Sehrli Rahib
As və Liviya dağlarının Minbər (Sunak) adı ilə məşhur olan yüksək təpəsində Gəmi adında, tərk edilmiş, parçalara ayrılmış heykəlin qırıntıları var. Tarix keçmişin dərin çuxurlarında itmiş olsa da, xalq öz tarixinin Tufandan başladığına inanırdı.
Gəmi haqqında uzun illərdir ki, bir çox nağıl və əfsanələr danışırlar. Ancaq ən çox sevilən əfsanə (bir il bütün yayı orda qaldığım zaman), Minbər təpəsinin ətəklərində oturanlardan dəfələrcə eşitdiyim əfsanədir. İndi sizlərə o əfsanəni eşitdiyim kimi nəql edəcəyəm:
Böyük Tufandan bir neçə il sonra Nuh və ətrafındakılar bol və şirin suları olan, torpağı zəngin və bərəkətli, iqlimi mülayim olan As və Liviya dağlarına qalxıb orda məskunlaşmağa qərar verdilər.
Nuh əcəlinin yaxınlaşdığını hiss edəndə, özü kimi xoş xasiyyətli və dərin düşüncəli oğlu Samı yanına çağırdı və ona belə dedi:
“Oğlum, atan bu günə qədər çox böyük var-dövlət sahibi oldu. İndi isə əcəl vaxtı gəlib çatdı. Sən, qardaşların, uşaqlarınız, nəvələriniz və dünyanın itmiş həyatını yenidən canlandıracaq nəsliniz Tanrının mənə vəd etdiyi kimi, dənizdəki qum dənələri qədər çoxalıb artacaqsınız.
Ancaq məndə bir qorxu var, ona görə gözüm arxada qalacaq. Bu qorxu əcəlim gəlmədən məni öldürəcək. Çünki insanlar əsrlər sonra Tufanı və Tufanın yer üzündə törətdiyi pislikləri və xəcalət verici hadisələri, sonra isə imanı və imanın yüz əlli gün dalğalı dənizdə əmniyyət içində daşıdığı Gəmini də unudacaqlar. Beləcə insanlar özlərinin də bir parçası olduqları imandan meydana gələn yeni həyatı xatırlamayacaqlar.
Bunun üçün sənə bu dağın ən yüksək təpəsində bir minbər tikməyini əmr edirəm. Ondan sonra o təpənin adı “Minbər Təpəsi” olsun. Sonra Minbərin ətrafında hər bir hissəsi Gəmiyə bənzəyən, lakin həcmi ondan daha kiçik olan bir heykəl düzəlt, bu heykəl də Gəmi adını alsın.
O Minbərin üstündə Tanrıya son şükür qurbanımı təqdim etmək istəyirəm. Orda alovlandıracağım atəşin əbədiyyən yanmasını istəyirəm.
Heykəlin yanında isə, hər zaman doqquz seçilmiş insandan meydana gəlmiş qrupu yerləşdir və onları qoru. Onlara “Gəmi Dostları” deyə xitab edilsin. Onlardan biri ölsə, onun yerinə başqa biri gəlsin. Dostların qorunduqları yerdən çıxmamalıdırlar, Gəmidə bizim yaşadığımız həyat kimi tənha bir həyat tərzi sürməlidirlər. İman atəşinin sönməməsi üçün çalışıb, həm özlərinin, həm də qardaşlarının hidayətləri üçün dua edərək bütün günlərini orda keçirməlidirlər. Fiziki ehtiyaclarına əhəmiyyət verməməlidirlər. Belə etsələr möminlərə yaxın olub onlar üçün xeyir əməl edə bilərlər.”
Sam atasının dediyi hər bir kəlməyə diqqətlə qulaq asır və onları ac insanın yeməyi həzm etdiyi kimi daxilən qəbul edirdi. Ancaq Sam Gəmi dostlarının niyə görə doqquzla məhdud qalmasının səbəbini soruşmaq üçün atasının sözünü kəsdi. Üzərinə uzun illərin ağırlığı çökmüş qoca Nuh ona cavab verdi:
“Oğlum, bu Gəmiyə minənlərin sayıdır.” Lakin Sam Gəmiyə minənlərin sayının ən çox səkkiz olduğunu bilirdi. Bunlar atası, anası, iki qardaşı və xanımları, özü və xanımı idi. Buna görə də atasının dediyi ona təəccüblü gəldi. Nuh oğlu Samın təəccübləndiyini gördü və ona vəziyyəti izah etdi:
“Bax oğlum, sənə böyük bir sirri deyəcəyəm: doqquzuncu sərnişin, sizdən və məndən xəbərsiz Gəmiyə minib. Məndən başqası onun varlığını bilmir, görmür və hiss etmir. Gecə və gündüz davamlı olaraq mənimlədir. Gəminin sükanı onun əlində idi. Onun haqqında bundan əlavə məndən heç nə soruşma. Səni tənbeh edirəm, ona sığınaqta yer verməlisən. O, mənə dünyanı atəş tufanından qorumaq üçün geri dönəcəyini dedi. Bu mənim sənə olan vəsiyyətimdir. Vəsiyyətimə əməl et”, – dedi.
Sam atasının ona söylədiyi hər şeyi qəbul etdi.
Nuh öldükdən sonra uşaqları onu vəsiyyət etdiyi kimi, canla, başla mühafizə edilərək nəsildən-nəsilə miras qalan Gəmidəki minbərin altında basdırdılar.
Bir neçə əsr keçdi və – simalar və isimlər dəyişsə də – o gündən bu günə onlara bildirilən inanclara və dini mərasimlərə düzgün şəkildə əməl edən doqquz insan Gəmidə yaşamağa davam etdilər. Ancaq illər keçdikcə, onlar möminlərdən ehtiyaclarından daha çox bəxşişlər qəbul etməyə başladılar. Bunun nəticəsində isə Gəmiyə verilən bəxşişlər, qızıl, gümüş və cəvahirlər ildən ilə artmağa başladı.
Bu vəziyyət bir neçə nəsil davam etdi. Doqquz nəfərdən biri də bu müddət ərzində vəfat etdi. Onun ölümündən sonra, gəmiyə qəribə bir insan gəldi. Dəstənin içində qəbul edilməsini istədi. İnşa edildiyindən bu günə Gəmidəki adətlərə görə “kapitan” ismini daşıyan lider bu əcnəbi adamı dostlarından birinin ölümündən sonra ilk dəfə tələb olunan biri olduğu üçün qəbul etməli idi. Ancaq o dövrdəki kapitan çox tərs və daş ürəkli bir insan idi. Çılpaq, aclıqdan zəifləmiş, yaralı və halsız olan bu əcnəbi onun xoşuna gəlməmişdi. Buna görə də ona dəstəyə layiq olmadığını demişdi.
Lakin əcnəbi arzusunda təkid etdi. Onun bu təkidi kapitanın ona qarşı nifrətini və hirsini artırdı. Kapitan ona kilsənin ətrafından dərhal uzaqlaşmasını əmr etdi.
Ancaq əcnəbi təkid edirdi. Bir çox bəhanələr gətirib, istəyindən əl çəkmirdi. Nəhayət kapitanı onu Gəmidə xidmətçi kimi qəbul etməsinə razı sala bildi.
Bu hadisədən sonra kapitan uzun zaman ölən dostunun yerinə göndəriləcək birini gözlədi. Lakin heç kəs dəstəyə daxil olmaq məqsədiylə Gəmiyə gəlmədi. Beləliklə də, Gəmidə tarixində ilk dəfə səkkiz dost və bir xidmətçi yaşayırdı.
Bu hadisədən sonra yeddi il keçdi və bu müddət ərzində Gəminin sərvəti o qədər artdı ki, sayıb qurtarmaq mümkün deyildi. Ətrafdakı kəndlərin geniş əraziləri də Gəmiyə aid oldu. Kapitanın sevincdən qəlbi fərəhlənirdi. Bu müddət ərzində xidmətçi ilə münasibəti də düzəlmişdi. Hətta onun özünə və Gəmiyə düşərli olduğuna inandığı üçün onu sevə biləcəyini də düşünürdü.
Ancaq səkkizinci ilin əvvəllərində işlər sürətli bir şəkildə dəyişməyə başladı. Hətta o günlərə qədər mehribanlıqla yaşayan Gəmi Dostları belə, təkəbbürlü və ifratçı olmağa başladılar.
Kapitan bunun səbəbini xidmətçidə görürdü. Buna görə də dərhal onun qovulmasına qərar verdi. Lakin artıq çox gec idi. Çünki xidmətçinin əmrində olan dostlar ona qulaq asmırdılar, heç bir qayda-qanuna və adət-ənənəyə boyun əymirdilər. Hətta onlar iki il içində geniş əraziləri orda yaşayan kəndlilərə bağışlayıb Gəminin bütün mallarını daşınır-daşınmaz əmlak deyə bölüşdürmüşdülər. Üçüncü ilin əvvəlində isə Gəmini tərk etdilər. Daha betəri isə, xidmətçi kapitana lənətlər etdi. Bu lənətlər kapitanı ovsunladı və onu kilsəyə bağladı. O gündən sonra kapitan bir kəlmə belə danışmadı.
As və Liviya dağlarında, Minbər təpəsinin kölgəsində eşitdiyim Gəmi hekayəsi məhz belə idi.
Bir çox şahid, bəzən gündüzləri bəzən də gecələr mənə o rahibin müxtəlif zamanlarda tərk edilmiş kilsənin baxçasında gəzdiyini demişdi. Lakin heç kəs onun ağzından bir kəlmə belə eşitməmişdi.
Digər tərəfdən rahib yanında bir insanın varlığını hiss etsə sürətlə yox olub gedirdi. Harada və necə gizləndiyini isə bilən yox idi.
Bu dastanın məni narahat etdiyini indi etiraf edirəm. O rahibin tərk edilmiş köhnə bir heykəlin ətrafında və Minbər Təpəsi kimi çöllü-biyaban, yüksək bir təpənin zirvəsində illərdir gəzdiyini heç cür anlaya bilmədim. Ancaq qanımda bir atəş, bədənimdə bir qığılcım, düşüncələrimdə bir narahatçılıq və gözlərimin önündə də kölgələr hiss etdim. Bunların hamısı məni təpəyə doğru itələyirdi.
Nəhayət öz özümə dedim: “Mən dağa dırmaşacağam”.
Dostları ilə paylaş: |