O, bir efir kimi yalnız qanadı olanları yüksəyə qaldırır.
Hətta sizin ilahi mənliyinizin günəşə də bənzəri var;
O nə köstəbək yolları tanıyar, nə ilan deşiyi axtarar.
Lakin ilahi mənliyiniz içinizdə yalnız deyildir.
İçinizdə insani çox şey var, lakin bir çox şey hələ də insanlaşmasını gözləyir.
O, bir biçimsiz cırtdan kimidir, duman içində yuxulu-yuxulu öz oyanışını arayır.
İndi içinizdəki insandan danışmaq istəyirəm.
Zira, cinayətin və cinayətə görə cəzanın nə olduğunu bilən içinizdəki ilahi məniniz, yaxud yuxulu cırtdan deyil, məhz odur.
Tez-tez eşitmişəm bunu sizdən,
Zülm etmiş adam haqqında elə danışırsınız ki,
guya o sizlərdən birisi olmayıb, dünyanıza soxulmuş bir yaddır.
Mən isə deyirəm: müqəddəs və mömin olan, daxilinizdəki alilikdən yüksəyə qalxa bilmədiyi kimi, eləcə zalım və zəif olan da, həmçinin, daxilinizdə gəzdirdiyiniz alçaqlıqdan aşağı enə bilməz.
Bir yarpaq bütövlükdə ağacın səssiz razılığı olmadan sarala bilmədiyi kimi, sizin hamınızın buna gizli razılığınız olmasa zalım da öz pis əməlini eləyə bilməz.
Sanki bir izdiham kimisiniz, birlikdə yeriyirsiniz öz ilahi mənliyinizə doğru.
Siz həm yol, həm də yolçularsınız.
Əgər biriniz yıxılırsa, o, arxadan gələni ayaq altdakı daşdan xəbərdar etmək üçün yıxılır.
Lakin yıxılan, həm də, qabaqda gedənlərə görə yıxılmış olur; ayaqdan möhkəm və iti olmaqlarına baxmayaraq, o daşı yoldan götürməmişlər.
Bir söz də deyəcəm, ürəyinizə ağırlıq gətirəcək olsa belə:
Öldürülənin öz ölümündə təqsiri yox deyil.
Soyulanın soyğuna məruz qalanda günahı yox deyil.
Zalımın zülmündə möminin də günahı vardır.
Xatakar pis iş tutanda əlləri təmiz olan da təmiz qalmır.
Bəli, çox zaman məhkum zərərçəkmişin qurbanı olur.
Çox zaman da məhkum olunmuş günahlandırılmayan və mühakimə edilməyənin yükünü daşımış olur.
Siz haqlını haqsızdan və yaxşını pisdən seçə bilmirsiniz.
Zira, ağ sapla qara sap birlikdə toxunan kimi onlar günəşin qarşısında birgə dayanmışlar.
Qara sap qırılır, toxucu bütün parçanı gözdən keçirməli, dəzgahı da yoxlamalıdır.
Əgər aranızda birisi öz xəyanətkar arvadını məhkəməyə çəkmiş olsa, qoy, onda ərin də ürəyini tərəzidə çəksinlər. Ölçsünlər dəqiqliklə onun ruhunu.
Qoy, incidəni şallaqlayacaq adam əvvəlcə incidilmişin ruhuna da boylansın.
Aranızdan bir kimsə haqq naminə şər ağacını baltalamağa qalxıbsa, qoy, onun köklərinə də diqqətlə baxsın.
Həqiqətən də, o, xeyir və şər, bəhrəli-bəhərsiz bütün kökləri yerin səssiz-səmirsiz ürəyində bir-birinə sarmaşmış halda görəcəkdir.
Siz, ədalətli olmalı olan hakimlər, əlləri təmiz, ruh isə oğru olana nə hökm çıxaracaqsınız?
Bəs əlləri ilə qatil, ruhu ilə zülmün qurbanı olana hansı cəzanı layiq biləcəksiniz?
Davranışında yalançı və qəddar olan, lakin özü də incidilmiş və alçaldılmış birisini necə təqib edərdiniz?
Bəs çəkdiyi peşmançılığı artıq çoxdan xatasını üstələdiyi birisini necə mühakimə edərsiniz?
Məgər sizin xidmət etdiyiniz ədalət məhkəməsinin əsl hədəfi elə peşmançılıq deyilmi?
Hər bir halda, siz nə günahsıza peşmanlıq çəkdirmək, nə də günahkarın ürəyindəki peşmanlığı ordan çıxarıb atmaq gücündə deyilsiniz.
O, gecələr çağrılmadan gəlir. Gəlir ki, insanlar oyanıb özlərinə baxa bilsinlər.
Ey ədaləti anlamalı olan kimsələr, əgər bütün işlərə gün işığında baxmasanız bunu necə edə bilərsiniz?
Yalnız o zaman anlayacaqsınız ki, ayaq üstə olan və yıxılan – əslində öz cırtdan mənliyinin gecəsi ilə ilahi mənliyinin gündüzü arasındakı alatoranlıqda gəzişən eyni insandır.
Məbədin guşə daşı təməldə duran ən altdakı daşdan heç də yüksəkdə deyil”.