Sovet Sosialist Cümhuriyətləri birliklərini elan edir
1922-ci il dekabrın 27-də bütün Rusiya sovetlərinin 10-cu konqrəsində Stalin Sovet Sosialist Cümhuriyyətlər Birliyinin təsisi ilə bağlı zərurətləri bu şəkildə açıqladı: “3-4 ay öncə sovet cümhuriyyətləri ilə Rusiya Federal Cümhuriyyəti arasında yaxınlığın sağlanması üçün bir hərəkət başladı. Bu hərəkətin maraqları bundan ibarət idi: 1- İqtisadi məsələlər. İş bölümünün daha yaxşı səviyəyə yüksəlməsi və irtibat yollarının birliyi. 2- Xarici məsələlər. Xarici təhdidlər tam olaraq ortadan qaldırılmamışdır. Ayrıca, iqtisadi baxımdan biz özümüzü təcrid etməməliyik. 3- Daxili məsələlər. Bizim ölkəmizdə ən az 30 milliyyət var. Tarixi zərurət onları birləşməyə məcbur etmiş. Bu birləşmə kapitalist ölkələrində olduğu kimi, bir millətin digərlərinə üstünlüyü anlamında deyil. Daha öncə müstqəl olan ölkələr öz sosialist hökümətləri ilə sovet modeli bir araya gəlməkdədirlər. Yoldaşlar, bizim sosialist birliyimiz uluslar arası kapitalizm arasında bir dirəniş qalasına dönüşməlidir. Yeni qurulmuş olan işçilər hökümətimiz dünyanın hər yerində işçilərə yardımçı olmalıdır.”19 Konqrə Stalinin hesabatını təsdiqlədi. Yaxşı olar bir neçə digər nümayəndələrin də söhbətlərindən örnəklər verəlim:
Musabəyov: Azərbaycan fəxr edir ki, Bakı proletariyatının nümayəndəsi olan Stalin tərəfindən təmsil olunmaqdadır. Azərbaycan sovetləşdiyi ilk gündən bəyan etmişdir ki, onun petrolu bütün sovet cümhuriyyətlərinə aiddir.
Lukaşin: Biz Ermənistanda müşahidə etdik ki, milli burjua partiyaların fikirlərindən azad olan xalq kütləsi sovet rejiminə qarşı qismən də olsa bədgüman olmuş. Ancaq xalq anladı ki, bu rejim onları gerçəkdən azad edəcək. Sovet rejiminin doğumundan iki il sonra biz yəqin etdik ki, bu, necə deyərlər istiqlal, inkişafımızın önünü kəsən iqtisadi axmaqlıqdan başqa bir şey deyilmiş.20
Dekabrın 30-da Sovet Cümhuriyyətlərinin ilk konqrəsində Stalin 1667 nümayəndə qarşısında Federal Rusiya Cümhuriyyəti, Ukraynan, Bilarusiya və Zaqafqazıya nümayəndə heyyətinin təsdiqlədiyi bəyaniyyəni oxudu: Sovet cümhuriyyətlərinin təsisindən bəri dünya iki qütbə ayrılmışdır: Bir tərəfdə imperialist ölkələr, digər tərəfdə sosialist ölkələr durmuşdur. Birinci qütbdə milli rəqabətlər, ədalətsizliklər, quldarlıq və aşırı vətənsevərlik duyğuları hakimdir. İkinci qütbdə isə, barış, qarşılıqlı güvən, milli azadlıq, bərabərlik və xalqların dostluğu hökm sürməkdədir.
Gələcəkdə anayasanın təməlini oluşduracaq bu bəyaniyyə bu sözlərlə bitirdi: “Sovetlərimiz tərəfindən bizə verilən səlahiyyətlərə dayanan biz sovet cümhuriyyətlərinin nümayəndələri bir müqavilə imzalama qərarına gəldik. Bu müqaviləyə görə Sovet Sosialist Cümhuriyyətlər Birliyi yasallaşmışdır.”21 26 maddədən ibarət olan bu yeni müqavilə yeni hökümətin də şəklini bəlli edirdi. Moskva başkənd elan edildi. Konqrə 371 əsas və 138 ələlbədəl üzvü olan yeni icraiyə komitəsi seçdi. İçlərində Nərimanov, Miyasnikian, Musabəyov, Lukaşın və Oraxelaşvilinin də buluduqları və 26 nümayəndə Qafqaz ölkələrindən idi. Konqrə keçici bir heyyət təyin etdi. Nərimanov, Miyasnikian və Medivani bu heyyətin üzvləri idi. Heyyətin rəhbərliyi növbə ilə Kalinin (Rusiya), Petrovski (Ukrayna), Çerniyakov (Bilarusiya) və Nərimanov (Qafqaz) arasında dəyişəcəkdi. 1923-cü il iyulun 6-da federal anayasa planı təsdiqləndi və dərhal tətbiq edilməyə başlandı. Ancaq sovetlərin konqrəsi tərəfindən təsdiqlənməsi Lenin ölümündən 10 gün sonra 1924-cü il yanvarın 31-də təsdiqləndi. Çünkü Lenin dekabrın 12-də Moskvaya dönmüşdü və sağlığının yerində olmaması səbəbi ilə toplantıya qatıla bilməmişdi. Dekabrın 30-da Sovet Cümhuriyyətlərinin Birliyi elan edildi. Bu gün Lenin xəstəlik yatağından milliyyət və muxtarlıqla bağlı bir məktub yazdı. Qafqazın durumundan etkilənərək yazdığı məktubda deyilirdi: “Qafqazdan yenicə dönən Dzerjinski ilə müzakirə edirdim. O, bu kimi məsələlərin Gürcüstanda necə ortaya qoyulduğunu mənə anlatdı... Mən çox əndişəliyəm. Orconikzenin fiziki gücə əl ataraq birini kötəklədiyini öyrəndim. Bu, bizim necə bir bataqlığa saplandığımızı göstərməkdədir. Orconikidze mənim yaxın dostum olsa da, cəzalandırlmasından yanayam. Bu muxtarlıq məsələsi başlanğıcdan yanlış və tələsik idi. Bunu tətbiq etmədən öncə dövlət sisteminin olqunlaşmasını gözləməliyik. Açıqca söyləyirəm ki, bu muxtarlıq olayı bizim görüşümüzlə uyğun deyil. Burda çar və burjua özəllikləri sezilməkdədir. Belə bir durumda birlikdən ayrılma məsələsi boş şüardan başqa bir şey ola bilməz. Xalqlar rus şovinizmi qarşısında savunmasız buraxılmışdır.”22 Ayrıca, Lenin qövmlərin “sosial nasionalizm”inə qarşı olanları da tənqid etdi. Bu tənqid Dzerjinskiyə də aid olurdu. Bir gün sonra Lenin notlarını yazmağa davam etdi: “Hakim və əzici ölkənin millətçiliyi ilə əzilən ölkənin millətçiliyi arasında fərq var. Bu fərqi görmək zorundayıq. Bunu dərk etməyənlər, proletariyanın milli məsələ ilə bağlı nəzəriyyəsini anlamamışlar. Tam tərsinə, onlar kiçik burjua nəzəriyyəsinə daha yaxındırlar. Mütləq bərabərliyin bir anlamı yoxdur. İlk əvvəl daha öncə hakim dövlət və millət tərəfindən fərqli millətlər üzərinə tətbiq edilən basqıları və bu xalqların şübhələrini ortadan qaldırmaq lazımdır. Şərq millətlərinin oyanış çağında milliyyətlərlə bağlı bizim siyasətimizin məğlub olması ədalətli olmaz. Bu siyasət Qərb imperialistlərinin siyasətinə bənzəməkdədir.”23 Beləcə Lenin Şərqlə bağlı inancını bir daha da yenilədi. Ruslardakı vətənsevərlik duyğusunun canlı qalması Lenini incidirdi. O, Dzerjinski ilə müzakirədən sonra daha da çox əndişələnməyə başladı. 1923-cü il yanvarın 25-də Politbiro Gürcüstan Kommunist Partiyasında sağlamlaşdırma aparmaq üçün Orconikidzenin vəzifəsini dəyişdirdi. Lenin politbironun bu işindən xəbərdar olduğunda xahiş etdi ki, Dzerjinskinin hesabatını ona çatdırsınlar. Stalin bu zaman partiyanın başkatibi təyin edilmişdi. Bu sənədi Lenindən gizlətmək istəyirdi. Ona görə də bəyan etdi ki, bu, politbironun təsdiqindən sonra Leninə təqdim edilə bilər. Ancaq sonunda təslim olmaq zorunda qaldı və sənədləri Leninə təqdim etsə də, məxfi qalması üçün çalışdı. Çox ağır xəstə olan Lenin katiblərini bu hesabatı incələməyə çağırdı. Onların necə nəticə çıxardıqlarını bilmirik. Ancaq Lenin martın 5-də Trotskidən istədi ki, mərkəzi komitənin ümumi toplantısında gürcüləri savunmağı öz üzərinə götürsün. Çünkü “Böyük ehtimalla gürcülər Stalin və Dzerjinski tərəfindən incidilməkdədirlər. Mən Stalinin və Dzerjinskinin tərəfsiz olduqlarına inanmıram. Bu iki nəfər heç bir zaman tərəfsiz olmamışlar.”24 Trotski çox məharətlə bu görəvi üzərinə götürməkdən vaz keçdi. Ancaq aprel ayında keçirilən kommuunist partiyasının 12-ci qurultayında öz fikirlərini açıqlayaraq Stalini tənqid etdi.
Lenin Medivani və Kaftaradzeyə bir məktub yazaraq onun bir üzünü də Kamenevə göndərdi: “Gürcüstan məsələsini mən səmim qəlblə təqib edirəm. Orconikidze və Dzerjinskinin kobud davranışlarından bezmişəm. Bu üzdən də sizə bir yaddaş göndərəcəyəm.”25 Bu, Leninin ən son yaddaşı idi. Bir gün sonra Stalin Orconikidzeyə yazdı: “Əziz Serqo, Kamenev vasitəsi ilə Leninin Maxaradze və başqalarına məktub yazdığını eşitdim. Bu sapıqlarla Lenin dərddaşlıq etmiş. Lenin yazdığı bu məktubda sənə və yoldaş Dzerjinskiyə xoşa gələməyən sözlər söyləmiş. Belə anlaşılır ki, Lenin bizim müxaliflərimizi savunmaq istəyir. Bu məktubdan yararlanaraq sənə və Miyasnikiana qarşı təxribat aparacaqlar.”26 Daha sonra Stalin ona ehtiyatlı olmasını təklif edir.
Belə etimadsız bir ortamda Gürcüstan Kommunist Partiyasının ikinci konqrəsi martın 14-də Tiflisdə kiçirilirdi. Partiyanın içində güvənsizlik baş alıb gedir. Kamenev müşahidəçi kimi göndərilmişdi. Ortaya çıxan durumdan narahat olan Kamenev dedi: “Bu partiya ən əski partiyadır və başqalarına örnək olması gərəkirkən güvənsizlik içində qərq olmuşdur.” Üzvlərin arasında güvənin təmin olmasını istəyir. Medevani toplantı davam etdiyi müddətcə federasiya fikri ilə müxalifət etdi və dedi: “Siz, federasiyanı şəkil olaraq qəbul edirsiniz. Ancaq anlamırsınız ki, bu durum bizim istiqlalımızın əldən getməsinə səbəb olacaqdır.”27 Partiyanın konqrəsi Azərbaycanda və Ermənistanda sakit mühitdə keçir. Federasiyanı qəbul etməyən Nərimanov, Kirov qarşısında təslim olmaq zorunda qalır. Azərbaycan Kommunist Partiyasının konqrəsində Kirov dedi: “Xatırlayıram ki, biz Federasiya haqqında danışdığımızda bəzi yoldaşlar bunu Güney qonşularımızın yanlış anlayacaqlarını söyləmişdilər. Bunu Qafqaz cümhuriyyətlərinin istiqlalının ləğvi kimi anlayacaqlarını söyləmişdilər. Təcrübə bizə göstərdi ki, bu narahatçılıqların əsası yox imiş.”28 Ermənistanda Lukaşin federasiya fikrinin xalq istəyi olduğunu duyurdu: “Müxaliflər Leninin xəstəliyindən istifadə edərək partiyanın ümumi xəttindən sapmaq istəmişdilər. Ancaq mərkəzi komitənin duyarlılığı nəticəsində onların oxu daşa dəydi.”29
Zaqafqaziya bolşevik təşkilatlarının ikinci konqrəsi martın 19-da Tiflisdə öz işinə başladı. Bu konqrədə 250 nümayəndə iştirak edirdi. 115 gürcü, 72 azəri, 35 erməni və 25 nəfər də qızıl ordudan idi. Bir daha federasiya haqqında dartışmalar başladı. Medivani Maxaradzenin himayəsi ilə isbat etməyə çalışdı ki, Qafqaz ölkələrinin iqtisadiyyatı heç də bir-birinin bütövləşdiricisi deyil. Petrolun dışında bu ölkələrin mübadilə edəcək heç bir şeyləri yoxdur: “Sizə söyləməm gərəkir ki, düzəltdiyiniz bu Zaqafqaziya cümhuriyyətləri davam etməyəcəkdir” Bir daha israr etdi ki, hər cümhuriyyət müstəqil olaraq sovet ittifaqına daxil olmalıdır. Orconikidze bəhanə etdi ki, bu, Qafqazda sağlanmış olan barışı poza bilər. Ancaq davam etdi ki, Leninin formuluna görə “itaətkarana özünü rus şovinizminə təslim edənlər də doğru yolda deyillər.”30 Əcəba, onun 180 dərəcə dönüş yapması Stalindən gələn məsaj üzündənmi idi? Stalin Kamenevin politbiroya hesabat verəcəyi xəbərini duyduğundan martın 21-də ona xəbərdarlıq edir ki, “Zaqafqaziya cümhuriyyətlərinin statusunu Kırım muxtarlığının altına düşürməmək gərəkir.”31 Martın 31-də politbironun ümumi konferansı keçirildi. Trotski Orconikizdenin tutumuna etiraz etdi və onun Qafqazdan geri çağrılmasını istədi: “Gürcüstan kommunist partiyasında azınlıqların nümayəndələri olan yoldaşlarımızın yollarını sapdıqlarını sanmamalıyıq. Onların yanlış olaraq görünən davranışları Orconikidzenin xətalı davranışlarına təpki kimi ortaya çıxmışdır.”32 Bu görüş politbiro tərəfindən dəstəkləndi.
* * *
Lenin xəstələndikdən sonra Stalinin partiyadakı yeri daha da yüksəldi. O, milliyyətlərlə bağlı Leninin tezislərini yaymaq üçün də özünə haq qazandırdı. Bu tezislərdə Stalinin görüşləri tənqid edilmişdi. Ancaq yenə də 1923-cü il aperin 25-26-da keçirilən toplantıda rus şovinizmi ilə bağlı olaraq Leninin fikirlərini təkrarladı. O, çardan qalma aşırı rus vətənsevərliyini tənqid etdi. Bunun digər millətlərin ruslara qarşı şübhəli davranmasına səbəb olduğunu söylədi. Stalin dedi ki, bəzi cümhuriyyətlərdə vətənsevərlik savunma metdunu deyil, saldırqanlıq metdounu qullanmaqdadır. Medivani məsxərə bir ləhn ilə Stalinə cavab verdi: “Əbədi şübhə siyasətini bir yana buraxın və bizə söyləyin ki, sizin siyasətiniz milliyyətlərlə bağlı nədir? Bizim Qafqazla bağlı siyasətimiz necə olmalıdır? Ayrıca, yoldaş Stalin, siyasət fərdlər üçün yaradılmış, yoxsa fərdlər siyasət üçün?”33 Maxaradze Orcinikidzenin gürcü müxaliflər haqqında qullandığı “sapıq” sözünün protokoldan çıxarılmasını təklif etdi. Orconikidzeni Gürcüstan kommunist partiyasında ortaya çıxan problemlərlə ilgili sorumlu göstərdi. Orconikidze rişxəndlə cavab verdi: “Maxaradze Gürcüstan kommunist partiyasının ilk qurultayında müxaliflərə qarşı “sapıq” sözünü qullanan ilk adam olmuşdu.” Stalin Medivaniyə cavab olaraq dedi ki, Rusiya kommunist partiyası tərəfindən milliyyətlərlə bağlı doğru siyasətin tətbiq ediləcəyinə kimsə şübhə etməsin. Medivaninin iddialarının tərsinə olaraq Zaqafqaziya federasiyasının iqtisadi birliyi Qafqazın inkişafına xidmət edəcək. Bu da sovetlərin təqib etdiyi hədəfdir. Daha sonra Medivanini partiyanın əmrlərinə qarşı gəlməklə suçladı.34 Lukaşin dedi ki, Gürcüstan kommunist partiyası təkbaşına federasiyanın aqibəti ilə bağlı qərar qəbul edə bilməz. “Rus vətənsevərliyindən qorxursunuzsa, bölgəsəl vətənsevərlikdən də qorxmalısınız. Sapıq yoldaşlar ayrı-ayrılıqda sovet ittifaqına üzv olmaq istəyirlər. Bununla da Ermənistan və Azərbaycanla əlaqələrini kəsmək istəyirlər. Yaxşı olar Medivani yoldaş bizə açıqlasın ki, onların dediyi gerçəkləşərsə, daşnaklarla və menşeviklərlə necə mübarizə aparacaqlar?”35 Azərilərin nümayəndəsi Ruhulla Axundov olayların mahiyyətindən xəbərsiz olduğunu bildirdi və sordu: “Zaqafqaziya federasiyası ilə Zaqafqaziya cümhuriyyətləri arasında nə fərq var ki, sapıqlar bu haqda bu qədər danışırlar?”
Konqrənin son toplantısında medivani rus və Qafqaz federasiyalarının Sovet Sosialist Cümhuriyyətlər Birliyinə üzv olmamalarını istədi. Onun bu fikrini Buxarin və Ukraynadan Rakovski kimi şəxslər dəstəkləyirdi. Stalin cavab olaraq dedi: “Bu Sultan Qaliyevin fikri idi. O, ayrı rus cümhuriyyətinin qurulmasından yana idi.”36 Milli məsələnin dartışıldığı toplantıda bu təklif rədd edildi. Stalin Mərkəzi İcraiyə Komitəsinə paralel olaraq bir də Milliyyətlər Məclisinin təsisini təklif etdi. Bu məclisdə bütün milliyyətlərin sorunları incələnsin dedi. Rakovski buna etiraz edərək “Bu, içi boş bir formuldur. Milliyyətlərin sorunları ilə bağlı heç bir iş görə bilməz. Bu, problemlərin üstünə pərdə çəkərək rus qudrətini önə çıxarmaqdadır” dedi. Milli məsələlərlə bağlı qətnamənin hazırlanması Stalinə, Frunzeyə və Radekə tapşırıldı. Aprelin 25-də qurultayın son oturumunda Stalin qətnamənin mətnini oxudu:
Oktyabr inqilabından sonra milli proqramları gerçəkləşdirmək üçün çar rejimindən bizə miras qalmış bir çox problemləri çözməliyik. Biz bütün bu problemləri birdən-birə və bəlli bir zamanda çözə bilmərik. Ukrayna, Bilarusiya, Azərbaycan və Türküstan kimi bəzi cümhuriyyətlərdə işçi sinifinin əksəriyyəti sovet rejiminin tərəfdarı olsa da, yenə də bu sorunun çözümü asan deyildir. Bəzi cümhuriyyətlər və qövmlər hələ kapitalizm mərhələsini yaşamamışlar. Bu baxımdan proletariya sinifindən məhrum olduqlarından özlərini inkişaf etmiş millətlərin səviyyəsinə çatdıra bilmirlər. Millətlər arasındakı bərabərsizliyi ortadan qaldırmaq üçün geri qalmış olanların iqtisadi və mədəni inkişafına imkan yaratmaq lazımdır. Bölgəsəl milliyyətçilik millətlərə əziyət verməkdədir. Bu, əski rejim tərəfindən tətbiq edilməkdə idi. Hələ bu məsələnin şərindən qurtulmamışıq. Bu üzdən də ruslar tərəfindən verilən hər bir qərar digər milliyyətlər tərəfindən şübhə ilə qarşılanmaqdadır. Görürük ki, bəzi cümhuriyyətlərdə savunmacı nasionalizm saldırqan nasionalizmə dönüşmüşdür. Gürcüstan və Azərbaycanda ermənilərə qarşı, Türküstanda özbəklər türkmənlərə və qazaqlara qarşı... Rus milliyyətçiliyi ilə mübarizə ediləcəksə, bu, digər milliyyətçilikləri azad buraxmaq anlamına gəlməz. Bu birlik vahid bir dövlət çərçivəsində yeni əməkdaşlıq şəklidir. Haqqında söhbət edilən bütün önyarqılar ortadan qaldırlmalıdır. Təsis edilən yeni orqanlar bütün milliyyətlərin sorunları ilə uğraşmalıdır. Milliyyətlərin zərurətlərini anlamağa çalışmalıdır. Bu üzdən də milliyyətlərin nümayəndələrindən ibarət olan bir məclisin təsisi zəruridir. Məhəlli dili və mədəniyyəti bilməyən təcrübəli rus kadrlarının bu orqanlarda yerləşdirilməsi partiya və xalqlar arasındakı uçurumu dərinləşdirə bilər.37
Aprelin 27-də konqrə milliyyətlər sovetinin təsisini təsdiqlədi. “Sovet Cümhuriyyətləri İttifaqı” üçün 5 komiserliyin təşkilinə qərar verdi: “Xarici işlər, Savaş və dəniz işləri, Xarici ticarət, Yol və nəqliyyat. Ayrıca 5 ortaq komiserlik də təsis edildi. Bu komiserlikdən hər biri öz alt qatını cümhuriyyətlər də təşkil edirdi: Maliyyə, ərzaq, İş, iqtisad, yarqı. Daxili işlər, ədliyyə , təhsil cümhuriyyətlərin özündən asılı qaldı. Ölkənin siyasi idarəsi sovet ittifaqı komiserliyinə yüksəldi.
* * *
Ukraynanın xarici işlər və xarici ticarəti ortaqlaşdırma təlaşı da nəticə vermədi. Buna cavab olaraq Stalin dedi: “Bu, bir növ konfederasiyaya doğru hərəkət ola bilər. Ancaq biz cümhuriyyətlərdən oluşan bir federasiya qurmaq istəyirik. Vahid bir dövlət ki, cümhuriyyətlərin varlığına zərər verməyəcək.”38
12-ci qurultaydan sonra Stalin özünü yeni dövlətin mərkəzində yerləşdirdi. Öldüyü ana qədər onu dəmir pəncəsi ilə yönətdi. Medivani 1923-cü ilin iyun ayında bütün görəvlərindən uzaqlaşdırıldı. 1937-ci ildəki Stalin hesablaşmalarında öldürüldü. Qurultayda Stalini savunanlar da Medivaninin aqibətini yaşadılar. Orconikizde, Nərimanov, Lukaşin, Oraxelaşvili və... hamısı Medivaninin aqibətini yaşadılar. Stalinə qarşı çıxan Rakovski, Maxaradze, Kaftaradze kimi müxaliflər də öldürüldülər.
1936-cı il dekabrın 5-də yeni “Stalin” anayasası elan edildi. Sovetlər konqrəsi və mərkəzi icraiyə komitəsi yerlərini ali sovetə buraxdılar. Ali sovet iki məclisdən ibarət idi və hər 4 ildə bir yol vətəndaşlar tərəfindən nümayəndələri seçilirdi. Yeni anayasanın 13-cü maddəsinə görə Zaqafqaziya federasiyası ləğv edildi və Qafqaz cümhuriyyətləri daha əski durumuna geri döndülər. Qazaqıstan və Qırqızıstan cümhuriyyətləri də qurulduqdan sonra cümhuriyyətlərin sayı 7-dən 11-ə yüksəldildi. Ermənistan, Azərbaycan və Gürcüstan Sovet Sosialist Cümhuriyyətləri Orta Şərq xalqlarına bir vitrin olaraq yenidən təsis edildi.
Nəticə
Çar Rusiyası yüzildən artıq bir zaman sürəcində müxtəlif millətlərin və mədəniyyətlərin məkanı olan Qafqazı öz əyalətlərindən birinə dönüşdürmüşdü. Qafqaz ermənilər, gürcülər, azərilər hər növ milli azadlıqdan Çar rejimi dönəmində məhrum buraxılmışdılar. Bu üç Qafqaz qövmü zahirən Çar rejimi dönəmində problemsiz yaşayır və aralarında bir sorun yox idi. Ancaq cəmiyyətin artışı, sosial dəyişikliklər və iqtisadi inkişaf bu qövmlərin arasında dərin uçurumlar oluşdurdu, ziddiyyətlər doğurdu. Bu durum, özəlliklə əskidən krallıq olan Gürcüstanda və xanlıqlar olan Azərbaycanda görülməkdə idi. Ermənilər öz ölkələrində iş tapa bilmədiklərindən iş axtarmaq üçün bu iki Qafqaz ölkəsində daha çox barınmışdılar.
Çalışqan və sənət adamı olan ermənilərin bu ölkələrdə qısa sürədə maddi imkanlar qazanmaları və bu ölkədə yaşayanlara da qazandırmaları onlara qarşı düşmənlik duyğusunun oluşmasına yol açdı. Çar rejimi bunu sezdi və bundan yararlanaraq azadlıq və milli istəkləri yolunda mübarizə aparan bu üç Qafqaz xalqını bir-birinin canına düşürdü. Ancaq Qafqazda qurulan partiyalar bunun fərqində idilər. Çar rejiminin əlində alət olmamağa çalışırdılar. Bu partiyalar məhdud milli mənafelərini qoruyaraq bölgənin sosial mənafeyini də göz önündə bulundurmağa çalışırdılar. Zahirən sosialist rəngi olan bir növ ideologiyanı tərcih edirdilər. Birinci Dünya Savaşında Türkiyə-Rusiya savaş cəbhəsinin yaxın olmasına baxmayaraq bu təmayül daha da artmağa başladı. Ermənilərə görə, yalnız “xristian hamisi” olan Rusiya Ermənistanı Osmanlı qarşısında qoruya bilərdi. Azərbaycan müsəlman bir ölkə olaraq şimal tərəfi Rusiya tərəfindən işğal edilmiş və cənub tərəfi tərəfi İranda qalmışdı. Azərbaycan siyasi və və mədəni baxımdan türklərlə çox yaxın idi. Ərazi bütövlüyünü Rusiya imperatorluğu tərkibində qoruyan Gürcüstanın bir amacı var idi: Liberal bir Rusiya tərkibində daha çox milli istiqlal əldə etmək. Bu üç millətdən heç biri aqibətlərini Rusiyadan ayrı təsəvvür etmirdi. Ayrıca, bu durum Petroqradın keçici hökümətinin məsajı və Fövqəladə Zaqafqaziya Komitəsinin təsisi ilə gerçəkləşmiş oldu.
Oktyabr inqilabının gerçəkləşməsi və rus ordusunun Qafqazdan geri çəkilməsi bölgə siyasi rəhbərlərini bəklənmədik bir duruma soxdu. Onlar belə bir vəziyyətə hazır deyildilər. Nə yazıq ki, onları təhdid edən təhlükələr qarşısında milli təəssüb üstün gəldi. Bu da Qafqazın türklər və almanlar tərəfindən işğal edilməsinə imkan yaratdı.
Bu arada, yalnız kommunist partiyası beynəlxalq yardımlaşmadan danışırdı. Mübarizləri milliyyətlərindən asılı olmayaraq öz səflərində birləşdirirdilər. Kommunistlər milliyyətindən asılı olmayaraq bütün qafqazlıların haqlarını savunduqlarını iddia edirdilər. Bu düşüncənin ən parlaq simaları Stepan Şaomiyan idi. Onlara görə, yalnız Vahid Proletariya Cəbhəsi Qafqazda barış sağlaya və türk təcavüzünə qarşı ortaq savunma cəbhəsi oluşdura bilərdi. Ancaq milli duyğular bu ideologiya ilə qarşılaşdığında onu yendi. Bu yenilgənin səbəbini bolşevik hərəkətin başlanğıcda Qafqazda zəif olması ilə bağlamaq olar. Qafqazda Bakı istisna olmaqla proletariya demək olar ki, yox idi. Geri qalmış və gözlərdən uzaq yaşayan kənd proletariyası internasionalizmdən deyil, məhəlli burjua tərəfindən təbliğ edilən nasionalizmə meylli idi. Ayrıca sovet Rusiyasının mənafesi əbədi Rusiya mənafesi ilə üst-üstə düşməyə başlamışdı. Bu da Qafqaz və digər qövmlərin mənafeyi ilə ziddiyyət təşkil etməkdə idi. Bu durum hər gün bir az daha bolşevik görüşləri yerləşdirmək istəyən Kremlin rəhbərlərinə qarşı şübhə oluşdurmaqda idi. Kremlin rəhbərləri əski romalılar kimi düşünürdülər ki, Romaya uyğun olan bütün xalqlar üçün uyğundur.
Bolşevik rejimin davam etməyəcəyinə inanan siyasi rəhbərlər düşünürdülər ki, bolşevik rejim müttəfiqlərin yardımı ilə məğlub ediləcək və bunun yerinə liberal bir rejim qurulacaqdır. Liberal rejimin qurulması ilə xalqlara da daha çox otonim haqlar veriləcəkdi. Bu, Qafqazda bolşevik əleyhdarı olan siyasi rəhbərlərin hesabları idi. Bu üzdən də onlar sonuna qədər antibolşevik siyasət izləyərək müttəfiqlərlə əməkdaşlıq etdilər. Hətta kommunizm təhlükəsindən qorunmaq üçün türklərlə əməkdaşlıq etməyi də gözə aldılar.
Müttəfiqlərin Qafqaz politikası iki yönlü idi və Rusiyadakı olayların axışına görə dəyişirdi. Ağların ordusu kommunistlərlə savaşdıqları sürəcə müttəfiqlər Qafqazın Rusiyadan ayrılmasına ehtiyatla yanaşırdılar. Ancaq qızıl ordu Denikinin ordusunu məğlub edib Azərbaycana yaxınlaşdıqdan sonra müttəfiqlər “de fakto” olaraq Qafqaz cümhuriyyətlərini rəsmiyyətə tanıdılar. Bu cümhuriyyətlərə silah və ərzaq yardımında bulundular. Qafqazın ingilislər tərəfindən işğalı bu üç cümhuriyyətin möhkəmlənməsinə heç bir yardım etmədi.
Bəlli oldu ki, Leninin müsəlman Şərq ölkələrində kommunist rejim qurma arzusu xəyaldan başqa bir şey deyilmiş. Bunun səbəbi Bakı qurultayında bəlli oldu. Qurultayda sürəkli nasionalist duyğular partlaq verir, bolşevik təbliğatların təsirsizliyi ortaya çıxırdı. Türkiyə-sovetlər işbirliyindən hər kəsdən daha çox Mustafa Kamal yararlansa da, Ermənistan ortalıqda qurbanlıq edildi. Rusiya imperatorluğunu sarsmış olan inqilab nəticəsində Ermənistan yenidən tarixdə öz adı ilə ortaya çıxma fürsəti əldə etmişdi. Ancaq ölkənin əsası çox zəif idi. Şübhəsiz ki, bolşevik Rusiya və Türkiyəyə qarşı düşmənlik edərək Ermənistan öz varlığını sürdürə bilməzdi. Müttəfiqlər həm Türkiyənin, həm də bolşevik Rusiyanın düşməni idi. Ermənistan bundan yararlanaraq ayaqda durmağa çalışırdı. Bu siyasətin də məğlubiyyətlə nəticələnəcəyi başından bəri bəlli idi. Müttəfiqlər tarixi Ermənistan sınırları içərisində erməni dövlətinin qurulmasından yana olsalar da, erməni istiqlalı üçün Türkiyə ilə savaşacaq niyyətdə deyildilər. O zaman bolşeviklərin qələbəsini düşünmək çox çətin idi. Bəzi “uzmanlar” belə, bolşeviklərin yeniləcəklərinə inanırdılar.
Bolşeviklər isə, düşünürdülər ki, yalnız sovet Rusiyasının yardımı ilə Ermənistan öz müstəqilliyini saxlaya bilər. Ancaq bolşeviklərin də 1914-cü il sınırları içində erməni dövlətini qoruma çabaları nəticəsiz qaldı. Bolşeviklərin azınlıqların haqlarını qoruma iddialarının yanı sıra bir də cahanşümul inqilabın mənafeləri iddiaları var idi. Erməni mövzusunda cahanşümül inqilab mənafeyi iddiası azınlığın haqqını savunma iddiasına qalib gəldi.
Azərbaycan məsələsi fərqli idi. Azərbaycanın müttəfiqi olan Türkiyə o ölkəni ruslara buraxsa da, Ancaq Azərbaycanın İslam Dünyasına mənsub olması onun üçün bir imtiyaz sayılırdı. Bolşevik rejimin İslam Dünyasına açılmaq niyyəti Azərbaycanın qalmasına yardımçı oldu və dolayısıyla Azərbaycan öz qonşusu olan ermənilərin zərərinə Türkiyənin ərazi baxımdan genişləməsinə yararlı oldu. Ayrıca, rusların təsdiqi ilə petrolla zəngin olan bölgədə Azərbaycan adında ölkənin möhkəmlənməsi mümkün oldu.
1918-ci ildə Zaqafqaziya Federasiyasının təşkili təşəbbüsündə bulunan Gürcüstan öz istiqlalını qorumaq üçün daha çox şansa sahib idi. Çünkü müttəfiqlərin kontrolunda olan Qaradənizə bağlı idi. Gürcü bolşevik partiyası bu zaman rusların Gürcüstana silahlı müdaxiləsindən yana deyildi. Stalin və Orconikidze kimi gürcü bolşeviklər Moskvanı etkiləyirdilər. Politbiro Gürcüstana saldırıya qarşı olsa da, Stalin və Orcinikidze əks-inqilabçıların yuvası olan Gürcüstanı işğal etmək üçün politbironun bu qərarını dəyişdirə bildilər.
Üç il müstəqillik dövründə Qafqaz cümhuriyyətlərində milli duyğular gücləndi. Sovet rejimi qurulduqdan sonra onların zəif müxalifəti federasiyaya qarşı ortaya çıxdı. Moskvaya qarşı dirəndilər. Federasiyanın amacı vahid siyasi sistemdə inteqrasiyanı əngəlləyəcək olan hər növ vətənsevərliyi və milli duyğuları məhv etmək idi. Daha sonra bu yolla onları heç bir yetkisi olmayan Moskvaya bağlı itaətkar ölkələrə dönüşdürəcəkdilər. Sovet Sosialist Cümhuriyyətlər İttifaqının təşkilindən sonra Qafqaz cümhuriyyətlərinin həyatını rəsmiyyətə tanımanın da heç bir təsiri olmadı.
Ancaq yeni sovet rejimi Qafqaza barış gətirə bildi. Özəlliklə əzilmiş erməni milləti üçün bu barış yararlı oldu. Ancaq “sovet barışı”nın nəyin bahasına başa gəldiyini unutmamaq lazımdır. 1937-138 və 1947-1948 illər arasındakı hesablaşmalarda 150 000 nəfərdən artıq adam öldürüldü. 1918-1920-ci illərdə olduğu kimi Zaqafqaziya işğal edilmədən bu qədər insan öldürüldü. İkinci Dünya Savaşında sadəcə 200´000 erməni öldü. Son 20 ildə Qafqazın nüfüsu artmağa başlamış və 4/5 milyon nəfərdən 17 milyon nəfərə çatmışdır. 7 milyon azəri, 3/3 milyon erməni, 5/4 milyon gürcü və 1 milyon rus mövcuddur. Qafqaz ölkələrində yazıb-oxuma səviyəsi çox yüksəlmiş və bu baxımdan sovet ittifaqında birinci yerdədirlər. 10 yaşın üstündə olan hər 1000 nəfərdən Ermənistanda 713 nəfər, Gürcüstanda 698 nəfər, Azərbaycanda 652 nəfər orta və ali təhsil almışlar. Belə bir sual ortaya çıxır: Bu qədər səviyəsi və nüfusu inkişaf etmiş Qafqaz xalqlarının gələcəyində güclü siyasi cərəyanlar ortaya çıxmayacaqmı? 1979-cu ildə yeni anayasa hazırlandığında hər cümhuriyyət öz milli dillərini tərcih etdilər. Yeni anayasada bu maddə öz yerini qorudu.
Oktyabr inqilabı sovetlər birliyində milli məsələni çözə bildimi? Sovetlərdə 100-dən artıq milliyət var və heç bir ölkə ilə qiyaslanacaq durumda deyil. Sovetlər birliyinin qurulması ilə “Biçim olaraq milli və məzmun olaraq sosialist” formulu gəlişdirildi. Bu, sorunu çözmək yerinə vahid mərkəzli iqtidarın oluşumuna gətirib çıxardı. Bu da öz növbəsində mərkəzdən qaçış hərəkətlərini təhrik etdi. Millətlər bu formulun tərsinə olaraq “Məzmun olaraq milli və biçim olaraq sosialist” formulunu düşünməyə başladılar. Bu formul sovet sistemi içində yox olmağı əngəlləmək üçün ortaya çıxmışdı.
Sovet rejiminin Qafqazda qurulmasının üstündən 70 il keçmişdir. Sovet əhalisinin 50 milyondan fazlası müsəəlmandır. Bu yüzilliyin sona çatması ilə rus olmayan millətlər mədəni baxımdan ruslardan geri qalmayan böyük bir əksəriyyəti oluşduracaqlar. Kremlin rəhbərləri bu böyük nüfus və intelekt dəyişiminə həmahəng olaraq daha ılımlı bir politika izləməzlərsə, böyük məzhəbi və milli savaşlar ortaya çıxa bilər. Yüzillər boyunca öz haqlarını istəmiş olan bu yeni gəlişməni Kremlin ya qanda boğacaq, ya da daha ılımlı siyasətlə onların haqlarını tanımış olacaq.
Bu gün sovetlər adlanan milliyətlərin və hətta rus millətinin özünün gələcəyini bu iki siyasətdən hansının seçilməsi bəlli edəcək.
Tərcümə bitdi: 25.05.2012.
Qaynaqlar:
Dostları ilə paylaş: |