Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

BEŞİNCİ ŞƏKİL 
 
Isgəndərzadələrin evi.  
Isgəndərzadə dərin sarsıntılar keçirir. 
 

 
134
I s g ə n d ə r z a d ə. Ah, Lenin!.. Lenin!.. (Otaqda var-gəl edir.) Son zamanlar tərəddüdlər 
burulğanından çıxa bilmirəm!.. Kimin ağlına gələrdi, kimin?.. Partiya sarsılıb!.. Axmaq QKÇP heç 
nə eləyə bilmədi!.. Bu Baş katibin əməllərindən heç şeytan da baş aça bilməz! Ah, Lenin!.. Lenin!.. 
Partiya solub... saralıb... Kommunizm idealları ayaqlar altına düşüb... Bəlkə... Bəlkə  mən də  səhv 
etmişəm? Bəzən tərəddüdlər ucsuz-bucaqsız kolxoz tarlalarına ziyan vuran gəmiricilər kimi, mənim 
bütün mənəviyyatımı  gəmirir!  (Ayaq saxlayır. Həyəcanla)  Leninizm nədir? (Təzədən var-gəl edə-
edə leninizmin tərifini birnəfəsə deyir.) Leninizm imperializm və proletar inqilabları dövrünün, 
müstəmləkəçiliyin süqutu və milli azadlıq hərəkatlarının qələbəsi dövrünün, bəşəriyyətin 
kapitalizmdən sosializmə keçməsi və kommunizm cəmiyyəti qurulması dövrünün marksizmidir! 
(Ayaq saxlayır. Dərin həyəcanla)  Yaxşı, leninizm əyər marksizmdirsə, bəs onda niyə adı 
leninizmdir? Bax, bundadır məsələ! Bundadır! (Var-gəl edir.) Budur mənə əzab verən! Budur məni 
sarsıdan!.. Ah, Lenin!.. Lenin!.. Insan öz-özünə  nə  qədər sual verər. Mən sənin  əsərlərini yenidən 
vərəqləyirəm... Doğrudanmı  mən işıqlı kommunizm ideallarında yanılmışam?  (Eşikdən səs-küy 
eşidib dayanır.) Yenə bu nə səsdi belə? Təzədən başladı? 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ALTINCI ŞƏKİL 
 
Xor. 
Səhnə yenə də tamam qaranlıqdır və işıq da yalnız sol  
küncdə plakatın üstünə duşüb. 
Məkan – Bakı şəhəri. 
Zaman – 1991-ci il, avqustun sonu. 
 
Birdən işıq sönür və dərhal da səhnənin ortasındakı plakaın üstünə düşür: eyni sözlər. Işıq sönür və təzədən 
səhnənin küncünə düşür: eyni plakat, eyni sözlər. Və beləliklə, işıq bir neçə dəfə yanıb-sönərək bütün səhnə 
boyunca orda-burdakı eyni plakat sözlərini işıqlandırır. 
X o r.  
– Is-te-fa! 
– Is-te-fa! 
– Is-te-fa! 
– Müstəqillik! 
– Azadlıq! 
– Sapı özümüzdən olan baltalara   
   ar olsun! 
– Ar olsun! 
– Ar olsun! 
– Ar olsun! 
– Istiqlal, yaxud ölüm! 
– A-zər-bay-can! 
– A-zər-bay-can! 
– A-zər-bay-can! 
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
YEDDİNCİ ŞƏKİL 
 
Isgəndərzadələrin evi. Isgəndərzadə, Gülər  
xanım, Gülbəniz, Nurbəniz. 
Isgəndərzadə otaqda var-gəl edə-edə eləcə sarsıntılar keçirməkdədir. 

 
135
 
Isgəndərzadə. O cürə küçəyə  yığışıb «Is-te-fa!», «Is-te-fa!» qışqırmaqla deyil! Problemin 
mahiyyətinə varmaq lazımdı! Ah, Lenin!.. Lenin!.. Yaxşı, leninizm marksizmdi, bəs marksizm nədi? 
(Yenə birnəfəsə marksizmin tərifini deyir.) Fəhlə sinfinin dünyagörüşünü, elmi ideologiyasını, 
beynəlxalq kommunist hərəkatının nəzəri  əsasını, dünyanın dərk olunması  və inqilabi yolla 
dəyişdirilməsi elmini təşkil edən fəlsəfi, iqtisadi və sosial-siyasi baxışların bütöv sisteminə 
marksizm-leninizm deyirlər!.. 
 
Pauza. 
 
Belə deyirlər, bəli! Bu sözlər  şübhəsiz ki, həqiqətdir, lakin... lakin özü nədir e, marksizm-
leninizm özü nədir? 
 
Pauza. 
Yenə ikisi bir yerdə: marksizm-leninizm... Bu da məni bir tərəfdən tərəddüdlər burulğanına 
atır!.. Marksizmi və leninizmi bir-birindən ayırmaq isə burjua alimlərinə  və  təftişçilərə  məxsus 
cəhətdir, deyirlər ki, guya, bəli, guya, leninizm ümumdünya əhəmiyyətinə malik deyil, inkişaf etmiş 
kapitalist ölkələrində  tətbiq edilə bilməz!.. Bax, bundadır!.. Bundadır məsələ!.. Bundadır 
mürəkkəblik!.. Çətinlik!.. Ah, Lenin!.. Lenin!.. (Ayaq saxlayır.) Doğrudanmı çıxış yolu inkişaf etmiş 
kapitalist ölkəsindədir? Doğrudanmı Fransa?.. Doğrudanmı mən innən sonra öz həyatımı Fransa ilə 
bağlamalıyam? Ah, Fransa!.. Fransa!.. (Ehtiyatla o tərəf-bu tərəfə baxır.)  Sən indi mənimçün də 
cazibədar olmusan!.. (Tələsik)  Yox! Yox! Bu indi, partiyanın bu ağır vəziyyətə düşdüyü zaman 
mənim prinsiplərimə  xəyanət deyil! Mən tərəddüdlər burulğanındayam! Bir də ki... Bir də ki, 
Fransada da Kommunist Partiyası var də! Uzaqbaşı oranın üzvü olmaq olar! 
 
