən və mən də bilmirəm...).
Mənsiz və sənsiz (?!) dünyanın istisinin, küləyinin, yağışının, qarının soldurub
bozartdığı bir qəbir – o, mənim qəbrimdi.
Bir azdan – düz yetmiş beş gündən sonra, iyunun 25-də mənim 100 illiyim
olacaq və yəqin o qəbrin üstünə əklil qoyacaqlar (yəqin bu qədər makina və
kampüter arxasında oturub barmaqlarımı döyənək eləyəndən sonra, yazı-pozu
dediyimiz bu səfeh işlə məşğul olan hansı bir institutunsa, fakültəninsə yadına
düşəcəyəm, bir də ki... bunun indiki mən üçün nə dəxli və nə mənası?..), amma indi
mart ayının 3-dür, o qəbir də başqa qəbirlərin arasında tək-tənhadır, çünki qəbir nə
qədər qəbirlərin arasında olsa da, tənhadır və yəqin elə ona görə də qəbirdi...
Qəbirstanlığın tamam başqa bir yerində (bəlkə başqa bir qəbiristanlıqda, başqa
bir şəhərdə?.. bəlkə Istanbulda? Yusif Borşla bir qəbiristanlıqda? Bəlkə Tamara da –
əgər o vaxtacan ölübsə – oradadı?) başqa bir qəbir – sənin qəbrin... və o da yetim bir
qəbirdi, uşaqlar çoxdan o qəbirə baş çəkməyə macal tapmırlar, hərə bir yerə
səpələnib, hərənin bir dərdi-səri, bir qayğısı... ancaq bu yaxın adamlardan bəlkə
kiminsə yadına düşəcək, ağlına gələcək və bir dəstə təzətər qırmızı qərənfil gülü
alacaq (fərqi yoxdu hardan alacaq, Bakı passajından, yoxsa Qapalı Çarşıdan...),
gətirib o qəbrin üstünə qoyacaq və o qəbir bir müddət gülümsəyəcək, sonra o təzətər
qırmızı qərənfil gülləri saralıb-solacaq, quruyub yox olacaq... və bir də kimin, nə
vaxt yadına düşəcək, qırmızı qərənfil gülləri alıb bura gətirəcək?..
Haçansa – yox olub dağılanacan bir-birindən uzaq o iki qəbir eləcə lal sükut
içində qalacaq, hətta o qəbir daşlarına toxunub əsən küləklər də onları
birləşdirməyəcək, çünki o küləklər də müxtəlif səmtə əsəcək...
Dekabr, 2000.