4.Nitqin bədiliyi və obrazlığı
5.Nitqin düzgünlüyü
6.Nitqin dəqiqliyi
Hər bir azərbaycanlı nitq mədəniyyətinə əsaslı yiyələnmək üçün Azərbaycan ədəbi dilinin qayda qanunlarını, onun fonetik, leksik-semantik, orfoqrafik və orfoepik, morfoloji və sintaktik, üslubi və poetik normalarını yaxşı mənimsəməli və onları nitqdə düzgün tədbiq etməyi bacarmalıdır. Hər adam nitq mədəniyyətinin bütün növlərinə, janırlarına, ünsiyyətin müxtəlif formalarına jiyələnə bilməz və bunu ondan tələb etmək də olmaz. Lakin nitq mədəniyyətinin aktual məsələlərinə yiyələnmək vacibdir. Satıcıların alıcılarla rəftar etməsi, satıcıların alıcıların təkrar-təkrar verdikləri suallara təmkinlə, soyuqqanlı cavab verməsi, müəllimlərin şagirdləri və ya tələbələri ilə münasibəti, kiçiklərin böyüklərə hörmət etməsi, şagirdlərin ədəb qaydalarına riayət etməsi və.s məsələlər mədəniləşmənin əsas şərtlərindən biridir.
Ədəbiyyatlarda mədəni nitq anlayışı belə izah olunur. “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, leksik, qrammatik, üslubi və.s normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.
İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş. “Ey insan danış səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ağılsız olması məlum olmur.
Mədəni nitq sözün həqiqi mənasında, ədəbi dilə yiyələnməyin yüksək mərhələsidir. Deməli ədəbi dilə yiyələnmədən mədəni və düzgün nitqdən, anlaşıqlı nitqdən danışmaq artıqdır.
Nitq mədəniyyətinə yiyələnməyin dərəcəsi müxtəlifdir. Nitq mədəniyyətinə az və ya cox yiyələnmək olar. Bu hər bir şəxsin qabiliyyətindən, savadından, mütaliəsindən və qavrama imkanından aslıdır. Mədəniyyətin, xüsusən nitq mədəniyyətinin əsası savadlanmadır. Savadlanma deyəndə hər kəsin öz ana dilinə yaxşı bələd olması, yazılı və şifahi ədəbi dilin normalarına düzgün riayət etməsi, ona yiyələnmə bacarığı başa düşülür.
Nitqin mədəni və qeyri mədəni formaları var. Mədəni nitqin özü də iki formalıdır. Orta və yüksək. Yüksək mədəni nitqin dil vasitələri ilə düzgün, dəqiq və ifadəli olması imkanıdır. Mədəni nitq, bir tərəfdən düzgünlük, genişlik, və yiğcamlıqla, digər tərəfdən ədəbi dil normaları çərçivəsindən fikrin ifadəli, səmərəli və uyğun ifadə edilməsi üçün dil vasitələrindən dəqiq istifadə edilməsi ilə bağlıdır. Orta mədəni nitqdə dil vasitrələrindən istifadə zəifdir, ifadəlilik aşağı səviyyədədir. Qeyri-mədəni nitqdə ədəbi dil normaları pozulur, ədəbsiz sözlərə yer verilir, dialektizim və loru sözlər öz əksini tapır. Qeyri-mədəni nitqdə tamahkarlıq, pozğunluq, ədəbsizlik əsas yer tutur. Burada, şöhrət xatirinə fikir şüurlu şəkildə pozulur, ümumi qəbul olunmuş prinsiplər, ölçülər, nitq əlaqələri təhrif olunur.
Eyni mövzuda danışan adamların mədəni və qeyri mədəni, savadlı və savadsız olmasını onların nitqlərinin səlisliyi, düzgünlüyü və məntiqliliyi, dinləyicilərin onların nitqinə münasibəti və necə qarşılanması əsasında müəyyən etmək olar.
Savadlı adamların nitqlərini forma və məzmun uyğunluğuna, dinləyicilərə təsir göstərmə dərəcəsinə görə iki qrupa ayırmaq olar. 1) nitqinin forma məzmunu təsir dərəcəsi yüksək, fikrini aydın və səlis ifadə edən adamlar. 2) nitqinin forma və məzmunu bir-birinə uyğun gəlməyən, təsir dərəcəsi aşağı, fikrini quru, sxematik ifadə edən savadlı adamlar. Birinci qrupa aid olan adamların nitqini dinləyicilər rəğbətlə qarşılayır, cünki, nitqi aydın, dəlillər inandırıcıdır. İkincilər öz nitqlərini ədəbi dil normaları çərçivəsində qursalar, nitqləri qrammatik, elmi və məntiqilik baxımından qüsursuz olsa da, dinləyicilər onların nitqlərini maraqla dinləmirlər, çünki onların nitqlərinin təsir gücü zəifdir, nitqləri yorucudur, axıcılıq yoxdur, quru və standartdır.
“Ziyalı adam üçün oxuyub yazmağı bacarmamaq nə dərəcədə layiqsiz, yaramaz bir işdirsə, səliqəsiz və pis danışmaqda bir o qədər nöqsanlıdır ”(A.P.Çexov)
Nitq mədəniyyətinə yiyələnməyə vərdiş etməyin ilk təməli, ədəb qaydalarının öyrənilməsi və mənimsənilməsi və yeni nəsil üçün mədəni danışıq ünsiyyətinin əsası ailədə valideyin münasibəti əsasında qoyulur. Uşağın ədəbli olması, davranışı və mədəni rəftarında ailənın rolu əvəzsizdir. Ailədə tərbiyənin əsası necə qoyulursa, elə də davam etdirilir. Azərbaycan kəndində, adətən, tərbiyə ənənə üzrə gedir. Uşağa böyüklərə hörmət, nalayiq sözlər və pis hərəkət etməmək öyrədilməklə bərabər, mütilik də aşılanmışdır. Bu barədə Ə.Haqverdiyev “Köhnə dudman” pyesində Mirzə İsmayılın dili ilə belə deyir: “Biz ata-babadan xan evində, xan qulluğunda xan çörəyi ilə böyümüş adamlarıq. Sədaqətlə xanlara xidmət etmək bizim vəzifəmiz olubdur. Başqa qulluğu nə görmüşük, nə də eşitmişik. Biz rəiyyəti xan qapısında gəzən dördayaqlıdan ayırmamışıq. Bu təqsir də bizdə deyil. Bizə ata babadan verilən tərbiyədir”.
N.Tusi ailə tərbiyəsinə yüksək qiymət verərək yazırdı: “Uşaq olcaq ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki, pis adət və xəstəliyin çoxu süd vasitəsilə uşağa keçir”
Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya.
Süd ilə bədənə girərsə azar,
O, bədəndən yalnız öləndə çıxar!
N. Tusi qeyd edir ki, mədəni danışığın, mədəni davranışın, xoşrəftarlılığın əsası “uşaq süddən ayrıldıqdan sonra hələ əxlaq korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam intizama öyrətməyə başlamaqla” qoyulmalıdır. N.Tusi tərbiyəni ön plana çəkir və bu işdə valideyinin roluna xüsusi diqqət yetirir. N.Tusi yazır: “Tərbiyənin birinci şərti budur ki, uşağı pis təbiətliyə yaxın qoymayasan, cünki, uşaq nəfsi sadə olu, ətrafdakıların xasiyyətini tez götürür” Sonra deyir: Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Uşaq inkişafın ilk anlarında çöxlu səhvlərə yol verər, qəbahətlə iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar. Dediyindən əl çəkməz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər, sonra isə tənber və tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək lazımdır.
Mədəni danışıq nitqinin düzgün istiqamətləndirilməsində uşaq baxçası mühüm rol oynayır. Uşaqların mədəni nitqinin inkişafında tərbiyəçi müəllimlərin rolunu inkar etmək olmaz. Onlar uşaqların söz ehtiyatının artmasında və onlardan düzgün istifadə etməsində əsas rol oynayırlar. Uşaqlar böyüdükcə onların söz ehtiyatı da sürətlə artır. Bağçaya gedən uşaqların söz ehtiyatı var. Məsələn, yaş yarımlıq uşaq 10-15, iki yaşında uşaq 300, üç yaşında 1000, dörd yaşında 2000, beş yaşında isə 3600-ə yaxın söz bilir. Bu yaşda uşaq təfəkküründə elementar qrammatik formalar meydana gəlir, sadə və mürəkkəb cümlələr qurmağa qadirdirlər. Tərbiyəçi –müəllimlərin əsas vəzifəsi körpələrə düzgün, mədəni danışmağı öyrətməkdir. Uşaqların sonrakı taleyi, inkişafı, mədəni səviyyəsinin yüksəlməsində məktəb, ictimai mühit, real ictimai, siyasi və mədəni ünsiyyət əsas rol oynayır.
Ünsiyyət insanlar arasında birgə fəaliyyətin təlabatından törəmiş təmasın müəyyən edilməsi və inkişafına kömək göstərən mürəkkəb, coxplanlı prosesdir. Ünsiyyət insanlar arasında qarşılıqlı təsir, dialektik bir prosesdir. Ünsiyyət həm fərdi həyatın “təzahür orqanı”, həm də insan həyatını mənimsəməyin ən başlıca vasitələrindəndir.
Kommunikativlik (informasiya vermə), interaktivlik (qarşılıqlı əlaqə) və qavrama ünsiyyətin səciyyəvi xüsusiyyətləridir. Deməli, ünsiyyət prosesində insanlar bir-birini dərk edirlər, insanın subyektiv aləmi açılır, o öz müqəddəratını təyin edir, özünü təqdim edir. Fərdi xüsusiyyəti, fəaliyyəti, biliyi, bacarığı aşkarlanır. Ünsiyyət, əsasən, 8 funksiya yerinə yetirir: 1. təmas, 2. informasiya, 3. sövqedicilik, 4. əlaqələndirmə, 5. anlaşma, 6. amotiv (tərəf müqabilində zəruri emosional həyacan oyatma), 7. münasibəti müəyyən etmə, 8. təsir göstərmə
Məktəb uşağın elmi və bədii təfəkkürünün, estetik zövqünün və biliyinin formalaşmasında, mədəni davranışı və ünsiyyətində həlledici rol oynayır.
Yanlış vərdişləri aradan qaldırmaq yeni vərdişləri qazanmaqdan qat-qat çətindir. (D.Uşinski)
Məktəbdə hər şeiri, hər kəlamı öyrətməzlər. Şagirdlərə tərbiyə və nəsihətverici şeylərin öyrədilməsi zəruridir. N.Tusi tərbiyədən sonra dərs öyretməyin vacibliyini belə izah edir: Uşağı körpəlikdən tərbiyə etmək lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar, hikmətli kəlamlar, tərbiyəvi şeirlər əzbərlədərlər ki, öyrənmək istədikləri şeylər yadında qalsın, mənasını unutmasın. Eşq, şərab, şəhvət və ehtiras tərənnüm edən qəzəllərdən, şeirlərdən qaçmaq lazımdır. Onları zəriflik və insan təbiətini incələşdirən hesab edənlər yanılır, belə şeirlərin yeniyetmələri korladığını nəzərdən qaçırırlar.
