Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

İKİNCİ  ŞƏKİL 
 
M a h m u d, M i r z ə S a l m a n, Q ə m ə r b a n u, S o f i. 
Gəncə. Elə həmin gecədir.  
Mahmudun otağı. Şam yanır, uzaqdan Ziyad xanın otağından gələn musiqinin səsi eşidilir. Mahmud musiqini 
dinləyir. Mirzə Salman onun yanında oturub. 
 
M a h m u d. Insanları başa düşmək çox çətindir... Bu cür qəmgin səsdən necə  həzz almaq 
olar, necə nəşələnmək olar?.. 
M i r z ə  S a l m a n. Mahmud, məgər o xanəndənin səsi sənin xoşuna gəlmir? 
M a h m u d. Gözəl səsi var, müəllim...  
 M i r z ə  S a l m a n. Bəs nə üçün dünən də o oxuyanda zalı tərk etdin? 
M a h m u d. Çünki, o səs bir söz deyirdi, amma siz... 
M i r z ə  S a l m a n. «Siz»  –  yəni mən, yoxsa bütün məclis əhli? 
M a h m u d. Bütün məclis əhli... (Susur.) 

 
308
M i r z ə  S a l m a n. O səs nə deyirdi ki, Mahmud? 
M a h m u d. O səs deyirdi ki, mən bir zərxəridəm ki, üzüm heç vaxt gülməyəcək... Mən 
dünyanın ən dərdli adamıyam... deyirdi... və heç kimin bundan xəbəri yoxdur... Mən dünyanın ən 
dərdli adamıyam... deyirdi... amma sizi əyləndirirəm... O səs onun ürəyinin döyüntüsü idi... 
M i r z ə  S a l m a n. Biz isə nəşələnirdik... 
M a h m u d. Bəli. (Qaranlıq pəncərənin qarşısında dayanıb musiqi çalınan səmtə baxır.)  
 
Qəmərbanu otağa daxil olur. Mirzə Salman yerindən qalxıb otaqdan çıxmaq istəyir. Qəmərbanu əlinin işarəsi ilə 
Mirzə Salmanı saxlayır və sakitcə qapının ağzında dayanır. Mahmud onu görmür. 
 
M a h m u d. Adamlar niyə bunu başa düşmür? Necə olur ki, bu torpaqda doğulan, eyni ayın, 
günəşin, ulduzların altında, bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, 
bir-birini döyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki, 
belə bir eyni günəşin altında, belə bir eyni torpağın üstündə, qardaş qanı axıdan o paxıllıq  əmələ 
gəldi?  Şeytan Adəm ilə  Həvvanı aldatdı  və onlar cənnətdən qovuldu. Adəm ilə  Həvvanın günahı 
təkcə onda oldu ki, buğda yedilər, bəs nə üçün Adəm və Həvva törəmələri bu qədər günaha batdı, 
kəsdi, dağıtdı? Həmin günəşi, gül-çiçəyi, göy üzünü, ağacları görmədi onlar? 
 
Qəmərbanu irəliləyib arxadan oğlunu qucaqlayır. 
 
Q ə m ə r b a n u. Nə olub Mahmud? Yenə nə olub sənə? 
 
Pauza.  
 
Mirzə Salman təzimlə otaqdan çıxır. 
 
Niyə mənə heç nə demirsən?.. 
M a h m u d (eləcə pəncərədən baxaraq). Öləcəyəm mən... Bir vaxt gələcək, öləcəyəm mən... 
 
Xanəndənin səsi eşidilir. 
 
Q ə m ə r b a n u. Hamımız öləcəyik, bala... Çox kitab oxuma... 
D a n ı  ş a n (səhnənin sol küncünə  çıxaraq).  Mahmud Qəmərbanunun sözlərini eşitmədi... 
Çünki Mahmud bu dəm o xanəndənin ürəyinin döyüntüsünə qulaq asırdı, o ürəyin dediklərini 
eşidirdi... Mahmud başa düşmüşdü ki, əsl sözü deyən dil deyil, ürəkdir... 
 
Musiqi səsi kəsilir. Qəmərbanu otaqdan çıxır. 
 
Dan yeri sökülürdü... (Səhnədən çıxır.) 
 
 Əlində şam tutmuş Sofi otağa daxil olur.  
 
Sofi. Mahmud, niyə yatmırsan? 
M a h m u d. Bəs, sən niyə yatmamısan? 
Sofi. Mən... Mən bürküdə yata bilmirəm... Banu məni çağırdı ki, sənin yanına gəlim. Hara 
baxırsan? 
M a h m u d (Sofiyə sarı çönür). Saray əyanlarına baxıram... 
Sofi  (təəccüblə).  Saray  əyanlarına? Burdan ora əyan görünər? Özü də saray əyanları indi 
yeddinci yuxularını alırlar... 
M a h m u d. Özləri üçün yatıblar, mənim üçün yox... 
 
 İ ş ı q  s ö n ü r. 

 
309
 
 
ÜÇÜNCÜ  ŞƏKİL 
 
M ə r y ə m. 
Səhra. 
 
   Güclü  külək  əsir, səhnənin işıqları  dəyişir, küləksovuranlar səhnənin pərdələrini oynadır, külək ot tayasını 
dağıdır, samanlar uçur, Məryəm səhrada qaçır, yıxılır, durur, yenə qaçır, yaxası,  ətəyi cırılır. Isti qum onun 
ayaqlarını yandırır, o susuzluqdan yanır, səhra isə bitmək bilmir, birdən o bu küləyin içində  nəsə  hərarətli bir 
nəfəs hiss edir və bu nəfəs, elə bil ki, onu bir az sakitləşdirir. Birdən səhnənin ortasında su qaynamağa başlayır və 
Məryəm su içmək istəyir, amma içə bilmir, Məryəmin qarnından sancılar tutur, o, yerə yıxılır, çırpınır və birdən 
çağa səsi gəlir və o çağa səsi küləyin səsini üstələyir. Məryəm rahatlaşır, qışqıran çağaya baxır, çağanın isə üzü 
şüa saçır, sonra çağa da sakitləşir. 
 
 Pauza. 
 
Birdən çağa yenə də qışqırır və güclü külək Məryəmi yerindən kənara tullayır. Külək yatır, sakitlikdir. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
 
 DÖRDÜNCÜ  ŞƏKİL 
 
M ə r y ə m, K e ş i ş, D a n ı ş a n. 
Gəncə. Keşişin evi. 
Məryəm yarıqaranlıq otaqlarında hövlnak yuxudan oyanır. 
K e ş i ş (həyəcanla). Qızım, Məryəm, nə olub? 
M ə r y ə m. Məryəm ananı yuxuda görürdüm, ata... 
K e ş i ş. Sən ananı yuxuda görmüsən, qızım.. 
M ə r y ə m. Bəs... bəs su?... 
K e ş i ş. Su yuxuda aydınlıqdır... 
M ə r y ə m. Bəs... bəs... çağa?..  
K e ş i ş. Xaç çevir, qızım... Belə günah işlətmək olmaz... 
D a n ı ş a n. Baba keşiş demək istədi ki, o çağa da sən özün olmusan, amma demədi, özü-öz 
fikrindən hürkdü, çünki dünyada da, fikrində  də, xəyalda da, ikinci Isa ola bilməzdi və belə bir 
günah işlətmək olmazdı... 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
BEŞİNCİ  ŞƏKİL 
 
D a n ı ş a n, Z i y a d  x a n, Q ə m ə r b a n u. 
Gəncə. Ziyad xanın otağı. Ziyad xan namaz qılır. 
 
D a n ı  ş a n. Allahın qarşısında Qəmərbanunun günahları çox idi və  Qəmərbanu bütün bu 
günah işləri Mahmuda görə tutmuşdu. Və get-gedə  Qəmərbanunun ürəyini başqa bir qorxu 
bürüyürdü: Mahmudda ki, bu qədər təmizlik, bu qədər paklıq var, onun yolunda işlənmiş bu qədər 
günahdan sonra, Mahmud xoşbəxt ola bilməyəcəkdi... Mahmudun təmizliyi qoymayacaqdı ki, 
Mahmud başqasının hesabına xoşbəxt olsun. 
 

 
310
Qəmərbanu otağa daxil olur. 
 
Q ə m ə r b a n u n u n  s ə s i. Bu saqqal, bu saçlar nə tez ağardı... Qocalıq Ziyadı nə tez 
haqladı... Əllərinin üstü qırışıb, mən heç indiyəcən fikir verməmişəm, boynundakı, boğazındakı qırış 
xətləri, elə bil xəncərlə cızılıb... O da mənə baxanda, məni belə görür?.. 
 
Ziyad xan namazını bitirir. 
 
Q ə m ə r b a n u. Nə olub, Ziyad? 
Z i y a d  x a n. Mahmuddan nigaranam.. 
Q ə m ə r b a n u. Nə olub Mahmuda?.. 
Z i y a d  x a n. Heç nə... Qəmər, Mahmud... Mahmud heç vaxt taxta oturmayacaq. Mahmud 
heç vaxt bəylərbəyliyinin tacını başına qoymayacaq... 
 
Pauza. 
 
Q ə m ə r b a n u. Bilirəm. 
Z i y a d  x a n. Mən səndən əlac umuram, Qəmər... 
Q ə m ə r b a n u. Allah-taala, bu oğulu sənə gərək min il bundan əvvəl verəydi, ya da min il 
bundan sonra... Bu namərd dövran, bizim oğlumuza layiq deyil... Bu qara dövran, Mahmud təmizliyi 
üçün qara yaradı... 
Z i y a d  x a n. Min il bundan əvvəl? 
Q ə m ə r b a n u. Bəlkə elə min il bundan əvvəl də, mənim kimi sinəsi dərdli bir ana, balası 
üçün, min il sonranı arzulayırmış?..  (Elə bil öz-özü ilə danışır.)  Dolansın  əyyamın... dönsün 
dövranın, dünya... düz doqquz ildən sonra fələk məni bağa bağban elədi, bağban ağlar, bağça ağlar, 
gül ağlar... 
Z i y a d  x a n. Qəmər... 
Q ə m ə r b a n u. Quran deyir ki, Allah sıxıntıdan sonra həmişə şad edir, bəs mənim bəxti qara 
ürəyimin şadlığı hanı? 
Z i y a d  x a n. Bu bəd dünya daşa basıb bizi izlər... 
Q ə m ə r b a n u. Ümid Allahadır... 
Z i y a d  x a n. Necə olur ki, Allah rəiyyətin birinə Bayandur kimi bir oğul verir, amma 
mənim qismətimi iki bölür? 
Q ə m ə r b a n u (özünə gələrək). Sakit ol... Sakit ol... Özünü ələ al. Dost var, düşmən var. 
Sakit ol... Bəyəm Bayandur da, elə öz oğlun kimi sənə sədaqətli deyilmi? Bəyəm Bayanduru da, öz 
oğlun qədər çox istəmirsənmi?  (Yenə özünü saxlaya bilmir.) Bənizi ağ, könlü pak, bəxti qara 
oğlum... Bədbəxt Ziyadın, bədbəxt Qəmərin bədbəxt Mahmudu... 
 
Işıq yalnız səhnənin qarşısında dayanmış Danışanın üzərinə düşür. 
 
D a n ı  ş a n. Qəmərbanu necə  ağlına gətirə bilərdi ki, lap az bir müddətdən sonra, onun 
bədbəxt, bəxtiqara hesab etdiyi oğlu dünyanın ən xoşbəxt adamı olacaq? 
 
ALTINCI  ŞƏKİL 
 
M a h m u d, M ə r y ə m. 
Axşam. Düzənlik. Mahmud səhnənin kənarında dayanıb böyük  
bir maraqla kiməsə baxır. Uzaqdan Məryəmin səsi gəlir və  
Məryəm oxuya-oxuya səhnəyə çıxır. 
 
M ə r y ə m.  
 Ay keçi, ay ağ keçi,  

 
311
 buynuzun uzundu  
 qurda görə,  
 saqqalın uzundu  
 sözün keçsin,  
 tükün uzundu  
 üşüməyəsən,  
 südün çoxdu  
 mənə görə,  
 ot verim sənə,  
 su verim sənə,  
 həmişə, bax, belə,  
 dost olaq, oynayaq... 
(Mahmudla üz-üzə gəlir.) 
 
Pauza. 
 
M a h m u d. Sən... Sən kimsən?.. 
M ə r y ə m. Mən Məryəməm... 
 
Pauza. 
 
Bəs sən kimsən? 
M a h m u d. Mən Mahmudam... 
 
Pauza. 
 
Sən Məryəmsən... (Əlini uzadıb qızın saçlarına toxundurur.) 
M ə r y ə m. Sən Mahmudsan... 
 
Pauza. 
 
Mən Isəvi... Sən Məhəmməd Hümməti... (Qorxaraq.) Aman, Mahmud, məni rüsvay eyləmə... 
 
Ildırım çaxır. Yağış çiləyir. Onlar qaçıb tayanın altında gizlənirlər və yalnız bu zaman biz görürük ki, uzaqdan iki 
nəfər onları güdür.  
 
İ ş ı q  s ö n ü r.  
 
 
YEDDİNCİ  ŞƏKİL 
 
D a n ı ş a n, Q ə m ə r b a n u, S o f i, Q ı s ı r  q a r ı,   
M i r z ə  S a l m a n. 
Gündüz. Saray. 
 
D a n ı ş a n. Saraya ildırım sürətilə belə bir xəbər yayıldı: Ziyad xanın oğlu Mahmud aşiq 
olub. Bu xəbəri eşidən saray cavanları gülməkdən özünü güclə saxladı, sarayın kəniz-qaravaşının bu 
xəbərə inanmağı  gəlmədi, dövrün siyasətindən başları açılmayanlar bu xəbərin fərqinə varmağa 
macal tapmadı, qazdan ayıq olanlar, çox götür-qoy edib, bu xəbəri Ziyad xanın növbəti siyasi fəndi 
kimi yozdu, ürəklərinin dərinliyində Ziyad xana batmaq ümidindən əl çəkib, gələcəyin təskinliyini 
Mahmudun zəifliyində tapanlar, bu xəbərdən narahat oldu, çünki Ziyad xanın nəvələri ola bilərdi, 
təzə qohumlar arasında Mahmudun güclü müdafiəçiləri ola bilərdi, Ziyad xanın taxtına göz dikənlər 
ola bilərdi, amma saraya belə bir xəbər yayılanda ki, Mahmud Gəncənin kənarlarında yaşayan hansı 
bir keşişinsə qızına aşiq olub, hamı məəttəl qaldı. 

 
312
S o f i. Banu, Mahmud o qıza aşiq olub, bu, şəksizdi... 
Q ə m ə r b a n u (həyəcanlı). O keşiş qızı necə ifritədir ki, cavan yaşında belə bir məharət 
yiyəsidi? O keşiş necə cəsarət və iştaha sahibidir ki, bu cür xam xəyallara qapılır? Qızı da, keşişi də 
itirmək asandı, amma... amma Mahmudun ürəyi yaralansa, sağalan deyil... Yüz ölçüb, bir biçmək 
lazımdı... 
Qısır qarı. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, məəttəl qalmalı işdir! (Xısın-xısın 
gülür.)  Allahın hər verən günü, düzənlikdədirlər... Keşişin o sısqa qızı, Zəhra kimi ürəyi 
yumşaqdır... Əstəğfürullah... Bilqeyis kimi ağıllıdı... 
Q ə m ə r b a n u (Qısır qarıya hirsli). Başımızı ağrıtma, qarı! 
Qısır qarı.  Başım üstə! Gözüm üstə! 
Q ə m ə r b a n u. Mirzə, məsləhətin nədi? 
Mirzə Salman Sofi ilə Qısır qarıya baxır. 
 
(Onlara) Siz gedin! 
 
Sofi ilə Qısır qarı səhnədən çıxırlar. 
 
Sözünü de, Mirzə! Nədir məsləhətin? 
M i r z ə  S a l m a n. Məsləhət Allahındır, Banu! Sən Allahın işinə qarışma... Heç olmasa, bu 
dəfə günah işləmə... Gəncə taxtının yeganə varisi, Quran ayəsi kimi pak, təmiz Mahmudun, keçi 
saxlayan keşiş qızı ilə izdivac tapmasını qəbul et... Axı, Quran  yazır ki, bizim başımıza ancaq o iş 
gəlir ki, onu Allah, bizim alnımıza yazıb... 
Q ə m ə r b a n u (çılğın). Allahın üzü dönüb məndən, Mirzə Salman!.. Deyirsən, daha günah 
işləməyim? Amma ürəyim, bax, bu ürəyim hiss edir ki, Mahmudum yaman yarası çıxarıb, yaman 
bəlaya düşüb, Mirzə!.. Günah işləməyim? Ağbirçək ana, «Oğul!» deyib ağlamırmı, Mirzə?.. 
Ağlayanda gərək yaş  çıxsın gözdən? Gördün, nə tez ağardı saçlar, nə tez qocaldı  Qəmərbanu?.. 
Fələk nədi, Mirzə Salman, mənim xatamdı?.. Nə məlulam, nə şadam... Gündüz mənə axşam oldu, 
Mirzə, gecə-gündüz görəmmədim yolumu... Ölüm nəfəsli soyuq alıb ağlımı, daha yoxdur sağlığıma 
güman, hey!.. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
 SƏKKİZİNCİ  ŞƏKİL 
 
M ə r y ə m, M a h m u d, A n a s ı n ı n  ə m c ə y i n i   
k ə s ə n  I b r a h i m. 
Gündüz. Düzənlik. 
 
M ə r y ə m. Dünən səndən ayrılıb evə gedəndə, bilirsən, mənə elə gəldi ki... kimsə çatışmır... 
elə bil, kimsə yoxdur... sən yox e-e-e...  
M a h m u d. Bilirəm... 
M ə r y ə m. Bilirsən nə çatışmır?.. 
M a h m u d. Bir vaxt, biz bu düzənlikdə, beləcə  gəzəcəyik... Bizim dalımızca, bir oğlan 
gələcək... 
M ə r y ə m. Hə, hə... O balaca oğlan mənə oxşayacaq... 
M a h m u d. Sonra bir qız gələcək... 
M ə r y ə m. Hə, hə... O qız da sənə oxşayacaq... 
M a h m u d. Sonra yenə bir qız gələcək... 
M ə r y ə m. Sənə oxşayacaq... 

 
313
M a h m u d. Yenə, bir oğlan gələcək... 
M ə r y ə m. Mənə oxşayacaq... 
M a h m u d. Görmüsən toyuq gedəndə cücələri necə dalına düşür? 
M ə r y ə m. Hə, hə... Mənim balaca uşağım olacaq... O uşaq mənim döşümdən süd içəcək... 
əməcək, hə? 
M a h m u d. Hə... Sən ona süd verəcəksən... O, süd əmib doyacaq... Sonra sənə baxıb 
güləcək... 
M ə r y ə m. Hə, hə... Mənə baxıb güləcək... Acanda dodaqlarını büzəcək...  
M a h m u d. Onlar çatışmır? Ağ keçi də bizimlə olacaq, hə?.. 
Mahmud diqqətlə kolluğa tərəf baxır. 
 
M ə r y ə m.  Sənə nə oldu? 
 
Mahmud qəflətən kolluğa tərəf qaçır. 
 
M a h m u d (qışqırır). Çıx oradan!.. Çıx!.. 
Anasının  əmcəyini kəsən Ibrahim (hırıldaya-hırıldaya).  Öz xoşuma gəlməmişəm... Anan 
göndərib... 
D a n ı ş a n. Əlbəttə nə Mahmudun, nə də Məryəmin ağlına da gələ bilməzdi ki, bu sakit, bu 
geniş, bu təmiz, azad və  sərbəst düzənlikdə yeddi gündür ki, Qəmərbanunun muzdla saxladığı 
xəbərçilərin gözləri qabağında olublar, birinci gün qəfil yağan o yağış altında da, xəbərçilər yerə 
yatıb, uzaqdan-uzağa ləzzətlə onlara tamaşa ediblər. Anasının  Əmcəyini Kəsən Ibrahimin də, 
Məryəmin islanmış bədəninə baxa-baxa dabaq dəymiş öküz kimi ağzının suyu axırdı... 
 
Məryəm üzünü əlləri ilə örtüb qaçır.  
 
İ ş ı q  s ö n ü r. 
 
DOQQUZUNCU  ŞƏKİL 
 
K e ş i ş, M ə r y ə m. 
Günorta. Keşişin evi. 
Keşiş təkdi, əlindəki çörəyi qabdakı südə batırıb yeyir. Məryəm həyəcanla səhnəyə daxil olur. 
 
K e ş i ş. Sənə nə olub? 
M ə r y ə m (sevincək). Sən... sən Mahmudu tanıyırsan?.. 
K e ş i ş (ayağa qalxır). Kimi? 
M ə r y ə m (eyni sevinclə). Mahmudu də, Mahmudu!.. 
 
Pauza.  
Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq yalnız  
Keşişin üzərinə düşüb.  
 
K e ş i ş. Məryəm... mənim təmiz, pak Məryəmim, mənim qızcığazım Məhəmməd hümmətinə 
könül bağlayıb... Bu bir qəzadır... (Xaç çevirir.) Dünyada hər şeyə dözmək olar, amma dinə xəyanət 
etməyə dözmək olmaz!.. Məryəm gərək bir xaçpərəsti xoşbəxt etsin, bir xaçpərəstin anası olsun!.. 
Çünki dünya elə dünyadır ki, xaçpərəstlərin də arasında təmizlər azalır... (Boynundan asılmış xaçı 
tutur.) Bu müqəddəs xaç Məryəm kimi təmizliyin ümidindədir... 
 
 Səhnə yenə işıqlanır. 
 

 
314
M ə r y ə m (həmin sevinclə). Görmüsən! Sən yəqin Mahmudu görmüsən!.. Onu görməmək 
mümkün deyil e, bilirsən? (Gülür.) 
K e ş i ş. Mahmud? 
M ə r y ə m. Hə, də!.. Ziyad xanın oğludu... 
 
Pauza.  
Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq yalnız  
Keşişin üzərinə düşüb.  
 
K e ş i ş. Təmiz Məryəm!.. Yazıq qızcığaz!.. Gör bir necə də sadə danışır, bu sözləri necə də 
adi sözlər kimi deyir... Bu sözlərin arxasındakı uçurumdan xəbəri yoxdur... Xəbərsiz Məryəm... 
Deməli, bu boyda Gəncədə xanın oğlu tamahını Məryəmə salıb... Minlərlə xaçpərəst qızların dinsiz-
əxlaqsız sultanların, şahların, xanların saraylarında pozulmuş şəhvətlərə qulluq etmələri bəs deyil? 
Məryəmin dünyadan xəbəri yoxdur... Onu bu tamahkar, bu nəfiskar dünyada qorumaq lazımdır... 
Onu pozğun dinsiz şəhvətindən xilas etmək lazımdır... Məryəmə kömək etmək lazımdır... Ziyad 
xanın əlləri uzundur, çox uzundur, hər tərəf dinsizlərlə doludur... Hər tərəf Məhəmməd hümmətidir! 
Nə etməli?.. Nə etməli?.. Mən Məryəmi bu amansızlarla üzbəüz qoya bilmərəm! Müqəddəs Evə! 
müqəddəs Evə! Müqəddəs Evə! Müqəddəs Qocaya doğru!.. Müqəddəs Evin qapısı  mənim üzümə 
açıq olacaq!.. Mənim kimi mömin bəndələr üçün dünyada elə bir dərd yoxdu ki, bu dərdin  əlacı 
Müqəddəs Evdə olmasın! Müqəddəs Qoca öz köməyini məndən  əsirgəməyəcək! Uzaq!.. Uzaq bu 
yerlərdən!.. Uzaq bu qorxulu məxluqlardan!.. Müqəddəs Evə!.. Müqəddəs Evə!.. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
ONUNCU  ŞƏKİL 
  
Z i y a d  x a n, Q ə m ə r b a n u. 
Gecə. Saray. Ziyad xanın otağı.  
Ziyad xan əsəbi halda gəzişir. Uzaqdan kilsə zəngləri eşidilir. Qəmərbanu otağa daxil olur. 
 
Q ə m ə r b a n u. Ziyad, sənin Mahmuddan xəbərin var?.. 
Z i y a d  x a n (gülümsəyir). Keşiş qızına aşiq olub? 
Q ə m ə r b a n u. Sən gülürsən? 
Z i y a d  x a n. Cavanlıqdı... 
Q ə m ə r b a n u. Sən özün özünü aldatmaq istəyirsən? Sən başa düşmürsən ki, oğlunun başını 
qara buludlar alıb? Yoxsa yenə söhbətdən qaçmaq istəyirsən?.. Görmürsən daha bıçaq sümüyə 
dirənib? Mahmudu xilas etmək lazımdır! 
Z i y a d  x a n. Mən də onun yaşında sənə aşiq idim... 
Q ə m ə r b a n u. Mən Müzəffər ağanın qızıyam, Ziyad, keşiş qızı deyiləm! Mahmud da, sən 
deyilsən!.. 
Z i y a d  x a n. Hə... Mahmud Ziyad xan deyil... 
Q  ə m ə r b a n u. Bu gün düzdə... mənim adamlarımı... görüb... Gəldi otağıma... mənə elə 
baxdı ki... elə baxdı ki, vallah, özümü asmaq istədim... Amma mən asa bilmərəm özümü! Ona görə 
asa bilmərəm! Sən də ona görə yaşamalısan! 
Z i y a d  x a n. Müqəddəs kitabımız yazır ki, – «Ruhu olan hər bir məxluq ancaq Allahın 
iradəsi ilə və ömrünün müəyyən edildiyi kitaba uyğun olaraq ölməlidir». 
Q ə m ə r b a n u. Yox! Mən onun üçün yaşayıram! Ziyad, mən hiss edirəm, bu işin axırı pis 
qurtaracaq... 
Z i y a d  x a n. Sakit ol... 

 
315
Q ə m ə r b a n u. Sakitlik tapa bilmirəm, Ziyad... Qorxuram...  
Z i y a d  x a n. Sakit ol... Qızı saraya gətirdəcəyəm... Sonrasına baxarıq... Hər şey yaxşı olar... 
Q ə m ə r b a n u. Mahmud buna razı olmaz... Keşişi də yaman deyirlər... 
Z i y a d  x a n. Bilirəm... Amma dərya olan yerdə  qətrə  nə  qələt edər... Keşiş  mənim 
qabağımda nə deyəcək? 
Q ə m ə r b a n u. Bəs Mahmud? Mahmud keşiş qızına evlənmək istəyir, Ziyad... 
Z i y a d  x a n. Gecdir, get, yat... Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır. Inşallah, səhər 
hər şey qaydasına düşər. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
ON   B İ R İ N C İ    Ş Ə K İ L 
 
M a h m u d, S o f i. 
Gecə. Saray. Mahmudun otağı. 
Mahmud çarpayıda uzanıb və birdən hövlnak yuxudan ayılır. 
 
M a h m u d (qışqırır). Sofi!.. Sofi!.. Sofi!.. 
 
Sofi əlində şam otağa daxil olur. 
 
M a h m u d. Qarışıq yuxu gördüm, Sofi... Qarışıq yuxu idi... 
S o f i. Inşaallah, xeyir olar... 
M a h m u d. Yox, Sofi, yox... Yuxuda bir xaraba bağ gördüm. Sonra bir tufan qopdu... Sonra 
deyəsən... deyəsən Məryəmi gördüm... 
S o f i. Adam hər gecə min yuxu görür... Bəyəm bunun hamısı düz olur? 
M a h m u d. Məryəm idi, Sofi!.. Tufana düşən Məryəm idi!.. (Çarpayıdan qalxıb elə gecə 
köynəyində otaqdan qaçır.) 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON  İKİNCİ ŞƏKİL 
 
D a n ı ş a n,  M a h m u d,  D ə m ə n g i r  I s r a i l,  
K e ç ə l   k  i ş i,   U z u n. 
Gecə. Keşişin evinin həyəti. 
 
D a n ı ş a n. Mahmud bir göz qırpımında eləcə ayaqyalın, başıaçıq, gecə köynəyində otaqdan 
çıxıb eşiyə qaçdı, gözətçilərin arasından sıçrayıb saraydan uzaqlaşdı. Sofi də  nəfəsi qarala-qarala 
onun ardınca qaçdı. Gəncə hələ yatmışdı. Onlar Gəncənin lap kənarında olan balaca ağ evə çatdılar, 
Məryəmgilin evlərinə. Həyətdə ocaq qalanmışdı, Sofinin burnuna kabab iyi gəldi... Dörd nəfər 
ocağın ətrafında oturub kabab yeyirdi. 
M a h m u d. Məryəm!.. Məryəm!.. (Sürətlə ocaq başında oturub kabab yeyənlərə yaxınlaşır 
və birdən kənara tullanmış və ocağın işığında ağaran ağ keçinin kəsilmiş başını görür.) 
Dəməngir Israil.Şahi Nəcəfin qəbrinə and olsun ki, Ziyad xanın oğludu bu!.. (Hörmətlə) 
Gəlin! Gəlin, siz də yeyin. Həzrət Abbas belimdən vursun ki, ömrümdə belə dadlı kabab 
yeməmişəm! Bu da bir qismətdi! Gördük, qapı-pəncərə açıq, həyət-baca bom-boş, keçi də mələ ki, 
mələyir, deyir, a kasıb, kimsəsiz adamlar, gəlin məni yeyin! 
 

 
316
Keçəl ki ş i  (oxuyur):  
Nənəm, a xallı keçi,  
Məməsi ballı keçi.  
Uca qaya başında  
Tutubdu yallı keçi!.. 
 
Dəməngir Israil. Bu da siz deyən keçəllərdən deyil ha! Buna noxudu keçəl deyərlər!  
 
Uzun(oxuyur): 
Noxudu keçəl,  
   hər şeyi bilər, 
   ayran içər,  
   pişiyi minər.. 
 
Dəməngir Israil (qalxıb ağ keçinin başını qaldıraraq iki əli ilə də ağzını qapadı). Bunun dilini 
çıxardıb sənin kimi əziz qonaqçun kabab edəcəyəm! Dil kababı başqa aləmdir!.. Gəl otur, xan oğlu! 
Oturun. Bu saat hazır olacaq! 
M a h m u d (fəryadla).  Sofi!.. Sofi!.. Sofi!.. Sofi!.. (Qışqıra-qışqıra həyətdən qaçıb 
qaranlıqda yox olur.) 
 
İ ş ı q  s ö n ü r.  
 
  
 
 ON  ÜÇÜNCÜ  ŞƏKİL 
 
Z i y a d  x a n, Q ə m ə r b a n u, B a y a n d u r  b ə y, M i r z ə  
S a l m a n, S o f i, X ə f i y y ə, s a r a y  x i d m ə t ç i l ə r i, D a n ı ş a n. 
Səhər. Saray.  
Ziyad xan, Qəmərbanu, Bayandur bəy, Mirzə Salman qayğılı bir gərginlik içindədirlər.  
 
Pauza. 
 
Z i y a d  x a n. Keşişi günü bü gün tapdırıb dərisini soyduracağam. Qızı da, saraya 
gətirtdirəcəyəm! Bayandur bəy! 
Bayandur bəy. Bəli, xan! 
Z i y a d  x a n. Axşama qədər sənə möhlət verirəm. Bu işdən Mahmudun xəbəri olmamalıdır! 
Bayandur bəy. Aydındır, xan!.. Izin verin, gedim. 
 
Mirzə Salman əlini ağzına tutub bir-iki dəfə yavaşdan öskürür. 
 
Z i y a d  x a n (Mirzə Salmana). Nədir, Mirzə? 
M i r z ə  S a l m a n. Biz hamımız iki beşik arasında iki cövhərik və bu iki cövhəri bir-
birindən ayırmaq ancaq Allahın ixtiyarındadır, çünki yaradan Odur və verdiyini almaq ancaq Onun 
rüsxətindədir... 
Z i y a d  x a n. Sadə danış, qoca! 
M i r z ə  S a l m a n. Xan sağ olsun, mən səni sakitliyə çağırıram. Xacə  Nəsrəddin Tusi 
kitablarından birində, həkim Boqratisisin bu sözlərini misal gətirib ki, mən güclü fırtınaların, dağlar 
qədər böyük olan dəhşətli dalğaların, girdaba atdığı və ya qayaya çırpdığı gəminin xilas olmasına 
daha çox inanıram, nəyin ki, ağzı köpüklənən qəzəblinin sakit olmasına, çünki dənizçilər bəlkə bir 
hiylə, bir çarə tapıb o gəmini xilas edələr, lakin qızıb-coşan qəzəbi heç bir şeylə söndürmək 
mümkün deyildir, nə qədər çox nəsihət etsən, yalvar-yaxara başlayıb könlün almaq istəsən, içərisinə 
tez-tez quru talaşa atılan oda oxşar, o qədər də çox alovlanıb, özündən çıxar.  

 
317
Z i y a d  x a n (var-gəl edə-edə). Misal var, Mirzə, həmişə on iki imam üçün ağlayanda, bir 
dəfə  də  Yəzid üçün ağlamaq lazımdı. Həm də  mən Yəzid Ibn Müaviyə deyiləm, sən bunu yaxşı 
bilirsən, mömin adamam. Mən vuruş zamanı düşmən qılıncı altında da, namazımın vaxtını 
ötürməmişəm. 
M i r z ə  S a l m a n. Müqəddəs kitabımız deyir: «Möminlik onda deyildir ki, siz üzünüzü 
şərqə  tərəf çevirəsiniz, ya da qərbə  tərəf; mömin olanlar onlardır ki, Allaha, axirət gününə, 
mələklərə, müqəddəs kitaba, peyğəmbərlərə inanırlar; onu sevdiklərinə görə, öz əmlaklarından yaxın 
adamlarına, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə, həmçinin qulları azad etmək üçün verirlər
namaz qılırlar, zəkat verirlər, əhd edib öz öhdələrinə götürdüklərini dürüst yerinə yetirirlər, fəlakətə 
uğrayanda (Sözləri xüsusi dəqiqliklə tələffüz edir.), dərdə düşəndə və bir müsibət baş verəndə səbrli 
olurlar. Bu cür adamlar düz adamlardır; bu cür adamlar mömindirlər.» 
Bayandur bəy (acıqlı). Nə deyirsən, qoca? Dinsizin biri, öz qızını xan oğlundan əsirgəsin, qızı 
götürüb qaçırtsın, el içində bizi xar etsin, biz də əlimizi qoynumuza qoyub tamaşa edək? 
 
Kiçik pauza. 
 
M i r z ə  S a l m a n. Mən xanla danışıram, rəiyyətlə danışmıram! 
Z i y a d  x a n. Yaxşı, Mirzə, bəs Mahmud? Bəs Mahmud? Mahmudun ürəyi şüşədi, Mirzə... 
Kim bilməsə də, sən ki, bunu yaxşı bilməlisən! Mahmud o divanə keşişin dalınca getmək istəyir!.. 
Qoşun götürmür özü ilə! Atlı götürmür!.. Mahmud dərviş olub çöllərəmi düşsün, Mirzə? 
Qəmərbanu.Allah!.. Allah!.. 
M i r z ə  S a l m a n. Xan sağ olsun, Mahmud «Yüksək aləmin» oğludu və ora Allahın və 
mələklərin məskun olduğu yerdir. Ona görə  də, bizim kimi «Aşağı aləm» bəndələri çox zaman 
Mahmudu və mahmudları başa düşə bilmirik... 
 
Kiçik pauza. 
 
Z i y a d  x a n. Hə, Mahmud, bizim tayımız deyil... 
Q  ə m ə r b a n u. Mən hiss edirəm, mən bilirəm ki, Mahmudu fikrindən döndərmək 
olmayacaq... (Çılğın.) Mən Mahmudu məhv edə bilmərəm!.. O dinsiz keşişdən nə desən gözləmək 
olar! O qızın başına bir iş gəlsə, Mahmud məhv olacaq! Mən buna imkan verə bilmərəm, Ziyad xan! 
Şər deməsən xeyir gəlməz, xan cənabları, bəlkə elə Mahmudun səfərə çıxmağı da, xeyrədir?.. Bəlkə 
bir az bərkə-boşa düşər, görüb-götürər, bəlkə elə, belə lazımdır?.. Bəlkə... (Özünü saxlaya bilməyib 
kövrəlir.) bəlkə bu səfər Mahmudu bərkidəcək?.. (Hıçqıra-hıçqıra.) Möhkəmləndirəcək?..  
M i r z ə  S a l m a n. Xan sağ olsun, mənim cürət edib hüzurunuzda söyləmədiklərimi, Banu 
ülyahəzrət söylədi... 
Q ə m ə r b a n u. Ancaq onların ardınca, ətrafınca güclü mühafizə getməlidi... Mahmud gərək 
bundan xəbər tutmasın... Onunla ancaq Sofi getsin... 
 
Pauza. 
 
Z i y a d  x a n (keşikçilərə). Sofini çağırın! 
Birinci keşikçi. Baş üstə. 
Ikinci keşikçi. Qara Sim hüzurunuza təşrif gətirib, xan sağ olsun. 
Z i y a d  x a n. Gəlsin. 
 
Xəfiyyə içəri daxil olur. 
 
Danış, görüm! 

 
318
Xəfiyyə.Baba keşişin ata yurdu Ərzurumdadır. O, qızı ilə bərabər, Ərzurum tərəflərə yol alıb. 
Sultan Səlimin qorxusundan Ərzurumdan o tərəfə keçə bilməyəcək. Bir də ki, Ərzurum dağlarında 
onların Müqəddəs Evi var. Çox güman ki, elə ora gedəcək. Bu gecə onları haqlamaq mümkündü...  
Bayandur bəy(xəncərinin dəstəyindən yapışıb qınında oynadır).  Izin verin, mən gedim, xan 
babam! 
Q ə m ə r b a n u. Yox! 
Bayandur bəy. Izin verin, xan babam! Sübh tezdən qız sağ-salamat burda olacaq, keşişin başı 
da cənabınızın ayaqlarının altında! 
Q ə m ə r b a n u. Yox! (Qışqırır.) O qızı dəli eləmək istəyirsiz? Mahmud buna dözər, Ziyad? 
 
 Pauza. 
 
Z i y a d  x a n (Xəfiyyəyə). Onların harda olduqlarını, hara getdiklərini hər gün bilməliyəm!.. 
(Bayandur bəyə) Sən də sakit ol! 
Ikinci  k e ş i k ç i. Sofi əmrə müntəzirdir. 
Z i y a d  x a n. Gəlsin.  
  
Sofi içəri daxil olur. 
 
Banudan başqa, hamınız gedə bilərsiz.
 
 
Mirzə Salman, Bayandur bəy, Xəfiyyə təzim edib səhnədən çıxır. 
 
(Sofiyə) Bundan sonra işin mənimlə olacaq... 
 
Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq səhnənin qarşısında dayanmış Danışanın üzərinə düşür. 
 
D a n ı ş a n. Həmin gün Ziyad xan bütün lazımı tapşırıqlarını verdi. Bir neçə dəfə Sofi ilə 
görüşdü və sonuncu dəfə: «Mahmud göz açandan sənin qucağında böyüyüb, Sofi– dedi.– Sən təkcə 
Mahmudun lələsi deyilsən, bu etibarsız dünyada, sən bizim ən etibarlı adamımızsan, Sofi! Görürsən 
bu daş-qaşı? Bütün bu var-dövlət Mahmudundur!.. Hamısı! Hamısı! Mən bunların yarısını, bu 
kəmərlə sənə verirəm. Gərək bunun içindəki var-dövlət Mahmudun yanında olsun... Həmişə, həmişə 
onun yanında olsun! Dünyanın işlərini bilmək olmaz... Bilmək olmaz... Bunları götürüb, köynəyinin 
altından belinə bağlarsan... Sən indi məmləkətin  ən qiymətli adamısan, Sofi, amma boynun 
ətdəndir!.. Bunu heç vaxt yadından çıxarma! O keşiş qızının izi ilə gedəcəksiz. Mahmud heç nədən 
korluq çəkməyəcək. O qızı tapacaqsız. Sonrası mənim işimdir!» Və bütün bu hazırlıqdan xəbərsiz 
Mahmud Sofi ilə birgə yola rəvan oldu. Ancaq nə Ziyad xan, nə  də  Qəmərbanu bilmədi ki, bu 
ayrılıq əbədi ayrılıqdı... Həmin gün bu ayrılığın əbədi olduğunu sarayda yalnız bir adam bilirdi... 
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin