Yeni cənnətin başlanmasından otuz üç il keçmişdi ki, əbədi cəhənnəm də yarandı. Və budur, Svedenborq – məzarın üstündə oturmuş bir mələk, sətirləri də paltarın qatlarında. İndi Edomun hökmranlığı və insanın Cənnətə qayıtma zamanıdır. Bax, İsaya, XXIV və XXXV fəsillər.
Ziddiyyətsiz inkişaf yoxdur. Cazibə və İkrah, Ağıl və Enerji, Məhəbbət və Nifrət İnsan ekzistensiyası üçün vacibdir.
Bu ziddiyyətlərdən imanlıların Xeyir və Şər dedikləri yaranır. Xeyir passivdir və Ağla tabedir. Şər aktivdir və Enerjidən cücərir.
Xeyir – Cənnətdir. Şər – Cəhənnəm.
İblisin səsi Bütün Bibliyalar, yaxud müqəddəs qanunlar aşağıdakı Yalnışlıqların yaranmasına səbəb olmuşlar:
Guya insan iki başlanğıca malikdir: Bədənə və Cana.
Guya Şər adlandırılan Enerji yalnız Bədəndəndir; və Xeyir adlandırılan Ağıl da yalnız Candan.
Guya Allah insana öz qüvvələrinin əsiri olduğuna görə əbədi işgəncə verəcəkdir.
Lakin bunların əski olanlar isə Həqiqətdir:
İnsanın Candan ayrı Bədəni yoxdur, zira Bədən Canın bir hissəsi və beş duyğu da Canın gözləridir.
Enerji – həyatdır və Bədəndən gəlir; Ağıl isə Enerjinin həddi və ya xarici qılafıdır.
Enerji – Əbədi Həzzdir.
İstəkləri ram edə bilənlər bunu onların zəif olduqları zaman edə bilirlər; ram edən Ağıl onun yerini tutaraq həvəsə hakim olur.
Ram edilən İstək tədricən passivləşir və özünün kölgəsinə çevrilir.
Bu barədə “İtirilmiş Cənnət”də yazılmışdır və İdarəçi yaxud Ağıl orada Məsih adlandırılır.
Göy ordusunun komandanı və ya əzəli Arxangel – İblis və Şeytan, onun övladları isə Günah və Ölüm adlandırılır.
Miltonun Məsih hesab etdiyi, İovun Kitabında Şeytan çağrılır.
Zira bu hekayəti vuruşan tərəflərin heç biri inkar etmir.
Ağıl İstəyin dəf olunmasını istərdi; İblisə isə elə gəlir ki, yıxılan o yox, məhz Məsihdir; yıxılıb və Cənnəti Cəhənnəmdən oğurladıqları ilə bəzəyib.
Məsihin Ataya dua edərək ağlının söykənməyə bir İdeya tapması üçün ona Təskinlikverənin, yəni İstəyin göndərilməsini xahiş etməsi İncildə göstərilməyibmi? Bibliyadakı Yehova yanar alovların içində yaşayandan başqası deyil.
Bil ki, Məsihin ölümündən sonra o, Yehova oldu.
Lakin Miltona görə Ata – Tale, Oğul – yeddi hissin Nisbəti, Müqəddəs Ruh isə – Vakuumdur.
Qeyd. Milton Mələklər və Allah haqqında həbsdə olanda, İblis və Cəhənnəm haqqında isə azadlıqda yazmışdır, zira o əsl Şair idi və özü də bilmədən İblisin tərəfində idi.
Unudulmaz yuxu Cəhənnəmin alovları arasında gəzişərkən, Mələklərə əzab və dəlilik kimi gələn Dahiliyin oyununa heyran olduğum zaman onların bəzi deyimlərini topladım; zira atalar misallarında millətin xarakteri əks olunduğu kimi, Cəhənnəmin deyimlərində də Göylərin müdrikliyi bina və geyimlərin təsvirindən daha yaxşı əks olunur.
Beş duyğunun xaosunda evə qayıdarkən müasir dünyanın üzərinə kölgə salan qayanın üstündə qara buludlara bürünmüş qüdrətli İblisi gördüm. Qayanı odla çaparaq üzərində bu gün insan ağlına açılan aşağıdakı sətirləri yazmaqda idi:
Beş duyğunuzun üzünə qapanmış, lakin göydə süzən hər bir quşa məlum Sonsuz Heyrət dünyasından xəbəriniz varmı?