ÜÇÜNCÜ ŞƏKİL
Baş redaktorun kabineti. B a ş r e d a k t o r, K a t i b ə,
Ş ö b ə m ü d i r i, Ə d ə b i i ş ç i.
Baş redaktor yazı mizinin arxasında oturub kağız-kuğuza baxır.
B a ş r e d a k t o r. Bu dünya niyə bu günə qalıb? Bu insanlara nə olub belə? Kimə zəng
eləyirsən, hara müraciət eləyirsən, elə sözlər, elə fikirlər eşidirsən ki, lap mat qalırsan!.. Bəlkə
minilliyi dəyişmək ərəfəsindəyik, ona görə də təbiət insanlara təsir edir?.. Deyəsən, mən də yavaş-
yavaş mistikaya qapılıram... Hər halda, mənim müşahidələrim deyir ki, təkcə bizim gözəl
respublikamızda yox, bütün dünyada nəsə bir proses gedir, amma bizim xəbərimiz yoxdu... Biz
bunun fərqinə varmırıq... Mən özüm də qabaqlar buna bu dərəcədə fikir verməzdim, amma indi,
vallah, adam heç bilmir ki, neyləsin?.. Az qalırsan özündən də şübhələnəsən... (Mizin yeşiyini çəkib
güzgü çıxarır və diqqətlə özünə baxır, sonra dilini çıxarır.) A-a-a!... A-a-a!.. (Güzgünü yerinə qoyub
zəngin düyməsini basır.)
Katibə içəri girir.
K a t i b ə. Bəli.
B a ş r e d a k t o r. Zəhmət olmasa, Şöbə müdirini çağırın.
K a t i b ə. Baş üstə!
Pauza.
B a ş r e d a k t o r. Bəs niyə gedib çağırmırsız?
K a t i b ə. Bu saat!
226
Pauza.
Gedirəm... (Qollarını quş qanadı kimi yelləməyə başlayır.)
B a ş r e d a k t o r (heyrətlə). Siz yenə nə edirsiz? Bu nə oyundu belə?
K a t i b ə (özünü itirmiş və həyəcanlı). Bağışlayın!.. Üzr istəyirəm... Ancaq...
B a ş r e d a k t o r (hirsli). Nə ancaq?
K a t i b ə. Mən... Mən sizə deyəcəyəm... Mən bunu heç kimə deməmişəm, amma sizə
deyəcəyəm... Siz elə təmiz insansız... Elə sadəsiz... Elə müdriksiz... Birinci dəfədi mən belə müdir
görürəm... Heç... Heç adama baxmırsız da... (Daha artıq həyəcanlı) Mən sizə deyəcəyəm...
B a ş r e d a k t o r (səbrsiz). Axı, nəyi?
K a t i b ə. Bilirsiz... Mənə... Mənə elə gəlir ki... Mənə elə gəlir ki... mən quşam!..
B a ş r e d a k t o r. Nə?
K a t i b ə. Quş!..
B a ş r e d a k t o r. Nə quş?
K a t i b ə. Qırqovul...
Pauza.
(Həyəcanlı) Qorxuram!.. Qorxudan ölürəm... Metroya minəndə də, küçəylə gedəndə də,
burada da qorxuram... Qorxuram ki, adamlar tutub məni yeyərlər!.. (Kövrəlir.)
Pauza.
B a ş r e d a k t o r (birdən-birə mülayimləşir). Qulaq asın!.. Siz cavan, gözəl bir xanımsız!..
Siz nə üçün quş olursuz, qırqovul olursuz? Axı... axı, sizin atanız insandı, ananız insandı, deməli, siz
də insansız! Axı... quşun tükü olar...
K a t i b ə (tələsik). Yox!.. Yox!.. Mənim tüküm yoxdu! Mən... mən tüksüz qırqovulam!
B a ş r e d a k t o r (təkidlə). Deyilsiz!.. Qırqovul meşədə olar, çay qırağında olar... Siz bu
fikirləri başınızdan çıxarın! Mən başa düşürəm, indi çətin zəmanədi, nəhəng bir imperiya, SSRI
deyilən imperiya dağılıb, bu böyük bir kataklizmdir, zəlzələdi, özü də təkcə siyasət aləmində,
dünyanın geosiyasi xəritəsində, ictimai həyatda yox, güzəranda da, adi məişətdə də bir zəlzələdir.
Ancaq biz öz müstəqilliyimizi qazandıq. Müstəqilliyimiz hələ çox kövrək addımlarını atır, yaşayış
çətinləşib, insanların əsəbləri tarıma çəkilib... Amma sizin gələcəyiniz hələ irəlidədi! Siz insanlardan
qorxmayın! Əksinə, sevin insanları! Sizin qəlbinizdə gərək məhəbbət olsun!.. Sevgi olsun!.. Əgər
belə olsa, onda sizi də sevəcəklər! Sizə də məhəbbət bəsləyəcəklər... Həyat həmişə belə çətin
olmayacaq ki!.. Mən dedim, bəli, böyük bir imperiya, ikiüzlü bir cəmiyyət, yalançı və qorxunc bir
ideologiya tar-mar olub. Bilirsiz, indi bizim respublika çağa kimi bir şeydi. Onun da ayağı yer
tutacaq, o da böyüyəcək, güclənəcək! O zaman siz də daha taleyinizə kor deməyəcəksiz!.. Siz gözəl
bir ana olacaqsız! Sizin övladlarınız azad, müstəqil, varlı bir respublikanın vətəndaşları olacaqlar!
Bununçün gərək biz hamımız əl-ələ verək, çalışaq!.. Uzaqlaşdırın özünüzdən boş fikirləri! Onlar
sizə yaraşmır!..
K a t i b ə. Siz necə də gözəl sözlər deyirsiz... Adam sizə inanmaq istəyir...
B a ş r e d a k t o r. Əlbəttə, inanın! Sizin bütün gələcəyiniz hələ irəlidədi!..
K a t i b ə. Mən daha adamlardan qorxmayım?
B a ş r e d a k t o r. Əlbəttə, qorxmayın!
K a t i b ə. Mən daha qırqovul deyiləm?
B a ş r e d a k t o r. Yox! Siz heç vaxt qırqovul olmamısız! Indi də qırqovul deyilsiz! Siz
cavan, gözəl qızsız!
227
K a t i b ə (ruh yüksəkliyi ilə). Çox sağ olun! Bu saat gedib Şöbə müdirini çağırım! (Qollarını
qaldırıb quş qanadı kimi yelləmək istəyir, amma tez də aşağı salır.) Yox! Mən daha qırqovul
deyiləm! (Gedir.)
B a ş r e d a k t o r. Yazıq qızcığaz... (Qarşısındakı kağız-kuğuza baxır.)
Şöbə müdiri içəri daxil olur.
Ş ö b ə m ü d i r i. Salam.
B a ş r e d a k t o r. Salam. Buyurun, əyləşin.
Şöbə müdiri Baş redaktorla üzbəüz əyləşib.
Ş ö b ə m ü d i r i (cibindən blaknot, qələm çıxarır). Eşidirəm sizi. Nə tapşırıqdı?
B a ş r e d a k t o r. Yox, bu dəfə tapşırıq deyil... Bilirsiz, mən istəyirəm sizinlə ciddi söhbət
edim... Indi elə bir zamandı ki, biz gərək ikiqat məsuliyyət hiss edək. Nizam-intizam olmayan yerdə
heç nə etmək mümkün deyil. Mən çox təəssüf edirəm ki, bu şablon sözləri sizə deməyə məcburam...
Mən sizi ciddi bir adam kimi tanıyıram. Amma bəzən işdən çıxıb gedirsiz, heç kimə də heç nə
demirsiz... Dünən də bütün günü işdə olmamısız...
Ş ö b ə m ü d i r i. Bəli...
B a ş r e d a k t o r. Yenə də heç kimə heç nə deməmisiz...
Ş ö b ə m ü d i r i. Tələsik oldu, macal tapmadım...
B a ş r e d a k t o r. Hara getmişdiz ki?
Pauza.
Ş ö b ə m ü d i r i (gərgin). Düzünü deyim?
B a ş r e d a k t o r. Əlbəttə!
Ş ö b ə m ü d i r i. Sizə demək olar... Sizdən müsbət şüalar gəlir...
B a ş r e d a k t o r. Nə?
Ş ö b ə m ü d i r i. Bəli, sizdən müsbət şüalar gəlir... Sizə demək olar...
Pauza.
Ş ö b ə m ü d i r i (başını ehmallıca yuxarıya tərəf tərpədir). Orada idim...
B a ş r e d a k t o r (bir şey anlamadan). Harada, «orada»?
Ş ö b ə m ü d i r i. Orada də... (Yenə başını yuxarı atır.)
B a ş r e d a k t o r (tavana baxır, sonra Şöbə müdirinə baxır, təzədən tavana baxır və yenə
heç nə başa düşmür). Siz aydın deyə bilmirsiz ki, harada?
Pauza.
Şöbə müdiri ayağa qalxıb Baş redaktora yaxınlaşır
və onun qulağına nəsə pıçıldayır.
B a ş r e d a k t o r (gözləri bərəlmiş haldı). Nə?
Şöbə müdiri yenə Baş redaktorun qulağına nəsə pıçıldayır.
B a ş r e d a k t o r (heyrət və həyəcandan udquna-udquna). Ve... Venerada?
Ş ö b ə m ü d i r i. Bəli!
B a ş r e d a k t o r (əli ilə tavanı göstərərək). Yəni o Venerada?
Ş ö b ə m ü d i r i. Bəli! Bəli!
228
Pauza.
B a ş r e d a k t o r (gizli bir ümidlə). Zarafat edirsiz, hə?
Ş ö b ə m ü d i r i. Xeyr. Nə zarafat, canım? Belə şeylərlə zarafat eləmək olmaz! Onlar belə
zarafatı xoşlamırlar!
Pauza.
B a ş r e d a k t o r (əli ilə yuxarını göstərir). Onlar, hə?
Ş ö b ə m ü d i r i. Bəli, onlar! Sır ba babır far mar-mar...
B a ş r e d a k t o r. Nə?
Ş ö b ə m ü d i r i. Far-far qır!.. Siz hələ bunu başa düşməzsiz! Bu sar-sar dilidir!..
B a ş r e d a k t o r. Sar-sar dili...
Ş ö b ə m ü d i r i. Bəli, sar-sar dili!.. Fır tır dınq-dınq! Bu, kosmosdan gəlib... Hələlik yer
kürəsində bu dili dörd nəfər bilir: biri Rusiyada – Kremldə oturur, amma adını deməyəcəyəm, biri
Monqolustanda, biri də mən!
B a ş r e d a k t o r. Bəs dördüncüsü?
Ş ö b ə m ü d i r i. Onun yaşadığı yeri demək olmaz. O bu gün növbətçidi... (Səhnənin
ortasına tərəf gələrək üzünü tamaşaçılara tutur.) Eh, bədbəxt insanlar... Əgər siz sar-sar dilini
bilsəydiniz, həyat sizin üçün nə qədər də asan olardı... Mən bilirəm, sizin dərdiniz-səriniz çoxdu...
Dərdiniz-səriniz çoxdu, pulunuz isə yoxdu! Eybi yox, vaxt gələcək, hər şeyi biləcəksiz! Özü də lap
az qalıb! (Yenidən qayıdıb Baş redaktorun qarşısında dayanaraq) O zaman sizin üçün də asan
olacaq, çünki sizdən müsbət şüalar gəlir. Sar-sar dilini də öyrənəcəksiz! Mən artıq o dilin lüğətinin
birinci cildini yazıb qurtarmışam. Min yeddi yüz otuz doqquz səhifədir. Indi ikinci cildin üzərində
işləyirəm. Vaxt! Vaxt çatışmır, vaxt!
B a ş r e d a k t o r (heyrətlə). Min yeddi yüz otuz doqquz səhifə?..
Ş ö b ə m ü d i r i. Bəli!
B a ş r e d a k t o r. Gör bu adam nə qədər əziyyət çəkib, Allah!..
Ş ö b ə m ü d i r i. Bəli! Bu mənim yuxusuz gecələrimin bahasınadı!..
Pauza.
Mən başa düşürəm! Siz indi fikirləşirsiz ki, gör boş yerə, havayı yerə nə qədər əzab-əziyyət
çəkib... Fikirləşirsiz ki, bunun əvəzinə nə qədər xeyirli işlər görmək olardı!.. Siz elə bilirsiz ki, mən
dəli olmuşam... Ancaq az qalıb! Birazdan siz hamınız hər şeyi başa düşəcəksiz! Onda məlum olacaq
ki, kim dəliydi, kim ağıllı...
B a ş r e d a k t o r. Bir azdan nə olacaq ki?
Ş ö b ə m ü d i r i. Gəlirlər!
B a ş r e d a k t o r (əlini yuxarı qaldırır). Onlar?
Ş ö b ə m ü d i r i. Bəli! Artıq uçublar! Tam-bır-dırın qərarı ilə başqa yerə dönüblər, orda
işlərini qurtarıb gələcəklər!
B a ş r e d a k t o r. Tam-bır-dır nədir?
Ş ö b ə m ü d i r i. Kosmik Milli Məclis.
B a ş r e d a k t o r. Hansı işlərini görüb gələcəklər?
Ş ö b ə m ü d i r i. O-o-o!.. Bu uzun söhbətdi!.. Bunu dərk etmək üçün gərək (Yuxarıya işarə
edir) onlarla əlaqədə olasız...
B a ş r e d a k t o r. Siz birinci dəfədi Veneraya uçursuz?
Ş ö b ə m ü d i r i. Yox, canım... Birinci dəfə nədi?.. On üçüncü dəfədir! Əvvəllər Saturnda
yığışırdıq.
229
Baş redaktor. Saturn...
Ş ö b ə m ü d i r i. Bəli. Birisi gün orda yenə görüşüm var... Indidən sizi xəbərdar edirəm, işə
gələ bilməyəcəyəm...
B a ş r e d a k t o r. Kimlədi görüşünüz?
Ş ö b ə m ü d i r i. Leninlə.
B a ş r e d a k t o r. Vladimr Iliç Leninlə?
Ş ö b ə m ü d i r i. Bəli, Valodyayla.
B a ş r e d a k t o r. Axı, Lenin yetmiş ildən artıqdı ölüb...
Ş ö b ə m ü d i r i. Xeyr! Sizə elə gəlir ki, ölüb! Siz elə hesab edirsiz! Mən Valodyayla düz on
altı dəfə görüşmüşəm! (Mühüm bir xəbər verirmiş kimi, pıçıltıyla) Özü də onun Azərbaycandan
xoşu gəlir! Ermənistanı sevmir! Deyir ki, ermənilər... (Əyilib Baş redaktorun qulağına nəsə
pıçıldayır.) Bəli!
B a ş r e d a k t o r. Lap elə belə deyir?
Ş ö b ə m ü d i r i. Indiyə qədər mənim dilimə yalan gəlməyib! Biləsiz bunu!
B a ş r e d a k t o r. Sizin arvadınızın bu uçuşlardan xəbəri var?
Ş ö b ə m ü d i r i. Əlbəttə! Biz ailəvi uçuruq!
Pauza.
(Qəflətən pəncərəyə tərəf baxır. Yavaşdan) Par-par mar qır? Dabı! Dabı! Yaxşı. Bu saat... (Baş
redaktora) Məni kontakta çağırırlar.
Baş redaktor taqətsiz halda barmağını yuxarı qaldırır, yəni ki, onlar?
Bəli, onlar! Mən gedə bilərəm?
Baş redaktor razılıqla başını tərpədir. Şöbə müdiri gedir və
birdən qapının ağzında dayanıb sərt bir hərəkətlə Baş redaktora tərəf dönür.
Ş ö b ə m ü d i r i. Siz daha hər şeyi bilirsiz! Siz məni işdən də çıxara bilərsiz, əlbəttə! Çünki
fikirləşirsiz ki, bunun başı xarab olub! Lenin ölüb, amma bu Leninlə görüşür... Yox, hörmətli Baş
redaktor, qəzetimizin hörmətli təsisçisi, ağıllı insan! Həyat yalnız sizin bu miskin yer kürənizdən
ibarət deyil! (Istehza ilə) Oksigen olmasa, həyat mümkün deyil... (Gülür.) Nə qədər primitiv bir
təfəkkür!.. Yox! Həyat genişdir! Intəhasızdır! Sonsuzdur! Siz insanların ibtidai düşüncə tərzinin
fövqündəsiz! Vaxt gələcək, bunu başa düşəcəksiz! Dərk edəcəksiz! Indi isə, eybi yox, məni dəli
hesab edin!.. Bəli! Elə bilin ki, mən dəliyəm! Təskinlik tapın!.. (Çıxır.)
Baş redaktor taqətsiz halda oturduğu kresloya sərilir.
Pauza.
Ədəbi işçi qapıdan başını içəri uzadır.
Ə d ə b i i ş ç i. Icazə olar? (Içəri girir və gəlib Baş redaktorun qarşısında dayanır.) Mən sizə
təşəkkür eləməyə gəlmişəm, cənab Baş redaktor. «Simuzər» poeması üzərindəki işimi
müvəffəqiyyətlə davam etdirirəm! O artıq epopeyaya çevrilir!
B a ş r e d a k t o r (tamam taqətsiz). Mübarək olsun...
230
Ə d ə b i i ş ç i. Təşəkkür edirəm, cənab Baş redaktor! Mən sizə çox minnətdaram! Təkcə mən
yox, gələcəyin bütün oxucuları sizə minnətdardırlar! Mən Simuzərin də minnətdarlığını sizə
çatdırıram! Özü xüsusi gəlib sizinlə görüşəcək! Çünki siz olmasaydınız, «Simuzər» poeması
yarımçıq qala bilərdi... Tarix isə bunu mənə bağışlamazdı! Mən bura siyasi motivlər də əlavə
etmişəm. Azadlıq uğrunda mübarizəmizin etapları! Bizə qarşı siyasi hiyləgərlik işlədən böyük
dövlətlərin iç üzü! Kommunistlərin ifşası! Jirinovskinin də payını vermişəm! Ancaq bütün bunlara
baxmayaraq, biz qalib gələcəyik! Simuzər də belə düşünür!
B a ş r e d a k t o r (eyni taqətsizliklə). Çox gözəl...
Ə d ə b i i ş ç i. Sizi ürəkdən sevindirmək istəyirəm: biz artıq valideynlərimizlə də barışmışıq!
B a ş r e d a k t o r (taqətsiz). Təbrik edirəm...
Ə d ə b i i ş ç i. Təşəkkür! Təşəkkür! Təkcə... təkcə qayınanamla barışmaq mümkün deyil!
Ah! Bircə onunla dil tapa bilmirik! O bizim həyatımızı məhv edir!..
B a ş r e d a k t o r (taqətsiz). Birtəhər yola verin...
Ə d ə b i i ş ç i. Eh!.. Siz xoşbəxtlikdən danışırsız, cənab Baş redaktor! (Qızğın halda)
Mümkün deyil!.. Daha nələr etmirik!.. Mən də, Simuzər də!.. Ancaq heç cürə mümkün deyil! Siz
mənim qayınanamı tanımırsız!.. Əslində o... (Susur.)
Pauza.
Əslində o... (Susur.)
B a ş r e d a k t o r (səbrsiz). Nə? Əslində o nədi?
Ə d ə b i i ş ç i. Əslində o... kişidi!
Pauza.
Baş redaktor (qəflətən ayağa sıçrayıb qışqırır). Dəlixanadı bura!.. Dəlixana!.. Dəlixana!..
(Qaça-qaça səhnədən çıxır.)
Ə d ə b i i ş ç i (sidq-ürəkdən təəccüb içində). Buna nə oldu belə?! Mən bunu normal adam
bilirdim...
İ ş ı q s ö n ü r.
DÖRDÜNCÜ ŞƏKİL
P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı.
Səhnə qaranlıqdır. Professorun və Şəfqət bacısının
həyəcanlı səsləri eşidilir.
P r o f e s s o r u n s ə s i. Burada da yoxdur! Mən sizə dedim! Dedim ki, onu tapa
bilməyəcəyik! Bu mümkün olan şey deyil!
Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Əsəbiləşməyin! Xahiş edirəm, yalvarıram sizə, Professor,
əsəbiləşməyin!
Əvvəlcə Professor, sonra da Şəfqət bacısı sürətlə səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür.
P r o f e s s o r. Mən bilirdim! Axı, o dünyanın ən ağıllı dəlisidi!
Ş ə f q ə t b a c ı s ı. Ah, Professor!.. Sizi bu cürə əzab içində görmək, bilsəydiz, mənim üçün
nə qədər ağırdır!.. Ruhdan düşməyin! Biz onu tapacağıq!
231
P r o f e s s o r. Daha Elmlər Akademiyası qalmadı, dövlət universitetləri qalmadı, özəl
universitetlər qalmadı, siyasi partiyalar qalmadı! Əvəzində isə mənim tədqiqatlarım, mənim
müalicəm yarımçıq qaldı!
Ş ə f q ə t b a c ı s ı. Yox! Heç vaxt! Mən buna imkan verə bilmərəm! Biz onu tapacağıq! Bakı
böyük şəhərdir, Professor!
P r o f e s s o r. Ürəyim deyir ki, mən onu əbədi itirmişəm! Aman Allah, onda mənim
həyatımın nə mənası?!
Ş ə f q ə t b a c ı s ı (sarsılmış halda). Nə mənası? Yəni sizin həyatınızın nə mənası?! Siz nə
danışırsız, Professor? Sizin həyatınız bəşəriyyətin sərvətidi! Axı, bunu heç kim bilməsə də, mən
yaxşı bilirəm!
P r o f e s s o r (könülsüz). Lazım deyil...
Ş ə f q ə t b a c ı s ı. Siz necə də cəfakeşsiniz!.. Necə də sadəsiz! Təvazökarsız! (Birdən-birə
ehtizaza gələrək) Mütləq! O mütləq tapılacaq! Yəni biz bir dəlini tapa bilməyəcəyik? Aya uçmayıb
ki!..
P r o f e s s o r (dərindən ah çəkərək). Eh!.. Ondan nə desən çıxar!..
Ş ə f q ə t b a c ı s ı. Yox! Qoy o dünyanın ən hiyləgər dəlisi olsun! Ancaq biz onu tapacağıq!
Göyə də uçsa, yerə də batsa, onu tapacağıq!
P r o f e s s o r (yeni bir ümidlə). Doğru deyirsiz?
Ş ə f q ə t b a c ı s ı (alovlu bir ehtirasla). Əlbəttə!
P r o f e s s o r (əlini ürəyinin üstünə qoyur). Of-f-f!..
Şəfqət bacısı tələsik çantasından bir həb çıxarır.
Professor həbi görəndə qaçmaq istəyir, amma Şəfqət bacısı
həbi zorla onun ağzına basır.
Ş ə f q ə t b a c ı s ı. Gedək!.. Gedək onu tapmağa!..
P r o f e s s o r (boğazındakı həbi udmağa çalışaraq). Gedək...
Sürətlə səhnədən çıxırlar.
İ ş ı q s ö n ü r.
BEŞİNCİ ŞƏKİL
Baş redaktorun kabineti. B a ş r e d a k t o r, K a t i b ə,
S i y a s i i c m a l ç ı.
Baş redaktor təkdir və həmişəki kimi, yazı mizinin
arxasında oturub.
B a ş r e d a k t o r (diqqətlə qabağındakı materiallara baxır). Bu nədi belə, ay başına
dönüm?! Bu nə yazıdı?.. Qəribədi, vallah, adam bilmir ki, nə eləsin...
Katibə kabinetə girir.
B a ş r e d a k t o r. Eşidirəm.
K a t i b ə. Siyasi icmalçı gözləyir. Sizinlə görüşmək istəyir.
B a ş r e d a k t o r (qarşısındakı kağızlara baxaraq başını bulayır). Elə mən də onunla
görüşmək istəyirəm. Qoy gəlsin.
Katibə. Baş üstə.
Pauza.
232
B a ş r e d a k t o r. Nə oldu? Eşitmədiz?
K a t i b ə. Eşitdim.
B a ş r e d a k t o r. Deyin gəlsin.
K a t i b ə. Baş üstə.
Pauza.
B a ş r e d a k t o r (əsəbi). Nə oldu?
Katibə hər iki qolunu qaldırıb quş qanadı kimi yelləməyə başlayır.
(Özündən çıxır.) Yenə? Yenə başladız? Axı... axı, biz sizinlə danışmışdıq!.. Axı, siz
inanmışdız ki, quş deyilsiz!.. Siz söz vermişdiz!..
K a t i b ə (birdən özünə gələrək). Düzdür!.. Düzdür!.. Mən daha quş deyiləm! Qırqovul
deyiləm!.. Qırqovul meşədə olar!.. Çay qırağında olar!.. Əlbəttə!.. Bu saat!.. Bu saat!.. (Qollarını
aşağı salıb sevincək kabinetdən çıxır.)
B a ş r e d a k t o r (dərindən nəfəs alır). Çətindi!... Vallah, çox çətindi...
Siyasi icmalçı kabinetə girir.
S i y a s i i c m a l ç ı. Icazə olar?
B a ş r e d a k t o r. Bəli, buyurun, əyləşin.
S i y a s i i c m a l ç ı (ona yaxınlaşaraq). Əvvəlcə gəlin salamlaşaq. Mən elə hesab edirəm ki,
bu tarixi bir görüşdür! Xəstə tələsər, amma armud vaxtında yetişər! Bax, indi həmin vaxt gəlib çatıb!
Armud yetişib!
B a ş r e d a k t o r (təəccüblə). Hansı armud?
S i y a s i i c m a l ç ı (diqqətlə Baş redaktora baxaraq əlini uzadır). Salam əleyküm!
Pauza.
B a ş r e d a k t o r (ayağa qalxaraq Siyasi icmalçı ilə əl tutuşur). Əleyküm salam...
Pauza.
Əyləşin...
Siyasi icmalçı Baş redaktorla üzbəüz əyləşir.
Sizin mənimlə söhbətiniz var, demişdiz, yadımdadı... Ancaq istəyirəm əvvəlcə mən bir neçə
kəlmə deyim... (Qarşısındakı materiala işarə edir.)
S i y a s i i c m a l ç ı (Baş redaktorun qarşısındakı elə həmin materiala işarə edərək). Belə
hesab edirəm ki, söhbətimiz eyni olacaq...
B a ş r e d a k t o r. Vallah, bilmirəm siz nə söhbəti deyirsiz, ancaq doğrusu... mən sizin (Yenə
qarşısındakı materiala işarə edir.) bu beynəlxalq icmalınızı, bir az yumşaq desəm, yaxşı başa
düşmədim...
S i y a s i i c m a l ç ı (həyəcanla). Armud!
B a ş r e d a k t o r. Necə yəni armud?
S i y a s i i c m a l ç ı. Armud də! Soruşmurduz ki, hansı armud?
233
B a ş r e d a k t o r. Mən deyirəm ki, sizin yazdığınız bu beynəlxalq icmaldan mən heç nə başa
düşmədim!
S i y a s i i c m a l ç ı. Bəli! Elə mən də onu deyirəm... Bu təbiidir...
B a ş r e d a k t o r. Necə yəni təbiidir?
S i y a s i i c m a l ç ı (get-gedə artan bir həyəcanla). Mən haçansa həqiqəti bəşəriyyətə
bildirməliyəm, ya yox?!. Bəli! Armud yetişib artıq! Qoy bəşəriyyət bilsin və agah olsun! Bütün
bəşəriyyət bunu bilməlidi!
B a ş r e d a k t o r. Axı, nəyi?
S i y a s i i c m a l ç ı. Həqiqəti!
Baş redaktor. Hansı həqiqəti?
S i y a s i i c m a l ç ı. Həqiqət birdi! Vahiddi! Mən sizə demişdim ki, yanınıza gəlib sizlə
xüsusi söhbət edəcəyəm! Bəli! Yetişib armud! Bəşəriyyəti xilas etmək lazımdı! Mən bütün
ictimaiyyəti, bütün kütləvi informasiya vasitələrini bu işə cəlb etməliyəm! Həqiqət bomba kimi
partlamalıdı! Yoxsa, bəşəriyyət özü partlayıb məhv olacaq!
B a ş r e d a k t o r. Bir dəqiqə!.. Bir dəqiqə!.. Söhbət sizin yazıdan gedir...
S i y a s i i c m a l ç ı. Mən indiyədək yazdıqlarımın hamısından imtina edirəm! (Baş
redaktorun mizinin üstündəki materialı göstərir.) Bundan başqa! Bu hələ başlanğıcdı! Qalan
yazılarımın hamısından imtina edirəm! Indiyədək yazdıqlarımın hamısından!
B a ş r e d a k t o r. Bir dəqiqə!.. Bir dəqiqə!..
S i y a s i i c m a l ç ı (macal vermir). Yox! Mən indiyə qədər yalan yazmışam! Yalan
yazmağa məcbur olmuşam!
B a ş r e d a k t o r (qışqırır). Dayanın!..
Pauza.
Siz nə üçün özünüzə böhtan atırsız? Bu nə sözlərdi belə? Siz respublikanın ən savadlı siyasi
icmalçılarından birisiz! Mən əvvəllər də mətbuatda sizin imzanızı izləmişəm. Hələ sovet
vaxtlarında... Düzdü, onda kommunist ideologiyasına xidmət edirdiz, ancaq, hər halda, maraqlı
yazırdız... Sonra Azərbaycanın müstəqilliyi uğrundakı publisistikanız... Xalq hərəkatı haqqında
yazdıqlarınız... Ağıllı mühakimələr, cəsarət... Bilirsiz ki, sizi də mən özüm axtarmışam. Heç kimin
xahişi olmayıb, sizi də mən özüm işə götürmüşəm, belə deyil?
S i y a s i i c m a l ç ı. Belədir. Ancaq mən əlimə qələm aldığım vaxtdan yalan yazmışam...
Müəyyən... e-e-e... müəyyən dairələri azdırmaq istəmişəm... Buna nail də olmuşam!.. Özümü
bəşəriyyət üçün qoruya bilmişəm!.. Bu sözləri təvazödən uzaq hesab eləməyin, həqiqət belədir!..
Indi, nəhayət, armud yetişib və mən həqiqəti yazmalıyam! Həqiqəti deməliyəm!
B a ş r e d a k t o r. Axı, hansı həqiqəti? Səhərdən elə bir ucdan danışırsız, danışırsız!.. Nə
olub axı? Budu, mən oxuyuram, heç nə başa düşə bilmirəm!.. Sizin bu yazıdan belə çıxır ki, guya,
dünyanın siyasəti Cərculistan adlı ölkədə həll olunur.
S i y a s i i c m a l ç ı. Bəli!
B a ş r e d a k t o r. Axı... axı, dünyanın xəritəsində belə bir ölkə yoxdu!
S i y a s i i c m a l ç ı (həyəcanla gülümsəyərək). Əlbəttə, yoxdu! Xəritədə yoxdu!
B a ş r e d a k t o r. Bəs, yoxdusa, onda niyə yazmısız?
S i y a s i i c m a l ç ı. Çünki əslində var!
B a ş r e d a k t o r (əsəbi halda). Mənə baxın...
S i y a s i i c m a l ç ı (ona macal vermir). Bəli, var! Onu bəşəriyyətdən gizlədirlər! Xəritədə
yoxdu, amma əslində var! O gizli ölkədi!
B a ş r e d a k t o r. Nə?
S i y a s i i c m a l ç ı. Gizli ölkə!
234
B a ş r e d a k t o r (dərindən köksünü ötürür). Mən eşitmişdim ki, gizli idarə olar, gizli şöbə
olar, yaxşı, gizli tapşırıq olar, gizli eşq-məhəbbət olar, ancaq gizli ölkə?
S i y a s i i c m a l ç ı. Bəli! Bəli! Mən dedim, artıq armud yetişib! Artıq dünya ictimaiyyəti
həqiqəti bilməlidi! Dünyanı müxtəlif ölkələr yox, yəni Amerika yox, Rusiya yox, Ingiltərə yox,
Vatikan yox, ancaq bir təşkilat idarə edir! Həmin gizli ölkədə, Cərculistanda yerləşən təşkilat!
Dünyanın siyasətini də onlar müəyyənləşdirir!
B a ş r e d a k t o r. Bir təşkilat?
S i y a s i i c m a l ç ı. Bəli!
Pauza.
B a ş r e d a k t o r. Nə təşkilat?
Pauza.
S i y a s i i c m a l ç ı (əzablı daxili tərəddüdlərdən sonra, nəhayət ki, həqiqəti deyir). KQB!
Pauza.
B a ş r e d a k t o r. KQB?
S i y a s i i c m a l ç ı. Bəli, KQB!
B a ş r e d a k t o r. Axı... axı, SSRI dağıldı, KQB day ləğv olunub...
S i y a s i i c m a l ç ı. Xeyr! KQB işləri elə qurub ki, elə bilsinlər, guya, KQB ləğv olunub...
Ancaq əslində bütün bunların hamısı KQB-nin işləridi! Oyundu! Böyük, çox böyük oyun!
Pauza.
B a ş r e d a k t o r. Cər... (Qarşısındakı materiala baxır.) Cərculistan...
S i y a s i i c m a l ç ı. Bəli! Mən dedim də! KQB-nin ştabı indi o ölkədə yerləşir!
Pauza.
Katibə qapını açıb içəri girir. Bir neçə an Baş redaktora,
Siyasi icmalçıya baxır, sonra hər iki qolunu qaldırıb quş
qanadı kimi yelləməyə başlayır.
B a ş r e d a k t o r (Katibəyə). Yenə? Siz yenə başladınız?
Katibə elə bil ki, heç nə eşitmir və öz aləmində quş kimi pərvaz edir.
Mən sizinləyəm! Axı, biz sizinlə danışmışdıq!..
K a t i b ə (birdən özünə gələrək). Ah!.. Bağışlayın! Əlbəttə! Əlbəttə! Yox, mən qırqovul
deyiləm!.. Üzr istəyirəm! (Kabinetdən çıxır.)
S i y a s i i c m a l ç ı (Katibənin ardınca baxaraq gülümsəyir) Məsələ məlumdur!..
B a ş r e d a k t o r. Hansı məsələ?
S i y a s i i c m a l ç ı (Katibənin ardınca qapıya tərəf işarə edərək). Bütün bünlar hamısı
təşkil olunub...
B a ş r e d a k t o r. Vallah, qardaş, mən sizi həmişə ciddi siyasi icmalçı hesab edirdim...
Oturub televizorda sizin siyasi icmallarınıza qulaq asırdım... Bəs bu nə sözlərdi belə?..
235
Siyasi icmalçı. Onlar hamısı maska idi!.. Qəribədi... Doğrudan da bu dünyanın işləri çox
qəribədi... Maska taxırsan, həqiqət kimi qəbul edirlər, həqiqəti söyləyirsən, yalan bilirlər... Axı, siz
ağıllı adamsınız!.. Siz başa düşmürsüz ki, bəşəriyyəti xilas etmək lazımdı? Başa düşmürsüz ki, daha
bundan sonrası yoxdu? Əbəs yerə Kastronu mənimlə görüşmək üçün Bakıya göndəriblər?
B a ş r e d a k t o r. Kimi?
S i y a s i i c m a l ç ı. Kastronu.
B a ş r e d a k t o r. Fidel Kastronu?
S i y a s i i c m a l ç ı. Bəli, Fidel Kastronu! O bunların təcili yardımı kimi bir şeydi. Harda
təhlükə hiss elədilər, göndərirlər ora! Ancaq mən onunla görüşmürəm, qaçıram... Ümumiyyətlə,
mənim həyatım insan həyatı deyil ki!.. Mən gizlənirəm! Mən gizlənməyə məcburam! Bir gün gecəni
bir qohumumgildə qalıram, o biri gün o biri qohumumgildə! Daha yer də qalmayıb... Fikrim var ki,
bir gecə də gəlib sizdə qalım!
B a ş r e d a k t o r (ürkmüş). Bizdə?
S i y a s i i c m a l ç ı. Bəli, sizdə! Bu bizim hamımızın vəzifəsidi! Bütün tərəqqipərvər
bəşəriyyətin! Çünki armud yetişib! Bəşəriyyət həqiqəti bilməlidir!
B a ş r e d a k t o r. Axı, bu gün səhər mən televizorla Fidel Kostronu gördüm, Havanada
mitinqdə çıxış edirdi...
S i y a s i i c m a l ç ı (gülümsəyir). Bəli... Ancaq o əsl Kastro deyil, mənim əziz Baş
redaktorum...
B a ş r e d a k t o r. Bəs kimdi?
S i y a s i i c m a l ç ı. Ivan Petroviç Sidorov! KQB-nin general-mayoru! (Gülümsəyir.) O-o-
o!.. Mən onu yaxşı tanıyıram!
B a ş r e d a k t o r. Bəs... siz niyə qaçıb gizlənirsiz?
S i y a s i i c m a l ç ı. KQB Osvalda tapşırıb ki, məni aradan götürsün!
B a ş r e d a k t o r. Hansı Osvalda?
S i y a s i i c m a l ç ı. Siz neçə Osvald tanıyırsız? Li Osvald!
B a ş r e d a k t o r. Kennedini öldürən?
S i y a s i i c m a l ç ı. Bəli!
B a ş r e d a k t o r. Axı, Osvaldı da öldürdülər... Öldürənin də adı gərək ki, Rubi idi...
S i y a s i i c m a l ç ı. Rubi? (Gülür.) Sergey Mixayloviç Petrov! KQB-nin polkovniki!
Pauza.
Li Osvald ölməyib, əzizim, hörmətli Baş redaktorumuz, xəbəriniz olsun... Nə vaxta qədər bu
cürə sadəlövh olacaqsınız, hə? Axı, mən dedim ki, bunlar hamısı oyundu! Çox böyük oyun!
Pauza.
B a ş r e d a k t o r (mat-mat Siyasi icmalçıya baxa-baxa). Bəs Klintonun xəbəri var bu
işlərdən?
S i y a s i i c m a l ç ı. Klinton?
B a ş r e d a k t o r. Bəli.
S i y a s i i c m a l ç ı. Amerika Birləşmiş Ştatlarının prezidenti?
B a ş r e d a k t o r. Bəli.
S i y a s i i c m a l ç ı (gülür). Mitrofan Filimonoviç Poddubnı! KQB-nin general-leytenantı!
Mən onu da yaxşı tanıyıram, lap yaxşı!.. Geroy Sovetskoqo Soyuza! Çernenkonun vaxtında
verdilər...
Pauza.
236
Mən başa düşürəm... Bütün bunlar sizin üçün qeyri-adi səslənir. Fikirləşirsiniz ki, bu
fantastikadır... Ancaq təəssüf ki, bu, fantastika deyil, əzizim, mənim hörmətli Baş redaktorum!..
Bunlar həqiqətdir! Mən bu həqiqəti axıra qədər açacağam! Dünya ictimaiyyəti hər şeydən xəbərdar
olacaq! Armud yetişib artıq, yetişib! Düzdü, bütün informasiyanı birdən vermək olmaz, onda sadə
insanların başına hava gələr! Başları xarab olar! Tədricən! Ancaq heç nəyi gizlətmədən!
B a ş r e d a k t o r. Bəs mənə niyə dediniz bunların hamısını? Bəlkə mən də birdən-birə bu
qədər informasiyanı gedib camaata deyəcəyəm?
S i y a s i i c m a l ç ı. Əvvəla, sizə də bu böyük həqiqətin hamısını yox, olsa, olsa, onun
yüzdə birini danışdım!
B a ş r e d a k t o r. Yüzdə birini?
S i y a s i i c m a l ç ı. Əlbəttə! Bəlkə heç yüzdə biri də olmaz! Mühüm informasiyaların hələ
hamısı qalıb! Sizə nə dedim ki?.. Ən sadələrini... Ikincisi də, siz heç kimə heç nə deməzsiz!
B a ş r e d a k t o r. Niyə?
S i y a s i i c m a l ç ı. Çünki mən sizi də tanıyıram!
B a ş r e d a k t o r. Tanıyırsız?
S i y a s i i c m a l ç ı. Bəli! (Ayağa qalxır.) Bilirəm ki, siz də kimsiz! (Kabinetdən çıxa-çıxa)
Bəli!
B a ş r e d a k t o r (ürəyini tutur). Of-f-f!.. (Zəngin düyməsini basır.)
Katibə kabinetə girir.
Mənə... mənə bir stəkan su gətirin...
K a t i b ə. Baş üstə! (Qollarını qaldırıb quş qanadı kimi yelləməyə başlayır.)
Baş redaktor taqətsiz halda oturduğu kresloya sərilir.
İ ş ı q s ö n ü r.
Dostları ilə paylaş: |