Sərraf Şiruyə
104
Ömür var ki, Vətən üçün al bayraq,
Ömür var ki, nə xəbər tut, nə soraq.
Ömür var ki, millətinə şam, çıraq,
Ömür var ki, xalqa ləkə, xətərdi.
Ömür var ki, ölməmişdən gəl ağla,
Ləyaqətsiz ömürlərə gül, ağla.
Ömür var ki, hər anını alqışla,
Tarixlərə həkk olunan hünərdi.
Ömür var ki, ay Şiruyə, gülüncdü,
Ömür var ki, korşalmayan qılıncdı,
Ömür var ki, özü üçün sevincdi,
Ömür var ki, Vətən üçün kədərdi.
QOYMAZ
Görməmiş varlansa, nadan ucalsa,
Dağıdar, bir daşı daş üstdə qoymaz.
Zalımın əlində olsa imkanı,
Kəsər, bir bədənin baş üstdə qoymaz.
Mərdlərin zərrəcə qalsa gümanı,
Yenə əldən verməz dini, imanı.
Arif olan seçər yaxşı, yamanı,
Qurunu gətirib yaş üstdə qoymaz.
Şiruyə sənətdə yüz yol sınanıb,
El oduna gah alışıb, gah yanıb.
Ağlı olan yaltaq sözə inanıb,
Əlini göz üstdə, qaş üstdə qoymaz.
|