səhifə 46/101 tarix 31.12.2021 ölçüsü 5,09 Mb. #29047
Vidalaşma
Budur, axşam düşdü.
Görücü əl-Mitra söylədi: “Eşq olsun bu günə , bu yerə və sənin danışan ruhuna!”
O cavab verdi: «Məgər danışan mən idim? Məgər mən həm də dinləyən deyildimmi?»
Sonra o, məbədin pilləkanları ilə endi və bütün xalq da onun arxasınca yollandı. O öz gəmisinə yetişib göyərtəyə qalxdı.
Üzünü xalqa tutub səsini ucaltdı:
«Orfalesin camaatı, külək sizi tərk etməyimi tələb edir.
Külək qədər tələsməsəm də, getməliyəm.
Biz, daima tənha yollar axtaran yolçular, heç zaman yeni günü dünənin qurtardığı yerdən başlamırıq; səhər şəfəqləri bizi heç zaman qürubun bizi tərk etdiyi yerdə tapmayacaqdır.
Hətta yer yuxuda olanda belə , biz yol gedirik.
İnadkar bitkinin toxumlarıyıq biz. Və elə ki, yetkinliyə çatırıq, ürəklərimiz dolub daşır, külək alıb aparır bizi və səpələyir hər yana.
Günlərim qısa oldu mənim, aranızda keçirdiyim, sizə söylədiyim sözlər isə daha qısa idi.
Lakin səsim daha qulaqlarınızda səslənməyəcək və eşqim xatirənizdən silinən bir zamanda mən yenidən qayıdacağam.
Daha zəngin bir ürəklə və ruha yaxın bir nəfəslə danışacam onda.
Hə, dənizin qabarması ilə qayıdacam mən.
Baxmayaraq ki, ölüm məni gizləyə və böyük sükut məni öz ağuşuna ala bilər , anlamağınız üçün yollar axtaracam.
Boşuna axtarmayacam mən.
Əgər danışdıqlarımdan nəsə həqiqətdirsə, bu həqiqət daha aydın səs və sözlərlə, fikirlərinizə daha yaxın bir şəkildə aşkarlanacaqdır.
Mən küləklə gedəcəm , Orfalesin camaatı, amma boşluğa düşməyəcəm.
Əgər bu gün sizin ehtiyaclarınız ödənməyəcək və mənim eşqim nakam qalacaqsa, qoy, onda o, bir vəd olaraq qalsın gələn günə qədər.
İnsanın ehtiyacları dəyişir, amma eşqi dəyişmir. Və o, eşqindən gözləyir ehtiyaclarının ödənməsini.
Odur ki, bilin, böyük sükutun içindən qayıdacam mən».
«Səhər şəfəqləri ilə əriyən və çəməndə şeh qoyub gedən duman buludlarda yığılaraq yağış olub yerə yağır.
Dumana oxşarım vardı mənim.
Gecənin sakitliyində sizin küçələrinizi dolaşırdım və ruhum evlərinizə daxil olurdu.
Ürəyinizin döyüntüsü ürəyimdə, nəfəsiniz üzümdə idi. Və mən sizin hamınızı tanıyırdım.
Hə, mən həm sizin sevincinizə , həm də ağrınıza şərik idim. Və siz yuxulayanda sizin yuxularınız mənim yuxularım olurdu.
Çox zaman aranızda dağlar qoynunda göl kimi idim mən.
Zirvələrinizi, əyri-üyrü yamaclarınızı və hətta gəlib keçən fikir və arzu sürülərinizi əks etdirirdim özümdə.
Uşaqlarınızın gülüşü bir arx, gənclərinizin həsrəti bir çay olub sükutuma dolurdular.
Mənim dərinliyimə yetişəndə belə bu arx və çaylar oxumaqlarını kəsmirdilər.
Lakin nə isə gülüşdən şirin və həsrətdən böyük bir şey gəldi mənə.
Bu, sizdəki sonsuzluq idi;
Bir azman insan ki , siz onun yalnız hüceyrə və əzələlərini təşkil edirsiniz;
O kəs ki, onun nəğməsində sizin oxumağınız yalnız səssiz bir həyəcanı xatırladır.
Məhz bu azmanın daxilində siz azmansınız.
Beləcə, onu seyr edərək, mən sizi gördüm və sevdim.
Zira, məhəbbətin yetişə biləcəyi hansı məsafələr yoxdur ki , bu azman fəzada?
Hansı görüntülər, hansı inhizarlar və hansı xəyallar bu uçuşdan uzağa apara bilər?
Sizdəki bu azman sanki alma boyda çiçəklərlə bəzənmiş nəhəng palıdı xatırladır.
Onun qüdrəti sizi torpağa bağlayır, onun ətri sizi fəzaya yüksəldir və onun sarsılmazlığı ilə ölümsüzsünüz siz.
Sizə deyiblər ki, siz bir zəncir kimisiniz və bu zəncirin ən zəif halqası kimi zəifsiniz.
Dostları ilə paylaş: