3.Heydər Əliyevin nitq mədəniyyətinə göstərdiyi diqqət və qayğı
Hər xalqın öz milli dili var. Bu dillə o xalq dünyada tanınır və yaşayır. Bir ölkədə müxtəlif etnik qruplar, başqa xalq və millətlərin nümayəndələri yaşayır. Onlar öz doğma dilini qoruyub saxlamaq və yaşatmaqla bərabər, yerli xalqın dili onların hamısı üçün ümumi ünsiyyət dili kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında ümumxalq dili Azərbaycan dilidir. Onun tarixi qədimdir. O, tayafalararası ünsiyyət vasitəsindən ümumxalq dili səviyyəsinə yüksəlincə coxəsrlik bir yol keçmişdir. IV-V əsrlərdə vahid Azərbaycan xalqı və onun ünsiyyət vasitəsi olan ümumxalq Azərbaycan dili təşəkkül tapır. Bu dövrdən Azərbaycan dilinin təşəkkül tarixi başlayır. Azərbaycan Qafqazın bütün türkdilli qəbilə və tayfalarının əsas mərkəzinə çevrilmişdir. Başqa sözlə IV-V əsrlərdə ümumxalq danışıq dili kimi formalaşan Azərbaycan dili fəaliyyət göstərir. VIII-XII əsrlərdə ərəb və fars dilləri elm və ədəbiyyat dili kimi Azərbaycanda hakim mövqe tutmuşdu. XIII-XIV əsrlərdə də vəziyyət belə idi. XIII əsrdə ölkədə ədəbi dilin üçləşməsi müşahidə olunur. Ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan dili də dövlət, sənəd dili hüququ qazanır. Sonralar dördləşmə də özünü göstərir. Bu dövrdə monqol istilası ilə bağlı saray və ordunun monqol dili də işlədilməyə başlamışdı. Monqolların ordusunda çoxlu türkdilli əsgərlər iştirak etdiyi üçün monqol dili ilə bərabə, türk dili də işlədilməkdə idi. Bu monqol dilinin hegemonluq qazanmasının qarşısını almışdı.
XV-XVI əsrlərdə tarixi siyasi şərait yaxşılaşır. Bu Azərbaycan mədəniyyəti, ədəbiyyatı və dilinin inkişafına müsbət təsir göstərir. Şah İsmayıl Xətai və onun oğlu ITəhmasibin hakimiyyəti illərində Azərbaycan dövlətinin yaradılması (türk dilinin dövlət dili statusu qazanması) ölkənin iqtisadi cəhətdən yüksəlməsinə, siyasi nufuzunun güclənməsinə təkan verdi.
Azərbaycan ədəbi dilinin yazılı dövrünü iki mərhələyə ayırmaq olar: 1) XIII-XV əsrlər. Bu mərhələ yazıyaqədərki dövr adlanır 2) XVI əsrin sonları, XVII əsrin əvvəllərindən sonrakı mərhələ. Bu mərhələni milli dil mərhələsi adlandırmaq olar. XV-XVI əsrlərdə ərəb fars dillərinə aid leksik və qrammatik quruluşun ünsürləri Azərbaycan yazı dilində dərinləşir.XVI-XVII əsrlərdə fonetik tərkibi, əsas lüğət fondu və qrammatik quruluşu müasir azərbaycan dili anlayışı ilə üst-üstə düşür.
Ədəbi dilimizin normasında ərəb-fars dili ünsürləri ilə yanaşı, XII-XIV əsrlərdə monqol, xüsusilə Teymurilər dövründə özbək-cığatay dili ünsürləri də işlədilmişdir. O vaxt görkəmli Azərbaycan mədəniyyət xadimləri, incəsənət ustaları, dahi söz ustadları Səmərqəndə, Buxaraya aparılmışdı. Cığatay elementləri Nəsimi, Kişvəri, Xətai, Əmani və başqalarının əsərlərində müşahidə olunur.
Ana dilində ilk yazılı nümunə XIII əsr şairi Həsənoğlunundur. Şair “Apardı könlümü bir xoş qəməryüz, canfəza dilbər; Nə dilbər-dilbəri-şahid, nə şahid-şahidi-sərvər!” qəzəlində milli sözlərlə əcnəbi sözlər artıq qaynayıb qarışmışdır. Alınma sözlər milli qrammatik qəlibdə verilir (qəməryüz dilbər), əsərin dilindəki ərəb-fars mənşəli sözlər indi də işlədilməkdədir.
XV-XVI əsrləri Azərbaycan xalqının mədəni-siyasi yüksəlişi, XVI-XVII əsrləri isə ağır günləri adlandırmaq olar. I Şah Abbasın hakimiyyəti dövründə Səfəvilər dövləti məzmunca dəyişib fars-İran dövləti oldu. Türk dili dövlət idarə üsulunda ünsiyyət vasitəsi olmaq funksiyasını itirir, dövlət dili fəaliyyətini dayandırır.
1920-ci illərdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində ərəb-fars mənşəli sözlər, osmanlı türkcəsinin elementləri üstünlük təşkil edirdi. 1930-cu illərdə rus-Avropa mənşəli sözlər çoxalır, ərəb-fars sözlərinin fəaliyyəti zəifləyir, ümumi potensialı azalmağa başlayır. Məsələn, müttəhid, müttəsil, müsəlləh kimi ərəb sözlərinin əvəzinə birləşmiş, daimi, silahlı sözləri işlədilir. S.Vurğunun əsərlərində cocuq, bəklər, şimdi, nerdəsən, nasıl kimi türk sözləri ilə qarşılaşırıq.
Azərbaycan dili qrammatik quruluşuna görə türk dillərinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Hazırda Azərbaycanda və ondan xaricdə - İran, Rusiya, Gürcüstan, Orta Asiya, Avropa ölkələri və.b. yerlərdə 40 milyondan artıq adam bu dildə ünsiyyət vasitəsi kimi istifadə edir. Azərbaycan dilinin gözəlliyi, zənginliyi tarixən alimlərin, yazıçıların, ictimai xadimlərin, səyyahların və başqalarının diqqətini cəlb etmişdir. Onların çoxu Azərbaycan dilini öyrənməyə, bu dildə danışmağa səy göstərmişdir. Böyük rus şairi Lermontov 1837-ci ildə məktublarının birində dostu S.X.Rayevskiyə yazırdı “... dağlar aşdım, Şuşa, Quba, və Şamaxıda oldum, Azərbaycan dilini öyrənməyə başladım. Bu dil burada, ümumiyyətlə Asiyada, fransız dilinin Avropada olduğu qədər zəruridir”
Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş yeni Konstitisiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli statusunu aldı. Burada (21-ci maddədə) göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Ümummilli lider H.Əliyev Az-can dilinin inkişafına, tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. “Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalı və bu dili sevməlidir” (H.Əliyev) 18 İyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2 Yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Az-can Res.Qanununun tətbiq edilməsi barədə ARP-nin fərmanları bu qayğının parlaq təzahürü olmaqla Az-can dilinin tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir deyən ulu öndərimiz Heydər Əliyev zamanənin görkəmli natiqlərindən olmuşdur. H.Əliyev bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. O, nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. onun nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən H.Əliyevə bu dil əziz idi, müqəddəs idi. O bu dilə mükəmməl yiyələnmişdir.
AMEA-nın müxbir üzvi A.Axundov H.Əliyev haqqında xatirələrindən danışarkən deyir ki, bir dəfə ulu öndərimiz məni və institutun bir neçə əməkdaşını yanına çağırtdırmışdır. O, söhbətə başlamazdan əvvəl üzünü mənə tərəf tutaraq soruşdu: “Nə işlə məşğul olursunuz?” Mən Azərbaycan dilinin ayrı-ayrı sahələri üzrə tədqiqatların aparılması, kitabların yazılması, müxtəlif məzmunda lüğətlərin tərtib olunması və.s məsələlər barədə məlumat verdim. Cavabımdan razı qaldı və dedi: “Bunlar öz yerində, bəs nitq mədəniyyəti ilə bağlı nələr etmişsiniz? Siz bu sahəyə daha çox fikir verməlisiniz ki, xalq öz dilində sərbəs danışa bilsin”.
H.Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O, xalqla onun öz dilində danışırdı. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Ulu öndərin nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpardı.
Ulu öndərimiz H.Əliyev hələ 1981-ci ildə Azərbaycan yazıçılarının 7-ci qrultayındakı nitqində xalqın sərvəti olan dilin təkmilləşdirilməsi və zənginləşdirilməsində, onun lüzumsuz dialekt sözlərindən, jarqon ünsürlərindən təmizlənməsində nitq mədəniyyətinin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir... Yazıçı nitq mədəniyyətinin, ədəbi dil normalarının qanunvericisi olmalıdır”
Dostları ilə paylaş: |