4. Tətbiqi sosiologiyada sosial struktur
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əsrə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu sahədə ilk ciddi addımlar atılmış, sosial sistemlərin fəaliyyəti və inkişafı qanunauyğunluqlarını öyrənən elmin bir çox əsaslı problemləri araşdırılmışdır. Sosiologiyanın meydana gəlməsi belə bir təlabatı ifadə edirdi: digər ictimai elmlərdə elə problemlər ortaya çıxmışdır ki, onların ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud sistemi çərçivəsində həll etmək artıq mümkün deyildir.
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir:
Birincisi, cəmiyyət ayrı-ayrı ictimai ünsürlərin sadəcə mexaniki yığımı yox, öz xüsusi qanunları üzrə fəaliyyət göstərən, inkişaf edən müəyyən sistemli bütövlükdür.
İkincisi, ideal ictimai quruluşun utopik konstruksiyasını quraşdırmaq yox, real surətdə mövcud olan ictimai münasibətlərin öyrənilməsi zərurəti dərk olunmalıdır.
Üçüncüsü, mücərrəd fəlsəfı mühakimələrə yox, empirik tədqiqat metodlarına istinad edilməlidir. Aydın məsələdir ki, həmin metodların başa düşülməsi müxtəlif tədqiqatçılarda müxtəlif ola bilər. Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri yerinə yetirir. Bu vəzifələrin xarakteri nəzəri və tətbiqi sosiologiyanı fərqləndirməyə əsas verir. Belə fərqləndirmə şərti xarakter daşıyır, çünki nəzəri sosiologiya praktik vəzifələrin, tətbiqi sosiologiya isə nəzəri, elmi vəzifələrin həllindən kənarda qalmır.
Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur?
Tətbiqi sosiologiya konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayır. Başqa sözlə, tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır. Tətbiqi sosiologiya cəmiyyətin qarşıya qoyduğu praktik vəzifələrin həlli üçün vasitələr axtarmalı, nəzəri sosiologiyanın üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yollarını müəyyənləşdirməlidir. Bu sosiologiya əslində insan fəaliyyətinin
praktik sahələrini bilavasitə öyrənir və «nə üçün?» sualına cavab verir: sosial inkişaf üçün, sosial münasibətlərin və sosial idarəetmənin təkmilləşdirilməsi üçün, şəxsiyyətin ahəngdar inkişafı, onun qabiliyyətlərinin daha tam reallaşdırılması üçün və s.
Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqamətlənmişdir. ABŞ-da tətbiqi sosiologiyanı həm də «problem baxımından istiqamətlənmiş elm», «müştəriyə istiqamətlənmiş tətbiqi sosial elm» adlandırırlar.
Tətbiqi sosiologiyanın tarixi kökləri Aleksis de Tokvillin (1805-1859), Emil Dürkheymin (1858-1917), Albion Budberi Smollun (1854-1926) əsərlərinə gedib çıxır. Hazırda tətbiqi sosioloqların sayı durmadan artır.
Onlar həm universitetlərdə və kolleclərdə, həm də xüsusi biznes sahəsində, dövlət və hökumət orqanlarında, müxtəlif təşkilatlarda çalışırlar. Adətən hansı metodlara üstünlük verməsindən asılı olaraq tətbiqi sosiologiyada iki başlıca istiqamət ayırd edilir: sosial mühəndislik və klinik sosiologiya. Mühəndis-sosioloq çox zaman kiçik miqyaslı sorğular, çöl eksperimentləri aparır, kiçik birliklərin (məsələn, istehsal briqadalarının) social cəhətdən yenidən qurulması layihələrini işləyib hazırlayır, planlaşdırma ilə, dizaynla məşğul olur.
Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur hər şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. O, bir tərəfdən cəmiyyətin iqtisadi, siyasi və mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə həmin proseslərin inkişafına fəal təsir göstərir. Buna görə də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin sosial strukturunda baş verən dəyişiklikləri öyrənmədən, ictimai fəaliyyət sahəsində uğur qazanmaq və sosial proseslərə şüurlu tənzimedici təsir göstərmək qeyri-mümkündür.
Struktur (latınca structura - quruluş, yerləşmə, qayda) tamı təşkil edən hissələrin həmin tamın daxilində yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir.
Dostları ilə paylaş: |