Sərraf Şiruyə
214
Əgər can verilsə torpağa, daşa,
Onlar da var üçün girər savaşa.
Xəyanət edirsə qardaş-qardaşa,
Şan-şöhrət qəsdidi, qurbanın olum.
Eşit Şiruyədən gəl yaxşı-yaman:
Çox dosta, sirdaşa bağlama güman.
Qoca zəmanənin çaldığı kaman,
Zildədi, pəsdədi, qurbanın olum.
GEDİRƏM
Kürəyimə şəllədiyim dostları,
Üzaşağı tökə-tökə gedirəm.
Fil çəkə bilməyən günahlarımı,
Öz-özümə çəkə-çəkə gedirəm.
Ümid umdum, dost hənirti vermədi,
Ha suladım, heç göyərti vermədi,
Yaxşılığım bir cücərti vermədi,
Yamanlığı əkə-əkə gedirəm.
Şiruyəyəm, dağlar aşdım şələmlə,
Yaşadım ömrümü dərdlə, ələmlə.
Daş qaldırıb, hörgü hörüb qələmlə,
Söz mülkünü tikə-tikə gedirəm.
|