Sən mənim dözümümü görəcəksən



Yüklə 1,34 Mb.
səhifə6/6
tarix21.01.2017
ölçüsü1,34 Mb.
#6200
1   2   3   4   5   6

Edamdan sonra
Fitvaya uyğun olaraq şaqqalanmış cəsədi bazar meydanında hündür bir dirəkdən asdılar. Ki, paytaxta gəlib-gedən yolçuların hamısı Xilafətin gücünü görüb yaysınlar.

Möminlərin təqdiri və ruhanilərin iştirakı ilə kəsilmiş qolları və ayaqları toplayıb uzaq bir yerdə üstünə neft töküb od vurdular. Ki, bir də bu qollar qılınca yaxın getməsin, bu ayaqlar at belinə qalxmasın.

Nizəyə keçirilmiş kəsik başı isə əvvəlcə Bağdadda körpünün üstünə qoydular. Sonra Xorasana göndərdilər ki, yeni etiraz dalğasına başlamaq istəyən Azərbaycan türklərinə görk olsun.

O hadisədən sonra uzun müddət Ərəbistan səhralarında bədəvilər qorxa-qorxa bir-birilərinə “Azərbəyqanlı Bəəbakın vəhşi dözümü” barədə müxtəlif yozumlu rəvayətlər danışırdılar.

Salnaməçilər - "Babəkin üzərində çalınan qələbə İslam dövlətində ən böyük qələbə idi, onun əsir alındığı gün müsəlmanların bayram günü idi" - yazırdılar.

Ruhanilər - "Mötəsimin üç qələbəsi olmuşdu, hamısı da İslamın şöhrəti üçün: birincisi, Rum üzərindəki qələbə, ikincisi, Babəkin üzərindəki qələbə, üçüncüsü, Təbəristanlı Məzyər Gəbr üzərindəki qələbə. Bu üç qələbədən hər hansı biri baş tutmasaydı, İslam məhv olardı", – etirafını edirdilər.

Tarixçilər - "Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi" - deyirdilər.

Hərbçilər – “Babəkin üsyanını yatırtmaqda Xilafət qoşunları ilə birlikdə erməni naxararlarının da öz qoşunları ilə fəal iştirakını" məmnunluqla xatırlayırdılar.


***
Babəkin insanlıq tarixində misli görünməmiş qəddarlıqla edam olunmasından və şimallı-cənublu bütöv Azərbaycan ölkəsinin işğalından keçən onilliklər ərzində Azərbaycanın əksər bölgələrində, xüsusən, Arranda, Albanda və başqa yerlərdə etiraz dalğaları səngimək bilmədi.

Bir-birini əvəz edən Ərəb Xəlifələrinin dalbadal Qafqazlara doğru göndərdiyi qoşun dəstələri Babəksiz qalan Azərbaycan vilayətlərini hirslə-hikkə ilə darmadağın edir, viran qoyur, xeyli ləngimiş niyyətlərinin icrasını sürətləndirmək üçün ağına-bozuna baxmadan bir-birindən amansız əməllər törədirdilər. Bu zaman genetik xəyanətkar tayfa olan ermənilər də ərəblərə dəstək verib onlarla bərabər başqa Qafqaz xalqlarına qarşı çıxırdılar. Bölgələrdə qılınc gücünə yaradılan nisbi sakitliklər uzun sürmür, yerli əhali qeyri-bərabər hərbi gücə baxmayaraq, yenə də yadellilərə ciddi müqavimət göstərirdi.

Hətta Muğan bölgəsində törədilən faciələr zamanı əksər kişilər döyüşdə həlak olanda Ərəb qoşununun qarşısına qadınlardan ibarət dəstələr çıxırdı. “Zərif ordu” işğalçılarla var gücü ilə döyüşür, həm cəbhədə, həm də təsərrüfatda qeyrət göstərirdilər. Xilafət ordusu Azərbaycan “amazonkalarının”, “uzunsaçlılar ordusu”nun qarşısını çətinliklə ala bilirdi. Xüsusən, səhralarda qızmar qumsallıqda yaşamağa alışqan ərəblər Azərbaycanın soyuq dağlıq ərazilərində tab gətirə bilmir, qaradodaq bədəvilər qaragöz “amazonkalara” məğlub olurdular...

Bu mübarizələr Babəkdən sonra uzun zaman davam etdi.


***

Qədim Odlar Yurdu – Azərbaycan
Müqəddəs diyar kimi tanınan Azərbaycanın təbii ocaqlarına, od məbədlərinə, atəşgah və yanardağlara ətraf bölgələrdən ziyarətçilər axışardı. Nə qədər acı olsa da, tarix yazan qələmlər uzun əsrlər boyu düşmənlərin əlində olduğu üçün yaddaşlara sirayət olunmuş təhrifli formullar dünyanı elə dəyişdirdi ki, bir zamanlar insanlar dünyanın o başından bu müqəddəs ocaqların ziyarətinə gələrdilərsə, sonradan azərbaycanlı oğuzlar özləri dünyanın o başına ziyarətə getməyə məcbur oldular...

Cahil ərəblər təbii ki, öz dini və öz dili olan qədim bir ölkəyə dinlərindən və dillərindən başqa heç nə gətirmirdilər. Əksinə, ən qədim ilahi biliklər xəzinəsi olan “Avesta”nın, həmçinin “Bilqamıs”, “Kitabi-Dədə Qorqud”, “Oğuznamə” kimi qiymətli mətnlərin orijinalları burda məhv edilir, sonradan öz niyyət və məqsədlərinə uyğun orda yenidən qələmə alınırdı. Beləcə zaman-zaman minlərlə qədim əlyazmanın, məbədlərin və tarixi abidələrin məhv edilməsi, maddi-mədəniyyət nümunələrinin oğurlanaraq başqa adlara çıxılması, ədəbiyyat və incəsənət əsərlərinin, milli adət-ənənələrin, bayram və mərasimlərin zaman-zaman yasaq edilməsi, yaddaşlardan silməyə, unutdurulmağa çalışılması bu torpaqlarda əbədi yaşamış saf niyyətli bir xalqın pis niyyətli düşmən basqısı altına düşdüyünü göstərirdi.

Bir ara “Kitabi-Dədə Qorqud” kimi qədimdən qədim dastanı hətta XI əsr abidəsi kimi qələmə verməklə onun cəmi bir-neçə yüz il öncə yaranmış olduğunu yazıb düşmən dəyirmanına su tökən əbləh yazarların əbəs cəhdlərinə rəğmən, bu qədim Söz abidəsinin əlbəttə bir-neçə min il əvvəlki dövrlərdən bəhs etdiyi mətnlərin özündən də açıq-aydın görünür. Və o da görünür ki, vaxtilə bu qədim dastanın üzünü köçürən xəttat-mirzələr “tariximizi yazan” salnaməçilər kimi əzəl mətnlərə də sifarişlə bəzi “müasirləşdirici” əlavələr etmişlər.

Habelə türksoylu Azərbaycan oğuzlarının guya bu yerlərə gəlməsi, bir etnos kimi XI-XII əsrlərdə formalaşmağa başlaması kimi sərsəm fikirlər yayanlara tutarlı sübutlardan ən barizi – artıq sözügedən XII əsrdə dühası bütün dünyaya parlaq işıq saçan və məğribdən məşriqəcən hər məkanda əbədi ustad sayılan dahi Azərbaycan türkü Nizami Gəncəvinin varlığı və yaratdıqları idi.


Bütün təhrif, yalan və saxtakarlıq cəhdləri böyük Azərbaycan sərkərdəsi Babəkin yadelli işğalçılara qarşı öz doğma, əzəli torpağında yerləşən zəngin, bərəkətli, gözəl Vətənin azadlığı, müstəqilliyi uğrunda apardığı çoxillik mübarizədə acı məğlubiyyətdən sonra başlanan nəticələr idi. Əyilməz xürrəmini mütiləşdirməyə, od oğlu oğuzun gözünün odunu almağa yönələn ərəbin qılıncı, farsın zopası, monqolun qırmancı, rusun gülləsi, sovetin zəhəri isə - bu nəticələrə aparan uzun yolda hər biri bir faciə mərhələsi olacaqdı...

***

Günümüzün mənzərəsinə dair

Daha bir neçə Söz


…Uca Tanrı təkdir.

Və cahilləri Doğru Yola yönəltmək üçün göydən tək-tək Kitab endirib: Kilsə əhlinə də, Məscid əhlinə də.

Yerdəki milyon-milyon adam isə bu tək Kitabın ətrafında min bir qanun-qaydalar yaradıb. İslamın öz qanunları var, Xristianlığın öz qanunları. Məscidin öz qaydaları, Kilsənin öz qaydaları...

Məscidə ayaqqabı ilə girilməz. Kilsədə isə ayaqqabını soyunmurlar.

Ancaq binaların hər ikisi tək olan o bir Allahın Evi sayılır.

Tarixən Molla çiyninə əba salıb, saçını qırxdırıb, başına əmmamə qoyub, ələm qaldırıb. Keşiş saçını-saqqalını uzadıb, başını açıb, ətək geyib yaxasına xaç asıb.

Ancaq hər ikisi əlində tək olan o bir Allahın Kitabını tutub.

Xristianlar İsa Peyğəmbərə “Allahın Oğlu” deyib yerdəki doğulanlara yaxınlaşdırıblar. Onun portretini yaradıb, heykəlini yapıb, haqqında film çəkib, opera bəstələyiblər.

Müsəlmanlar isə “Allah doğmur və doğulmur” inancı ilə Məhəmməd Peyğəmbəri ilahiləşdirib əlçatmaza ucaldıblar. Onun şəklini çəkmək günah sayılıb, heykəlini yapmaq yasaq, tamaşasını hazırlamaq qadağan.

Ancaq hər iki Peyğəmbər tək olan O bir Allahın Elçisidir.

Özü gözəl olan və gözəlliyi sevən Ulu Tanrı insanlara məna göndərib, şəkil yox. Məzmun verib, forma yox. Mahiyyəti anladıb, görüntünü yox. Göydən gələn bu mənaya, məzmuna, mahiyyətə uyğun şəkilləri, formaları, görüntüləri sonradan yerdəkilər yaradıb.

Zahiri qaydalar göydən gələn Kitab ayəsi deyil. Yerdəki din xadimlərinin təxəyyülündən doğan istəklərdir. Amma əsrlər boyu ürəklərə yeriyib, beyinlərdə bərkiyib, adətə çevrilib, ənənəvi nəsildən-nəsilə keçib.

Beləcə zaman-zaman dindarlığın öz ayinləri formalaşıb. İnananlar oruc tutur, namaz qılır, ziyarətə gedir, qurban kəsir, Tanrıya ibadət edirlər... Və heç bir normal düşüncəli (dinli, ya dinsiz), yüksək mədəniyyətli adam bu ayinlərə, adətlərə, qaydalara qarşı çıxmır, dini dəyərlərə toxunmur, dindarların işinə müdaxilə etmir. Dünyada vicdan azadlığı deyilən bir anlayış var ki o mütləq gözlənilir.
İbtidai dövrdən başlayaraq yüksək sivilizasiya erasına doğru gedən bəşər övladı Dini inanclarla yanaşı, müxtəlif Mədəni dəyərlər də yaradıb. Elm, bilik, təhsil, maarif sahəsində addımlar atıb. Cəmiyyətin istifadəsi üçün müvafiq qanun-qayda, norma, sistem yaradıb.

Beləliklə alimin, sənətkarın, müəllimin – cəmi ziyalıların həyatına da illər uzunu cilalanmış zəruri davranış qaydaları daxil olub. Elmin, incəsənətin, təhsilin, təlimin, tədrisin səmərəsi üçün onların fəaliyyəti bu zəruri normalar daxilində davam edib.

Elm-sənət-təhsil-tədris sisteminin qurulması bəşəriyyətin tərəqqisi üçündür. Xalqın tərəqqisi, ölkənin inkişafı isə ilk növbədə Dövlətin qayğısı altında gedir.

Tərəqqi yolları ilə irəliləmək, möhkəm özüllü sabit cəmiyyət yaratmaq üçün Dövlətin iqtisadi, siyasi, hüquqi, sosial, mədəni institutları var. O cümlədən, yeni-yeni elm, təhsil ocaqları açılır, onlara qayğı göstərilir. Dövlət onları maliyyələşdirir, zəruri avadanlıqlarla təchiz edir, elmi əsaslarla hazırlanmış proqramlar verir və tədris prosesinə nəzarət mexanizmi yaradıb kadrlarla təmin edir. Hər adamın vicdan azadlığı olduğu kimi, təhsil hüququ da var və bu hüquq da qorunur.

Fasiləsiz elm-mədəniyyət-təhsil-tərbiyə prosesi illər uzunu davam edən Alim - Cahil mübarizəsindən keçib. Ölüm-itim, əzab-əziyyət, dözüm və məhrumiyyətlər hesabına ibtidai mərhələdən aliyə doğru inkişaf edib. Bu günkü tarazlı duruma gəlib çatıb.

Dünyanın gələcəyini düşünən ağıllı adamlar ona görə Dövlət institutu yaradıblar ki, xalqın taleyi hansısa cahil toplumdan, nadan kütlədən, yaxud ayrı-ayrı kəslərdən asılı olmasın. Milli istiqlala və tərəqqiyə aparan zəruri icra funksiyalarını məhz kollektiv təfəkkürün sistemli şəkildə, elmi əsaslarla hazırladığı ciddi konsepsiyalı Dövlət qurumları yerinə yetirsin. Dini, irqi, milli fərq qoymadan, sosial mənsubiyyətindən asılı olmadan hamının bərabərliyi qorunsun.

İnkişaf etmiş bütün müasir demokratik ölkələrdə təbii ki, Konstitusion dövlət quruluşu mövcuddur. Və bütün inkişaf etmiş demokratik ölkələrin Konstitusiyasına görə Din Dövlətdən ayrıdır. Yəni Dinlə Dövlət qarşılıqlı hörmət, dözüm, tolerant münasibətlər sistemi çərçivəsində bir-birinin daxili işinə qarışmadan yanaşı yaşayır.

Bu münasibətlərdə ən önəmli şərt – Dövlət təhlükəsizliyi və Milli təhlükəsizliyin toxunulmazlığıdır! Hər iki mənafe qanunla qorunur, onlara qarşı hər hansı qərəzli, ziyanlı müdaxilə, təhdid halı müvafiq icra aparatı tərəfindən dəf olunur.


Din xadimlərinin idarəsində olan Məscidə ayaqqabı ilə girilmədiyi kimi, idarəçiliyi Dövlətdə olan Mədəniyyət institutlarına – Teatra, Muzeyə, Kitabxanaya, Məktəbə, Universitetə də kənar atributlarla girilməz. Təbii, uzun saqqal, gödək şalvar, çalma, qurşaq, təsbeh, çadra da məktəblik deyil.

İçəri girəndə qapını döymək, icazə istəmək, salam vermək kimi etiket qaydaları yaxşı tərbiyə əlaməti sayıldığı kimi, hər hansı binaya, evə, otağa, içəriyə daxil olanda başdakı papağı, şapkanı, kepkanı, şlyapanı, örtüyü götürmək də Mədəniyyət əlamətidir.

Ənənəvi olaraq Məsciddəki möhtərəm hacının, mollanın, axundun saqqalı ona inam yaradan zəruri görüntü elementi olduğu kimi, Mədəniyyət Ocaqları üçün də təmiz təraş olunmuş üz, səliqə ilə daranmış saç norma sayılır.

Auditoriyada başında papaq, əlində təsbeh oynadan uzun saqqallı tələbənin görünməsi anormallıqdır. Ona görə yox ki bunlar pisdir, eybəcərdir, gülməlidir və s. Xeyr. Hər kəsin şəxsiyyəti toxunulmazdır. Sadəcə ona görə ki bu atributika Mədəniyyət məkanlarına, tədris ocaqlarına, təhsil sferasına uyğun deyil, kulturoloji, pedaqoji qaydalarla bir araya sığmır, mövcud standartlardan kənardır, etiketə ziddir.


Mədəniyyət daha çox özünü yox, özgəsini düşünərək yaşamaq tərzidir. İnsan heç kimi və heç nəyi nəzərə almadan tək özünün şəxsi arzu-istəklərilə yaşamaz, yaşaya bilməz. Şəxsi istəklər ictimai qaydalara uyğun tənzimlənməsə, elliklə qəbul olunmuş normativlərin total pozuntusu baş versə, xaos cəmiyyəti dağıdar, insanlıq məhv olar.

Məscidlərdə dindarlar əba taxıb əmmamə qoyduqları, üzü saqqallı, əli təsbehli, qalstuksuz, ayaqyalın, yaxası açıq gəzdikləri kimi, Teatrda, Muzeydə, Məktəbdə də yalnız müvafiq sivil geyim formaları – kostyum, qalstuk, dəsmal, corab, ayaqqabı və digər etik-estetik atributika keçərlidir.

Odur ki, Mədəniyyət işçisinin, incəsənət xadiminin, professor-müəllim və tələbə heyətinin səliqə-sahmanlı müvafiq geyim tələbi heç də qeyri-adilik deyil. Bu sadəcə zəruri etiketdir.
Ulu Tanrı hamınındır və hamı üçündür. O-nun göndərdiyi Kitab da eynən.

Din Tanrı ilə Fərd arasında kimsənin qarışa bilməyəcəyi özəl münasibətlər sistemidirsə, o zaman kim hansı səlahiyyətlə iddia edə bilər ki, Allahı o daha çox sevir, yaxud Allah onu hamıdan artıq sevir. Və bu səbəbdən Dinin yeganə təəssübkeşi odur...

Hər hansı Din xadiminin Müqəddəs Kitaba istədiyi kimi sərbəst şərh verməsi, özünü o Kitabın, o Dinin və hamının olan tək bir Allahın yeganə düzgün səlahiyyətlisi kimi qələmə verməsi anormallıqdır.

Eynən hər hansı ziyalı-pedaqoqun özünü təlim-tərbiyə-təhsil prosesinin yeganə düzgün bilicisi, daşıyıcısı və qoruyucusu sayaraq ümumi Dövlət proqramına sərbəst müdaxilə etməsi də yasaq və gülüncdür.

Bütün bunlar istər Dini qanun-qaydalara görə, istər Dünyəvi demokratik anlayışlara görə belədir.

Gəmidə oturub gəmiçi ilə dava etməzlər.

Bir alim, bir rəssam, bir yazar, bir pedaqoq bir molla ilə mübahisə edə bilər. Ancaq din xadiminin oturduğu Məscidə girib məsciddəkilərə təcavüz etmədən, əxlaqsızlıq göstərmədən.

Eynən bir axund, bir molla, ya hansısa bir hacı mədəniyyət xadiminə öz iradını bildirə bilər. Amma yenə də o Mədəniyyət (elm, təhsil, tədris) Ocağına daxil olub oradakılara təcavüz etmədən, içəri dartınıb etikanı pozmadan.

Məscidin içində səlahiyyət sahibi möhtərəm molladır, axunddur, hacıdır. Mədəniyyət Ocağının içindəki səlahiyyətli şəxs hörmətli alimdir, müəllimdir, professordur.

Məscidi onlar idarə edir, Mədəniyyət Ocağını bunlar. Onun da Allahı var, bunun da. Quran həm ona aiddir, həm buna. Həmçinin Dövlət də həm onundur, həm bunun. Sadəcə hər birinin ayrı-ayrı qanun-qaydaları mövcuddur.

Nə Dində zor var, nə Dövlətdə zora icazə. Odur ki hər iki tərəf təəssübkeş olmalı, bir-birinin və Ölkənin, Vətənin, Millətin, Xalqın təəssübünü çəkməlidir. Bütün mübahisələr sivil formada aparılmalıdır. Bir-birinin iç işlərinə müdaxilə etmədən, hörmət, nəzakət çərçivəsində, etiket qaydalarına əməl olunmaqla.

Amma bu qaydalar gözlənilməzsə baş verə biləcək zor tətbiqi təkcə dindən, əxlaqdan, etikadan uzaq yox, həm də cəmiyyətdə tarazlıq pozucusu kimi qanundan kənar da olacaq. Qanundan kənar olmaq isə əlbəttə, bəlli nəticələrə aparan hüquqi məsulliyyət doğurur...


Bir-birinin daxili işlərinə qarışmadan dinc yanaşı yaşamaq konsepsiyasının əsasında Mədəniyyət dayanır. Ünsiyyət mədəniyyəti, davranış mədəniyyəti, tolerantlıq mədəniyyəti, etiket, dözüm, səbr mədəniyyəti…

Başqa yozum yoxdur.

Tək olan o bir Yaradan da səbr edənləri sevər!

***


Epiloq
...Zamanında qılıncının alovu yüz minlərlə düşməni lərzəyə salan qüdrət sahibi ulu Babəkin kölgəsini təəssüf ki, çağdaş dövrün azadlıq və asudəlik şəraitində yenə qılınclamaq həvəskarları olur. Belə milli-mənəvi sapıqlıq “cəsarətinin” bir qismi əlbəttə sifarişlidir, bir qismi nadanlıq, başqa bir qismi isə qazanc hərisliyinə bağlıdır. Bütün hallarda vətənin, xalqın tərəqqisini sevməyənlər Babəki sevə bilmir.

Təbii, yel qayadan heç nə aparmasa da, hər halda tarixi həqiqətlər fonunda özünü bu xalqa və bu vətənə fəda etmiş qəhrəmanın mənafeyi alidir. O qorunmalıdır ki, oxucuları çaşdıra biləcək yanlış qələm məhsullarının kəmiyyəti saxta keyfiyyət göstəricisinə çevrilib ədaləti üstələməsin. Ömrü yalnız yaşadıqları illər qədər olan genetik sapıqlar, sifarişlə qulluq göstərənlər, biliksiz nadanlar və qazanc aludəçiləri gərək unutmasın ki, əldə qılınc at belində Bəzz qalasından ana yurda soxulan düşmənin yürüşünü qəzəb və nifrətlə izləyən boynu qırmızı dolaqlı ulu sərkərdənin obrazı min iki yüz ildir hər bir namuslu Azərbaycan vətənpərvərinin qəlbində əbədi qeyrət rəmzi olaraq qalır, yol gəlir. Və bu yol günümüzdən keçib əbədiyyətə uzanır. Çünki Babək bir əsrlik tarixin yox, milyon illik tarixi olan bir xalqın yetirməsidir...

Babək haqqında fikir yürüdərkən bir məlum həqiqəti yaddan çıxartmaq olmaz ki, bütün türksoylu qövm kimi Azərbaycanın türk-oğuz igidləri də tarixi yaradıblar, ancaq onu yazmayıblar. Onu bizim üçün yazan yadelli əcnəbi salnaməçilərinin isə haqqımızda nələr yaza biləcəyi bu gün hamıya bəllidir.

Tariximizi ona görə təhrif edərək uydurmalar əsasında qələmə alırdılar ki, xalq öz keçmişindən, köklü mədəniyyətindən ayrılıb simasızlaşsın. Bu isə mümkün olmadı. Ona görə mümkün olmadı ki, bu cəhdlər artıq uca Tanrının məntiqinə əbəs müdaxilə idi.

Babəklə bağlı mənbələrin əksəriyyəti ərəb-fars (erməni) tarixçilərinin yazdıqlarıdır. Bu mənbələrdə qərəz, böhtan, saxtalaşdırma əlamətləri açıq-aydın hiss olunur. Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən “faktları” şəstlə sağa-sola səpən zaman, qələmin kimin əlində olduğunu unutmamaq gərəkdir. Ağıllı oxucu onsuz da bilir: ərəb yazarı ərəb Xilafətini 22 il lərzəyə salmış bir qəhrəman haqqında təbii ki mədhiyyə qoşmayacaq, əksinə, haqqında hirs-hikkə dolu hərzə-hədyanlar uyduracaqdı. Ərəb səlnaməçisi xəlifənin sarayında oturub dövrün hadisələri barədə, xüsusən qatı düşmənləri haqqında həqiqəti yaza bilməzdi.

Ta qədimlərdən, hələ yeni eradan çox minillər qabaq möhtəşəm mədəniyyətə, dərin fəlsəfi düşüncəyə, dürüst əxlaqi-dini amala malik olan, bəşəriyyətin ilk tək Tanrıçılıq dinini qəbul edib yaşadan bir xalqı və onun qeyrətli oğlunu aşağılayıcı tərzdə təqdim etmək - ancaq şərə qulluq edən qərəzli təxəyyül sahiblərinin əməli ola bilər. Saf, dürüst və məkrsiz adamlar bu miskinliyə qatılmaz.

Əlbəttə, həmin saxtakar uydurmalarına tarixi faktlar kimi istinad edənlərə yazıq...
***

...Bəli, 22 il böyük bir imperiya ilə aramsız vuruşa-vuruşa xalqı da şad-xürrəm yaşadan ulu Babək, bəşər tarixində adətən olduğu kimi, satqın, xain və casus adamların əli ilə məğlubiyyətə uğradıldı. Və 838-ci il martın 14-də Ərəb Xilafətinin mərkəzində, Xəlifənin hüzurunda, ali ruhani şəxslərin və mömin müsəlmanların gözü qarşısında günahı yalnız öz vətənini azad görmək olan Azərbaycanın qəhrəman sərkərdəsi Babək dinə, imana, insanlığa yaraşmayan vəhşi bir üsulla qətlə yetirildi. Azərbaycanlı Azman igidin vahiməsi o dərəcədə böyük idi ki, ürəyi onu sadəcə öldürməklə soyumayan düşmən Babəkin qollarını, ayaqlarını, başını kəsdi, qarnını doğradı və bədənini çarmıxa çəkib od vurdu. Amma yenə də vahimədən qurtula bilməyən cahillər zaman-zaman onun parlaq obrazına da ləkə yaxmaq üçün qələm çaldılar...

"Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir qəhrəman idi...” - tarix Babəki belə yadında saxladı. Babəkin mübarizəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən oldu. Bu azadlıq mücadiləsində düşmən yalnız say çoxluğu və xəyanətkar hiyləsi ilə qalib gəlsə də, olaylar xalqın şüurunda çox dərin izlər buraxdı. Adı qəhrəmanlıq Kitabına qızıl hərflərlə yazılan Babəkin xatirəsi əbədi olaraq qəlblərdə yaşadı.

***
...Hər il Babəkin doğum günü olan 26 iyun tarixi Azərbaycanın bütün vətənsevər oğuz türkü tərəfindən yad olunur.

Və bütün təzyiqlərə, təqiblərə baxmayaraq, cənublu soydaşlar onun müqəddəs ruhunun daim doğma yurdun başı üstündə dolaşdığını və bu azadlıq ruhunun bu yurdda əbədi var olduğunu nümayiş etdirmək üçün elliklə Qaradağlının Ərdəbil səmtindəki uca dağlara qalxıb Bəzz qalasına yürüşə çıxırlar.

---------------------------------------------------

Akif ƏLİ

Zuğulba,

3 avqust 2011 – 14 oktyabr 2013.

Akif ƏLİ
A Z M A N

və ya

“Sən mənim dözümümü görəcəksən...”



(patetik fantaziya)

“Renessans”.

Nəşriyyat direktoru: Ələddin Əsədzadə

Redaktorlar: P. Azər, Elbəy

Dizaynerlər: Sultan, Fərrux

Kompüter operatoru: Aybəniz Osmanlı



Korrektor: Sevinc Səlimli

d:\akif ali doc\akif ali\aa-yaradan\+babek\babek-foto-new+\1 - портрет_бабека_.jpg

d:\akif ali doc\akif ali\aa-yaradan\+babek\babek-foto-new+\1318620551_apa.jpg


d:\akif ali doc\akif ali\aa-yaradan\+babek\babek-foto-new+\babek-galasi.jpg
d:\akif ali doc\akif ali\aa-yaradan\+babek\babek-foto-new+\20.jpg

d:\akif ali doc\akif ali\aa-yaradan\+babek\babek-foto-new+\1328355987_pol27.jpg


d:\akif ali doc\akif ali\aa-yaradan\+babek\babek-foto-new+\56730+.jpg


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin