Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mənəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.
Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bəşərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin səbəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğrudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!”
İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nəfəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sahilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Samaana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzinə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.
Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-birinə sürtürdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tərəziyə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çıxacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ruhani məqam da yox olacaqdır.
Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tutsalar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaqlaşacaq və günaha batacaqdır.
Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və günahdan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.
İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, müqəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.
Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca anladıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”.
Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı. * * * Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş vadilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın beli arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əbası və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə ölməkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.