* * *
1953-cü ilin yas içində olan həmin soyuq mart axşamlarından birində, kəndin
camaatı, həmişəki kimi, kolxoz idarəsinin qabağına toplaşıb, uzun bir dirəyin
başında quraşdırılmış radio aparatında rəhbərin ölümü ilə bağlı matəm verilişlərinə
qulaq asırdı və bu zaman, atası o aparatdan «gənc şair» kimi oğlunun adını eşidəndə,
məşhur diktor Soltan Nəcəfovun ifasında oğlunun şerinə qulaq asanda ürəyi uçundu,
əvvəlcə kişiyə elə gəldi ki, rəhbərin ölümü ona elə təsir edib ki, qulağına qeybdən
səs gəlir, amma bütün ətrafındakıların onun özündən də beşbetər bir heyrət içində
olduğunu görəndə, tamam mat qaldı: bilmədi rəhbərin ölümünə ağlasın, ya o
radiodan oğlunun adını eşitdiyinə, kənd camaatının da beləcə mat qalıb, gah ona,
gah da, məktəbin binasından var gücü ilə qaça-qaça kolxoz idarəsinin qabağına tərəf
gələn oğluna baxmağına sevinsin?
***
Dostları ilə paylaş: |