SƏmayə MƏMMƏD qızı mustafayeva


Kuba İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   13   14   15   16   17   18   19   20   21
ms a&aoeyt


 
Kuba İkinci dünya müharibəsi ərəfəsində 
İnqilab üzərində qələbə çaldıqdan sonra hökumət formal 
da olsa, konstitusiyalı demokratiya yoluna qayıtdığını elan etdi. 
1936-cı ilin yanvarında ölkədə parlament və prezident seçkiləri 
keçirildi.  Əslində isə bütün hakimiyyət Batistannı  əlində  cəm-
ləşmişdi, onun ixtiyarında 30 minlik ordu var idi. Rejimin bir 
qədər yumşaldılmasından istifadə edən demokratik qüvvələr 
demokratik quruluşun bərpası  uğrunda mübarizəni davam 
etdirirdilər. Müəssislər məclisinin bərpası uğrunda mübarizədə 
təkcə  fəhlələr deyil, burjua partiyalarının nümayəndələri də 
iştirak edirdilər. Batista prezident kürsüsünü tutmağa çalışaraq 
özünü müəssislər məclisinin çağrılmasının və yeni konstitusi-
yanın tərəfdarı elan etdi. Seçicilərin populyarlığını qazanmaq 
üçün o, "İqtisadi və sosial yenidənqurmanın" üçillik planını 

 
299
nəşr etdirdi. Bir sıra islahatlar keçirilməsini lazım bildi. Hö-
kumətin şəkər, tütün, dağ-mədən sənayesi üzərində nəzarəti qo-
yuldu, dövlət torpaqlarının müəyyən hissəsi yoxsul kəndlilərə 
verildi, fəhlələrin sosial sığortası  təşkil edildi, siyasi məh-
buslara amnistiya verildi və s. 
1938-ci ilin sentyabrında kommunistlərin və digər inqila-
bi təşkilatların açıq fəaliyyətinə icazə verildi. 
1939-cu ilin noyabrında fəhlə və kəndli hərəkatının yük-
səlişi şəraitində Müəssislər məclisinə seçkilər keçirildi. 1940-cı 
ilin iyulunda Müəssislər məclisi Kubanın yeni konstitusiyasını 
qəbul etdi. Konstitusiyada əsas burjua-demokratik azadlıqlar 
olan söz, mətbuat, yığıncaq, nümayişlər azadlığı öz əksini 
tapdı. İrqi, sosial vəziyyətinə görə ayrı-seçkilik qadağan edildi. 
Hər iki cinsdən olan vətəndaşlar üçün ümumi seçki hüququ 
müəyyən edildi, 8 saatlıq iş günü qanuniləşdirildi, zəhmətkeşlər 
ikihəftəlik haqqı ödənilən məzuniyyət aldılar, sosial təminat 
hüququ qazandılar. Konstitusiyaya latifundizmin ləğvi, borcu 
verməməyə görə torpaqdan məhrum edilmənin qadağan edil-
məsi maddəsinin salınması xüsusilə mühüm əhəmiyyət kəsb 
edirdi. 
1940-cı ilin iyulunda keçirilən prezident seçkilərində 
Batista 1940-cı il konstitusiyasına  əsasən geniş sosial-iqtisadi 
dəyişikliklər tərəfdarlarını öz tərəfinə çəkərək rəqibi Qrau San-
Martini üzərində  qələbə çaldı. Onun qələbəsini Ağ ev də 
dəstəklədi. "Mehriban qonşuluq" siyasəti ABŞ-a imkan verirdi 
ki, özünün iqtisadi mövqeyini Kubada daha da möhkəmlətsin. 
Kubanın bütün xarici ticarəti, demək olar ki, ABŞ-a doğru 
istiqamətləndirilmişdi. 
İkinci dünya müharibəsi dövründə Kuba xalqı 1940-cı il 
konstitusiyasının əsaslarının həyata keçirilməsi və ictimai-siya-
si həyatın demokratikləşməsi uğrunda mübarizəni davam et-
dirdi. 
 
300
1941-ci ilin dekabrında Kuba faşist bloku dövlətlərinə 
müharibə elan etdi, 1942-ci ilin oktyabrında isə SSRİ ilə diplo-
matik münasibətlər yaratdı. 

 
301
XIV. 1924-1939-CU İLLƏRDƏ BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR 
 
1924-cü ildə kapitalizmin qismən siyasi və iqtisadi sabit-
ləşməsi dövrü başlandı. Beynəlxalq şəraitdə əmələ gəlmiş ciddi 
dəyişikliklər kapitalist ölkələrini öz xarici siyasətlərinə yenidən 
baxmağa məcbur etdi. 
SSRİ-ni tanımaq dövrü 
Tezliklə dünya burjuaziyası özünün SSRİ-ni təcrid etmək 
siyasətindən əl çəkməyə məcbur oldu. Bu ilk növbədə SSRİ ilə 
iqtisadi əlaqələri inkişaf etdirməkdə onların maraqlı olmaları ilə 
bağlı idi. SSRİ-ni tanımaq mərhələsini  İngiltərə açdı. Belə ki, 
İngiltərədə hakimiyyətə gəlmiş leyboristlər hökuməti 1924-cü il 
fevralın 1-də SSRİ-ni rəsmən tanıdığını bildirdi. Bunu ardınca  
İtaliya və Avstriya, Yunanıstan, Norveç, İsveç, həmin ilin 
fevral-martında, Çin 1924-cü ilin mayında, Fransa isə 
oktyabrında SSRİ ilə diplomatik münasibətlər yaratdı. 
Ümumiyyətlə, 1924-cü il ərzində 12 dövlət SSRİ-ni rəsmən 
tanıdı. 1924-cü il tarixə “SSRİ-nin tanınması dövrü” kimi də 
daxil oldu. 
1925-ci il yanvarın 20-də SSRİ ilə Yaponiya arasında 
diplomatik münasibətlər yaradıldı, saziş bağlanıldı. Saziş 
Şimali Saxalinin Yaponiya tərəfindən boşaldılmasını  nəzərdə 
tuturdu. Böyük  dövlətlərdən bu dövrdə yalnız ABŞ SSRİ-ni 
tanımamaq siyasətini davam etdirirdi. 
 
Sabitləşmə dövründə beynəlxalq münasibətlər  
(1924-1929-cu illər) 
20-ci illərdə qalib dövlətlər Almaniya üçün sülh 
şərtlərinin yumşaldılmasına çalışırdılar. 1924-cü ilin aprelində 
ABŞ generalı Çarlz Dauesin hazırladığı plan əsasında (bu 
“Daues plan”ı adlanır) Almaniyadan alınan təzminatın ümumi 
şərtini azaltmamaq şərti ilə illik ödənişin həcmi xeyli aşağı 
 
302
salınırdı. Həmin ilin iyul-avqustunda keçirilən London 
konfransında Fransanın təzminat məsələsini tezliklə həll etmək 
təklifi rədd edildi. İngiltərə və ABŞ tərəfindən Almaniyaya 800 
milyon marka istiqraz verildi. «Daues planı»  İngiltərə-ABŞ 
blokunun ön plana çıxdığını göstərdi.  
1925-ci ilin əvvəllərində Almaniya hökumətinin Reyndə 
mövcud vəziyyəti saxlanmasını təmin edən pakt layihəsini irəli 
sürməsindən Qərb dövlətləri SSRİ  əleyhinə Almaniyanın da 
daxil olduğu ittifaq yaratmaq üçün istifadə etmək qərarına 
gəldilər. Bu məqsədlə çağrılan Lokarno konfransı 1925-ci il 
oktyabrın 5-dən 16-na qədər davam etdi. Bu konfransda 
İngiltərə, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və 
Çexoslovakiyanın nümayəndələri iştirak edirdi. Konfransın 
qərarları içərisində  İngiltərə, Fransa, Almaniya, Belçika və 
İtaliya arasında imzalanmış təminat paktı mərkəzi yer tuturdu. 
İngiltərə və İtaliya paktın təminatçıları elan edilirdilər. Fransa-
alman və Belçika-alman sərhədlərinin toxunulmazlığını  təmin 
edən, «Reyn təminat paktı» adlandırılan bu saziş alman – Polşa 
və alman-Çexoslovakiya sərhədlərinin təminatı haqqındakı 
məsələni açıq saxlayırdı. Bundan məqsəd isə Almaniya SSRİ 
əleyhinə təcavüz etmək istədikdə bu ərazilərdə Almaniya üçün 
azad hərəkat etmək imkanını təmin etmək idi. 
Polşa və Çexoslovakiya xalqı qarşısında tam nüfuzdan 
düşməmək üçün Fransa Lokarnoda bu dövlətlərlə qarşılıqlı yar-
dım haqqında xüsusi sazişlər imzaladı. Konfransda Almani-
yanın Millətlər Cəmiyyətinə  qəbul olunması haqqında razılıq 
da əldə edildi. 
Lokarno konfransının qərarları alman imperializminin 
mövqelərini gücləndirdi. Fransanın isə mövqeləri zəiflədi. Belə 
ki, Fransa Almaniya əleyhinə  sərbəst sanksiya tətbiq edə 
bilməzdi. Bu vaxtdan etibarən Fransanın öz təhlükəsizliyi İngil-
tərədən asılı olurdu. Fransa-alman sərhədlərinin təminatçısı 

 
303
kimi  İngiltərə iki tərəfdən hansının hücum edən tərəf hesab 
etmək məsələsini öz istədiyi kimi həll edə bilərdi. 
SSRİ 1925-ci il oktybarın 12-də, Lokarno sazişləri imza-
lanmamışdan dörd gün əvvəl, Almaniya ilə ticarət müqaviləsi 
bağladı. Müqavilə Rapollo müqaviləsinin və sovet xarici ticarət 
inhisarının sarsılmazlığını  təsdiq edirdi. Alman diplomatı 
Dirksen bu sazişi «kiçik əks – Lokarno» adlandırmışdı. 
1926-cı il aprelin 24-də SSRİ ilə Almaniya arasında 
dostluq və bitərəflik haqqında müqavilə bağlandı. Müqavilədə 
göstərilirdi ki, tərəflərdən biri, hərəkətlərinin sülhsevərliyinə 
baxmayaraq, üçüncü bir dövlətin və yaxud üçüncü dövlətlər 
qrupunun hücumuna məruz qalarsa, digər tərəf bitərəfliyə riayət 
edəcəkdir. Müqavilə  hər iki tərəfi, müqavilə bağlamış 
tərəflərdən birini iqtisadi və ya maliyyə  cəhətdən baykota tut-
maq məqsədi güdən üçüncü dövlətlərin ittifaqlarına qoşulma-
mağa məcbur edirdi. SSRİ Lokarno konfransından sonra öz 
beynəlxalq mövqeyini daha da möhkəmləndirmək üçün 1925-ci 
ilin dekabrın 17-də Türkiyə, 1926-cı il avqustun 31-də  Əfqa-
nıstan, 1927-ci il sentyabrın 28-də Litva ilə dostluq və bitərəf-
lik, 1927-ci ilin oktyabrın 1-də isə İran ilə təminat və bitərəflik 
haqqında müqavilə bağladı. 
1927-ci ildə SSRİ-də sosializm quruculuğuna mane ol-
maq məqsədi ilə  İngiltərə başda olmaqla antisovet kompaniya 
başlandı. 1927-ci il fevralın 23-də İngiltərənin xarici işlər naziri 
U.Çemberlen Sovet hökumətinə göndərdiyi notada SSRİ-ni 
antibritaniya təbliğatı aparmaqda günahlandırdı. İngiltərə höku-
məti 1927-ci il mayın 27-də SSRİ ilə ticarət və diplomatik 
münasibətləri kəsdi. 
Kapitalizmin qismən sabitləşməsi dövrünün sonunda 
kapitalistlər dövlətləri daxilində başlıca ziddiyyətlər ABŞ ilə 
İngiltərə arasındakı ziddiyyətlər idi. İngiltərə bir sıra hallarda 
amerikan inhisarlarının təzyiqi altında geri çəkilirdisə də, lakin 
öz müstəmləkə imperiyasından möhkəm yapışırdı. O, dəniz-
 
304
lərdə itirdiyi hökmranlığı geri qaytarmağa cəhd edir və bu məq-
sədlə ingilis və ABŞ donanmalarının bərabərliyi haqqındakı 
Vaşinqton konfransının qərarlarına yenidən baxılmasına 
çalışırdı. 
İngilis-amerikan ziddiyyətləri ilə yanaşı ABŞ ilə 
Yaponiya, Fransa ilə Almaniya, Fransa ilə  İtaliya arasındakı 
ziddiyyətlər də inkişaf edirdi. 
Cənub-Şərqi Asiyada və Sakit Okeanda hökmranlıq 
uğrunda yapon-amerikan mübarizəsi bu dövrdə ən kəskin şəkil 
almışdı. Yaponiyanın «pozitiv», yəni açıq hücumçu siyasəti 
1927-ci ildə yapon hərbçilərinin başçısı general Tanaka tərə-
findən müəyyənləşdirilmişdi.  Bu planda SSRİ-nin bütün Asiya 
hissəsinin və Çinin işğalı ən mühüm yer tuturdu. ABŞ əleyhinə 
amansız  mübarizə bu təcavüzkar siyasətin bir hissəsini təşkil 
edirdi. ABŞ isə Çini «birləşdirmək»  şüarından öz xeyri üçün 
istifadə edərək burada öz iqtisadi və siyasi mövqelərini xeyli 
genişləndirdiyi üçün Tanaka planı onu narahat edirdi. 
20-ci illərin sonunda Avropada hərbi qarşıdurma təhlü-
kəsi gücləndi. Bu sürətlə silahlanmaya təkan verdi. Dövlətlərin 
hərbi büdcələri artırıldı, orduların sayı çoxaldıldı. Nəticədə 
Millətlər Cəmiyyəti 1927-ci ilin payızında Cenevrədə tərksilaha 
dair xüsusi məsələ müzakirə etməyə  məcbur oldu. Millətlər 
Cəmiyyəti yanında Beynəlxalq Təhlükəsizlik Komitəsi 
yaradıldı. 
Beynəlxalq siyasi şəraitin yumşaldılmasında ABŞ, Fran-
sa, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrin nüma-
yəndələri tərəfindən 1928-ci ilin avqustunda Parisdə imza-
lanmış Brian-Kelloq (Brian Fransanın xarici işlər naziri, Kelloq 
isə ABŞ-ın dövlət katibi idi) paktının da müəyyən rolu 
olmuşdu. Müxtəlif vaxtlarda bu pakta 48 dövlət, o cümlədən, 
SSRİ  də qoşulmuşdu. Pakta imza atan tərəflər müharibədən 
imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri 
dinc yolla həll etməyi öhdələrinə götürmüşdülər.  

 
305
Müharibədən sonra Mərkəzi və  Cənub-Şərqi Avropa 
dövlətlərində  də  şərait dəyişmişdi. Bu bölgədə mövcud 
vəziyyəti qoruyub saxlamaq marağı Çexoslovakiya, Rumıniya 
və Yuqoslaviyanın bir-birinə yaxınlaşmasının zəruriliyini tələb 
edirdi. Buna görə də onlar Fransanın rəhbərliyi altında «Kiçik 
Antanta» adlandırılan ittifaq yaratmışdılar. Bu ittifaq 1938-ci 
ilə qədər mövcud olmuşdu. 
1926-cı ildə Türkiyə ilə Böyük Britaniya arasında 
bağlanan müqaviləyə əsasən Mosul münaqişəsinə son qoyuldu. 
Mosul vilayəti  İraqın tərkibində qaldı,  əvəzində isə Türkiyə 
kompensasiya aldı 
XX  əsrin 20-ci illərində beynəlxalq münasibətlərdə 
müəyyən mənada nisbi sakitlik hökm sürürdü. 
Dünya iqtisadi böhranı və ikinci dünya müharibəsi ərəfəsində 
beynəlxalq münasibətlər 
1929-1933-cü illərin dünya iqtisadi böhranı kapitalist 
dövlətləri arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bunun 
əsas mənbəyi isə kapitalist dövlətlərinin iqtisadi və siyasi 
inkişafının qeyri-bərabərliyinin güclənməsi idi.  
İqtisadi böhranın və silahlanmanın qarşısını bütün 
dövlətlərin səyi ilə almaq məqsədilə Fransanın xarici işlər 
naziri A.Brian 1930-cu ilin mayında SSRİ  də daxil olmaqla 
Avropanın 27 dövlətinə “Avropa Federal İttifaqı”nı yaratmaq 
təşəbbüsü ilə müraciət etdi. Bu plan “ Pan avropa planı” kimi 
tarixə daxil oldu. Lakin Avropada Fransanın hegemon 
olacağında ehtiyat edən Avropa dövlətləri bu planın 
reallaşmasına imkan vermədilər.  
Dünya iqitsadi böhranı illərində  hərbi dəniz gəmilərinin 
tikintisinə dair həll olunmamış məsələləri qaydaya salmaq üçün 
1930-cu ilin yanvarın 21-dən aprelin 22-dək Londonda 
keçirilən dəniz konfransında ABŞ,  İngiltərə  və Yaponiya 
arasında donanma sahəsində münaisbətlər qismən tənzimləndi. 
 
306
30-cu illərin başlanğıcında bir tərəfdən Almaniya, İtaliya, 
Yaponiya, digər tərəfdən isə Böyük Britaniya, Fransa, ABŞ 
arasında ziddiyyətlər nəzərə çarpacaq dərəcədə  kəskinləşdi. 
Faşist dövlətləri SSRİ-ni məhv etməyə, həmçinin öz imperialist 
rəqiblərini darmadağın etmək yolu ilə dünyanı yenidən bö-
lüşdürməyə çalışırdılar. Böyük Britaniya, Fransa və ABŞ-ın 
hakim dairələri faşist təcavüzkarlarını SSRİ üzərinə hücuma 
təhrik edərək belə hesab edirdilər ki, müharibədə  hər iki tərəf 
qüvvədən düşəcək və müharibədən sonrakı dünyada öz möv-
qelərini gücləndirəcəklər. 
İmperilistlərarası ziddiyyətlərin kəskinləşməsi antisovet 
sövdələşmə imkanını qətiyyən istisna etmirdi. Antikommunizm 
zəncirində eyni vaxtda faşist dövlətləri təcavüzkar xarici siyasət 
xətti yeridirdilər ki, 30-cu illərdə Böyük Britaniya, Fransa, 
ABŞ  bunu müdafiə edirdilər. 
Dünyanı yenidən bölüşdürmək uğrunda silahlı mübari-
zəyə birinci olaraq Çində  və Sakit Okean hövzəsində  şəriksiz 
hökmran olmaq istəyən Yaponiya başladı. 1931-ci ilin sentyab-
rında yapon ordusu Çinə soxuldu və üç ay ərzində Mancuriyanı 
işğal etdi. ABŞ, Böyük Britaniya və Fransa Yaponiyanın 
tezliklə SSRİ üzərinə hücum edəcəklərini gözlədikləri üçün 
təcavüzkara qarşı çıxmadılar. 
Bundan başqa onlar yapon ordusunun gücü ilə Çin xal-
qının milli-azadlıq hərəkatını yatırmaq ümidində idilər. 
Yaponiya bütün Mancuriyanı  işğal edərək tutulmuş  əra-
zidə oyuncaq Mançyou Qo dövlətini yaratdı. Yalnız 1933-cü 
ilin fevralında Millətlər Cəmiyyəti Mancuriyanın işğalını ifşa 
edən qətnamə qəbul etdi və onun Çinə qaytarılmasını tələb etdi. 
Buna cavab olaraq 1933-cü ilin martında Yaponiya Millətlər 
Cəmiyyətindən çıxdı  və yeni işğallara hazırlaşmağa başladı. 
1937-ci ildə o, Çinə qarşı yenidən müharibəyə başladı. 1939-cu 
ilin payızında Yaponiya ölkənin cənubundakı Tayvan adasına 
qədər  ərazi daxil olmaqla Çinin sahilboyu torpaqlarının çox 

 
307
hissəsini zəbt etdi. 1938-1939-cu illərdə Xasan gölü və Xalxin-
Qol çayı sahilində olan döyüşlərdə yapon qoşunları sovet ordu-
su tərəfindən ciddi məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra 
Yaponiya SSRİ-yə hücum etmək planını təxirə salmalı oldu. 
İkinci müharibə ocağı Avropada yarandı ki, bunun da 
əsas günahkarları Almaniya və  İtaliya idi. Almaniyada faşist-
lərin hakimiyyətə gəlməsi Avropada müharibə ocağının yaran-
ması üçün başlanğıc oldu. Faşistlər dünya ağalığına can ataraq 
Avropanı özlərinə tabe etməyi birinci dərəcəli vəzifələri hesab 
edirdilər. Hitlerçilərin planında  Şərqdə «çox zəruri  ərazilər» 
tutmaq, yəni SSRİ-yə qarşı  hərbi yürüşə başlamaq nəzərdə 
tutulurdu. 
ABŞ  və  İngiltərə maliyyə-sənaye maqnatlarının alman 
inhisarları ilə çoxillik əlaqəsi Almaniyanı «sakitləşdirmə» siya-
sətinin iqtisadi əsasını  təşkil edirdi. 1933-cü ilin oktyabrında 
Almaniya nümayişkaranə surətdə Millətlər Cəmiyyətindən 
çıxdı və bu addımla sürətlə silahlanma və təcavüz üçün öz əl-
qolunu tamam açdı. 1934-cü ildə alman kəşfiyyatı vasitəsilə 
Avstriya kansleri Dolfusun, Yuqoslaviya kralı Aleksandrın, 
Fransanın xarici işlər naziri Lui Bartunun öldürülməsi Avropa-
da gərginliyi daha da artırdı. 15 il ərzində Millətlər Cəmiyyə-
tinin idarəsi altında olan Saar vilayəti  ümumxalq səsverməsi 
nəticəsində 1935-ci il martın 1-də Almaniyaya keçdi.Bu Alma-
niyanın sənaye bazasını nəzərə çarpacaq dərəcədə gücləndirdi. 
Hitler Versal müqaviləsinin hərbi maddələrini birtərəfli 
surətdə pozaraq 1935-ci ilin martında ümumi hərbi mükəlləfiy-
yət keçirdi. 1935-ci il ingilis-alman dəniz müqaviləsi almanlara 
hərbi dəniz donanmasını artırmağa, sualtı qayıqlar hazırlamağa 
yol açdı ki, bu da faktiki olaraq Versal sazişlərinə ikitərəfli 
yenidən baxılması demək idi. 1936-cı ilin martında alman 
ordusu hərbisizləşdirilmiş Reyn zonasını tutdu. Hitler əslində 
bu addımı ilə riskə getdi. O bilirdi ki, Fransanın təhlükəsizliyini 
zərbə altında qoyan bu addım Fransa tərəfindən silahlı 
 
308
müqavimətə  səbəb ola bilər və  həm də bu dövrdə qüvvələr 
nisbəti Almaniyanın xeyrinə deyildi. Çünki onun 36, Fransa və 
Çexoslovakiyanın isə 55 dviziyası var idi. Lakin Fransa hö-
kuməti heç bir fəaliyyət göstərmədi, bu isə Hitlerin yeni müha-
ribəyə hazırlığını  gücləndirdi. Versal sistemi iflasa uğramış 
oldu. 
Dünyanın yenidən bölüşdürülməsi «kiçik müharibələr-
dən» başlandı. Almaniya və Yaponiya ilə birlikdə Afrika və 
Aralıq dənizi hövzəsində geniş müstəmləkə imperiyası yarat-
maq xətti götürmüş faşist İtaliyasının böyük xammal sərvətləri 
və mühüm strateji mövqeyi olan Efiopiyanı  işğal etmək  ən 
yaxın məqsədi idi. 1935-ci ilin oktyabrında yaxşı silahlanmış 
İtaliya ordusu Efiopiyaya soxuldu. 1936-cı ilin mayında Efiopi-
ya xalqının inadlı müqavimətinə baxmayaraq paytaxt Əddis-
əbəbə tutuldu. Efiopiya İtaliyanın müstəmləkəsi elan edildi. 
Qərb dövlətlərinin köməyi nəticəsində İtaliya buna nail oldu. 
Beynəlxalq ictimaiyyətin təzyiqi altında Millətlər Cəmiy-
yəti  İtaliyanı  təcavüzkar dövlət elan etməyə  məcbur oldu və 
onunla ticarətdə bəzi məhdudiyyətlər qoydu. Lakin bu tədbirlər 
vəziyyəti dəyişdirmədi. Belə ki, İtaliya sanksiyalarda iştirak 
etməyən ölkələrlə, məsələn, ABŞ-la ticarəti genişləndirdi. 
İkinci dünya müharibəsinin törədilməsi yolunda yeni 
addım İspaniyaya İtaliya-Almaniya müdaxiləsi oldu. Almaniya 
və  İtaliyanın bu müdaxilədə  əsas məqsədi  İspaniyada faşist 
idarə üsulunun qurulmasına nail olmaq idi. İngiltərənin təşəb-
büsü ilə 27 dövlətin daxil olduğu. “İspaniya işlərinə 
qarışmamaq komitəsinin yaradılması imkan verdi ki, 
İspaniyada faşist diktaturası qurulsun. İspaniya təcavüzkar 
dövlətləri müxtəlif xammal və  ərzaqla təchiz edən  əsas ölkə 
oldu. Bundan başqa vermaxt İspaniya  ərazisindən öz aviasiya 
və tankları ilə hərbi manevrlər etmək, hərbi təcrübə qazanmaq 
və  hərbi strategiyanı  təkmilləşdirmək üçün meydan kimi də 
istifadə edirdi. 

 
309
İtaliya-Almaniya müdaxləsi və İspaniyanın faşist dövlət-
lərinin müttəfiqinə çevrilməsi  İngiltərə  və Fransanın  
müstəmləkəri ilə dəniz rabitəsi üçün birbaşa təhlükə yaradırdı. 
Hər iki dövlətin hərbi-dəniz bazaları üçün də müəyyən təhlükə 
yaranırdı. Bu Fransa üçün daha ağır nəticələr verə bilərdi. 
Çünki o, faşist dövlətlərinin mühasirəsində qalmış olurdu. 
Lakin ingilis və fransız imperialistlərinin siyasətində 
antisovetizm daha çox üstünlük təşkil etdiyindən onlar İspani-
yada faşist diaktaturası qurulmasına mane olmadılar. 
Ciddi surətdə dünya müharibəsinə hazırlaşan Almaniya, 
İtaliya və Yaponiya tədricən hərbi blok yaratmağa başladılar. 
1936-cı ilin oktyabrında beynəlxalq siyasətin  əsas məsələlə-
rində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz 
dairələrinin hüdudlarını müəyyən etmək haqqında Almaniya-
İtaliya müqaviləsi imzalandı. Eyni vaxtda təcavüzkar planları 
həyata keçirməkdə  əməkdaşlığa marağı olan Almaniya 
Yaponiya ilə yaxınlaşdı. 1936-cı ilin noyabrında Almaniya ilə 
Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra 
İtaliya da bu pakta qoşuldu. Əslində faşist-militarist koalisiyası 
dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının 
mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması 
və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas 
zərbəsi təkcə SSRİ-yə qarşı deyil, həmçinin ABŞ, İngiltərə və 
Fransaya qarşı da çevrilmişdi. "Antikomintern paktı" 
bağlandıqdan sonra faşist dövlətlərinin təcavüzkarlığı daha da 
artdı. Faşist dövlətləri təcavüzün yeni aktını Avropada da 
törətdilər. Bunlardan birincisi, almanların məskunlaşdığı bütün 
ərazilərin birləşdirilməsi şüarı altında Avstriyanın Almaniyaya 
"birləşdirilməsi" (anşlüs) oldu. Bu addımı atmazdan əvvəl 
Hitler Britaniya hökumətinin razılığını aldı. Almaniyanı 
"Qərbin bolşevizmə qarşı qalası" hesab edən İngiltərənin hakim 
dairələri, ona Mərkəzi və  Şərqi Avropada fəaliyyət sərbəstliyi 
verdilər. 
 
310
Avropanın İngilətərə və Fransaya arxalanan kiçik dövlət-
ləri faşist blokunun təcavüzkarlığına qarşı birləşmək cəhdi 
göstərirdilər. 1934-cü ildə Yunanıstan, Rumıniya, Türkiyə  və 
Yuqoslaviya "Balkan Antantası" adlanan ittifaq yaratdılar. La-
kin sonrakı hadisələr göstərdi ki, belə  cəhdlər kiçik ölkələrə 
Almaniya və İtaliya təcavüzündən xilas olmağa təminat vermir. 
İkinci dünya müharibəsi başlanmazdan  əvvəl "Balkan An-
tantası" dağıldı.  Ərizsinin təhlükəsizliyini təmin etmək üçün 
Türkiyə boğazlara dair Lozanna konvensiyasına yenidən 
baxılmasına nail oldu 1936-cı ilin iyunun 22-dən iyulun 20-dək 
İsveçrənin Möhtre şəhərində çağırılan konfransda boğazlar 
məsələsində Türkiyəyə böyük üstünlüklər verildi. Boğazlar 
faktiki olaraq Türkiyənin daxili sularına çevrildi. Qara dənizə 
çıxışı olmayan ölkələrin hərbi gəmilərinə istər müharibə, istərsə 
də dinc dövrdə boğazlardan keçmək qadağan edilirdi. İqtisadi 
və siyasi cəhətdən Balkanlarda hakim olmaq siyasəti yeridən 
İtaliya 1939-cu ilin aprelində Albaniyanı işğal etdi. 
Təcavüzkar bloka qarşı digər blokun yaradılmaması onla-
rın işğallarını daha da genişləndirməsinin səbəblərindən biri idi. 
30-cu illərin sonunda dünyada burjua-demokratik, sovet və 
totalitar-militarist qüvvələri mövcud idi. Dövr tələb edirdi ki, 
totalitar-inzibati bloka qarşı burjua-demokratik və sovet qüvvə-
ləri birləşsin.Lakin bu alınmadı. Çünki burjua-demokratik qüv-
vələr sovet qüvvəsinə faşist militarizminə nisbətən daha qatı 
düşmən kimi baxırdılar və onları bir-birinə qarşı qoymaq 
siyasəti yeridirdilər. 
ABŞ XX əsrin 20-30-cu illərində yenə  də  təcridçilik si-
yasətini davam etdirir, narahat Avropanın işlərinə qarışmamağı 
lazım bilirdi. 1935-ci ilin avqustunda ABŞ konqresinin qəbul 
etdiyi "Bitərəflik haqqında" qanun da buna xidmət edirdi. Hə-
min qanun müharibə edən ölkələrdən hər birinə onların ədalətli 
və ya ədalətsiz müharibə aparmalarına baxmayaraq silah satma-
ğı qadağan edirdi. Lakin 30-cu illərin ikinci yarısında prezident 

 
311
F.Ruzvelt başda olmaqla "beynəlmiləlçilər" qrupu yarandı ki, 
onlar faşizmə qarşı mübarizədə Avropanın qabaqcıl dövlətləri 
ilə  əməkdaşlıq etməyi lazım bilirdilər. Bunun nəticəsi idi ki, 
ABŞ konqresi Almaniya ilə müharibə aparan ölkələrə 1939-cu 
ilin sentyabrın sonunda silah satmağa icazə vermişdi. 
SSRİ XX əsrin 20-ci illərində öz xarici siyasətini kapi-
talist dövlətlərinin hər hansı gözlənilməz hücumunu dəf etməyə 
istiqamətləndirmişdi. Lakin yeni müharibə ocaqlarının 
yaranması, xüsusilə Almaniyada faşizmin hakimiyyət başına 
gəlməsi onun xarici siyasətində  əsaslı  dəyişikliyə  səbəb oldu. 
1933-cü ildə SSRİ kollektiv təhlükəsizlik sistemi yaratmaq 
təklifi ilə Avropa dövlətlərinə müraciət etdi. 1933-cü ilin 
noyabrında SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər 
yaradıldı. SSRİ 1934-cü ilin sentyabrında 30 dövlətin dəvəti ilə 
Millətlər Cəmiyyətinə daxil edildi. 
1935-ci ilin mayında SSRİ-nin təşəbbüsü ilə təcavüzkara 
qarşı qarşılıqlı yardım haqqında Sovet-Fransa, Sovet-Çexoslo-
vakiya paktları imzalandı. Çexoslovakiya hökumətinin təkidi 
ilə Sovet-Çexoslovakiya paktına belə bir şərt də əlavə edildi ki, 
təcavüzün qurbanına Fransa da köməyə  gələrsə, qarşılıqlı 
yardım haqqında öhdəlik qüvvəyə minir. Bu isə əslində müqa-
vilənin təsirini zəiflədirdi.  
Təcavüzkarın cəzalandırılmaması Almaniyanı yeni işğal-
lara sövq etdi.Hitlerçilər indi diqqətlərini əlverişli strateji möv-
qeyi və inkişaf etmiş  sənayesi olan Çexoslovakiyaya yönəldə-
rək alman milli azlığının yaşadığı Sudet vilayətinin ona veril-
məsi tələbi ilə  çıxış etdilər. ABŞ,  İngiltərə  və Fransa guya 
"sülhü xilas etmək" naminə Almaniyaya güzəştə getməyi lazım 
bildlər. 1938-ci ilin sentyabrın 29-30-da İngiltərənin baş naziri 
N.Çemberlen, Fransanın baş naziri E.Daladye, İtaliyanın "du-
çe"si B.Mussolini və Almaniyanın "fürerı" A.Hitlerin iştirakı 
ilə Münhendə konfrans oldu. İngiltərə və Fransanın faşist döv-
lətləri ilə sövdələşməsi Çexoslovakiyanın parçalanması haqqın-
 
312
da qeyri-qanuni müqavilənin imzalanması ilə möhkəmlən-
dirildi. Çexoslovakiya ərazisinin və əhalisinin 
3
1 -ni təşkil edən 
Sudet vilayəti və başqa rayonlar Hitler Almaniyası, burjua-
mülkədar Polşası 
və Xorti Macarıstanına verildi. 
Çexoslovakiyanı parçalayarkən Böyük Britaniya və Fransa ha-
kim dairələri ümid edirdilər ki, Hitler daha istiqamətini SSRİ-
yə qarşı yönəldəcəkdir. Lakin onlar tezliklə yanıldıqlarını mü-
şahidə etməli oldular. Çünki Münhen sövdələşməsi Almaniya-
nın iştahasını daha da artırdı. 1939-cu ilin martında Almaniya 
Çexoslovakiyanın qalan hissəsini də işğal etdi. Çexiya və Mo-
raviya Almaniya "protektoratı" oldular, "Müstəqil" Slovakiyada 
isə oyuncaq faşist hökuməti yaradıldı. Münhen sövdələşməsi 
Almaniyanın strateji mövqeyini möhkəmləndirdiyinə, Fransa 
və  İngiltərənin isə beynəlxalq aləmdə öz mövqelərini  əldən 
vermələrinə şərait yaratdığına görə İkinci dünya müharibəsinin 
başlanması yolunda mühüm addım oldu. 
Münhen sazişi ilə SSRİ beynəlxalq aləmdən təcrid olun-
muş oldu. Hitler və Çemberlen bir-birinə hücum etməmək haq-
qında alman-ingilis deklarasiyasını imzaladılar ki, bununla da 
Almaniyaya Şərqi Avropada azad hərəkət etmək imkanı verildi. 
Belə bir deklarasiya 1938-ci ilin dekabrında Almaniyaya 
Fransa tərəfindən də verildi. Bu, SSRİ ilə qarşılıqlı yardım 
haqqındakı müqavilənin  əhəmiyyətini heçə endirdi. Münhen 
sazişinin ABŞ tərəfindən müdafiə olunması və Yaponiya tərə-
findən bəyənilməsi SSRİ-ni ona qarşı vahid antisovet koalisi-
yanın yarana biləcəyi qorxusuna saldı. Lakin hitlerçilər və 
onların müttəfiqləri zərbəni ilk növbədə daha zəif rəqiblərə 
endirməyi qərara almışdılar.  
SSRİ 1939-cu ilin noyabrında Finlandiya ilə müharibəyə 
başladığına görə elə  həmin ilin dekabrın 14-də  təcavüzkar 
dövlət kimi Millətlər Cəmiyyətindən çıxarıldı. 

 
313
Qərb dövlətlərinin təcavüzkara yardım siyasətinə keçməsi 
yeni işğallara yol açdı. 1939-cu ilin martında nasistlər Litvanın 
liman  şəhəri Klaypedanı tutdular. Hələ 1938-ci ilin payızında 
Almaniya Polşadan Qdanskın Almaniyaya birləşdiriliməsini və 
bu ölkənin "Antikominetrn paktı"nda iştirakını tələb etdi. Lakin 
rədd cavabı aldı. 1939-cu ilin yazında Berlin ikinci dəfə bu 
tələblə Varşavaya müraciət edib rədd cavabı aldıqda, 1939-cu 
ilin aprelində Polşanın tamamilə ləğv edilməsi haqqında "Vays" 
("Ağ") planını  təsdiq etdi. «Polşa» böhranı meydana çıxdı. 
Polşaya hücum 1939-cu il avqustun 26-na təyin edilmişdi. Belə 
olduqda qərb dövlətləri Münhen kursunun həyata keçirilməsi 
taktikasını  dəyişdirməyə  məcbur oldular. İngiltərə  və Fransa 
hökumətləri öz ölkələrinin müdafiəsini möhkəmləndirmək üçün 
bəzi tədbirlər gördülər. Parlamentlər iri həcmli hərbi təxsisatları 
təsdiq etdilər. İngiltərədə ümumi hərbi mükəlləfiyyət keçirildi. 
Kiçik dövlətlər, o cümlədən Polşa və Rumıniya onlara qarşı 
təcavüz olduqda ingilis-fransız  yardımına zəmanət aldılar. 
Qərb dövlətlərinin uzaqgörən siyasi xadimləri təcavüzə 
qarşı mübarizədə SSRİ ilə  əməkdaşlığa mühüm əhəmiyyət 
verirdilər. 
1939-cu ilin aprelin 17-də SSRİ  Qərb dövlətlərinə  bə-
rabər öhdəliklərə  əsaslanan üçtərəfli saziş  və  hərbi müqavilə 
bağlamağı təklif etdi. Bu müqavilədə Baltik və Qara dəniz ara-
sında yerləşən dövlətlərə qarşı  təcavüz olduqda onlara yardım 
göstərilməsi nəzərdə tutulurdu. İngiltərə isə ancaq SSRİ-nin 
Polşaya və Rumıniyaya qarşı öhdəliklər götürməsini istəyirdi. 
Əslində  İngiltərə hökuməti Almaniyanın-Şərqdə  təcavüzünə 
imkan yaratmağa, üçtərəfli danışıqlarla Almaniyaya təzyiq gös-
tərməyə, həmçinin sovet-alman yaxınlaşmasına mane olmağa 
üstünlük verirdi.  
1939-cu ilin mayından etibarən  İngiltərə eyni zamanda 
dünyanı nüfuz dairələrinə bölmək və bazarlarda birgə əməkdaş-
lıq etmək üçün əvvəlcədən zəmin yaratmaq məqsədilə Alma-
 
314
niya ilə də məxfi danışıqlar aparırdı. Berlin də şərqdə ona sər-
bəstlik verilməsi  şərti ilə geniş ingilis-alman sazişi bağlamaq 
üçün qapını açıq qoymuşdu. 
İngiltərə  və Fransa ilə  əməkdaşlığa səy göstərən sovet 
tərəfi Qızıl Ordunun Baş  qərargahı  tərəfindən hazırlanmış 
təklifləri irəli sürdü. Almaniyanın təcavüzü zamanı sovet qo-
şunlarının onun ərazisindən keçməsinə icazə verilməsi təklifini 
Polşa hökuməti rədd etdi. İngiltərə və Fransa Varşavaya lazımi 
təsir göstərə bilmədilər, nəticədə Moskva danışıqlarını nüfuz-
dan saldılar. Danışıqların baş tutmamasının əsas səbəblərindən 
biri  İngiltərə  və Fransanın mühafizəkar dairələrinin SSRİ-yə 
başqa ölkələrdə inqilabi hərəkatların katalizatoru funksiyasını 
yerinə yetirən bir dövlət kimi baxması, onun xarici siyasətinə 
şübhə ilə yanaşmaları idi. Digər səbəb isə ordunun ali komanda 
heyətinə tutulan divan nəticəsində SSRİ-də ordunun döyüş 
qabiliyyəti səviyyəsinin aşağı düşməsi idi. Nəticədə Rusiyaya 
Avropa və dünyanın ikinci dərəcəli dövləti kimi baxmaq meyli 
formalaşdı. 
Hərbi təhlükənin artdığı bir şəraitdə SSRİ Almaniyanın 
hücum etməmək haqqında müqavilə bağlamaq təklifini qəbul 
etmək məcburiyyətində qaldı. SSRİ buna təklənməkdən xilas 
olmağın yeganə yolu kimi baxırdı. Sovet tərəfi Almaniyanın 
xarici işlər naziri Ribbentropun Moskvaya gəlməsinə razılıq 
verdi. Onunla danışıqları Stalin və Molotov aparırdı.  
1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ-nin bir-bi-
rinə qarşı  hər cür zorkaılıqdan, hər cür təcavüz hərəkətindən 
(istər tək, istərsə  də başqa dövlətlərlə birlikdə) imtina etməyi 
öhdələrinə götürməsini nəzərdə tutan 10 il müddətinə bir-birinə 
hücum etməmək haqqında sovet-alman müqaviləsi imzalandı. 
Müqavilənin məzmunu 1926-cı il müqaviləsinin başlıca müd-
dəasına  əsaslanırdı. Lakin Moskvada Molotov və Ribbentrop 
Baltik dənizindən Qara dənizədək hər iki tərəfin "maraq dairə-
sini" müəyyənləşdirən "gizli əlavə protokol" da imzaladılar. 

 
315
Protokolda alman müdaxiləsinin  şərqə doğru hüdudları müəy-
yən olundu Almaniya Pribaltika respublikalarına və 
Finlandiyaya soxulmamaq barədə öhdəlik götürürdü. Alman 
qoşunlarının irəliləməsi Tissa, Narev, Visla və San çayları xətti 
ilə  məhdudlaşdırılırdı. Polşa dövlətinin tərkibinə daxil olan və 
əhalisi ukraynalı  və beloruslardan ibarət olan rayonların gə-
ləcək taleyi SSRİ-nin razılığı olmadan həll edilə bilməzdi. 
Almaniya 1918-ci ildə Rumıniyaya birləşdirilmiş Bessarabi-
yaya SSRİ-nin marağı faktı ilə də razılaşırdı. Lakin hadisələrin 
sonrakı gedişi göstərdi ki, bu müqavilə ilə Almaniyanın SSRİ 
üzərinə hücumunun ancaq vaxtı uzadılmış, qarşısı isə alınma-
mışdır. Bu sənədlərin imzalanması Hitlerə Polşaya qarşı tərtib 
etdiyi planı  həyata keçirmək üçün şərait yaratdı. Bu da İkinci 
dünya müharibəsinə gətirib çıxartdı. 
Sovet-alman müqaviləsi Yaponiyanın siyasətinə  də  təsir 
göstərərək onu təcavüzkarlıq istiqamətini dəyişməyə  məcbur 
etdi.  
Almaniyanın SSRİ üzərinə hücumu ilə 1939-cu il SSRİ-
Almaniya müqaviləsi və onun gizli protokolu qüvvədən 
düşmüş oldu.  
 
316
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin