Məhəbbət
Onda əl-Mitra dedi: “Məhəbbətdən danış bizə”.
O, başını qaldırıb camaata baxdı. Camaatın üzərinə sükut çökdü.
O, uca səslə söylədi:
“Məhəbbət sizi nə zaman çağırsa, gedin onun arxasınca,
Baxmayın ki, yolları ağır və sərtdir.
Onun qanadları sizi ağuşuna alanda, müqavimət göstərməyin.
Baxmayın ki, qanadlarının arasında gizlənmiş qılınc sizi yaralaya bilər.
O, sizinlə danışan zaman inanın ona.
Baxmayın ki, şimal küləyi bağı viran qoyan kimi, onun səsi sizin arzularınızı darmadağın edə bilər.
Axı, məhəbbət başınıza tac qoydugu kimi, həm də çarmıxa çəkir.
Sizi böyütdüyü kimi, budayır da.
O, sizin zirvələrinizə yüksələrək günəşin şəfəqləri altında titrəşən ən zərif budaqlarınızı əzizləyir.
O, həm də sizin torpağa sığınmaq istəyən, köklərinizə doğru enir və onları titrədir.
Taxıl dərzləri kimi o sizi özündə toplayıb bağlayır.
Aşkarlanmanız üçün sizi üyüdür
Sizi qabıqdan ayırmaq üçün ələyir.
Ağarana qədər sürtür.
Yumşalanadək yoğurur.
Sonra sizi müqəddəs oda tapşırır ki, Allahın müqəddəs ziyafətində müqəddəs çörək ola biləsiniz.
Bütün bunları məhəbbət sizin başınıza ona görə gətirəcək ki, siz öz ürəyinizin sirrini dərk edəsiniz və bu biliklə Həyatın ürəyinin bir hissəsinə çevrilə biləsiniz.
Lakin əgər siz qorxaqcasına məhəbbətin yalnız sakitliyini və ləzzətini axtaracaqsınızsa, onda yaxşı olar ki, öz çılpaqlığınızı örtüb məhəbbətin xırmanından uzaqlaşasınız.
Elə bir fəsilsiz dünyaya ki, orada güləcəksiniz, amma tam gülüşünüzlə yox. Ağlayacaqsınız, amma gözüdolusu yox.
Məhəbbət özündən başqa heç nə vermir. Özündən başqa da heç nəyi geri almır.
Məhəbbət heç nəyə sahib deyil. Heç kimin də ona sahib olması mümkün deyil.
Zira, məhəbbət üçün məhəbbət bəsdir.
Əgər sevirsinizsə, deməyin ki, “Allah mənim ürəyimdədir”. Daha düzgün olar ki, deyəsiniz: “Mən Allahın ürəyindəyəm”.
Düşünməyin ki, məhəbbətə yol göstərə bilərsiniz,
Əgər sizi buna layiqli bilsə, o özü sizə yol göstərəcəkdir.
Məhəbbətin özünü gerçəkləşdirməkdən başqa heç bir arzusu yoxdur,
Lakin əgər siz sevirsinizsə və sizin hansısa arzularınız olmalıdırsa, qoy, sizin arzularınız bunlar olsun:
Ərimək və gecəyə öz nəğməsini oxuyan çay kimi axıb getmək.
Şəfqətin çoxluğundan ağrı hiss etmək.
Eşqi dərk etməyimizdən yaralanmaq.
Razılıq və sevinc hissi ilə qanına qəltan olmaq.
Səhərlər qanadlanmış ürəklə məhəbətin daha bir gününə görə şükranlıqlarını ifadə etmək; günorta saatında dincəlmək və eşqin ekstazını sezmək;
Qürub vaxtı evə minnətdarlıq duyğusu ilə qayıtmaq;
Sonra isə ürəyinizdə sevdikləriniz üçün dua, dodaqlarınızda şükranlıq nəğməsi ilə yuxulamaq”.
Nikah
Sonra yenidən əl-Mitra dilləndi və soruşdu: “Bəs nikah nə olan şeydir, ustad?”
O belə cavab verdi:
“Siz birlikdə doğulmusunuz və həmişə də birlikdə olacaqsınız.
Ölümün ağ qanadları günlərinizi pərən-pərən salanda da siz birlikdə olacaqsınız.
Bəli, hətta Allahın sükuta qərq olmuş yaddaşında da siz birlikdə olacaqsınız.
Lakin bu bərabərliyinizdə, qoyun, bəzi məsafələr qalsın.
Qoyun, cənnətin rüzgarları aranızda rəqs edə bilsinlər.
Bir-birinizi sevin, lakin məhəbbəti boyunduruğa çevirməyin.
Yaxşı olar ki, o, qəlblərinizin sahilləri arasında dalğalanan bir dəniz olsun.
Bir-birinizin camlarınızı doldurun, lakin bir camdan içməyin.
Bir-birinizlə çörəyinizi bölüşün, lakin bir tikədən yeməyin.
Birlikdə nəğmə oxuyun, rəqs edin və sevinin, lakin bir-birinizin ayrılığını pozmayın.
Udun simləri kimi. Onlar ayrı-ayrı olsalar da, bir musiqinin sədaları altında titrəşirlər.
Ürəklərinizi verin bir-birinizə, amma tutub saxlamağa yox.
Zira, yalnız Həyatın əlinə yerləşə bilər ürəkləriniz.
Yanaşı durun, lakin çox da yaxın yox.
Axı, məbədin sütunları da aralı dururlar,
Palıdla sərv isə bir-birinin kölgəsində bitmirlər”.
Uşaqlar
Qucağında uşaq tutmuş bir qadın söylədi: “Uşaqlardan danış bizə”.
Əl-Mustafa dedi:
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil.
Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdır.
Onlar sizin vasitənizlə gəlir, lakin sizdən gəlmirlər,
Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər.
Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi yox.
Zira, onların öz fikirləri var.
Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruhlarına yox.
Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora heç xəyalınızda belə gedə bilməzsiniz.
Siz onlar kimi olmağa can ata bilərsiniz, lakin onları özünüzə oxşatmağa çalışmamalısınız.
Axı, həyat geriyə axmır və dünəndə ləngimir.
Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar.
Nişançı sonsuzluq yolunda nişanını görür və O, sizi Öz qüdrəti ilə elə gərir ki, oxlar sürətlə və uzağa uça bilsinlər.
Qoy, sizin, Nişançı əlinə tabeliyiniz xoşbəxtlik gətirsin.
Zira, O, uçan oxu sevdiyi kimi, tərpənməz yayı da sevir”.
Vermək
Onda varlı adam dedi : “Verməkdən danış bizə”.
O, cavab verdi:
“Malınızdan verəndə, siz yalnız cüzi bir hissəni verirsiniz.
Özünüzdən verəndə isə həqiqətən vermiş olursunuz.
Zira, sizin malınız sabahkı günün qorxusundan yığıb saxladığınız şey-şüydən başqa nədir axı?
Bəs Sabah? İz saxlamayan qumda sümük basdıran və zəvvarların arxasına düşüb müqəddəs şəhərə yollanan çox ehtiyatlı bir itə nə gətirə bilər ki, sabah?
Ehtiyac qorxusu özü bir ehtiyac deyilmi?
Susuzluq qorxusu quyularınızı ağzınacan yanğı ilə doldurmaqdan yaranmayıbmı?
Elələri var ki, malik olduqları çoxdan azını verirlər və bunu tanınmaq üçün eləyirlər. Onların gizli niyyətləri onların bəxşişlərini puça çevirir.
Lakin elələri də var ki, aza malikdirlər və onun hamısını verirlər.
Onlar həyata, həyatın səxavətinə inananlardır, gətirənlərdir və onların xəzinəsi heç zaman boşalmır.
Onlar o kəslərdir ki, sevinclə verirlər və sevinc onların mükafatı olur.
Elələri də var ki, ağrı ilə verirlər və bu ağrı onların vəftizi olur.
Elələri də var ki, verirlər və bu zaman nə ağrı bilir, nə sevinc axtarırlar, nə də yaxşılıq etdiklərinin fərqində olurlar.
Onların verməyi, bax, o vadidəki mərsinin ətrini fəzaya yayması kimidir.
Allah belələrinin əlləri ilə danışır və onların gözləri ilə yer üzünə gülümsünür.
İstəyənə vermək yaxşı işdir, lakin istəməyənə anlayaraq vermək daha yaxşı işdir.
Səxavətli üçün ehtiyacı olanı aramaq sadəcə verməkdən daha böyük sevincdir.
Məgər elə bir şey varmı ki, onu özünüzdə saxlaya biləsiniz?
Nəyiniz varsa bir gün alınacaq.
Odur ki, indi verin, vermək mövsümünü varislərinizin öhdəsinə buraxmağa nə lüzum?
* * *
Çox vaxt deyirsiniz: “Mən verərdim, amma layiqli birisinə.”
Amma nə bağınızdakı ağaclar, nə də çəmənlərinizdəki sürülər belə demirlər.
Onlar verirlər ki, yaşaya bilsinlər, çünki verməmək onlarçün ölüm deməkdir.
Həqiqətən, öz gündüzlərini və gecələrini almağa layiq bilinən, sizdən də qalan hər şeyi almağa layiqdir.
Həyat okeanından içməyə layiq bilinmişdir, sizin kiçik arxınızdan öz camını doldurmağa layiqdir, əlbəttə.
Sizdən kömək almaq cəsarətindən, inamından və hətta mərhəmətindən də böyük layiqlilik varmı?
Axı, siz kimsiniz ki, insanlar sizin qarşınızda öz ürəklərini açmalı, vüqarlarını ayaqlarınızın altına sərməlidirlər ki, onların çılpaq mahiyyətlərinə baxıb layiqliklərini müəyyənləşdirə biləsiniz?
Birinci özünüzə baxın, verməyə və vermə aləti olmağa layiqsinizmi?
Zira, həqiqətdə, həyata verən həyatın özüdür, siz isə, özünüzü verən sayanlar, şahiddən başqa bir şey deyilsiniz.
Siz alanlar – və həqiqətdə hamınız alansınız – üzərinizə minnət yükünü götürməyin ki, nə özünüzün, nə də verənin boynuna boyunduruq keçirməyəsiniz.
Yaxşısı budur, verənlə bir yerdə, onun hədiyyəsi ilə qanadlanın göylərə.
Zira, öz borcun barədə çox düşünmək, anası məhsuldar torpaq və atası Tanrı olanın ürəyinin səxavətinə şübhə etmək deməkdir”.
Dostları ilə paylaş: |