Gülər xanım, Gülbəniz, Nurbəniz gəlirlər. 
 
Gülər x a n ı m. Salam! 
Gülbəniz. Privet!  
Nurbəniz. Nə tez gəlmisən? 
Gülbəniz. Oy, yenə küçələr adamla doluydu, mitinqə gedirdilər! 
Nurbəniz. Yox, qayıdırdılar! 
Gülbəniz. Əla salat idi! 
Nurbəniz. Balıq da yaxşı idi! 
Gülbəniz. Yox, balıq mənim xoşuma gəlmədi. 
Nurbəniz. Sənin xoşuna gəlmədi, mənim xoşuma gəldi! 
Gülbəniz. Gəlsin də, mən neyləyim?! Gözüm aydın! 
Gülər xanım. Bəsdirin! Başlamayın yenə! 
Gülbəniz. Görmürsən? 
Nurbəniz (Isgəndərzadəyə). Mənə zəng eləyən olmamışdı? 
 
Isgəndərzadə cavab vermir. 
 
G ü l ə r  x a n ı m. Nə olub belə? Təzə nəsə baş verib, fikirlisən? 
Gülbəniz Yenə mitinqdə nəsə deyiblər? 
Nurbəniz Eto mne uje nadoyelo! 
 
Isgəndərzadə otaqda var-gəl edir. 
 
Gülər xanım. Nə olub axı? 

 
136
I s g ə n d ə r z a d ə. Məndə Leninin «Inikas nəzəriyyəsi» ilə bağlı şübhələr əmələ gəlib. 
Gülər xanım. Nə? 
I s g ə n d ə r z a d ə. Leninin «Inikas nəzəriyyəsi»nə deyir? (Ayaq saxlayır.)  Insan  şüurlu 
maddi aləmin  əksidir! Iliç belə deyir. (Yenə var-gəl edir.) Onda, bəs, maddi aləmin özünü kim 
yaradır? Insan şüuru yaratmırmı? Təfəkkür həmişə varlıqla, insanların həyat  şəraiti ilə bağlı 
olmuşdur. Bəli, belədir! Lakin təfəkkür, eyni zamanda, həyat  şəraitinin yüksəlməsi üçün maddi-
texniki baza yaratmamalıdırmı? Hə? 
 
Pauza. 
 
Gülər xanım(qızlara). Bu barədə heç kimə heç nə deməyin ha!.. 
Gülbəniz. Mən onsuz da papanın dediklərindən heç nə başa düşmürəm! 
Nurbəniz. Ya toje! 
Gülbəniz. Oy!.. Tort kakoy vkusnıy bıl!.. 
Nurbəniz. Amma mənim xoşuma gəlmədi! 
G ü l b ə n i z. Çuşkasan da, ona görə! 
N u r b ə n i z. Çuşka özünsən! 
Gülər xanım. Bəsdirin! Eh!.. Dünya yaman dəyişdi!.. (Qızları göstərir.) Bunnarı istəyənlərin, 
sifariş göndərənlərin, eyham vuranların, telefon eləyənlərin əlindən yer tapa bilmirdik! Oturub bir-
bir seçirdik ki, qızları hansı istəyənlərə verək? Onun papası kimdi, bunun maması kimdi?.. Day 
demirdik ki, görəsi günlərimiz varıymış!.. O mitinqlər başlayandan sonra ki, bu vurhavur araya 
düşdü, elə bil, o elçilər də dənizdə batıb boğuldular! Indi səsləri də çıxmır. Oturub gözləyirlər ki, 
SEKA-nın axırı  nə olacaq?.. Qorbaçovu görüm... (Söz tapmır.)  Qorbaçovu görüm... Qorbaçovu 
görüm tramvay altında qalsın!.. 
G ü l b ə n n z. Oy, kakoy ujas! 
G ü l ə r  x a n ı m. Mənə deyən lazım, nə tramvay, ay axmaq? Özü indi necə maşında gəzir, 
arvadıyla aradan çıxıb yenə elə maşında gəzəcək! 
Nurbəniz Deyirlər Amerikaya qaçacaq! Kaşu zavaril da!.. 
Gülbəniz. Ağlı olsa, Şvesariyaya qaçar! 
Gülər xanım(qızlara). Başqa yerdə ağzınızdan söz qaçırmayasız ha! 
G ü l b ə n i z. Oçen nujno! 
Nurbəniz Day demə! 
I s g ə n d ə r z a d ə. Ah, Lenin!.. Lenin!.. 
Gülər xanım. Nə Lenin, hə?! Nə Lenin? Sən öz dərdini çək! Bizim dərdimizi çək! Ode, camaat 
yenə toplaşmışdı Ali Sovetin qabağına! «Is-te-fa!», «Is-te-fa!» Tramvay bizi gözləyir e, bizi! 
Maşında gəzməyimiz day getdi işinə! 
 
Pauza. 
 
Gülbəniz. Onda mən heç vaxt evdən çıxmayacam! 
Nurbəniz. Koneçno! Mən də! Tramvay... yox bir, traktor! 
Gülər xanım. Ağzınız isti yerdədi sizin! 
 
Pauza. 
 
I s g ə n d ə r z a d ə (var-gəl edə-edə). Görəsən, onda bizim yazıq şofer Əbdüləlinin işləri 
necə olacaq? 

 
137
Gülər xanım. Ay-hay!.. Sən şoferivin yox e, bizim, bizim dərdimizi çək! Əbdüləliyə nə var? 
Indi yoldaş Isgəndərzadəni gəzdirir, sabah işlər dəyişsə, başqa bir Isgəndərzadə  bəyi gəzdirəcək! 
Dayanır qapının ağzında, yazıq, baxır mənə!.. Gözləriylə elə baxır, elə bil, iraq olsun, buzovu ölmüş 
inək gözləridi!.. Nə verim ona? Ode, o qonşumuz  Əsədulla deyiləm ki!.. Spesmağazanı da 
bağladılar! Kül başına Kryuçkovun! KQB-nin elə adı varıymış!.. Bir dənə Allahın Qorbaçovunu 
yığışdıra bilmədilər! (Qızlara) Siz başqa yerdə bir söz deyib-eləməyin ha! 
Gülbəniz. E-e-e!.. 
Nurbəniz. Toje mne! 
Gülər xanım. Vaxtında sənə çox dedim! Ode, indi Mirizadəgildən gəlirik. O da sənin kimi 
SEKA-da işləyir də! Evinə top vursan, dağılmaz! Çox dedim sənə ki, özünü də fikirləş! Səhərdən 
axşamacan iclas! Partiya! Lenin! 
I s g ə n d ə r z a d ə (ayaq saxlayıb, dəruni bir pərişanlıqla). Görəsən, doğrudanmı partiyanın 
axırı çatıb? 
G ü l ə r  x a n ı m. Heç əvvəli varıydı ki?! Eh!.. Mənim başıma o qədər iş açmısan ki!.. 
Yadına gəlir? Təzə nişanlanmışdıq, birinci dəfə kinoya getmişdik sənnən, məni yarımçıq çıxartdın 
ki, partiya iclasına gecikirsən... 
Gülbəniz Kakoy ujas. 
Nurbəniz Kaşmar! 
 
Pauza. 
 
I s g ə n d ə r z a d ə  (var-gəl edə-edə).  Knipoviç Leninə  məlumat vermişdi ki, iskraçılar 
Bakıda gizli mətbəə yaradıb «Iskra»nı  nəşr eləmək fikrindədirlər. Bilirsən Lenin Knipoviçə  nə 
yazmışdı? 
Gülər xanım. Mən nə bilim? 
I s g ə n d ə r z a d ə. Lenin yazmışdı ki, Yoldaş Knipoviç, «siz Rusiyada «Iskra»nı necə təşkil 
etmək fikrindəsiniz?». 
 
Pauza. 
 
Gülər xanım. Hə, nə olsun? 
I s g ə n d ə r z a d ə. Nə olsun? O olsun ki, bu adi sual deyil! Indi biz bu sualı özümüzə 
verməliyik! 
Gülər xanım. A kişi! Indi camaat partbiletini yandırır! Yandırmayan da gizlədir ki, görən 
olmasın! Aləm dəyib bir-birinə! Mitinqlərin  əlindən küçəyə  çıxmaq olmur! Özün işə gedəndə 
gizlincə SEKA-nın dal qapısından içəri girirsən! Indi hamı canının hayındadı ki, nə olacaq? Necə 
olacaq? Sən də bu vurhavurda Bakıda təzədən «Iskra» nəşr etmək istəyirsən? 
I s g ə n d ə r z a d ə. Yox, o mənada yox... Biz indi Leninin sualını bir az dəyişib özümüzə 
verməliyik! 
Gülər xanım  (əllərini göyə qaldırır).  Allah, sənə min şükür! Bu da Leninin sözlərini 
dəyişərmiş! 
G ü l b ə n i z. O-o-o!.. 
Nurbəniz. O-o-o!.. 
Gülər xanım (qızlara). Siz amma başqa yerdə ağzınızdan qaçırmayın! 
G ü l b ə n i z. Padumayeş! 
Nurbəniz. Komu eto interesno? 

 
138
I s g ə n d ə r z a d ə. Xeyr! Xeyr! Mən təftişçi deyiləm! Mən... Mən tərəddüdlər keçirirəm... 
Indi biz özümüzə sual verməliyik: «Biz Azərbaycanda həyatımızı necə təşkil etmək istəyirik?» Bax, 
budur  əsas məsələ! Bu mümkündürmü, hə? Ah, Lenin!.. Lenin!.. Axı, sən özün də Fransaya 
getmişdin!.. 
Gülər xanım. Nə Fransa? 
I s g ə n d ə r z a d ə. Məgər Vladimir Iliç Fransaya getməmişdi? 
Gülər xanım. Mən nə bilim? Həmişə elə çətin suallar verirsən ki... 
I s g ə n d ə r z a d ə. Bəli, getmişdi! Lafarqla və beynəlxalq fəhlə hərəkatının digər üzvləri ilə 
Iliç məhz Fransada tanış olmuşdu! 
Gülər xanım. Axı, nə olsun? Aləm dağılır, indi biz oturub təzədən Leninin tərcümeyi-halını 
öyrənməliyik? 
I s g ə n d ə r z a d ə. Məsələ belədir! Əhməd bəy Fransadan gəlib! 
G ü l ə r  x a n ı m. Bilirəm. Bizim həyətdəki o şofer Kərimgildə qalan oğlandı. 
I s g ə n d ə r z a d ə. Bəli. Özü də milyonçudu! Düzdü, mən sinfi münasibətləri hələ 
saxlamışam, lakin, hər halda, maraqlı faktdır.  Əbdüləli bizim həyətdə  nə olur, hamısını  səhər işə 
gedəndə maşında mənə xəbər verir. Bu Əhməd bəy də burada evlənmək istəyir. 
G ü l ə r  x a n ı m. Nə olsun axı? 
I s g ə n d ə r z a d ə. Necə nə olsun, sluşi? O olsun ki... (Gəlib qızların qabaqında dayanır və 
iki əlilə də Gülbənizi göstərir.) Bude, bu da gəlin! 
 
Pauza. 
 
Gülbəniz (bu gözlənilməz təklifdən sonra, özünə gələrək əllərini bir-birinə vurur). Oy, Fransa! 
N u r b ə n i z (qışqırır). Niyə o olur gəlin? Niyə mən yox? 
I s g ə n d ə r z a d ə. O böyükdür. 
N u r b ə n i z. Nə olsun o böyükdü? Ağıl yaşda deyil, başdadı!  (Qışqırır.)  Mən getmək 
istəyirəm Fransaya!.. 
G ü l b ə n i z. Oy papa!.. Fransa!.. Qoy öpüm səni. (Yerindən atılıb Isgəndərzadənin üzündən 
öpür.) 
Gülər xanım (sevincdən hələ  də özünə  gələ bilməyib, sözləri güclə tapa-tapa). Ah, əzizim!.. 
Mən... mən bilirdim ki... haçansa... sən dissident olacaqsan! 
I s g ə n d ə r z a d ə (özündən razı halda). Mənim prinsiplərim hələ ki, qalır... Lakin baxıb 
görürəm indi elə bir vaxtdı ki, kapitalist ölkəsi olsa da, Fransaya bir əl yeri qoymaq lazımdı!.. 
Gülbəniz. Fransa!.. Milyonçu!.. 
Nurbəniz(qışqırır). Niyə o?! Niyə?! Mən getmək istəyirəm Fransaya!.. 
I s g ə n d ə r z a d ə. Bəlkə iş elə gətirdi ki, hamımız getdik... 
G ü l ə r  x a n ı m (qızlara). Başqa yerdə deməyəsiz ha!.. 
Nurbəniz(qışqırır). Mən deyəcəyəm!.. 
Gülbəniz. Nu i dura!.. 
I s g ə n d ə r z a d ə. Əbdüləli deyir ki, bizim bu rüşvətxor antipod qonşumuz... 
Gülər xanım. Əsədullanı deyirsən? 
I s g ə n d ə r z a d ə. Hə, o da Əhməd bəyə girişmək istəyir! Istəyir o vulqarnı qızını sırısın 
ona! Onun bir pamoşniki var, Eynşteyndi, Volterdi – nədi adı, qabaqlar SEKA-da instruktor 
işləyirdi, o Əbdüləlinin yanında ağzından qaçırdıb. Bax də,  Əsədulla kimi antipod, prinsipsiz bir 
adam! Yox, gərək sərhesab olaq! O antipoda imkan verməyək! 
Gülər xanım. Əhməd bəy bizim kimi intelegent ailəni qoyub, gedib o... o... o hambal Dadaşın 
oğlu ilə qohum olacaq? 
I s g ə n d ə r z a d ə. Hər halda, çox ehtiyatlı olmaq lazımdı! Əhməd bəyi rəsmi surətdə bizim 
evə dəvət etmək lazımdı! Mən Xarici Işlər Nazirliyində də bəlkə bir razvedka apardım. 

 
139
G ü l ə r  x a n ı m. Allaha min şükür! Min şükür ki, sən də bizim barəmizdə bir az 
fikirləşməyə başladın!.. Ancaq... 
I s g ə n d ə r z a d ə. Nə ancaq? 
G ü l ə r  x a n ı m. Ancaq... KQB-yə bir söz demə! 
I s g ə n d ə r z a d ə. Nə KQB? (Hirslənir.)  Yoxdu daha KQB! Qorbaçov atasını yandırdı 
KQB-nin! (Özünə gələrək) Əhməd bəy üçün evdə qəbul düzəltmək lazımdı! 
G ü l b ə n i z. Oy! Salatı mən özüm düzəldəcəyəm! Fransa!.. 
N u r b ə n i z (qışqırır). Mən istəyirəm Fransanı! 
Gülbəniz(gözəl bir xəyal aləmində). Milyonçu!.. 
N u r b ə n i z (zırıldaya-zırıldaya qışqırır). Niyə o? Niyə mən yox?.. 
G ü l ə r  x a n ı m (qızların üstünə qışqırır). Bəsdirin! 
I s g ə n d ə r z a d ə (yenidən var-gəl etməyə başlayır və pərişanlıq içində).  Görəsən, Lev 
Nikolayeviç Tolstoy doğrudanmı rus inqilabının güzgüsüdür, hə? Ah, Lenin!.. Lenin!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
SƏKKİZİNCİ ŞƏKIL 
 
Pıçı-pıçı, Mehdiqulu bəy, Süpürgəçi kişi. 
 
Yarıqaranlıq səhnədə yenə də bizə tanış binanın və həyətin  
konturları görünür. 
 
Işıq adda-budda pıçı-pıçı sahiblərinin üstünə düşür və onların da yalnız siluetləri görünür. Səhnənin 
dərinində həyəti süpürən Süpürgəçi kişi tərəfə boylanır. 
 
Qadın (pıçıltı ilə). Deyirlər Əhməd bəyin Isveçrədə də mülkü var!.. 
Birinci qız(pıçıltı ilə). Tehranda otelləri var!.. 
K i ş i (pıçıltı ilə). Yunanıstanda yazlığı var!.. 
Ikinci qız (pıçıltı ilə). Ah, Fransa!.. 
Oğlan(pıçıltı ilə). Milyonlarının sayı-hesabı yoxdu!.. 
Birinci qız (pıçıltı ilə). Özünün şəxsi gəmisi var!.. 
 
Işıq pıçı-pıçı eləyənlərin arası ilə gələn Mehdiqulu bəyin üstünə düşür. 
  
Mehdiqulu bəy(bərkdən).  Baba, bu necə  məmləkətdi?! Bunlar niyə bu vəziyyətə düşüblər?! 
Yetmiş ildə ki, o kapitalist aləmi ki, deyirdilər, vallah, billah, baba, oralarda bu qədər puldan 
danışmırlar ki, bunlar danışır! O kapitalist aləmində iş görürlər, pul qazanırlar, bunlar əllərini ağdan 
qaraya vurmurlar, puldan danışırlar! Baba, bu qədər milyon söhbəti olar?! Bu qədər dükan söhbəti 
olar?! Pal-paltar söhbəti olar?! Ey vah, nə yaman çaşıb bu camaat!.. Niyə bu günə qalıblar?! Baba, 
bu bədbəxtlər elə bilirlər ki, kim xaricdə yaşadı, dünyanın  ən bəxtəvər adamıdı! Elə bilirlər ki, 
xaricdə krantı açırsan, süd tökülür! Elə bilirlər xaricdə yaşayanda maşını, evi, torpağı göydən huri 
mələklər havayı endirir yerə! Vallah, belə ki, bunlar işləyirlər, istəyəndə gedirlər işə, istəyəndə 
çıxırlar, istəyəndə  iş vaxtı gedib oturub yeyib-içirlər, bir müdiri iş vaxtı öz kabinetində tapmaq 
olmur, bir rəisin, bir nazirin katibəsi adama bir dənə düz söz demir, billah, baba, xaricdə bunlar 
acından ölər! Bir tikə çörək tapmazlar yeməyə! Baba, bu camaata nə olub belə? Bunlar niyə belə 
çaşıblar? 
K i ş i (pıçıltı ilə). Bu kimdi belə?.. 
Oğlan(pıçıltı ilə). Əhməd bəyin dayısıdı!.. 
Qadın(pıçıltı ilə). Bu da Fransadan gəlib?.. 

 
140
Birinci qız (pıçıltı ilə). Ah, Fransa!.. 
Ikinci qız(pıçıltı ilə). Bu da milyonçudu?.. 
Q a d ı n (pıçıltı ilə). Görmürsən, heç gözüm su içmir!.. 
Oğlan(pıçıltı ilə). Görmürsən, nə boş-boş danışır?.. 
K i ş i (pıçıltı ilə Mehdiqulu bəyi yamsılayır). «Baba, bu camaata nə olub belə?..» 
Qadın(pıçıltı ilə). Ona deyən lazımdı ki, sən kimsən?.. 
K i ş i (pıçıltı ilə Mehdiqulu bəyi yamsılayır). «Bunlar niyə belə çaşıblar?..» 
Birinci qız (pıçıltı ilə).Özün çaşmısan!.. 
Ikinci qız (pıçıltı ilə). Bu milyonçu deyil!.. 
Oğlan(pıçıltı ilə). Çəliyini görmürsən?!. 
Kişi(pıçıltı ilə). Silindrini görmürsən?!. 
Birinci qız (pıçıltı ilə). Qalstukuna bax!.. 
M e h d i q u l u  b ə y (bərkdən). Deyirəm, Əhməd bəy, gəl oteldə qal, hamı ilə oturub-durma, 
dünyada o qədər dələduz var!.. Deyir, eybi yox, vətəndi!.. Vətən olanda nə olar? Bəyəm 
vətəndəkilərin hamısı  mələkdi? Deyir, mən sadə adamlarla olmalıyam. Vallahi ki, qorxuram bunu 
burda aldadalar... O boyda nəslin bir danəsidir!.. Özü də avropasayaq adamdı... Nigaran qaldığım 
üçün də, durub gəldim dalınca. Gəlib girib bu həyətə... Baba, bu nə  həyətdi belə? Bu həyətdə 
yaşayan millət kimdi belə?.. Günahsız qanlar tökülür, daşnak millətin məktəbini dağıdır, 
xəstəxanasını dağıdır,  əsir götürüb qulağını  kəsir, gözünü çıxarır, torpağını  əlindən almaq istəyir, 
dünyaya da car çəkir ki, ay aman, qoymayın, azərbaycanlılar bizi doğradı, amma bunlar, baba, bax, 
bu həyətin adamları, elə bil ki, Ayda yaşayırlar!.. Elə bil ki, bunlara heç nəyin dəxli yoxdu!.. Hara 
gedirsən milyon söhbətidi, Fransa söhbətidi, bizi xaricə  dəvət elə söhbətidi, bunu al, onu bağışla 
söhbətidi!.. Əhməd bəyi də hərə öz tərəfinə çəkmək istəyir!.. Niyə belədi axı?.. Allah bunların ağlını 
alıb-nədi, baba? Nə eləyiblər ki, Allahın belə qəzəbinə keçiblər?! Nə günah sahibidirlər?! 
Kişi(pıçıltı ilə). Buna fikir verməyin!.. 
Qadın (pıçıltı ilə). Başdan xarabdı!.. 
Birinci qız(pıçıltı ilə). Əhməd bəyin idarələrindən birində işləyir!.. 
Oğlan(pıçıltı ilə). Bu milyonçu deyil!.. 
Ikinci qız(pıçıltı ilə). Əhməd bəyin əlinə baxır!.. 
Birinci qız (pıçıltı ilə). Ah, Fransa!.. 
O ğ l a n (pıçıltı ilə). Əhməd bəy!.. 
Ikinci qız(pıçıltı ilə). Milyonçu!.. 
Qadın(pıçıltı ilə). Isveçdə də mülkü var!.. 
Birinci qız(pıçıltı ilə). Tehranda otelləri var!.. 
Kişi(pıçıltı ilə). Yunanıstanda yazlığı var... 
M e h d i q u l u  b ə y (bərkdən). Yazıq camaat!.. Bədbəxt camaat!.. Ey vah!.. Sənin başına nə 
oyun açıblar?!. (Gedir.) 
 
Səhnənin dərinində Süpürgəçi kişi elə boylana-boylana qalıb. 
 
İ ş ı q  s ö n ü r. 
 
DOQQUZUNCU ŞƏKİL 
 
Bəbirzadələrin evi. Əsədulla,Firəngiz xanım, Əhməd bəy, Eynşteyn. 
Əsədulla yenicə içəri girmiş Əhməd bəylə Eynşteyni  
qarşılayır. 
 
Ə s ə d u l l a. Xoş gördük sizi!.. Xoş gördük!.. (Eynşteynə)  Alə, sən nə gözəl iş eləyib 
gətirmisən bu əziz qonağı bizə! Sağ ol, vallah, malades! 

 
141
Eynşteyn. Əhməd bəylə biz qardaşıq! 
Ə s ə d u l l a. Əhsən! (Kənara) Belə qabiliyyətli olmasaydı, SEKA-da instruktor işləməzdi 
ki!.. (Bərkdən) O biri otaqda stol bizi gözləyir. Səhərəcən yeyib-içəcəyik!.. 
F i r ə n g i z  x a n ı m. Buyurun! 
Ə h m ə d  b ə y. Yok! yok! Yemək yok! 
Ə s ə d u l l a. Necə yox? Sənin kimi əziz qonaq gəlib evimizə! (Eynşteynə) Malades! Sənə bir 
dənə saroçka alaciyəm! 
E y n ş t e y n (utana-utana). Çox sağ olun, Əsədulla məllim. (Başını aşağı salır.) 
Ə s ə d u l l a. Keçək o biri otağa! 
Ə h m ə d  b ə y. Yok, müsyö... Təşəkkür!.. Mersi!.. 
Ə s ə d u l l a. A kişi, sən nə danışırsan?! Elə-belə yemək yox e! (Ruh yüksəkliyi ilə) Osetrina! 
Ə h m ə d  b ə y. Yok!.. Təşəkkür!.. 
Ə s ə d u l l a (daha artıq bir ruh yüksəkliyi ilə). Hinduşka ciyəri!.. Dəvə qutabı! (Əhməd bəyə 
ağzını açmağa macal vermədən) Motal pendiri! Təndir kütümü! Qırqovul! Turac! Forel! 
Əhməd bəy(gülümsəyərək).  Mersi, müsyö, mersi...  (Özünü göstərir.)  Tələsmək. Vaxt beş 
dəqiqə! Opera! 
Ə s ə d u l l a (təəccüblə). Nə opera? 
Əhməd bəy(özünü göstərir). O opera (Saatını göstərir.) Beş dəqiqə vaxt! 
Ə s ə d u l l a (Eynşteynə). Bu nə danışır, alə? 
E y n ş t e y n. Bilet alıb, operaya gedəcək. 
Ə s ə d u l l a (sidq ürəkdən təəccüb edərək). Içi ləvəngi təndir kütümünü burda qoyub operaya 
gedəcək? 
Ə h m ə d  b ə y. Bəli! Bəli! Opera! O (özünü göstərir) opera getmək!.. 
Ə s ə d u l l a (fikirli). Plov... Dolma... 
Firəngiz xanım (Əhməd bəyə). Fransada dolma bişirirlər? 
Əhməd bəy(özünü göstərərək). O... dolma bildi yok, madam... 
F i r ə n g i z  x a n ı m (Əsədullaya). Nə deyir bu? 
Ə s ə d u l l a (hirslənir). Mən fransızca bilirəm? (Əhməd bəyə) Axı, belə olmaz!.. 
Əhməd bəy(əlini sinəsinə qoyur). Vallah, müsyö!.. Opera... Təşəkkür!..  (Özünü göstərir.)  
yedi! Çok yedi!.. Burada hamı çok yeyir! Çok!.. Indi opera!.. 
Ə s ə d u l l a (Əhməd bəyi təpədən-dırnağacan diqqətlə süzür). Başa bax ha!.. (Qəflətən atılıb 
Əhməd bəyi bağrına basır.) Əsl mənim adamımsan! Mənə elə sənin kimi adam lazımdı də! (Əhməd 
bəyi öpür.) Mən də sənin kimiyəm də! Mən də sənət aşiqiyəm! (Əhməd bəyi göstərərək, mütəəssir) 
Elə bil öz cavanlığımdı, durub qabağımda!.. 
 
Əhməd bəy Əsədullanın qollarının arasından güclə çıxıb saatına baxa-baxa üz-gözünü silir. Əsədulla fəxrlə Əhməd bəyə 
tamaşa edir. 
 
Ə s ə d u l l a. Evlənmək istəyirsən, hə? 
Ə h m ə d  b ə y. Bəli! (Özünü göstərir.) O evlənmək!.. Azərbaycanlı qız evlənmək! Fransız 
yok!.. 
E y n ş t e y n. Deyir ki, mən gərək azəri qızı alım, fransız qızı almaram ömrümdə! 
Ə s ə d u l l a. Ay bərəkallah! Malades! Oğul buna deyərlər e! Əsl vətən oğludu! Qoy bir səni 
öpüm! 
Əhməd bəy(qorxu ilə kənara qaçır). Yok, müsyö!.. Yok!.. Yok!.. 
Ə s ə d u l l a. Gör nə tərbiyəlidi! (Eynşteynə) Day sizün tayuvuz döyül e! Üzüvüzdə abır-həya 
qalmayıb! Sürtülmüsüz padoş kimi! 
 
Eynşteyn pərt olub başını aşağı sallayır və gözünü dikir döşəməyə. 

 
142
 
Ə s ə d u l l a (Əhməd bəyə işarə ilə Firəngiz xanıma). Görürsən necə tərbiyəli oğlandı? 
F i r ə n g i z  x a n ı m (Əhməd bəyə). Yəni dolmanın heç bir növündən bişirmirlər Fransada? 
Kələmnən, yarpağnan, badımcannan?.. 
Ə h m ə d  b ə y. Dolma yok!.. Opera, madam... 
Ə s ə d u l l a (Eynşteynə). Alə!.. 
 
Eynşteyn başını necə aşağı sallayıb gözünü yerə dikmişdisə, eləcə də dayanıb cavab vermir. 
 
Yenə bunun ürəyinə  dəydim?.. Sən öləsən, bunun ürəyi məni kasıb salacaq! (Cibindən pul 
çıxarıb, Eynşteynin cibinə basır.)  Bura bax, artistləri gətir bura, pulunu verim, operanı elə orada 
göstərsinlər! Hə? 
Eynşteyn(belini düzəldir). Yox, Əsədulla məllim, Fransada belə şeylərə pis baxırlar. 
Ə s ə d u l l a. Hə? Onda tez eləginən! Başa sal buna ki, mən kiməm, mənim qızım Züleyxa 
xanım kimdi, necə ağıllıdı, necə tərbiyəlidi... Davay! Sən deginən, guya, mənim xəbərim yoxdu. 
E y n ş t e y n. Əhməd bəy! Znaçit Əsədulla məllim çox krupnı bir insan! Əsədulla məllim e-e-
e... Akula! Fil! Balina! (Əli ilə göstərir.) Çox krupnı! E-e-e, Mesenat! Inteligent! 
Ə s ə d u l l a. Alə, sən bu fransız dilini harda öyrənmisən belə?! Malades! 
Eynşteyn. Əsədulla məllim e-e-e... bütün Bakıda... krupnı! Özü də demokrat! 
Ə h m ə d  b ə y (Firəngiz xanıma). Madam... (Özünü göstərir.) O... opera getmək... Madam... 
F i r ə n g i z  x a n ı m. Bu nə deyir? 
Ə s ə d u l l a. Ay qız, mən Fransada-zadda olmuşam bəyəm, nə bilim nə deyir? (Eynşteynə) 
Papaq da alaciyəm sənə bir dənə! Andatra! Başla! 
Eynşteyn(ruh yuksəkliyi ilə). Əsədulla məllimin bir sözü... e-e-e... iki yox Bakıda!.. 
Əhməd bəy(saatına baxa-baxa). Opera... 
Ə s ə d u l l a (tələsik). Alə, qaçar birdən. Mənnən keç day! Keç qıza!.. 
E y n ş t e y n. Züleyxa xanım Əsədulla məllimin qızı... E-e-e... E-e-e... 
Ə s ə d u l l a. Noldu, alə? 
E y n ş t e y n. Züleyxa xanım... E-e-e... Əsədulla məllimin qızı... 
Ə s ə d u l l a (səbrsiz). Bunu dedin də! 
E y n ş t e y n. Züleyxa xanım... E-e-e... (Birdən ağlamsınır.) 
Ə s ə d u l l a. Adə, noldu sənə? 
 
Eynşteyn əli ilə üzünü tutub çiyinlərini atır. 
 
F i r ə n g i z  x a n ı m. A-a-a... 
Əhməd bəy(özünü göstərir). O opera getmək (Eynşteyni göstərir.) Bu uzanmaq... 
Ə s ə d u l l a (Əhməd bəyə). Bir dəqiqə. (Eynşteynə) Sənnən döyüləm mən?! Noldu?! 
E y n ş t e y n. Mən.. Mən... Yox, deyə bilmərəm, mənə nə olub. Qorxuram... 
Ə s ə d u l l a. Kimdən qorxursan? 
E y n ş t e y n. Sizdən. 
 
Əhməd bəy saatına baxır. 
 
Ə s ə d u l l a (tələsik). Niyə? 
Eynşteyn. Yox, deyə bilmərəm. Bu mənim qəlbimin əbədi sirridir!.. 
Ə s ə d u l l a (gəlib Eynşteynin qolundan tutub kənara çəkir). Niyə qorxursan? Mən də sənün 
atan! Adam atasınnan qorxar? 
E y n ş t e y n (qorxa-qorxa). Yox. 

 
143
Ə s ə d u l l a. Onda de görüm nolub? Bu gedir axı, vaxt itir. Mən də ki, fransızca bilmirəm. 
E y n ş t e y n (həyəcanla). Mən... Mən... 
Ə s ə d u l l a (səbrsiz). Hə? 
Eynşteyn.  Mən... Mən Züleyxa xanımı... özüm sevirəm!  (Əli ilə sifətini qapayıb, çiyinlərini 
daha da bərkdən atır.) 
 
Pauza. 
 
Ə s ə d u l l a (Eynşteynin qolunu buraxıb uzaqlaşır). Ay-hay! Axmaq oğlu, axmaq!.. Salasan 
ayağuvun altına, o qədər çəkəsən ki, nöyüt iyi verə, bir də belə qələt eləməyə! Zəmanəyə bax də!.. 
Gör kim ürək eləyib mənə nə deyir?! 
Ə h m ə d  b ə y. Müsyö! Madam! (Özünü göstərir.) O getmək!.. Opera!.. 
Ə s ə d u l l a. Bir dəqiqə! Bir dəqiqə! (Eynşteynə) Bura gəl! Demirəm sənə bura gəl?! 
E y n ş t e y n. Vurarsuz axı, məni... 
Ə s ə d u l l a. Yox, bura gəl  (Əhməd bəyi göstərir.)  Bunun yanında necə vurum səni? 
(Yaxınlaşan Eynşteynin qolundan yapışır.) Sən o qələti elədün, eləməmiş olasan. Sən demədin, mən 
eşitmədim! Bildin? Özünü yaxçı apararsan, mən də sənə kömək eləyərəm, burda bir yaxcı qız alarıq 
sənə! Gic olmaginən! Davay! Görmürsən gedir? Davay! Züleyxa xanım barəsində bir-iki kəlmə 
deginən! Fransada belə lazımdı. 
E y n ş t e y n (burnunu çəkə-çəkə). Züleyxa xanım çox gözəl!.. Ilahi!.. Institutda komsomol 
katibi idi!.. 
Ə s ə d u l l a (tələsik). Orası lazım döyül!.. 
Ə h m ə d  b ə y. Mən getmək!.. (Saatına baxır.) Opera!.. 
Ə s ə d u l l a (hirslənir). Alə, evlənmək istəmirsən sən?! 
F i r ə n g i z  x a n ı m. Özünnən çıxma, Əsədulla. 
Ə s ə d u l l a. Görmürsən?! (Əhməd bəyə) Balam, evlənmək istəmirsən sən? 
Ə h m ə d  b ə y. Bali!.. (Özünü göstərir.) O evlənmək!.. Uşaq olmaq!.. Oğlan!.. 
E y n ş t e y n. Istəyir ki, evlənsin, uşağı olsun! Istəyir ki, oğlu... oğlu olsun... (Ağlamsınır.) 
Ə s ə d u l l a. Ay bərəkallah! Əsl kişidi də! Görürsən, istəyir ki, oğlu olsun! 
Ə h m ə d  b ə y. Bali! Oğlu olsun! Böyük olsun! Fransa Kommunist Partiyasına otursun! 
Ə s ə d u l l a. Nə? 
Ə h m ə d  b əy (özünü göstərir). Onun oğlu olsun! Sosialist ideallar olsun! Fransa Kommunist 
Partiyasına otursun! 
 
Pauza. 
 
Ə s ə d u l l a. Fransa Kommunist Partiyasına otursun? 
Ə h m ə d  b ə y (başı ilə təsdiq edir). Bali, müsyö... 
E y n ş t e y n. Başa düşdüm! Bu istəyir ki, oğlu olsun, böyüsün, girsin Fransa Kommunist 
Partiyasına. 
Ə h m ə d  b ə y. Bali! Bali! 
Ə s ə d u l l a (öz-özünə). Ay-hay!.. Oranın milyonerləri bu ağıldadısa, onda vay Fransanın 
halına!. (Əhməd bəyə) Deməli, sən istəyirsən ki, Paris olsun qorkom, hə? 
Ə h m ə d  b ə y (özünü göstərir). O demokrat!.. O istər ki... liberte, eqalite, fraternite! Yani e-
e-e... azadlıq! E-e-e... barabarlik! E-e-e... kardaşlık! Bildi? 
Ə s ə d u l l a (Eynşteynə).  Nə deyir, alə, bu? Azaqlıqdan-zaddan danışır. Deyəsən, bu 
mitinqlər ona da təsir eləyib?! 
Ə h m ə d  b ə y. Yok! Mitinq yok! Fransız inqilabı! Böyük inqilab! 
Ə s ə d u l l a (Eynşteynə). Bu nə deyir, ay başına dönüm sənün? 

 
144
Eynşteyn. Bu deyir ki, o sözlər ki, var, azadlıq-zad, onları Böyük fransız inqilabında deyiblər. 
Ə h m ə d  b ə y. Bali! Bali! 
Ə s ə d u l l a. Pah atonan! Fransada da?! 
F i r ə n g i z  x a n ı m. Onnar da Domsovetin qabağına çıxıb belə mitinq edirdilər? 
Ə h m ə d  b ə y. Indi yok. (Barmağı ilə göstərir.) Iki yüz il əvvəl! 
E y n ş t e y n. Deyir ki, indi yox, iki yüz il bunnan əvvəl deyirdilər. 
Ə s ə d u l l a (rahat nəfəs alır). Əşşi!.. Iki yüz il bunnan qabaq nə deyiblər, qoy desinlər də!.. 
Yaxşı eləyiblər, halal xoşları olsun! Indi demirlər ki? 
Ə h m ə d  b ə y. Indi yok! 
Ə s ə d u l l a. Vot, malades! Bəs, onda oğluvu niyə istəyirsən ki, Kommunist Partiyasına 
girsin? 
Ə h m ə d  b ə y. Girməsin? 
Ə s ə d u l l a. Nırç! (Başını atır.) Bura gəl! (Əhməd bəyin qolundan tutub kənara çəkir.) Sən 
özümüzünküsən! (Eynşteynə işarə ilə) Onun yanında demirəm, gedib satar məni! Nə bilirsən, KQB-
edi bəlkə? Bura səninçün Paris döyül e, a bəxtəvər!.. (Pıçıltıyla) Lazım deyil! 
Ə h m ə d   b ə y. Lazım deyil nə? 
Ə s ə d u l l a (ora-bura baxa-baxa pıçıltıyla). Lazım deyil, oğluvu Fransa Kommunist 
Partiyasına qoyma... 
Ə h m ə d   b ə y. Niyə qoyma?.. 
Ə s ə d u l l a (öz-özünə). Alə, birdən bunun özü KQB olar ey?! 
Ə h m ə d  b ə y. Niyə qoyma? 
Ə s ə d u l l a. Fransa olanda nolar? Kommunistdi də!.. Böyüyüb olacaq kommunist, sonra da 
var-yoxunu alacaqlar əlündən, keçəcəksən talonnan zamarojınnı camış ətindən yeməyə! Ya da gərək 
mənim kimi olasan, onu da ki, sən bacarmazsan! Lap oldun mən, qazandun bu hökuməti sökə-sökə, 
nolsun? Xərcliyə bilməyəcəksən əməlli-başlı! 
Ə h m ə d  b ə y. Bəs siz kommunist? 
Ə s ə d u l l a. Mən?  Əşşi, mən elə-belə kommunistəm!  (Əlini yelləyir.)  Gəl!  (Səhnənin 
ortasına qayıdırlar. Eynşteynə)  Deyirdim buna ki, oğlunu mütləq qoysun Fransa Kommunist 
Partiyasına! Qoy Fransa da ağ günə çıxsın! 
Əhməd bəy (saatına baxır). Mən getmək! Vaxt yok! Opera! 
Ə s ə d u l l a (hirsini saxlaya bilmir). Alə, bəs sən necə milyonçusan? Milyonçu da belə 
tələsə-tələsə evlənməyə gələr vətənə? Adam vətəni operaya satmaz! 
Ə h m ə d  b ə y. Milyon!.. Milyon!.. (Əsəbi halda) Hamı milyon! Milyon!.. Qızı almaq istədi 
milyon yok, o! (Özünü göstərir.) O!.. (Qaçıb səhnədən çıxır.) 
Ə s ə d u l l a. Alə! Adun zəhrimar da yadımdan çıxır həmişə! 
E y n ş t e y n. Eynşteyn! 
Ə s ə d u l l a. Nə dayanmısan? Qaçdı getdi operaya! 
E y n ş t e y n (yerindən tərpənmədən). Axı, siz... 
Ə s ə d u l l a. Nə mən? 
E y n ş t e y n (utana-utana). Siz soz vermişdiniz... 
Ə s ə d u l l a. Nə söz? 
E y n ş t e y n (utana-utana). Siz indi mənə söz vermişdiniz... Saroçka... Bir də papaq... 
Ə s ə d u l l a. Alə!... Alə, adamın da belə adı olar? Eynşteyn! Alə, sən belə adnan o boyda 
SEKA-da necə işləmisən?! (Təpiklə Eynşteyni vurmaq istəyir. Eynşteyn qaçıb səhnədən çıxır.) 
F i r ə n g i z  x a n ı m. Əsədulla!.. 
Ə s ə d u l l a. Nədi? 
F i r ə n g i z  x a n ı m. Deyirəm, o cür ki, Fransanı deyirlər e, orda bəs dolma yemirlər də 
heç? Hə?! 
 

 
145
Ə s ə d u l l a arvadına baxa-baxa qalır. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin