Ərazi vahidi - müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd).
İnzibati ərazi vahidi - hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu).
İnzibati ərazi dairəsi - hüdudlarında yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, qəsəbə, kənd).
Rayon - Azərbaycan Respublikasının ümumi ərazisinin idarə edilməsinin mərkəzləşdirilməsi, dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliləşdirilməsi, habelə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması məqsədi ilə tarixən yaranmış, sabit və davamlı iqtisadi, mədəni və sosial əlaqələri olan ərazilərdən təşkil edilmiş, bir neçə inzibati ərazi dairələrini birləşdirən Azərbaycan Respublikasının inzibati ərazi vahididir.
Şəhər - əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahididir.
Şəhər rayonu - böyük ərazilərə malik olan şəhərlərin idarə edilməsinin səmərəliləşdirilməsi, o cümlədən əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının təşkil edilməsi məqsədilə həmin şəhərlərin ərazilərinin müəyyən hissələrə bölünməsi əsasında yaradılan inzibati ərazi vahididir.
Qəsəbə - əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir.