Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə44/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   40   41   42   43   44   45   46   47   ...   101
Xeyir və Şər
Şəhərin ağsaqqallarından biri soruşdu: “Xeyir və Şərdən danış bizə”.

O, cavab verdi:

«Mən sizdəki xeyirdən danışa bilərəm, şərdən deyil.

Zira, şər öz aclıq və susuzluğundan əziyyət çəkən xeyirdən başqa nədir ki?

Həqiqətən, xeyir ac olanda qidanı hətta qaranlıq ma­ğa­ra­lar­da be­lə axtarmağa hazırdır. O, susuzluqdan yananda iylən­miş sudan belə iç­məyə çəkinməz.

Siz özünüzlə vəhdətdə olanda xeyirsiniz.

Lakin özünüzlə vəhdətdə olmayanda da, sizə şər demək olmaz.

Zira, bölünmüş ev hələ oğru yuvası demək deyil, sadəcə bö­lün­müş evdir.

Sükansız gəminin də təhlükəli adalar arasında məqsədsiz şəkildə üz­məsi hələ onun batması demək deyil.

Siz özünüzdən verməyə hazır olanda xeyirsiniz.

Lakin özünüz üçün fayda gəzəndə belə şər deyilsiniz.

Zira, siz fayda gəzəndə torpağın dərinliyinə işləyən və onun dö­şü­nü əmən köklərdən başqa bir şey deyilsiniz.

Əlbəttə, meyvə kökə deməyəcək: “Mənim kimi ol; yetişmiş və şi­rə­li, daim öz bolluğu ilə bölüşən”.

Zira, meyvə üçün vermək bir tələbat olduğu kimi, kök üçün də al­maq elə bir tələbatdır.

Ayıq danışanda siz xeyirsiniz.

Lakin yuxulu-yuxulu boşboğazlıq edəndə də siz şər deyilsiniz.

Zira, hətta kəkələmək belə dilinizi möhkəmləndirə bilər.

Öz məqsədinə doğru inamlı addımlarla yeriyəndə siz xeyirsiniz.

Lakin ona doğru axsaya-axsaya gedəndə də siz şər deyilsiniz.

Çünki hətta axsayanlar belə geriyə getmirlər.

Lakin, ey güclü və sürətlilər, diqqətli olun ki, şikəst yanında xe­yir­xahlıq edirmişsiniz kimi axsamayasınız.

Sonsuz üsullarla siz – xeyirsiniz, lakin xeyir olmayanda belə şər de­yilsiniz siz.

Sadəcə bir qədər astagəl və tənbəlsiniz.

Heyf ki, marallar tısbağalara cəldlik öyrədə bilməzlər.

Sizin böyük Məninizə doğru həsrətinizdə böyük xeyir vardır. Bu həsrət hamınıza xasdır.

Lakin bəzilərinizdə bu həsrət dənizə doğru tələsən və özü ilə qa­ya­ların sirlərini və meşənin nəğmələrini aparan gur seli xatırladır.

Bəzilərinizdə isə bu, zəif arx kimidir. Döngə və dalanlarda azan və dənizə yetişməmiş tükənən arx.

Lakin qoy, həsrəti güclü olan həsrəti zəif olana deməsin: “Sən ni­yə belə ləng və tərəddüdlüsən?”

Zira, əsl xeyirxah adam çılpaqdan: “Sənin paltarın harda­dı ki?”, yaxud evsizdən “Nə oldu sənin evinə?” – deyə soruş­maz».

Dua
Sonra kahinə xahiş elədi: “Bizə Duadan danış”.

Cavabında o söylədi:

«Siz dərddə və möhnətdə olanda dua edirsiniz;

Kaş ki, siz sevinc və bolluq içində olanda da dua edə biləydiniz.

Zira, dua sizin canlı efirə yayılmanızdır.

Əgər qəlbinizin zülmətini fəzaya boşaltmaqda bir yün­gül­lük ta­pır­sınızsa, ürəyinizin şəfəqini saçmaqda da böyük se­vinc vardır sizin üçün.

Ruhunuz sizi duaya çağıranda göz yaşlarınızı saxlaya bil­mir­si­niz­sə, ağlamağınıza baxmayaraq, o sizi haylamaqda davam etməlidir. Ta göz yaşınız gülüşə çevrilənə qədər.

Dua edəndə siz göyə yüksəlir və sizinlə eyni saatda dua edən­lər­lə görüşürsünüz. Elə kəslərlə ki, onlarla duadan qeyri bir məqamda gö­rüşmək mümkünsüzdür.

Bu səbəbdən də, bu görünməz məbədə yalnız vəcd və şirin ün­siy­yət üçün girin.

Zira, bu məbədə xahiş üçün girsəniz, heç nə almaya­caq­sınız.

Siz ora özünüzü alçaltmaq üçün girsəniz, yüksəlmə­yə­cəksiniz.

Siz ora hətta başqasına xeyir istəmək üçün girsəniz belə eşi­dil­mə­yəcəksiniz.

Kifayətdir ki, siz bu görünməz məbədə daxil olasınız.

Mən sizə sözlərlə dua etməyi öyrədə bilmərəm.

Allah özü sizin dilinizlə danışmayınca, eşidilməyə­cək­si­niz.

Mən sizə dənizlərin, meşələrin və dağların dualarını da öyrədə bil­mərəm.

Lakin siz – dağların, meşələrin və dənizlərin övladları – onların dua­larını öz ürəklərinizdə tapa bilərsiniz.

Gecənin sakitliyinə qulaq kəsilsəniz, bu sükut içrə onların nə de­diyini eşidərsiniz:

İlahi, bizim qanadlı Mənimizin yaradıcısı! İçimizdə hökm edən Sə­nin iradəndir.



İçimizdə arzulayan Sənin arzundur.

Sənin hökmünlə Sənə məxsus gecələrimiz Sənə məxsus gün­düz­lə­rə çevrilirlər.

Biz Səndən heç nə istəyə bilmərik, zira, ehtiyaclarımız içimizdə hələ doğulmamışdan qabaq Sən onlardan xəbərdarsan:

Bizim ehtiyacımız Sən özünsən və özünü bizə daha çox bəxş etməklə bizə hər şeyi vermiş olursan».

Həzz
Sonra şəhərə ildə bir dəfə gələn zahid irəli çıxaraq: “Həzzdən danış bizə”, – deyə söylədi.

O belə cavab verdi:

«Həzz azadlığın nəğməsi olsa da, azadlığın özü deyil.

O, sizin arzularınızın çiçəklənməsidir, meyvəsi deyil.

O, yüksəkliyi çağıran dərinlikdir, dərinliyin özü deyil.

O, qəfəsə salınmışın qanadlarını gərməsi olsa da, sonsuz fəza de­mək deyil.

Hə, həqiqətən, həzz azadlıq nəğməsidir.

Əgər siz onu bütün ürəyinizlə oxusanız mən sevinərəm; lakin bu oxumada ürəyinizin itirilməsini heç istəməzdim.

Bəzi cavanlarınız həzzi elə axtarırlar ki, sanki o, hər şeydir; hamınız onları danlayır, mühakimə edirsiniz.

Mən isə onları nə mühakimə edər, nə də danlayardım. Qoy, ax­tar­sınlar.

Zira, tapacaqları təkcə həzz olmayacaqdır.

Onlar yeddi bacıdır və ən balacası belə həzdən daha gözəldir.

Məgər yeri qazıb kök axtaran və nəticədə xəzinə tapan birisi haqqında heç eşitməmisinizmi?

Yaşlılardan bəziləri həzzi sərxoşluq anında buraxılan səhvlər ki­mi peşmanlıqla xatırlayırlar.

Lakin peşmanlıq ağılın dumanlandırılmasıdır, cəzalandırılması deyil.

Yaxşı olardı ki, onlar həzzlərini yayın məhsulunu xatırladıqları ki­mi, minnətdarlıqla xatırlayaydılar.

Lakin peşmanlıq onlara yüngüllük gətirirsə, qoy, olsun.

Aranızda elələri də var ki, axtarmaq üçün o qədər gənc, xa­ti­rə­lə­rə qapılmaq üçün isə hələ o qədər qoca deyillər.

Onlar axtarış və xatırlamadan qorxaraq bütün həzzlərdən yan qa­çırlar ki, ruhu incitməmiş və təhqir etməmiş olsunlar.

Amma hətta onların bu imtinası belə onlara həzz gətirir.

Beləcə, əsən əlləri ilə kök axtarmaqlarına baxmayaraq, onlar da xəzinə tapmış olurlar.

Amma soruşuram sizdən, ruhu kim təhqir edə bilər ki?

Bülbül gecənin sakitliyini, yaxud işıldaböcək ulduzu təhqir edə bilərmi?

Sizin alovunuz və tüstünüz küləyə ağırlıq gətirə bilərmi?

Yoxsa, düşünürsünüz, ruh bir gölməçədir ki, onu bir çöplə hə­yə­ca­n­landıra bilərsiniz?

Çox zaman həzzdən imtina etməklə, siz arzularınızı yalnız var­lı­ğı­nızın dərin guşələrinə sıxışdırmış olursunuz.

Kim bilir, bəlkə bu gün əldən çıxan sabahkı gününü gözləyir?

Hətta sizin bədəniniz belə öz qanuni haqqını bilir, Onu aldada bil­məzsiniz.

Bədəniniz isə qəlbinizin arfasıdır.

Onda şirin musiqi, yaxud nizamsız səslər çalmaq artıq sizin işi­niz­dir.

İndi ürəyinizdə soruşursunuz: “Bəs həzzdə nəyin yaxşı, nəyin pis ol­duğunu necə bilək?”

Gedin öz çəmənlərinizə və bağlarınıza. Görün ki, arıya güldən bal yığmaq həzz verir.

Gülə də arıya balını vermək həzz verir.

Zira, arı üçün gül bir həyat məbəyidir.

Gül üçün də arı bir məhəbbət elçisidir.

Hər ikisi – həm arı, həm də gül üçün – həzz vermək və həzz al­maq bir tələbat və bir vəcddir.

Orfalesin camaatı, öz həzzlərinizdə güllərə və arılara bənzəyin».


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin