SƏRBƏST İŞ № 6. NİTQİ QÜSURLU UŞAQLAR
Müasir dövrdə uşaqlarda nitqlə bağlı problemlər geniş yayılıb. Nitq qüsurları, nitq inkişafının geriləməsi uşaqlara normal dərs oxumağa imkan vermir.
Ekspertlər bildirirlər ki, ilk növbədə uşağın nitqi korreksiya olunmalı və bununla bağlı uğurlu nəticə əldə etdikdən sonra uşaqlar orta məktəblərə qəbul olunmalıdır. Lakin məktəbəqədər təhsillə bağlı dövlət səviyyəsində geniş əhatəli defektoloq-loqoped mərkəzlərinin yoxluğu bu problemin həllini çətinləşdirir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev komitənin dünənki iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib ki, vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqoped mərkəzlərin, ciddi bioloji komissiyaların yaradılması nəzərdə tutulmuşdu: "Lakin həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib".
B.Əliyev defektologiyanın pedaqogikanın bir hissəsi olduğunu və bunun bütün dünyada belə qəbul olunduğunu bildirib. O diqqətə çatdırıb ki, defektoloq-loqopedlər fiziki, psixi qüsurlu uşaqlarla məşğul olurlar: "Bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasında gedir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartarı qəbul edilib. Loqopediya olduqca mürəkkəb sahədir. Onun tədris planlarının daxilində fiziologiya, nevrologiya, psixologiya var. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil".
Onun dediyinə görə, Azərbaycanda da loqoped-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilə bilər: "Bundan əlavə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, rayon icra hakimiyyətləri, bələdiyyələr bununla bağlı çıxış edərək sözügedən fakültənin ali məktəblərdə açılması ilə bağlı məsələyə baxa bilərlər. Bu mütəxəssislərin məktəbəqədər təhsilə cəlb edilməsi də mütləq məsələdir".
Deputat bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri yalnız ali pedaqoji təhsilə malik olmalıdırlar. Əliyev, eyni zamanda, məktəbəqədər təhsilə cəlb olunan uşaqların ilk növbədə Azərbaycan dilində təhsil almalı olduğunu vurğulayıb.
Milli.Az xəbər verir ki, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin "Ekspress"ə bildirdiyinə görə, Azərbaycanda defektoloq-loqopedlərin sayı azdır: "Azərbaycan Dövlət Pedaqoji Universitetində defektologiya ixtisası var, amma bu, yetərli deyil. Ali məktəblərdə loqoped-defektologiya ixtisaslarının sayının artırılması yaxşı olardı. Hazırda ekoloji tarazlığın pozulması, uşaqların böyük əksəriyyətinin xəstə doğulması ilə bağlı onların nitqində qüsurlar meydana gəlir. Nitqi qaydasında olmur, deffektli olur. Nitq inkişafının gerilməsi ilə bağlı xəstəliklər bu saat meydandadır. Defektoloq kadrları hazırlayan fakültələr çox olmalıdır".
Ağayev qeyd edib ki, məktəbəqədər yaşdan nitq qüsuru, nitq inkişaf geriləməsi olan uşaqların defektoloji problemləri ilə məşğul olmaq lazımdır: "Bu gün özəl təşkilatlarda kiçik defektoloq-loqoped mərkəzləri var. Amma dövlət səviyyəsində geniş əhatəli defektoloq-loqoped mərkəzlərinin hazırlanması vacibdir".
Defektoloq-loqoped Esmira Qafarovanın qəzetimizə bildirdiyinə görə, bu gün məktəblərdə kifayət qədər səlis və rahat danışa bilməyən uşaqlara rast gəlinir: "Moskvada normal məktəblərdə məktəbə qəbul olan uşaqları yoxlamaq üçün mütləq defektoloq-loqoped komissiyası fəaliyyət göstərir. Uşaqlar məktəbə qəbul olmaq üçün həmin komissiyadan keçməli olurlar. Komissiyanın rəyi olmadan uşaqlar məktəbə qəbul olunmur. Amma Azərbaycanda bu tətbiq edilmir. Nitqində qüsuru olan uşaqlar adi məktəblərə qəbul olunur və onlar dərslərini oxuya bilmir" deyən müsahibimiz əlavə edib ki, ölkəmizdə defektologiya ixtisası yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetində və onun kollecində var.
Dostları ilə paylaş: |