Susma, ürək…
101
Kimsəyə əl atıb yetməyən dada,
Yaşadı nə fayda, öldü nə fayda.
Heç kimə qalmayan qoca dünyada,
Şöhrət qabağında sınmağa dəyməz.
Şiruyə, ilqara gəlməyən kəsin,
Eliynən ağlayıb, gülməyən kəsin,
Özünü, sözünü bilməyən kəsin,
Könlünü, fikrini qanmağa dəyməz.
UMMAQ ƏBƏSDİ
Özünü, sözünü duymayan kəsdən,
Qanacaq, mərifət ummaq əbəsdi.
Nəlayiqdən, naməhrəmdən, nakəsdən,
Abır, həya, ismət ummaq əbəsdi.
Qoltuqda ömür-gün sürən kişidən,
Hər yetənə tərif hörən kişidən,
Arvadı qabağa verən kişidən,
Hünər ummaq, qeyrət ummaq əbəsdi.
Ay Şiruyə, uzaq dolan yaltaqdan,
Qoltuqdadı, başı çıxmaz qoltuqdan.
Qulağı hər səsə verən sırtıqdan,
Təmiz salam, ülfət ummaq əbəsdi.
|