BİL, AL
Pedaqoji institutda /indiki N.Tusi adına Universitetdə/ fotoqraf işləyən Elxan
Kərimov bir gün professor Əhməd Seyidovun yanına gəlib deyir:
- Professor, mənim qohumumun sizdən imtahanı var. Xahiş edirəm, ona elə
qiymət yazın ki, təqaüdə düşə bilsin, kasıb ailədəndir...
-Qohumuyun adı nədir?
-Bilal.
-Adının mənasını bilirsən?
- Yox, professor, bilmirəm.
- Bilal - yəni bil, al! Bilikli ol. İncimə dostum, sənin qohumun bilməsə
qiymət almayacaq.
MOLLA MƏHƏMMƏDİN
DÖRD HAZIRCAVABLIĞI
İyirmi il bundan əvvəl rəhmətə getmiş Molla Məhəmməd Əfəndiyevi
Körpülü, Ləmbəli və Borçalı elinin camaatı bu gün də hörmət və ehtiramla
xatırlayır. Hər dəfə xeyir-şər məclislərində adı anılan Məhəmməd dayının
hazırcavablığı da yada düşür. Ləmbəli kəndində o vaxtlar azərbaycanlılarla yanaşı
ermənilər də yaşayırdı.
Bir gün Məhəmməd dayı sovxoz bağından ot biçib gətirirmiş. Ot gətirdiyi
eşşəyin yanında ayağına qırmızı bağlanmış qoduq da varmış. Sovxoz direktoru
Sərkis Azatyan və partkom Sərkis Abovyan bağ yolunda onunla rastlaşırlar.
Partkom direktora deyir ki, soruşacam görüm bu kişi qoduğun baldırına qırmızı ipi
niyə bağlayıb. Direktor nə qədər deyir ki, lazım deyil, tanımırsan, buna da Molla
Məhəmməd deyərlər, elə cavab verər ki, yeddi qatından keçər.
Partkom Sərkis isə dinc durmayıb yaxınlaşan Məhəmməd dayıdan soruşur:
- A kişi, siz musurmanlar bu qoduğun ayağına qırmızı ipi niyə bağlayırsınız?
Hazırcavab Məhəmməd dayı hiss edir ki, namərd erməni ona sataşmaq istəyir.
- Görürsən ki, - deyir, - qoduq hələ balacadır, pionerdir. Böyüsün, sən boyda
olanda partiyaya keçirəcəyəm. Onda qırmızı ipi də açacam.
* * *
Məhəmməd dayının iştirak etdiyi məclisdə cavan bir aşıq oxuyurmuş. Aşığın
oxumağı, özünü məclisdə yüngül aparmağı onun xoşuna gəlmir. Məsələni başa
düşən cavan aşıq onun xoşuna gəlmək üçün bir el bayatısı oxuyur. Bəndin sonunda
“ölürəm, ölürəm, ay aman, ay aman” sözlərini bir neçə dəfə təkrar edir.
Buna heç dözə bilməyən Məhəmməd dayı üzünü aşığa tutub deyir:
- Ölmə, ölmə, ay oğul, cavansan, hayıfsan, qoy səni buraya gətirən ölsün.
Bir dəfə Ləmbəli Molla Məhəmmədin qapısına cavan bir molla gəlib çıxır.
- Ata, - deyir, - icazə ver, bir ağız Quran oxuyum.
- Oxu, - deyə, - Molla Məhəmməd razılıq verir.
Cavan molla beş-on dəqiqə oxuyandan sonra üzünü ona tutub:
- Ata, kimə bağışlayım? - deyir. İcazə ver, bu cavana bağışlayım, yəqin
oğlundur.
- Yox, ona yox, buna bağışla, deyə Molla Məhəmməd ayaqlarına dolanan
küçüyü göstərir.
- Küfr danışma, ata, çəhənnəmə gedərsən.
- Hardan oxumusan indi dediklərini?
- Qurbanı olduğum Qurani-şərifdən.
- Hansı Qurandan? Quranda elə şey yoxdur, qələt eləmə.
- Öz canım üçün, ordan oxumuşam, özü də Daşkənd çapından.
Molla Məhəmməd üzünü oğluna tutub:
- Qaç, - deyir, - sarı üzlü Quranımı gətir.
Uşağın gətirdiyi Quranı cavan mollaya verib:
- Al, - deyir, - buda Daşkənd çapı.Tap görüm, burda elə şey yazılıbmı?
- Onda səhv eləmişəm, İstanbul çapındadır.
- Qaç oğlum, qəhvəyi rəngli Quranı da gətir.
Uşaq o kitabı da gətirir. Məlum olur ki, mollanın oxuduğu İstanbul çapında
da yoxdur. Cavan molla əlacsız qalıb deyir:
- Hörmətli ata, məni bağışla, indi anladım ki, kimin qapısına gəlmişəm, -
deyib arxasına baxmadan uzaqlaşır.
HANSI ATANA
Molla Məhəmməd dua verib ayağa durdu.
- Allah rəhmət eləsin, - dedi, - son qəminiz olsun. Mərhum haqq dünyasına
qovuşur. Bu dünya vəfasızdı, insanın gələni də var, gedəni də. İnsan torpaqdan,
sudan və havadan yaranıb, ona da qayıdır.
Hüzürdə iştirak edən şərqşünas alim isə:
- Səhviniz var, molla əmi, - dedi, insan nə torpaqdan, nə sudan, nə də
havadan yaranmayıb. İnsan meymundan əmələ gəlib. Bunu biz alimlər çoxdan
sübut etmişik.
Müdrik Molla Məhəmməd təmkinini pozmadı. Gözucu alimə baxıb, “lənət
şeytana” - dedi, qonaq olduğuna xətrinə dəymədi. - Görünür, məni tanımır. Yəqin
başqa məclislərdə nadan mollalara çox rast gəlib, onları pərt eləyib. Məni də
belələrindən hesab edir.
Meyit dəfn olunandan sonra camaat yenidən həyətə yığışdi. Molla
Məhəmməd müharibədə şəhid olanlara, qürbətdə həlak olanlara, Məhəmməd
peyğəmbərə və cəmi dünyadan gedənlərə dua verib salavat çəkdi.
Qonaq alim yenə öz təklifi ilə mollaya irad tutaraq dedi:
- Molla əmi, bəs atalarımızı niyə unutdunuz, bir salavat da onlar üçün deyin.
Hazırcavab Molla Məhəmməd:
- Hansı atana salavat deyim, oddan, sudan, havadan yaranan üçün, yoxsa
meymundan əmələ gələnə... - deyib alimin cavabını verdi.
MALÇI
ƏHVALATLARI
Həmkəndlisi olsam da, əsl adını mən də bilmirəm. ağlım kəsəndən böyüyün
də, kiçiyin də onu “Malçı əmi” deyə çağırdığını eşitmişəm. Kimi deyir ki, ömrü
boyu mal-qoyun saxlayıb, kimi də onun Yolçu adlı qardaşı olduğunu söyləyir.
Malçı, Yolçu, deyirlər, rəhmətlik atası istəyib ki, oğlanlarının adını bir-birinə
yaraşdırsın.
Qəribə xasiyyətinə görə bəzi adamlar onu tünəkə, ürəyi yumşaq hesab edir,
bəziləri də nəslində-kökündə keylik var, - deyir. Kim nə hesab eləyir eləsin, amma
bircə onu bilirəm ki, doxsan beş illik ömrünü (maşallah, gözdəyməsin, bu saat ona
heç kəs bu yaşı verməz, üzünə baxanda deyirsən 40-45 yaşındadır) naxır, ya da
sürü otarmaqda keçirən Malçı babanın sözü-söhbəti artıq kəndimizdə zərb-məsələ
dönüb. İl quraqlıq keçəndə: “yağış da yağmır, toz-torpaq yata” - demək əvəzinə,
“yağış da yağmır, toz qalxa” - deyir. Ya da “evdə heç nə olmayanda yağ-pendir də
yavanlıqdır” kimi qəribə, baş-ayaq danışığı var.
SƏNİN
QAYNATANDIR
Böyük oğlu Qulamın toyu olanda Malçı yaylaqda qoyun otarırdı.
Yoldaşları nə qədər deyirlər ki, sürünü biz otararıq, yeri get, ilk övladıyın
toyunda iştirak elə. Amma Malçı “sürünü yiyəsiz qoyub gedə bilmərəm” deyib
toya getmir.
El yaylaqdan qayıdandan bir neçə ay sonra Malçı yaylaqdan evə gəlir. Təzə
gəlin qapı-bacanı süpürürmüş.
- A qızım, ev yiyəsi hanı? - deyə Malçı arvadı Zəhranı soruşur.
Gəlin onun üst-başına təəccüblə baxıb:
- Qonşuya gedib, bəlkə də gec gəldi, - deyir və ona əhəmiyyət vermədən
yenidən qapını süpürməyə başlayır.
Malçı o yana, bu yana boylanıb harasa yoxa çıxır. Bir azdan Zəhra qonşudan
qayıdıb gəlininə:
- A qızım, ağzım Saranın qeybətinə qarışdı.Məni soruşan-zad olmayıb ki...
- Olub, bir dilənçi gəlmişdi.
- Pay-pürüş verdinmi, a qızım?
- Yox, sap-sağlam, qıp-qırmızı bir kişiidi, kül başına, qoy gedib işləsin.
- Nahaq pay verməmisən, a qızım.
- Odey, yenə gəlir, - deyə gəlin qonşudan gələn Malçını göstərir.
Zəhra:
- Ay evi yıxılmışın qızı, sus, o gələn sənin qaynatandır.
EKİZLƏRİMİN ADI NƏDİR
Bir dəfə gecə saat dörd-beş radələrində yataqdan gələn Malçı baba qapısının
ağzında durur. Nə qədər fikirləşir, evdəki ekiz qızlarından heç birinin adını yadına
gətirə bilmir. Gəlib qonşusu Bəbir kişinin qapısını döyməli olur. Gecənin bu vaxtı
Malçının kənddə görünməyi Bəbir kişini təşvişə salır.
- Nə olub, a Malçı, xeyir ola belə bivaxt?
- Heç, elə şey olmayıb, ay Bəbir, altı aydı kəndə ayaq basmıram, bu gecə
evdə yatmaq fikrinə düşdüm, amma bir saatdı qapının ağzında durub fikirləşirəm,
heç cür bizim ekizlərin adını yadıma sala bilmirəm. Sən bilərsən, a qonşu, bizim
ekiz qızların adı nədi?
Bəbir kişi xeyli deyinir, lakin kiminlə danışdığını xatırlayır və Malçının
qızlarının adını deməkdən başqa çarəsi qalmır.
DÜZ AĞAC AXTARIRAM
Nadir hallarda kənddə-kəsəkdə, evdə-eşikdə görünən Malçı bir günorta üstü
evə gəlib çıxır. Arvadı Zəhranın yuduğu paltarı əyri-üyrü bir kötüyün üstünə
sərdiyini görüb:
- Ora niyə sərirsən? - deyir.
- Neyləyim, hara sərim bəs, sən də adını kişi qoymusan, bu iki
addımlıqdakı meşədən bir düz ağac, iki də dirək kəsib gətirmirsən ki, qapıda
paltar zivəsi çəkək.
Heç vaxt odun, ot yığmaqda səriştəsi olmayan, ömrü boyu qoyun otaran
Malçı baltanı götürüb meşəyə yollanır.
Aşağıdan baxır, görür ki, ağac düzdü, başını qaldıranda görür ki, yox, ya
ortasında, ya da ucunda bir az əyriliyi var. O dəqiqə yadına düşür ki, Zəhra
dübbədüz ağaç gətirməyi tapşırıb. Kəsməyib keçir, düz ağac axtarır. Beləcə bütün
günü qan-tər içində meşəni dolanır, amma düz ağac tapa bilmir.
O qədər axtarır ki, gəlib meşədə odun yığan fırıldaq Teymura rast olur. Onun
yığdığı odundan bir ağacı göstərib deyir:
- A Teymur, bu ağac düzdürmü? Teymur hərif tapdığına sevinir:
- Əlbəttə, dübbədüzdü, görmürsənmi?
- Bunu mənə satarsan?
- Sataram, niyə satmıram, on manat ver, götür apar.
Malçı sevincək olub, dərhal on manat verib meşədə ağac alır.
TANIMAQ ÜSULU
Bir gün Malçı qonşuya gəlir. Qonşu, şəhərdə yaşayan alim oğlu ilə söhbət
edirlər. Alim dünya hadisələrindən - kosmosdan, dünya əhalisinin artımından,
müasir texnikadan xeyli danışır. Görür, Malçı heç bunun söhbətinə fikir vermir,
qaynayıb qarışmır. Hiss edir ki, bu söhbətlər heç onun ürəyincə deyil, başlayır
təsərrüfatdan, kəndin güzəranından söhbət açmağa.
- Malçı baba, yenə qoyun otarırsan?
- Yox, oğul, bu il naxıra gedirəm.
- Nə qədər mal otarırsan?
- Nə qədər, necə yəni nə qədər, maldı da. İnəyi də var, düyəsi də, buğası da...
- Yox e, sayı neçədir?
- Sayı, o nədi? Bilmirəm...
-Bəs sayını bilməyəndə, itib-batanı necə hesablayırsan?
- Mən say bilmirəm, elə-belə. İnəyin kimisini rəngi ilə, kimisini buynuzu ilə,
kimisini də boy-boxunu ilə tanıyıram...
ATA VƏ OĞUL
Ata: Dərsdən nə tez gəldin?
Oğul: Bu gün Mirzə Cəlil yaradıcılığını keçirdik. Müəllim dedi ki, “dərsdən
qaçmayan müsəlman deyil”.
“TUTARLI” CAVAB
Müəllim: Şekspir məşhur “Hamlet” faciəsini nə vaxt yazıb? Şagird: Hələ
sağlığında...
İKİ DOSTUN GÖRÜŞÜ
- Eşitdim, institutu qurtarmısan, necə keçdi, çətin deyildi ki?
-Niyə çətin olur, sağ olsun dayım, birgə qurtardıq.
-Ona necə, diplom verdilərmi?
-Yox, qiyməti o aldı, diplomu mən.
* * *
- Dostum, sən “iki” alardın. Xeyir ola, indi “dörd”, “dörd” gedirsən?
- Düzü, sizdən utanıram. Yoxsa dayıma deyərdim, hamısını “beş”, “beş”
yazdırardı.
* * *
Uşaqlıqdan bir gözü şikəst olan “zörən-təbib” şairin döymədiyi redaksiya
qapısı qalmamışdı. Yalvar-yaxarla, tanış-bilişlə ildə bir-iki şer zorla çap etdirə
bilirdi.
Bir dəfə dostu ona dedi:
- İstəyirsən, səni tarixə salım?
- Əlbəttə, istəyirəm, - deyə o, sevinclə bildirdi, - ömrüm boyu sənə
minnətdar olaram. Vallah, adına gözəl bir poema da yazaram.
- Onda icazə ver, qalan bir gözünü də mən vurub çıxardım. Ol iyirminci
əsrin Homeri...
* * *
Mətbuatda bircə şerlə çıxış edən tələbə dostum Özünü o qədər təriflədi ki,
durub Bakının xəritəsini götürdüm.
- Nə axtarırsan?
- Sənin heykəlinə yer - dedim.
* * *
Qız: Toyumuz nə vaxt olacaq? Oğlan: İşlədiyim mağazaya nə vaxt
“importnı” mal gəlsə...
* * *
Redaktor bir yazıçının hekayəsini geri qaytarmaq istəyirdi.
Müəllif: - Qüsurunu deyin, nə üçün qaytarırsınız, - deyə etiraz edir.
Redaktor: - Gecə çay kənarında qəhrəmanınız düşünərkən onun üzünün
cizgilərini pis işləmisiniz.
Müəllif: - Gecə qaranlıq olduğundan üzünü görə bilmədim.
* * *
İki dostdan biri əliaçıq, digəri hədsiz dərəcədə xəsis olur.
Bir gün əliaçıq xəsis dostundan soruşur:
- Sən nə vaxt əlini cibinə salırsan?
- Heç vaxt.
- Niyə?
- Cibim çirklənər.
* * *
Oğlan sevgilisinə:
- Əzizim, mən bütün qızları səni sevdiyim kimi ürəkdən sevirəm. Sən
mənim ürəyimə necə baxırsan?
Qız: - Karvansaraya baxan kimi...
* * *
Bir tənbəl qonşusunu yanına çağırıb deyir:
- Al bu iki manatı, mənə həyətdə iki metrlik yer qaz.
Qonşu: Bu, sənin nəyinə lazımdır? Sən ki, heç bir şeylə məşqul olmursan?
Tənbəl: Ölmək istəyirəm.
Qonşu: Baho onda havayı qazaram.
İKİ “SAVADLI”
TƏLƏBƏNİN SÖHBƏTİ
- Neçə aldın?
- Kəsdilər.
- Nə düşmüşdü?
- Çexovun “Don Kixot” şeri.
- Əzbər deyə bilmədin?
- Məzmununu danışırdım, razı olmayıb dedi ki, əzbər söylə.
- Gör nə “savadsız” müəllimlər var.
LOVĞA ŞAİR
Bir gənc şairdən soruşdular ki, müasirlərimizdən “Şahnamə”yə bərabər əsər
kim yaza bilər?
O, lovğa-lovğa:
- Mən, - dedi.
- Necə yaradarsan?
- Məni zindana atın, yanıma da qoca bir kişi salın, ondan da yaxşı əsər
yazaram.
Onun istəyinə əməl etdilər. İllər keçdi... Qoca həyatla vidalaşdı, gənc, lovğa
şair isə lap qocalıb əldən düşdü. Onu götürüb bayıra atdılar. Bu miskin, yazıq
qocaya rast gələn bir şair onun həyatından “Müsibətnamə” adlı məşhur bir əsər
yazdı.
DƏNİZÇİ ÖZ SEVGİLİSİ İLƏ
SAHİLDƏ
Qız: - Sən səfərdə olanda mən həmişə ağlayırdım.
Oğlan: - Mən yenə də səfərə çıxsam ağlayacaqsanmı?
Qız: - Daha yox, axı... Zaqsa getmişik.
CƏRİMƏ
Tamaşa salonunda papiros çəkən bir nəfəri nəzarətçi 30 qəpik cərimə edir.
Tamaşaçı 90 qəpik verir. Nəzarətçi bunun səbəbini soruşanda tamaşaçı
deyir: ikisini də çəkəcəyəm.
İKİ NƏFƏRİN SÖHBƏTİ
- Bağışlayın, siz hansı sexdə işləyirsiniz?
- Mexaniki yığma sexində.
- Axı, mən də həmin sexdə işləyirəm, amma sizi heç orada görməmişəm.
- Görə də bilməzsiniz. Dayım həmin sexin rəisidir.
MÜDİR VƏ MÜAVİN
Mudir: Sən bu isti yayı, boranlı qışı harada keçirirsən ki, yumurta kimi
ağappaqsan?
Müavin: Sizin kölgənizdə.
ZƏHMƏT OLAR
Müəllim:
- Dərslərini yaxşı oxumadığına görə səni sinifdə saxlayacağam. Şagird:
- Onda sizə zəhmət olar, müəllim, mənə on il əvəzinə on bir il dərs
deyəcəksiniz.
HİYLƏ
Üç gün əlinə ov keçməyən canavar neçə dağ-dərə, neçə çay keçib gəlmişdi.
O yorğun-yorğun açıq bir təpəyə çıxdı. Bərəkət ətri gələn çöllərin havasını
ciyərdolusu uddu. Yaşıl ormanların arasında görünən kəndə yırtıcı nəzərlə baxıb,
tükürpətici səslə yazıq-yazıq zarıdı. Aclıq onu bərk təntitmişdi. Aşağıda,
düzəngahda bir kəndlinin mal-qara, qoyun-keçi otardığını görüb həsrətlə udğundu,
zingildəyib yerində var-gəl elədi. Keçmiş tarla olan düzəngahın yuxarı başında
açıqlıq qurtardı. Ordan bəridə xırda meşə və tikanlıq zolaq kimi keçib günbatan
tərəfdəki uca dağa qədər uzanırdı. Gövşənliyin sağyamacı qaranlıq meşəli bir dərə
idi. Canavar bir göz qırpımında meşə boyu irəlilədi. Kəndlinin heyvanlarını izləyə-
izləyə sinib onları pusdu. Fikirləşdi ki, inək buynuzlüdur, ona bata bilmərəm, dana
dəcəldir, məni görən kimi böyürüb özündən çıxacaq, sahibini duyuq salacaq.
Camış zırramadır, gönü də qalındır. Üç günlük aclıqdan sonra qüvvəm qalıb ki,
ona yaxın düşə biləm. Keçi bicin biridir, mənə quyruq verməz. Yenə sürünün sağ
yanında otlayan qoyuna yaxınlaşım, bəlkə onu hərifləyə bildim.
Canavar sinə-sinə tikanlığın arası ilə qıraqda otlayan qoyuna yaxınlaşdı.
Şirin dillə:
- Salam, necəsən, a ceyran bala? - deyə soruşdu.
Şirin-şirin otlayan qoyun səs eşidib tikanlığa diqtətlə baxdı.
- Kiminləsən, - dedi, - burda ceyran nə gəzir.
- Səninləyəm, sən ceyrən deyilsən?
- Yox mən qoyunam.
- Yox e, qoyun nədi, sənin adın ceyrandı, insanlar paxıllıqından sənə qoyun
adı veriblər. Elə əsil ceyran sənsən. Gözlərin gör necə də qəşəngdir, adam sənin
baxışlarından məst olur. Sənin ayaqlarındakı zəriflik gör heç ceyranda varmı? Bəs
yunun, hələ onu demirəm. Belə yumşaq, dümağ yun ceyranda ömür boyu billah
olmayıb, olmayacaq da...
Qoyun tərifdən lap xoşhal oldu. Vüqarla bir ayağına, bir bədəninə baxıb, quş
kimi yerində tullandı.
- Mən ömrüm boyu ceyranlarla gəzmişəm, onlarla da dostam. Mən heç vaxt
onları belə cəld, qəşəng görməmişəm, - deyib canavar qoyunu yenidən ağızdolusu
təriflədi. - Mən başa düşmürəm, - dedi, siz niyə o acgöz insanlarla dost olursunuz
ki, hələ gül kimi ceyran adınızı dəyişib qoyun qoyublar. Siz onlara süd, bala və yun
verirsiniz, üstəlik də sizi təhqir edib adınızı qoyun deyə çağırırlar. Kefləri duranda
da bıçağı götürüb cumurlar canınıza...
- Bəs nə edək, bizə bir yol göstər, canavar qardaş...
- Gəlin bizimlə dost olun, biz canavarlarla gəzib dolanın, çətinə düşəndə biz
sizə arxa olaq, siz də bizə - deyib canavar onu şirin dillə tikanlığa çağırdı.
Qoyun zərif ayaqlarını şəstlə irəli atıb, vuqarlı addımlarla canavara doğru getdi.
- Bu gündən səninlə qardaşam, tərk etdim o vəfasız, yırtıcı insanları, - dedi,
əl verib canavarla görüşdü.
Canavar:
- Gəl aşağı enək, - dedi. - Gəl, a ceyran balası, yoxsa paxıl sahibin görüb
dalımızca düşər, odlu silahı ilə bizi qanımıza qəltan eləyər.
Onlar qoşa, deyə-gülə dərəyə endilər. Qoyun şehli dərənin təzətər otlarından
yeyir. Canavar isə ehtiyatla o yan - bu yana baxa - baxa ona şirin, yağlı sözlər
deyirdi. Nə gələn, nə gedən görməyən canavar atdanıb qoyunun yağlı quyruğundan
bir parça qopartdı. Bir göz qırpımında onu içəri ötürüb qoyunun xirtdəyindən
yapışdı.
