Susma, ürək…
215
QİSMƏT, YA QİSMƏT
Taleyin hökmünü elə görmüşəm,
Beş arşın ağa da qismət, ya qismət!
Nəsib olacaqmı, olmayacaqmı?
Qara torpağa da qismət, ya qismət!
Çox sönüb alışan ocaqlar, odlar,
Silinib yaddaşdan ünvanlar, adlar.
Dura başım üstə doğmalar, yadlar –
Yaxın, uzağa da qismət, ya qismət!
Tapa biləcəkmi bir pənahını?
Şiruyə görəndə öz günahını.
Deyə biləcəkmi bismillahını?
Dilə-dodağa da qismət, ya qismət!
BU DÜNYAYA MƏN
Bilirəm ki, dünya qonaq evidi,
Yığışa bilmirəm bu dünyaya mən.
Şirə tamahına öyrənməmişəm,
Sarışa bilmirəm bu dünyaya mən.
Anlamıram atəşəmmi, odammı?
Qəmdəyəmmi, yasdayammı, şadammı?
Doğmayammı, yaxınammı, yadammı?
Qarışa bilmirəm bu dünyaya mən.
|