Sokratdan soruşurlar: Sən nə üçün cox vaxt yeniyetmələrlə həmsöhbət olursan? Dedi: “ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”
Nitqi, danışığı gözəlləşdirən amillərlə yanaşı, onu pozan səbəblər də var. Bunlar aşağıdakılardır: 1) köhnə danışıq formasının tələffüzünün saxlanması. Məsələn, Əzirbican xəlqi (Azərbaycan xalqı), vəxtilə (vaxtilə), dəvam (davam) və.s. 2) dialekt tələffüzünə üstünlük verilməsi. Məsələn, hası (hansı), saba (sabah), da (daha) və.s. 3) fonetik hadisələrə tez-tez müraciət edilməsi. Məsələn, qızlar-qızdar-qızzar, doğru-dorğu 4) Artıq coxdan köhnəlmiş, arxaikləşmiş sözlərin yenidən ədəbi dildə canlandırılması. Məs. ağıl əvəzinə us, şey əvəzinə nəsnə və.s. 5) alınma sözlərin, xüsusən ərəb mənşəli sözlərin bir qisminin düzgün tələffüz edilməməsi fikrin anlaşılmasına təsir göstərir. Məs. Layihə- lahiyə, məşhur-məhşur və.s. 6) Diqqətsizlik, məsuliyyətsizlik üzündən fonetik cəhətdən oxşar, mənaca müxtəlif sözlərin tələffüzcə qarışdırılması və ya təhrif edilməsi. Məs. məhrum-mərhum, şəhid-şahid və.s. 7) Sözlərin bir qisminin orfoepiya normalarına əsasən yox, öz normalarına uyğun tələffüz olunması vaxt-vaxıt, çünki-çünkinə, görə-gora və.s. 8) formaca eyni, tələffüzcə, yazılışca müxtəlif olan sözlərin nitqdə eyniləşdirilməsi. məs. şır-şır-şıraşır, aşıq-aşıq-aşıqaşıq, pıq-pıq-pıqpıq və.s. 9) adların təhrif olunmuş formada tələffüz edilməsi. Məs. Kəmalə-Kəmoş, Zərifə-Zəroş, Təranə-Təroş və.s. 10) Tələffüzü və yazılışı çətin, mənası anlaşılmayan terminlərin danışıqda istifadə edilməsi. 11) Jarqon söz və ifadələrin nitqdə öz əksini tapmasi.Məs. uje, tembolee, mejduproçim və.s 12) nitqdə yersiz söz, ifadə və cümlələrin işlədilməsi. Məs. türkün sözü, öz aramızda, necə deyərlər, canım sənə desin və.s.
Qusurların bir qismi də vurğu ilə bağlıdır. Məsələn. Sima, arif, şura ümumi ad kimi işləndikdə vurğu ikinci hecaya, xüsusi ad kimi işlənəndə birinci hecanın üzərinə düşür.
Yunan və Roma natiqlik məktəblərinin görkəmli nümayəndələri nitqə yüksək qiymət vermişlər. Nitqin aydın, təmiz və uyğunluq kimi keyfiyyətlərini təsvir etmişlər. Diogenin fikrincə, nitqin məziyyəti beşdir: ellin nitqinin təmizliyi, aydınlıq, yığcamlıq, məqsədə uyğunluq və gözəllik.
Dionisi yazır: “Nitqin birinci keyfiyyəti lüğət tərkibinin təmizliyidir, ikincisi nitqin ellin səciyyəliliyidir. Üçüncü yeri yığcamlıq tutur. Lakin yığcamlıq aydınlıqla birləşəndə xoş təsir bağışlayır”
Siseron deyir: “Nitq üçün təmizlik və aydınlıq o qədər vacibdir ki, onu əsaslandırmağa ehtiyac yoxdur”
Demetriy deyir: Aydınlıq müxtəlif vasitələrlə yaranır. Hər şeydən əvvəl, sözün dəqiqliyi ilə, ikincisi sözlərin qarşılıqlı əlaqəliliyi ilə. Əlaqənın və nitqin qırılması anlaşılmazlığa aparır.
Mədəni nitqi müəyyənləşdirən keyfiyyətlərin bir qismi əsas, həlledicidir, diğər qismi isə ikinci dərəcəlidir. Dəqiqlik, aydınlıq, təmizlik, uyarlıq, zənginlik, ifadəlilik, yiğcamlıq, təsirlilik, orijinallıq, sadəlik, obrazlılıq, emosional-ekspressivlik kimi keyfiyyətlərnitqi mədəniləşdirir və ona bər-bəzək verir.
Dostları ilə paylaş: |