Heydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən
sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.
Naçalnik: Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub
ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna
götür, yoldaşlarını nişan ver.
Heydər bəy: Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı
soymamışam. Əgər bir kəs məmim üzümə durub bu sözü desə, mən qanımı sənə halal
eylədim.
Naçalnik: Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır!
Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir.
Naçalnik: Ohan yüzbaşı, bu idimi sizə rast gələn?
Heydər bəy: Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!
Ohan: Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq
edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın, bu
kağızları bir oxuyun, görün! (Kağızları göstərir.)
Naçalnik: Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!
Ohan: Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun!
Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə.
Naçalnik: Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!
Heydər bəy: Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz
həsəbləri üçün şəhadətnamə qayırarlar.
Ohan: Bu sözü naçalnik hüzurunda deməyib bir başqa yerdə mənə desəydin, bu tüfəng ilə
sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub) Başına
dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istəyir
batırsın. Haqq elə, mən bədbəxt olmuyum.
Naçalnik: Bu saatda buyuraram sənə əlli çubuq vurarlar. Bəyliyi lap unudarsan, əgər sualıma
cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn?
Ohan: Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi
yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin
dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.
Heydər bəy: Naçalnik, tamam danışdığı sözlər böhtandır!
Naçalnik: Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək
müşgüldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyliyib soyurmuş. İndi aşkara yalan
deyir ki, guya ermənilər onu soymaq istirlərmiş.
Heydər bəy: Mən bilmirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların
tanıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki,
həqiqətini ərz eylərəm!
21
Naçalnik: Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! (Xəlil yüzbaşı gedib Hacı Qaranı
hüzura gətirir.)
Naçalnik: De görüm, bu kimdir, necə adamdır?
Heydər bəy: Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adam soyan deyil,
ermənilər xilaf ərz ediblər.
Naçalnik: Xəlil yüzbaşı, erməniləri gətir.
Xəlil yüzbaşı tuğluları gətirir.
Naçalnik: Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir elə: bu
ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bunlar onu soymaq istəyirlərmiş!
Heydər bəy: Belə deyil, bu kişi də yalan danışır.
Naçalnik: ( acıqlanmış) Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız!
Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!
Heydər bəy: İxtiyar sənindir.
Sona xanım başlayır titrəməyə.
Naçalnik: (Hacı Qaraya) A kişi, sən axır nə səbəbə bu erməniləri əyləmişdin?
Hacı Qara: Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam, heç vaxt yol kəsmək
mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.
Naçalnik: Padşaha sən nə qulluq etmisən, a kişi?
Hacı Qara: Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm.
Naçalnik: Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə nail imişsən!
Hacı Qara: Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi,
nəinki...
Naçalnik: Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları da gərək verib qızıl
medal qayıtdıraq, genə özünüzə dağıdaq. Cəfəngiyyat danışma! De görüm, erməniləri niyə
əyləmişdin?!
Hacı Qara: Başına dönüm, onlar məni əyləmişdilər.
Mkrtıç: Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istəyirdi!
Bu halda Cavanşir murovun yasavulu yetişib.
Yasavul: (naçalnikə) Ağa, murovunuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb,
özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı
yazı ilə bildirəcək.
Murov: Yəqin ki, genə tatardırlar.
Yasavul: Bəli.
Naçalnik: Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər?
Ohan: Başına dönüm, quldur həmişə tatardan olar. Bizlərdən heç vaxt quldur olmaz!
Naçalnik: Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötru ki, cürət edə bilmirsiniz və
bacarmırsınız!
Yasavul: Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir.
Hacı Qaranın rəngi qaçır.
Naçalnik: Hardadır? Hüzura gətir!
Yasavul gedir
22
Heydər bəy: Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm?
Ohan: Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar.
Naçalnik: Həqiqət olunar.
Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi «vay» edib özündən
gedir.
Naçalnik: (təəccüblə) Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək!
Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır.
Naçalnik: A kişi, sənə nə gəldi özündən getdin?
Hacı Qaranın dili tutulur.
Naçalnik: A gədə, doğrusunu de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi?
Kərəməli: Bilmirəm, başına dönüm.
Naçalnik: Sən kim ilə, haçan qaçaq mala getmişdin?
Kərəməli: Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim.
Naçalnik: Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən?
Kərəməli: Mənim o yükdən heç xəbərim yoxdur.
Naçalnik: Bəs o mal kimindir?
Kərəməli: Bilmirəm.
Naçalnik: Bəs sən at üstündə deyildin?
Kərəməli: Bəli.
Naçalnik: Bəs yükü atın üstünə kim qoyubdur?
Kərəməli: Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur.
Naçalnik: Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma o qaçaq
mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.
Heydər bəy: Naçalnik, bir ərzim var.
Naçalnik: De görüm.
Heydər bəy: Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu
kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün
bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının
qorxusundan yolda əyləmiş imiş.
Naçalnik: ( Heydər bəyə) Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?
Heydər bəy: Əsgər bəy, Səfər bəy.
Naçalnik: ( murova) Onları çağır, gətir!
Murov: Bu saatda! ( Murov bir yasavul göndərir.)
Naçalnik: ( Heydər bəyə) Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır?
Heydər bəy: Ohan həqiqətdə yalan danışdı. Ondan ötrü ki, hamı bir yerdə altı adam idik,
qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bunlara rast gəlib qorxudub qovduq, çıxıb
getdik. Sənin başın üçün. Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! (Bu
halda yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.)
Naçalnik: Heydər bəy, yoldaşların bulardımı?
Heydər bəy: Bəli, bulardır!
Naçalnik: Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün
başbortsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib, murov göndərən qarovulların üstünə
qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saat sizi dustaq edib qalaya aparam.
23
Heydər bəy: İxtiyar sənindir, naçalnik!
Sona xanım: ( yeriyib naçalnikin ətəyindən tutur) Qurbanın olum, məni öldür, onu aparma!
Məni bisahib qoyma!
Naçalnik: Heydər bəy, bu kimdir?
Heydər bəy: Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə
bais budur!
Naçalnik: Necə məgər?
Heydər bəy: Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini
çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim,
bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim.
Sona xanım: Başına dönüm, padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu
işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki,
bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam.
Heydər bəy: Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın
düşmənlərinin qabağında yuyam.
Naçalnik: ( murova) Vallah yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən
bu işi yuxarı bildirənədək bunları zaminə vermək olarmı?
Murov: Olar.
Əsgər bəy: Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq!
Naçalnik: ( murova) Bunları zaminə ver, ta yuxarıdan cavab gəlincə.
Murov: Baş üstə!
Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, naçalnikin ayağına düşüb
Tükəz: Başına dönüm, mənim ərimi mənə ver!
Naçalnik: (Hacı Qaraya) Kişi, dəxi qaçaq mala getməzsən ki?
Hacı Qara: Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni
bu əməldən qaytardın!
Naçalnik: ( murova) Bunu da zaminə ver.
Hacı Qara: Başına dönüm, bəs malım necə olsun?
Naçalnik: O barədə səbr elə.
Hacı Qara: Qurbanın olum, malım yetişməsə ölləm!
Naçalnik: Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər.
(Bəylərə) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllərlə özünüzü bədnam edib
ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək
dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan—allahın əmrindən çıxan kimidir.
Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər; padşahın əmrindən çıxana bu dünyada;
allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayi-
dövlətin rəhmi çoxdur; olur ki, sizin bu təqsirinizi bağışlanlar. Amma bundan sonra gərəkdir
niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda yaman xəyalları başınızdan
çıxardasınız!
Bəylər: Can-baş ilə nəshətini qəbul edirik, naçalnik!
Naçalnik: (Sona xanımın əlindən tutur) Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi
səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın! Ta yuxarıdan cavab
gəlincə.
Sona xanım: Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə
qoymanam.
Naçalnik: Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz!
(İstiyir getsin.)
Hacı Qara: Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım
24
abbasımı çıxardıblar, buyur versinlər!
Naçalnik: ( murova) Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə
əməlləri tərk ola!
Hacı Qara: Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var,
sənin bu şəfəqqətini unutmayacağam!
Naçalnik uzaqlaşır, dalısınca da adamlar.
Pərdə salınır.
TAMAM OLDU
______
Mənbə: AZERİ.org, 2005
Kitabı skanerdən keçirdi: Şaiq Səfərov
Yoxladı və veb üçün hazırladı: Aynurə Hüseynova
Dostları ilə paylaş: |