Sərraf Şiruyə
126
QURBANAM
Baharına vurulduğum dağların,
Payızına, qışına da qurbanam.
Güllərindən pay umduğum çöllərin,
Torpağına, daşına da qurbanam.
İsinmişəm o ellərin közünə,
Can demişəm çəməninə, düzünə.
Nənələrin, babaların sözünə,
Yaddaşına, huşuna da qurbanam.
Saçı sünbül, qoynu süsən gözəlin,
Şiruyədən qəfil küsən gözəlin,
Baxışıyla asıb-kəsən gözəlin,
Gözünə də, qaşına da qurbanam.
1976-cı il.
KƏLBƏCƏR
Hər yanı gül açıb, laləzar olub,
Atıb ürəyindən dərdi Kəlbəcər.
Babam Ələsgərin sevdiyi diyar,
Qurbanın, Şəmşirin yurdu Kəlbəcər.
Gözəllik eşqiylə yaranıb təkcə,
Zirvədə qartalı məğrurdu necə.
Bir yanı Qarabağ, bir yanı Göyçə,
Ömürə ziyadı, nurdu Kəlbəcər.