Etika yunan mənşəli (etos) latın sözüdür, mənası əxlaq, xarakter, adət deməkdir. Etika ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə olub hər hansı bir sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydalarını özündə əks etdirir. Bir şəxs – müəllim, mühazirəçi və məruzəçi mühazirə, məruzə oxuyarkən, çıxış edərkən bütün etik normalara riayət etməli, xarici görkəminə, geyiminə xüsusi diqqət yetirməli, mimika və jestlərdən mənalı və yerində istifadə etməlidir. Səsin, nəfəsin, bədən üzvlərinin, nəhayət, dilin məşqi üçün natiq öz üzərində yorulmadan işləməli, məşq etməlidir. Natiqin əlləri, çiyinləri, ayaqları, sinəsi, duruşu, davranışı, bir sözlə özü və bütün hərəkətləri onun nitqi ilə, yürütdüyü mühakimələrlə tam həmahəng olmalıdır (Siserona görə). Natiq vulqar və jarqon sözləri işlətməkdən çəkinməli, ədəbdənkənar söz və ifadələri işlətməməlidir. Üzü tüklü, yaxalığı əzik, qalstuku modaya uyğun gəlməyən, rəngarəng paltar və ayaqqabılarda auditoriya qarşısına çıxmaq da müəllim, mühazirəçi və ya məruzəçi üçün etik normalar xaricindədir. O, heykəl kimi sakitcə dayanıb özünü “qurutmamalı”, yeknəsək səslə, sürətlə və ya ləng, monoton danışığı ilə dinləyicilərdə mənfi ovqat yaratmamalıdır.