Lakin bu, həqiqətin yalnız yarısıdır. Siz həm də ən möhkəm halqa təki möhkəmsiniz.
Sizi əməllərinizin ən xırdası ilə qiymətləndirmək, okeanın gücünü onun köpüyünün zərifliyi ilə ölçmək kimi bir şeydir.
Sizi sizin uğursuzluqlarınıza görə mühakimə etmək, fəsilləri dəyişkənlikdə ittham etmək deməkdir.
Bəli, siz okean kimisiniz.
Sahillərinizdə dayaza oturmuş ağır gəmilər qabarmanı gözləyərkən siz okean olsanız belə, öz qabarmanızı tələsdirə bilməzsiniz.
Fəsillərə də bənzəriniz var sizin.
Hərçənd ki, qışda öz baharınızı inkar etmiş olursunuz.
İçinizdə uyuyan yazınız yuxuda gülümsünür və qətiyyən incimir bundan.
Düşünməyin ki, bunları söylədim ki, bir-birinizə deyəsiniz: “O, bizi yüksək qiymətləndirirdi. O, bizdə ancaq yaxşını görürdü”.
Mən sizin fikirdə, düşüncələrdə bildiyinizi sözlərlə ifadə edirəm yalnız.
Sözdə ifadə olunan bilik sözsüz yaşayan biliyin kölgəsi deyilmi?
Sizin fikirlərlə mənim sözlərim möhürlənmiş yaddaşın dalğalarıdır.
O yaddaşda sizin ötən günlərinizin və yerin hələ nə bizi, nə özünü tanımadığı qədim günlərin və yerin çaşqınlığa qərq olduğu gecələrin xatirələri saxlanılır.
Müdrik insanlar sizə öz müdrikliklərindən verməyə gəlirdilər. Mənsə sizin müdrikliyinizi almağa gəlmişəm:
Mən müdriklikdən daha böyük olanı tapdım.
Bu, sizdə get-gedə coşan alovlu ruhdur.
Onun daim artmasından xəbərsiz olan sizlər günlərinizin solmasına heyfslənirsiniz yalnız.
Bu, məzardan qorxan bədəndə həyat arayan həyatdır.
Burda məzar nə gəzir?
Bu dağlar və düzlər beşik və pillədir.
Əcdadlarınızın uyuduğu çöllərin yanından hər dəfə keçəndə diqqətlə baxın. Və siz özünüzü və uşaqlarınızı orada yallı gedən görərsiniz.
Həqiqətən, çox zaman özünüzdən xəbərsiz şənlənirsiniz siz.
Başqaları gəlirdi sizə qızıl vəd edir və bu, sizin imanınıza çevrilirdi. Əvəzində siz onlara yalnız var-dövlət, hakimiyyət və şöhrət verdiniz.
Hərçənd ki, siz məni öz süfrənizin başına əyləşdirə bildiyiniz halda, mən moruqla dolanırdım təpələr arasında;
Siz məni öz evinizdə saxlamağa şad olduğunuz halda, mən məbədin dəhlizində yatırdım.
Məgər mənim gecə və gündüzlərimə göstərdiyiniz qayğıdan mənim yeməyim şirinləşməmişdimi? Və o səbəbdən də sirli görüntülərə bələnməmişdimi yuxularım?
Siz özünüz də bilmədən çox şey verirsiniz.
Buna görə xeyir-duam üstünüzdədir.
Həqiqətən, özünə güzgüdə baxmağı sevən xeyir daşa çevrilir.
Özünü öyən yaxşılıq lənət doğmuş olur.
Bəziləriniz məni yalquzaq adlandırır və öz tənhalığından sərməst olmuş hesab edirdi.
Siz deyirdiniz: “O, meşədəki ağaclarla məsləhətləşir, insanlarla yox.
Təpələrin başında tənha oturaraq şəhərimizə baxır”.
Bu doğrudur ki, mən təpələrə dırmaşır və gözdən uzaq yerlərdə gəzirdim.