Zaqafqaziya sovet cümhuriyətləri federasiyası və Sovet İttifaqına üzvlükləri
1921-ci ilin avqust ayının əvvəllərində Qafqaz Ofisi Zaqafqaziya, Dağıstan və digər Qafqaz muxtar cümhuriyyətləri iqtisadi təşkilatlarının toplantısını keçirmə qərarına gəldi. Bu toplantıda Leninin iqtisadi inkişafla bağlı qərarları ələ alınacaqdı. “Qafqaz İqtisadi Birlik Şurası”na tapşırıqlar verildi. Bu toplantının amacı Qafqaz xalqlarını ilk öncə Rusiyaya bağlamaq deyildi. İlk öncə Qafqaz cümhuriyyətlərini bir-birlərinə bağlayıb, bir-birlərindən asılı etmək idi. Bu çalışma Moskvanın gözündən yayınmadı. 1921-ci il sentyabr ayının 2-də kommunist partiyasının katibi Molotov Qafqaz Ofisinə xəbərdarlıq etdi ki, 1921-ci ilin yanvar ayının 20-də çıxarılan əmrə görə Dağıstan və Qafqaz dağları cümhuriyyətləri Rusiya federativ cümhuriyyəti ilə birləşməlidir. Qafqaz Ofisinin təslim olmaqdan başqa çarəsi yox idi. Bu üzdən də Zaqafqaziya Cümhuriyyətləri İqtisadi Şurasını Bakıda təsis etdi. Bakıda keçirilən toplantıda politbironun nümayəndəsi olaraq Molotov noyabr ayının 3-də Qafqaz federasiyasının təşkili ilə bağlı fikrini açıqladı: “Zaqafqaziya ölkələrinin siyasi təcridi onları burjua ölkələrinin təhdidi ilə qarşı-qarşıya gətirir. Siyasi vəhdət düşmənlərə qarşı bir bəlgədir. Bu siyasi birlik iqtisadi birliyə yol açacaqdır. Birliksizlik iqtisadi böhranı dərinləşdirər. Yoxsulluğu artırar. Cümhuriyyətlər arası yanlış anlamaları artırar. Bu gerçəkləri göz önündə bulunduraraq cümhuriyyətlər arasında hərbi, siyasi və iqtisadi federasiyanın qurulması zəruridir.”1 Federasiyanın əsasnaməsinin təşkili üçün bir komissiya oluşduruldu. Komissiya öz işinə noyabrın 25-də son verdi. Hazırlanmış planları Qafqaz Ofisi vasitəsi ilə Leninə göndərdilər.
Lenin planı gözdən keçirdikdən sonra Qafqaz federasiyası ilə Rusiya federasiyasının arasındakı ilişkilərin mahiyyətinin bəlli edilməsini istədi. Orconikidze dedi ki, bu irtibat Ukrayna ilə Rusiya federasiyası arasındakı irtibat kimi olacaq. Bu şəkildə bir irtibata gürcü bolşeviklərinin “sağ cinahı” etiraz etdi. Medivani Stalinə teleqram göndərdi ki, üç nəfər dışında Gürcüstan Kommunist Partiyasının mərkəzi komitəsi Orconikidzeni Qafqazın “şeytani ruhu” adlandırır. Ayrıca Bakıda təsis edilən komissiyanın gürcü üzvünü Gürcüstan Kommunist Partiyası ilə məşvərət etmədən qərar verməkdə suçladılar. Maxaradze dekabrın 3-də Leninə yazdığı məktubda təkid etdi ki, Zaqafqaziya federasiyasının təsisi ilə ilgili verilən qərar çox tələsik olmuşdur. Bu qərar yuxarıdan gəldiyindən xalq tərəfindən bəyənilməməkdədir. Bu qərar milli duyğuları təhrik etməkdən başqa heç bir işə yaramayacaq.2 Azərbaycanda Axundov və Hüseynov bu qərara qarşı gəldiklərindən Moskvaya çağrılıb töhmət alırlar. Nərimanov federasiya mərkəzinin Bakıda olmasını tələb edir. Ayrıca, Nərimanov Azərbaycana gəlməkdə olan mallara gürcülərin müdaxilə etməsindən də şikayətçidir.3
Lenin ona göndərilən bilgilər əsasında Qafqazdakı yeni qurumlarla bağlı əmrlər göndərir. Lenin təklif edilən əsasnaməni oxuduqdan sonra noyabrın 28-də Stalinə yazır ki, əsasnamənin məzmunu ilə razıdır, ancaq xalqın razılığını əldə etmədən federasiyanı təsis etmək tələskənlikdən başqa bir şey deyil. Lenin təklif edir ki, məsələnin mahiyyətini xalqa anlatmaq üçün geniş təbliğat edilməlidir.4
Ermənistan və Gürcüstan sovetləri üçün seçim yarışı 1921-ci ilin sonlarına doğru başladı. Azərbaycanda Bakı sovetinin nümayəndələri may ayında seçilmişdilər. Ermənistanda kommunist partiyasının ilk konqrəsi 1922-ci il yanvar ayının 26-29 arasında keçirilir. Səs çoxluğu ilə Qafqaz Ofisinin Zaqafqazya Federasiyası təsisi təklifini qəbul edirlər. Yalnız bir neçə üzv cüzi tənqiddə bulundular və tələsik olduğundan gözlənilən nəticəni verməyəcəyini söylədilər. Federasiya ilə bağlı açıqlama vermək Mraviyana həvalə edildi. O, olayın tarixçəsini anlatdıqdan sonra daşnakları atəşin tənqid etməyə başladı ki, hələ də Təbrizdə və İstanbulda sovetlərə qarşı fəaliyyətlərinə davam etməkdədirlər. Daşnakların Təbrizdə çıxardıqları “hayeg” və İstanbulda çıxardıqları “Çakatmart” (savaş) qəzetləri yazırlar ki, federasiya Ermənistanın öz istiqlalından vaz keçməsi və Rusiyanın bir əyaləti olması anlamındadır. Bu, açıqca sovetlərə qarşı təbliğatdan başqa bir şey deyildir. Alman işçi sinifinin dahi oğlu Oqost Bil deyirdi ki, alman işçiləri ilə bağlı söylədiklərimi burjualar qəbul etdiklərində yanıldığımı bilirdim, ancaq onlar mənim dediklərimi tənqid etdiklərində haqlı olduğumu düşünürdüm. İndi daşnaklar bizi tənqid edirlərsə, demək ki, biz doğru yoldayıq. Sonunda da belə nəticə aldı: “İnqilab düşmənlərini yox etmək istəyiriksə, üç Qafqaz cümhuriyyətləri üçün federasiyanın təşkili zəruri idi. İndiki konqrə güclü bir mövqedən çıxış edərək bu haqda fikrini bildirməldir.”5
Gürcüstan Kommunist Partiyasının ilk konqrəsi on gün davam etdi. 1922-ci il yanvarın 23-də başladı və fevralın 1-də bitdi. Orconikidze öz nitqində Gürcüstanın Qafqazda bayraqdar olması gərəkdiyini söylədi. Konqrədə Zaqafqaziya federasiyasının təsisi yekdilliklə qəbul edildi. Ermənistan anayasası kimi Gürcüstan anayasası da Rusiyadan iqtibas edilmişdi. Bu haqda çox dartışmalar oldu. Sosial Federalistlər Gürcüstanın tarım qaynaqlı iqtisadiyyata sahib olduğunu deyir və proletar diktatorluğunun gürcülər üçün keçirli olmayacağını savunurdular.
Yeni iqtidar, yəni Qafqaz Sovetlər Birliyinin mərkəzi Tiflis olaraq müəyyən edildi. Federasyiyanın işlərini Nərimanov, Medivani və Miyasnikian yürüdürdülər. Hər biri növbə ilə federasiyanın rəhbərliyində bulunurdular. Xalq Komiserləri Şurası bunlardan ibarət idi: İlyava (Müdafiə və dəniz komiseri), Sevanidze (maliyə komiseri), Bəkzadiyan (Xarici və ticarət işləri komiseri), Musabəyov (post komiseri), Yəqubov (sosial işlər), Rusavov (daxili işlər). Xarici işlər komiserinə inqilab düşmənləri ilə savaş səlahiyyəti də verildi. Bu dəyişimlər sürəcində Qafqaz komitəsi Rusiya Kommunist Partiyasının Zaqafqaziya komitəsinə dönüşdü. Qafqaz Kommunist Partiyasının mərkəzi komitəsində bunlar var idi: Oraxelaşvili (rəis), Kirov, Nərimanov, Medivani, Miyasnikian, Lukaşin və Maxaradze.
Sovet rəhbərlərini rahatsız edən amillərdən biri də paranın sübatsızlığı idi. Müxtəlif xümhuriyyətlərin paraları hələ bir tək vahid paraya dönüşməmişdi. Bir gürcü rublu 1/5 rus rublu, 3 azəri rublu 4 erməni rubluna bərabər idi. Bu paraların dəyəri o qədər azalmışdı ki, xarici ticarətin müavini sovetlər birliyinə şikayət etdi. O şikayətində yazırdı ki, Batumidə bir liman restoranında o, hesabını türk parası ilə ödəmək zorunda qaldı.6 1923-cü ilin əvvəllərində bütün Qafqazda vahid bir rublun intişarı bu sorunu ortadan qaldırdı. Yalnız Moskva tərəfindən cümhuriyyətlərə dağıdılan altunlar iqtisadi sorunların çözümünə yardımçı olurdu. Bu yolla bu cümhuriyyətlər bəzi əsas ehtiyaclarını xarici ölkələrdən ala bilirdilər. Bu haqda Nərimanov azəri kommunistlərin toplantılarının birində dedi: “Biz bir mərkəzi ticarət təşkilatı təsis etmişik. Ancaq xarici alıcılar üçün altundan başqa sata biləcəyimiz bir şey yoxdur.”7
Müttəfiqlər sovet Rusiyasını iqtisadi mühasirə etdilər. Fransanın çətri altında sovetlərə qarşı Çekslovakiya, Rumuniya və Balkan ölkələrindən oluşan “Kiçik İttifaq” oluşduruldu. Kiçik İttifaqdan məqsəd kommunist Rusiya ilə kapitalist Batı arasında keçilməz sınır bğlgə təşkil etmək idi.8 Sovetlərə ilk dəfə olaraq Avropada bir konferansa qatılması üçün 1922-ci ilin əvvəllərində izn verildi. Müttəfiqlər yanvarın 7-də bir araya gəlib Cenovada Avropa İqtisadi Konferansını keçirməyi qərarlaşdırdılar. Bu konferansın amacı Avropa ölkələri arasında iqtisadi əməkdaşlığı asanlaşdırmaq idi. Sovetlər Birliyi də bu konferansa dəvət edilmişdi. Rusiya konferansa getmədən öncə 7 sovet ölkəsi ilə fevralın 22-də bir müqavilə imzaladı. 7 sovet ölkəsi bunlar idi: Ukrayna, Bilarusiya, Ermənistan, Azərbaycan, Gürcüstan, Buxara, Uzaq Doğu. Bu 7 ölkəni təmsil edəcək tam yetkili bir nümayəndə heyyəti Cenovaya göndərilməli idi. Ancaq bu, gələcəkdə sovet ölkələrinin Moskvadan bağımsız olaraq xarici ölkələrlə irtibat qurmalarına mane olmurdu. Gürcüstan və Azərbaycanın Avropa kapitalistləri üçün çox önəmi olduğundan bu iki ölkənin nümayəndə heyyətinin tərkibində bulunmasına önəm verildi. Belə bir məsələ ortaya çıxdı ki, bu dövlətlərin nümayəndəliyini kim öz üzərinə götürməlidir? Bu haqda böyük dartışmalara ortaya çıxdı. Lord Curzon Gürcüstan qonusunda əndişəli idi və o, Qafqazın Rusiyadan qopuşundan yana idi. Bu üzdən də dedi “Avropanın iqtisadi durumunu incələmək istəyən bir toplantıya Asiya qitəsində yerləşən Zaqafqaziya ölkələrinin qatılma haqları yoxdur.”9 Ayrıca, belə nəzərə gəlirdi ki, artıq İngiltərə Rusiyanın iqtisadı onarımına yardımçı olmaq istəmir. Bunun səbəbi Amerikadan qorxması idi. Amerikalılar özləri iştirak etmədikləri hər növ petrol anlaşmasını şübhə ilə qarşılayırdılar. Cenova konfernsının 1922-ci il mart ayının 8-də keçirilməsi nəzərdə tutulmuşdu. İqtisadi uzmanların Londonda bir toplantı keçirmələri göz önündə bulundurularaq aprel ayının 10-na ertələndi. Sovet nümayəndə heyyəti Çiçerinin başçılığında 12 nəfərdən ibarət idi. Heyyətin içində Nərimanov, Medivani və Bəkzadiyan tanınmış adlar idi. Müttəfiqlər Qafqaz petrolunun milliləşdirilməsinin əleyhinə idilər və bunun ləğv olmasını istəyirdilər. Ancaq sovet nümayəndə heyyəti bunu qəbul etmədi. Bu arada Cenovada yayılan “Kaftara” adında bir qəzetdə Gürcüstan caslığının (papazının) məsajı dərc olundu. Papaz Gürcüstandan qızıl ordunun çəkilməsi və azad referandum keçirləməsini istəyir və müttəfiqlərin buna yardımçı olmalarını tələb edirdi. Şübhəsiz ki, bu, sovet rejiminin Gürcüstandan uzaqlaşdırılması anlamında idi.10 Türkiyənin xarici işlər naziri İzzət paşa ölkəsinin konferansa üzv olmasını istədi. Toplantıya Paris ermənilərinin nümayəndələri də qatılmışdı. Bu haqda İzzət paşadan sual soruşdular. O da dedi ki, biz bu an İrəvanda hökümətdə olan bolşevik erməni dövləti ilə münasibətdəyik. Biz o hökümətlə müqavilə bağlamışıq və tək səlahiyyətli nümayəndə heyyəti də onlardan ola bilər. Müttəfiqlərin bu doğrultuda başqa alternativ düşünmələri boşuna çabadır.11 Cenovada müttəfiqlər və sovetlər arasında heç bir müqavilə bağlanmasa da, aprelin 16-da İtaliyanın Rapollo şəhərində sovetlərlə Almaniya arasında bir müqavilə imzalandı. Bu müqavilə ilə də sovet dövləti Almaniya tərəfindən rəsmiyyətə tanındı.
Dostları ilə paylaş: |