Gözü kəlləsinə çıxan qoyun:
- Neynirsən - dedi. - ağrıdır axı...
- Üç gündü acından ölürəm, sənin dalınca neçə dağ, neçə çay keçib
gəlmişəm, yeyəcəm səni, ay ceyran bala.
Qoyun son nəfəsində:
- Hə... indi bildim ki, qoyunam ki, qoyun... sözünü zorla deyə bildi.
Avqust, 1987-ci il.
Truskovets şəhəri.
HƏSƏNİN İKİ ƏMƏLİ
Bir neçə gün idi, Həsən nahara gələndə anası Humay xala şikayətlənib
deyirdi:
- Ay bala, bu ağzı yanmış çalağan yenə toyuğun iki cücəsini apardı. Ay oğul,
bu gün-sabah camaat beçə çığırtması yeyəndə biz də ağzımızı açıb baxacağıq. Sən
atanın goru, buna bir əncam çək. Ora bax, toyuq da dəli kimi gəzir. On gün əvvəl
arxasınca sel kimi axan cücədən ikicəciyi qalıb.
Həsən:
- Neyləyim ay ana, - dedi, - iş-gücümü buraxıb çalağan qovlamayacağam
ki...
Çalağan əlindən yanıqlı arvad yenidən şikayətləndi:
- Tutlu dərədə, deyirlər, ağzı yanmışın yuvası var, qırt düşüb hər günorta
acıxanda durub özünü vurur bizim cücələrə.
Həsən ağlına gələn qəfil fikirdən özü də gülümsündü. Səhərisi o, nahara
həmişəkindən tez gəlib çalağanı gözlədi. Bir az bekar durmaqdan bezikib
darvazanın qopmuş taxtasını mıxlamaqla məşğul oldu. Bir gözü isə qapıda-bacada
hərlənən ikicə cücəli toyuqda idi. Həsən toyuğun qiyyə çəkən səsinə başını
qaldırdı. Amma gec idi. Tüfəngə əl atana kimi çalağan cücəni havada çığırda-
çığırda aparırdı. Tənbəllik eləməyən Həsən çalağanın dalınca qaçdı. Göydə
çalağan, yerdə Həsən elə bil kros yarışına çıxmışdılar.
Tutlu dərənin başı üstündə dövrə vuran çalağan süzə-süzə uca bir ağaca
qondu. Ani olaraq ətrafına göz gəzdirib, qanadlarını şappıldatdı. Boğazını dik tutub
dimdiyində yazıq-yazıq civildəyən cücəni bir nəfəsə uddu. Yenidən qanadlarını
şappıldadıb havaya qalxdı, dərəni yarım dairə ilə süzüb güllə kimi gəlib yuvasına
qondu.
Qalınlıqda Həsəni güdən çalağan irəli yeridi. Çalağan Həsənin ağacın başına
dırmaşdığını görüb pırıltı ilə uçub başqasına qondu. Yuvaya çatan Həsən başındakı
nimdaş kepkasını çıxartdı, yumurtaları bir-bir kepkasına yığdı. Ehmallıca aşağı
düşüb, birbaşa evə gəldi.
Həftədə bir dəfə gəlib baxırdı ki, görüm çalağan nə eləyir. Hər dəfə gələndə
ağacın ətrafında dümağ çalağan tükünün çoxaldığını görürdü. Yumurtaları gecə-
gündüz çalxalayan çalağan bir şey çıxarda bilmirdi. Onun sinəsi, qarnının altı
sürtülməkdən ətcəbala olmuşdu.
Üçüncü həftə gələndə Həsən çalağanın başını aşağıya sallamış gördü.
Bişmiş yumurtalardan bala çıxarda bilməyən çalağanın ürəyi partlayıb
ölmüşdü...
* * *
Həsən hövlnak yerindən qalxdı. Yuxulu gözlərini ovuşdurub:
- Nə olub, ay ana, qoysana yataq, gecənin bu vaxtı nə qara-qışqırıq
salmısan?
Arvad qorxunc və qırıq səslə:
- Damdan,- dedi,- yaman tappıltı səsi gəlir. Bir dur bax, deyəsən oğru...
Həsən tez-tələsik geyindi, çırağa əl atıb yandırdı. Çöldə it kəsik-kəsik hürür,
gah da vahimə ilə ulayırdı. Sahibini görən kimi ona yaxınlaşdı, üzünü dama doğru
tutub daha da bərkdən hürməyə başladı. Şübhələnən Həsən ehtiyatlı addımlarla bir
əlində çıraq, o birində yaba damın ağzına yaxınlaşdı. Qapı axşamdan necə
bağlanmışdı, eləcə də qalırdı. Bir istədi geri qayıtsın, içəridə bərk tappıltı eşidib
dayandı. Qapıya lap yaxın durub dinşədi. Mırıltı və bərk ayaq səsləri eşidib qorxa-
qorxa qapını azca araladı. Çırağı irəli tutub bir-birinin üstünə qalaqlanmış qoyun-
keçinin ancaq leşini gördü. Sağ tərəfdə isə işıqdan qorxub dibə qısılmış canavarın
iki gözü par-par parıldayırdı.
Qanıqara Həsən zirzəni keçirib geri qayıtdı. Gecə paltarında qarşısına gələn
arvad təşvişlə:
- Nə olub, a bala, - dedi, - o nə idi elə damda gumbuldayan?
- Heç, nə olacaq, damın bacası açıq qalıb, canavar ordan düşüb qoyun-
keçinin hamısını şil-küt eləyib. Yeri Muradı oyat, gəlsin görək...
Əhvalatdan halı olan Murad:
- Nəyi gözləyirsən, - dedi, - tüfənglə vur ölsün, yoxsa çıxıb qaçar,
- Yox, ay Murad, mən onu elə asan ölümlə öldürməyəcəyəm. - deyib Həsən
güclü əllərilə dörd barmaq yabanın ortadan iki barmağını qırıb atdı.
İçəri girdilər. Vəhşi qurd dəhşətli gözlərini bərəldib, özünü damın
divarlarına çırpırdı, amma çıxmaq heç cür mümkün deyildi. Həsən yaxınlaşıb
yabanı onun boynuna saldı, bərk sıxıb onu divara qısnadı.
- Murad, tez ol, təkənin boynundakı zınqırovu aç, bağla bunun boynuna.
Murad qoyun-keçi leşlərinin arasında təkənin cəmdəyini tapdı. Zınqırovu
açıb, əli əsə-əsə canavarın boynuna bağladı.
Həsən:
- Bərk bağladınmı? İndi kənara dur, qoy çıxıb getsin.
Canavar bir göz qırpımında açıq qapıya şütüdü. Zınqırovu səslənə-səslənə
çöllərə tərəf üz qoydu. Duyuq düşən kənd itləri ağız-ağıza vermişdi. Həsənin iti isə
onun quyruğunu azca dişləyə bilmişdi.
Zınqırovlu çanavar altı ay heç yerdə özünə yer tapa bilmədi. Haraya, hansı
sürüyə yem üçün hücum edirdisə, zınqırovunun səsi onun gəlişini özündən qabaq
xəbər verirdi. Duyuq düşən çoban onu gülləyə basır, kənd itləri qovub örüşlərdən
çıxarırdı. Özünə heç yerdə yem tapa bilməyən yalquzaq canavar arıqlayıb əldən
düşdü.
El yaylağa keçəndə çobanlar onu Odun dağının yamacında uzanıb ölmüş
gördülər. Bir dəri, bir sümük olmuş canavarın boğazından zınqırovu açıb ayrı bir
təkənin boğazına bağladılar.
O vaxtdan bizim obada təzə bir deyim yarandı. Kimin kimdən xoşu
gəlmirsə, o dəqiqə yarızarafat, yarıxoş deyir: “Mənə dəyib dolaşma, yoxsa
boynuna Həsənin təkəsinin zınqırovunu bağlaram”.
Dostları ilə paylaş: |