Sərbəst mövzu Fənn: Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 31,03 Kb.
səhifə5/8
tarix16.05.2022
ölçüsü31,03 Kb.
#58095
1   2   3   4   5   6   7   8
az dili - Elvira

Samitlərin ahəngi. Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izləmələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları vardır.

Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə samitlərin ahəngi deyilir. Samitlərin ahəngi iki şəkildə olur: kar samitlərin ahəngi, cingiltili samitlərin ahəngi.



Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seçki, səpki, kəskin və s.

Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: sərgi, vergi, vurğu, durğu, dolğun, əzgin və s.

Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər bu qanuna uyğun gəlmir.



Saitlərlə samitlərin ahəngi. Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəngləşməsi qanunu vardır. Ə.Dəmirçizadə müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlərin ahənginin iki növünü göstərir:

  1. dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi;

  2. səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi.

Dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi, əslində, arxa sıra və ön sıra sait səslərin uyuşmasından ibarətdir. Həqiqətən, arxa sıra a,ı,o,u saitləri ilə q,ğ,x dilarxası samitləri, dilönü ə,i,e,o,ü saitlərinin k,g,y dilortası samitlərlə müvaziliyi vardır. Ön və arxa sıra saitləri və dilarxası və dilortası samitlərinin biri-birinə uyuşması nəticəsində saitlərlə samitlərin ahəng qanunu formalaşır.

Ə.Dəmirçizadə müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlərin ahənginin ikinci növünü-səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngini belə əsaslandırmağa çalışaraq yazır ki, səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin cingiltiləşməsi prosesi ilə əlaqədar bir fonetik hadisədir. Bu isə, ümumiyyətlə, səslərin ünlü və ünsüz növləri ilə bağlıdır. Məlum olduğu üzrə, səs tellərinin gərginləşib kipləşməsi və hava axınının təzyiqi ilə aralanıb titrəməsi nəticəsində ünlü səslər, səs tellərinin sakit vəziyyətində aradakı cığırdan keçərkən rəqslənən hava axınından isə ünsüz səslər əmələ gəlir. Saitlər və cingiltili samitlər ünlülük baxımından həmcins səslərdir. Kar samitlər isə ünsüz olmaqla həm saitlərdən, həm də cingiltili samitlərdən fərqlənən səslərdir. Buna görə də söz sonundakı şəraitdən asılı olaraq karlaşmış samitlər müvafiq şəraitə düşərək öz əslini bərpa edir, yəni cingiltiləşir. Məhz bu səbəbdən dilçilik ədəbiyyatında bu hadisə cingiltiləşmə də adlanır. Əslində bu hadisəni qanuniləşmiş uyuşma hadisəsini, yəni ahəng qanununun bir növü kimi tanınan saitlərlə samitlərin ahəngi qanununun xüsusi bir tipi hesab etmək daha doğru olar.



Heca. Danışıq zamanı tələffüz olunan bu və ya başqa bir söz asanlıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir; məsələn:ba-lıq-çı-lıq,çi-çək-li və s.Bir sıra başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də heca sait səslərlə düzəlir. Buna görə də hər bir sözdə saitin miqdarı qədər heca olur. Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan bəzilərinin sonu sait, bəzilərininki isə samitlə bitir. Bundan əlavə, bəzi hecalar saitlə və bəziləri isə samitlə başlanır. Bu xüsusiyyətlərinə görə hecalar dörd yerə bölünür:

  1. açıq heca;

  2. qapalı heca;

  3. örtülü heca;

  4. örtüsüz heca.

Açıq heca. Sonu saitlə bitən hecalara açıq heca deyilir; məsələn: də-rə, tə-lə, a-ta, qa-pı, qo-ca və s. Azərbaycan dilində açıq hecanın üç tipi var: 1) bir saitdən ibarət açıq hecalar; məsələn: u-laq, o-caq, ü-zük və s. 2) bir samit, bir saitdən ibarət açıq hecalar; məsələn: qu-zu, ko-sa, ki-sə, qu-yu və s. 3) iki samit, bir saitdən ibarət açıq hecalar; məsələn: pro-le-tar, bri-qa-dir, pro-to-kol və s.

Qapalı heca. Sonu samitlə bitən hecalara qapalı heca deyilir; məsələn: öv-lad, in-san, ic-las, ul-duz, ay-ran, on-suz və s. Qapalı hecaların sayı çoxdur, lakin onların çoxu alınma sözlərlə bağlıdır. Əsl Azərbaycan sözlərində qapalı hecaların aşağıdakı tipləri var: 1) bir sait və samitdən ibarət qapalı hecalar; məsələn: un, əl, ot, on-luq, at-lı və s. 2) bir sait, iki samitdən ibarət qapalı hecalar; məsələn: alt, üst, ilk və s. 3) bir samit, sait və yenə də samitdən ibarət qapalı hecalar; məsələn: çox, baş, bal, yağ, qan, süd və s. 4) bir samit, sait və iki samitdən ibarət qapalı hecalar; məsələn: kənd, qənd, bənd və s. 5) iki samit, sait və bir samitdən ibarət qapalı hecalar; məsələn: plov, plan və s.


Yüklə 31,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin