Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

ALTINCI ŞƏKİL 
 
Poçt şöbəsi. Günorta olmasına baxmayaraq, içəri girib-çıxan azdır. Hərə öz işi ilə məşğuldur. Ədilə də öz 
pəncərəsinin qarşısında oturub, hərdənbir ona müraciət edənlərə cavab verir, məktublara baxır və onun bu 
hərəkətlərində, baxışlarında bir biganəlik hiss olunur.  
Yoldaş Tək yerindən qalxıb Ədiləyə yaxınlaşır. 
 
Yoldaş Tək(bir neçə anlıq sükutdan sonra). Eh-h... 
Ə d i l ə (başını qaldırıb ona baxaraq). Nə deyirsiniz, Yoldaş Tək? 
Y o l d a ş  T ə k. Heç nə. Ah çəkirəm. 
Ə d i l ə. Niyə? (Təəccüblə) Siz də ah çəkə bilirsiniz? 

 
116
Y o l d a ş  T ə k. Belədir də, yoldaş Ədilə... Təcrübə göstərir ki, mənim kimi mətin adamların 
da iradəsini sarsıtmaq mümkündür... (Barmağını mürəkkəbə batırıb  şüşənin üzərindəki «3»-ün 
qarşısına «1» əlavə edr.) Belədir...  (Ədilə heyrətlə Yoldaş  Təkə baxır.)  Bəli, yoldaş  Ədilə, bəli... 
Təəccüb edirsiniz ki, Yoldaş  Tək nə üçün belə bir bədbin  əhvali-ruhiyyədədir?.. Bilirsinizmi mən 
neçə ildir rabitə sahəsində işləyirəm? Düz qırx bir ildir. Qırx bir il. Mən kənd poçtalyonundan şəhər 
rabitə şöbəsinin müdirliyinə kimi şərəfli bir yol keçmişəm... Amma nə olsun? 
Ə d i l ə (heyrətlə). Necə? Necə? 
Y o l d a ş  T ə k. Deyirəm ki, nə olsun? Bəs mənim gələcəyim? Mənə ancaq siz kömək edə 
bilərsiniz, yoldaş Ədilə...  
Ə d i l ə. Mən? Bir az açıq danışın də, Yoldaş Tək. 
Y o l d a ş  T ə k. Doğrudur. Bu mənə xas olan ən müsbət keyfiyyətlərdən biridir: sözü üzə 
demək, açıq-açığına. Rabitə nazirliyində bir yer boşalıb, yoldaş  Ədilə, yoldaş  Məlikovun yeri. 
Yoldaş Məlikov dünən vəfat edib, qəflətən. 
Ə d i l ə. Yəni rəsmi surətdə vəfat edib? 
Y o l d a ş  T ə k. Bəli, lap rəsmi surətdə... Qəzetdə də yazmışdılar. Mən də, özünüz çox yaxşı 
bilirsiniz, təcrübəli və bacarıqlı rabitə  işçisiyəm. Deyirəm bəlkə... Bəlkə bir məndən ötrü yoldaş 
Məlikməmmədovun qulağına pıçıldayasınız? 
Ə d i l ə  (Yoldaş Təkin bədbinliyinin səbəbini yalnız indi başa düşür). A-a-a... Fikirləşərəm, 
Yoldaş Tək. 
Y o l d a ş  T ə k. Fikirləşərsiniz? 
Ə d i l ə. Bəli. Onsuz da dünəndən elə hey fikirləşirəm.  
Y o l d a ş  T ə k. Dünəndən fikirləşirsiniz? Mənim barəmdə? 
Ə d i l ə. Sizin barənizdə də... 
Y o l d a ş  T ə k. Çox sağ olun, yoldaş  Ədilə, çox sağ olun. Sizə  şəxsi işinizə yazılmaqla 
təşəkkür elan edirəm. 
 
Qoca Professor şöbəyə daxil olub,  Ədilənin pəncərəsinə yaxınlaşır. 
 
Q o c a  P r o f e s s o r. Salam. Mən Əliquluzadəyəm. Mənə məktub varmı? 
Ə d i l ə (məktublara baxır). Yoxdur. 
Q o c a  P r o f e s s o r. Yoxdur? Ola bilməz. Qəti surətdə ola bilməz. Qəti surətdə.  
Ə d i l ə. Dedim ki, yoxdur. (Yenə də bir-bir məktublara baxır). Ə-li-qu-lu-zadə... Yoxdur. 
Q o c a  P r o f e s s o r. Arvad sklerozdur. Tamam sklerozdur. Altı gündür Gəncədən 
gəlmişəm, hələ  məktub yazmayıb mənə. Tapşırmışam ki, məktub yaz mənə, nigaran qalmayım, 
yazmayıb indiyə qədər. Sklerozdur. Tamam sklerozdur. (Lap əsəbi) Boşayacağam gedən kimi. 
Y o l d a ş  T ə k. Əsəbiləşməyin, hörmətli yoldaş Əliquluzadə, əsəbiləşməyin. Gələr. Bəlkə 
elə bu gün gəlib? Gedim görüm təzə məktubları gətiriblərmi? 
Qoca Professor. Mən də sizinlə gedirəm. 
 
Qoca Professor içəri keçib Yoldaş Təklə birlikdə gedir. Baba yerindən qalxıb Ədiləyə yaxınlaşır. 
 
B a b a. Bir daha salam, yoldaş Ədilə. (Baba «yoldaş Ədilə» dedikdə Yoldaş Təkin təsiri o saat 
hiss olunur.) Necəsiniz, yoldaş Ədilə? 
Ə d i l ə. Pis deyiləm, Baba. 
B a b a. Yoldaş Ədilə, bilirsinizmi mən sizin xətrinizi nə qədər çox istəyirəm? Mən sizin üçün 
canımdan keçərəm, «uf» demərəm. 
 
Ə d i l ə cavab vermir. 
 

 
117
Bəli? 
Ə d i l ə. Heç nə. (Ədilənin fikri başqa yerdədir.) 
B a b a. Yoldaş Ədilə, deyirəm bir... Utanıram da e, deməyə... Deyirəm bir... Deyirəm bir məni 
yoldaş Məlikməmmədova tapşırasınız... Doğruldaram sizin etimadınızı, yoldaş Ədilə. Söz verirəm 
sizə. (Ədilə cavab vermir, hiss olunur ki, o, daxili gərginlk içindədir, nə barədə isə fikirləşir və bu 
fikirlər ona rahatlıq vermir.) Vallah, doğruldaram etimadınızı, yoldaş Ədilə! 
Ə d i l ə (başını qaldırıb Babaya baxaraq, son dərəcə səmimi, elə bil, Babanın bayaqdan bəri 
dediyi sözləri eşitməyib). Bilirsənmi, Baba, nədənsə mənə elə gəlir ki, bax, bu saat nə isə fövqəladə 
bir hadisə baş verəcək, nə isə qeyri-adi bir iş olacaq? 
B a b a. Nə? 
Ə d i l ə. Səhərdən mənim ürəyim uçunur. Mənə elə gəlir ki... (Sözünü davam etdirməyərək əli 
ilə başını tutur.) 
 
       Baba Ədiləyə baxıb əlini o tərəf-bu tərəfə yellədir, yəni ki, ay-hay. Qara frak geymiş 
Skripkaçı
 əlində skripka 
səhnəyə daxil olub birbaş Ədiləyə tərəf gedir. Onu hamı görür və hamı da təəccüb dolu nəzərlərlə ona baxır. O, 
Ədilənin başı üzərində dayanıb skripkasını qaldıraraq çalmağa hazırlaşır. Ədilə başını qaldırıb heyrətlə ona baxır. 
 
B a b a. Alə! Bu nədir belə? Siz kimsiniz? Neyləyirsiniz belə? 
 
Qara frak geymiş Skripkaçı cavab verməyərək çalmaq istəyir. 
 
(Təşvişlə) Yoldaş Tək! Yoldaş Tək! 
 
Y o l d a ş  T ə k  əlində bir qalaq məktub Qoca Professorla birlikdə gəlir. 
 
Y o l d a ş  T ə k. Nədir? Nə olub? (Qara frak geymiş Skripkaçıya baxaraq) Siz kimsiniz? 
B a b a. Cavab vermir. Gəlib bura səhərdən, özü də cavab vermir. 
Y o l d a ş  T ə k. Ay yoldaş, siz kimsiniz axı?  
 
Pauza. 
 
Bu yoldaşı kim tanıyır? 
B a b a. Deyəsən, artistdir. 
Y o l d a ş  T ə k. Siz kimsiniz və nə ixtiyarla kənar adamların girməsi qadağan olan əraziyə 
girib ictimai müəssisənin işini dayandırırsız? 
Skripkaçı(elə bil öz-özü ilə danışır).  Görünür, daha mənə ehtiyac yoxdur. Mən daha lazım 
deyiləm. (Skripkasını aşağı salaraq, adamların arasından keçib səhnədən çıxır.)  
Y o l d a ş  T ə k  (onun arxasınca). Belə də iş olar... Işinizə davam edin, yoldaşlar. (Əlindəki 
məktubları elə bil ki, hipnoz olmuş Ədiləyə verir.) Buyurun, yoldaş Ədilə, təzə məktublardır. Bəlkə, 
hörmətli yoldaş Əliquluzadənin də məktubu gəlib. 
 
Ədilə məktubları alıb bir-bir baxır. Kişi qapıdan içəri girir. Bu adam bizim tanıdığmız Kişinin eyni olsa da, nə 
iləsə ondan fərqlənir. (Geyimi də başqa cürdür.) Hərəkətləri də başqa cürdür. O, tamamilə adi, real adamdır. 
Şöbədə qoyulmuş mizlərdən birinin arxasında əyləşib nə isə yazmağa başlayır. 
 
Ədilə(məktublara baxa-baxa birdən sevinclə  qışqırır).  Bura baxın! Bu məktuba baxın! 
(Məktublardan birini əli ilə yuxarı qaldırır.)  Burada heç nə yazılmayıb. Yazılmayıb ki, kimə 
çatacaq. Ağappaqdır, görürsünüzmü? Bu onun məktubudur? Bu onun məktubudur! (Ayağa qalxır.) 
Y o l d a ş  T ə k  (təəccüblə). Kimin? 
Ə d i l ə. Onun. Onun. (Mizin arxasında oturub nəsə yazan Kişini görür, yerindən çıxaraq ona 
tərəf qaçır.) Sizin məktub gəldi! Sizin məktub gəldi! 

 
118
Kişi(təəccüblə Ədiləyə baxır). Mənim məktubum? Nə məktub? 
Ə d i l ə. Bəli, sizin. Buyurun! Bu sizin məktubdur. Görürsünüzmü, üstündə heç nə 
yazılmayıb. 
Kişi(son dərəcə təəccüblə). Axı, mənə nə məktub gəlməlidir ki? Siz məni hardan tanıyırsınız? 
Qəribədir... Mənə nə münasibətlə adsız məktub yazmalıdırlar? Mənim adım yoxdu bəyəm? 
 
Pauza. 
 
Ə d i l ə  (elə bil ki, yuxudan ayılır).  Bağışlayın... Bağışlayın... Mən, deyəsən, lap ağlımı 
itirmişəm... Lap dəli olmuşam deyəsən... Bağışlayın... (Asta addımlarla öz yerinə qayıdır.) 
K i ş i. Bu nə deməkdir? Qəribə adamlar var dünyada... (Oturub yazısına davam edir.) 
Y o l d a ş  T ə k. Yoldaş Ədilə, bilmirəm sizə nə olub. 
Ə d i l ə (yerində oturaraq). Heç... 
Q o c a  P r o f e s s o r. Vallah, o məktub, deyəsən, mənim məktubumdur... Bir açın baxın 
görək «Əliqulucan»la başlayır?  
Y o l d a ş  T ə k. Bu saat. Məktubu olarmı, yoldaş Ədilə? 
Ə d i l ə. Olar. Əlbəttə olar. (Etinasızlıqla məktubu Yoldaş  Təkə uzadır.) Buyurun. 
Y o l d a ş  T ə k (məktubu açıb oxuyur). «Əliqulucan, salam». 
Qoca Professor(dərhal məktubu yoldaş  Təkin  əlindən alır).  Verin bura! Adam başqasının 
məktubunu oxumaz. Görürsünüz ki, mənimdir. Deyirəm, arvad sklerozdur də, zərfin üstündə adımı 
yazmağı yaddan çıxarıb. Xudahafiz. 
 
Qoca Professor çıxıb gedir. Ədilə qarşısına bir kağız qoyub nə isə yazır. 
 
 Y o l d a ş  T ə k  (diqqətlə Ədiləyə baxaraq). Yoldaş Ədilə, xəstə deyilsiniz ki? 
Ə d i l ə (yaza-yaza). Yox, xəstə deyiləm. 
Y o l d a ş  T ə k. Həyəcanlanmışdınız bir az... 
Ə d i l ə. Daha həyəcanlı deyiləm. Hər şey öz qaydasındadır. 
Y o l d a ş  T ə k. Onda sizə mane olmayım. Oturub rahat-rahat fikirləşin. 
Ə d i l ə (ayağa qalxaraq). Yox, mən gedirəm. 
Y o l d a ş  T ə k. Gedirsiniz? Hara gedirsiniz? Evə gedirsiniz? Nə olar, icazə verirəm sizə. 
Gedin evdə fikirləşin. Cavabını sabah deyərsiniz. 
Ə d i l ə (əlindəki kağızı Yoldaş Təkə uzadaraq). Sabah sizə cavab verə bilməyəcəyəm, Yoldaş  
Tək.  
Yoldaş Tək (kağızı alıb oxuyur). Bu nədir? Siz işdən çıxırsınız? Nə üçün? Nə oldu? 
Baba(qeyri-adi tərzdə.) Bəs mən? 
Ə d i l ə. Belə məsləhət oldu.  
Y o l d a ş  T ə k. Hara gedirsiniz? Daha işləməyəcəksiniz? 
Ə d i l ə. Işləyəcəyəm,  əlbəttə. (Bir balaca ironiya ilə) Daha məqsədəuyğun bir müəssisədə 
işləyəcəyəm, Yoldaş Tək. 
Y o l d a ş  T ə k  (sarkazmla). Bəlkə gedib zavodda işləyəsiniz? 
Ə d i l ə. Nə olar? Siz ictimaiyyətin mənafeyini hər şeydən yüksək tutmağı bizə öyrətmisiniz. 
Y o l d a ş  T ə k. Mən... Bəli. Amma... 
Ə d i l ə. Privet. 
B a b a. Nə? 
Ə d i l ə. Xudahafiz. Yəni ki, adiyu... (Gedir.) 
 
Pauza. 
 

 
119
Y o l d a ş  T ə k. Sən öləsən, fırıldaqlarından baş açmaq olmur də!.. 
B a b a. Psixdirlər, Yoldaş Tək. 
Y o l d a ş  T ə k. Xeyr lotudurlar, lotu. Baba! 
B a b a. Bəli, Yoldaş Tək. 
Y o l d a ş  T ə k. Sənin şüurun nə vaxt inkişaf edib normal hala düşəcək? 
Baba(bir az fikirləşdikdən sonra). Bilmirəm, Yoldaş Tək. 
Y o l d a ş  T ə k  (barmağı ilə ona işarə edərək). Yaxın gəl. (Baba gəlib lap Yoldaş Təkin 
burnunun altında dayanır. Babanın qulağına)  O, buradan çıxır. Nə üçün? (Baba gözlərini 
bərəldərək Yoldaş Təkə baxır, yəni ki, bilmirəm. Barmağı ilə Babanın başına taqqıldadır.) Baş deyil 
e, külqabıdır.  (Yenə  ağzını Babanın qulağına dirəyir.)  Çünki ona yağlı yer boyun olubdur, başa 
düşdün?.. Yəqin yoldaş Məlikməmmədov şəxsən özü boyun olub. (Ədilə gedən tərəfə işarə edərək)
Belə xanımdan kim keçər? 
Baba(əlini əlinə çəkərək ekstazla). Pəh! Əntiqə şeydir. Sən öləsən... Alaram onun ağrısını!.. 
Y o l d a ş  T ə k  (acıqlı). Baba! 
Baba(tez özünə gələrək). Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Özünü unutma! 
B a b a. Baş üstə, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Get otur yerində! 
B a b a. Baş üstə, Yoldaş Tək! (Qaça-qaça öz yerinə gedir). 
 
 
YEDDİNCİ ŞƏKİL 
 
      Ədilənin evi. Ədilə divanda əyləşib siqaret çəkir. Yanında çamadan var. Hiss olunur ki, o, getməyə hazırlaşıb, 
indi yəqin ki, Xəlili gözləyir. Qarı yenə də səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur. 
Bayır qapısı açılıb-örtülür. Arakəsmədən Xəlilin səsi gəlir. 
 
Xəlilin səsi. Ay-na-na-nay-na-nay-na-na-nay-nay-nana-nay-nay-nay-na-na-nay...  (Içəri girir.) 
Boy, mamoçka, sən gəlmisən? Nə tez gəlmisən belə, canım-ciyərim? Qoy bir səni maç eləyim... 
(Ədiləyə tərəf gedir.) 
Ə d i l ə (ayağa qalxır). Lazım deyil. 
X ə l i l. Əşşi, qoy bir maç eləyim də. (Ədiləni öpmək istəyir.) 
Ə d i l ə (kənara çəkilərək). Yox, Xəlil... 
X ə l i l. Yaxşı, mamoçka, bizimki qalsın gecəyə... Bay, yenə papiros çəkirsən? Ay mamoçka, 
zərərdi axı...  (Mizin üstündəki külqabıya baxır.)  Özü də gör neçəsini çəkmisən... Sən mənim 
ölmüşüm, canına qəsd eləmə, tulla getsin... 
Ə d i l ə. Qulaq as, Xəlil... 
X ə l i l. Sən Xəlilin canı, az çək papirosu, mamoçka... Yəqin tez gəlmisən, darıxmısan, hə? 
Mən tez-tez gəlirdim ki, bir şey hazırlayım səninçün, işdən qayıdanda  əlqaf eləyəsən.  (Çamadanı 
görür.)  Bu nə çamadandır belə, mamoçka, indidən hazırlaşırsan kurorta? Ay sənin canını yeyim.  
Sən mənim canım, qoy bir dəfə maç eləyim səni. (Ədiləyə yaxınlaşıb öpmək istəyir.) 
Ə d i l ə (kənara çəkilərək). Qulaq as, Xəlil, mən gedirəm. 
 
Kiçik pauza. 
 
Xəlil(gizli bir təşvişlə). Hara gedirsən, mamoçka? 
Ə d i l ə. Həmişəlik gedirəm, Xəlil. 
 
Pauza. 
 

 
120
Xəlil(söz ağzından güclə çıxır). Niyə? 
Ə d i l ə. Mən daha xəyanət etmək istəmirəm, Xəlil. 
 
Pauza. 
 
X ə l i l. Əgər, əgər sən mənə... xəyanət etmisənsə, mən.. mən bunun üstündən keçərəm... 
Ə d i l ə. Burax bu boş sözləri, sən Allah, yekə kişisən. 
 
Kiçik pauza. 
 
Mən özümə  xəyanət etmək istəmirəm, başa düşürsənmi, özümə. Daha bu cür yaşamaq 
mümkün deyil, Xəlil, mən səni istəməsəydim, qətiyyən sevmədiyim bir halda, nə üçün biz səhərdən-
axşama kimi bir yerdə olmalıyıq, bir-birimizi aldatmalıyıq, yalandan bir-birimizin üzünə 
gülməliyik? 
X ə l i l (güclə). Biz yox, mamoçka, sən... sən... 
Ə d i l ə. Mən daha bunu istəmirəm, Xəlil, mən daha istəmirəm. Biz ayrılmalıyıq. Heç olmasa, 
bir balaca mənəvi hüququmuz olsun deyə, ayrılmalıyıq. Sən də bunu ürəyinə salma, Xəlil. 
X  ə l i l. Necə salmayım?.. Necə salmayım...  (Isterik)  Bəs sən... Bəs sən niyə  mənə  ərə 
gəlirdin, indi də məni bədbəxt edirsən? Niyə? 
Ə d i l ə. Sən mənim kimisini həmişə ala bilərsən, Xəlil. Ər həsrətində olan otuz yaşlı Ədilələr 
çoxdur. 
X ə l i l. Ala bilmərəm, çünki üç ildən sonra məni atıb gedəcək. 
Ə d i l ə. Məsələ səndə deyil, Xəlil. Məsələ ancaq səndə deyil. 
X ə l i l. Mən sənə nə pislik etmişəm, mamoçka?.. Həmişə qayğına qalmışam, həmişə sənin 
barəndə fikirləşmişəm, həmişə  sənin dediyin kimi oturub-durmuşam... Bir dəfə aramızda söz 
olmayıb, mamoçka, indi niyə belə edirsən?.. Axı... axı, mən yazıq neyləyim? (Gəlib onun əlindən 
tutur.) Necə şərait deyirsən, sənin üçün yaradaram, Ədiləcan, necə şərait deyirsən. Hər şey alaram 
səninçün, nə deyirsən eləyərəm. Bax... bax... (Əlini pencəyinin döş cibinə salıb bir kitabça çıxarır.) 
Bax, Ədiləcan, sənin heç bundan xəbərin yoxdur, sənə deməmişəm bunu indiyə qədər, gizlətmişəm 
hamıdan... Bax, əmanət kassasında düz üç yüz min pulum var, Ədiləcan, düz üç yüz min manat... 
bütün ömrüm boyu xırda-xırda yığmışam, hamısını  sənə  xərcləyərəm, hamısını. Al, istəyirsən al, 
indidən verim sənə, al qoy öz çamadanına. 
 
Xəlil kitabçanı Ədiləyə vermək istəyir. Ədilə onun qolunu itələyir, kitabça yerə düşür. 
 
Ə d i l ə. Burax əlimi, Xəlil, burax. Daha danışma. Sən danışdıqca alçalırsan.  (Əlini Xəlilin 
əlindən çəkmək istəyir.) 
X ə l i l. Yox. Qoymaram səni gedəsən. Qoymaram. Bəs mən? Bəs mən başıbatmış neyləyim? 
Bəlkə... bəlkə başqa bir adam var? 
Ə d i l ə. Bəsdir dedim. (Əlini dartıb Xəlilin əlindən çıxarır.) 
X ə l i l. Mən hər şeyə razıyam, Ədiləcan, vallah, hər şeyə razıyam... Istəyirsən... istəyirsən 
həftədə iki gün evə gəlmə... (Ədilənin əlindən tutmaq istəyir yenə.) 
Ə d i l ə (ikrahdan boğularaq). Burax məni. Burax... 
 
Xəlil Ədiləni buraxmaq istəmir. Ədilə onu itələyir. Xəlil daldala  
gedərək divanda oturur. Ədilə çamadanını götürüb iri addımlarla səhnədən  
çıxır. Xəlil başını divanın arxasına dayayaraq gözlərini yumur. 
 

 
121
Q a r ı. Bay sənin.. Ip qurtardı, corabı toxuyub qurtara bilmədim... Belə də iş olar?.. Əh, elə 
yaxşı oldu. Elə bil on iki ay toxuyuram.. Nə olsun axı? Elə toxu, toxu... Yaxşısı budur durum gedim 
oğlanlarıma baş çəkim. Durum gedim dördünə də bir-bir baş çəkim. Adımı ana qoymuşam, amma 
ildə, ayda bir dəfə  də onlardan xəbər tutmuram. Onlardan hər  şey umuram, amma onlarla 
maraqlanmıram... On iki nəvəm var, heç üzlərini də görməmişəm... Durub gedib hamısına baş 
çəkəcəyəm... Elə bu saat durub gedəcəyəm... Səhərdən-axşama kimi corab toxumaqdan bir şey 
çıxmaz... (Ayağa durub gedir, hiss olunur ki, çoxdandır gəzmir, lap yadırğayıb addımlamağı.) 
 
 
Xəlil gözlərini açıb  ətrafa baxır, nə isə axtarır. Pencəyinin,  şalvarının ciblərini yoxlayır, get-gedə artan 
təşvişlə divanın üstünü, mizin üstünü, oranı-buranı axtarmağa başlayır. Nəhayət, yerə düşmüş əmanət kitabçasını 
görüb qaldırır və köynəyinin döş cibinə qoyur. Işıq sönür. Bir neçə anlıq sükutdan sonra qaranlıqda Züleyxanın 
səsi eşidilir. 
 
Züleyxanın səsi. Yoldaş Tək! Yoldaş Tək! 
 
Işıq, qoltuğunda çanta tutub addımlayan Yoldaş Təkin üstünə düşür. 
 
Y o l d a ş  T ə k  (çevrilib geri baxaraq). Mənimləsiniz? 
Züleyxanın səsi. Bəli. Sizinləyəm, Yoldaş  Tək. Bir neçə  dəqiqəlik ayaq saxlayın, xahiş 
edirəm. 
 
Y o l d a ş  T ə k  dayanır. Züleyxa ilə  Gülzar qaça-qaça arxadan ona çatırlar. 
 
Z ü l e y x a (tövşüyə-tövşüyə). Salam, Yoldaş Tək. 
G ü l z a r (tövşüyə-tövşüyə). Salaməleyküm, Yoldaş Tək.  
Y o l d a ş  T ə k. Əleyküməsalam. 
Z ü l e y x a. Sizdən bir xahişim var, Yoldaş Tək. 
Y o l d a ş  T ə k. Mən heç vaxt başqa vətəndaşların xahişinə biganə olmamışam. Buyurun. 
Z ü l e y x a. Məni Ədilənin yerinə işə götürün. 
G ü l z a r. Deyirlər sizin poçt şöbəsində sehrli hadisələr baş verir. Möcüzələr olur lap. 
Z ü l e y x a. Bəlkə mənim də bəxtim açıldı. 
Y o l d a ş  T ə k. Bizim zəmanədə də adam möcüzəyə inanar? (Başını tərpədir.) Ay-ay-ay... 
Sizin siyasi şüurunuz yaxşı inkişaf etməyib... Yoldaş Ədilə hardadır indi? 
G ü l z a r. Anası ilə bir yerdə qalır. 
Y o l d a ş  T ə k. Harada işləyir? 
Z ü l e y x a. Hardasa işləyir, heç bilirik ki?.. Nə oldu, Yoldaş Tək. Məni Ədilənin yerinə işə 
götürərsinizmi? 
Yoldaş  Tək(kiçik bir tərəddüddən sonra). Siz də... Siz də yoldaş  Məlikməmmədovu 
tanıyırsınız? 
Z ü l e y x a. Kimi? Yoldaş Məlikməmmədovu deyirsiniz? Əlbəttə, tanıyırıq. Bəs necə? Biz 
onunla çox yaxınıq. 
Y o l d a ş  T ə k. Doğrudan? 
G ü l z a r. Bəli. Bəli. 
Y o l d a ş  T ə k  (Züleyxaya). Onda sabahdan çıxın işə. Mənim üçün bundan yaxşı zəmanət 
ola bilməz. Sabahdan yox, lap elə indidən. Gedək, yoldaşlar... 
Z ü l e y x a. Gedək. Gulya, bəlkə mənim bəxtim açıldı, sonra sən girərsən orda işə. 
Y o l d a ş  T ə k. Irəli, yoldaşlar, gələcəyə doğru! 
 
Y o l d a ş  T ə k , Züleyxa və Gülzar gələcəyə doğru qaça-qaça səhnədən çıxırlar. 
 

 
122
 
EPİLOQ 
 
 Poçt 
şöbəsi. Yenə hərə öz işi ilə məşğuldur. Və hər şey əvvəlki kimidir. Təkcə Ədilənin yerində Züleyxa 
oturub, hərdənbir ona müraciət edənlərə cavab verir: məktublara baxır, hiss olunur ki, bütün hərəkətləri yavaş-
yavaş mexaniki hal almağa başlayır, o, nə barədəsə fikirləşir, get-gedə tamamilə fikrə qapılır. Qara frak geymiş 
Skripkaçı əlində skripka içəri daxil olub birbaş Züleyxaya yaxınlaşır. Onu yenə də heç kim görmür. O, skripkanı 
qaldırıb Züleyxanın başı üzərində çalmağa başayır. Ağ köynəkli, ağ kostyumlu, qara qalstuklu Kişi yenə də elə 
bil ki, boşluqdan gəlirmiş kimi, poçt şöbəsinin bayır qapısından içəri girib Züleyxaya yaxınlaşaraq üzbəüz 
dayanır. 
 
K i ş i. Salam. 
Züleyxa(bir uşaq məftunluğu ilə). Salam. 
Y o l d a ş  T ə k  (saatına baxıb yerindən qalxır). Baba! 
Baba(yerindən sıçrayıb). Bəli, yoldaş Tək! 
Y o l d a ş  T ə k. Tənəffüz vaxtıdır. 
B a b a. Bu dəqiqə, Yoldaş  Tək!  (Baba gəlib qapının ağzında dayanaraq içəri heç kəsi 
buraxmır.) Fasilədir, yoldaşlar, olmaz... Fasilədir... 
K i ş i. Mənə məktub var? 
Z ü l e y x a. Sizə? Bu saat baxım...  (Böyük bir cəhdlə  məktubları bir-bir araşdırır, sonra 
məyus-məyus). Yox, Sizə məktub yoxdur... 
 
Pauza.  
 
Skripkaçı isə çalır. Qoca Professor qapıda görünür. 
 
B a b a. Olmaz, fasilədir. 
Q o c a  P r o f e s s o r. Olmaz? Necə  yəni olmaz?.. Pardon! Pardon! Mən professor 
Əliquluzadəyəm. Bir azdan mənim rolum başlayır. Necə yəni olmaz? Pardon! Pardon! 
Y o l d a ş  T ə k  (Qoca Professoru görüb qapıya tərəf gəlir). Baba! 
B a b a. Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Burax içəri hörmətli yoldaş Əliquluzadəni. 
B a b a. Baş üstə, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Bir azdan onun roludur. Yenə də hörmətli Əliquluzadəni Qəmbərquluzadə 
ilə  dəyişik salacaqlar, onun məktubunu verəcəklər. Hörmətli yoldaş  Əliquluzadə yenə  də  mənə 
şikayət edəcək. Burax içəri. 
Baba(Qoca Professora). Buyurun içəri, hörmətli yoldaş Əliquluzadə. 
 
Qoca Professor içəri girib kürsülərdən birində əyləşir və öz rolunu gözləyir. 
 
K i ş i. Yaxşı baxın, xahiş edirəm. 
Züleyxa yenə canfəşanlıqla məktubları bir-bir araşdırır.  
Yoldaş Tək səhnənin ortasına gəlir. 
 
Yoldaş Tək (tamaşaçılara). Vicdanıma and olsun, hərgah mən bütün bu hadisələrdən bir şey 
anladımsa, ataba-atama lənət. Pəstahadır başdan-ayağa... Siz də durun gedin, dincəlin, özünüzü çox 
yormayın, Yoldaş  Təki də yaddan çıxarmayın. Ümid edirəm ki, yaddan çıxarmazsınız... Rabitə 
məsələləri ilə  əlaqədar işiniz olsa – qəzet abunəsindən tutmuş, Novosibirsk ilə telefon söhbətinə 
qədər – xahiş edirəm mənim rəhbərlik etdiyim poçt şöbəsinə  gəlin. Bizim şöbə  ən qabaqcıl 
şöbələrdəndir. Sizə ən yaxşı xidməti biz göstərəcəyik... (Əli ilə Züleyxagilə tərəf işarə edir.) Həm də 
ki, görürsünüz də... (Daha tamaşaçılara deməyə söz tapmır.) Belə-belə işlər... Baba!  

 
123
B a b a. Bəli, Yoldaş Tək! 
Y o l d a ş  T ə k. Sən orda... şeyi zad elə... 
B a b a. Baş üstə, Yoldaş Tək! 
Y o l d a ş  T ə k (yenə də üzünü tamaşaçılara tutur). Xudahafiz. Gecəniz xeyrə qalsın. 
 
Səhnə qaranlıqlaşır. Işıq yalnız  Züleyxanın və  Kişinin  
üstünə düşür. 
 
Qara frak geymiş  Skripkaçı isə çalır. 
 
Avqust 1970. 
Kislovodsk. 
 
 
 
 

 
124
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin