sabaha qoymaram,
Boluş da mən olsam, sabaha qalmaram.
Boluş bəy Vaqifin işarəsindən anlayır ki, işi xarabdır; səhərə qalsa, xan onu
ya qayadan atdıracaq, ya da dar ağacından asdıracaq. Ona görə də bütün gecəni
yatmır, əlinə keçən dəmir parçası ilə damın arxasından yarıq açıb dağlara qaçır.
Qəzəbli İbrahimxəlil xan Boluş bəyi nə qədər axtartdırırsa, tapa bilmir.
Bundan sonra Boluş bəy Vaqifin məsləhətilə oturub-durur. Bir gün Vaqif ona
xəbər göndərir ki, mal-qarasını, qoyun sürüsünü də götürsün, ev-eşikli köçüb
Salahlı kəndində yaşasın.
Məhəd bəy Vəkilov 1941-ci il martın 25-də yazdığı bu əhvalatın sonunda
qeyd edir ki, o vaxt Qarabağdan köçüb gələn Boluş bəyin nəslindən bizim Salahlı
kəndində indi də yaşayanlar var, Boluş şəxsən mən yaxşı tanıyırdım. Boluşlular
kəndin ucqarında ayrıca məhəllə kimi yaşayırdılar. Yayda yaylağa çıxanda da,
boluşlular dağın ən sərt yerində “Atqırılan” qayasının dibində çətin yollu sarp
yerlərdə dəyələrini qurub yaşayırdılar. Heç bir bəyə, heç bir hökumətə onlar boyun
əyməzdilər. Sürü-sürü qoyunları, naxırları olsa da nə qubernatoru, nə də pristavı
saymazdılar. Onların kiçik yaşlı uşaqları da at sürməkdə, ov eləməkdə və
oğurluqda ad-san qazanmışdı.
Bu onlarda babaları Boluş bəydən qalma irsdir.
“Vaqif” dramında xalq qəhrəmanı kimi verilən Eldar obrazı əslində Boluş
bəydir. Eldar Boluş bəyin prototipidir. Səməd Vurğun öz qəhrəmanını ona görə
Eldar adlandırmışdır ki, o şəxs el arasından çıxmış bir özəkdir. Eldar el qabaqcılı,
el təəssübü çəkən, el tərəfdarı deməkdir.
Heç təsadüfi deyil ki, “Vaqif” dramında Səməd Vurğunun Vaqifin dililə:
“Divanı sabaha qalanlardan ol”, - deyimi vaxtilə Vaqifin Boluş bəylə üzbəüz
gələndə dediyi fikirlə eyni səsləşir.
QABAN OVU
Hacı Məmmədxan ağanın əmisi oğlu Məmmədşərif ağa bir dəfə dostları ilə
söhbət edərkən deyir:
- Xədicə Sultan xanımı qoyaydılar qabanın iki qaşının arasına, görəydin onu
ordan mən alırdım, yoxsa Hacı Məmmədxan ağa.
Bunu Hacı Məmmədxan ağaya xəbər verirlər. Bir neçə gündən sonra Hacı
Məmmədxan ağa dostlarını toplayır. Məmmədşərif ağanı da götürüb Qarayazı
meşəsinə qaban ovuna gedirlər. Əlində sıyırma qılınc, qalın böyürtkən kolları
arasından keçən cığırı kəsir. Məmmədşərif ağanı da yanında saxlayır. Dostları
meşədə hay-küy salıb, qabanı yatarından hürküdürlər. Erkək qaban su cığırı ilə
bunların üstünə cumub gələndə Məmmədşərif ağa qaçmağa başlayır. Hacı
Məmmədxan ağa onun qolundan yapışır:
- Hara qaçırsan, Xədicə Sultan xanım qabanın qaşlarının arasındadır, al, -
deyir, qılıncı endirib Məmmədşərif ağanı yaralayır. Cəld geriyə dönür, qılıncı
üstünə hücum edən qabana endirir. Zərblə vurduğu qılınc qabanın üst çənəsini
kəsir, alt çənəsində dişə ilişib qalır. Qaban diz çöküb yıxılır.
CANI DA ÇIXSA...
Səməd Vurğunun ata babası Hacı Məmmədxan ağa ahıl yaşlarında Salahlı
Qazisi İbrahim Əfəndi Qayıbova nökəri ilə bir çuval buğda göndərir. Araba
həyətin doqqazına çatanda İbrahim Əfəndi qapıda oturubmuş.
- Bu nədi, bala? - deyə nökərdən soruşur.
- Bir çuval burdadı. Hacı Məmmədxan ağa göndərib. Deyir ki, buğdanı
halal eləyirəm, amma bu il məni orucluqdan azad eləsin.
- Hə, lap yaxşı, düşürt qoy talvarın altına. Get, ağana de ki, buğdaya görə
çox sağ olsun. Amma, canı çıxsa da oruc tutmalıdır. Bir çuval buğda ilə mən
orucluqdan heç kəsi azad eləmirəm.
QAŞ-QABAQ BƏS ELƏR
Elin məşhur aşığı Hüseyn Bozalqanlı bir dəfə yaylaq səfərindən qayıdırmış.
Yolu Ayrım kəndinin yanından düşür. Bu kənddə bir dostunun yaşadığını
xatırlayıb ona baş çəkir. Hal-əhval tutduqdan sonra ev yiyəsi üç-dörd dəfə:
- Ay arvad, kişiyə yemək gətir, yoldan gəlib, - deyirsə arvad özünü
eşitməməzliyə vurur. Nəhayət, gecdən-gec mis cam dolu yağlı bozartma gətirir.
Bozartma yağlı olduğundan aşıq bir-iki tikə zorla yeyib, geri çəkilmək
istəyir, amma aclıq güc gəldiyindən çörəyi yağa batırıb könülsüz-könülsüz dişləyir.
Aşığın zəif yediyini görən ev yiyəsi:
- Ay arvad, turşu da gətir, ət çox yağlıdı, aşıq yeyə bilmir.
Bu vaxt aşıq dözə bilməyib deyir:
- Turşu lazım deyil, elə arvadın qaşqabağı bəs eləyər...
* * *
Bulaq üstə məclis quran üç nəfər yeyib-içir, həm də zarafatlaşırdılar.
Onlardan biri şair, biri mağaza müdiri, biri də şəxsi maşını olan müəllim idi.
Mağaza müdiri şairə yaltaqlıqla:
- Şair, mən sənin şerlərini oxuyanda on il cavanlaşıram, hətta az qala
dünyaya sığışmıram. Vallah, düz sözümdür. Mən sənin bir misranı bu müəllim
dostumun QAZ-21-nə dəyişmərəm.
Hirslənən müəllim dərhal maşınına oturub onu işə salır.
- Hara, hara tələsirsən, bəs biz, - deyə mağaza müdiri həyəcanla soruşur.
Müəllim:
- Mən getdim. Siz də şairin o biri misrasını minib gələrsiniz - deyib, maşını
sürüb uzaqlaşır.
BURCUTMAQ AĞLIMA GƏLMƏDİ
Xanlıqlar kəndinin sakini Abıl kişini bir gün arvadı Sənəm bərk danlayıb
deyir:
- A kişi, ocağın altına atmağa qapıda bir çöp də yoxdu. Qoş arabanı, get,
Vəlixan meşəsindən bir az odun gətir. Bu nədi, fətir salanda əlimiz-ayağımız
çəpərlərdə qalır.
Abıl kişi də arabanı qoşub Vəlixan meşəsinə oduna gedir. Ağacın birini
kəsir, ikincisinə baltanı var gücü ilə ilişdirəndə nə qədər eləyir, balta quru
dəmirqara ağacından çıxmır ki, çıxmır. Arabanı sürüb kor-peşman kəndə qayıdır.
Boş arabanın qapıya gəldiyini görən Sənəm arvad:
- A kişi, bu nədi, - deyir, - arabanı niyə boş qaytardın?
Abıl kişi hirslə:
- Əşi, cəhənnəm olsun sənin odunun da, baltan da. Zəhrimar balta qaldı
ağacın yarığında, nə qədər elədim geri çıxarda bilmədim. Nə eləyim orda, meşədə
yatmayacaqdım ki...
- A kişi, ayıbdı, asta danış, qonşular eşidər, biabır olarıq. Gəl otur, arabanı
sür qayıdaq meşəyə.
Ər-arvad meşəyə qayıdırlar. Sənəm arvad üç-dörd dəfə sağa-sola burcudub
baltanı ağacdan çıxardır.
- Bə niyə çıxdı, ölü oğlu ölü, baltanı burcutmaq lazımdı - deyir.
Abıl kişi təəssüflə:
- Arvad, atamın goru haqqı heç burcutmaq ağlıma gəlmədi...
DOLAŞIB GƏLİB
Daş Salahlılı Qərib kişi öz həmkəndlisinin qızına oğlu üçün elçi gedir.
Danışırlar, barışırlar, hətta toy günü də təyin olunur. Çölə çıxanda Qərib kişi görür
ki, dirəkdən asılan kotan zəncirinə böyük oğlu çox iştahla baxır (Zəncir dirəkdən
asılı vəziyyətdə saxlanılır ki, pas atmasın). Kişi dörd yanına baxır, görür ki, təzə
qudası qayıdıb girdi içəri. Dərhal oğluna:
- Ayə, mal kimi ağzını açıb niyə baxırsan, dola belinə aparaq, əldə-
ayaqda lazım olar-deyib oğluna təpinir.
Oğlu da zənciri belinə dolayıb gətirir. Toydan bir az sonra el adətincə Qərib
kişi qudasını qonaq çağırır. Qonaqlıqdan çıxanda quda baxır ki, dirəkdən asılan
kotan zənciri ona tanış gəlir. Yaxınlaşıb diqqətlə baxanda öz zəncirini tanıyır.
- A quda, a Qərib, - deyir, - siz bizə gələn gündən bizim kotan zənciri yoxa
çıxmışdı. İndi budur, sizin dirəkdən tapdım. Əyə, nə təhər olub, bizim zəncir sizə
gəlib çıxıb?
Söz altda qalmayan Qərib kişi:
- A quda, - deyir, - vallah bilməyib, sizin kotan zənciri bizim uşağın
ayağına dolaşıb gəlib.
OĞRU-QULDUR
ƏYYAMIDIR
...Gün o gün olur ki, hökumət ölkə hürriyyət elan edir. Qazaxlı şair
ağa Nazir Qayıbzadə (1849-1919) də bu hürriyyətə sevinir. Bu mövzuda
“1905-ci il inqilab cərəyanına dair” qəzəlini və “Millətə xitab” şerini yazır. Bir
neçə gün keçər-keçməz onun ilxısını oğurlayırlar. Abbas ağanın ilxıçısı, nökər-
naibi Qazaxdan Qaraçöpəcən, Dilicandan Şəmşəddinə və Şəmkirə kimi olan
ərazini ələk-vələk eləyirlər, amma ilxını tapa bilmirlər. Hara çapar gedirsə, əliboş
qayıdır, ilxını gördüm deyən olmur... Salahlı ağsaqqalları yığışıb Abbas ağaya
təsəlli verməyə gəlirlər. Dili dinc durmayan baməzə Xocaoğlu zarafata salıb deyir:
- Abbas ağa, çox deyirdin ki, hürriyyət gəlsin, xalqım, millətim ayılsın. Bu
da sənə hürriyyət, sən arzu elədin, yazdın, o da gəldi. Millət ayıldı, sənin də ilxını
oğurladı.
Abbas ağa dözə bilməyib:
- Xocaoğlu, - deyir, - səhvin var, bu, mən arzulayan hürriyyət deyil, bu
dərəbəylikdir. Mən hürriyyəti xalqıma arzulamışdım, oğruya, quldura yox. Bu
hürriyyət deyil, qor-qodux zamanıdı, oğru-quldur əyyamıdır...
Könül, aldanma çərxə, bivəfadır, İşi daim onun cövrü cəfadır.
ÖLÜB,
ALLAH RƏHMƏT ELƏSİN
Kəndə səs yayılır ki, Rəhim ağanın nökəri rəhmətə gedib. Bir dəstə adam
yığışıb ağaya başsağlığına gedirlər. Yolda kor Əhmədlə qarşılaşırlar. Yaltaq
Fərman:
- Ə, kor başı batmış, qayıt geri, Rəhim ağanın nökəri ölüb, gedək başsağlığı
verək, kişinin qəminə şərik olaq.
Kor Əhməd:
-A
Fərman, siz səhv eşidibsiniz, nökəri yox, Rəhim ağanın özü rəhmətə
gedib.
- Hə, elə... Bu, doğru xəbərdir?
- Bəli. Yaltaq Fərman:
- Əşi, ölüb Allah rəhmət eləsin, Rəhim ağa yoxdu, mən kimə başsağlığı
verəcəm. Ay uşaqlar, mən gedəsi olmadım - deyib, geri, evinə qayıdır.
VƏZİFƏ ƏHVALATI
Baməzə Kürqıraqlı Bakı təyyarə limanında taksiyə minir. Sürücü ondan
soruşur ki, sizi hara, hansı ünvana aparım?
Kürqıraqlı əlini bığına çəkib lovğa-lovğa:
- Sürücü qardaş, son illərdə mənim kəndçilərimin əksəriyyəti Bakıda yaxşı
vəzifələr tutublar. Məni də pramoy vəzifəyə apar - deyə cavab verir.
KİMDƏN
ÖYRƏNMİSƏN
Milis bölməsinin rəisinə danos gəlir ki, ət kombinatının ikinci sexində
işləyən Qurbanqulu növbədən çıxanda at oğurlayıb aparır. Rəis həmin gənci yanına
çağırıb soruşur:
- A bala, komsomolçusan?
- Yox.
- Onda kommunistsən?
- Yox, yoldaş rəis, kommunist də deyiləm.
- Bəs, oğurluğu kimdən öyrənibsən?
NƏ VAR Kİ...
Həmişə doğru-dürüst danışan, vəzifəli adamların belə qüsurunu üzünə deyən
Murada el-oba bir ayama yapışdırmışdı: dəli Murad.
Bir dəfə Murad qonşu kənddə yaşayan qohumunun yeni tikdirdiyi evini
görəməyə gəlir. İki qohum üzbəüz oturub söhbət edirlər, süfrəyə çaydan başqa heç
nə gəlmir. Stəkanlar dolub-boşalır...
Səhərdən evdən çıxan Murad çaydan içib daha da acır. Hiss eləyir ki, varlı
qohumu simiclik edir, heç yemək verənə oxşamır. Elə hey evini, həyətini, arvad-
uşağını tərifləyir.
Murad durub çəliyi ilə otağın enini, uzununu ölçməyə başlayır. Ev yiyəsi
təlaşla:
- Əyə, dəli, neyləyirsən, evi niyə ölçürsən?
- Qohum, bir belə mülk mən də tikdirəcəm.
- Əyə, gəl otur yerində, ağlını başına yığ, sənin pulun var, belə bir mülk
tikdirəsən. Cındırından cin hürkür.
- Qohum, belə bir evi tikdirməyə nə var ki, içində yemək yox, içmək yox -
deyən Murad ağır bir söyüşlə evi tərk edir.
KEÇƏL DAZIYNAN, AŞIQ SAZIYNAN
Bir dəfə Şıxlı aşıq Məhəmmədi televiziyada çıxışa çağırırlar. Buraxılış
vərəqəsi olmadığına görə qapıda dayanan milis nəfəri onu içəri buraxmır.
- Əmi, - deyir, - sizi kim çağırıb?
- Oğul, məni redaktor Şəmistan Nəzirli çağırıb, bəlkə buraxasan gedəm.
- Get, gör oradadımı, gəlibmi? Amma buraxılış vərəqəsi gələnədək qoy
sazın qalsın burda.
- Onu eləyə bilməyəcəyəm!
- Niyə, əmi?
- Ona görə ki, qazı qızıynan, keçəl dazıynan, aşıq da sazıynan tanınar, oğul.
EŞŞƏK TAPILDI
Bir kəndlinin eşşəyi itir. Çox axtarır, tapa bilmir. Gəzə-gəzə gəlib qonşu
kəndlərdən birinə çıxır. Görür ki, molla camaatı bir yerdə yığıb vəz verir. O,
mollaya yaxınlaşıb eşşəyinin itməyini bildirir və buradakı camaatdan eşşəyi soraq
eləməyi xahiş edir. Molla deyir ki, keç əyləş camaatın içində, söhbətimin sonunda
soruşaram.
Kəndli əli noxtalı gəlib camaatın arasında əyləşir. Molla söhbətinə yekun
vura-vura nəsihət edir ki, çamaat, həyatda sevgi olmasa, yaşayış olmaz.
Heyvanlarda, quşlarda, insanlarda, hətta bitkilərdə belə sevgi var. Bunu eşidən
kimi bir cüssəli adam ayağa qalxıb soruşur:
- Molla əmi, o sevgi nədir, ağacdamı bitir?
Molla dərhal eşşəyi itmiş kəndliyə:
- Oğul, eşşəyin tapıldı, dur noxtanı keçir başına, apar qapına...
SƏNİN OLSUN
Bir dəfə Daş Salahlı kəndinə iki molla gəlib çıxır. Əvvəlcə mollalar su
istəyirlər. Ev yiyəsi görür ki, mollalar suyu içdilər, nəsə söhbəti uzada-uzada
ocaqda qaynayan xörəyə baxırlar. Onları yeməyə dəvət edir. Xörək çəkilir. Amma
mollalar xörəyə əl uzatmırlar. Ev yiyəsinin “niyə yemirsiniz?” sualına mollabaşı:
- Xörək bişirən arvadın əri varmı, ya duldur, - soruşur.
Ev sahibi mollanın fırıldağını başa düşür, amma özünü o yerə qoymur.
- Yox, - deyir, - molla qardaş, o iki qadından birinin əri üç ildir rəhmətə
gedib.
Molla dərhal nəsihətə başlayır:
- Bəs siz necə müsəlmansınız. Allahın günahına batırsınız. Biz dul qadının
bişirdiyi xörəyə heç əlimizi də vura bilmərik. Hələ bir yeməyi də təklif edirsiniz.
Bu, haramdır. Bir Allah bəndəsi yoxdumu ki, bu saat bu dul qadının siğəsini
onun adına oxuyaq. Sonra xörəyimizi yeyərik.
Sofuoğlu İsa deyir ki, molla qardaş, bizdə elə bir adam yoxdu, bəlkə sizin
birinizə siğə edəsiniz.
Mollalar bir ağızdan:
- Nə olar, biz bu günahı boynumuza alıb, sizi xəcalətdən qurtararıq.
- Mollabaşı, bir sualıma cavab ver, sonra oxuyarsan, Allahın günahımı ağır
olar, yoxsa insanın şilləsimi?
- Əlbəttə, günah, şillə...
- Onda insanın şilləsi sənin olsun, Allahın günahını özümüz çəkərik, - deyib
mollaları şillələyir.
QARAYAZIDA ƏRDƏDİR
Otuzuncu illərdə Qazaxda kommunist partiyasının üzvü olmaq istəyən bir
kəndlidən qəbul vaxtı soruşurlar:
- Xaricdə yaşayaş qohumun-zadın varmı?
- Var, qadan alım, niyə yoxdu. Əmim qızı o tay Qarayazıda ərdədir.
OĞURLUĞUN SONU
Kənddə oğru peyda olmuşdu, amma tutmaq mümkün olmurdu. Hər gecə bir
ailənin hinindən ya toyuq, ya hinduşka, ya da qoyun, quzu yoxa çıxırdı.
Altı “dost” hər axşam əməliyyata çıxar, ələ keçirdiklərini hər gecə növbə ilə
birinin evində yeyib-içirdilər. Bir axşam növbə Məhəmmədin evinə düşdü.
Gündüzdən Yusifin toyuq-cücəsi “nişangaha” qoyulmuşdu. Qaş qaraldı.
“Dəstə”dən iki nəfər nə qədər Yusifin evinin dörd yanında hərləndisə, toyuq-
cücəni oğurlamağa girəvə tapmadılar.
Qarda, ayazda çox dolandılar. Nəhayət, saat on ikiyə işləyəndə kisədə başı
üzülmüş on-on beş toyuğu Məhəmmədin mətbəxində yerə qoydular. Ev yiyəsi
arvadına him elədi ki, tez ol, toyuqları təmizlə.
Arvad yarıqaranlıq mətbəxdə toyuqları yola-yola bir an diqqət kəsildi. Başını
qaldırıb təəccüblə:
- Boy, ay Məhəmməd, - deyir, - dədəmin canı haqqı, bu bizim toyuğa
oxşayır.
“Əməliyyat”dan gec qayıdanlardan acıqlı olan Məhəmmədi daha da hirs
vurdu. Eyvanda duran balaları eşitməsin deyə, aşağı əyilib arvadın qulağına:
- Azz, gicləmə, tez ol, - deyir. Yetim Yusifindi. Uşaqlar indicə gətiriblər.
Camaat acından qırıldı.
Arvadın könlü şübhə içində olsa da, əlinin sürətini artırır. “Dostlar” yedilər-
içdilər, gecədən xeyli keçmiş evlərinə dağılırlar.
Məhəmmədin arvadı tezdən durdu. Ətəyini anbardakı arpa ilə doldurub, hinin
ağzını açdı. “Cip-cip, cip-cip” - eləyib dəni ovuc-ovuc hinin ağzına səpdi. Amma
nə qırıltı eşitdi, nə toyuq gördü. Heysiz halda hinin qabağında oturdu.
- Kül mənim başıma, - dedi, - özüm öz əlimlə malımı oğrulara yedirtdim.
Bu, kənddə oğurluğun son aqibəti oldu.
AĞILA EHTİYACIN VAR
Kasıb, baməzə Murad güzaranı xoş olan bir tanışının yanına gəlir, xeyli hal-
əhvaldan sonra:
- Dost, sənə bir sualım var, - deyir, - icazə ver, ərz edim.
Muradın işi düşdüyünə və onunla hesablaşmağa gəldiyinə sevinib fəxr edən dostu
qürurla deyir:
- Buyur, - dedi, əziz dost.
Murad:
- Tutaq ki, bir gün yol getdiyin vaxtı qarşına bir bağlama pul, bir də bir cam
ağıl çıxdı. Sən onun hansını götürərdin?
Özünü gözütox göstərmək istəyən Muradın acgöz dostu:
- Əlbəttə, - deyir, - ağılı götürərdim, pul nəyimə lazımdır, pul əl çirkidi.
Murad isə gülümsünüb deyir:
- Hə... Görünür, sənin ağıla ehtiyacın var, mən isə pulu götürərdim,
ona ehtiyacım daha çoxdu.
TURİST SƏFƏRİNDƏ
- Gördüyünüz bu şəhər xarabalığının üç min ildən çox yaşı var.
Makedoniyalı İsgəndər bu şəhərin təkrarsız gözəlliyinə vurulub, Neron onu
“Avropa mələyi” adlandırıb, Seneka onu nəğmələrində vəsf edib, Homer “mənim
gözümün dərmanı bu şəhərdədir” - deyib. Onu ölkənin ədalətli padşahı öz əlilə
tikib, ucaldıb. Gözü bu gözəlliyi götürməyən yadellilər dönə-dönə hücum edib
şəhəri xarabazara çeviriblər. Şəhərimizin xilası uğrunda minlərlə insan həlak olub.
Gələn yeni nəsl bu şəhərdən ayrılmaq istəməyib, ulu babalarının qəhrəmanlığını
hər gün, hər saat görmək üçün xaraba qalan şəhərin dörd tərəfində indicə gəzib
gəldiyiniz yeni şəhəri salıblar...
Gid danışırdı, özü də həvəslə, ehtirasla ulu babaları, qədim şəhərləri
haqqında maraqlı məlumatlar verirdi.
Söhbətə yekun vurub üzünü qarşısındakı turistlərə tutdu:
- İndi söz sizindir, - dedi, buyurun, eşidirəm sizi, kimin sualı var?
Hamı susurdu. Birdən turistlərin arasından bir qadın əzilə-əzilə, nazqəmzə ilə:
- Mənim sualım var, - dedi. Gid sevincək olub:
- Eşidirəm, xanım, buyurun! Xanım ipək çətirini oynada-oynada:
- Siz deyə bilərsinizmi, burdan qayıdanda univermağı necə tez tapmaq
olar?..
Gid gözləmədiyi sualdan sarsıldı. Rəngi qaraldı, bozardı. Nifrətlə qadına
baxıb: “Allah, Allah məni belə nadanlardan xilas elə”, - deyib, hirslə uzaqlaşdı.
OĞRU QONAQ
Xaricdən qayıdan bir nəfərin qardaşı iş yerində hey lovğalanırdı ki, qardaşım
bilirsiniz necə suvenirlər gətirib, iki göz istəyir tamaşa eləsin. İş yoldaşlarından biri
qırsaqqız oldu ki, apar məni, baxım o suvenirlərə...
İş yoldaşını qardaşına təqdim etdi ki, sənin təəssüratını eşidib, suvenirlərə
baxmaq istəyir.
Xaricdən qayıdan söhbət edə-edə suvenirləri göstərdi, keçib stol arxasında
çay içə-içə söhbətlərini davam etdirdilər.
Ev yiyəsi tez-tez oğluna, “dərsə gecikərsən ha, oğlum” dedikcə uşaq da
çavab verirdi ki, ata, sənin aldığın xarici stolüstü saatı qurmuşam, vaxt çatan kimi
zənk vuracaq.
Saat iki tamamda zəng vurdu. Amma stolun üstündə yox, suvenirlərə
baxmağa gələn qardaşının iş yoldaşının cibində.
OXŞARLIQ
Bir kəndli uzunqulağa minib vacib iş üçün yola düşdü. Xeyli getdikdən
sonra günortaüstü Qarabulağın yanına çatdı. Yadına düşdü ki, ciyəri yanır.
Uzunqulağı yolun ortasında qoyub, iyirmi-otuz metr aralıda olan bulağa endi.
Doyunca su içib, əl-üzünü yudu. Çər dəymiş uzunqulaq cinsində bir xasiyyət var.
Əgər onu yolun ortasında saxlasan dərhal geriyə dönüb gəldiyi istiqamətə baxacaq.
Həmin kəndlinin uzunqulağı da belə elədi. Bunu hiss etməyən yolçu yenidən
uzunqulağı minib yoluna davam etdi. O, qovhaqovla gün yaxan vaxtı gəlib Lerikin
üstündəki hündür təpəyə çıxdı. Təəcüblə Lerikin gah ayağına, gah da başına baxıb
dedi:
- Zəhrimara qalasan, Lənkəran, necə xaraba Lerikin özüdür. Elə bil bir
almadır ikiyə bölünüb.
O vaxtdan Lerik camaatı oxşar iki şey görəndə gülümsünüb bir-birinə həmin
kəndlinin son cümləsini təkrar edirlər.
KÜÇƏLƏRDƏ BÜZÜŞÜR
Qazaxlı el şairi Məmməd 50-ci illərdə Bakıya gəlibmiş. Şəhərdə üç-dörd gün
bulvarı, parkı gəzib Qazağa qayıdanda qohum-qardaş onun başına yığışıb
soruşurlar:
- A şair Məmməd, Bakıda nə gördün, şəhər camaatı necə dolanır?
- Bakıda iki cür dolanan var: Varlılar bulvarda öpüşür, kasıblar küçələrdə
büzüşür - cavabını verir şair Məmməd.
GƏRƏYİN OLAR
Bir türk əsgəri naqanı sökür, amma yığa bilmir. Döyüşçülərdən biri Dəli
Səməd ağanı
77
göstərib deyir.
- Apar ver, əcəmi kürdünə, o yığa bilər. Səməd ağa da bir anın içində naqanı
yığıb qoyur cibinə. Türk təəccüblə deyir:
- Ağa neylədin, axı, naqan mənimdir. Dəli Səməd ağa:
- Yapmasını bilməyən, atmasını da bilməz. Naqan mənimdir...
Bu dəfə daha ciddi görkəm alıb: - Əfəndim, ətrafımız gavurlarla doludur.
İstəyirsən ki, heç vaxt düşmənə hədəf olmayasan naqanın yapmasını da öyrən, bu,
sənin həmişə gərəyin olacaq - deyib dilbir, dinbir türkün naqanını özünə qaytarır.
TƏKİ SİZƏ BİR ŞEY OLMASIN...
Əllinci illərdə kombayn sürüçüsünün köməkçisi işləyən Muradın qəfil açılan
yay vurub bir gözünü çıxardır. Bir xeyli xəstəxanada müalicə olunub evinə qayıdan
Murada kolxoz sədri baş çəkməyə gəlir. Sədr təsəlli verib deyir ki, heyif oldu,
gözünün birini zəhrimar yay vurub çıxartdı.
Murad isə köksünü ötürüb:
- A sədr, - deyir, narahat olmağa dəyməz. Biz kolxozçuların it günündə
yaşayışına elə bir gözlə də baxmaq kifayət eləyər. Təki sizin, milis rəisinin,
raykomun gözünə bir şey olmasın...
NƏYİMƏ LAZIMDI
İlin yekununda kolxoz idarə heyətinin iclasında təltif olunanlar sırasında
faytonçu Əsgərin də adını çəkirlər.
Əlini qaldırıb danışmaq üçün söz istəyən Əsgər kişi deyir:
- A sədr, qadan alım, bir məni başa sal görüm, mənə verdiyiniz medalın
puluna ayda Eminin dükanından bir konyak alıb içə biləcəmmi?
- Nə konyak, nə pul, a kişi, sevin ki, hökumət səni təltif edir. Medala heç bir
pul-zad verilmir. Vur yaxana, fəxrlə gəz.
Dəli Əsgər:
- Qadan alım, a sədr, - deyir, - çox sağ ol məni yada saldığına görə. Amma
medalı mənə yox, Məmməd oğlu Əsədə ver, o gecələr də yuxusunda orden-medal,
fəxri fərman görür. Bir konyak almağa gücü çatmayan medal mənim nəyimə
lazımdı...
77
Bоrçаlı mаhаlının Qасımlı kəndindəndir. 1929-cu ildə bоlşеviklərin təzyiqindən Тürkiyəyə mühаcirətə gеdib.
Аlаy kоmаndiri Dəli Səməd аğа 1962-ci ildə оrаdа vəfаt еdib. Мəşhur Bоrçаlı igidi Səməd аğаnın /? - 1880/
nəvəsidir
|