Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 
DOQQUZUNCU ŞƏKİL 
 
Səhnə tamam qaranlıq içindədi.  
Kimsə o qaranlıqda  əl fənərinin zəif işığını döşəməyə, divarlara, ev əşyalarına sala-sala səhnədə var-gəl 
eləyir, amma bunun kim olduğunu müəyyən etmək mümkün deyil.  
Barmaqlarının ucunda ehtiyatla addımlayır. Dayanıb qulaq asır. 
Xorultu səsi gəlir. 
Yenə barmaqlarının ucunda ehtiyatla addımlayır. Dayanıb əliylə nəsə axtarır və deyəsən, axtardığını tapır. 
Səhnənin ortasında arxası tamaşaçılara tərəf oturub yerini rahatlayır və  fənərin işığında qəzet oxumağa 
başlayır. 
Onun arxası tamaşaçılara tərəf olduğu üçün sifəti görünmür. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ONUNCU ŞƏKİL 
 
Kişinin evi. Günorta. K i ş i, A r v a d, Partiya l i d e ri, X a n ı m. 
Kişi cidd-cəhdlə kağız-kuğuzdan nəsə düzəldir. 
 
P a r t i y a  l i d e r i. Hə, necəsən, əziz dost?  
X a n ı m. Vallah, siyasi fəaliyyətimiz o qədərdi ki, güclə vaxt tapıb gəldik sizi yoluxmağa. 
A r v a d. Çox sağ olun!.. 
P a r t i y a  l i d e r i. Eybi yox, pis günün ömrü az olar. Nə var, nə yox?  
K i ş i (kağız-kuğuzla məşğul ola-ola). Yaxşıyam!.. 
P a r t i y a  l i d e r i. Görürəm... Yaxşı dəyirsən gözümə!.. 
X a n ı m. Elədi!.. 
K i ş i. Amma... 
P a r t i y a  l i d e r i. Nə amma? 
K i ş i. Hər gecə yuxuda siçanları görürəm... 
P a r t i y a  l i d e r i. Siçanları? 
K i ş i (əvvəlki kimi kağız-kuğuzla məşğul ola-ola). Hə... 

 
277
P a r t i y a  l i d e r i. Necə görürsən? 
K i ş i. Görürəm ki, bizim evin siçanları ilə qonşunun siçanları komanda düzəldib bir-biriləri 
ilə futbol oynayırlar... 
A r v a d (köks ötürərək). Eh!.. Həkim belə hallar üçün dərman verib, indi içərsən, elə yuxular 
görməzsən...  (Qalxıb üstündə xeyli dərman yığılmış mizə yaxınlaşır və  dərmanların arasından iki 
həb seçib su ilə gətirir.) Al!.. Iç!.. 
K i ş i (başını kağız-kuğuzdan qaldırır). Olmaz sabah içim? 
A r v a d. Niyə sabah? 
K i ş i. Bu gecə final oynayacaqlar! 
 
Pauza. 
 
X a n ı m (söhbəti dəyişmək üçün, tavandan asılmış çilçırağı göstərir). Nə gözəl çilçırağınız 
var!.. 
A r v a d. Hə... 
P a r t i y a  l i d e r i. Oğlunuz görükmür... Yenə «Kapital»ı oxuyur? 
A r v a d. Vaxt tapanda oxuyur. Evin bütün işləri onun boynundadı! Maşallah!  (Köksünü 
ötürür.) Eh!.. Hər şey yaxşıdı... Elə bil həyat bizimçün təzədən başlayır... Bircə... (Kişini göstərir.) 
Bircə bunun dərdi!.. 
K i ş i. Artıq iyirmi yeddi dəvətnamə hazırdı! 
P a r t i y a  l i d e r i. Neynirsən e bu dəvətnamələri? 
K i ş i (təəccüblə). Necə neynirsən? 
P a r t i y a  l i d e r i. Hə də, neynirsən? (Gülümsəyir.) Səhərdən yazırsan, yapışdırırsan... 
K i ş i. Toy eləyəcəyəm! 
P a r t i y a  l i d e r i. Toy? 
K i ş i. Bəli! 
 
Arvad dərindən köksünü ötürür. 
 
P a r t i y a  l i d e r i. Allah xeyir versin!.. Soruşmaq ayıb olmasın, kimin toyudu? 
K i ş i. Mənim! 
A r v a d. Nə? 
P a r t i y a  l i d e r i. Əziz dost, sənin arvadın, uşaqların... 
A r v a d (ayağa qalxır). Of-f-f!.. Belə də dərd olar?..  
X a n ı m (ayağa qalxır). Eybi yox... Keçər... Qoy kişilər özləri oturub söhbət etsinlər... Gedək 
o biri otağa, biz də öz söhbətimizi eləyək. Mən də, heç olmasa, beş dəqiqə siyasi mübarizəmizdən 
ayrılım!.. 
 
Xanımla Arvad səhnədən çıxırlar. 
P a r t i y a  l i d e r i. Hə, ürəyivə təzə arvad düşüb, ey zalım?! 
K i ş i. Yox, mən arvad almıram! 
P a r t i y a  l i d e r i. Arvad almırsan? 
K i ş i. Xeyr! 
 
Pauza. 
 
P a r t i y a  l i d e r i. Kiçik toy eləyirsən? 
K i ş i. Xeyr! 
P a r t i y a  l i d e r i. Bəs nə eləyirsən? 
K i ş i. Mən partiya alıram! 
P a r t i y a  l i d e r i. Nə? 

 
278
K i ş i. MMDKGAP! 
P a r t i y a  l i d e r i. Başa düşmədim... 
K i ş i. Milliyyətçi Maarifçi Demokratik Konservator Gələcək Azərbaycan Partiyası! Mən iki 
yüz əlli dəvətnamə düzəldib (Həzz ala-ala səhərdən bəri düzəltdiyi alabəzək dəvətnamələrdən birini 
götürüb baxır.) hörmətli adamlara paylayacağam. Hamı elə biləcək ki, mənim toyumdu! Ancaq 
qonaqlar gələndən sonra, mən bəyan eləyəcəyəm ki, qadınla yox, Milliyyətçi Maarifçi Demokratik 
Konservator Gələcək Azərbaycan Partiyası ilə evlənirəm! 
 
Pauza. 
 
Bəli! Bizim bu sahədə təcrübəmiz var! Bəs sənin ad günündə partiya yaratmadıq? Bu, siyasət 
aləmində yeni bir kəşfdir! Mən jurnalistləri də bura dəvət eləyəcəyəm! Sənin partiyanın təcrübəsini 
onlara nümunə göstərəcəyəm! Qoy bu kəşfi dünyaya yaysınlar! Bütün qonaqları başa salacağam! 
Onlar da məni Milliyyətçi Maarifçi Demokratik Konservator Gələcək Azərbaycan Partiyası ilə 
evləndirəcəklər! 
 
Pauza. 
 
P a r t i y a  l i d e r i (yavaş-yavaş artan bir həyəcanla). Bura bax, bu çox bekara bir fikirdi! 
Bunu başından çıxart! Jurnalistlər bu saat sensasiya axtarır.  
K i ş i. Çox gözəl! Niyə başımdan çıxarım?  (Dəvətnaməni ona göstərir.) Görmürsən necə 
gözəldi? 
P a r t i y a  l i d e r i. Mən sənə gözəl şəkilli kitablar alaram, oturub baxarsan... 
K i ş i. Yox! Mən MMDKGAP-la evlənirəm! 
P a r t i y a  l i d e r i. Bura bax, yoxsa bizim partiyanın rəqibləri gəlib səni başdan çıxarıblar, 
hə? Düzünü de? 
K i ş i. Xeyr! (Hirslənir.) Məni kim başdan çıxara bilər? 
P a r t i y a  l i d e r i (tələsik). Heç kim! Sən... sən bu barədə heç kimə bir söz-zad deməmisən 
ki? 
K i ş i. Mən xəbərçiyəm bəyəm? 
P a r t i y a  l i d e r i. O mənada demirəm... Yəni toyuva hələ qonaq çağırmamısan?  
K i ş i. Hələ yox. Darıxma! Mən MMDKGAP-la evlənəndən sonra, səninlə müttəfiq 
olacağam! Seçkilərə bir yerdə gedəcəyik! (Ayağa qalxıb qışqırır.) Qələbə bizimdir! 
P a r t i y a  l i d e r i. Yavaş! Yavaş! Belə şeylərlə zarafat eləmək olmaz!.. 
K i ş i. Zarafat nədi, canım? Sən dəli olmusan? 
P a r t i y a  l i d e r i. Yox... 
K i ş i. Deyirəm axı... Artıq nizamnaməni yazıb qurtarıram. Onu Ədliyyə Nazirliyinə 
göndərəcəyəm ki, sənin partiyanın təcrübəsi  əsasında qeydə alsınlar! Alacaqlar! Nazir müavini 
mənim dostumdu! Özüm olacam sədr, oğlum da olacaq Baş katib! 
P a r t i y a  l i d e r i. O kommunistdi ki! 
K i ş i. Nə olar? Orda Siyasi Büronun üzvüydü, amma burda olacaq Baş Katib! Evimizi də 
eləyəcəyəm partiyanın qərargahı. Sonra pul toplayacağıq partiyaya! Sonra da partiyanın puluyla 
buranı əla təmir elətdirəcəyəm! 
P a r t i y a  l i d e r i. Bura bax... 
K i ş i. Sən narahat olma, dedim. Bay!.. Sənin partiyanla müttəfiq olacağıq də!.. Qorxma! Hər 
şey əla olacaq! Buranı da gözəl təmir edəcəyəm!  
P a r t i y a  l i d e r i (özünü saxlaya bilməyib qışqırır).  Səni gərək dəlixanaya aparsınlar! 
Demokratik ölkədə olsaydın, sən indi çoxdan dəlixanadaydın! 
A r v a d (səhnə arxasından). Bizimləsiz? 
P a r t i y a  l i d e r i (tələsik). Xeyr! 

 
279
K i ş i. Sənin həyəcanını başa düşürəm, mənim əziz sinif yoldaşım! Bu sevincdəndi! Sən də 
mənimlə birlikdə sevinirsən! Artıq iyirmi yeddi dəvətnamə hazırdı! Qalıb iki yüz iyirmi üç 
dəvətnamə! Sabahdan yavaş-yavaş qonaqları  dəvət eləməyə başlayacam. Birinci jurnalistləri 
çağıracam! Darıxma, səni elə indidən dəvət edirəm! Jurnalistlərin qabağında səni  əməlli-başlı 
tərifləyəcəyəm! Kim öz ad günündə partiya yarada bilər, hə? Bunu heç Stalin də bacarmazdı! 
Vaxtını təyin eləmişəm! Gələn həftənin çərşənbə axşamı mənim toyumdu! (Iki əlini də geniş açaraq 
otağı göstərir.) Sonra da buranı əla təmir edəcəyəm! 
 
Pauza. 
 
Əla təmir!.. 
 
Pauza. 
 
P a r t i y a  l i d e r i. Bura bax... 
K i ş i. Dedim ki, səni tərifləyəcəyəm də! Səni hamıya nümunə göstərəcəyəm! Qoy görsünlər 
ki, Azərbaycanda necə əjdahalar var! Sonra da buranı təmir elətdirəcəyəm! 
P a r t i y a  l i d e r i. Yox... Qulaq as, buranı... buranı  mən təmir elətdirərəm... Bizim 
partiyanın vəsaitinə... Beynəlxalq simpozium keçirmək istəyirdik... Sən bu toy məsələsini burax 
getsin... 
K i ş i. Hə? 
P a r t i y a  l i d e r i. Hə...  
K i ş i. Nə vaxt? 
P a r t i y a  l i d e r i. Nə nə vaxt? 
K i ş i. Təmir? 
P a r t i y a  l i d e r i. Gələn ay... 
K i ş i. Yox!.. Mənimçün subay qalmaq çox çətindi! Mən evlənirəm! Mən öz partiyamı alıram! 
P a r t i y a  l i d e r i. Yaxşı, gələn həftə... 
K i ş i. Yox! Mən subaylığa dözə bilmirəm! 
P a r t i y a  l i d e r i. Yaxşı, yaxşı... Sabah başlayıram... 
K i ş i. Hə? 
P a r t i y a  l i d e r i. Hə... 
 
Pauza. 
 
Hə, sabah başlayıram... 
K i ş i. Onda mən gedim nizamnamənin əvəzinə roman yazım... 
P a r t i y a  l i d e r i. Hə, get roman yaz! Ancaq təcrübədən-zaddan yazma! Toydu, ad 
günüdü, belə  şeylərdən yazma! Indi millətin ağır günüdü! Yeməyə bir şey tapmır! Sən millətin 
dərdindən yaz! Başa düşdün? Millətin dərdindən!  
K i ş i. Mən sənət əsəri yaratmağa gedirəm! (Coşğun) Yox, mən getmirəm! Ilham pərisi məni 
öz qanadlarında aparır! (Qollarını geniş açır, guya ki, uçur, səhnədən çıxır.) 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON BİRİNCİ ŞƏKİL 
 
Kişinin evi. Günorta. K i ş i, A r v a d, O ğ u l, Q ı z,  
f ə h l ə l ə r. Üç-dörd fəhlədən kimi evin divarını rəngləyir, kimi  
harasa mala çəkir, qapıya cəftə vurur, pəncərənin taxtasını qaşıyır  

 
280
və s., bir sözlə, evdə şıdırğı təmir işləri gedir. 
Kişi pəncərədən birinin qarşısında oturub və eşiyə baxır. Arvad böyük bir həvəs və cidd-cəhdlə fəhlələrin işinə 
rəhbərlik edir, Qız da böyük ruh yüksəkliyi və maraqla ora-bura baxır. 
 
A r v a d. Bax, buranı görürsüz, göy rənglə rəngləyin, ancaq tamam göy olmasın... 
Birinci fəhlə.Göy rəngləyim, ancaq göy olmasın? 
A r v a d. Hə... 
Birinci fəhlə.Onu necə eləyim? 
A r v a d. Bax, bu göy... 
Birinci fəhlə. Hə... 
A r v a d. Indi üstündən sarı vurun... 
Birincifəhlə (fırça ilə rəngi sürtür). Al... 
A r v a d (sevinclə). Gördün! Bax, belə! Iyirmi ildi mən gecə yuxuda da bu rəngləri görürəm!.. 
Q  ı z (gəlib baxır).  Oy, nə gözəldi! Qoy Suzikə  zəng eləyim deyim! (Həyəcanla qaçıb 
səhnədən çıxır.) 
A r v a d. Bax, burda mütləq ağ bir xətt keçməlidi!.. 
 
Maşın səsi gəlir, sonra Oğul əlində zənbil səhnəyə daxil olur. 
 
O ğ u l. Salam, yoldaş fəhlələr!  
Ikinci fəhlə(o biri fəhləyə). Bu nə deyir, alə? 
O ğ u l (yumruğunu yuxarı qaldırır). Biz qalib gələcəyik! 
Ikinci fəhlə.Nə qalib, alə? Bizim obedimizi verin də!.. 
A r v a d. Darıxmayın! Əvvəlcə iş, sonra yemək! 
O ğ u l. Roza Lüksemburq deyib ki, əmək insanın yaraşığıdır! 
Ikinci fəhlə.Nə? 
Q ı z (səhnəyə daxil olur). Suzik deyir ki, sarının üstündən də bir az yaşıl vurmaq lazımdı! 
A r v a d (Qıza fikir vermədən Oğulun gətirdiyi zənbili aça-aça Kişiyə yaxınlaşır).  Bax, 
oğlumuzu görürsən?! Maşallah! Gör sənin üçün necə gözəl konservlər alıb?!. 
Q ı z. Mən də yeyəcəyəm! 
A r v a d. Bax, qaz ciyərinin paşteti... 
Q ı z. Suzik onu xoşlamır! 
A r v a d. Bu da badımcan kürüsü... 
K i ş i (ruh yüksəkliyi ilə). Qoy bir mən sağalım! 
A r v a d. Allah qoysa! Allah qoysa! 
K i ş i. Onda bir dənə böyük konservatoriya tikdirəcəyəm! 
A r v a d. Nə? 
K i ş i. Konservatoriya! 
A r v a d. Konservatoriyanı neynirsən? 
K i ş i. Konservləri saxlamağa yerimiz olsun! 
 
Pauza. 
 
Ikinci fəhlə. Ay bacı, obedin vaxtı çoxdan keçib e!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON İKİNCİ ŞƏKİL 
 
Bağça. Günorta. Partiya l i d e ri, X a n ı m, Q o n ş u. 

 
281
 
Q o n ş u. Təbrik edirəm sizi!.. Təbrik edirəm!.. 
X a n ı m. Nə olub? Ağlı başına gəlib? 
Q o n ş u. Yox, əşşi! O yazığın başı elə xarab olmayıb ki, təzədən düzəlsin! Əslinə baxsan... 
Vallah, heç əvvəldən də onun başında bir şey yox idi! Bu yazı-pozu adamları bir az belə də... (Əlini 
başının üstündə yelləyir.) Birtəhər olurlar!.. (Partiya liderinə) Sizi təbrik edirəm, sizi!.. 
P a r t i y a  l i d e r i. Məni? 
Q o n ş u. Bəli, sizi! Millətin böyük siyasi xadimini! 
P a r t i y a  l i d e r i (təvazökarlıqla). Mən xalqım üçün çalışıram... 
Q o n ş u. Bilirəm! Bəs necə? Təbrik edirəm! 
X a n ı m (səbrsiz). Axı, nə münasibətlə? 
Q o n ş u. Necə  nə münasibətlə?  (Partiya liderinə).  Sizə Aqrar Siyasət üzrə nazir vəzifəsi 
təklif ediblər. Ancaq siz o boyda vəzifədən imtina etmisiniz! 
 
Pauza. 
 
P a r t i y a  l i d e r i. Pay atonnan! (Ətrafa baxır.) Deyəsən yerin də qulağı var e!.. 
Q o n ş u. A kişi! Bu məmləkətdə belə işlərdə, bax, bunun da... (Cibində qurdalanır, dollar 
çıxarıb, təzədən tez cibinə basır.) bunun yox... bax, bunun... (Axır ki, cibindən kibrit qutusu çıxarır 
və bir kibrit çöpünü götürüb göstərir.)  bunun da qulaqları var! Siz nəyi qoyub, nəyi axtarırsız?! 
Əhsən sizə! O boyda vəzifədən imtina etmək! 
P a r t i y a  l i d e r i (şəstlə). Məni vəzifə maraqlandırmır!.. 
X a n ı m. Bizim partiyanı müstəqil Azərbaycan Respublikasının taleyi maraqlandırır!.. 
Q o n ş u. Əhsən! Bərəkallah! 
P a r t i y a  l i d e r i (get-gedə daha da qızışaraq).  Mən vəzifə düşkünü deyiləm! 
Respublikamızın vətəndaşları bunu yaxşı bilirlər! Buna görə  də başqa siyasi partiyalar dağılır, 
parçalanır! Ancaq bizim partiyaya kütləvi axın var! 
 
Pauza. 
 
X a n ı m (diqqətlə Qonşuya baxır və cibindən bir dəftərçə  çıxarır).  Gəlin sizi də bizim 
partiyaya üzv yazım! 
Q o n ş u. Məni? 
X a n ı m. Bəli! Bizim partiya sizə etimad göstərir! 
Q o n ş u. Yox, yox!.. Mən yox!.. 
X a n ı m. Sizin işləriniz yaxşı gedər! 
Q o n ş u. Yox, bacı, yox... O SSRI-nin Kommunist Partiyası idi, olurdun üzvü, işin də gedirdi 
yağ kimi! Indi demokratiyadı, bir partiyanın üzvü olacaqsan, o birilər taxtabiti kimi darışacaqlar 
canuva! Hara getdi, nə elədi, nə qazandı, necə qazandı? Bir dəli quyuya bir daş atacaq, bizim 
qəzetlər də ki, o daşı göydə axtarır, sonra gəl o daşı çıxar quyudan, görüm, necə çıxarırsan?! Yox, 
başuva dönüm, mənə bitərəf olmaq əl verir! Qoy düşsünlər bir-birlərinin canına, mənimki odu ki, 
işim getsin!.. 
P a r t i y a  l i d e r i. Ay-ay-ay!.. Mən sizi belə prinsipsiz bilməzdim!.. 
Q o n ş u. Necə? Mənəm prinsipsiz? (Kənara) Alə, bir də gördün çərxi-fələk dəyişdi, bu da 
oldu böyüklərimizdən biri!.. (Partiya liderinə.) Kolbasa, sosiska da aqrar siyasətə baxır də? Hə? 
P a r t i y a  l i d e r i. Əlbəttə! 
Q o n ş u. Mən axı, bu işlərlə məşğulam də, bu kolbasadı, sosiskadı, kapçonnı ətdi-zaddı də, 
belə-belə işlərlə də... 
P a r t i y a  l i d e r i. Ümid edirəm ki, dövlətimizə vergiləri vaxtında verirsiz! 
Q o n ş u. Nə? Vergi?  

 
282
 
Pauza. 
 
Bir dəqiqə yaxın gəl... (Yavaşdan) Nə vergi? Mən, onsuz da, sizin partiyanın üzvüyəm, ancaq 
gizli üzvü!.. 
X a n ı m. Yəni təəssübkeşi? 
Q o n ş u. Yox e, nə təəssübkeş? Əməlli-başlı gizli üzvü! Özü də sizin partiyanın hesabına on 
milyon manat pul keçirirəm! 
P a r t i y a  l i d e r i. On milyon manat? 
Q o n ş u. Bəli! Ancaq tamam gizlin! 
P a r t i y a  l i d e r i. Ba-a-a! Bu nə sözdü?! Bir daş altda, bir daş üstə! Sizin bizim partiyanın 
üzvü olduğunuzu məndən başqa bir köpək oğlu bilməyəcək! 
X a n ı m (tələsik). Bir də məndən başqa! 
P a r t i y a  l i d e r i. Mənim məslək dostum! (Onu qucaqlayır.) Əqidə yoldaşım! Biz səninlə 
əl-ələ verib müstəqil respublikamızı gözəl gələcəyə aparacağıq! (Bir də qucaqlaşırlar.) Biz səninlə o 
gözəl gələcəyin qurucuları olacağıq! 
Q o n ş u. Hə, hələlik sən tək! Mən də sonra də... Belə... Hə? 
P a r t i y a  l i d e r i. Niyə? Siz vətəni sevmirsiz? 
Q o n ş u. Mən? 
P a r t i y a  l i d e r i. Bəli, siz! 
Q o n ş u. A-a-a!.. Mən sizdən inciyərəm a-a-a!.. Bu nə sualdı belə? 
P a r t i y a  l i d e r i (daha artıq bir ehtirasla). Cavab verin! Siz vətəni sevirsiz? 
Q o n ş u. Əlbəttə! 
P a r t i y a  l i d e r i. Siz vətən uğrunda ölməyə hazırsız?  
Q o n ş u (bir az qorxmuş). Necə bəyəm? (Hürkmüş nəzərlərlə gah Partiya liderinə, gah da 
Xanıma baxa-baxa kənara) Alə, bunlardan nə desən çıxar e!.. 
P a r t i y a  l i d e r i. Hazırsız vətən uğrunda ölməyə? 
 
Pauza. 
 
Hə? 
X a n ı m. Cavab verin də! 
Q o n ş u. Onda... Onda bəs vətəni kim sevər? 
 
Pauza. 
 
Mən getdim! (Sivişib səhnədən çıxır.) 
P a r t i y a  l i d e r i (onun ardınca). Hara? 
X a n ı m (onun ardınca). Hara? 
P a r t i y a  l i d e r i. Getdi... 
X a n ı m. Qoy qaçım o antipatriotun yaxasından tutub gətirim bura! 
P a r t i y a  l i d e r i. Yox... 
X a n ı m. Onda tutub aparım Patriot Qadınlar Cəmiyyətinə! Orda onu yerə yıxıb... 
P a r t i y a  l i d e r i. Lazım deyil... Indi mən bu cür adamlarla neyləyim? Bu cür adamlarla bu 
bədbəxt milləti necə  ağ günlərə  çıxarım? Məmləkətin düşdüyü bu bərbad vəziyyəti necə aradan 
götürüm? Xalqın mənə olan böyük inamını  təkbaşına necə doğruldum? Bir tərəfdən Amerika, bir 
tərəfdən o boyda Rusiya, bir tərəfdən Iran, bir tərəfdən də bu cürə bizimkilər! Dəli şeytan deyir, öz 
partiyamı iqtidarın partiyası ilə birləşdirim! 
X a n ı m. Hə? 

 
283
P a r t i y a  l i d e r i (qətiyyətlə).  Yox! Bir də yox! Mən öz siyasi prinsiplərimdən dönə 
bilmərəm! 
X a n ı m. Bəli! Biz öz siyasi prinsiplərimizdən dönə bilmərik!  (Yavaşdan)  Görəsən, on 
milyonu keçirəcək? 
 
Partiya lideri çiyinlərini çəkir, yəni ki, nə bilim? 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON ÜÇÜNCÜ ŞƏKİL 
 
Kişinin evi. Axşamçağı. K i ş i, A r v a d, O ğ u l, Q ı z, D o s t,  
P r o f e s s o r.  
Kişi bir küncdə oturub mizin üstündəki bir qalaq plastilindən nəsə düzəldir. Arvad əlində əsgi, həvəs və şövq ilə 
təmirdən təzəcə çıxmış evin ora-burasını təmizləyir. Qız atasının nə ilə məşğul olduğuna baxır. 
 
Q ı z. Papa, sən nə eləyirsən e? 
K i ş i. Sus-s-s!.. 
Q ı z. Niyə susum e? Suzik deyir ki, sənə çoxlu suallar vermək lazımdı! 
K i ş i. Sus-s-s!.. Mən kəşf edirəm! 
A r v a d. Mane olma!.. Vallah, hərdən elə bilirəm ki, yuxudayam... Buralar yuxuda təmir 
olunub... O lüstürü yuxuda gətirib bura taxıblar... Maşınımız yuxuda işləyir... Qorxuram ki, birdən 
yuxudan ayılam... 
 
Pauza. 
 
Iraq olsun! 
O ğ u l (Karl Marksın məşhur əsərini oxuya-oxuya səhnəyə daxil olur). Dahidir, dahi!  
 
Kişi boylanıb kitabın səhifəsinə baxmaq istəyir. Oğul özünü kənara çəkir ki, atası kitabın səhifəsini görməsin. 
K i ş i. Doqquz? Doqquz...  
A r v a d. Nə doqquz? 
K i ş i (plastlini göstərərək). Doqquzunu düzəldəcəyəm... 
O ğ u l (ruh yüksəkliyi ilə). Biz yenə qayıdacağıq! 
Q ı z. Suzik deyir ki, kommunistlərdən day bir şey çıxmayacaq! 
O ğ u l (hirslə). Suzik savadsızdır! 
Q  ı z (dəhşət içində).  Nə? Suzik savadsızdı?! Eşitdiz bu nə dedi? Suzik... Suzik «Lenin 
oktyabrda» kinosunu əzbər bilir! 
A r v a d. Yaxşı!..  
 
Qapının zəngi çalınır. Arvad gedib qapını açmaq istəyir. 
 
O ğ u l. Yox, sən zəhmət çəkmə, anacan! Mən açaram! (Səhnədən çıxır.) 
A r v a d (mütəəssir). Vallah, doğrudan elə bil yuxudu... 
K i ş i. (mənalı-mənalı başını tərpədir və guya ki, birdən-birə maşın sürür). Ba-bap!.. Bap!.. 
 
Dost, ardıyca da Oğul səhnəyə daxil olurlar.  
Dost saqqalını qırxdırıb. 
 
D o s t. Iyi axşamlar!  
A r v a d. Xoş gəlmisiz!  

 
284
D o s t. Nasıldır bizim sayın dostumuz? 
K i ş i (diqqətlə ona baxaraq, təəccüblə). Vladimir Iliç... 
D o s t (ona yaxınlaşaraq).  Yavrucuğım, bəs görmürsən ki, daha saqqal yoxdu? Şimdi 
anladınmı ki, mən Lenin deyiləm? 
 
K i ş i (onun dediklərinin fərqinə varmadan). Ah, Vladimir Iliç, siz nə üçün saqqalınızı 
qırxdınız? 
 
Dost addımladıqca Arvad əlindəki əsgi ilə parketdə onun  
ayaq izlərini silir. 
 
D o s t. Yox, Mən Vladimir Iliç deyiləm! Saqqalımı ona görə qırxdırdım ki, sən dərk edəsən 
ki, mən Lenin deyiləm! 
Q  ı z. Siz necə  də gözəl dostsunuz! Atama görə saqqalınızı  qırxdırmısız! Bu saat... bu saat 
zəng eləyib Suzikə deyəcəyəm! (Səhnədən çıxır.) 
K i ş i (pərişan). Siz nə üçün belə etdiniz? Axı. bütün dünyanın proletariatı sizi saqqalsız 
təsəvvür etmir!.. 
D o s t. Allah, Allah!.. 
O ğ u l. Sən narahat olma, ata, dünya proletariatı artıq ayılıb! 
D o s t. Kəndinə  gəl, yavrucuğum!.. Kəndinə  gəl!.. Mən Lenin deyiləm! Lenin öləndə  də 
saqqalı var idi. Görürsən, mənim saqqalım yoxdu! Biz səninlə bir sokakın cocuqlarıyız!.. 
 
Pauza. 
 
K i ş i. Nadejda Konstantinovnanın bu işdən xəbəri varmı? 
D o s t (boğazını arıtlayaraq o saat tavana baxır). Əhə-əhə... Gözəl çilçıraqdı ha!.. 
K i ş i. Hə... Yaxşı... 
D o s t (plastilini göstərərək, Arvada). Bu nə yapır belə? 
A r v a d. Heykəl düzəldir... 
D o s t. Nasıl? 
A r v a d. Nə? Başa düşmədim... 
D o s t. Soruşuram ki, heykəl düzəldir? 
A r v a d. Bəli... Bu gün bütün günortanı bu işlə məşğul olub... 
 
Kişi yenə boylanıb Oğulun oxuduğu kitabın səhifəsinə baxmaq istəyir. Oğul özünü kənara çəkir ki, kitabın 
səhifəsi görünməsin. 
 
K i ş i. Doqquz... Doqquzuncu... heykəl... 
D o s t. Kaç heykəl? 
K i ş i. Doqquz! 
A r v a d. Bayaq da doqquz idi, bəs, çoxalmır? 
K i ş i Kişinin sözü bir olar! 
D o s t. Deməli, heykəlciklər yapırsan, mənim zavallı yavrucuğuım? 
K i ş i. Bəli! Mən böyük kəşf eləmişəm!.. Bu kəşf mənə ilham verir!.. Mənim böyük 
yaradıcılıq planlarım var, Valodya! Mən heykəltəraşlıq sənətində yeni söz demək fikrindəyəm!.. 
Mən öz sənətimlə xalqımın  şöhrətini bütün dünyaya yayacağam, Valodya! Hayıf, hayıf, Marya 
Aleksandrovna – sənin əziz anan bizim bu yaradıcılıq təntənəmizi görmədi! O məni də sənin qədər 
sevirdi, Valodya, mən bunu heç vaxt yadımdan çıxarmaram! Indi mən on dənə... (Oğula tərəf baxır.) 
yox, doqquz dənə heykəl üzərində işləyirəm, onları dalbadal ucaldacağam!.. 

 
285
D o s t. Eh, zavallı arkadaşım, heykəllərin dağıdıldığı bir zəmanədə sən heykəlmi yapırsan?.. 
Neredə indi o uca heykəllər? Neredə Stalinin heykəlləri? Leninin heykəlləri? Neredə Kirovun 
heykəli? Əli uzanmışdı Bakının üzərinə! (Göstərir.) Neredə? Söküldü!.. Dağıdıldı!.. Hər şey tar-mar 
oldu!..  
O ğ u l. Aha! Siz də sovet dövrünün həsrətini çəkirsiz! 
D o s t. Xeyr! Xeyr! Mənim türkçülük əqidəm dönməzdir! Bakının üzərinə  gərək babamız 
Atillanın, annəmiz Tomrisin əlləri uzana! Fəqət bunlar hələ yapılmamış... 
K i ş i. Elə  məsələ  də bundadı  də, Vladimir Iliç! (Ayağa qalxıb həm qabaqdan, həm də 
arxadan diqqətlə Dostun başına baxır.) Bude, sizin başınız!.. Mən dünya heykəltəraşları arasında ilk 
dəfə belə bir kəşf eləmişəm! Daha heç kim heykəlləri dağıtmayacaq! 
A r v a d. Allah eləsin! 
D o s t. Fəqət bu nasıl olacaq, zavallı yavrucuğum? Insanlar bir-birini qırırkən, inqilablar 
yapırkən, hökmdarlar bir-birini əvəz edirkən, sən, zavallı arkadaşım, buna nasıl nail olacaqsan? 
A r v a d (yavaşdan). Mən bunun sözlərindən heç nə başa düşmürəm!.. 
K i ş i. Bax, Valodya! Mən heykəllərin bədənini düzəldirəm. Boynuna da vint qoyuram! 
D o s t. Vint? 
K i ş i. Əvət! Vint qoyuram ki, heykəlin başını vintlə burub bədəninə pərçim edəsən! Misal 
üçün, sənin başını! Sonra haçan lazım oldu, bu başı çıxar, başqa birisinin başını bur, pərçim elə ora! 
 
Pauza.  
 
Qapının zəngi çalınır. 
 
A r v a d. Bu saat! 
O ğ u l. Sən əziyyət çəkmə!.. (Səhnədən çıxır.) 
P r o f e s s o r (səhnə arxasından). Yallah!.. Yallah!.. Bu nə əhvalatdı belə? Bu nə xəbərdi 
belə? Eşitmişəm, əl-əlbət, eşitmişəm!.. 
 
Əlində yekə və köhnə portfel tutmuş Professor, ardınca da  Oğul səhnəyə daxil olurlar. Arvad qonağın ayağına 
baxır. 
 
A r v a d. Xoş gəlmisiz... Ayaqqabılarınızı... 
P r o f e s s o r. Tərtəmiz silmişəm! Allah-taala buyurub ki, təmizlik birincidi!.. Əl-əlbət, 
belədir!  (Diqqətlə evin o tərəf-bu tərəfinə baxır, təzə  rəng iyini burnuna çəkir.)  Deyəsən, Allah 
qoysa, toya hazırlaşırsız? 
A r v a d. Yox, təmir eləmişik!... 
P r o f e s s o r. Allah mübarək eləsin! 
A r v a d. Çox sağ olun! 
P r o f e s s o r (Kişiyə tərəf işarə edir). Nə olub? Deyirlər ki, mənim keçmiş sevimli tələbəm 
bir az... o söz... (Əlini öz başının üstünə qaldırıb yelləyir.) Hə? 
D o s t. Maləsəf!.. 
Q  ı z (səhnəyə daxil olaraq). Suzik deyir ki... (Professoru görüb sözünü yarımçıq kəsir.) 
Salam. 
P r o f e s s o r. Əleykümə-əs-salam! (Kişiyə) Sən bu qızı nə vaxt Suzikə ərə verəcəksən? 
K i ş i. Həmişə!.. 
 
Pauza. 
 
P r o f e s s o r. Aha! Aha! Heç darıxmayın! Hər  şey Allah-taalanın  əlindədi! Qoy əvvəlcə 
özüm bir yoxlayım bunu. (Kişiyə) Bir mənə bax görüm... 

 
286
K i ş i (ona baxaraq ağzını geniş açıb dilini çıxarır). A-a-a!.. 
P r o f e s s o r (ətrafa). Elə bilir ki, həkiməm...  
D o s t. Pəki!.. 
P r o f e s s o r. Heç nə olmaz... Hər şey o uca Tanrımızın əlindədi! Əl-əlbət belədir! Qoy bir 
bunun məntiqini yoxlayım... (Kişiyə) Mənim beş dənə armudum var. Bundan da... (Oğulu göstərir.), 
yox, bundan da (Dostu göstərir.) beş dənə armud aldım. Indi məndə neçə dənə armud oldu? 
 
Pauza. 
 
Hə? 
 
Qız gizlincə barmaqları ilə göstərib atasına kömək eləmək istəyir. 
 
P r o f e s s o r (Qıza). Yox, şparqalka olmaz! Hə, beş armud məndə var idi, beş armud da 
bundan aldım, ikisi bir yerdə neçə armud elədi? 
 
Pauza. 
 
Hə? 
K i ş i. Biz məktəbdə alma keçmişik! 
A r v a d (dərindən köksünü ötürür). Ah!.. 
P r o f e s s o r. Falçı Ağabacı! 
A r v a d. Nə? 
P r o f e s s o r. Ancaq Falçı Ağabacı!  
A r v a d. O kimdi elə, professor? 
P r o f e s s o r (təəccüblə). Eşitməmisiz? 
A r v a d. Xeyr... 
P r o f e s s o r. Doğru deyirsiz? (Dosta) Siz də eşitməmisiz? 
D o s t. Maləsəf, şimdi xatırlamaqda çetinlik çekirəm... Zaten... 
P r o f e s s o r (Oğula). Siz də? 
O ğ u l. Biz falçılara inanmırıq! (Hirslə səhnədən çıxır.) 
P r o f e s s o r. Necə? Bu nə danışır? 
A r v a d. Yox, professor, elə-belə deyir... 
D o s t. Əvət... 
Q ı z. Bu saat Suzikə zəng eləyim, öyrənim ki, Falçı Ağabacı kimdi? 
P r o f e s s o r. Ehtiyac yoxdu! Ekstrasens Falçı Ağabacı Allah-taalanın əta etdiyi böyük bir 
verginin sahibidi! Bütün dərdlərin dərmanı ondadı! Falçı  Ağabacı böyük Yaradanımızın yer 
üzündəki elçisi kimi bir möcüzədi! Onun ilahi varlığı insanlara şəfa gətirir. Əl-əlbət belədir! (Kişini 
göstərir.) Bunun da dərdinə əlac eləsə, Falçı Ağabacı eləyəcək! Falçı Ağabacı! 
A r v a d. Falçı Ağabacı? 
P r o f e s s o r. Falçı Ağabacı! 
D o s t. Əvət!.. 
 
İ ş ı q  s ö n ü r. 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin